“Ehsanla bağlı qadağa yoxdur”

16:17 08-04-2018 | icon 120 | Araşdırma
“Ehsanla bağlı qadağa yoxdur”

Müharibə veteranının son məclisində MƏMUR LAQEYDLİYİ

 

 

Dekabrın 8-də II dünya müharibəsi veteranı, uzun illər Bərdə rayon Otuzikilər kəndində müxtəlif vəzifələri icra edən, namusla, vicdanla  vətəninə, elinə xidmət edən dayım, Rəhim Məhəmməd oğlu Muradov haqq dünyasına qovuşdu. Dayımın son məclisi rəsmi qurumların  laqeyd yanaşması ilə müşahidə olundu. Vaxtilə hər “9 May Qələbə günü”ndə Rəhim kişinin görüşünə gül dəstəsi ilə gələn, “Vətən Müharibəsi” iştirakçısı kimi rayon icra hakimiyyətinə dəvət olunan, sağ-solunda durub xatirə şəkilləri çəkdirən rəsmilər onun ölüm xəbərinə heç bir reaksiya vermədilər. Rayon icra nümayəndəliyi o qədər aciz oldu ki, sadə bir əklillə veteranın xatirəsini yada salıb, vida mərasimini düzənləyə bilmədi…

 

Təbii ki, məsələ ilə bağlı aidiyyatı yerlərə müraciət olundu və müəyyən cavablar verildi. Lakin heç bir cavab ortada olan faktı kölgələyə bilməz…

 

Rəhim Muradov layiqli vətəndaş kimi  hər bir gəncə örnək olan bir şəxsiyyət idi. Sağlığında onu təmtəraqla qəbul edən rəsmilər ölümündən sonra layiqli şəkildə davranmadılar. Unutdular ki, belə bir ağsaqqal, müharibə veteranı üçün təşkil olunacaq vida mərasimi torpaqları işğal altında qalan, müharibə vəziyyətində olan ölkənin gəncləri, hər bir insanı üçün sadəcə bir yas mərasimi olmamalı, böyük bir təbliğat, maarifləndirmə işinin davamı kimi dəyərləndirilməlidir…
Rayon icra nümayəndəliyi kəndin sonuncu 2-ci dünya müharibəsi veteranına vida törəni düzənləmədi. Bununla da müharibə gedən bir ölkənin gəncləri, insanları üçün heç də xoş olmayan örnək nümayiş olundu… Təəssüf ki, bizim icra rəsmiləri hələ də bu nüansları anlaya bilməyiblər. Ümid edirəm ki, rayon icra nümayəndəliyi bu yanlışını düzəldəcək.

 

Dayıma, Rəhim Məhəmməd oğlu Muradova  Allahdan rəhmət diləyirəm… Qəbrin nurla dolsun!..

Məsələyə rəsmilərin münasibəti

 

Məsələ ilə bağlı Bərdə rayon İcra başçısının müavini Vahid Qarayev, eləcə də sosial-siyasət bölməsinin rəhbəri Fəqət Şadlinski ilə görüşüb fikirlərimi bölüşmək və bir cavab almaq istədim. Qeyd edim ki, icra nümayəndəsi Fəqət xanım Şadlinski bizi çox aqressiv qarşıladı. Ona  “II dünya müharibəsi iştirakçısı olan Rəhim Muradovun, dayımın 3 mərasimində icra nümayəndəliyindən gözlədiyimiz iştirakı görmədik…” demişdim ki, sözlərimi yarımçıq kəsdi. Aramsız şəkildə, “mənim xəbərim olmayıb, məzuniyyətdə idim, indi gəlmişəm. Siz nə bilirsiz ki, biz gedib müharibə veteranını anmayacağıq. Biz həmişə veteranlara hörmətlə yanaşırıq. Gedəcəyik, vida törəni keçirəcəyik…” –  deyə sözümü kəsməsi azmış kimi, məni ittihamladı, özü də yüksək səslə… Fəqət xanım məni axıra qədər dinləməsə də, xəbərsiz olduqlarını nəzərə alıb, dekabrın 15 də 7 mərasiminin olacağını xatırlatdım. O isə yenə də “bərk qışqıran haqlı olur”- prinsipi ilə “biz bilirik, siz bizə göstəriş verə bilməzsiz, əmr verə bilməzsiz”– deyib, mədəni şəkildə məni otaqdan çıxarmaq istədi. Sözümü deyə bilmədiyim üçün yenə xahiş etdim ki, dinləsin. Bu söhbətdən sonra düşündüm ki, yəqin mən tələsmişəm və yəqin ki, rəsmi törən düzənlənəcək.

Sonra digər mövzumla bağlı sualımı vermək istədim. Bəlkə həqiqətən də xəbərləri  olmadığını düşünüb, ehsanla bağlı tövsiyyə xarakterli məsələnin təzyiq formasında tətbiq edildiyini dedim. O isə “sən yalan danışırsan, bizim rayonda elə şey, heç bir hədələyici yanaşma ola bilməz, bizim kəndlərdə camaat ehsanın verilməməsini çox yaxşı qarşılayırlar və qəbul edirlər”– dedi. Bir sözlə, Fəqət xanım elə qışqırdı ki, bağrım yarıldı… Qarşısındakının ölüsünü təzəcə torpağa tapşıran biri olduğunu da unutdu.

