Ehsan verilməlidirmi və hansı qaydada? – SORĞU

17:47 28-12-2017 | icon 163 | Sosial
Ehsan verilməlidirmi və hansı qaydada? – SORĞU

Versus.Az EHSANda israfçılığın aradan qaldırılması ilə bağlı təbliğat və maarifləndirmə işinin rayonlarda hansı qaydalara əsasən aparılması ilə bağlı araşdırmasını ictimai sorğu ilə davam etdirib.

  • Ehsan verilməsi ilə bağlı DQDK-nin tövsiyələri rayonlarda necrə icra olunur?
  • Tövsiyənin rayon icra hakimiyyətinin, polisin, mollanın təzyiqi ilə üzləşməsi, cərimələrin tətbiqi nə dərəcədə doğru yanaşmadır?

 “Ehsan şəksiz verilməlidir”

Şair, publisist Cabir Alpoğlu Albantürk bildirib ki, ehsan heç bir şəkk olmadan verilməlidir:

“Qaydasını isə mötəbər islam alimlərinin fətvalarından öyrənmək olar… Tövsiyələrin necə olduğunu dəqiqliklə bilmədiyimdən icra edilməsinin necəliyini də dəqiq bimirəm… Tövsiyə qanun, ya da cinayət məcəlləsi deyil ki, cərimə də tətbiq olunsun.

Amma nəzarət edilməli və izahat işi aparılmalıdır ki, bəlkə vəziyyət tədricən normallaşdı. Nəhayət, ehsan verməyin ümumi qəbul edimiş adət və yeməkləri var: Çay xurma ilə, kəmşirin halva lavaş ilə, aş-plov soyutma ətlə və sair”.

“Ehsanın verilməsinə normal yanaşmaq lazımdır”

Ədalət Partiyasının sədr müavini Mütəllim Rəhimli bildirib ki, ehsan verilməsi bizim müqəddəs dinimizdən irəli gəlir:

“Günahların bağışlanması üçün seçilən addımlardan biri kimi ac qarınların doydurulmasından yaxşı nə ola bilər? Uzun illər bu prosesin davam etməsi getdikcə adət-ənənə şəklini almaqdadır. Ehsan verilməsi işinə hər bir xalq özünün də əlavəsini edərək onu daha da zənginləşdirib. Ehsan rəhmətə gedənin günahlarının bağışlanması üçün verilməsindən başqa, ölü sahiblərinin mənəvi-psixoloji rahatlığı və üzərinə düşən borcun yerinə yetirilməsi kimi də dərk edilməkdədir. Üstəlik, nəzərə alsaq ki, yas yerinə gələnlərin içərisində yeməyə ehtiyacı olanlarla yanaşı uzaqdan gələnlər də olur, o zaman ehsanın verilməsinə normal yanaşmaq lazımdır.

DQDK tövsiyələri bir müddət əvvəl rayonlarda məcburi şəkildə icra etdirilirdi. Hətta yas yerinə polislərin müdaxiləsi hallarına yol verilmişdi. Etiraf etmək lazımdı ki, indi yas yerlərində ehsan həddən artıq yeməklərin verilməsi ilə müşahidə edilir və israfçılığa yol verilir. Ancaq DQDK qərar qəbul edəndə ictimai fikri də nəzərə almalı idi. Birdən-birə ehsanda verilən yeməklərin hamısına qadağa qoyulması kimi anormal bir addımın atılması düzgün sayıla bilməzdi. Niyyət gözəl olsa da, görülən işlər və nəticə buna uyğun gəlmirdi. Ona görə də ehsan verilməsi məsələsinə icra hakimiyyətinin və polisin nəzarəti zəifləyən kimi yenidən əvvələ dönüş oldu. Müşahidələr göstərir ki, bəzi soyuq yeməklər də daxil olmaqla yanaşı, yalnız bir növ isti yeməyin verilməsi ilə bağlı ictimaiyyət arasında da müsbət fikir var. Belə tövsiyə olarsa, ümid edirəm ki, ona əməl edilər.

