“Kimsə Rusiyaya açıq dəstək verəcəksə, onun qarşısını alacağıq” – MÜSAHİBƏ/VİDEO

17:21 09-09-2019 | icon 114 | Siyasət
“Kimsə Rusiyaya açıq dəstək verəcəksə, onun qarşısını alacağıq” – MÜSAHİBƏ/VİDEO

Fuad Əliyev: “Artıq 5 ay ərzində qarşıdurmalar, daxili çəkişmələr yenidən başlayıb”

 

Azərbaycan Xalq Hərəkatının (AXH) Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin (QHTK) sədrin birinci müavini, Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyevin Versus.az İnformasiya Agentliyinə müsahibəsi

 

- Fuad bəy, son vaxtlar müxalifət partiyaları arasında ziddiyyət və gərginliklər müşahidə olunur. Mövcud durumu necə dəyərləndirərdiniz?

 

- Müxalifət daxilində vəziyyət ürəkaçan deyil. Artıq 5 ay ərzində qarşıdurmalar, daxili çəkişmələr yenidən başlayıb. Çox təəssüf  ki, bəzi partiya sədrləri, partiya üzvləri qarşıdurmaya gedirlər. Kiməsə qarşı deyilən adi bir söz partiya üzvləri tərəfindən aqressiya ilə qarşılanır və bir-birinə qarşı söyüş, təhqirdən istifadə edirlər. Çox təəssüf ki, bu baş verir. Müxalifət birləşmə yolu ilə getdikcə bu qarşıdurmalar daha da çoxalacaq. Hesab edirəm ki, bu qarşıdurmanı yaradan elə hakimiyyətin özüdür. Fikir versəniz, müxalifətdaxili çəkişmələr əsasən sosial şəbəkələrdə gedir. Ola bilməz ki, real olan hansısa bir partiya üzvü həqiqətən də sosial şəbəkələrdə belə bir təhqirlərlə, ifadələrlə yazışmalar etsin. Bu, hakimiyyətin açdığı feysbuk profillərdir, trollardır, hansı ki, müxalifət adından yazışmalar edib, təşkilatları bir-birinə qarşı çıxarmağa çalışırlar. Çox təəssüf ki, bəzi partiya üzvləri də buna qoşulurlar. Bu gərginlik hazırda Milli Şura və Real Partiyası arasında gedir, ondan qabaq isə Müsavat Partiyası ilə AXCP arasında gedirdi.

 

 - AXH-nin bu ziddiyyətlərin əhatəsinə düşən təşkilatlardan olduğunu qeyd etmədiniz, niyə?

 

- Ziddiyyətlər AXH-nin daxilində baş vermişdi. Bundan da hakimiyyət çox ustalıqla istifadə etdi. Bəzilərini ələ aldı. İqtidarla görüşdə iştirak edənlər, guya ki, Azərbaycan Xalq Hərəkatını dağıtdılar. Amma heç bir dağılma baş verməyib. AXH özünün fəaliyyətini davam etdirir.

 

- Dediniz ki, müxalifətin daxilindəki gərginlik, qarşıdurmalar artıq 5 aydır ki, yenidən başlayıb. Eyni zamanda dediniz ki, bu ziddiyyətləri məhz iqtidar, hakimiyyət yaradır. Daxildə bəndlər zəif olanda xaricdən olan təsirlərin daha effektli olduğunu etiaraf etsək, iqtidardan başqa daha hansı daxili səbəbləri axtarmaq lazımdır?

 

- Siz fikir versəniz, elə yavnar-fevral aylarında Real Partiyası proporsional seçki sisteminin bərpası ilə bağlı imzatoplama kampaniyasına başlamışdı. Bir neçə müxalifət partiya sədrləri o kampaniyada iştirak etməklə partiyalar arasında normal münasibətin sərgiləndiyini göstərdi. Sadəcə Xalq Hərəkatı yeni bir qurum idi və 26 yanvarda keçirilən iclasa hazırlaşdığı üçün həmin kampaniyaya qoşula bilmədi. Biz kənar müşahidəçi kimi belə bir qənaətə gəldik ki, artıq müxalifət hansısa məsələdə birləşə bilər. Amma demək olar ki, may ayından başlayaraq yenə də başladılar davaya. Hakimiyyət  hakimiyyətyönlü mətbuat vasitəsi ilə, feysbuk profillərlə, trollar vasitəsilə bunu sosial şəbəkələrdə qarşıdurmaya gətirdilər. Bir-birinə qarşı dayandılar. Bir sədr baykotçulara qarşı bir söz işlədən kimi, onlar da dərhal bu sözü bayraq kimi götürüb başladılar onu tənqid, təhqir etməyə. Hakimiyyət təbii ki, çalışır ki, müxalifət birləşməsin.

