Qarabağ xanlığının qurucusu Pənah xanın nəticəsi haqqında...

11:38 08-06-2019 | icon 35 | Ədəbiyyat
Qarabağ xanlığının qurucusu Pənah xanın nəticəsi haqqında...

Əhməd bəy Cavanşir ilk Peterburq məzunlarımızdandır, xurafatçı ənənələrə meydan oxumuş novatordur, maarifçi, yaradıcı, qurucu və islahatçıdır

Azərbaycan Qadınlarının Siyasi Mədəniyyət Mərkəzi növbəti Qarabağ layihəsini həyata keçirməkdədir. Mövzu 19-cu yüzilin ictimai-siyasi Qarabağı, dövrün siyasi idarəetməsi, ictimai, mülkü münasibətləri, demoqrafik vəziyyəti və qəhrəmanlarıdır. Layihə çərçivəsində hazırlanacaq kitab “Qarabağ tarixindən: Əhməd bəy Cavanşir” adlanır.

 

Versus.Az AzNevs-ə istinadla layihə rəhbəri Mehriban Vəzirlə olan söhbəti təqdim edir.

Layihə nədən bəhs edir?

 

Əvvəlki fəaliyyətlərimizdə olduğu kimi Qarabağ və onun mütərəqqi şəxsiyyətləri haqqında kitab yazırıq. Araşdırma məhsulu olacaq kitab görkəmli maarifçi, Qarabağnamə müəllifi, eləcə də ilk Peterburq hərb məzunlarımızdan olan Əhməb bəy Cavanşirin həyatından, yaradıcılığından və yaşadığı 19-cu yüzilin mürəkkəb ictimai, siyasi, mədəni mühitindən bəhs edir.

 

Qeyd etdiyiniz dövrün siyasətini bilməyin ictimai əhəmiyyəti nə qədərdir? 

18-19-cu yüzil Qafqaz, eləcə də Azərbaycan xanlıq dövlətlərinin işğal tarixi az öyrənilmişdir. Bu günkü Qarabağ probleminin gerçək köklərini özündə ehtiva edən həmin dövr fədakar ictimai xadimlərin itmiş həyat hekayələri ilə dolub daşmaqdadırır. Bir çox hallarda nəsillərə örnək olacaq şəxsiyyətlərin adları unudulur, ictimai şüurda haqq etdiyi yeri almır. Belə unudulmuş şəxsiyyətlərdən biri Əhməd bəy Cavanşirdir.

- Əhməd bəy Cavanşir kimdir? deyəcəm. Bəlkə bu sual xoş olmayacaq, amma bildiyim qədər bu ad ictimai yaddaşda yeri olan bir isim deyil.

- İşin acı tərəfi də budur. Tariximizin təhrifi və qərəzli elmi yanaşma nəticəsində haqq edənlər haqlı yerlərində deyillər. Bu, bizi rahatsız edir. Əsas isə ictimai şüurun normal, təbii inkişafını sarsıdır. Son illər bu dərin fəsadları aradan qaldırmaq üçün ayrı-ayrı fərdlər böyük fədakarlıqlar göstərirlər. Mən də bir tərəfdən bu sürəcə bacardığım dəstəyi verməyə çalışıram. İndi sualınıza cavab verim: El arasında bəzən “Urus Əhməd bəy”, bəzən “Dəli Əhməd bəy” adlanan Əhməd bəy kimdir? 1828-ci ildə doğulub 1903-cü ildə vəfat etmiş Əhməd bəy Cavanşir dövrünün ən mütərəqqi şəxsiyyətlərindən biridir. O, ilk Peterburq məzunlarımızdandır, xurafatçı ənənələrə meydan oxumuş novatordur, maarifçi, yaradıcı, qurucu və islahatçıdır. Əhməd bəy nə cəmiyyətdə, nə idarəetmədə olan haqsızlıqlara boyun əymiş, nümunəvi iradə və yüksək əxlaq sahibi olmuşdur.

- Fəaliyyətlərini saya bilərsinizmi?

