“Bu, heç bir Azərbaycan insanının mövqeyini dəyişə bilməz” - MÜSAHİBƏ

15:38 08-06-2019 | icon 28 | Siyasət
“Bu, heç bir Azərbaycan insanının mövqeyini dəyişə bilməz” - MÜSAHİBƏ

Fəzail İbrahimli: “Azərbaycan çoxdan ya “biz”lə, ya da sözlə öz problemini həll etmişdi”

 

Versus.Az "üç nöqtə"yə istinadla millət vəkili Fəzail İbrahimlinin müsahibəsini təqdim edir.

 

Bu gün Azərbaycan torpaqlarının erməni terrorçu qruplaşmaları tərəfindən işğalı prosesi davam edir. Beynəlxalq ictimaiyyətin məsələyə loyal yanaşması və ədalətli mövqe sərgiləməkdən yayınması təbii olaraq ölkə ictimaiyyəti tərəfindən birmənalı qarşılanmır. Görünən odur ki, münaqişənin həlli missiyasını üzərinə götürən ATƏT-in Minsk Qrupu təmsilçiləri ikilistandartlı yanaşmalarından əl çəkmir, işğalçını öz adı ilə çağırmır, erməni quldurlarının torpağımızda daha da azğınlaşmasına rəvac verirlər. Son erməni terrorçularının snayperlə Azərbaycan mayaronu qətlə yetirməsi və məsələnin beynəlxalq qurumlar tərəfindən sakitliklə qarşılanması həmsədrlərin hədəflərini şübhə altına alır.

 

Qarabağ ətrafında cərəyan edən bu və ya digər məsələlərə millət vəkili Fəzail İbrahimli ilə söhbətdə bir daha toxunacağıq.

 

“Minsk qrupu Ermənistana deyir ki…”

 

- Fəzail müəllim, sizcə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqların uzadılması və beynəlxalq təşkilatların Azərbaycana qarşı sərgilədiyi məlum mövqenin arxasında hansı məqsədlər dayanır. 30 ildir davam edən münaqişə ilə bağlı Minsk Qrupunun fəaliyyətində hər hansı dəyişiklik etməsi müşahidə olunurmu və Qarabağla bağlı vəziyyət hansı istiqamətdə dəyişir?

 