Ehsan verilməsi məsələsində nəyin doğru, nəyin yalan olduğunu indi təyin etmək çox çətindir. DQDK iddia edə bilər ki, onun qərarı düzgündür, ölü sahibləri isə özlərinin hərəkətlərini doğru hesab edə bilər. Müşahidələrim isə göstərir ki, DQDK-in tövsiyələrinə artıq o qədər də əməl olunmur. Çünki bu tövsiyələr reallığa o qədər də yaxın olmadı.

DQDK dövlət qurumudur və dəfn və ehsanla bağlı aztəminatlı ailələrin qarşılaşdığı problemləri elə onların hesabına həll etməli deyil. Bunun üçün dövlətin imkanlarından yararlanmalı, müvafiq təşəbbüslə çıxış etməlidir. Ancaq indi DQDK-nın fəaliyyətində bunu müşahidə etmirik.

Zənnimcə, ictimai dayağı olmayan ideyalar məhvə məhkumdur və özünü doğrulda bilməz. Məncə DQDK-in qərarı bu qəbildəndir.
Bundan başqa, icra hakimiyyətinin bu məsələlərə cəlb edilməsi və insanların inancları üzərində hökmranlıq göstərməsi düzgün sayıla bilməz.

Cəmiyyətdə hörməti və nüfuz sahibi axundların ehsan məsələsi ilə bağlı dinin hökmlərini və dini həqiqətləri təbliğ etməsinə çox böyük ehtiyac var. İnsanlar onlara inanarlar və göstərdiyi yolla da gedərlər. Lakin bu dünyanın faniliyindən danışaraq, o biri dünyada cənnətin üstünlüklərindən danışan, ancaq əməlləri maddi sərvət toplamaq olan, kasıbın, yetimin haqqını yeyən, eyş-işrət içərisində yaşayan “din xadimləri”nin məsləhətləri isə cəmiyyətdə ikrah doğurur. Bəzi hallarda açıq deyilməsə də onlara qarşı cəmiyyətdə necə bir mənfi münasibət olduğu görsənir.

DQDK-nin reallığı dolğun şəkildə əks etdirməyən qərarının təmin edilməsinə inzibati qurumların cəlb edilməsi yolverilməzdir. Bu, insanların dini inanclarına müdaxilədir və Azərbaycan Respublikasının Konstitusiyası ilə ziddiyyət təşkil edir. Həm də biz artıq sovet rejimində yaşamırıq ki, dini görüşlərə və rituallara qadağa qoyulsun. Üstəlik, bu tövsiyədir, kim istəyər əməl edər, kim istəmirsə etməz.

Mənim düşüncəmə görə, ehsan zamanı verilən yeməklərin sayını və sərhədlərini müəyyənləşdirmək olar, lakin onu tamamilə qadağan etmək mümkün deyil. Düşünürəm ki, bunun üçün ictimai fikrin öyrənilməsi vacibdir. Bundan sonra qəbul ediləcək qərarı cəmiyyətə çatdırmaq və icrasını təmin etmək üçün nüfuzlu elm, ictimai və dini xadimlərin gücündən bəhrələnmək olar.”

“Dünyasını dəyişmiş insana ehsan verilməlidir”

Tədqiqatçı jurnalist, Azərbaycan İnformasiya Mərkzinin rəhbəri və www.azim.az internet portalının baş redaktoru Təbriz Vəfalı bildirib ki, Azərbaycanda uzun illərdir ehsan, məzar yerləri və baş daşları ilə bağlı məsələlər ciddi müzakirə mövzusuna çevrilib. Xüsusilə də varlı, imkanlı şəxslərin təşkil etdikləri hüzr mərasimlərində ən bahalı xörəklərin, meyvələrin, spirtsiz içkilərin, salatların, tərəvəzlərin və digər nemətlərin masaların üzərinə düzülməsi, ən bahalı daşlardan və heykəllərdən məzar daşlarının və baş daşlarının qoyulması tez-tez gündəmə gətirilən məsələlərdir:

