Universitetlərin yataqxana problemi: 

11:44 29-08-2019 | icon 122 | Cəmiyyət
Universitetlərin yataqxana problemi: 

Artıq yeni tədris ilinin başlamasına az vaxt qalıb. Universitetlərə qəbul olunan tələbələr isə bu müddətdə bir çox problemlərlə qarşılaşırlar. Belə problemlərdən biri də, tələbələrin harada məskunlaşacaqları ilə bağlıdır. Universitetlər bölgələrdən vəö xarici ölkələrdən gələn tələbələrin bu probleminin qarşısını almaq üçün yataqxanalar istifadəyə verirlər. Lakin ölkəmiz müharibə şəraitində olduğunda yataqxanalarda məcburi köçkünlər də məskunlaşıb.

 

Nəzərinizə çatdıraq ki, hələ bir çox yataqxanalar isə istifadəyə verilməyib.

 

Versus.Az AzEdu.az-a istinadən məslə ilə bağlı universitetlərin mətbuat xidmətlərindən alınan məlumatları təqdim edir.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Elnarə Məmmədova bildirib ki, hazırda  universitetin yataqxanasında məcburi köçkünlər məskunlaşıb:

 

“Biz universitetin yataqxanasından istifadə edə bilmirik. Azərbaycan Respublikası Qaçqınlar və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsi bu məsələyə nəzarət edir.

 

Zaqataladakı filialımızda isə yataqxana fəaliyyət göstərir və tələbələrimiz burada məskunlaşıblar. Lakin həmin yataqxanadakı şərait o dərəcədə də yaxşı deyil. Bu səbəbdən də tələbələrin çoxu ev kirayələyirlər.

Bakıda olan tələbələr isə təəssüflər olsun ki, yataqxanadan istifadə edə bilmirlər”.

Azərbaycan Dövlət Texniki Universitetinin Tərbiyə İşləri üzrə prorektoru İsa Xəlilov bildirib ki, tələbələr qeydiyyatdan yeni keçdikləri üçün yeni tədris ili ilə bağlı dəqiq statistika demək mümkün deyil:

“Yataqxanalara qeydiyyat sentyabr ayının 15-nə kimi davam edəcək. Bu səbəbdən dəqiq bir söz demək mümkün deyil. Hazırda yataqxana ilə bağlı müraciət olunmayıb.

Bizim universitetin yataqxanası, demək olar ki, yoxdur. Olan yataqxana korpuslarında isə məcburi köçkünlər məskunlaşıb.

Əvvəllər bizdə 5 mərtəbəli hərbi kafedra olub. Onun 1 və 2-ci mərtəbəsi məcburi köçkünlərə verilib .Qalan 3 mərtəbəsində isə yalnız 120 və 150 nəfəri yerləşdirmək mümkündür, tələbələrimizin bir hissəsi də elə burada qalır.

Biz gözləyirik ki, məcburi köçkünlərimiz öz doğma yurdlarına qayıtsın və yataqxanalarımız boşalsın. Bu yataqxanalar tam şəkildə yenidən qurulmalıdı, çünki hesab edirəm ki, daha istifadəyə yararlı deyillər”.

Mövzu ilə bağlı Gəncə Dövlət Universitetinin mətbuat katibi Rauf Hacıyevlə əlaqə saxladıq. O bildirib ki, 1993-cü ildən universitetlərin yataqxanasında Kəlbəcərdən olan məcburi köçkünlər məskunlaşıb. R.Hacıyevin sözlərinə görə, iki il əvvəl  onlar başqa  qəsəbəyə köçürülüb:

“Hazırda dövlətimiz yataqxanalar üçün 8 milyon vəsait ayırıb. Bizim 5 mərtəbəli 4 binamız var ki, onun 3-ü dövlət hesabına təmir olunub.

Ötən il universitetin 80 illik yubileyi ilə əlaqədar ən böyük korpus istifadəyə verildi. Hazırda həmin korpusun yanında olan 5 mərtəbəli bina təmir olunur.

Gözlənilir ki, dekabr ayının 28-də 4 binanın açılışı olacaq və onlar yataqxana kimi tələbələrin istifadəsinə veriləcək. Burada 1000 nəfərə qədər tələbə yaşayış yeri ilə təmin olunacaq”.

