“Mən hakimiyyətə gəlməmiş Qarabağ məsələsini həll edəsi kimsə yoxdur” – MÜSAHİBƏ-2

13:30 07-08-2019 | icon 1666 | Siyasət
“Mən hakimiyyətə gəlməmiş Qarabağ məsələsini həll edəsi kimsə yoxdur” – MÜSAHİBƏ-2

İQBAL AĞAZADƏ: “Ümummüxalifət anlayışı yoxdur, o missiyanı yerinə yetirən İqbal Ağazadə var”

 

(əvvəli bu linkdə)

 

- O modeli ortaya kim qoyacaq və indiyə kimi olan gözləntilər nəyə hesablanıb?

 

“İqtidarın içindən götürüb müxalifət edirlər”

 

- O modeli müxalifət ortaya qoyur. Ümumilikdə niyə siz ortaya model qoymursunuz iddiası çətin bir məsələdir. Əgər bütün bunlar təkbaşına mümkün olsa idi, onda elə mən də nə partiya qurardım, nə müsahibələr verərdim, təkbaşına yazıb- pozardım və deyərdim ki, ay xalq, resept də budur. Reseptin bu olmasını göstərən şərtlər çoxdur və o şərtlərin hamısı həm də iqtidarın, həm də müxalifətin ağıllı və vətənini düşünən kəsiminin yanaşmasından çox ciddi şəkildə asılıdır. Həmin tərəflər də bizim irəli sürdüyümüz plan və ölkənin demokratikləşməsi istiqamətində ata biləcəyimiz addımları bəzən vacib hesab etmirlər. Siz diqqət etsəniz, heç kim yerini dəyişmir, ordan götürüb bura qoyurlar, burdan götürüb ora qoyurlar. Bir gün müxalifətin içindən götürüb iqtidar edirlər, başqa bir gün iqtidarın içindən götürüb müxalifət edirlər və beləcə proseslər eyni formada davam edir.

 

- Bəs Ümid Partiyası hansı addımları daha məqbul variant kimi qəbul edir?

 

- Biz tək variant olaraq seçkini qəbul edirik. Seçki tək prosesdir ki, vətəndaş orada qorxmadan, çəkinmədən aktivləşə, prosesin ardınca gedə bilir. 2003 və 2005-ci il seçkiləri də buna bariz bir misaldır. Çünki o zaman seçki situasiyası var idi. Təəssüflər olsun ki, seçki situasiyasını da Azərbaycan iqtidarıyla Azərbaycan müxalifəti bazarlıq predmetinə çevirdiklərindən zaman-zaman burada gah iştirak edilib, gah da edilməyib. Seçkilər bir vərdiş olaraq sıradan çıxarılıb. İndi də iddia edilir ki, qarşıdan gələn seçkidə bir qrup boykot yolunu tutacaq. Bu qrup boykot yolunu tutanda iştirak edənləri də cəmiyyətə satqın obrazında təqdim edirlər. Nəticədə də o olur ki, xalq bu prosesdə iştirak etmir. Xalqın prosesdə iştirak etməməsi də ən çox iqtidara sərf edir. Xalq prosesdə iştirak edəndə bu iqtidar ondan əziyyət çəkir. 2014-cü ilin bələdiyyə, 2015-ci ilin parlament, 2018-ci ilin prezident seçkilərində xalq bu prosesdən kənarda qaldı, iqtidar da sakitcə öz istədiyi addımı gerçəkləşdirdi. Amma 2003 və 2005-ci illərdə belə olmadı. Parlamentdə 8-10 nəfər müxalifətçi var idi və onların səsləri də eşidilirdi. Proseslər sonra elə istiqamətə getdi ki, müxalifət resurslarını da itirməyə başladı.

 

- Siz vəziyyətdən çıxış yolunu seçkidə görürsünüz. Amma bu gün Azərbaycan seçicisi ələbaxımlılığa, gözüqıpıqlığa öyrədilib. Seçicini bu mağmun durumdan qurtarmaq üçün nədən başlamaq lazımdır?