“Hətta bəzi varlılar var ki, onlar baş və məzar daşlarının materiallarını, məzarüstü heykəlləri Çində, İtaliyada və digər ölkələrə sifariş edərək düzəltdirirlər. Təii ki, bütün bunlar istər-istəməz kasıb və imkansız insanlara öz mənfi təsirini göstərir. Dünyasını dəyişmiş insana ehsan verilməlidir. Çünki ehsan da, hüzr mərasimi də məclisə gələnlərin, ehsandan yeyənlərin mərhuma öz haqlarını halal etməsi, ona rəhmət oxuması deməkdir. Ona görə də ehsan yeyildikdən sonra məhrumun ruhuna «Fatihə» surəsi oxunur və bundan sonra hər kəs süfrədən qalxır. Ehsanda hansı nemətlərin masaların üzərinə düzülməsi dini baxımdan heç bir əhəmiyyət daşımır. İstəyirsən kabab qoy, istəyirsən şor-pendir. Mən hələ uşaq olarkən rəhmətlik İsgəndər əmim deyirdi ki, insana sağlığında qiymət verməsən, öləndən sonra ona qızıldan heykəl də qoysan, mərhuma faydası olmaz. Doğrudan da əmim haqlı olub. Hüzr məclislərində masaların üzərinə nələrin qoylumasından asılı olmayaraq, əsas məsələ odur ki, son mənzilə yola salınmasından sonra mərhumun ruhuna fatihələr oxunsun, salavatlar çevrilsin, mərhumun ruhu şad olsun. Varlı, imkanlı adamların istər hüzr mərasimi, istər məzar və baş daşları üçün xeyli xərc çəkməsinin mərhuma heç bir faydası yoxdur. Əgər həmin şəxslər bu pulları kasıblara, kimsəsizlərə, yetim-yesirlərə xərcləsələr, onlara maddi yardım göstərsələr, həm özləri Allah nəzərində böyük savab qazanarlar, həm də mərhumun ruhu şad olar».

«Bahalı yas mərasimi üçün borc və kredit götürmək haram və günahdır»

T.Vəfalı vurğulayır ki, varlı şəxslərin hərəkətləri kasıbların qürurlarına çox toxunduğu üçün onlar da normal, bəzən də bahalı məclislər təşkil etmək üçün əlavə xərclərə düşməyə, kredit və ya borc götürməyə məcbur olurlar. Ancaq bunun mərhuma heç bir faydası olmur və əksinə, bu cür hərəkət Allah nəzərində böyük günah sayılır:

«Ehsan halal ruzi deməkdir və onu halal pulla vermək lazımdır. Təbii ki, hüzr məclisini təşkil etmək, çadırı, qab-qaşığı icarəyə götürmək üçün imkanı olmayan kasıblar qaytarılması mümkün olan qədər borc və ya kredit götürə bilərlər. Amma bu o demək deyil ki, götürülən borc və ya kreditlə ən bahalı təamlar, nemətlər hazırlanmalı və masaların üzərinə düzülməlidir. Məsəl var deyirlər ki, hər kəs ayağını yorğanına görə uzatmalıdır. Yəni kasıblar öz daxili imkanlarına görə hərəkət etməlidirlər. Əfəndi adlı ağsaqqal bir kişi var idi. Necə deyərlər, yeyib-içmiş, dünyanı gəzib-dolanmış, öz kefini çəkmiş imkanlı bir adam idi. Oğullarına vəsiyyət etmişdi ki, o öləndən sonra kimsə ağlamasın, məclisə araq, çaxır və digər spirtli içkilər qoyulsun, yəni, rus məclislərindəki kimi. Həqiqətən də Əfəndi kişi öləndə oğulları atalarının vəsiyyətinə əməl etmək istədilər. Amma həm el-oba onları qınadı, həm də molla dedi ki, məclisə araq qoyulsa, çadırı tərk edəcək. Övladlar el qınağından, mollanın xəbərdarlığından çəkinib məclisə araq qoymadılar. Belə insanlar da var. Ona görə də ehsan, hüzr mərasimlərinin, məzar və baş daşlarının təşkilində müqəddəs dini kitabımız olan «Qurani-Kərim»də buyrulanlara əməl edilməlidir. Həmin kitabda buyrulur ki, israfçılıq etmək haram və günahdır».