 

Dinin dövlətdən ayrı olduğunu vurğulayan xanım “biz mollalara belə göstəriş verə bilmərik ki, ehsana qadağa qoysunlar” -deyən icra nümayəndəsinin “yəqin siz varlısız, ehsan vermək istəyirsiz, ehsan verib camaatı məcbur etməyin ki, onlar da versin”– deyə ironiya etdi. Beləcə onun məsələyə necə “tolerant” yanaşdığını da gördük.

Məni dinləmək istəməyən bu əsəbi səlahiyyətliyə “əgər sizin kimi icra nümayəndələri varsa, vay ölünün də halına, dirinin də…”-deyib, otaqdan çıxdım.

Qeyd edim ki, Rəhim Muradovun 7 mərasimində nə Fəqət xanımı gördük, nə də onun düzənləyəcəyi vida mərasimini…

 

“Heç kəs kiməsə öz ölüsünə ehsan verməyə qadağa qoya bilməz”

 

Sonra kənddə gördüklərimə, eşitdiklərimə münasibət öyrənmək üçün Bərdə rayon icra başçısının birinci müavini Vahid Qarayevlə görüşdük. Qeyd edim ki, ulu öndər Heydər Əliyevin anım günü olduğu üçün başçının başı qarışıq idi. Biz də mərasimdə idik və tədbirə toplaşanlar arasında olan birinci müavinlə söhbət etmək imkanı qazandıq.

Vahid müəllim bizi sonadək dinlədi və Azərbaycan xalqının milli adətlərinə, ənənəsinə hörmətlə yanaşmağın hər bir vətəndaşın borcu olduğunu söylədi. Eyni zamanda  şəhərin çox az qalan müharibə veteranlarına diqqətin ayrılmasını vacib saydı və mərhumun anılması üçün mərhumun ailəsinə baş çəkiləcəyini dedi.

Eyni zamanda ehsanla bağlı israfçılığa yol verilməməsi üçün vətəndaşlara bir tövsiyə verildiyini dedi. Bildirdi ki, ehsan verilərkən çox təm-tərağın qarşısını almaq üçün nümayəndəlik də camaata öz tövsiyyələrini verir və bu istiqamətdə müəyən təbliğati işləri aparılır. “Heç kəs kiməsə öz ölüsünə ehsan verməyə qadağa qoya bilməz. Eləcə də axundun haqqı yoxdur ki, ölü yiyəsini mollanın iştirak etməyəcəyi ilə hədələsin…”- deyə Vahid Qarayev bu istiqamətdə təbliğatın, maarifləndirmənin aparılmasına ehtiyac olduğunu və bu istiqamətdə işlər getdiyini deyib.

Məsələ ilə bağlı kənd icra nümayəndəliyinin də fikrini öyrəndik. Nümayəndələri yasda iştirak edəcəklərini və vida mərasiminin təşkil olunacağını deyiblər.

Eyni zamanda ehsanla bağlı suallarımızı cavablayaraq, sadəcə israfçılığa yol verilməməsi üçün yemək verilməməsi ilə bağlı camaata tövsiyyə edildiyini qeyd edib. Kənd icra nümayəndələri “Əgər ev sahibi isti yemək ehsanı vermək istəyirsə, heç kəs ona bir söz deyə bilməz və təzyiq ola bilməz”- fikirlərini də  önə çəkiblər.

 

Ehsanın verilməsi ilə bağlı tövsiyyələr rayonlarda necə icra olunur?

 

Ehsanla bağlı tövsiyyələrin yerlərdə yanlış təbliğ olunmasının, camaatın öz dəyərlərinə yanaşmasında müəyyən bir çaşqınlığın yarandığı və bundan çıxış yolunun tapılması üçün çabaladığını gördüm… Bu məsələnin, demək olar ki, əksər yerlərdə baş verməsi və eşitdiklərim, gördüyüm mənzərə bir vətəndaş olaraq məni narahat etdi. Çünki bütün problemlər azmış kimi, camaatın öz ölüsünə ehsan verib-verməyəcəyi ilə bağlı dilemma qarşısında qoyulduğu ortaya çıxır.

Ehsanla bağlı maarifləndirməyə ehtiyacın duyulduğunu düşünərək, mövzu ilə bağlı araşdırma apardıq…

 

Mövzumuz ölümü müzakirə etmək deyil…

 

Ölüm ömrümüzün elə bir tərəfidir ki, həyatımıza, evimizə sorğu-sualsız daxil olur. Onunla bağlı çox fikirlər söylənib…

Görkəmli filosof Oşi deyir ki, bizi tərk edənlər ölümün nə olduğunu bilmirlər, onu yalnız kənardan izləyənlər görür, hiss edirlər. Qurani-Kərimdə isə axirət dünyasından, insanların ona hazır olmasından söz açılır…

Mövzumuz ölümü müzakirə etmək deyil, dünyanı tərk edən əzizlərimizin 3, 7, 40 mərasimlərində düzənlənən ehsan mərasimləri və ona olan münasibətlə bağlıdır.