Lənkəran Dövlət Universitetinin mətbuat xidmətinin rəhbəri Esmira İsmayılova isə bildirib ki, yeni tədris ilindən 160 nəfərlik yataqxana tələbələrin istifadəsinə  veriləcək.

“Tələbələr yataqxanada qalmaq üçün müraciət edirlər. Bu il təxminən 1200 nəfər tələbə universitetimizə qəbul olunub. Tələbələrin hamısını yataqxanada yerləşdirmək mümkün olmaz. Bunun  üçün də biz onların arasında seçim edirik. Şəhid övladlar və ya valideynini itirən ailələrin övladlarına üstünlük verilir. Növbəti illərdə Lənkəran Dövlət Universiteti daha bir yataqxananı istifadəyə verməyi planlaşdırır.

Bu günə qədər isə universitetimizdə 43 nəfərlik qızlar yataqxanası olub. Burada ucqar rayonlardan gələn qız tələbələr məskunlaşıb. Bu yataqxananın xüsusi avtobusu var ki, onlar da tələbələri universitetə aparırlar. Qeyd edim ki, yataqxana hər cür şərait ilə təmin olunub və paytaxt yataqxanalarından heç də geri qalmır.

Yeni yataqxanamız da həmçinin, hər şeylə təmin olunub.Verilən ərizələr əsasında burada tələbələr məskunlaşacaq. Yataqxananın olması universitetə tələbə axınını əsaslandıran amillərdən biridir”.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin mətbuat katibi Bəhruz Nəzərov bildirib ki, qeydiyyat prosesi indi bitdiyi üçün statistika ilə bağlı hələ dəqiq söz demək mümkün deyil:

“Universitetimizin 320 nəfərlik yataqxanası var. Həmin yataqxanada isə daha çox əcnəbi tələbələr qalırlar. Yerli tələbələr isə Tələbə Həmkarlar Komitəsi vasitəsi ilə yataqxanaya müraciət edirlər və burada məskunlaşırlar.

Hər il yataqxanalarımız dolu olur. Universitetimizdə 500-ə yaxın xarici tələbə təhsil alır. Bu il xarici tələbələrin sayının artması gözlənilir”.

Azərbaycan Dillər Universitetinin Tələbə Həmkarlar İttifaq Komitəsinin rəhbəri Şahin Sərdarlı bildirib ki, universitetin yataqxanası 200 nəfər üçün nəzərdə tutulub:

“Universitetin yataqxanasının bir hissəsində məcburi köçkünlər məskunlaşıb. Bu il qəbul olunan 35 tələbə, digər kurslardan isə 30-a yaxın tələbə müraciət edib.

Əvvəlki illərdə də müraciətlər eyni qaydada olub. Yataqxanada qalmaq istəyən tələbələr ərizə ilə müraciət edərək burada qalmaq istədiklərini bildirirlər. Hazırda tələbələrimizin yataqxanaya yerləşdirilməsi prosesi davam edir”.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Yardımlıdan deputatlığa namizəd XƏQANİ CƏFƏROV Birinci vitse-prezidentə müraciət etdi - TƏCİLİ

Seçki kampaniyasında QOZBEL MEDİÇİ HƏQİQƏTLƏRİ

RAZİ NURULLAYEV ixtisara düşən 500 nəfərin taleyindən NARAHATDIR

Atəşkəs rejimi 23 dəfə pozulub

17 saylı Yasamal Üçüncü Seçki Dairəsindən namizəd - ƏLİ ƏLİYEV

XƏBƏRDARLIQ

Güllü Yoloğlunun güzgüsü

Viktor Hüqonun yeni əsəri üzə çıxıb

Karate üzrə Milli komandamız Parisdə Premyer Liqa turnirində iştirak edəcək

“PİS OĞLANLAR 3”

Cəbhədə son vəziyyət

228 cütlük nikahın pozulmasından imtina edib

77 saylı Astara seçki dairəsindən namizəd - RƏŞAD MAHMUDOV

Molla yanında oturan mürdəşir olar

61 saylı Neftçala Seçki Dairəsindən namizəd - SABİR RÜSTƏMXANLI