Versus İnformasiya Agentliyi İçərişəhərdə – 6 AYın tamamında

19:38 28-12-2017 | icon 179 | KİV
Versus İnformasiya Agentliyi İçərişəhərdə – 6 AYın tamamında

“Hər bir Azərbaycan övladının qəlbində bir İçərişəhər var”

“Qala” və ya sadəcə “Qədim şəhər” kimi tanınan Bakının ən qədim tarixi məhəlləsindəyik – tarixi-memarlıq qoruğunda… Bura el arasında İçərişəhər kimi tanınır…

İçərişəhərin qala divarları nələrə şahidlik etməsindən asılı olmayaraq öz ağırlığını qoruyur və müsafirlərini milli-mənəvi zənginliyindən doğan təbii ruh-halı ilə qarşılayır…

Versus.Az saytı 6 aylığında…

6 aylığını “İçərişəhər” qalasında qeyd edən Versus.Az komandası sakit, təmkinli, hər daşının dili ilə danışan ŞƏHƏRDƏ tarixin abidələri ilə həmsöhbət olub.

Təbii ki, şəhər çox araşdırılıb və dəfələrlə təsdiq olunub ki, hər dəfəsində yenidən kəşf olunacaq qədər böyük xəzinələr qoruyur özündə, İçərişəhər…

Biz də bəzi məqamlarda tarixi araşdırmaçıların yazdığı faktlara istinad edəcəyik. Lakin hədəfimiz Şəhərin bizə açılan panoramasını seyr etməklə yanaşı, hansısa dalanında, küçəsində sıxışıb qalan incilərini işığa çıxarıb, ləpirlərini aydınlatmaqdır.

“Qoruq ərazisində 1300-dən çox ailə yaşayır”

Statistik məlumatlara əsasən hazırda 221 000 m² sahəyə malik olan qoruq ərazisində 1300-dən çox ailə yaşayır. Arxeoloji tədqiqatlar nəticəsində müəyyənləşdirilib ki, artıq VIII-IX əsrlər ərazisində İçərişəhər ərazisi sıx məskunlaşıb, sənətkarlıq və ticarət inkişaf edib. İnformasiya texnologiyaları əsrində yaşayan bakılının milli məişət həyatında çox şeylər dəyişib, təkmiləşib. Amma irs kimi nəsildən-nəslə ötürülən dəyərlərimiz, adətlərimiz qorunur burda…

Kitab Evi, yaxud danışan canlı abidə

Qoruqda 10-larla tarixi-memarlıq abidələri – məscidlər, karvansaralar, hamamlar, yaşayış evləri – yerləşir, bir neçə muzey, səfirlik, otel, ticarət obyektləri, kafe və restoranlar çoxdur. Amma bircə dənə Kitab evi var. Onu 50 il özünü bu sahəyə həsr eləmiş 77 yaşlı, mən deyərdim tarixin canlı abidəsi olan Elman Mustafayev qoruyub saxlayıb.

Bu Kitab evi Qüllə küçəsi 10-da, düz Qız Qalasının sol cinahındakı sakit və səssiz bir məkanda yerləşir. Kitab evi öz sahibinə çox bənzəyir, İçərişəhərin bir parçası olduğunu bir daha sübut edir, səssiz və sakit…

İçərişəhərdəki bu Kitab evi çoxlarının gəncliyinin, tələbəliyinin xatirələrini yaşadır özündə… Bu kitab evində, özünün dediyi kimi qalaq-qalaq  kitablar daşıyan Pakizə Babayevanın da keçmişi, gəncliyinin ruhu gizlənir…

Versus.Az komandası Mədəniyyət şöbəsinin redaktoru Pakizə Babazadənin bələdçiliyi ilə kitabçı Elman müəllimi ziyarət edib və tarixin canlı abidəsi ilə bir daha söhbətləşib.

Mənalı ömrün yolçusu…

Bir müdrik deyib ki, xoşbəxtliyin sirri çox sadədir – görmək istədiyin, həqiqətən sevdiyin işi tap və bütün enerjini ona sərf et. Gücünü və şüurunun enerjisini tam olaraq sevdiyin işin üzərində cəmləyən kimi firavanlıq həyatını dolduracaq – mənəvi rahatlıq…

O, xoşbəxtliyin sirrini tapmış, firavanlığı işində görmüş adamlardandır, sözsüz ki…

Üzündə bir nur, gözlərində dərin düşüncə ilə uzun illərdir ki, hər gün eyni vaxtda, uzun bir yol qət edərək yorulmadan, usanmadan ikinci evi bildiyi, intizarla yolunu gözləyən kitablarının toplandığı Kitab Evinə gəlir. İçərişəhərin dərin sükut çökmüş, əsrlərin izi qalmış divarları ilə həmahəng olan bu bilik ocağı çoxumuzun sığındığı, hüzur bulduğu bir məbədi xatırladır…

Təzə nəşrlərlə yanaşı köhnə, ən əsası isə tələbə kisəmizə uyğun kitablar olduğu üçün bura tez-tez gələrdik… uzun illər öncə…
Uzun illərdən sonra yenə yolum bura düşüb…  doğma… sevimli… qəribə sükut içərisində vərəqlərin xəfif xışıltısı… heç nə dəyişməyib… Bircə illər bu yerin sahibinə “ədalətsizlik” edib… Qocalıq öz müdrik əlləriylə zərif, nəcib cizgilər çəkib üzünə… Vaxtilə xoş söhbətləri, maraqlı məlumatları ilə kitablarını sevdirən bu İnsan, bu gün kitab piştaxtasının arxasında az qala kitablara qarışıb, öz sakit, kiçik “taxtında” dərin düşüncəyə dalmış, gözləri yol çəkərkən gördük… Nə düşünürdü görəsən?.. Ömrünün səhifələrinimi vərəqləyirdi, yoxsa doğma övladı kimi sevdiyi, min bir əziyyətlə ərsəyə gətirib, bu günəcən qoruyub saxladığı bu gözəl məkanın taleyinimi?…

Artıq əvvəlki kimi söhbətcil olmayan, əvvəlcə suallarımıza könülsüz cavab verən həmsöhbətimiz, istər-istəməz sualların axarına, bəlkə də daxili istəyin hökmünə tabe olaraq ötən illərin yaddaşına boylanır. Kitabçı o qədər düşüncəli idi ki, bir anlıq onunla söhbətə necə başlayacağımıza belə, qərar verə bilməmişdik. Bizim “necəsiniz”- sualımıza onun verdiyi “Qocalırıq…” cavabı da adi bir söz deyildi. Bu, kitabçını narahat edən düşündürücü mənzərənin sözlə “cızılan” böyük bir tablosunu anlamağa yetən bir cavab idi…