 

- Bu gün, iqtidar nümayəndələrinin sosial şəbəkəyə gəlməsini özünün uğuru kimi qeyd edən müxalifət nədə yanılır?

 

- Sözsüz ki, hakimiyyət bu prosesdə iştirak edirsə, müxalifətə mane olmalıdır və öz işini görür və görməlidir. Burda söhbət müxalifətdən gedir. Müxalifət partiya sədrlərinin bir-birinə qarşı düşmən mövqedə olmasına inanmıram. İstənilən məsələdə biz birləşə bilirik. Sadəcə partiya üzvləri bu prosesi düzgün başa düşmürlər, mübahisələrə qoşulurlar və bu ziddiyyətlərdə iştirakçı olurlar. Onda feysbuk profillər keçir arxaya və münaqişəni partiya üzvləri davam etdirirlər. Hesab edirəm ki, partiya sədrləri istənilən məsələni toplaşıb bir arada müzakirə edə bilərlər.

Biz Qarabağ məsələsi ilə bağlı dəfələrlə toplaşmışıq. Dəyirmi masalar olub. Seçki məsələləri ilə bağlı həmişə toplaşıb  fikirlərimizi bildiririk. Ola bilər yanaşmalar fərqli olsun. Kimsə hesab edir ki, seçkidə mütləq iştirak etmək lazımdır, kimsə hesab edir ki, seçkini boykot etmək lazımdır. Hər iki yol taktiki yoldur.

 

- Müxalifətin sosial şəbəkədə çox olması onu zəiflədən məqam və üzərinə düşən məsuliyyəti doğru-düzgün həyata keçirməməsi kimi qeyd olunur. Belə deyilir ki, müxalifətdəkilər virtual aləmə o qədər önəm verirlər ki, artıq real mübarizə yaddan çıxır.

 

- Müxalifətin sosial şəbəkədə olmasını yanlış hesab etmirəm.

Əgər mitinqlərə, piketlərə icazə verilmirsə, bizim yeganə platformamız sosial şəbəkələr qalır. Çalışırıq heç olmasa orda aktiv olaq, mübarizə aparaq, fikirləimizi cəmiyyətə çatdıraq. Bu heç də zəiflikdən və yaxud da bizim real həyatda kiməsə ismarıc verə bilməməyimiz anlamına gəlməməlidir.

 

- Fuad bəy, bir qədər əvvəl AXH-nin digər qanadının üzvü Əhməd Oruc sizlərə qarşı ittiham, iradlar bildirdi və sizin deyil, özünün təmsil olunduğu AXH-nin həqiqi olduğunu dedi. Bilirik ki, bu günlərdə VİP sədri Əli Əliyev də Əhməd Orucun olduğu AXH qanadını tərk edib. Nə baş verir?

 

- Həmin o qrupda bir Əhməd Oruc qalıb. Bundan qabaq da biz bildirmişdik ki, tək Əhməd Orucla Xalq Hərəkatı ola bilməz. Buyursun qayıtsın AXH-yə. Mən öz adımdan deyə bilərəm ki, onun hərəkata qəbul olunması üçün səs verəcəm.

Artıq AXH Qurultaya hazırlıq üzrə təşkilat komitəsi yaradıb. Sentyabrın sonu, ola bilər ki, oktyabrın əvvəlində ilk qurultayımızı keçirəcəyik. Hazırda AXH Qurultaya hazırlıq Təşkilatının üzvləri regionlarda yerli xalq hərəkatının konfranslarında iştirak edib, qayıdıblar. Bir sözlə, biz işimizi davam etdiririk. Qurultaydan sonra hərəkata yeni üzvlər qəbul olunacaq və yaxın 1-2 ilə yeni bir proqram qəbul ediləcək.

 

- Bəllidir ki, AXH Qarabağ Komitəsindən sonra yaradıldı. Həmin ərəfədə müəyyən bir aktivlik nəzərə çarpdı. Sanki siyasi partiyaların bir araya gəlməsi müşahidə olundu. Eyni zamanda, elə ilk mitinqdən sonra əksər müxalif partiyalar bildirdilər ki, “Qarabağ məsələsi meydanlarda həll olunmayacaq”, ziddiyyətlər ortaya çıxdı və qüvvələrin parçalanmasını AXH ilə əlaqələndirənlər də oldu. İndi isə bəzi siyasi partiyalar AXH-ni tanımır. AXH deyəndə “hansı AXH” deyə, parçalanmanıza işarə edirlər.