- Dağlıq Qarabağla bağlı vəziyyət heç cür dəyişə bilməz. Çünki görünən odur ki, Qarabağ məsələsinin həllini yalnız Azərbaycan istəyir. Minsk Qrupunun təmsil etdiyi ölkələrin heç biri Qarabağın həllini istəmir. Çünki qurumu təmsil edən dövlətlər - Rusiya, Amerika, Fransa üçün Qarabağ regiona daxilolma vasitədir. Məsələn, Fransa üçün Dağlıq Qarabağ məsələsi sadəcə olaraq beynəlxalq aləmdə bir nüfuz məsələsi kimi ortaya qoyulub. Amerikanın Qafqaz siyasəti var və ermənilər nə qədər seçki problemləri yaratsa da, qətillər törətsə də, Ermənistan Amerika departamenti tərəfindən hədəfə alınmır. Çünki, bunlar üçün Qafqaz siyasəti daha önəmlidir. Bunlar demokratiya adı altında regionda öz ideologiyalarını yerinə yetirirlər. Rusiyaya gəldikdə isə, Ermənistan onun forpostudur. Bu da o deməkdir ki, bu ölkə onun dayanacağıdır, doğmasıdır, Rusiyanın regionda öz mövqeyini möhkəmləndirdiyi bir məkandır. Sizcə bu ölkələrdən hansı Ermənistana təzyiq edib, onu Dağlıq Qarabağdan çıxarmağa məçbur edə bilər? Bu hansı sevgidən yarana bilər. Əgər bu sevgi yoxdursa, deməli, heç bir dövlət “Ermənistan, sənə təzyiq edərik, işğal etdiyin Azərbaycan torpaqlarından çıx!”- deməyəcək. İkincisi, Ermənistanın buna məcbur edilməsi üçün mütləq təcavüzkar bir dövlət kimi tanınmalı, ona qarşı sanksiyalar tətbiq olunmalı və bəyan edilməlidir ki, sən özgə torpağını işğal etmisən, 1 milyondan çox insanın hüququnu pozmusan, II Dünya Müharibəsindən sonrakı xəritələri tapdalamısan və sair... Bu məsələ ətrafında düşünən hər kəs özünə sual verməlidir: Ermənistan Rusiya, Amerika, Fransa tərəfindən təcavüzkar dövlət kimi tanınırmı? Tanınmayıbsa, necə ola bilər ki, ona “sən işğal etdiyin torpaqları azad et, çıx”-desin. Ona görə tanımırlar ki, burda Qafqaz siyasəti var. Minsk qrupu Ermənistana sadəcə deyir ki, “sözlərini yazın, musiqisini də bəstələyin, oxuyun, biz də gələk oynayaq”. Digər tərəfdən onların regionda oynamasına heç ehtiyac yoxdur. Əgər onlar bu iki dövləti baş-başa buraxsaydılar, Azərbaycan çoxdan ya “biz”lə, ya da sözlə öz problemini həll etmişdi. Deyir, “arxalı köpək qurd basar”, yəni Ermənistan o qüvvələrə arxayındır. İkinci bir məqam odur ki, saydığım ölkələrin hamısı xristian dünyasını təmsil edir. Bunlar Azərbaycanı hansı maraqlardan müdafiə edəcəklər ki. Digər tərəfdən də siz isalam dünyasının üzvü olan İranın məsələyə münasibətinə baxın. Onlar yalnız “sərhədləri tanımaları, ərazi bütövlüyunü tanımaları ilə bağlı mövqe ortaya qoyurlar. Regionda Azərbaycana dəstək olan yeganə dövlət Türkiyədir ki, o da öz münasibətini Ermənistanla sərhədləri bağlamaqla ifadə edir. Düzdür, beynəlxalq aləmin, Avropa Şurasının, BMT-nin işğalla bağlı müəyyən qərarları var. Amma söhbət ondan gedir ki, Avropa Şurasının qərarlarının icrasının mexanizmi yoxdur. Əgər mexanizm yoxdursa, nə qədər qərarlar qəbul etsən də heç bir xeyri olmayacaq. Biz BMT-nin məlum qərarlarını əlimizdə dəstəvuz eləmişik. Amma BMT-nin qərarlarında bu torpağın yalnız erməni hərbi silahlı qüvvələri tərəfindən işğalı məsələsi qoyulub. Bu hərbi qüvvələr kimindir, o sənəddə göstərilməyib. Amma bu qərar bizim əlimizdə olan tutarlı sənəddir və erməni silahlı qüvvələrinin də məhz Ermənistan tərəfindən idarə olunması məsələnin məntiqi əsasıdır. Səddam Hüseyn Kuveyti işğal edəndə bir həftədən sonra BMT-nin qərarı ilə onu vurub sıradan çıxardılar. Məsələn, Səudiyyə Ərəbistnı Konstitusiyalı Monarxiya üsulu, orta əsr qaydaları ilə idarə olunsa da, ona heç bir əks reaksiya verilmir. Amma Suriya, İraqdan “demokratiya” tələb olunur. Çünki Səudiyyə Ərəbistanı 1942-ci ildən Amerikanın vassaldır. Oranın nefti Amerikanın cibinə axır. Yaxın Şərqdə yeridilən siyasət Səudiyyə Ərəbistanı vasitəsi ilə həyata keçirilir. Ona görə də burda məsələ kimin idarə etməsi, demokratiyanın olub-olmaması deyil, beynəlxalq güclər “sən mənimləsənsə, demokratsan, mənimlə deyilsənsə demokrat deyilsən, diktatorsan”, ideysı ilə işləyir. Dünyada beynəlxalq siyasətdə ədalətlilik prinsipi işləmir. Beynəlxalq hüquq, beynəlxalq gücün vassallına çevrilib, ətəyində gedir. Beynəlxalq hüquq işləmirsə, Qarabağ məsələsi hansı beynəlxalq hüquq müstəvisində həll oluna bilər? Qarabağ məsələsi Azərbaycan ordusunun gücü ilə həll olunmalıdır və Azərbaycanda o güc var. Aprel hadisələri göstərdi ki, Azərbaycan istədiyi məqamda məsələni həll edə bilər. Amma Ermənistanın ağalarına qarşı vuruşmaq problemi var. Bu işğalı törədib, bu torpağı Ermənistana verənlərə qarşı dayana bilməliyik. Haqq bizim tərəfimizdədir, əhalimizin sayı çoxdur, biz işğalçı deyilik, müasir hərbi qüvvəmiz var, Emənistanla döyüşdə qələbə çala bilərik. “O zaman o torpaqları niyə ala bilmirik” sualının cavabı Dağlıq Qarabağın fəlsəfəsini açır. Üç qüvvə - Amerika, Avropa, Rusiya buna imkan vermir. İkinci bir atalar misalı: deyir, bağa yolunu yeriyə bilmir, dayısı oğlunu da kürəyinə alır. Amerika ilə Rusiyanın özünün qarşıdurması, dünyada bir iqtisadi böhran törədib. Dünyada səksəkə yaşadan bu iki dövlət burda Dağlıq Qarabağ məsələsini necə həll edəcək. Bu hansı məntiqə sığır?

