Milli Şura və REAL yenə bir-birini qırır

13:37 27-08-2019 | icon 76 | Siyasət
Milli Şura və REAL yenə bir-birini qırır

Versus.Az xəbər verir ki, Milli Şura və REAL arasında gələnilki parlament seçkilərində iştirak edib-etməməklə bağlı yaranan qalmaqal davam edir. Hər iki düşərgə sosial şəbəkələri “savaş meydanına” çeviriblər. Xüsusilə REAL sədri İlqar Məmmədovun seçkilərdə iştirakla bağlı son açıqlamaları MŞ-nin onun üzərinə total şəkildə hücum etməsi ilə nəticələnib.

 

Qurumun funksionerləri REAL-ı küçə söyüşləri ilə təhqirlərə “qonaq edirlər”.

MŞ-nin Koordinasiya Şurasının üzvü Rafiq Manaflı öz feysbuq profilində bu statusu paylaşıb: “Parlament seçkiləri hələ heç üfüqdə də görünmür. Heç kim heç kimə nəyi isə yedizdirməsə, İlqar Məmmədovun sözü olmasın, seçki sezonuna bir ildən artıq vaxt var.

 

Amma indidən, adını REAL qoyub ölkəmizin siyasi reallıqlarından bir əsr uzaq olan partiya özünün bütün “dayandoldurum” arsenalını işə salıb. Vurnuxurlar. Heç nəyin dəyişməyəcəyi seçki mühitində seçkidə iştirak suçunu yumşaltmağa çalışırlar. Əlhəmləri o qədər çaşıb ki, İlqar Məmmədov ömrünü millət davasına qurban edənləri boykot pozası verən erməni əlaltısı adlandırmağa qədər alçalır...

 

Rafiq Manaflı ile ilgili görsel sonucu

Rafiq Manaflı: “REAL kimi bambılı bir qurum...”

 

REAL-ın missiyası seçkini legitimləşdirməkdir... Onu da çox gözəl bilirlər ki, biz, onların erməni əlaltıları adlandırdıqları qüvvə buna imkan verməyəcəyik. Adlarının beynəlxalq protokollara müxalifət kimi düşməsi heç nəyi həll etmir. Qos-qoca Müsavat Partiyasının 2015-ci il seçkilərində iştirakı o seçkilərə legitimlik verə bildimi ki, REAL kimi bambılı bir qurum verə bilsin.

 

Bunu dərk etmək onları o qədər əsəbiləşdirib ki, hətta REAL-ın əsas “dayandoldurumu” Natiq Cəfərli gələcək boykotçuları “Boykotçular İttifaqı Təşkilatı” adlandıraraq, onun abbreviaturası ilə bizim ünvanımıza BİTlər yığını ifadəsini işlədib. Bizlər, Natiq bəy, “Boykotçular İttifaqı Təşkilatı” yığını ola bilərik, amma sizin kimi seçkiyə “Gedib Özünü Təslimləyənlər” yığını heç vaxt olmarıq".

 

Eldəniz Quliyev: ile ilgili görsel sonucu

Eldəniz Quliyev: “İlqar müəllim həbsxanada döyülüb dişləri sındırılandan sonra...”

 

MŞ-nin Koordinasiya Şurasının daha bir üzvü Eldəniz Quliyev isə bunları yazıb: “Bir zamanlar İlqar Məmmədov var idi... İndi yoxdur. Nə vaxtsa REAL adlı siyasi bir qurum da vardı... İndi o da yox kimi bir şeydir.

 

Üzvlərinin əksəriyyəti yaxşıca qızarıb-bişib-kreativləşdiklərindən, ismi-şəriflərini HƏRƏKAT qoymuşdular. Amma bütün bunlara baxmayaraq, düz-əməlli bir addım atıb HƏRƏKƏT də eləyə bilmədilər... PARTiyaya çevrilən kimi isə başladılar - parta-part - “xolostoy” güllə atəşinə... Özü də “silahı” demokratiya uğrunda mücadilə aparan öz əqidə və amal yoldaşlarına tərəf tuşladılar. Yatıb-yatıb qəfil oyanmış palçıq vulkanı təki, AXCP-nin, təmsil olunduğum Milli Şuranın ünvanına nifrət dolu çamur püskürdülər... Və nəticədə, REAL özünü dərin və anti-sanitar bir irreallıq boşluğuna yuvarlatdı...

