“Tarixi Nadir” niyə tərcümə edilmir?

16:27 07-02-2018 | icon 101 | Cəmiyyət
“Tarixi Nadir” niyə tərcümə edilmir?

“O kitabda müəllif kimi mənim adım və ona olan hüququm tanınmalıdır”

Xalqın dilində zərb-məsəlinə çevrilən “Tarixi Nadir” kitabı Masallı rayonunun Ərkivan qəsəbəsində yaşayan Hacı Həmid Məmmədov tərəfindən qorunub saxlanır. Hacı Həmid artıq neçə illərdir ki, kitabın Azəbaycan tarixi, dövlətçiliyi üçün çox önəmli olduğunu əsas tutaraq, onun tərcümə olunmasına çalışır. Amma bu tarixi irsin cəmiyyətə təqdim olunmasının qarşısında çox bəsit – 5-6 min manatlıq bir maneə var.

Bu barədə Versus.Az-a məhşur “Tarixi Nadir”in sahibi Hacı Həmid Məmmədov danışıb. Hacı Həmid deyir ki, kitabın tərcüməsi ilə millət vəkilləri Hadi Rəcəbli və Nizami Cəfərovla görüşüb, müəyyən müzakirələr aparıblar. Həmin ərəfədə millət vəkillərindən bəzi müsbət  cavablar alıb. Yəni millət vəkilləri kitabın tərcüməsi üçün müəyyən vəsaitin ayrılmasına köməklik göstəriləcəyini və üzərində Nadir şahın şəxsi möhürü olan “Tarixi Nadir”in müasir tərcümədə Azərbaycan oxucusunun ixtiyarına veriləcəyini bildiriblər. Bu söhbətin üzərindən 3-4 il keçməsinə baxmayaraq, tərcümə ilə bağlı heç bir təşşəbbüs göstərilməyib.

Hacı Həmid danışır ki, millət vəkilləri ilə görüşündə onlara deyib ki, kitabın tərcüməsi vaxt aparır və o işi Lənkəran rayonunda bu sahədə mütəxəssis olan tərcüməçilərə həvalə etmək istəyir:

“Mən çox istərdim ki, kitab tərcümə olunsun. Hətta bunun üçün Lənkəran rayonunda bu sahəni bilən mütəxəssislərlə də danışmışam. Onlar sırf kitab tərcüməçiləridir. Mən millət vəkilləri ilə görüşəndə də təklif etdim ki, istəsələr lazım olan pulu ya onların adına bank vasitəsi ilə ötürsünlər, ya özləri şəxsən versinlər, yaxud da mənim vasitəmlə. Yəni məqsədimizin sırf kitabı tərcümə etmək olduğu üçün bütün mümkün variantlardan istifadə edə bilərdik. Tərcüməni 3-4 aya başa çatdırıb, kitabı təhvil verəcəyimi də söyləmişdim. Nizami Cəfərov və Hadi Rəcəbli təklifimi çox yaxşı qarşıladılar və tapşırıq verdilər ki,  molla ilə maraqlanın və nə lazımdırsa köməklik edin”.

Hacı Həmid illər keçsə də, tərcümə ilə bağlı fikirlərinin yenə də aktual olduğunu deyir.

“”Tarixi Nadir” kitabı nəstəliq xətti (Ərəb xəttatlıq növü. Ərəb ölkələrində isə ona “fars xətti” deyirlər-red.) ilə yazılıb. Bu da saray dili deməkdir. Kitab 147 səhifədən ibarətdir və sıx şəkildə yazılıb. Kitabı tərcümə etdikdə, təxminən 400 səhifəlik kitab alınar. Məsələn, indiki fars əlifbası ilə yazılsa, 3 cildlik kitab eliyir. “Tarixi Nadir” Azərbaycan dövləti, dövlətçiliyi üçün çox dəyərli, pulla ölçülməyən qiymətli bir əsərdir. Bu kitab bizim tariximizdir və onu qorumalıyıq”.