«Ağsaqqal və ağbirçəklərlə, mollalarla məsləhətləşin»

Baş redaktor deyir ki, DQDK-nin tövsiyyələri məhz kasıbların qürurlarını qorumaq, Azərbaycan cəmiyyətində dini baxımdan sağlamlaşdırılmanı aparmaq, insanları haqq yoluna dəvət etmək, onları Allahın buyurduqlarına əməl etməyə çağırmaq məqsədini güdür. Komitənin tövsiyyələri eyni zamanda ictimaiyyətdə psixoloji gərginliyi aradan qaldırmağa, hüzr mərasimlərinin, məzar və baş daşlarının təşkili üçün israfçılığın qarşısını almağa, vəzifəsindən, kimliyindən və cinsindən asılı olmayaraq hamının din qarşısında bərabər hüquqlara malik olduqlarını izah etməyə xidmət edir: «İstər kasıb ol, istər varlı – hər kəs Allahın quludur. Sadəcə, bu dünyada etdiyi yaxşı və pis işlərə görə mükafatlar və cəzalar Allah tərəfindən o biri dünyada, axirətdə verilir. Əgər kimlərinsə dini baxımdan savadı yoxdursa, təmtəraqlı yas mərasimlərini, bahalı məzar və baş daşlarını təşkil etməklə savab qazandıqlarını düşünənlər varsa, yanılırlar. Çünki həm israfçılığın edilməsi, həm bu qədər xərcin müəyyən hissəsinin kasıb, yetim və imkansız ailələrə verilməməsi, həm də onların bu cür eqoist hərəkətlərinin cəmiyyətə və ictimaiyyətə mənfi təsir göstərməsi kimi hallar ən böyük günahlardır və bunların mərhumun ruhunun şad edilməsinə faydası yoxdur, əksinə, ziyanı var».

Jurnalist qeyd edir ki, Dövlət Komitəsi öz tövsiyələrini bəyan edəndən sonra yerli icra hakimiyyətlərinə və icra nümayəndəliklərinə də bu barədə məlumat verilib. Sadəcə olaraq bəzən anlaşılmazlıq, bəzən də vətəndaşların məlumatsızlığı üzündən ictimai narahatlıqlar yaranır: «Atam Kamal Rəhimli təkcə rayonumuzun deyil, Qarabağ zonasının ən tanınmış Azərbaycan dili və ədəbiyyat müəllimlərindən və pedaqoqlarından biri idi. Üstəlik mənim və 4 qardaşımın ən bahalı hüzr mərasimi təşkil etmək imkanımız var idi. Amma atam rəhmətə gedəndə ağsaqqallarla, ağbirçəklərlə məsləhət etdik. Qərara alındı ki, hüzrün birinci gününün mərasimi üçün bozbaş və dovğa, üçüncü gününün mərasimi üçün isə plov verilsin. Üstəlik 3 və 7 mərasimi birlikdə keçirildi. Necə deyərlər, palaza bürünüb ellə süründük. Məclisi hər kəsin razı qaldığı şəkildə sadə formada yola verdik. Dediyim kimi biz məsləhətli iş gördük. Əgər hər hansı bir rayonda təzyiqin göstərilməsi, cərimənin təşkil olunması və digər hadisələr baş veribsə, bu, anlaşılmazlıq və məlumatsızlıq üzündən baş verə bilər. Bununla bağlı əlimdə fakt olmadığı üçün konkret səbəb barədə danışa bilmərəm. Ancaq tövsiyə edirəm ki, insanlar hüzr mərasimlərini təşkil etməzdən əvvəl ağsaqqal və ağbirçəklərlə, mollalarla məsələhətləşsinlər».