 

- Azərbaycan seçicisinin proseslərə yanaşması bəlli bir zaman çərçivəsində şəraitə uyğun olaraq dəyişir. Azərbaycan müxalifəti seçkiyə gedib namizədləri proseslərə qatmış olsa, seçici dərhal düşdüyü situasiyadan yeni situasiyaya adaptasiya olunacaq. Seçkiyə yönəlik mesajlar insanları yeni situasiyaya daşıya bilir. Bu gün də siyasi partiyalar, demokratiya uğrunda mübarizə apardığını bəyan edən təşkilatlar seçki situasiyasını yaratmaq üçün namizədlərlə iştirak edib sona qədər mübarizə aparacağını bəyan edərlərsə, inanın ki, çox qısa zaman kəsiyində hər şey alınacaq. Amma seçici yolayırıcında qalıb. Bütün bunların ən yaxşı variantı kimi seçici kənarda qalmağa üstünlük verir. Lakin proses siyasi partiyalar tərəfindən fərqli müstəviyə çıxarılarsa, seçici də öz yükünü sahilə daşıya biləcək...

 

- “..Çıxarılarsa, çıxarılarsa”, prosesi o fərqli müstəviyə kim çıxaracaq?

 

- Bu gün bir qrup deyir ki, əgər Seçki Məcəlləsi dəyişməsə seçkini boykot edirik. Azərbaycan iqtidarının mövcud olduğu dönəmlərin heç birində seçki situasiyası, Seçki Məcəlləsi dəyişməyib. Amma həmin kəslər tarixin müxtəlif dönəmlərində seçki prosesində iştirak ediblər. Hesab edirəm ki, açıq danışmağın zamanıdır. Azərbaycan müxalifətinin bəlli bir kəsimi qorxur ki, birdən hamıyla bir yerdə seçkiyə gedərik, bizim partiyanı seçkidə mandat qazanmağa qoymazlar, haqqımızı yeyərlər, parlamentdə 30 müxalifətçi olar, amma biz onların içində olmarıq. Həmin kəslər də yeni situasiyada parlamentdə müxalifətçilik edərlər. Və deyirlər ki, bu situasiya olunca, elə hazır müxalifətin iqtidarı olaraq seçki saxtakarlığı aradan qaldırılmayana qədər prosesə qatılmıram.

 

- Əgər belə demək mümkünsə, özünü radikal müxalifət kimi cəmiyyətə təqdim edən qüvvələr iddia edirlər ki, paralamentə qatılıb 3-5 nəfərin səsiylə nəsə əldə etmək mümkün deyil. Siz də parlamentdə təmsil olunmusunuz və elə o dövrdə də müxalifət az bir kəsimdə idi, amma İqbal Ağazadənin səsi eşidilirdi. Eləsə, bu yanaşma nəyin göstəricisidir?

 

- Əgər hesab edirəmsə ki, bu gün sizə müsahibə vermək, hansısa telekanalda hansısa narazılıqla bağlı çıxış etmək cəmiyyətin xeyrinədir və bunu mübarizə, cəmiyyətə verilən xeyir kimi dəyərləndirirəmsə, onda nədən bu imkanlardan vaz keçməliyəm? Məgər parlamentdəki çıxışlar bütün bunlardan azmı əhəmiyyətlidir? Bütün bunlar müzakirə olunası məsələ deyil.

 

- Qarabağ probleminin həllində hansı varianta üstünlük verirsiniz: müharibə, yoxsa sülh?

 

- Mən hakimiyyətə gələndə Qarabağ problemini həll edəcəyəm.

 

“..Şuşasız, Laçınsız, külli Qarabağsız heç kimlə sülhə getmərəm”

 

- “Gələndə” ifadəsini xalqın gözləmək təhəmmülü yoxdu, İqbal bəy. Ortaya mövqe qoyun.

 

- Mən hakimiyyətə gəlməmiş Qarabağ problemini həll edəsi kimsə yoxdu.

 

- Necə həll edəcəksiniz, deyin edək də, sabahı oturub gözləməyək.