- Məmnuniyyətlə. Əhməd bəy Cavanşir “Asari-Əhməd bəy Cavanşir” adlı şeir toplusunun, “Xan sarayı əyanlarından biri olan Molla Pənah haqqında hekayə” əsərinin, “Türk zərb-məsəllər məcmuəsi” adlı rusca-türkcə qarşılıqlı folklor örnəkləri toplusunun, “1747-ci ildən 1805-ci ilə qədər Qarabağ xanlığının siyasi vəziyyətinə dair” adlı ən mötəbər Qarabağnamənin müəllifidir. O, həm tarixçidir, həm folklorşünasdır, şairdir, maarifçidir. Əhməd bəy Cavanşir qadın təhsilinə böyük önəm vermiş və bu sahə üzrə mühüm addımlar atmış aydınlarımızdandır. Baron Veysenhofun 1884-cü ildə nəşr olunmuş “Qafqazda suvarma işləri” kitabında Əhməd bəyin melorasiya sahəsində gördüyü işlər, çəkdirdiyi kəhrizlər, Arazdan bu taya, susuz çöllərə gətirdiyi kanal haqqında məlumat vermişdir. Əhməd bəy dövrünün görkəmli mütəfəkkirləri Mirzə Fətəli Axundov, Həsən bəy Zərdabi, məşhur “Tərcüman” qəzetinin mühərriri, böyük ideoloq İsmayıl bəy Qaspıralı ilə məktublaşmış, yeni əlifbanın tərəfdarı olmuş, 1867-ci ildən başlayaraq Rusiyanın “Vestnik Yevropi” və “Niva” kimi ünlü qəzetlərinə abunə olmuş və həmin qəzetlərlə əməkdaşlıq etmişdir. Eyni zamanda 1852-ci ildən nəşr edilən “Kavkaz” və 1884-cü ildən çıxan “Novoye Obozreniye” qəzetləri ilə əməkdaşlıq etmiş, Azərbaycanda ictimai jurnalistikanın əsasını qoyanlardan biri olmuşdur. Düşünürəm ki, Azərbaycanda jurnalistika təhsili alan hər bir kəs və ya bir media işçisi bu ölkədə ictimai jurnalistikanın əsasını qoymuş şəxslərin adlarını bilməlidir. Bu, ona əsas verir ki, Əhməd bəyin fəaliyyəti öyrənilməli və təhsil sistemində, mətbuat tarixini öyrənən fənnlərdə yer tutmalıdır. Bu, vətəndaşın öz tarixi nümunələrini bilmək üçün zəruri şərtdir. Eləcə də deyim ki, Əhməd bəy tərcüməçi idi, rus, fransız dillərini bilirdi. Jukovskidən, Puşkindən, Lermontovdan tərcümələr etmişdir. Uşaq ədəbiyyatının əsasını qoyanlardan biri olaraq uşaqlar üçün şeirlər yazmışdır. O, həm də messenant idi, 1879-cu ildə “Kavkaz” qəzetindən çıxan yazılardan birində deyilir: Şuşa, Ağdam, Gəncə, Nuxada keçən quraqlıq aclığa səbəb olmuşdur. ...xanqızı Xurşudbanu və mülkədar Əhməd bəy Cavanşir yoxsul ailələrə kömək edir.

- Maraqlıdır. Bəs həyatı barədə ən maraqlı nələri deyə bilərsiniz?

 

- Əhməd bəyin həyatında çox maraqlı məqamlar var. Hətta elə məqamlar ki, bütöv bir cəmiyyətə əxlaq dərsi keçəcək qədər. Onlardan daha geniş yazacağıq kitabda. Amma heç bir bioqrafiyada rast gəlmədiyim bir nümunəni deyim. Əhməd bəy 14 yaşından rus imperatoru İkinci Nikolayın övladlarının biri ilə bir məktəbdə-pansionda təhsil-təlim almışdır. Bu barədə çox maraqlı, heç yerdə nəşr edilməmiş, heç bir qeydiyyata keçməmiş yazılar var. Çar Nikolay daima bu məktəbə gələr və uşaqlarla vaxt keçirərmiş. Biz bu nümunələrə əsaslanıb bioqrafik dastan yaratmaq və dövrün gerçəkliyini əks etdirmək istəyirik. Onu da qeyd edim ki, Əhməd bəy Qarabağ xanədan ailəsinə mənsubdur. Qarabağ xanlığının qurucusu Pənah xanın nəticəsidir. O, Qarabağ hakim aristokratiyasının varis təmsilçisi idi. Bu səbəbdən yerli hakim övladları olaraq çar övladları ilə birlikdə rus hərbi - kadet məktəbində təhsil-təlim alırdı. Bu imperiyanın təhsil siyasəti idi. Bunları bilmək, bu mənzərəni təsəvvür etmək, imperiyanın məqsəd və hədəflərini bilmək çox maraqlıdır. Düşünürəm, Azərbaycan insanı öz tarixini, siyasi tarixi ilə yanaşı, ictimai tarixini, ədəbi və mədəni tarixini də bilməlidir.

Əhməd bəy Cavanşirin 19-cu yüzilə təsadüf edən həyatı ölkəmizin işğal tarixindən, çarizmin qərəzli idarəetməsindən, Qarabağın işğalının köklərini əks etdirən dönəmdən keçir. Qarabağda idarəetmənin ruslar tərəfindən ermənilərə təslim edilməsi, ermənilərin xeyrinə zorakı demoqrafik dəyişikliklər edilməsi sürəcindən keçir. Çox təəssüf ki, həmin dövrün tarixi hadisələri və o hadisələrdə Azərbaycan ziyalısının iştirakı və mövqeyi indiyə kimi yetərincə araşdırılmamış və aydınlaşdırılmamışdır. Dövrün və şəxsiyyətlərin həyat hekayələrinin populyar janrda təqdimatı tarixi gerçəkliklərin aydınlaşdırılması və ictimai mənimsənilməsi prosesi zəif yürüyür.