«Ehsanlarımız, yas məclislərimiz nə qədər sadə olsa, bir o qədər mərhumların ruhlarını şad edər»

T.Vəfalı əlavə edib ki, ehsan üçün yeməyin verilməsi və ya verilməməsi qəbahətli sayılmamalıdır. O şahid olub ki, bəzi birinci və üçüncü günün hüzr məclislərində sadəcə xurma, şirniyyat, halva, çay, dovğa, pendir və göyərti verirlər:

«Bunu kiməsə baş qaxıncı etmək ən böyük günahdır. Dediyim kimi, ehsan halal pulla olmalıdır ki, mərasim sahibi əlavə xərcə düşməsin. Əvvəllər mərhumun qohumları, yaxınları və kənd adamları yağ, qənd, çay, 1-2 tay un və sair alar və mərhumun ailəsinə verərdilər. İndi belə şeylərə çox nadir hallarda rast gəlinir. Üstəlik, insanlar yas dəftərlərində yazılan məbləğə görə pul yazılırlar.

Məsələn, kəndimizdə bir qonşum digər həmkəndlimin hüzr mərasiminə getmədi. Dedi ki, rəhmətə gedən onun ərinin hüzr mərasiminə gəlməyib. Yaxud, bir həmkəndlimiz rəhmətə gedəndə digər həmkəndlilərim evlərində saxladıqları yas dəftərlərinə baxırlar ki, görsünlər mərhum onun təşkil etdiyi hüzr mərasiminə nə qədər pul yazılıb. Əgər 5 manat yazılıbsa, bu da 5 manat yazılacaq. Kimsə düşünmür ki, 5 il əvvəl ətin kilosu 4 manat, indi 10 manatdır, filan şeylər əvvəlkindən xeyli bahalaşıb. Təkcə bizim kəndə və rayonda deyil, digər rayon və kəndlərdə də eyni vəziyyətdir. Hər kəs yas dəftərinə yazılan məbləğdən bir qəpik də olsun artıq pul yazılmır.

Başqa bir faktı da qeyd edim. Bəzi yaxın adamlarımızın və qohumlarımızın hüzr mərasiminə mən də, qardaşlarım da 50-100 manat pul yazılmışıq. Atam rəhmətə gedəndə dedilər ki, məclisə dəftər təşkil edin. Mən də, qardaşlarım da razı olmadıq. Çünki 5 qardaşın birlikdə 250 manat yazıldığı yas mərasiminin sahibi borcunu qaytarmaq üçün hardansa 250 manat borc almalı idi. Bu da ehsanımızın halallığına haram qatacaqdı. Ona görə də razılıq vermədik. Məncə, ehsanlarımız, yas məclislərimiz nə qədər sadə olsa, bir o qədər mərhumların ruhlarını şad edər, insanlar ağır yük altına girməkdən qurtular».

 “Bu məsələ zorla deyil,  tövsiyələr əsasında həll edilməlidir”

Jurnalist Rövşən Vəziroğlu bildirib ki, ümumiyyətlə, İslam əqidəsinə görə, yas və ehsan mərasimlərinin keçirilməsi qadağandır. O, bu məntiqlə də DQDK-nin bu mərasimlərdə israfçılığın olmaması ilə bağlı qərarını doğru qərar hesab edir:

“Ancaq burda incə və maraqlı bir nüans var. Verilən qərarla bağlı düzgün maarifləndirilmənin olmaması vətəndaşlarla aidiyyəti dövlət orqanları arasında bəzi mübahisələr yaratmaqdadır. Bu mübahisələrə son vermək üçün DQDK KİV-lə birlikdə maarifləndirmə işlərinə başlamalıdır. Ehsan verilməsi ilə bağlı DQDK-in tövsiyələrinə bölgələrdə aidiyyəti qurumlar tərəfindən  necə əməl olunması ilə bağlı dəqiq məlumatım yoxdur. Ancaq kəndlərdə yas mərasimlərinə zorla müdaxilə edilməsi halları ilə bağlı mətbuatda yayımlanan məlumatlardan aydın oldu ki, bölgələrdə bu sahədə acınacaqlı vəziyyət hökm sürür. Aidiyyəti qurumlar bu  məsələni zorla deyil,  tövsiyələr əsasında həll etməlidirlər.