 

“Azərbaycan elinin mənəvi dəyərlərində öndə dayanan məqamlardan biri budur…”

 

İnsanın DOĞULMASI kimi, ÖLÜMÜ də bir hadisədir. Biri sevinclə qeyd olunar, digəri kədərlə… Sevinc də paylaşılır, kədər də… Elimizin gözəl adətlərindən biri də həm xoş, həm acı günlərində BAŞQASININ dərd-sərinə şərik olmaqdır. Başqa ölkələri, şəhərləri söyləyə bilmərəm, Azərbaycan elinin milli-mənəvi dəyərlərində ən öndə dayanan məqamlardan biri budur – qonağa sayqı, hörmət, onun ədəblə qarşılanıb yola salınması… Hətta evin böyüyü, yaxud hansısa nəfəri dünyasını dəyişmiş olsa belə, bu adəti onun əvəzinə yaxınları, qonşuları icra edər…

 

“Hər bir yas törəni milli-mənəvi, dini, ruhi dəyərlərimizin təbliği… “vaxtı ötürmədən yaxşılıq etməyə tələs” – çağırışıdır”

 

Bir qədər keçmişə baxanda evinə hüzür düşənin acısına qoyulan hörmət, insanın öz elinə, obasına, xalqına olan sevgisini, hörmətini artırır və nə qədər itkilərin olsa da, bu millətin bir üzvü olmağınla qürur duyursan. Anam Gülüsüm xanım danışır ki, uşaqlıq illəri Naxçıvanda keçib. O, uşaq olsa da, bir ailədə hüzr düşəndə həmin ev yiyəsinin xəbəri olmadan qonşuların, camaatın qonaqları ədəblə qarşılayıb necə yola saldığını indi də xatırlayır. Deyir ki, biri rəhmətə gedəndə adətlərə uyğun olaraq qonşulardan biri dərhal halva çalar, bir başqası gələnlər üçün yemək bişirər, kişilər çadır qurar, cənazə törənini həyata keçirərmiş. Ev yiyəsinin bütün bunlardan xəbəri olmazmış. Evə düşən hüzür qonşuların hər cür dəstəyi, yardımı ilə yola verilərmiş. Ölənin yaxını dərddən özünə gələnə qədər, hər bir mərasim layiqli şəkildə idarə olunarmış.

Təbii ki, belə dəyərləri olan kənd camaatı, eləcə də onun ətrafında yaşayanların bir-birinə hörməti, diqqəti, ağsaqqal sözü qanun kimi eşidilir, icra olunarmış. Çünki insanlar ağır günlərində dərdlərini bölüşməyi bacarır, eyni zamanda ailəsinin bir üzvünü itirən kəsi son mənzilinə yola salmağa gələnləri layiqlə qarşılayıb yemək – EHSAN yemədən yola salmazlarmış. Hətta kimsə o ehsandan bir tikə yeməyəndə bunu ölənə hörmətsizlik kimi qəbul edər, ondan inciyərlərmiş…

 

“El-obanın həmin ərəfədə topladığı mənəvi gücü heç bir pulla əvəz etmək olmaz”

 

O dövrün insanlarının elə də böyük imkanları, var-dövlətləri yox idi. Lakin milli adətlərə verilən dəyər hər bir kasıb ailənin belə, kədərli günündə ona böyük mənəvi var-dövlət verərmiş. Yəni dəyərlərə hörmət, qonaqpərvərlik, ölüyə hörmət tamamilə başqa bir yanaşma tələb edirdi ki, camaatımız bunun öhdəsindən çox layiqincə gəlirdilər. Hər bir ailədə baş verən ana, ata, bacı, qardaş, övlad, nənə, baba itkisində yaşanan acını paylaşan el-obanın həmin ərəfədə topladığı mənəvi gücü, mənəvi dəyərləri heç bir pulla əvəz etmək olmaz. Bu, insanları bərabərləşdirir, yaxınlaşdırır, dininə hörmət aşılayır, insanlara yardım etməyi tələb edən bir mərasim, dəyərli adət kimi qeyd olunurdu. Bu mənada yasa təkcə ölüyə ehsan vermək üçün düzənlənən mərasim kimi baxılması təbii ki, kökündən yanlışdır. Hər bir yas törəni milli-mənəvi, dini, ruhi dəyərlərimizin təbliği, insanlarımızın maarifləndirilməsi, sonumuzun ölüm olduğunu insanlara bir daha xatırladıb, “vaxtı ötürmədən yaxşılıq etməyə tələs”- çağırışıdır… Bu nöqteyi nəzərdən ehsan mərasimlərinə təkcə “cibə baxıb” yanaşmaqla dəyərlərimizi cılızlaşdıra bilmərik. Əgər biz yas mərasimlərində dəyərlərimizi, yardımsevərliyimizi təbliğ etsək, kasıb da öz ölüsünə ehsan verməkdə aciz qalmaz. Çünki onun arxasında el-obası dayanacaq. İnsan kasıb olsa da, arxasında yüksəkdə dayanan dəyərləri, ləyaqət hissi var və onun hansısa bəhanələr, hansısa törəmələrlə aşağılanması, heysiyyatına toxunulması yolverilməzdir… Biz həmin millətin nümayəndələriyik və təbii ki, bunu unutmamalıyıq…