Elman müəllim danışır:
– Uzun illərdir bu sahədə çalışıram. Ömrümün demək olar ki, yarıdan çoxunu bu işə həsr etmişəm. Beş il Bakı Kitab Evinin direktoru işləmişəm… Sonra qeyri-ixtiyari baxışları divardakı bir şəklə zillənir. İstər-istəməz biz də onun baxdığı yerə boylanırıq. Elman müəllim divardan asılmış, vaxtilə Heydər Əliyevlə söhbət zamanı çəkilmiş çərçivədəki şəklə baxırdı…

Şəklin tarixçəsini soruşuruq…

“Heydər Əliyevin şəxşi kitabxanasını kitablarla təchiz edirdim”

Bir qədər sükutdan sonra sözləri seçə-seçə, hər detalı xatırlamağa çalışır:

– Bu şəkil 81-ci ildə çəkilib. O vaxt Hökumət Evi ilə üzbəüz böyük bir Kitab Evi açılmışdı. Məni oranın direktoru təyin etmişdilər. Bu şəkil açılışdan bir neçə ay sonra çəkilib. Heydər Əliyev açılış vaxtı Bakıda olmadığından sonra gəlmişdi. O vaxt mən ona kitabxana haqqında düz 1 saat 40 dəqiqə məlumat verdim. Hətta bir ara onun sözünü də kəsdim. Ona kitabxana barədə yanlış məlumat vermişdilər. Məndə adətdir, kimsə düz danışmayanda onun sözünü kəsirəm, düzəliş verirəm. Onun müsbət cəhəti bu idi ki, məni dinlədi, razılaşdı. O, hərtərəfli insan idi. Kitab Evində işlədiyim müddətdə onun şəxşi kitabxanasını kitablarla təchiz edirdim. Onun maraq dairəsini bildiyim üçün lazım olan kitabları göndərirdim…

… dərin düşüncələrə dalır…bir nöqtəyə zillənmiş gözləri zaman kəsimindən keçərək üzündə acı bir gülümsəmə ilə geriyə dönür…

– Direktor olduğum müddətdə bir sıra yeniliklər etdim. Həbsxanaları, islah evlərini, uşaq baxçalarını kitabla təmin edirdik. Onu da deyim ki, dünya təcrübəsində belə praktika yox idi. Biz sovet məkanında Moskva Kitab Evindən sonra ikinci yerdəydik. Amma bunu gözügötürməyən bədxahlar da var idi. Moskvaya şikayət edərək mənim “maşennik”, multmilyoner olduğumu yazırdılar. Təsəvvür edin, kitabçı multmilyaner… Halbuki ömrüm boyu bir manat belə rüşvət almamışam…

– Bu Kitab Evini nə zamandan işlədirsiniz? Əvəllər şəhərdə belə mağazalar çox idi. İndi tapmaq olmur.

– Elədir. 90-cı illərdə şəhərdə 70-dən çox kitab mağazası var idi, indi 10-u qala-qalmaya. İçərişəhərdə isə birdənədir. Mən buranı saxlamaq üçün çox əziyyətlər çəkdim.

“Bəxtiyar Vahabzadə kömək etdi”

– Dövlət müəssisəsi deyilmi?

– Özəldir. 2005-ci ildə özəlləşdirdim. Uzun əziyyətlərdən sonra. 7 il Əmlak Komitəsinə ayaq döydüm. Umacaqları vardı, süründürürdülər. Axırı, Bəxtiyar Vahabzadəyə müraciət etdim. Uzaqdan qohum idik. Elə yanımdaca Əmlak Komitəsinin sədri Fərhad Əliyevə zəng etdi. Dedi, ay Fərhad, mənim bu qohumum 40 ildir bu sahədə çalışır. İndi bu mağazanı özəlləşdirmək istəyir, amma, səninkilər bundan “şapka” istəyirlər… Nə isə…onun zəngindən sonra kömək elədilər…

“Məndən sonra yəqin çayxana, kafe edərlər”

…Yenə yol çəkir gözləri… Qəribə baxışları var… baxdıqca sonu görünməyən bir dərinlk görürsən… bu dərinlikdə tədirginlik də var, hər şeylə barışmış yorğun bir rahatlıq da… Nə düşündüyünü bilmək çətin deyil. Sonrakı taleyi necə olacaq buranın? Özündən sonra göz bəbəyi kimi qoruyub saxladığı bu məkana sahib çıxacaq bir kimsə varmı görəsən? – soruşuruq… ağır-ağır başını bulayır:

– Yoxdur… kimsə yoxdur. Bir qızım var, həkimdir. Məndən sonra yəqin çayxana, kafe edərlər.

– Fikirləşirsiniz ki, onlara daha çox ehtiyac var?

…sualımızdakı kinayəni anlayıb gülümsəyir.

– Yəqin ki… Çünki bu sahə gəlir gətirmir. İndi insanlar gəlir ardınca qaçırlar… Onları da qınamalı deyil, görünür belə lazımdır.

– Ən azı mənəvi irs kimi, buranın uzunillik sakini, İçərişəhərin doğmalaşmış parçası kimi buranı qoruyub saxlamaq lazımdır.

– Əlbəttə, qoruyub saxlansa gözəl olar. Bu da buranın bir parçası kimi qorunmağa layiqdir. Bilirsinizmi bura “arzu olunan məkan” deyirlər. Bura gələnlər sanki burada rahatlıq tapırlar. Hətta bəzən məndən burda oturub kitab oxumağa icazə istəyirlər. Mən də verirəm. Bu mənə də xoş gəlir…

– Hər gün nə qədər adam gəlir bura?

– Stabil deyil. Bəzən yüzə qədər, bəzən də 10-15 nəfər gəlir. Adamlar buranı çox sevir. Çünki burada kitablar həm ucuz olur, həm də istədikləri kitabları tapa bilirlər.