Ən əsası isə bölgə əhalisi arasında yerli mətbuat vasitəsi ilə maarifləndirmə işi aparılmalı, vətəndaşlarla mütamadi görüşlər keçirilməli, yas və ehsan mərasimlərinin İslam dininə zidd olduğu açıq şəkildə bildirilməlidir.

Qardaş Türkiyə təcrübəsində yas mərasimi 3 gündən artıq keçirilmir. Yas yiyəsi yemək-içmək dərdinə düşmür, uzaqdan gələn insanlara isə yaxın qonşuların və qohumların öz evlərində hazırladıqları yemək-içmək verilir. Yas yiyəsi ancaq evə gələn insanlardan  yalnız başsağlığını qəbul edir. Bu məntiqlə yanaşsaq, yas mərasimində ancaq halva, çörək və çayın verilməsi caizdir. Bundan başqa nələrinsə olması isə artıq israfçılıqdır. Ən azı bu adətləri 5 yeməklə yox, bir yeməklə, halva, qənd, çayla yola vermək olar.

Yas yerinə gələn qonaqları yaxın qonşular və qohumlar qarşılayırlar. Sadəcə yüzilliklər boyu gələn adətlərimizə  görə yas israfçılığından əl çəkmək çox çətindir. Maarifləndirmə olmasa, yaxın gələcəkdə – ən azı 10 il müddətində bu sahədə vəziyyət daha da pis olacaq”.

“Guya kasıblara canyananlıqdan, yas mərasimlərinə edilən müdaxilələri qəbul etmirəm”

Qarabag muharibəsi veteranı Ziyəddin İsmayılov bildirib ki, ölüyə çatan oxunan duaların savablarıdır:

“Ehsan, rəhmətliyin və yaxınlarının hörmətləri hesabına, yaxından-uzaqdan başsağlığı verməyə gələn qohum-qonşuya, qonaqlara verilən yeməkdir. Guya kasıblara canyananlıqdan, yas mərasimlərinə edilən  müdaxilələri qəbul etmirəm. Necə olur ki, rəhmətə gedənin kredit borcu varislərinə ödətdirilir? Əgər elə can yandırandılarsa, qanun qəbul etsinlər ki, rəhmətə gedənin kredit və başqa borcları dövlət tərəfindən odənilsin! Canyananlıq etmək istəyən varsa, hər bir rəhmətə gedənin varislərinə cox demirəm, mincə manat yardim etsin. İl ərzində elə də cox məbləğ sayılmaz. Qəbir daşlarının standart ölçüdə olması barədə yekə-yekə danışanlar əvvəl getsin oz dədəsinin qəbirüstü abidəsini standarta uyqunlaşdırsın.

O ki, qaldı DQDK-nin “tovsiyələrinə”, tovsiyə filan yoxdur. Konkret olaraq icra orqanları inzibati metodlar sərgiləyirMollalara ehsan verilən məclisə gəlməyə qadaqa qoyulur. Bəzi hallarda polis də işə qarışır. Qısası, bunlar sosialist metodlarıdır. Xalqın həssas yerlərinə kobudcasına toxunmaqdır. Ehsan verən hər kəs imkanına baxıb, süfrə acır. Qohum-qonşunun kollektiv maddi-mənəvi köməyi sayəsində ölu sahibi heç də deyildiyi kimi ziyana düşmur. Şəxsən mənə rast gəlməyib. Xalq arasında formalaşmış hansısa adət-ənənə, özünü doğrultmursa, həmin adətlər tədricən aradan çıxarılacaq, özü də könüllü şəkildə”.