 

- Gələcəm və həll edəcəm. O da mənim bacarığımdan, qabiliyyətimdən asılıdır. Sülh, ya da müharibə seçimi də mənim öz seçimim olacaq. 

 

- Bir anlığa fikirləşək ki, İqbal bəy hakimiyyətə gəlib, ölkənin birinci şəxsi, Ali Baş Komandandır. Erməniylə sülhə gedəcəksinizmi?

 

- Mən Şuşasız, Laçınsız, Kəlbəcərsiz, külli Qarabağsız heç kimlə sülhə getmərəm və siz də bunu yadınızda saxlayın.

 

- Ümumiyyətlə tarixə ekskurs edib olanlara nəzər salsaq, indiki durumda erməniylə sülhə getmək ağlabatandırmı, düzgündürmü?

 

- Dövlətimin haqqına girməyəcək, vətəndaş olaraq mənim haqqıma girməyəcək, Azərbaycanın bütün haqlarını tanıyacaq hər bir kəslə sülhə hazıram. Kimsə hesab edirsə bizim haqqımıza girib haqqımızı verməyəcək, bax burada yanılır. Biz haqqımızı alacağıq. Qarabağ da, İrəvan da, Göycə də, Zəngəzur da bizim haqqımızdı.

 

 

“...Kamal Abdulla haqlı olsaydı...”

 

 

- İqbal bəy, Xarici Dillər Universitetinin rektoru Kamal Abdulla və Vüsalə Ağabəyli arasında yaranan qarşıdurma ilə bağlı bir status yazdınız və bu status Kamal Abdullanın bəzi tərəfdaşları tərəfindən birmənalı qarşılanmadı. O tərəfdaşlar bir az da irəli gedərək ironiya ilə sual da etdilər ki, İqbal bəyi keçmiş dekan Vüsalə xanımla nə bağlayır?! Bu konuda əsil həqiqətlər nədən ibarətdir?

 

- Mən hesab edirdim ki, Kamal Abdulla rektorluq və idarəetmə sahəsində tamamilə indiyə qədər mövcud olan rektorların hamısından fərqlənəcək. Mən Kamal Abdullaya orada yazmışdım ki, sənin haqqında belə iddialar mövcuddur. Buyur, aydınlıq gətir, haqlı olduğunu ortaya qoy, isbatla. Çünki mən Kamal Abdulla haqqında bu fikirlərin yayılmasını istəmirəm. Kamal Abdullaya müraciətimin mahiyyəti bundan ibarət idi. Mən tanıdığım Kamal Abdullanı kiminsə hüququnu pozan Kamal Abdulla obrazında görmək istəmirəm. Çox təəssüf ki, söz adamlarına, qələm əhlinə bununla bağlı tapşırıqlar verdi. Mən söz adamı deyiləm, mən yazı adamı deyiləm. Ola bilsin ki, onlar daha gözəl ibarələrlə öz fikirlərini bildirsinlər. Vüsalə xanım məsələsinə gələndə mən ömrümdə heç bir dəfə olsun bu xanımı görməmişəm, tanımıram, amma içimdə bir sual var idi. Əcəba, Kamal Abdulla haqlıdır, yoxsa Vüsalə xanım və onunla bir yerdə olan digər xanımlar? Artıq bu gün içimdə bir qənaət möhkəmlənib: Kamal Abdulla haqsız imiş. Kamal Abdulla haqlı olsaydı, özünü müdafiə etdirmək üçün kimsəyə yazı yazdırmazdı. O xanımlar haqlıdırlar. Bundan sonra Kamal müəllimin də nə deməyindən asılı olmayaraq, mətbu orqanlarda kimin nə yazmasından asılı olmayaraq Kamal Abdullanın haqsız davranışı ortadadır. Kamal Abdulla sıradan bir rektor olursa, o, artıq Kamal Abdulla deyil. Mən Kamal Abdullanı bir az fərqli görmüşəm, bir az fərqli tanımışam, ondan fərqli şeylər ummuşam.