“…Kitablar zaman-zaman dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir” – F.Bekonun fikridir bu. Kitablar həm də bir nəslin digər nəslə mənəvi vəsiyyətidir. “Gözəl fikirlərdir” – deyə, müsahibimiz təsdiqləyir:

– İnsan hisslərini zənginləşdirən kitabdır. Bir dekabrist şair deyib ki, nəsillər, sülalələr hakimiyyətə gəlib-gedir, amma kitablar qalır. Kitab bir nəslin nailiyyətlərini o biri nəslə ötürən bir vasitədir. Ona görə də kitabın gücü-qüdrəti ölçüyəgəlməzdir. Kitab ən yaxşı həmsöhbət, ən yaxşı dostdur. Qorki cox gözəl deyib ki, məndə olan yaxşı nə varsa kitablara borcluyam. İnsanın insan kimi formalaşmasında, dünyagörüşünün zənginləşməsində kitabın rolu əvəzedilməzdir. Ona görə bu sahənin adamı olmağımla həmişə fəxr etmişəm. İnsanlar da həmişə mənə hörmətlə yanaşırlar, böyükdın kiçiyə qədər. Bu, elə mənim həyatımın mənasıdır.

…Yorğun görünürdü müsahibimiz… Biz də çox yormaq istəmədik… İstəməsək də, insana həm hüzur, həm həyacan verən bu “arzu olunan məkan”dan ayrılmalı olduq…

Bu gün biz maraqlı, mənalı bir həyat yolu keçmiş bir insandan söhbət açdıq: Elman Mustafayev… 77 yaşlı, ömrünün 50 ilini bu sahəyə həsr etmiş fədakar bir insan… Onun haqqında həm yerli, həm də xarici mətbuatda çox yazılıb. Ən yaxşı kitab təbliğatçısı kimi Nyu-York Tayms qəzeti ona böyük bir səhifə ayırmış, ingilis, fransız mətbuatı, hətta alman televiziyası da onun haqqında məlumat vermişdir…

Görkəmli şair Cofri insan ömrünü bir kitaba bənzədərək yazırdı ki: Hər insan ömrü bir kitaba bənzəyir. İnsanın doğulması bu kitabın titul vərəqi, sonrakı şüurlu həyatı və davranışı bu kitabın əsas məzmunudur… Bu kitab qalın cildlər halında və ya nazik ola bilər… Lakin əsl mətləb onun məzmunundadır. Kitabın məzmunu hər şeydən əvvəl bilavasitə müəllifdən asılı olduğu kimi, insan ömrünün də əsl məzmunu xeyli dərəcədə onun özündən asılıdır…

Onun da həyatı ömrünü həsr etdiyi kitablar kimi məzmunlu, mənalı bir həyatdır… Deyirlər insan ömrü bir hekayəyə bənzəyir. Nə qədər uzun olduğu deyil, nə qədər mənalı olmağı əsasdır… Elman müəllimin ömrü kimi…

İçərişəhərin yeganə “Göyərçin evi”

Əzəmətli duruşu ilə hər kəsi heyran edən, Qız Qalasından üzü yuxarı, Şeyx Şamil küçəsində əhalinin qədim əyləncələrindən olan, insanların təbiət gözəlliyi ilə bərabərliyini, harmoniyasını təqdim edən maraqlı mənzərə açılır.

O məkanda şəhər əhalisində, qonaqlarda xoş ovqat yaradan “Göyərçin evi” var. Bu köhnə Bakıda yerləşən tək məkandır. Yəqin ki, bildiniz, sizi İçərişəhərin sadə insanları arasında quş saxlamağı ilə seçilən və bu işi bir sənətkarlıq halı yaşadan milli ənənənin davamçısı ilə tanış edəcəyik.

Hamı onları “Quşbaz” kimi ifadə edir. Onlar nəsildən-nəsilə ötrülən, şəhərin sərt görkəminə xoş zəriflik, təbəssüm bəxş edən ənənə sahibləridir.

Siz Quşbaz və onun göyərçinləri ilə Versus.az-ın baş redaktor müavini Arzu Zeynallının bələdçiliyi ilə tanış olacaqsınız.

İçərişəhərdə qalan yeganə Quşbaz, yaxud göyərçin evi…

Azərbaycanın köhnə Bakısında şəhər sakinlərinin maraqla qarşıladığı, bu günə qədər qorunub saxlanan və təbəssümlə qarşılanan bir peşə sahibi ilə sizi tanış edəcəyik. Bu peşə sahiblərinə qısaca QUŞBAZ deyirlər. Onlar bakıda çox az qalıblar. Təkcə İçərişəhərdə şəhər sakinlərinin, turistlərin diqqətini çəkən yeganə bir quşbaz məkanı qalır ki, sizə onlardan danışacağıq. O quşbaz ki, bu peşə ona atasından miras qalıb.

Söhbətimizdən belə məlum oldu ki, bu quşbazlar hər quşu saxlamırlar, onlar məhz göyərçin saxlayırlar. Düzdür, başqa quşları bəsləyənlər də var, amma nədənsə məhz göyərçin saxlayanları quşbaz kimi tanıyırıq. Sanki qəbul olunmuş yazılmamış qanundur.

27 illik quşbazlıq

Həmsöhbətimiz quşbaz Xosrovdur. Dediyinə görə, 27 ildir göyərçin saxlayır. Onun rəhmətlik atası isə bu peşəylə 56 il məşğul olub. Xosrovda göyərçinə maraq atasıyla birlikdə quşxanada göyərçinləri müşahidə etməkdən başlayıb. Deyir ki, quşların uçuşları, su içmələri, yemlənmələri, səsləri, bir sözlə, onların həyatı həmişə onun üçün maraqlı olub. Ona görə də qərara gəlib ki, atasından sonra onun işini davam etdirsin.

“Yumurtanın üstündə həm dişi, həm də erkək göyərçin yatır”

Xosrov deyir ki, hazırda quş damında 200-ə yaxın göyərçin var. Əslində bu az rəqəm deyil. Göyərçinlərin hazırkı yuvaları ikinci evləridir. Birinci evləri xeyli vaxt olar ki, yanıb və evlə bərabər yüzlərlə göyərçin məhv olub. Xosrov İçərişəhərdəki hazırkı quş evini götürəndə çox az göyərçin qalıbmış. Amma göyərçin saxlamaq marağı onu quşların sayını artırmağa həvəsləndirir. Beləcə, biri erkək, digəri dişi olmaqla qalan göyərçinləri yeni evlərində bəsləməyə başlayır…

Quşbazlığı özü üçün hobbi sayan Xosrov onların satışıyla məşğul olmadığını deyir. Elə göyərçinlər var ki, 12-14 saat dayanmadan uçurlar və 200-350 kilometr məsafə qət edirlər. Hətta yerdən 200 kilometr hündürlüyə qalxan göyərçinlər də var. Göyərçin bir dövrə vuranda ən azı 300 metr qət edir.