 

“DQDK-nin tövsiyyəsi, kimlərinsə iddiası ilə təsir, təzyiq tələbi kimi camaata təqdim olunur”

 

Eşitdim ki, bir çox yerlərdə Ölü sahibləri israfçılıq etmədən ehsan vermək istəyirlər. Amma axund Dini komitədən verilən tövsiyyələri “əsas gətirərək” yemək olarsa, yasda iştirak etməyəcəyini deyir, üstəlik ona tabe olan çadır sahibi də yemək üçün qab-qaşıq verməkdən imtina edir. Guya camaatın vəziyətinin ağırlığını nəzərə alıb, insanların kisəsinə yardım etmək üçün ehsana qadağa qoyulur. Üstəlik də elan edilir ki, ehsan üçün bir heyvan kəsib qazan yeməyi bişirilərsə gəlib qazanı aparacaqlar. Məsələyə polislərin müdaxilə edəcəyi, cərimələrin tətbiq olunacağı, çadır sahibi, mollanın cərimələnəcəyi və sair təhdidlər var. Bütün bu dedi-qodulardan narahat olan ölü sahibi ölüsünə ağlmaqdansa, öz halına acıyır və nə edəcəyini bilmədən çıxış yolu axtara-axtara ikiqat depressiyaya, psixoloji gərginliyə düşür. Ehsanın verilməməsi qərarının tövsiyyə xarakterli olmasına rəğmən, axundun “yemək bişsə çadıra girib dua oxumayacam” ultimatumu mərəkə içində əlavə bir mərəkə kimi qeyd olunur. Molla deyir ki, nə istəyirsən ver, yemək olmasın. Göy-göyərti, çeşidli pendirlər, kanfet, halva, xurma, şirniyyat… və adlarını bilmədiyim digər çərəzlər. Əcəba bu nə cür qənaətdir ki, əslində bu minivalla ölü yiyəsi ikiqat ziyana salınır. Ona görə ki, yuxarıda verilən tövsiyə düzgün qəbul olunub, düzgün təqdim edilmir. Məncə israfçılıq mollanın “nə verirsən ver”inin içində süfrəyə qoyulan yeyilməyən çərəzlərdir… İsrafçılığa yol vermək istəməyən mollanın ölü sahibindən aldığını, yaxud çadıra görə alınan pulları demirəm. Çox ziddiyyətlər tapmaq olar… Kəndçi öz ölüsünü qapısında saxladığı bir heyvanı kəsib yola verməli olduğu halda, edilən bu təzyiqlər onun bazara getməsinə və şirniyyatlar alması üçün məsrəfə səbəb olur.

 

“İnsanlarda mərhəmət, sevgi hissi ölür”

 

Bu zaman nə baş verir: birinci növbədə ölü sahibinin aşağı düşən başı bir qədər də aşağı əydirilir, daha da çarəsizləşir, insanların bir-birinə yardım etmək istəyi, həmrəyliyi pozulur və arada mübahisəli durum yaranır, paylaşmaq, halallaşmaq, bərabərləşmək kimi islamın bizə buyurduğu istəklər məhv edilir. Dinə münasibətdə xürafatçlığın yer alıb meydan suladığı, eləcə də korrupsiyaya, rüşvətə yol açılır. Yas mərasimi müzakirə meydanına çevrilir. Çox sakit halda qeyd olunacaq yas, səs-küylə yola verilir, dinimizə, ən nəhayətdə tövsiyəni verənlərə qarşı etimadsızlıq yaranır, eləcə də insanların bir-birinə xoflu baxışları, bir-birinə hörmətsiz yanaşması cücərir. Çünki DQDK-nin tövsiyyəsi, kimlərinsə iddiası ilə təsir, təzyiq tələbi kimi camaata təqdim olunur. Daha neqativ durum isə insanlarda mərhəmət, sevgi hissi ölür.
İnsanların həmin vaxt yaşadığı stress və həyəcana əsaslanaraq deyə bilərik ki, Dini Komitənin tövsiyyələri rayon və kəndlərdə düzgün təbliğ edilmir.


Araşdırmalara görə, bu, tövsiyyə xarakterli olduğu üçün eyni kənddə çoxları ehsan verir, bəziləri isə təzyiq və təsirlərdən narahat olaraq ehsan vermir. Əslində isə süfrədə çeşidli şirniyyatlar var ki, onlara daha çox pul xərçlənir.
Yaxud, deyilir ki, ölü sahibi uzaqdan gələn qonaqları üçün qıraqda yemək bişirib, onları yedirdə bilər. Burda da çox böyük məntiqsizlik var. Beləcə, qonaqlar arasında, ayrı-seçkilik salınır, insanlar bir-birinə qarşı qoyulur. Nəyə görə, yas yerinə gələn qonaq, kim olur olsun, o yeməkdən dadmamalıdır? Bəyəm yasa gələn kənd sakini ölənin qonağı deyil? Yaxud, əgər mənim dərdimə birinci qonşum, kənd camaatı çatırsa, nəyə görə o yeməkdən dadmamalıdır? Nəyə görə, yasa gələn qonaqlar arasında ayrı-seçkilik edilməlidir? Bu mənada tövsiyyələrin mənfi yöndə, hərənin öz ağlı ilə qavrayıb tətbiq etdiyi müşahidə olunur. Çox yanlışlıqlara yol verilir.