“Sonra  yəqin ki, kiməsə hədiyyə edə bilərəm”

Hacı Həmid Kitabın tərcümədən qabaq kiməsə hədiyyə edilməsi barədə düşünmür:

“Kitab Azərbaycan Mədəniyyət Fondunda qeydiyyata alınıb və belə razılaşma olub ki, mənim şəxsi mülküm kimi qorunmalıdır. Kitab dediyim şəkildə tərcümə olunandan sonra yəqin ki, kiməsə hədiyyə edə bilərəm. O kitabda mülkiyyətçi kimi mənim adım və ona olan hüququm tanınmalıdır. Nə qədər ki, bu formada nəşr olunmayıb, heç kəsə vermərəm. Yalnız bundn sonra Azərbaycan Muzeylərindən birinə, yaxud kim ki, ona qiymət verib saxlaya bilər, ona hədiyyə edərəm”.

Hacı Həmid kitabın tərcüməsi ilə bağlı məsələni yenidən gündəmə gətirmək üçün paytaxta üz tutmaq, yenidən müəyyən səlahiyyətli adamlarla görüşmək istədiyini deyib.

Biz də Versus.Az olaraq istənilən informasiya dəstəyinin verilməsində yardımçı olmağa çalışacağıq.

Xatırlatma:

“Tarixi Nadir” kitabı haqqında bilmədiklərimiz

“Tarixi Nadir” kitabı 1736-1747-ci illərdə hakimiyyətdə olan türk soylu Əfşarlar sülaləsinin banisi Nadir Şah haqqındadır. O, Azərbaycan, Türküstan və Hindistanın şahı olub. Bəzi tarixçilər ona hərbi nailiyyətlərinə görə “Şərqin Napoleonu” və ya “İkinci Makedoniyalı İskəndər” ləqəblərini veriblər. Dahi Üzeyir Hacıbəyovun “O olmasın, bu olsun” operettasında Məşədi İbadın dediyi “Mən özüm “Tarixi Nadir” kitabını yarıya qədər oxumuşam, amma sənin dediyini anlamıram. Bu bisavadlar neyləsin?” ifadəsi də məhz bu kitab haqqındadır.

Məşədi İbadın bu sözləri sonradan məşhur zərbi-məsələ çevrildi. İndi də adətən nəyisə anlamayanda bu cümləni çoxumuz istifadə edirik. Çoxlarımız da “Tarixi Nadir” kitabının 3 səhifədən ibarət olduğunu zənn edirik.

“Usta dedi ki, “Tarixi Nadir” satıram”

Hacı Həmid 1965-ci ildə Masallının Ərkivan qəsəbəsində doğulub. Dini təhsilini isə babası Məmməd kişidən alıb:

“Gənc yaşlarımdan İslam dininə böyük marağım var idi. Keçən əsrin 70-ci illərində babam bizə “Quran” dərsi keçirdi. Yəni bizlərdə “Quran” dərsi deyirlər, amma əslində dini təhsildir. Bir dəfə babam mənə qədim “Qurani-Kərim” hədiyyə etdi. Dediyim kimi, kitab qədimi idi və təmirə ehtiyacı var idi. O vaxtlar kitab təmir edən ustalar çox idi. Kitab təmiri deyəndə, kitabın cırılan hissəsini, üzlüyünü yapışdırıb və ya bərpa etmək, pozulan yazıları xüsusi ustalıqla yenidən bərpa etmək nəzərdə tutulurdu”.

Onu babasından hədiyyə olan “Quran”ı da rayonun Bədəlan kəndindəki bir kitab ustasının yanına aparırlar:

“Bir həftədən sonra “Quran”ı götürməyə gedəndə usta atama dedi ki, “məndə “Tarixi Nadir” kitabı var, satıram”. Təxminən, 1977 və ya 1978-ci illərdə olub bu hadisə. Rəhmətlik atam da o vaxtkı 65 Sovet rubluna bu kitabı mənə aldı. O vaxtdan kitab atamdan yadigar olaraq məndədir”.