Yerli Bakı göyərçinləri ilə yanaşı Qırmızı Armavis, Manax, Şimali Qafqaz göyərçini, Almaniya cinsi olan Saksonki Lastoçka, İngiltərə cinsi olan Flaminqo və digərlərinin bir araya gəldiyi yuvada yumurtadan təzə çıxmış ətcə balalar gözümüzdən yayınmadı. Bəzi yumurtaların isə hələ vaxtı çatmayıb. Ömürləri maksimum 12 il olan, bir xəta-bəla olmadığı halda qocalıb ölən göyərçinlər arasında çox bala verən ana göyərçinlərin ömrü 12 yaşından daha tez bitir. Çünki ana göyərçinlər 18 günə qədər yumurtadan bala çıxarırlar. Və hər dəfə onların iki balası olur. Onlar deyəndə erkək göyərçinləri də nəzərdə tuturuq. Belə ki yumurtanın üstündə həm dişi, həm də erkək göyərçin yatır. Bala yumurtadan çıxdıqdan sonra isə onu erkək və ana göyərçin birlikdə böyüdürlər…

Göyərçinlərin qonağı oldum

Göyərçinlərin evinə də qonaq oldum. Hürkərlər deyə içəri ehtiyatla daxil oldum. Quş damında iki göyərçinin yerləşdiyi xeyli yuvalar var. Hər yuvada ata, ana göyərçin və onların qoruduqları yumurta, yaxud artıq civildəşməyə başlayan ətcə balaları var. Xosrov deyir ki, erkəklər balanı hansı dişiylə birlikdə ərsəyə gətiriblərsə, sonadək də onunla bərabər böyüdürlər.Yəni başqa heyvanlardan fərqli olaraq xəyanətə yol vermirlər.

Quşbazın sözlərinə görə, çöl göyərçinindən fərqli olaraq ev göyərçininin əti yeməli olmur. Odur ki, kimsə onu ovlamaq marağında da olmur. Və bu göyərçinlər hay-küyü sevmirlər. Bu quşlar istiyə dözümlü olsalar da, güclü şaxtaya çox nadir hallarda dözürlər. Ona görə də qışda quş damlarında elektrik spiralları yandırılır. Əks halda onlar soyuqdan dona bilərlər.
Xosrov saxladığı quşların nə özlərinin, nə yumurtalarının satışı ilə məşğul olmur. Amma yaxınlarına hədiyyə edə bilir.

Şəhərin açıq havada sərgilədiyi milli-mənəvi dəyərlərimizi əks etdirən panoramasını sizlərə Versus.Az-ın baş redaktoru Tahirə Qafarlı təqdim edir.

İçərişəhər 1977-ci ildə tarix-memarlıq qoruğu elan edilib. Ümumdünya İrsi Siyahısına daxil edilmiş ilk abidədir.

İçəri Şəhərdən baxanda Xəzər dənizi aşağıda, Qalanın isə 22 hektar ərazidə yerləşən sahəsinin təpədə olduğu açıq görünür.  Qız qalası və ətrafındakı meydanda milli adətlərimizi, mədəniyyətimizi əks etdirən nümunələr diqqətimizi çəkir. Saz, tar-kaman, qaval, açıq muzeydə cigid geyimlərinin nümayişi abidə ilə kontrast təşkil edir. Araxçınlar, qadın bəzək əşyalarının qarşısından sakitcə keçmək mümkün deyil.

Əslində musiqi müəllimi işləyən və boş vaxtlarında əmisinin ticarətinə köməyə gələn Ramil müəllimlə söhbətlərimizdən belə məlum olur ki, İçərişəhər öz enerjisi ilə hər kəsi sehrinə sala bilib. Burda hər kəs təqdim etdiyi hər hansı bir tarixi əşyanın, yaxud abidənin bir parçası – danışan abidəsi ola bilir.

“İçərişəhər bizə yalnız pul barədə düşünməyə imkan vermir”

Ramil burda görünən əşyalara çox maraq olduğunu, insanların ona biganə qalıb yanından sakit keçə bilmədiyini deyir. Tarixinə hörmətlə yanaşan bir Vətəndaş olaraq hər gün qarşılaşdığı bu mənzərənin çox zövqverici olduğunu söyləyir.Ramil müəllim, burda satışdan çox tarixi mədəniyyətimizin, musiqimizin, adətlərimizin təbliğinin əsas yerdə dayandığını qeyd edib. Onun bizə göstərdiyi araxçınlar elə də bahalı deyil. Dediyinə görə, alıcıları əsasən turistlərdir. Yerli əhalinin də marağı var. Onun üçün ən önəmlisi burda ticarətdən çox insanların yaxınlaşıb bu əşyaları maraqla izləməsi ilə yaranan xoş əhval-ruhiyədir. İçərişəhər bizi yalnız pul barədə düşünməyə imkan vermir.

Bu yerdə mən – bəndəniz Tahirə Qafarlı – təğyirilibas olub onun bir parçasına çevrilmək istədim.

İçərişəhər Orta Şərqin ən qədim məskənlərindən biridir. Versus.Az-ın əməkdaşı Mirvari Mustafayeva arxivə baxış edib.
Qazıntılar göstərir ki, insanlar bu ərazidə hələ tunc dövründə məskunlaşıblar. XIX əsrədək bir neçə minlik məhəllə elə Bakının özü demək idi. İçərişəhər bütövlükdə bir şəhərsalma mədəniyyəti nümunəsidir. Buradakı üç abidə – Qız qalası, Şirvanşahlar Sarayı, Məhəmməd məscidi dünya, daha 28 abidə isə ölkə əhəmiyyətlidir.

İçərişəhər tarixən ümumi əlamətlərlə birləşən Ağşalvarlılar, Gəmiçilər, Arabaçılar, Hamamçılar, Seyidlər, Cuhud Zeynallar (yəhudi məhəlləsi) və s. məhəllələrdən ibarətdir.

Şəhərə Şamaxı (XII əsr) və Salyan darvazalarından daxil olmaq olardı.

İçərişəhər 1977-ci ildə tarix-memarlıq qoruğu elan edilib. İçərişəhərdə Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutu Muzeyi, Azərbaycan Milli Ensiklopediyasının Ensiklopedik Mərkəzi yerləşir. Məhəllədə məhsulları oradakı sərgi salonunda nümayiş etdirilən xalça sexi də var.