 

- Çox gözəl şəkildə beynəlxalq aləmin region, Dağlıq Qarabağla bağlı mövqeyini ortaya qoydunuz. O zaman Azərbaycan öz torpaqlarını işğaldan azad etmək üçün hansı addımları atmalıdır?

 

- Azərbaycan 1994-cü ildə atəşkəs rejimini elan edəndə onun hərbi qüvvəsi yox idi, pərakəndə vəziyyət, daxildə qarşıdurma hökm sürürdü. Ölkədə ayrı-ayrı qoçu dəstələri “ördək, balıq və xərçəng” psixologiyası ilə gərgin mənəvi-siyasi bir proses yaratmışdılar. Bu da Dağlıq Qarabağın işğalına rəvac verən səbəblərdən biri idi. Bu gün bu səbəblər aradan götürülüb. Azərbaycanın hərbisi güclənib, müasir silahlarımız, intizamlı ordumuz var və aprel hadisələri bir daha göstərdi ki, vətən, millət qeyrəti olan Azərbaycan xalqı öz torpaqlarını istənilən vaxt azad etməyə hazırdır. Aprel döyüşlərində vətən qeyrəti ruhu yaşadı, qoca, cavan, hamı döyüşmək istədi, siyasi mövqelər dayandırıldı, siyasi partiyalar çox rəğbətlə hərəkət etdilər. Məndə bu hiss yarandı ki, Azərbaycanda hər bir insanın torpağını azad etmək istəyi, ruhu və qeyrəti var. Amma sual ortaya çıxır: sən əslində kimə qarşı vuruşmalısan. Ermənstan dövləti, onun siyasəti yoxdur, müstəqil addım atmaq iqtidarı yoxdur. Ermənsitan özəlləşmiş bir yerdir və biz onun ağaları ilə vuruşmalıyıq. Bunun üçün isə hazırlaşmaq lazımdır…

 

“Heç vaxt dövlət başçısı, xalq bu güzəştli barışığa getməyəcək”

 

- Məsələ burasındadır ki, Azərbaycanda Qarabağla bağlı mövcud gərginlik qaldığı halda, həmin o beynəlxalq təşkilatlar, dövlətlər Azərbaycanın sülh danışıqlarına hazırlamaq ideyasının üzərində israrla dayanır və “xalq diplomatiyasını” inkişaf etdirmək istəyirlər. Buna hansı reaksialar verilməlidir?

 

- Bir məsələni xatırlatmaq istərdim. Deməli, Avropa Şurasının hər sessiyasında çıxış üçün bir dövlət başçısı dəvət olunur. Mən orda Sarkisyanın və digər dövlətlərin prezidentlərinin çıxışlarına qulaq asmışam. Növbəti çıxış Azərbaycan Prezidentinin idi. Onun çıxışından sonra orda sual yarandı və cənab Prezident o sualla bağlı belə bir ifadə işlətdi: “Burda oturanların ola bilər ki, əksəriyyəti bilmir, amma Ermənistandan olan nümayəndə heyəti çox yaxşı bilir ki, onların oturduğu paytaxt, ölkə Azərbaycan torpağıdır. İrəvanı siz zəbt etdiniz, ikinci bir İrəvan dövlətinin Azərbaycan ərazisində yaranmasına icazə verməyəcəyik. Qoy dünya bilsin, qoy Avropa Şurası bilsin, Avropadan olan deputatlar bunu bilsinlər!...” Bu ifadə hansısa jurnalistin, deputatın çıxışı deyildi, bu, dövlət başçısının bəyanat xarakterli fikri idi. Azərbaycan heç bir güzəştlə barışmayacaq. İndi bizi hazırlaşdırırlar ki, Dağlıq Qarabağı verək?.. Heç vaxt dövlət başçısı, xalq bu güzəştli barışığa getməyəcək. Amma Azərbaycanın Dağlıq Qarabağ hissəsində yaşayan ermənilərə muxtariyyat verilə bilər. Bundan başqa hansısa bir güzəştin edilməsi nəzərdə tutulmur.