Yaxud deyirlər, yemək bişirmə, amma heyvanı kəs camaata payla. Əgər mənim kisəmə qənaət etmək istəyirsinizsə, nəyə görə o dananı kəsib qazanı evimdə bişirib, yasa gələn qonaqlarımı layiqli şəkildə yola salmama izin verilmir, amma kəsib paylanmasına izacə verilir. Onsuz da o pul xərclənir və istifadə olunur. Axı kəsilib paylanan ehsan kənd camaatının hamısına çatmayacaq, amma bişərsə, həmin ehsan çatmayan kəslər də gəlib mərasimdə iştirak etməklə ölü sahibinin işini asanlaşdıracaq. Axı bütün bu müdaxilələrlə nə dəyişir, məqsəd nədir?

Yaxud deyilir, ehsan vermək istəyirsən get yol sal. Ay cənablar, ay camaat, axı adamın atası dünyasını dəyişibsə, onun evinə gələn qonaqları yola salmalıdır. Axı onun atası torpağa basdırılmasaydı, siz adamlar onun evinə gəlməzdiniz… O, imkanı olarsa yol da çəkər, amma indi hüzürlü günündə yox… Bu yazıq ölü yiyəsini niyə bu cür cəfəng şeylərlə daha da incidirsiniz. Ən əsası niyə onun heysiyyatına hörmətsiz yanaşırsız?

 

Camaatın kisəsini düşünürsünüzsə, gətirin pul verin, çadırı pulsuz edin, mollanı pulsuz edin…

 

Komitə tövsiyə edir ki, süfrədə bir yemək, bir iki təam olsun. Qənaətdən söz açılarkən təbii ki, burada çeşidli yeməklərdən, şirniyyatlardan, rəngli sulardan, meyvələrdən söz gedir. Çox gözəl, nəyə görə bunu bu formada təqdim etmirsiniz? Siz ehsan verənin süfrəsini yoxlayın və artıq nə varsa, buyurun götürün, bu daha doğru olardı…

Ölü sahibi deyir ki, mən süfrəyə ehsan kimi bir yeməyi sadə şəkildə verməyə hazıram, amma yox, inadçı yanaşma ilə qarşılaşır. Burda tövsiyyə yox, israrlı şəkildə insanların heysiyyatı ilə oynamaq var.

Ehsanla bağlı başqa bir kəndin adını çəkirlər – Goranboyun. Xanım danışır ki, bizi süfrəyə yemək verməyə qoymadılar… Amma yüksək səviyyəli şirniyyat süfrəsi açdıq ki, qazan ehsanından yaxşı oldu, baha çıxdı. Bu nə deməkdir cənablar? Ehsan verilməsi tövsiyyəsinin mahiyyətini düzgün təhlil edib, camaata düzgün çatdırmaq və qadağa qoymadan insanların öz ölüsünə sadə bir ehsan yeməyin bişməsinə icazə verməyib, süfrəni şirniyyatla doldurmaq nəyə lazımdır. Nəyə görə iki tikə ət yox, yaxud bir qaşıq düyü yox, çeşidli şirniyyat süfrəsi açılmalıdır? Molla bu cür açılan süfrələrə nəyə görə reaksiya vermir? Bu nə məntiqdir?

 

“Ölü sahibinə kömək etmək istəyirsinizsə, keçmiş adətlərimizi dirildin, qoyun insanlar bir-birinə əl tutsunlar, yardım etsinlər…”

 

Tövsiyyə olunur ki, çox xərc çəkmədən, təm-təraq göstərmədən sadə bir ehsan verilə bilər. Bu da imkana baxır. Amma icra başçıları tövsiyəni “elə yaxşı anlayıblar” ki, polisi, kənd icra nümayəndəsini yas evinə göndərib, “yemək bişirilməsinə icazə yoxdur” deditdirirlər.

Dərdi verən Allah öz dərmanını da verəcək və ölü sahibinə kömək istəyirsinizsə, keçmiş adətlərimizi dirildin, qoyun insanlar bir-birinə əl tutsunlar, yardım etsinlər… Daha bu gün camaat arasında formalaşan “mənim ölümə ehsan verilmədisə, sən də vermə” deyə, insanları bir-birinə vurdurmayın…

 

Mübariz Qurbanlı: “Ehsanla bağlı qadağa yoxdur”

 

Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı mətbuata açıqlamasında deyib ki, yas mərasimlərində ehsan verilməsi ilə bağlı qadağa yoxdur:

“Burada söhbət sadəcə yas mərasimlərində ifrat israfçılığın qarşısının alınmasından gedir. Bu istiqamətdə də tövsiyələr vermişik. Bizim tövsiyələrimizlə Qafqaz Müsəlmanları İdarəsinin yaydığı bəyanat arasında heç bir ziddiyyət yoxdur. Yas mərasimlərində ifrat israfçılığın qarşısının alınması ilə bağlı proses gedir, hər regionun xüsusiyyəti nəzərə alınır və bu tövsiyələr verilərkən kəndin ağsaqqallarının, ziyalılarının, din xadimlərinin, məsciddəki axundların, imamların rəyləri də nəzərə alınır”.