Bakı qədim zаmаnlаrdаn həm Cənubi Qafqazda, həm də Yахın Şərqdə əhаlinin sıx məskunlaşdığı və inkişaf etdiyi şəhərlərdən biri kimi tаnınıb. IV-VIII əsrlərdə təbii sərvətləri və iqtisadi durumunu qorumaq üçün Azərbaycanın ərazisində bir sıra müdafiə xarakterli istehkamlar və qala divarları ucaldılıb.

Məhşur memarlıq abidəsı olan və 2000-ci ildə UNESCO Ümumdünya irsi Siyahısına daxil edlən Qız qalasının yanından Şirvanşahlar sarayı kompleksinə doğru hərəkət edirik.

İçərişəhərdə hündürlüyü 8-10 metr, eni 3,5 metr olan qala divarları bizi müşayət edir.

Baxın, iri meydan və enli küçələr şəhərin içərilərinə doğru getdikcə kiçilib sıxlaşır. Şeyx Şamil küçəsində qədim divarda bitən bu ağac diqqətimizi çəkir.

Araşdırmaçılar bu küçələrin dar olmasını şəhərin bütün gücü ilə müdafiə işinə cəlb olunması ilə əlaqələndirir. Bu barədə arxivi Versus-Az-ın redaktoru Gözəl Nəcəfli vərəqləyib.
…Əgər qala divarları və ya əsgərlər müdafiəyə tab gətirməzdilərsə, bu işə şəhər əhalisi də cəlb olunurdu. Əvvəla süvarilər dar küçə və dalanlara girə bilmirdilər. Çünki bu dalanlarda atların geriyə dönməsi və idarə olunması mümkün deyildi. Küçələrin görüntüsü və mənzərəsi haqda

İçərişəhəri əhatə edən qala divarları Azərbaycan ərazisindəki digər qədim istehkamlar və müdafiə xarakterli tikililərdən öz orijinallığı və möhtəşəmliyi ilə seçilir. Azərbaycan Böyük İpək yolunun üzərində yerləşən əsas məntəqələrdən biri olduğuna görə, İçərişəhərdə çoxlu karvansara və ticarət binası inşa edilib. XV əsrdə Bakının Şirvanşahlar dövlətinin paytaxtına çevrilməsi ilə əlaqədar olaraq tikilmiş Şirvanşahlar sarayı kompleksi İçərişəhərin simasına xüsusi bir yaraşıq və əzəmət verir. Kompleksə daxil olan saray binası, divanxana, türbə və məscidlər binaların miqyasının məharətlə uyğunlaşdırılması, yerli tikinti materiallarından uğurla istifadə olunması, bədii oymaların və memarlıq elementlərinin ahəngdar şəkildə yerləşdirilməsi ilə seçilir.

“Daşından dəmirinə, qapısından pəncərəsinə, uşağından böyüyünə…”

İçərişəhər sevgisini Versus.Az-ın Konya əməkdaşı Rüfanə Günəşin dili ilə də eşidəcəksiniz:

Bakıda sevdiyim iki yer var. İçərişəhər və Dağüstü Milli Park. Mənim üçün bu ikisi Bakının simvollarıdır. Biri toxunulmazlığın, biri qəhrəmanlığın…

İçərişəhər… Daşından dəmirinə, qapısından pəncərəsinə, uşağından böyüyünə çox fərqli ab-havanın olduğu yer…

Köhnə şəhərdə tar da fərqli səslənir, kaman da… Yanıqlı olurlar. Burada insanlar da fərqli danışır. Sanki öz dilləri var. Burada küçələr də sanki labirinttir. Səni gözləyirlər, onları sən tapmalısan.

Hələ sirlərlə dolu olan Qız Qalasını demirəm. Çox sirləri var, danışsın istəyirəm. Hamısını bir-bir desin…

Bir neçə gün əvvəl İstanbuldakı Qız Qalasına baxdım. Bakıdakı Qız Qalası üçün darıxdım. Oranın sehri başqadır çünkü. Sonra keçən yay tətilimi xatırladım. Qorxdum.

Yayda vətənə gələndə yenə yolumu İçərişəhərdən saldım. Çox tünlük idi. Nədənsə bu yerlərdə insan az olsun istəyirəm. Sakit olsun. Hər şeyə diqqətlə baxasan, valeh olasan. Amma yox, bu dəfə olmadı. Bir küçə var İçərişəhərdə, orda həmişə sarı “zapı” dururdu. Hər gedəndə mütləq o “zapı”nın yanından keçirdim. Şəhərin qədimiliyinə rəng qatırdı. Bu dəfə yox idi. Elə bildim köhnə şəhər nə isə itirib.

Sonra qorxmağa başladım. Bu şəhər hər dəfə qədimiliyini beləcə itirəcək. İnsanları da azalır yavaş-yavaş. Ora məxsus olan kimlikləri də itiririk. Hər şeyi turistlər məmnun olsun deyə qururuq. Eli bilirəm tariximiz əldən gedir. Qorxuram… Bir gün köhnə şəhəri yerində tapmamaqdan qorxuram…

İçərişəhərin şimal tərəfində Kiçik Qala küçəsi yerləşir. Sanki bu gün içəri şəhər öz dərinliyindən çıxarılan tarixi əşyalarını üzə çıxarıb və təqdim edir. Təqdimat Versus.Az-ın əməkdaşı Cəsarət Pənahəliyevin təqdimatında.

Onlar Bakının Azərbaycanın başqa şəhərləri və qonşu ölkələrlə geniş ticarət əlaqələri olduğunu təsdiq edir.

XI-XIII əsrlərə aid təbəqələrdə təsərrüfat və su quyuları, təndirlər, ocaqlar və s. aşkar edilib. Tapıntıların əksəriyyəti keramika məmulatlarından, fayans, metal, şüşə əşyalardan və mis sikkələrdən ibarət idi. Gil məmulatlar küplər, qulplu səhənglər, boşqablar, kasalar, çıraqlar və müxtəlif tipli qazanlarla təmsil olunmuşdur. Sarı gildən qabarıq basma nəbati və həndəsi naxışlı qablar xüsusilə seçilir. XI-XIII əsrlərə məxsus şirli qablar polixrom olub, oyma naxışlarla bəzədilmişdi. Şirli kasaların bəzilərinin dibində dulusçu ustanın qabarıq möhürü olub. Tapılmış mis, dəmir, bürünc və şüşə məmulatları orta əsrlər Bakısında metal emalı, şüşəüfürmə, zərgərlik və digər sənətlərin inkişaf etdiyini göstərir. Şirvanşahlara, Eldəgizlərə və Cəlairilərə məxsus mis sikkələrin tapılması Bakının Azərbaycanın digər şəhərləri və qonşu ölkələrlə geniş ticarət əlaqələri saxladığını təsdiq edir.