 

- Sevindirici haldır ki, harada cəmiyyəti narahat edən bir məqam varsa, dərhal İqbal Ağazadə orada olur. Elə İctimai Televiziyada bayağı mahnıların səslənməsilə bağlı məsələdə də belə oldu. Kimdi bu Eyyublara, Aygünlərə, Brilliantlara “Xalq artisti” adını verib, xalqı ələ salanlar? O nəhəng artistlərlə bunların səs diapazonunu müqayisə edəndə adam məəttəl qalır. Kimdir bizim milli musiqimizə qənim kəsilənlər?

 

- Mən heç kimi aşağılamaq istəmirəm....

 

- Biz bəyəm kimisə aşağıladıq ki? Eyyub da “Xalq artisti”dir, Rəşid Behbudov da!?...

 

- Mən bununla bağlı yazını yazandan sonra bəzi məqamlar məni daha çox narahat etdi...

 

- Hansı məqamları nəzərdə tutursunuz?

 

- “Bakılılara əl uzadılır”, “bakılıların mövqeyinə toxunulur”, “hamı bakılıların əleyhinə danışır” və sair kimi yanaşmalar məni dəhşətə gətirdi. Baxın, bu otaqda böyük Məmməd Əminin şəkli var. Amma bu, onun “bakılı” olması üçün deyil, Böyük Azərbaycançı olmasıyla bağlıdır. Mənim üçün Azərbaycanın Bakısı da, Şəkisi də, Şirvanı da, Qarabağı da, Güneyi də, Quzeyi də yalnız o şeylə dəyərlidir ki, bu, mənim Vətənimdir. İnsanlara münasibətim də doğulduğu yerə görə deyil. Otağımdan nə dədəmin şəklini asmamışam, nə də qarabağlı kimi bir qarabağlının. Onların təbirincə desəm, bir “bakılı”nın şəklini asmışam - Böyük azərbaycanlı olduğu üçün. Təəssüf edirəm ki, bu məsələni, hətta tanıdığım adamlar da bu yöndən şərh edirlər. Çoxları məni musiqi savadımın olmamasında günahlandırırlar. Belinskinin gözəl bir sözü var. Belinskini hər zaman tənqid edirlər ki, ömründə bir sətir əsər yazmamısan, amma yazanların hamısını tənqid edirsən.

 

- Elə o da cavabını yaxşı verir, eləmi?

 

- Bəli, Belinski də deyir ki, vallah mən ömrümdə yumurtlamamışam, ancaq qayğanağın dadını toyuqdan yaxşı bilirəm. Əzizlərim, mən şanson musiqinin tarixiylə bağlı o kəslərə dərs keçərəm: 15-16-cı əsrdə yaranmasından tutmuş ta 21-ci əsrə hansı şəkildə daşınmasına qədər. Mənim dediyim odur ki, “Ağabala Çaykovski, arvadı moskovski efirə daşına bilməz”. Əgər bunu bakılı yox, qarabağlı oxusaydı, yenə də o sözü deyərdim. Belə mahnıları efirə daşımaq olmaz. Bu həmin efirdir ki, xalqın puluyla büdcə televiziyası kimi fəaliyyət göstərir. Təəssüflər olsun ki, bir qisim mağara təfəkkürlü insanlar belə yanaşmaya tayfa prinsipləri əsasında yanaşırlar. Biz məgər hansısa bakılınımı, hansısa şəkilinimi tənqid edirik? Biz musiqidə olan o sözləri tənqid edirik ki, yanlışdır, efirə çıxarıla bilməz. Çox istərdim ki, o adamlar Eyyub Yaqubovu müdafiə etdikləri kimi böyük Məmməd Əminin də haqqı və hüquqlarını müdafiə etsinlər. Azərbaycanlı kimi bacarmırlarsa, ən azından öz düşüncələrinə uyğun olaraq bir “bakılı” kimi müdafiə etsinlər. Eynən mənim Məmməd Əminə olan sevgim qədər sevgi nümayiş etdirsinlər.

 

- Sizin sevginiz xalqa bəllidir. Sual oluna bilər ki, axı bu mahnılar çoxdandır ki, efir məkanını işğal edib. Xeyir ola, İqbal Ağazadə niyə məhz indi yatandan sonra yuxusunu danışır?