M.Qurbanlı deyib ki, bununla bağlı da müəyyən irəliləyişlər var, ifrat israfçılığın aradan qaldırılması üçün müxtəlif yerlərdə aparılan işlər nəticə verir. Bu məsələdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə Qafqaz Müsəlmanları İdarəsi arasında həmrəylik var, hər iki qurum ifratçılığın əleyhinədir:

“Nəinki yas mərasimləri, eyni zamanda, cəmiyyət toy mərasimlərində də ifrat israfçılığın əleyhinə çıxış edir. Bütövlükdə bu, cəmiyyətin bir tələbatı kimi ortadadır. Kimsə bunu zorla etmir, bu, tövsiyə formasında edilir. Bəzi yerlərdə vətəndaşlar deyirlər ki, mən yemək vermək istəyirdim qoymadılar və sair. Bunlara tövsiyə edilir, əgər yemək vermək istəyirsə, ətrafdakı insanlar da bunu istəyirsə, biz ona demirik ki, niyə belə edirsən. Sadəcə biz deyirik ki, yemək ver, amma onu ifrat şəkildə vermə. Ehsan anlayışının özünə də xüsusi diqqət yetirmək lazımdır”.

Göründüyü kimi, burda söhbət israfçılıqdan gedir, qadağa və təzyiqdən yox… Amma gördüklərimiz, eşitdiklərimiz başqa məsələləri ortaya qoyur.

 

Seyid Camal Əzimbəyli: “Ehsanda yeməyin verilməsinə qadağa yoxdur”

 

Qarabağ Seyid ocaqları Vəqfinin rəhbəri, şərqşünas Seyid Camal Əzimbəyli Versus.Az-a bildirib ki, son dövrlər Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin apardığı ardıcıl maarifləndirmə işinin nəticəsi olaraq ehsanlarda israfın azalması prosesi baş verib. O, eyni zamanda ehsanla bağlı verilən tövsiyyələrin ayrı-ayrı rayonlarda, kəndlərdə, düzgün icra olunmadığı barədə çoxsaylı faktların olduğunu da qeyd edib. Seyid Camal bir çox yerlərdə islamın gətirdii qaydalara, Allahtəlanın Qurani-Kərimdə gətirdiyi “yeyin-için, israf etməyin, israf edənləri Allah sevməz”- kəlamına çox mükəmməl şəkildə riayət olunduğunu önə çəkib.

 

“Ehsanda israfçılıq yolverilməzdir”

 

“Bəzən Allahtəlanın qaydaları bir kənarda qalır, “qonşum, el-obam nə deyər” düşüncəsi ilə ölülərimizi qəsb edirik. Bu baxımdan “Allah israf edənləri sevməz”– prinsipinə söykənərək, yaslarda israf etməmli, yasımızı üç gün içərisində icra edərək bitirməliyik.”

 

Seyid Camal bir çox rayonlarda ideoloji baxımdan maarifləndirmə işinin düzgün getmədiyini də önə çəkib:

 

“Elə adamlar var ki, yaslarında çayı xurma ilə veriblər, elə adamlar da görmüşəm ki, üç cür yemək verib. Ehsan verənlər arasında israf edəni də var, etmiyəni də. Tövsiyyələri düzgün icra edəni də var, etmiyəni də… Mən elə bir yaxın adamı da görmüşəm ki, məndən borc pul istəyib gedib yasda aş, dolma, bozbaş bişirib… Axundlara verilən təlimatlara görə, elə axundlar da var ki, deyir yemək verirsinizsə, mən o yasa getmirəm. Kəndin özündə elə mollalar var ki, deyir, a bala, sənin dədən bir belə sənə əziyyət çəkib, qanacağın çatmır ki, ona üç kilo yemək verəsən? Allah ruzinin tezini, ölümün gecini versin. Yəni bu istiqamətdə mətbuat və istimaiyyət düzgün təbliğat aparsa, ehsan verilməsi prosesi normallaşar. Məsələn, gözəl bir Naxçıvan nümunəsi var. Orada çox sadə ehsan verilir – halva, çay, qənd və sadə bir yemək. Hətta elə ailələr də var ki, onlar heç öz yaslarında onu da etmirlər. Məsələn, Ordubadda kənardan gələn qonaqlar üçün həyətdə bir kənarda yemək verirlər. Dediyim odur ki, ehsanda yeməyin verilməsinə qadağa yoxdur. Buna nə ruhani idarəsi, nə dövət komitəsi qadağa qoymur. Sadəcə israf olunmasın deyə, təbliğat aparılır. İslam dini dəvət dinidir. Hətta sevgili peyğəmbərimiz buyurur ki, sənə dəvət düşər.