Arxeoloji tədqiqatlar göstərir ki, köhnə Bakının sənətkarlıq emalatxanalarının əksəriyyəti burada olub. Şəhərin bu hissəsində tikili qalıqlarına az təsadüf edilir. Keramika tapıntıları alt təbəqənin IX-X əsrlərə aidliyini göstərir. Şirli qablar (adi bardaqlar və çömçələr) anqob və manqanla işlənmişdi. Alt təbəqədə həmçinin, çoxlu miqdarda şüşə qablar – nazik divarlı rəngli kiçik qab qırıqları, qara və yaşıl qolbaqlar, müxtəlif formalı muncuqlar aşkar edilmişdi. Metal məişət əşyaları və sikkələr tapılmışdı.

Aparılmış qazıntılar nəticəsində VIII-XI əsrlərdə İçərişəhər ərazisində böyük əhali sıxlığı olduğu, Bakıdan sənətkarlığın və ticarətin inkişaf etdiyi sübuta yetirilmişdi.
Evlərin bir-birinə sıxlığı və tapıntıların çoxluğu şəhərdə qızğın həyat getdiyini göstərir.

Kompleksin qorunmasında dövlətin rolu

Versus.Az-ın əməkdaşı Yelmar Nəbiyev İçərişəhərin tarixinə rəqəmlərlə baxış edib:

1952-1957-ci illərdə İçərişəhərin qala divarları bərpa edilib. 1977-ci ildə İçərişəhərə tarix-memarlıq qoruğu statusu verilib, 1985-ci ildə isə o, Dövlət Tarix-Memarlıq Qoruğu elan edilib. 17 fevral 2003-cü ildə Prezident Heydər Əliyev “Bakı şəhərində İçərişəhər Tarix-Memarlıq Qoruğunun mühafizəsi və bərpası ilə bağlı bəzi tədbirlər haqqında” sərəncam imzalayıb. Sərəncamdan sonra burada tikinti işləri dayandırılıb və şəhərin tarixi simasının qorunması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilməyə başlanıb.

10 fevral 2005-ci ildə Prezident İlham Əliyev İçəri Şəhər Tarix-Memarlıq Qoruğunun mühafizəsi, bərpası və orada arxeoloji işlərin aparılması məsələləri də müvafiq normativ hüquqi aktların və Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin tələblərinə uyğun şəkildə həll edilir. Mövcud qanunvericiliyə görə, Qoruğun ərazisində yerləşən elmi, tarixi və ya mədəni əhəmiyyətli bütün abidələr dövlət tərəfindən qorunur, onların dağıdılması, köçürülməsi və dəyişdirilməsi qadağan olunur. Hazırda İçərişəhərin qorunması, tədqiqi və təbliği ilə Qoruq İdarəsi məşğul olur.

İçərişəhərdə maraqlı, sakit və əzəməti ilə diqqəti çəkən tarixi fraqmentləri, mədəniyyət və incəsənət nümunələri ilə rastlaşırıq. Qalanın əsas meydanında – Qız Qalasından üzü yuxarı küçəsi müxtəlif çeşnili xalçalar, rəsm və incəsənət əsərləri bəzəyir. Onu da qeyd edək ki, kompleksdə işlənən xalça rəsm, incəsənət əşyalarından istifadə olunur ki, bu beynəlxalq aləmdə Azərbaycanın tanınma nişanlarından birinə çevrilib.

İçərişəhərin təsvirləri tarix boyu ərazidə mövcud olmuş dövlətlərin sikkələrində daim təsvir olunub. Kompleksə daxil olan Qız qalası 1991-ci ildə Azərbaycan Respublikasının dövlət müstəqilliyi bərpa edildikdən sonra onun ilk kağız pullarının üzərində öz əksini tapıb.

İçərişəhər Bakının gözü, varlığıdır. Qala divarları xüsusi əzəməti, qüdrəti ilə diqqəti çəkir. Divarlar keçmişlə indiki aləm arasına sədd çəkir. İçərişəhərə məxsus hər bir kiçik daş parçası belə, onun xarakteri, əhvalı, havası ilə həmahəngləşır, eyni zamanda tarixi vərəq-vərəq səhifələyir. İçərişəhər istiqamətindən Qalaya daxil olanda hər kəs əvvəlcə enli, sonra isə getdikcə daralan yollar, dördkünc evləri kiçik və yığcam göstərən ensiz pəncərələr, möhtəşəm qala divarlarında açılan oyuqlar, Xəzərə göz olmaq üçün ucaldılan Qız qalası ilə rastlaşır. Dar dalanlarla hərəkət etdikcə, qocaman evlərdə kiçik pəncərə diqqəti çəkir. Araşdırmaçılar bu pəncərələrin mahiyyətini əhalinin istidən və soyuqdan qorumaq üçün olması ilə əlaqələndirir.

Varlılar şəhərin yuxarı başında, Şirvanşahlar sarayının ətrafında cəm olurmuş. Aşağı başla müqayisədə ora əlçatmaz sayılırmış. Dənizətrafı məhəllələrsə kasıblara məxsus məskunlaşma yeri imiş.

İçərişəhərin min illik tarixinin qəribə, insanı sakitləşdirən, düşündürən bir enerjisi var. Sanki qala divarlarında hörülən tarixin ruhu danışır bu şəhərdə. Hər daş, divar, döşəmə “məndə hələ açılmamış çox sirlərim var” deyir. Maddi-mədəni nümunələr susaraq danışır. İstər-istəməz susursan və sanki eşidirsən danışan daşları… küçədə məktəb məscidi, mədrəsələr, cami məscidi, karvansaralar.
Məhşur “Tut ağacı” meydanına daxil olduq. 80-ci illərdə tut ağacını xəzri küləyi kökündən qırır. Sakinlərdən biri onun yerində bir tut ağacı əkir. İndiki ikinci “Tut ağacı” meydanı beləcə yaranır.
Keçmiş Tverskaya (indiki Mirzə Mansur küçəsi) küçəsinin üzərində Məhmət məscidi minarəsi ucalıb. Bu küçə təxminən 3 metr yuxarı qalxıb. Bəzi yerlərdə birinci mərtəbə zirzəmi olub. Bu mədəni lay adlanır.
“Tarixən isə qala divarlarının uzunluğu 1500 metr olub. 70 yarımbürc, 600-ə yaxın mazğal olub. Bu gün isə divarlardan 500 metrə qədər hissə mövcuddur. 25 yarımbürc qalıb ki, onlar da bərpa olunub”.