 

- Biz ilk yaranan gündən həmin o xalq hərəkatının üzvüyük. İlk İdarə Heyətində olanlar burda qalıb. Bilməyənlər üçün deyim ki, bizim təşkilatın idarə heyətində İsgəndər Həmidov, Ağasif Şakiroğlu, Salman İmanoğlu, Süleyman bəy, İlyas bəy, Yavər bəy, mən, Həsən Həsənov var.  İlk yaranan idarə heyətində çoxluq biz tərəfdədir. Əgər ikinci tərəfi qeyd edirsizsə, gedənlər üç-dörd nədər idi və hazırda isə orda nəfər Əhməd Oruc qalıb. Kimsə araşdırsa görəcək ki, Xalq Hərəkatı necə yaranmışdı və nüvəsində kimlər olub və indi kimlər qalıb.

 

“Heç kimi məcbur etmirik ki, bizi tanısın, yaxud tanımasın”

 

- Sizi tanımayan, Xalq Hərəkatı deyəndə qeyri-müəyyənlikdə qalan siyasi partiya liderlərinə hansı mesajınızı verərdiniz? Sizi niyə tanımadıqlarını öyrənmək istərdinizmi?

 

- Onlar hamısı bizi tanıyır. Onlar özləri də bu Xalq Hərəkatının yaradıcıları olublar. Ötən il keçirilən ilk imzatoplamada hamısı iştirak ediblər. Sadəcə idarə heyətinə düşməyiblər və bu prosesdə çox da aktiv deyillər. Biz heç kimi məcbur etmirik ki, bizi tanısın, yaxud tanımasın. Biz regionlara səfərlər edirik və görürük ki, xalq bizi müsbət qarşılayır, təşkilatımıza üzv olmaq istəyir. Yeni üzvlər qəbul edirik. Partiyalar bizi tanımırsa, bu o demək deyil ki, bütövlükdə kimsə bizi görmür və yaxud da tanımır.

 

- AXH deyəndə, tez-tez bir neçə siyasi liderin sizin hərəkata qoşulmaması, Tural Abbaslı ilə İsgəndər Həmidov arasında olan ziddiyyətlər, sonrakı qopmalar və sair məsələlər ortaya atılır. Nə baş vermişdi?

 

- Adlarını çəkdikləriniz və mənim qeyd etdiklərim - hamımız idarə heyətinin üzvləri olmuşuq. İmzatoplama ilə bağlı sazişə Hacıbaba Əzimov imza atmamışdı, Pənah Hüseyn imza atmamışdı. Sərdar Cəlaloğlu və İqbal Ağazadə isə həm imza atmışdılar, həm də iştirak etmişdilər. Sadəcə olaraq İdarə Heyətinin üzvü olmaq istəmədilər.

 

- Xalq Hərəkatını mənasız bir qurum bildilər?

 

- Onlar belə bir ifadələr eşitməmişəm. Amma bu gün Ümid Partiyasının 3 üzvü AXH-nin idarə heyətinin üzvüdür. Ona görə də düşünmürəm ki, Ümid Partiyası bu quruma əhəmiyyət  göstərmir.

 

- Son vaxtlar sosial media üzərindən gedən siyasi mübarizəyə nəzər salsaq, iqtidar bir sıra antimilli qüvvələrin daxildə radikal müxalifətlə bir araya gələrək, ölkə daxilində çaxnaşma yaratma iddiaları ortaya qoyur. Son günlər isə AXCP sədri Əli Kərimli ittihamlanır. Əli Kərimlidən başqa Azərbaycanda müxalifət yoxdurmu?

 

- Azərbaycandan xaricə gedənlər, çağırışlar edirdilər ki, guya noyabr ayında bura qayıdıb inqilab edəcəklər. Hətta bəziləri inqilabın tarixini də demişdi - 17 noyabr və sair. Bunlar qeyri-ciddi çıxışlardır.

 

- AXH-də inqilaba çağırış edir.