147 səhifəlik orijinal tarixi kitab

Maraqlısı budur ki, Hacı Həmidin “Tarixi Nadir” kitabının əslinə sahib olması 2009-cu ildə üzə çıxıb. O, bu illər ərzində həmin kitabı evdə həm atasından yadigar olaraq, həm də qədim kitab kimi qoruyub saxlayıb:

“2009-cu il idi, Həcc ziyarətindən təzə gəlmişdim. Radio kanallarından birində “Din və cəmiyyət” mövzusunda müzakirə gedirdi və mən də müsahibə verirdim. Söhbət əsnasında bir söz işlətdim. Xanım aparıcı da qeyri-ixtiyari olaraq “Mən “Tarixi Nadir” kitabını yarıya qədər oxumuşam dediyinizdən heç nə anlamadım” cümləsini işlətdi. Mən sual etdim ki, “Tarixi Nadir” kitabı neçə səhifədir? Xanım 3 səhifə olduğunu bildirdi. Mən yenə başqa sualla müraciət etdim ki, Xanım, siz şah olsanız, Anadoludan Hindistana qədər ərazini fəth etsəniz, sizin haqqınızda cəmi 3 səhifəlik kitab yazılmasına razı olarsınızmı? Xanım “Əlbəttə, xeyr” dedi”.

Sonra həmin aparıcı xanım bu məsələni radioda müzakirəyə çıxaracağını deyir:

“Daha sonra mən bildirdim ki, kitab nə az, nə çox, düz 147 səhifədən ibarətdir. Xanım əvvəlcə inanmadı, mən kitabı gətirdim, o, bir neçə şəkilini çəkib apardı Bakıya. Bir müddət sonra isə AMEA-dan bir komissiya gəldi. Kitabın əsl nüsxə, yəni orijinal olmasını təstiq etdilər. Elə ondan sonra da dilimizdən “3 səhifəlik “Tarixi Nadir” kitabı kəlməsi” çıxarıldı. Beləliklə də 2009-cu ildən məşhur “Tarixi Nadir” kitabının əsli meydana çıxdı”.

“Kitabi tarixi cahənkəşan məşhur və Tarixi Nadir”

Məlumat üçün bildirək ki, kitabın əsl adı “Kitabi tarixi cahənkəşan məşhur və Tarixi Nadir”dir. Hicri-qəməri tarixi ilə 1272-ci ildə çap edilib. Kitabın müəllifi Nadir şahın şəxsi münşisi Mirzə Mehdi xandır.

Kitabda bu kitabın əsl nüsxəsi olması haqqında qeyd var və Molla Saleh adlı şəxsin mətbəəsində çap edildiyi bildirilir. Kitabda 3 möhür var. Bunlar Şahın möhürü, kitabı çap edən mətbəənin möhürü və kitabı yazan müəllifin möhürüdür.

Bundan əlavə, kitabda Nadir şahin 11 illik hakimiyyəti vaxtı baş verən hadisələr dəqiq tarixi ilə qeyd olunub, Azərbaycanın bəzi ərazilərinin adları yazılıb. Həmçinin kitabda Nadir şahın Məşhəd şəhərini əfqanlardan azad etməsi, Hindistanı fəth etməsi və s. tarixi hadisələr qeyd olunub. Kitab siyasi xarakterlidir və Nadir şahın hakimiyyətindən 54 il sonra çap edilib.

Əlavə olaraq bildirək ki, Hacı Həmid Məmmədovun daha 2 qədim kitabı var. Bunlar – hicri-qəməri tarixi ilə 1279-cu ildə uşaqlar üçün çap edilən “Qəhrəman” adlı nağıl kitabı və hicri-qəməri tarixi ilə 1282-ci ildə çap olunan, 14 məsumdan bəhs edən “Töhvətül Məcalis” kitablarıdır.

Qeyd:

Kitab nəşrinin tarixi çox qədim dövrlərə gedib çıxır. Təbii ki, ilk əvvəl şifahi ədəbiyyat yaranıb, daha sonra yazılı ədəbiyyata köçürülüb. Ən qədim dövrlərdə kitablar daş, papirus, dəri kimi materiallar üzərində yazılıb.