İçərişəhərə dair yazılı mənbələrdə qala divarlarının 3 hissədən ibarət olduğu bildirilir. Hər 3 divar sədd rolunu oynayıb və düşməndən qorunmaq üçün güclü vasitə sayılıb. Mənbələrdə göstərildyi kimi, divarlar bir-birinə paralel şəkildə tikilib və onları əhatə edən məsafə 25 metrə çatıb.

Qala divarları boyu düzülmüş oyuqlar diqqət çəkir. Tarixçi deyir ki, oyuqların arasında axan yanacaq düşməni qorxudarmış.

“12-ci əsrdə qala divarlarının ucaldılmasına Şah Axsitan qərar verir. Şəhərin içərilərinə doğru uzanan 2-ci, 3-cü divarlar sökülür və o daşların hesabına İçərişəhəri əhatə etmiş qala divarları 8-12 metr hündürlüyə qaldırılır”.

“…O şəhərdən çıxanda da salam söylə – Ruhların xatirinə!”

Versus.Az-ın köşə yazarı, İgid Teymurlu İşərişəhər haqqında danışmaq istəmədi. Xeyli gileyləri oldu və İçərişəhərdə görmək istəmədiklərindən yazdı…

İçərişəhərdən axı mən nə yazmalıyam, ay gözəl insan. Qopardımmı yaramın qaysağını!? İsladımmı göz yaşımla yanağımı!? Qəlbimin dərinliyində bir qəbiristanlıq var: ayıldımmı o qəbiristanlıqda yatanları!? Mən bunları edə bilmərəm – çünki əhli-qüburun lənətinə dözəcək təhəmmülüm yoxdur mənim…

Yazımmı xarabazara çevrilən İçərişəhərdəki inildəyən Ruhlardan!?… Yazımmı İçərişəhərdə hərraca çıxarılan mənəviyyatımızdan!? Yazımmı İçərişəhərdə üzərinə tüpürdüyümüz tariximizdən!? Yazımmı İçərişəhərdə erməniyə satılan torpaqlarımızın adını əbədiləşdirən kafe, barlardakı əxlaqsız oyunlardan!? Yazımmı İçərişəhərdəki küçələrdə sərgilənən xalçalarımıza vurulan yanlış naxışlardan!? Yazımmı İçərişəhərdəki dini sektaların nəzarəti altında olan ibadət evlərinin casus şəbəkəsinə çevrilməyindən!? Yazımmı İçərişəhərdəki para hesabına zorlanan mənəviyyatımızdan!? Yazımmı İçərişəhərin qala divarlarını Xocalı soyqırımını tanımayan avropalı turistlər üçün kef məclisləri düzənləmək üçün otel yapmağın özəlliyindən!? Yazımmı İçərişəhərin tarixini yerə gömməklə Allaha doğru ucaldılan “sovrimenni” binaların kimə məxsusluğundan!? Yazımmı İçərişəhərin qoruq statusuna xəyanət edənlərin çirkin əməllərindən!? Yazımmı İçərişəhər kimi tarixi qoruqlarda heç bir beynəlxalq təşkilatların, QHT-lərin, şirkətlərin, səfirliklərin, konsulluqların yerləşdirilməməsinin gerçək həqiqətlərindən!? Yazımmı İçərişəhəri karvansaraya çevirən lojaların fəaliyyətindən!?
…Yazmıram, yazmıram. Çünki sadalanan və sadlanmayan bu zadlar bir bəladır ki, biz də bu bəlanın girdabında can cürütməkdəyik. Cismimiz zorən düçar olduğumuz DƏRDLƏRİMİZ ünü bir qəbiristanlığa çevrilib. Biz hər birimiz özümüz boyda qəbiristanlığıq. Elə İçərişəhəri də qəbiristanlığa çeviriblər.
O şəhərə girəndə də, o şəhərdən çıxanda da salam söylə – Ruhların xatirinə! Çırtma çalıb bizi oynadanlar da anlamalıdırlar ki, onlar İçərişəhəri məhv edə bilməyiblər – indi hər bir Azərbaycan övladının qəlbində bir İçərişəhər var: qəlblərdə yaşayan İçərişəhər… Və görən ölülər analyırmı ki, biz onları necə də yad edirik…

“Yanlış mülahizələr”

Şirvanşahlar sarayının qarşısında sağ tərəfdə bağça var ki, ora konservasiya yeridir. Yəni oradan nümunələr muzeyə aparılıb. Onun altında 8 metr dərinliyində evlər, küçələr mövcuddur. Şirvanşahlar sarayı haqqında son zamanlar yanlış mülahizələr söylənilir. Bəzən buranı saray kimi yox, Şeyx Seyid Bakuvinin xanəgahı kimi təqdim edirlər.

Bunun isə heç bir tarixi əsası yoxdur. Yalnız Bakıxanova istinadən deyirlər ki, “Seyid Yəhya Bakuvinin Bakıda xanəgahı olub. Amma yeri göstərilmir”, – deyə tarixçi bildirir.
Qeyd edək ki, İçərişəhərin öyrənilməsində alim Sara Aşurbəylinin xidmətləri əvəzsizdir. Onun Şirvanşahlar dövləti haqqında yazdığı monoqrafiya, Bakı tarixinə aid digər əsərləri İçərişəhər tarixinin öyrənilməsində mühüm mənbə olub.

Taix elmləri doktoru Məşədixanım Aşurbəyli İçərişəhərə məxsus olan yazılı nümunələrin oxunmasında əvəzsiz xidməti olan insandır. Yazılı kitabələrə qədim şəhərin bir çox yerlərində rast gəlinir. Hər bir yazıyla bağlı alimin maraqlı açıqlamaları var. Bunlardan biri Cümə məscidinin həyətində divara vurulmuş daş kitabədir ki, oxunmuş mətni sayəsində əhalinin həyatında önəm daşıyan hadisə haqqında məlumat toplamaq mümkün olur.