 

- İqbal Ağazadə dövlətçiliyimizin və millətçiliyimizin qorunub saxlanılması, milli məfkurəmizin hifz olunub saxlanılması yolunda heç zaman yatmayıb, əksinə hər zaman bu proseslər gedişatına nizam verənlər cərgəsində olub. Mən indiyə qədər “Ağabala Çaykovski” mahnısını eşitməmişdim. Şanson musiqi Bakıya gəlməzdən öncə meyxana var idi və sanki bir rəmzə çevrilmişdi bu meyxana. Amma mən meyxananın da efirə daşınmasının əleyhinəyəm. “Bu siçan, seyri siçan, basıbdı hər yeri siçan”ı efirə daşıyaq!? Kim bu repertuarı sevirsə, toylarında çaldırsın, öz çevrəsində qulaq assın, daha bunları efirə çıxarmayaq. Biz dünya mədəniyyətindən danışırıq, dünya mədəniyyətinin tərkib hissəsi olmağı arzulayırıq, amma özümüz mağara mədəniyyətinə sığınmaq istəyirik.

 

- “Jara” da dediyiniz dünya mədəniyyətinin tərkib hissəsi olmağın nümunəsidir?..

 

- (bir az susur)... Bilirsiniz, bütün bunlar, orada kimin oxuyub oxumaması məni ilgiləndirmir, qorxmuram da belə şeylərdən.

 

- Nədən? Hansısa erməninin Bakının göbəyində yambız oynadaraq bizə yanıqlıq verməsi sizi ilgiləndirmir?..

 

- Mən sizi əmin edirəm ki, bugünkü şərtlər daxilində yox, bir gün azərbaycanlılar Ermənistanda səhnədə oxuyacaqlar, darıxmayın. Ermənistanın hər bir yerindən Azərbaycan musiqisinin sədaları yüksələcək.

 

- Daha doğrusu, indi “Ermənistan” adlanan Qərbi Azərbaycan torpaqlarından.

 

- Adını nə qoyursunuz, qoyun. Mədəniyyətin sərhəddi yoxdur. Amma bu proseslər gedir. Lap hamımız qalxıb Zaranı burada oxumağa qoymarıq. Əvvəla onu deyim ki, Zara erməni deyil, Zara yezidi kürddür, amma biz onu bura buraxmamaqla özümüz haqqında daha da mənfi rəy formalaşdırmış olarıq.

 

- Sizin bu ifadə var e, “özümüz haqqında mənfi rəy formalaşdırmaq”. Siz siyasətçilər zaman-zaman bu ifadədən bir tutalğac kimi istifadə etməkdən bezmədinizmi?

 

- Qarışdırmayın. Bəlli bir çərçivə, bəlli bir münasibətlər sistemi var. O münasibətlər sistemində hər kəsin oturuşmuş dövlət olaraq addımları var. Azərbaycan da dünyada əlahiddə şəkildə, təcrid olunmuş halda yaşamır. Hirsinizi, hikkənizi, qəzəbinizi, kininizi o yerdən saxlayın Qarabağa. Torpaqlar işğaldan azad edilməlidir. Torpaqların işğaldan azad edilməsi üçün nə qədər deyirsiniz kin, qəzəb nümayiş etdirək, nə qədər deyirsiniz gedək vuruşaq, nə qədər deyirsiniz torpaqların azad edilməsi istiqamətində çalışaq. Gəldi oxudu, özüylə bir şey aparmadı ki? Torpağımızı alıblar, onu geri qaytarmalıyıq. Ona da müğənnilərin oxuyub oxumamalarının əhəmiyyəti yoxdur. Mədəniyyətimizin formalaşmasına da bunun ciddi təsiri yoxdur.

 

- Atəşkəs dövründə müharibə həm də psixoloji kontekstdə gedirsə, demək bir erməninin Bakıda qol götürüb süzməsi Azərbaycanın potensial döyüşçülərinin psixoloji sarsıntı halına gətirilməsi, bu döyüşçülərin xəcalət çəkməsi deyilmi?