- Tarixi əhəmiyyətlə yanaşı bu kitabın və Əhməd bəyin həyatının ictimai təqdimatının müasir gün üçün hansı əhəmiyyətlərini saya bilərsiniz?

- Azərbaycan dövləti böyük bir ədalətsizliyə uğramışdır, hazırda ölkəmizin ayrılmaz parçası olan Qarabağ işğal altındadır. Bu işğalın fəsadlarını aradan qaldırmaq və ərazi bütövlüyünü bərpa etmək üçün uzun illərdir müxtəlif istiqamətlər üzrə fəaliyyətlər aparılır. Fərdi, qeyri-fərdi kimin gücü nəyə çatırsa, etməyə çalışır. O fəaliyyətlərin biri də müasir və müstəqil yanaşmalı tarix araşdırılmalarının aparılması, qaranlıqlara gömülmüş tariximizin gerçək faktlar əsasında öyrənilməsi və həmin özül üzərində mühüm hadisələrin hekayələşdirilməsi, tarixi kimlik yaddaşının bərpa olunmasıdır. Bütün mədəni xalqlar öz tarixlərini həm də hekayələşdirirlər. Tarixin hekayələşməsi ictimai şüura, kimlik şüuruna daha rahat yansıyır. Bu inkişaf etmiş ölkələrin mədəni siyasətidir. Tarixi şəxsiyyətlər yaradır və tarix bu təkanverici şəxsiyyətlə vasitəsi ilə öyrənilir, sevilir, özününküləşdirilir. Düşünürəm, bu iş çox vacibdir. Öz tarixini bilmək mədəni bir göstəricidir.

- Məqsədiniz aydın olur...

- Bəli. Məqsəd önəmli ictimai xidmət göstərmiş, tarixşünaslığa Qarabağnamə kimi mötəbər bir mənbə bəxş etmiş, ömrünü maarifçiliyə, quruculuğa həsr etmiş, güclü bir zümrəni qarşısına alaraq xurafata qarşı açıq mübarizə aparmış, lakin unudulmuş, indiyə qədər öyrənilməmiş mütərəqqi bir şəxsiyyətin - Əhməd bəy Cavanşirin həyat hekayəsini ictimaiyyətə təqdim etməkdir. Eləcə də 19-cu yüzil Qarabağ ictimai, siyasi, mədəni mühitinin gerçəklərini, bu günkü Qarabağ probleminin köklərini gündəmə gətirməkdir.

Ömrünü ictimai xidmətdə keçirən bir ziyalının ağır və mübariz həyatını dəyərləndirmək, öyrənməkdir, təqdim etməkdir. Eləcə də 19-cu yüzilin ağır siyasi və ictimai mühiti, işğal altına düşmüş əhalinin təpkisi, ermənilərə üstünlük verən idarəetmənin yerli türklərə qərəzi, sürgünlər, həbslər, köçlər və heç bir dönəmdə səngiməyən milli müqavimət diqqətə çəkiləcəkdir. Bu işi görmək çoxdankı arzumuz idi. QHT Şurasından dəstək almağımız bizi çox sevindirdi. Layihənin icraata başlamasından aylar əvvəl, yəni fevral ayından artıq fondlarda çalışırıq. AMEA Füzuli adına Əlyazmalar İnstitutunda və Milli Arxiv İdarəsi ilə təşkilatımız davamlı əməkdaşlıq edir. Bunu da qeyd edim ki, fondlarda Əhməd bəy Cavanşirin, eləcə də böyük və ictimai əhəmiyyətli əlyazma külliyatına sahib olan Həmidə xanım Cavanşirin ayrıca fondları olmaması işimizi çətinləşdirir. Başqa fondlardan zərrə-zərrə toplamaq zorunda qalırıq faktları. Əlbəttə, bu da ayrıca bir mövzudur.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

İsmayıllının Basqal kəndində uyuyan ŞƏHİD

İki hərəkat arasında ilkin razılıq əldə edilib

Elmi adların və dərəcələrin verilməsi prosedurları sadələşdirildi

AVMVİB-in təsis etdiyi qəhrəmanlıq medalı Şəhidin anasına təqdim edildi

Deputat türk dünyası şairləri, yazar və aydınlarına çağırış edib

Tovuzda “Açıq Əyləncəvi Futbol Məktəbləri” layihəsinin tədbiri keçirilib

AVMVİB və 713-cü batalyonun döyüşçüləri Qurtuluş Günündə

Qənirə Paşayeva Milli Qurtuluş günü ilə bağlı geniş məruzə edib

"Müharibə qaçılmaz olarsa..."

Bakı Beynəlxalq Qadınlar Klubunun 25 illik yubileyi keçirilib

Azərbaycana qızıl hərflərlə yazılan tarix- 15 iyun

 

"Vətənə oğul olanlar" - FİLM

Aprel şəhidinin xatirəsinə həsr olunan sənədli film - TƏQDİMAT

Avronun üzərinə Rəsulzadənin şəkli vuruldu

“Şəhid ailələrindən şəxsi mənafeyi üçün istifadə edənlər var”