Vaxtilə bu şəhərin aşağı və yuxarı məhəllələrində 28 məscid, 28 hamam, həmçinin karvansaralar fəaliyyət göstərib. Orta əsr dövrlərində tikilmiş hamamların quruluşu, istiliyin təmin olunması çox unikaldır. Həmçinin burada yerləşən və bərpa olunan Məhəmməd məscidi dünya tarixində bu günə qədər minarəsi salamat qalmış 4 qədim məsciddən biridir. Məscidin 930 yaşı var. Hicri 471, miladi təqvimlə isə 1078-1079-cu illərdə inşa olunmuş bu məscid indinin özündə də gələn turistləri heyran qoyur. Sovet dövründə İçərişəhərin küçələrinə asvalt örtüyü çəkilir. Lakin sonradan küçələrdəki asvalt qatı çıxarılıb yenidən daş döşənib. Buradakı köhnə məhəllələr orada yaşayan məhşurlara görə tanınır. Hacınskilər, Ramazanovlar, Xanlarovlar, Babayevlər, Səlimxanovlar İçərişəhərdə orta əsrlərdən məskunlaşan nəsillərdəndir. Varlı nəsillər öz gəlirlərini möhtəşəm binalar tikməyə sərf edir.

Həmin binalar bu gün İçərişəhərin gözəlliyini tamamlayır. Ötən əsrin əvvələrinə kimi papaqçılar, şirniyyatçılar, başmaqçılar və s. peşə sahibləri şəhər əhalisinin həyatında önəmli rol oynayıb. Xırda sənətkarlara indi də rast gəlmək olar. Demək olar ki, İçərişəhərə məxsus qədim ənənələr indi də yaşamaqdadır.

Bir şəhərim var nağıllı-əfsanəli…

Əməkdaşımız Ülviyyə İbrahimli İçərişəhərin ruha hüzn gətirən gecələrindən danışacaq:

Deyirlər daşlar tarixin danışan dilidir… O, millətin varlığını, kimliyini özündə hifz edən daş yaddaşın tərcümanı kimi uzaq keçmişin dərinliyində gizlənən tarixi gün işığına çıxarır, həqiqətlərə işıq tutur…

Bir şəhərim var, sirli-soraqlı, nağıllı-əfsanəli… sevincli-kədərli…
Ey gözəl sirdaşım, dərd ortağım, mənim İçərişəhərim… Aç qapılarını, al qoynuna, ovut məni… öyüdlərinlə böyüt məni… Bu həyat yolunda yol göstər mənə… yolumu azmayım, doğru yoldan sapmayım… yaşım neçə olursa-olsun, öyüdünə, nəsihətinə möhtacam, ey tarixlərin şahidi, qədimdən də qədim yurdum mənim…

Yağış yağar, külək əsər… sığınıram ana kimi qoynuna… qoru məni yağışından, soyuğundan… isinim qoynunda bir körpə kimi… laylayınla uyut məni… qayğısız, kədərsiz uşaqlığıma apar məni…

Gecələrini daha çox sevirəm… gecələr daha əsrarəngiz, daha müdrik olursan sanki… Sanki gündüzlər insanların səs-küyü, maşınların aramsız hərəkəti pozur hüzurunu… Gecələr isə… gecələr xatirələr karvanına qoşulub daş yaddaşının dərinliyinə enir, sevincli-kədərli günlərinə səyahətə çıxır, tarixini varaq-varaq çevirir, gah gülür, gah sevinirsən…

Gecələr qəribə bir hüzur çökür küçələrinə… Daha ürəklə dərdləşirəm səninlə… Sakit-sakit, hövsələ ilə dinləyirsən məni… Mən də ürəklənib heç bir şeyi gizləyə bilmirəm səndən… Mehriban Ana kimi dərdimə şərik olur, dilsiz sözlərinlə təsəlli verir, ovudursan məni…
…İstəmədən ayrılıram səndən… Yüngülləşmiş, kədərdən, gərginlikdən arınmış kimi…
…Xeyirli gecələr, mənim gözəl sirdaşım, dərd ortağım, müdrik İçərişəhərim…

Hazırladı:
Versus.Az komandası

Xəbər lenti

APA-nın əməkdaşı prezidentdən kömək istədi - MÜRACİƏT

"Bu müraciətə APA-nın bütün əməkdaşlarını, Mətbuat Şurası başda olmaqla bütün dəyərli media mənsublarını, dəyərli ziyalıları, o cümlədən millət vəkillərinı qoşulmağa çağırıram"

““Yeni” dediyiniz qüvvələr artıq özləri “köhnə”lərə qarmaq atırlar” - MÜSAHİBƏ

ALDP-də yağışdan sonra yaranan vəziyyət müzakirə edilib

Hatayda Yayladağında Azərbaycan küçəsi və Qarabağ parkı açılacaq

Versus.Az Talk TV kollektivini təbrik edir

Məktəblərdə dünyanın 60-a yaxın ölkəsinin qoşulduğu “Sülh göyərçini” tədbiri keçirilib

"Dağlıq Qarabağ münaqişəsi qısa müddətdə həll olunmalıdır"

Cüdo üzrə dünya çempionatının açılış mərasimi keçirilib

Restoranlar barəsində tədbirlər görülməyə başlanıldı

AXCP Oğuz rayon şöbəsinin sədrinə və üzvlərinə təzyiqlər davam edir

Nazir Ramin Quluzadə Qazaxda vətəndaşlarla görüşüb

Beynəlxalq Teatr Festivalı keçiriləcək

Bu, ölkədə əlillik faizinin azaldılması ilə nəticələnə bilər

"Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün..."

Məktəblərdə İLK DƏFƏ

“Mənəvi quruculuq: gümrahlığın texnologiyaları”

İrəli
InvestAZ

Ən çox oxunan xəbərlər

Qənirə Paşayeva Hatay vilayətində türk dünyası gəncliyinə çağırış edib

Ruhən "xəstə" olan insanlara meydan oxuyan xanım

Versus.Az Talk TV kollektivini təbrik edir

““Yeni” dediyiniz qüvvələr artıq özləri “köhnə”lərə qarmaq atırlar” - MÜSAHİBƏ

“Mənim üçün şeir yazmaq Tanrıyla, kağızla ehtiraslanmaqdır”

İlyas İsmayılovun oğlu öldürüldü

Xərçəngin yayılmasının ağlagəlməz səbəbləri

Restoranlar barəsində tədbirlər görülməyə başlanıldı

AXCP Oğuz rayon şöbəsinin sədrinə və üzvlərinə təzyiqlər davam edir

ALDP-də yağışdan sonra yaranan vəziyyət müzakirə edilib

APA-nın əməkdaşı prezidentdən kömək istədi - MÜRACİƏT

"Rəhbər vəzifələrə maraq azalıb"

Qardaş Türkiyənin Şəhid ailələri, Qazilər, Hərbçilər Cəmiyyətləri millət vəkili ilə görüşüb

Dünyanın ən ölümcül infeksiyası

Facebook messencerinin işində problemlər yaranıb