 

- Ola bilər. Amma xəcalət torpaqlarımızın işğal edilmə faktıdır, erməninin oxumasında deyil...

 

 “Mənim təkpartiyalı sistem yaratmaq niyyətim yoxdur”

 

 

- İqbal Ağazadənin digər müxalifətçilərdən fərqi nədədir ki, bunca iddialı danışır, tez-tez deyir ki, başqalarının buna haqqı və imkanı yoxdur?

 

- Gəlin digərlərinin hakimiyyətdə olduqları zamana baxaq. Vəzifələrini yerinə yetirə, nümunəvi ola bilməyiblər, üzərilərinə düşən öhdəlikləri yerinə yetirməyiblər. Ya hakimiyyəti təhvil veriblər, ya istefa veriblər və sair. Mən parlamentdə olduğum müddətdə ən azı mənim qədər öz vəzifəsini nümunəvi olaraq yerinə yetirməyiblər. 15 il qanunverici orqanda olub, vəzifəmi də nümunəvi yerinə yetirmişəm, nümunəvi millət vəkili də olmuşam.

 

- Mən məsələnin bunca fərdiləşdirilməsini istəməzdim....

 

- Mən fərdi danışıram. Mənim üçün ümummüxalifət anlayışı yoxdur. O missiyanı yerinə yetirən İqbal Ağazadə var və İqbal Ağazadə o missiyanı necə yerinə yetirir, bax bundan danışa bilərəm. Kim yerinə yetirmirsə, eyvallah. Bu da başqa məsələdir...

 

- İqbal bəy, yenə də o fikirdəyəm ki, məsələni bunca fərdiləşdirib üstündə dayanmayaq. Yetər ki, mahiyyətinə vardıq. Siz Azərbaycan dövlətinin birinci şəxsi, Ali Baş Komandan olmağa iddialı bir siyasətçisiniz. 50 milyonluq bir xalqın rəhbəri olmaq istəyirsiniz. Bu günləri 54 siyasi partiyanı öz ətrafına cəm edə bilməyən İqbal Ağazadə, yaxud başqa birisi sabah 50 milyonluq bir xalqı necə öz ideyalarının ətrafında birləşdirəcək? Əvvəlki fəaliyyətinizlə işim yox. Dolğun fəaliyyətinizin nəticəsidir ki, hətta bu günün özündə də İqbal Ağazadənin millət vəkili olduğunu israrla bildirənlər var, amma millət vəkili vəsiqəsini cibində daşıyanların heç adını belə bilmirlər....

 

- İcazə verin suallarınıza cavab verim. Mən hakimiyyətə gələndə də ictimai-siyasi vəziyyətdən asılı olaraq siyasi partiyalar olacaq. Bəli, mən 50 milyonluq bir xalqın prezidenti olmağa iddialıyam. Mən partiyaları birləşdirmək missiyasını üzərimə götürməmişəm. Partiyalaşmanın daha geniş vüsət almasını və institutlaşmasını istəyirəm. Mənim təkpartiyalı sistem yaratmaq niyyətim yoxdur. Toplum təkcə siyasi institutlarla idarə olunmur. Bizim iddiamız hər kəsin iddiasından daha realistdir. Biz daşıdığımız görəvi layiqincə yerinə yetirən adamlarıq. Azərbaycan iqtidarı o görəvi layiqincə yetirmir ki, bunca problemlərimiz var. Elə Azərbaycan müxalifətindən kimlər var, siz adını çəkin saytınızın üzərinizdən, görün kimlər olduğu yerdən öz görəvini yerinə yetirib. Yerinə yetirə bilməyiblər....

 

- Niyə?

 

- Ya vəlvələdən, ya da zəlzələdən. Elə siz özünüz də bir məqamı vurğuladınız. Demək ki, İqbal Ağazadə millət vəkili olanda öz görəvini layiqincə yerinə yetirib ki, sizin müşahidələrinizə isnad etsək, hətta indinin özündə Ümid Partiyasının sədrini millət vəkili kimi görürlər. Amma millət vəkilləri var ki, o statusdadılar, millət heç onların adlarını belə bilmirlər. Mən inanıram ki, prezident olanda da öz görəvimi layiqincə yerinə yetirəcəyimə görə mənə uzun illər Azərbaycanın prezidenti deyəcəklər.