 

Qəribə də olsa, hazırda həmin o boşluqdan siyasət keçilərinin “seçki-seçki” mələrtisindən başqa özgə bir səs eşidilmir!..

 

Onu da deyim ki, hörmətli-izzətli, bir az da həşəmətli İlqar müəllim həbsxanada döyülüb dişləri sındırılandan sonra əcaib-qəraib bir transformasiyaya uğrayıb..."

 

Natiq Cəfərli: ile ilgili görsel sonucu

Natiq Cəfərli: “Siz vaxtilə hakimiyyətlə danışıqlara gedib, Milli Məclisdə təmsil olunmusunuz”

 

REAL-ın icraçı katibi Natiq Cəfərli ittihamlara bu cür cavab verdi: “Hər bir siyasi partiyanın strateji və taktiki hədəfləri çərçivəsində addım atmaq, qərar vermək səlahiyyəti var. Səlahiyyətin olması qərarların doğru-düzgün olduğu anlayışına gəlmir. Bunun bir rasional izahı olmalıdır. Siyasi partiyalar dünyanın hər yerində seçkiyə hazırlaşmaq, seçkini daha da effektiv keçirmək üçün qurulur. Seçkilərə hazırlaşmaq siyasi partiyaların işidir. Özü də seçkiyə 2-3 ay qalmış deyil, bir seçki bitdikdən sonra digərinə hazırlaşmaq partiyaların əsas fəaliyyətlərindən biridir. Təəssüflər olsun ki, bizim opponentlər digər yolun nədən ibarət olduğunu söyləmirlər. Ənənəvi bəhanələr gətirilir ki, seçki komissiyaları prioritet əsaslarla formalaşmayıb, seçkilər saxtalaşdırılıb. Seçkidə iştirak etmədən bu vəziyyəti hansı yollarla dəyişmək istəyirsən? Siyasi partiyalar seçkidə iştirak etmədən bu vəziyyəti necə dəyişə bilər? Yeri gəlmişkən, insanlara yanlış məlumatlar ötürülür ki, seçki komissiyaları dəyişmədən seçkilərə getmək olmaz. Amma Azərbaycan qanunlarına görə, seçki komissiyaları parlamentin tərkibinə görə formalaşdırılır. Sən gərək siyasi partiya olaraq, seçkiyə gedəsən, parlament təmsilçiliyi uğrunda mübarizə aparıb yer qazanasan ki, sonradan Mərkəzi Seçki Komissiyasından tutmuş məntəqə seçki komissiyalarına qədər təmsilçilik qazanasan. Bunun başqa yolu yoxdur. Qanun da bunu belə tələb edir. Məntiq bunu deyir ki, seçkidə komissiyalarının tərkibinin dəyişməsi problemdirsə, bu problemin həlli də seçkilərdən keçir. Biz də deyirik ki, bəli, bu komissiyaların tərkibinin dəyişməsi problemdir, bununla bağlı bizim də ciddi iradlarımız və gözləntilərimiz var. Opponentlərimiz insanları çaşdıran bəyanatlar verirlər. Dərin müzakirə, analiz üçün bir müstəvi platforma yoxdur ki, burada həmin arqumentlərə cavab verək. Bu arqumentlərə internet üzərindən cavab verməyinə veririk. Amma həddindən artıq yalan və səhv məlumatlar internet üzərindən yayılmaqdadır. Nəticədə proses yanlış yönləndirilir, ümumi işə maneələr yaradılır. Bunu başa düşürəm. Çox güman ki, opponentlərimiz bizi əsas siyasi rəqib sayırlar. Bu da normaldır. Amma siyasi mübarizə tezislər, arqumentlər və bu arqumentlərin ağlabatan izahı üzərində olmalıdır. Səhv məlumatlarla insanları bilgiləndirmək və yönləndirmək, bundan daha pisi olan qarayaxma kampaniyası aparmaq, çamur atmaq ümumiuyyətlə, yolverilməzdir. Son zamanlar REAL-la bağlı təəssüf ki, belə kampaniyalar dəfələrlə olub. Bunun böyük ehtimalla səbəbi ondan ibarətdir ki, siyasi səhnədə əsas ciddi rəqiblərinin bizim olduğunu görüb, indidən rəqiblərinin gözdən salınması və sıradan çıxarılması kampaniyasına start verilib. Bizi hakimiyyətin içərisindən rəqib görənlərlə müxalifətin içərisindən rəqib görənlərin maraqları üst-üstə düşüb. Nəticədə əlbir hərəkət edib, müəyyən addımlar atırlar”.