 “Sadə yemək verilməsi pis olmaz”

Qalib Bəyməmmədoglu (müəllim) bildirib ki, ehsanla bağlı Qurani-Kərimdə məlumat yoxdur və yasda oxunan Quran ayələrinin də ölü ilə əlaqəsi yoxdur:

“Son on gündə Tərtərdə iki yas mərasimində olmuşam, heç birində ət xörəyi verilməyib. Dəfn günü dəfində iştirak edənlərə çay, pendir, halva, göy-göyərti verilib. Həmin mərasimdə icra başçısının nümayəndəsi, prokuror, rəis də iştirak edib. Axund mərasim iştirakçılarına ehsanın təmtəraqlı keçirilməsinin zərərli tərəflərini izah edib. Ümumiyyətlə, mənim şəxsi fikrimə görə, sadə yemək verilməsi pis olmaz. Ona görə ki, bizə Türkiyədən, Rusiyadan, Bakıdan, Şəkidən və digər rayonlardan qonaqlar gəlmişdi. Bunları da nəzərə almaq lazımdır. Elə bir adətdir ki, ləğv olunmasına ehtiyac yoxdur”.

“Ehsan verilir, amma israfçılıq olmadan”

“Facebook” istifadəçisi Dadaş Bayramov deyir ki, kasıbın nəyi var ki, israfçılıq da etsin:

“Fikrimcə, ehsan azaldılmalı və müəyyən qaydada verilməlidir. Bəzi insanlar buna əməl etmir. Ancaq buna cərimə olunması da düz deyil. İctimai qınaq və təbliğatla belə işlərin qarşısını almaq daha doğrdudur. Bizim Cəlilabadda ehsanat verilir, israfçılıq da olur.

Amma son vaxtlar Saatlı və Sabirabad rayonunda hüzr məclislərində oldum, ehsanat verilir, amma israfçılıq olmadan. Çox xoşum gəldi, İcra hakimiyyəti əhaliyə tapşırıb ki, yasın 3-də, yalnız 1 gün ehsanat verilsin”.

“El-oba birləşərək rəhmətə gedənin məclisini yola salır”

Mühəndis Erkin Annağıyev bildirib ki, rəhmətə gedən hər hansı şəxs üçün əsas ehsan ona edilən dualar, oxunan qurandır:

“Məsələn, Balakəndə hüzr yerinə gələn hər bir şəxs əllərini açaraq rəhmətə gedən üçün dua edir, ona Allahdan rəhmət diləyir. Hüzr sahibi gələn şəxsi qarşılayır, bir qonaq kimi çay stolunda əyləşdirir və ehsanla bağlı narahatlıq olmur. Çünki el-oba birləşərək rəhmətə gedənin məclisini yola salır. İstər imkanlı olsun, istərsə də kasıb, həmişə məclislər eyni qaydada olur. Adət bu cür olduğu üçün nə polis, nə axund, nə də icra nümayəndəsi heç nəyə qadağa qoymur, nə də nəyəsə dəyişikliklər etmirlər”.

“Ehsan ehtiyacı olanlara verilməlidir”

“Facebook” istifadəçisi Ruslan Dadaşov bildirib ki,  ehsan sözü tərcümədə yaxşılıq etmək deməkdir. Əgər kimsə rəhmətə gedənin adına ehsan verirsə, bu təqdirəlayiq bir haldır:

“Lakin bu ehsan ehtiyacı olanlara verilməlidir. Yas məclislərində isə verilən yeməyə ehsan demək olmaz. Bu sovet vaxtı bəziləri tərəfindən dinə zərbə vurmaq üçün hesablanıb. Altmış il əvvələ qədər heç bir yerdə ehsan deyib stola yeyib-içmək qoyulmazdı. Əksinə, qohum-qonşu evində bişirib ölü yiyəsinə də pay gətirərdi ki, onun başı qarışıqdır, yemək hazırlaya bilmir, heç olmasa gətirilən yeməklərdən yesin, ailə üzvlərinə yedizdirsin. Bu hal daha sonra kütləvi hal almış, gələn yeməklər həddən artıq çox olduğuna görə məclis iştirakçılarına paylanmışdır. Tədriçən bu ənənə sıradan çıxarılmış, ortaya ehsan vermək adəti salınmışdır. Hətta bir müddət əvvəl bozbaş ilə verilən ehsan, daha sonra plov və digər qidalar ilə əvəz olunmuşdur. Daha sonra isə məclis aparan mollalar yeməyi özləri ölü yiyəsinə sifariş vermişlər. Ümumiyyətlə, yas yerində adını ehsan qoyub verilən yemək-içmək ölü yiyəsinə əziyyətdən başqa bir şey deyildir. Yaxşı olar ki, ölü yiyəsi əgər ehsan vermək istəyirsə, aparsın on nəfər ehtiyacı olanın ehtiyacını ödəsin.”