 

- Siz prezident olanda Azərbaycanda indiki kimi Qərbyönümlü müxalifət çoxmu olacaq?

 

- Yox, mən prezident olanda bütün parametrlərinə görə məmləkətimizdə Azərbaycanyönümlü partiyalar olacaq. Azərbaycanda qərbyönümlü, rusyönümlü, farsyönümlü müxalifət olmayacaq. Hər kəs Azərbaycanın mənafeyini düşünəcək. Başqasının mənafeyini düşünən özü siyasət meydanından getməyə məcbur olacaq.

 

- Kənar qüvvələrə leylək sədaqəti göstərmənin nədəni nədir, İqbal bəy?

 

- Onu leylək sədaqəti göstərənlərdən soruşun ki, əcəba, onların gözlərini qamaşdıran nədir? Vallah mən heç aydınlaşdırmadım ki, kimlər kimi niyə sevir. Hərənin bir sevgisi var. Mən də Azərbaycanı sevirəm, hər kəsə də Azərbaycan sevgisindən baxıram.

 

- Bu məhəbbət tənliyində hər iki tərəf bərabər olur da, düzdür?

 

- Bəzən olmur...

 

- Olmursa, onda bu necə aşiq-məşuqluq oldu?

 

- Yox, biz heç kimə məşuq olmaq niyyətində deyilik. Amma aşiq ola bilərik.

 

- Azərbaycan maraqlarını öz aşiqinə-Qərbə qurban verməyin adı nədir?

 

- Mən bilmərəm, mən Azərbaycan maraqlarını heç zaman və heç kimə qurban verməmişəm, heç bundan sonra da öz dövlətimin maraqlarını nəyə görəsə qətiyyən qurban vermərəm.

 

- Müşahidələriniz nə deyir, bu gün Azərbaycanda dövlətçilik maraqlarımızı qurban verməyə hazır olan qüvvə çoxdurmu?

 

- Azərbaycanın maraqlarını Rusiyaya, İrana, Qərbə satan qüvvələr var...

 

- Ucundan, qulağından deyin, biz də bilək o məşuqların adlarını?.....

 

(ardı var)

 

İgid Teymurlu
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Qocalmadan problemi həll etmək istəyirsinizsə, mənim hakimiyyətə gəlməyimə sizlər də yardımçı olun” - MÜSAHİBƏ-3

MÜBARİZ MƏNSİMOVUN SUÇU

 

 

“Bu, düz bağırsaqda bədxassəli şişin yaranma riskini 9 % artırır”

AXH: Hakimiyyətdən bu cür siyasətinə son qoymasını tələb edirik

AXH Qurultaya hazırlaşır

Kənddə qulyabani ovu: həmin “naməlum varlıq” bu dəfə Çiyni sakinlərini “təqib edir” - FOTO

"Asma körpü"nün bərpasi ücün rayon rəhbərliyinə müraciət edirəm

Azərbaycanın hərbi qulluqçuları Moskvada mükafatlandırılıb

Qənirə Paşayeva Kamerun, Nigeriya və Konqonun qadın nazirləri ilə görüşüb

Millət vəkilinin tanınmış qadın siyasətçiləri, QHT, KİV, təşkilat rəhbərləri ilə görüşü davam edir

Dövlət komitəsi Məhərrəmlik ayı ilə bağlı müraciət etdi

Ulu öndər Heydər Əliyevin yaxın dostu Osman Gezekerin ailəsi Azərbaycana təşəkkür etdi

Bakı-Naxçıvan-Bakı marşrutu ilə sərhədkeçmə prosesi asanlaşdı

Ermənistanın Qazax təxribatına Sərhəd Xidmətindən sarsıdıcı cavab

Erməni qadınlar azərbaycanlı gəncə hücum etdi