 

N.Cəfərli REAL-ı hakimiyyətlə işbirliyində ittiham edənlərə sərt cavab verdi: “Əslində bu çox gülməli bir ittihamdır. Çox təəssüflər olsun ki, bu ittihamı səsləndirənlərin çoxu da vaxtilə parlamentə düşmüş insanlardır. Yəni hakimiyyətlə anlaşıb, deputat mandatı əldə ediblər. Adi məntiq bunu deyir. Özləri deyirlər ki, hakimiyyət icazə verməsə, heç kim deputat seçilə bilməz. Əgər belədirsə, 90-cı illərdən üzübəri deputat olanlar bu iradı səsləndirirlərsə, bu artıq gülməlidir. Deməli, siz vaxtilə hakimiyyətlə danışıqlara gedib, Milli Məclisdə təmsil olunmusunuz. Bunun yollarını yaxşı bildiyiniz üçün bizi ittiham edirsiniz. İndi nə seçki var, nə mandat uğrunda mübarizə başlayıb, nə də mandat qazanmamışıq. Siz indidən qarayaxma və seçkilərin gözdən salınması kampaniyası aparırsız. Bu məntiqsizlikdir. İddia səsləndirən onu sübut etməyə məhkumdur. Sübut etmirsə, bu boş söz yığınından başqa bir şey deyil. Amma bizim əlimizdə sübutlar var. 2000-cü ildə kimlərin parlamentə, özü də necə düşdüklərini yaxşı bilirik. Bundan 5 il sonrakı seçkilərdə kimlərin necə deputat olduqlarından xəbərsiz deyilik. 2010-cu ildə hansı proseslərin olduğunu da yaxşı bilirik. Boykotdan istifadə edib, bütün siyasi proseslərdən kənarda qalıb, xalqa yalandan vəd vermək ki, biz boykot edəcəyik, hakimiyyət legitim olmayacaq, xaric bunu tanımayacaq kimi yalan məlumatların, vədlərin necə boşa çıxdığını hər kəs görüb. Seçkilərdən sonra görmüşük ki, legitimliklə bağlı, ümumiyyətlə, heç bir problem olmayıb. Boykot tərəfdarlarının ən böyük arqumentləri budur ki, seçkidə iştirak etmək ona legitimlik qazandırır. Bu arqument isə özlərinə qarşı çevrilir. Çünki belə çıxır ki, 90-cı illərdən üzübəri seçkilərdə iştirak etdikləri üçün hakimiyyətə legitimlik qazandırıblar, boykot etdikləri seçkilərdə isə iqtidarın daha asan qələbə qazanmasına şərait yaradıblar, bir növ onun yolunu açıblar. Hər iki ehtimalda onların atdıqları addımın normal izahı, məntiqi yoxdur”. /"Müsavat"

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Bakının işğaldan azad edilməsinin 101-ci ildönümü ilə bağlı tədbir keçirilib - FOTOLAR

Lənkəranda bir neçə təhsil müəssisəsinin açılış mərasimi olub

ÜMİDDƏN ASILAN QILINC

Qazilər 92-ci il döyüşlərindən danışdılar

“Özünü güclü siyasi qüvvə və ya "ana müxalifət" hesab edirsə, buyursun seçkiyə” - MÜSAHİBƏ

Laçın şəhər 37 saylı məktəbdə BİLİK GÜNÜ - VİDEO

Qəbrin nurla dolsun şəhidim...

İQBAL AĞAZADƏ: O kəslər bir yerdə yaşasınlar ki, ayrı yaşaya bilmirlər

"Bu, islahat deyil, utancverici göstəricidir"

"Bəs Əli Kərimli niyə susur?"

Musiqi sevgisinin kökündə duran Üzeyir Hacıbəyli işığı

ŞƏHİD QƏBİRLƏRİNDƏN DUYULAN VƏTƏN ANDIMIZ 

"AXH bu gün müxalifətin aparıcı qüvvələrindən biridir”

Fuad Qəhrəmanlının qızından atası və Əli Kərimli ilə bağlı - Sensasion iddialar

AXCP sədri: Prezidentə və Birinci vitse-prezidentə qarşı “səlib yürüşü” edə bilmərik