 

“Bu, mollanın öz çürük təfəkkürünü kənd sakinlərinə sırımasıdır”

 

Yəni, əgər hansısa məmur, icra başçısı mollaya desə ki, səni cərimələyəcəm, get camaatı ehsan verməyə qoyma, bu yanlışdır. Yaxud molla yasa gəlməsə, ev yiyəsi sərbəst şəkildə gedib başqa bir mollanı gətirəcək. Amma əgər molla deyirsə ki, hər şey ver, yemək vermə, bu mollanın öz çürük təfəkkürünü kənd sakinlərinə sırımasıdır. İslamda, dində elə bir təlimat yoxdur ki, təzyiqlə insanları ehsan verməkdən yayındırsın. Ehsan sadə və israfa yol verilmədən verilsə, heç kəs inciməz.”

 

Seyid Camal bu xüsusatlara nəzər salaraq, xeyir-şər məsələsi ilə bağlı dövlət proqramının hazırlanmasından sonra nəyəsə nail olmağın mümkünlüyünü deyib. O, eyni zamanda elin gözəl adətlərinin bərpa olunmasının vacibliyini vurğulayıb:

 

“Anam rəhmətə gedəndə mən gənc idim. Biz dəfnə gedib gələndə 6-7 qonşunun artıq yeməkləri mağara düzdüyünün şahidi olduq. Bu çox yaxşı bir hissdir. Bu gün də belə olsa çox yaxşı olar. Biz bu nümunəni maarifləndirmə işi ilə yanaşı həyata keçirməyə başlasaq, israfçılıqdan yayınarıq.

Bu yaxınlarda mənim əmim rəhmətə getdi, orda sözümü eşitdilər, ehsana ən sadə şəkildə bir yemək, çay və halva verildi. Sonra bizim digər tanıdıqlarımız da yavaş-yavaş o örnəyi almağa başladılar. Yəni bu cəmiyyətin önündə dayananlar yaxşı nümunələr irəli sürsələr, zaman-zaman anaların, babaların öz qonşusunun acısına necə dəstək olduqları məqama qayıdarıq.”

 

Fuad Əliyev: “Heç kim qadaqa edə bilməz ki, əzizinin yas mərasimini elə vermə, belə ver”

 

Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev Versus.Az-a bildirib ki, heç bir müqəddəs dini kitab və mənbələrdə, şəriət qaydalarında ölüyə ehsanın verilməsinin vacibliyi nəzərdə tutulmayıb. Bu proses sadəcə şəriətdən irəli gələn yazılmamış qaydadır:

“Naxçıvanda və bəzi rayonlarda ehsan qadağan edilib. Amma 40 mərasimlərində ehsanın verilməsi adəti qalıb. Ehsanın verilməsinin qəti əleyhinəyəm, ölünün ruhuna dualar oxunmalıdır. Təmtaraqlı ehsan sürfəsinin açılması əvəzinə süfrədə çay, xurma, qənd və yaxud da halvanın olması kifayətdir. Çünki iştirak etdiyim yas mərasimlərində süfrədəkilərə ağız büzmələrin, gileylənmələrin, iradların şahidi olmuşam. “Plov yaxşı bişməmişdi”, “konfetlər ucuz idi”, “dovğa yox idi” və sair. Yasa gələn rəhmətə gedənin yaxınlarının dərdinə şərik olmaqdansa, süfrəyə nəyin qoyulub, qoyulmadığını müzakirə edir. Elə insanlar var ki, ehsanı verməyə imkanı çatmır, məcburiyyət qarşısında qalıb borca girir. El qınağından qorxur.

Qəbrin üstünün götürülməsi də yas mərasimlərinin təmtəraqlı keçirilməsindən heç də geridə qalmır. Yas mərasiminə nə qədər xərclənirsə, ikiqat qəbir üstünün götürülməsinə sərf edilir. Mərmər daşlardan abidə və heykəllər ucaldılır və hətta qəbirə xidmət etmək üçün xüsusi nəzarətçilər tutulur. Qonşu Türkiyədə belə bir proses yoxdur.”

 

“Ehsan süfrəsində nə desən tapmaq olur”

 

F.Əliyev bildirib ki, DQDK-dən əvvəl Qafqaz Müsəlmanları Ruhani İdarəsi (QMİ) bu barədə çıxışlar edib:

“Allahşükür Paşazadənin bir neçə dəfə toplantı keçirib yas mərasimlərində isfarçılığın qarşısının alınması barədə fikirlərinə mediada rast gəlmişəm. Amma QMİ-nin öz mərasim evlərində xüsusi menyular var. Orada iştirak edən hər bir kəs dediklərimi təsdiqləyə bilər. Ehsan süfrəsində nə desən tapmaq olur. QMİ rəsmiləri bir yandan belə deyir, insanları maarifləndirir, digər tərəfdən özü bu prosesin inkişafına təkan verir.”