 

- Yox. Biz inqilab tərəfdarı deyilik. Bizim fəaliyyətimiz Konstitusiya çərçivəsindədir və biz hakimiyyətin dəyişməsini yalnız Konstitusiya çərçivəsində görürük. Ola bilər ki, bizdən qopan 3-4 nəfər bu çağırışları edib. Həmin o çağırışlar da, həmin o maliyyəyə görə edilirdi. Hansı ki, Əhməd Oruc Mockvaya gedəndə gətirmişdi. Biz dəfələrlə bəyan etmişdik ki, AXH üçün heç bir pul yığılmasın və göndərilməsin. Kimsə özü üçün şəxsi pul götürüb gətirirsə, biz ona qarışmırıq. O ki, qaldı xaricdə olanların inqilab çağırışlarına və tarixinin müəyyən deyilməsinə, inqilab dəyirmi masa deyil ki, hamını o masaya çağıraq. Qeyri-ciddi çağırışlardır. O çağırışları edənləri bu cəmiyyətdə tanımırlar. Həmin o kanallara uzağı 200-300 nəfər baxırsa, onlar üçün bu bayramdır. Hər dəfə də deyirlər bizi layk edin paylaşın və sair. Hansı bir dəyişiklik olacaqsa, burda yaşayanlar və bu ölkənin vətəndaşları edəcəklər. Hesab edirəm ki, xaricdə oturub çığır-bağır salmaqla olmaz. Səni burda heç kəs tanımırdı. Getmisən xaricə, kimsə sənə nəsə deyib, sən də öz kanalını açmısan, başlamısan həm pul yığırsan, həm də çağırışlar edirsən. Özün də orda yaşayırsan, heç kimdə sənə nə bir söz deyir, nə də incidir. Ona görə də hesab edirəm ki, noyabrda heç nə baş vermyəcək.

 

“Özünü davranışı, danışığı ilə biabır edib, öz mənfi səviyyəsini göstərib”

 

- Fuad bəy, AXH üzvü Əhməd Oruc sizi satqınlıqda ittihamladı. Bildirdi ki, kiminsə tapşırığı ilə tez-tez xaricə gedirsiz, gedib orda heç nə eləmirsiz. Bu iddialar hardan ortaya çıxa bilər?

 

- Bu onun fərziyyələridir. Bilmirəm hardan tapıb (gülür). Sözsüz ki, o məndən tez siyasətə gəlib - 30 ildən çoxdur siyasətdədir. Amma bir dəfə də burda fəaliyyətdə olan səfirliklərə getməyib. Bir dəfə də olsun beynəlxalq təşkilatlarla görüşməyib. Biz bir blokda olanda məndən həmişə xahiş edib ki, onu da mütləq  özümlə aparım. Onu apardığım yerlərdə, yumşaq desək, özünü  davranışı, danışığı ilə biabır edib, öz mənfi səviyyəsini göstərib. Ona görə onun məlumatı yoxdur ki, bu səfərlər necə təşkil olunur, ümumiyyətlə bu işdən anlayışı yoxdur. İstər Avropa Parlamentində olan görüşlər, istər Amerika DD Konqresdə  görüşlər dəvətlə olur, mənim istəyimlə olmur. Dəvət edirlər, biz də gedirik. Onun anlayışı yoxdur belə məsələlərdən.

 

“Biz də deyək ki, sizin AXH-dən qazancınız o oldu ki, ofis götürdünüz”

 

- AXH olaraq sizin Milli Şura, AXCP ilə hansı əməkdaşlığınız var. Belə fikirlər var ki, siz birlikdə Rusiyayönümlü xətt tutursunuz. Siz də özünüzü radikal hesab edirsiniz. Və bu, ənənəvi müxalifətdə olan bəzi partiyalarda gülüşlə qarşılanır.

 

- Xalq Hərəkatı heç vaxt Rusiya tərəfində olmayıb. Əslində Rusiyaya qarşı bütün layihələrdə biz öz fikrimizi bildirmişik. Hər kim ki, o layihələri burda həyata keçirmək istəyirsə, onun qarşısını almağa çalışırıq. Və həmin sözləri Milli Şura ilə bağlı deyə bilərəm. Vaxtilə deyirdilər ki, Milli Şura Rusiyanın layihəsidir. Amma son 3 ildə, Milli Şuranı bir neçə partiya tərk edəndən sonra hazırda orda Milli Şuranın tərkibini AXCP təşkil edir, o heç vaxt Rusiya meyilli olmayıb və Rusiya siyasətinə heç bir dəstək verməyib.