“Evinə gələnin qarşısına yemək qoyulmalıdır, ancaq həddində”

Tərtər rayon sakini Fəridə Qasımova bildirib ki, yas məclisləri çox ağır keçir:

“Mənəvi cəhətdən onsuz da əziyyət cəkirsən. Amma yemək verilməməsinə də razı deyiləm. Elimizin adət-ənənəsidir, evinə gələnin qarşısına yemək qoyulmalıdır, ancaq həddində.”

 

Gözəl Nəcəfli
Versus.Az

Xəbər lenti

APA-nın əməkdaşı prezidentdən kömək istədi - MÜRACİƏT

"Bu müraciətə APA-nın bütün əməkdaşlarını, Mətbuat Şurası başda olmaqla bütün dəyərli media mənsublarını, dəyərli ziyalıları, o cümlədən millət vəkillərinı qoşulmağa çağırıram"

““Yeni” dediyiniz qüvvələr artıq özləri “köhnə”lərə qarmaq atırlar” - MÜSAHİBƏ

ALDP-də yağışdan sonra yaranan vəziyyət müzakirə edilib

Hatayda Yayladağında Azərbaycan küçəsi və Qarabağ parkı açılacaq

Versus.Az Talk TV kollektivini təbrik edir

Məktəblərdə dünyanın 60-a yaxın ölkəsinin qoşulduğu “Sülh göyərçini” tədbiri keçirilib

"Dağlıq Qarabağ münaqişəsi qısa müddətdə həll olunmalıdır"

Cüdo üzrə dünya çempionatının açılış mərasimi keçirilib

Restoranlar barəsində tədbirlər görülməyə başlanıldı

AXCP Oğuz rayon şöbəsinin sədrinə və üzvlərinə təzyiqlər davam edir

Nazir Ramin Quluzadə Qazaxda vətəndaşlarla görüşüb

Beynəlxalq Teatr Festivalı keçiriləcək

Bu, ölkədə əlillik faizinin azaldılması ilə nəticələnə bilər

"Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün..."

Məktəblərdə İLK DƏFƏ

“Mənəvi quruculuq: gümrahlığın texnologiyaları”

İrəli
InvestAZ

Ən çox oxunan xəbərlər

Qənirə Paşayeva Hatay vilayətində türk dünyası gəncliyinə çağırış edib

Ruhən "xəstə" olan insanlara meydan oxuyan xanım

Versus.Az Talk TV kollektivini təbrik edir

““Yeni” dediyiniz qüvvələr artıq özləri “köhnə”lərə qarmaq atırlar” - MÜSAHİBƏ

“Mənim üçün şeir yazmaq Tanrıyla, kağızla ehtiraslanmaqdır”

İlyas İsmayılovun oğlu öldürüldü

Xərçəngin yayılmasının ağlagəlməz səbəbləri

Restoranlar barəsində tədbirlər görülməyə başlanıldı

AXCP Oğuz rayon şöbəsinin sədrinə və üzvlərinə təzyiqlər davam edir

ALDP-də yağışdan sonra yaranan vəziyyət müzakirə edilib

APA-nın əməkdaşı prezidentdən kömək istədi - MÜRACİƏT

"Rəhbər vəzifələrə maraq azalıb"

Qardaş Türkiyənin Şəhid ailələri, Qazilər, Hərbçilər Cəmiyyətləri millət vəkili ilə görüşüb

Dünyanın ən ölümcül infeksiyası

Facebook messencerinin işində problemlər yaranıb