Bizim eranın 105-ci ilində kağız kəşf olunduqdan sonra kitab işi bir qədər sürətlənməyə başlayıb, daha sonra isə kitab emalatxanaları yaradılıb. Buna N.Tusinin Marağa rəsədxanasının nəzdində fəaliyyət göstərən Marağa Kitab Emalatxanasını misal göstərmək olar.

Təbriz yaxınlığında Rəşidiyyə Universitetinin özünün kitabxanası və kitab emalatxanası da olub. O dövrdə kitabın ərsəyə gəlməsi üçün xəttatlar bir-bir kitabları köçürürdülər. Bu, çox gərgin əmək və vaxt tələb edirdi və elə kitablar olurdu ki, 3-5 ilə başa gəlirdi.

Azərbaycanda isə ilk dəfə 1594-cü ildə Nəsrəddin Tusinin “Təhridi-iqlidis evklidi həndəsənin şərhi” kitabı ərəb dilində çap olunub. Kitabların getdikcə məşhurlaşdığı dövrdə təbii ki, o vaxt hakimiyyətdə olan hökmdarlar da özləri haqqında kitab çap etdirirdilər. Belə kitablardan biri də məşhur “Tarixi Nadir” kitabıdır.

Tahirə Qafarlı
Versus.Az

Xəbər lenti

APA-nın əməkdaşı prezidentdən kömək istədi - MÜRACİƏT

"Bu müraciətə APA-nın bütün əməkdaşlarını, Mətbuat Şurası başda olmaqla bütün dəyərli media mənsublarını, dəyərli ziyalıları, o cümlədən millət vəkillərinı qoşulmağa çağırıram"

““Yeni” dediyiniz qüvvələr artıq özləri “köhnə”lərə qarmaq atırlar” - MÜSAHİBƏ

ALDP-də yağışdan sonra yaranan vəziyyət müzakirə edilib

Hatayda Yayladağında Azərbaycan küçəsi və Qarabağ parkı açılacaq

Versus.Az Talk TV kollektivini təbrik edir

Məktəblərdə dünyanın 60-a yaxın ölkəsinin qoşulduğu “Sülh göyərçini” tədbiri keçirilib

"Dağlıq Qarabağ münaqişəsi qısa müddətdə həll olunmalıdır"

Cüdo üzrə dünya çempionatının açılış mərasimi keçirilib

Restoranlar barəsində tədbirlər görülməyə başlanıldı

AXCP Oğuz rayon şöbəsinin sədrinə və üzvlərinə təzyiqlər davam edir

Nazir Ramin Quluzadə Qazaxda vətəndaşlarla görüşüb

Beynəlxalq Teatr Festivalı keçiriləcək

Bu, ölkədə əlillik faizinin azaldılması ilə nəticələnə bilər

"Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün..."

Məktəblərdə İLK DƏFƏ

“Mənəvi quruculuq: gümrahlığın texnologiyaları”

İrəli
InvestAZ

Ən çox oxunan xəbərlər

Qənirə Paşayeva Hatay vilayətində türk dünyası gəncliyinə çağırış edib

Ruhən "xəstə" olan insanlara meydan oxuyan xanım

Versus.Az Talk TV kollektivini təbrik edir

““Yeni” dediyiniz qüvvələr artıq özləri “köhnə”lərə qarmaq atırlar” - MÜSAHİBƏ

“Mənim üçün şeir yazmaq Tanrıyla, kağızla ehtiraslanmaqdır”

İlyas İsmayılovun oğlu öldürüldü

Xərçəngin yayılmasının ağlagəlməz səbəbləri

Restoranlar barəsində tədbirlər görülməyə başlanıldı

AXCP Oğuz rayon şöbəsinin sədrinə və üzvlərinə təzyiqlər davam edir

ALDP-də yağışdan sonra yaranan vəziyyət müzakirə edilib

APA-nın əməkdaşı prezidentdən kömək istədi - MÜRACİƏT

"Rəhbər vəzifələrə maraq azalıb"

Qardaş Türkiyənin Şəhid ailələri, Qazilər, Hərbçilər Cəmiyyətləri millət vəkili ilə görüşüb

Dünyanın ən ölümcül infeksiyası

Facebook messencerinin işində problemlər yaranıb