 

- Sizcə, Dağlıq Qarabağ ətrafında aparılan danışıqlar və yaranan sülh platformaları, bu cür “sülh” müzakirələri insanları psixoloji olaraq hansı duruma hazırlayır?

 

- Aprel döyüşlərinə qədər bu cür suallar və bu cür cavablar ola bilərdi. Aprel döyüşləri iki məsələni alt-üst etdi. Aprel döyüşlərindən sonra Ermənistanda cərəyanlar baş verdi. Xalqa məlum oldu ki, Ermənistan rəhbərliyi Qarabağda qan töküb, Qarabağ kartı üzərindən hakimiyyətə gəlib və bu millətin taleyinə qılınc kimi sancılıblar. Bu qılıncı çıxarıb onun yerinə başqasını qoydular. Və bununla da “Dağlıq Qarabağı azad etmişik, bura bizim əzəli və əbədi torpağımızdır” şüarı ilə ora köçmək istəyən ermənilərin arzusuna son qoyuldu. Bu, Ermənistandan kütləvi surətdə köçməni artırdı, Ermənistan siyasi hakimiyyətini laxlatdı. Təkcə Mübariz İbrahimovun hərəkəti Ermənistana çox böyük mesaj olub. Yəni istənilən Azərbaycan vətəndaşı vətən uğrunda qanını töküb canını qurban verməyə hazırdır. Ona görə də bu “barışıq”, “mənəvi-psixoloji” təsirlər heç bir Azərbaycan insanının mövqeyini dəyişə bilməz. Bu, Azərbaycan xalqının birliyinə rəvac verən yeganə məsələdir. Torpaq qeyrətdir, torpaq namusdur.

 

- Məlumdur ki, son vaxtlar, ermənilər Qarabağda sanatoriyalar, bağçalar, məktəblər tikdirirlər. Sizcə Qarabağın bu formada erməniləşdirilməsi prosesi hara aparır?

 

- Ermənilər Kəlbəcərdə qızıl yataqlarından da istifadə edirlər. Təkcə bu deyil, işğal altında olan maddi-mənəvi səvətlərimiz istismar olunur. Bu, ermənilərin yaşaması üçün görülən tədbirlərdir və siyasi xarakterli məsələ deyil. Bunlar ayrı-aryı dövlətlərlə, xüsusən öz ağalarından istifadə edib müəyyən bu cür addımları atırlar. Bu o demək deyil ki, orda hər hansı məktəb tikilibsə, gəlib orda təhsil alıb inkişaf edəcəklər. 5-6 ilə tikilən binalar, bir neçə dəqiqəyə dağıdıla bilər. Bunun zamana ehtiyacı var.

 

T.Qafarlı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

İsmayıllının Basqal kəndində uyuyan ŞƏHİD

İki hərəkat arasında ilkin razılıq əldə edilib

Elmi adların və dərəcələrin verilməsi prosedurları sadələşdirildi

AVMVİB-in təsis etdiyi qəhrəmanlıq medalı Şəhidin anasına təqdim edildi

Deputat türk dünyası şairləri, yazar və aydınlarına çağırış edib

AVMVİB və 713-cü batalyonun döyüşçüləri Qurtuluş Günündə

Tovuzda “Açıq Əyləncəvi Futbol Məktəbləri” layihəsinin tədbiri keçirilib

Qənirə Paşayeva Milli Qurtuluş günü ilə bağlı geniş məruzə edib

"Müharibə qaçılmaz olarsa..."

Bakı Beynəlxalq Qadınlar Klubunun 25 illik yubileyi keçirilib

Azərbaycana qızıl hərflərlə yazılan tarix- 15 iyun

 

"Vətənə oğul olanlar" - FİLM

Aprel şəhidinin xatirəsinə həsr olunan sənədli film - TƏQDİMAT

Avronun üzərinə Rəsulzadənin şəkli vuruldu

“Şəhid ailələrindən şəxsi mənafeyi üçün istifadə edənlər var”