F.Əliyev hesab edir ki, israfçılığın qarşısını yalnız qanunlar vasitəsilə almaq mümkündür:

“Bir neçə il öncə Milli Məclisdə “mərasimlər haqqında” qanunun qəbul olunması nəzərdə tutulmuşdu. Sonradan müəyyən qüvvələrin, bu sahədə maraqlı olan insanların təzyiqi ilə qanun layihəsi müzakirələrdən çıxarıldı. Onlara belə bir qanunun qəbulu sərf etmirdi. Qanunda yas mərasimlərində israfçılığı, məzar yerlərinin satılmaması, qəbir üstlərinin müəyyən edilən vahid formada götürülməsi və sair nüanslar nəzərdə tutlmuşdu. Bu layihə ləğv edildikdən sonra paytaxtda xeyir və şər evlərinin sayı artdı. Yaxın günlərdə qəbirlərin eyni qaydada olacağı ilə bağlı qanun layihəsinin qəbulu nəzərdə tutulur. Bunun tərəfdarıyam. Bilirsiniz, yas mərasimlərinin eyni qaydada keçirilməsi insan azadlıqlarının pozulması kimi qiymətləndirilə bilər. Heç kim irad və yaxud da qadağa edə bilməz ki, əzizinin yas mərasimini elə vermə, belə ver. Amma bu məsələdə fərdlərin yox, cəmiyyətin, ümumi ictimaiyyətin maraq və imkanları nəzərə alınmalıdır deyə, qanunun qəbulunun tərəfdarıyam. Sağlığında əzizlərimizə qiymət verək, dünyalarını dəyişəndən sonra onların başdaşlarını qızıldan hazırlatmağın nə mənası olacaq?”

 

F.Əliyev bildirib ki, ehsanlara qadağa təzyiq vasitəsi ola bilməz. Qanunların tətbiqi lazımdır. Dövlət qanunlarla idarə olunur:

 

“Bilmirəm bundan sonra ehsan məsələsi ilə bağlı hansı qanunlar qəbul ediləcək. Amma mənim şəxsi fikrim budur ki, ehsana sərf edilən vəsaitin imkansız ailələrə, kimsəsizlərə verilməsi ən savab işlərdən biridir. O imkansızı, kasıbı sevindirmək ölünün ruhunu şad edər, nəinki imkanlılar, gözü doymuşlar gəlib yas süfrəsindən naz-nemətdən dada.”

PS:

Seyid Camal Əzimbəyli gözəl bir kəlam işlətdi: “Allah ölümün gecini, ruzinin tezini versin”.

Ehsanla bağlı araşdırmanı sorğu ilə davam etdirəcəyik.

 

Tahirə Qafarlı
Versus.Az

Xəbər lenti

APA-nın əməkdaşı prezidentdən kömək istədi - MÜRACİƏT

"Bu müraciətə APA-nın bütün əməkdaşlarını, Mətbuat Şurası başda olmaqla bütün dəyərli media mənsublarını, dəyərli ziyalıları, o cümlədən millət vəkillərinı qoşulmağa çağırıram"

““Yeni” dediyiniz qüvvələr artıq özləri “köhnə”lərə qarmaq atırlar” - MÜSAHİBƏ

ALDP-də yağışdan sonra yaranan vəziyyət müzakirə edilib

Hatayda Yayladağında Azərbaycan küçəsi və Qarabağ parkı açılacaq

Versus.Az Talk TV kollektivini təbrik edir

Məktəblərdə dünyanın 60-a yaxın ölkəsinin qoşulduğu “Sülh göyərçini” tədbiri keçirilib

"Dağlıq Qarabağ münaqişəsi qısa müddətdə həll olunmalıdır"

Cüdo üzrə dünya çempionatının açılış mərasimi keçirilib

Restoranlar barəsində tədbirlər görülməyə başlanıldı

AXCP Oğuz rayon şöbəsinin sədrinə və üzvlərinə təzyiqlər davam edir

Nazir Ramin Quluzadə Qazaxda vətəndaşlarla görüşüb

Beynəlxalq Teatr Festivalı keçiriləcək

Bu, ölkədə əlillik faizinin azaldılması ilə nəticələnə bilər

"Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün..."

Məktəblərdə İLK DƏFƏ

“Mənəvi quruculuq: gümrahlığın texnologiyaları”

İrəli
InvestAZ

Ən çox oxunan xəbərlər

Qənirə Paşayeva Hatay vilayətində türk dünyası gəncliyinə çağırış edib

Ruhən "xəstə" olan insanlara meydan oxuyan xanım

Versus.Az Talk TV kollektivini təbrik edir

““Yeni” dediyiniz qüvvələr artıq özləri “köhnə”lərə qarmaq atırlar” - MÜSAHİBƏ

“Mənim üçün şeir yazmaq Tanrıyla, kağızla ehtiraslanmaqdır”

İlyas İsmayılovun oğlu öldürüldü

Xərçəngin yayılmasının ağlagəlməz səbəbləri

Restoranlar barəsində tədbirlər görülməyə başlanıldı

AXCP Oğuz rayon şöbəsinin sədrinə və üzvlərinə təzyiqlər davam edir

ALDP-də yağışdan sonra yaranan vəziyyət müzakirə edilib

APA-nın əməkdaşı prezidentdən kömək istədi - MÜRACİƏT

"Rəhbər vəzifələrə maraq azalıb"

Qardaş Türkiyənin Şəhid ailələri, Qazilər, Hərbçilər Cəmiyyətləri millət vəkili ilə görüşüb

Dünyanın ən ölümcül infeksiyası

Facebook messencerinin işində problemlər yaranıb