 

- Əli Kərimlini iqtidarın kadrı olduğunu deyənlər də var. Onlarla olan əməkdaşlığınız sizin də həmin setdə olduğunuz anlamını ortaya qoya bilərmi?

 

- Bundan əvvəl həm İsgəndər Həmidov Milli Şuranın keçirdiyi mitinqlərdə iştirak edib, həm ümumiyyətlə bizim istənilən idarə heyətinin üzvü AXCP Milli Şuranın üzvləri ilə normal münasibətlərimiz var. Bizim yolumuz  birdir və əməkdaşlıq bu formada gedir. Rəsmi əməkdaşlıq sözsüz ki, yoxdur. Amma biz istənilən Milli Şuranın tədbirlərinə dəstək veririk, onlar da bizim tədbirlərimizə dəstək verirlər.

 

“...deyirlər ki, guya biz hakimiyyətin adamlarıyıq, işgəncələr şoudur”

 

- Fuad bəy, bu gün hakimiyyətdən Əli Kərimliyə qarşı bir radikal müxalifət olaraq ölkədə qarışıqlıq yaratması ilə bağlı ittihamlar səslənir. Müxalifətdə olan əksəriyyət bunun düşünülmüş şəkildə iqtidar tərəfindən ortaya atıldığını və məhz həmin Milli Şurada olan Əli Kərimlinin iqtidarda olan qüvvələrin dəstəyi ilə müxalifət olaraq tanınması ideyasının güdüldüyü vurğulanır. Bununla bağlı fikirlərinizi bilmək maraqlı olar?

 

- İstənilən təşkilat, onun sədri bir az cəmiyyətdə tanınandan sonra ona möhür vururlar ki, o, hakimiyyətin adamıdır, o qəsdən təzyiqlərə məruz qoyulur. Baxın, AXH-də yanvar ayından iyul ayına qədər 200-ə yaxın həbslər olub, 30-11 sutkalıq cəza verilən adamlar olub, işgəncə olub. Amma bunun qarşılığında deyirlər ki, guya biz hakimiyyətin adamlarıyıq, işgəncələr şoudur. Əgər işgəncə şoudursa, sizi də tutsunlar, əllərinizi toka salsınlar, biz də deyək ki, bu şoudur. Yəni bunlar qeyri-ciddi fikirlərdir. Mən yenə də deyirəm, bizi xaricə dəvət edirlər, deyirlər ki, bu hakimiyyətin adamıyıq. Yaxud, Əli Kərimlini ona görə itthamlayırlar, ona görə kampaniya aparırlar ki, ən radikal müxalifət kimi təqdim etsinlər. İstənilən partiya sədri üçün “sizin hakimiyyətlə iş birliyiniz var”, -deyirlər. İstər ofisi olsun, istər olmasın. Nə oldu birdən-birə 3-4 partiya ofis götürdü? Biz də deyək ki, sizin Xalq Hərəkatından qazancınız o oldu ki, ofis götürdünüz. Hansısa bir fikir söyləyəndə fikirləşməlidirlər ki, bunu sənə qarşı da söyləyə bilərlər. Sözsüz ki, istənilən siyasi təşkilatın ofisi olmalıdır. O başqa məsələ ki, hakimiyyət vermir, öz qəbul etdiyi qanunlara hörmətlə yanaşmır. Amma sən keçən il niyə belə danışmırdın, yanvar ayından məlum olan görüşdən sonra başlayırsan belə radikal çıxışlar, hərəkətlər etməyə, kimisə döyürsən, kimisə vurursan, söyürsən. Və yaxud da digər ofis olmayan partiyalar birdən-birə ofis götürürlər...

 

- İsgəndər Həmidovun, başqası tərəfindən yox, elə onun ətrafında olanlar tərəfindən ittihamlanaraq “satqın”, “xəyanətkar” adlandırılması, “o satılıbsa yanında olanlar çoxdan satılıb” kimi fikirləri necə dəyərləndirərsiniz?

 

- Bizim idarə heyətində heç kim belə fikir söyləyə bilməz. Çünki İsgəndər Həmidovu tanıyanlar bilirlər ki, o nə satılandır, nə də alınandır. Bunlar hamısı dedi-qodudan başqa bir şey deyil.

 

- Fuad bəy, siyasi camiyədəki ziddiyyətləri qeyd etdik, iqtidarın müxalifətə, müxalifətin bir-birinə və iqtidara qarşı çıxışlarına toxunduq. Ümumən cəmiyyətdə nə baş verir?

 

- Sosial durum çox pis vəziyyətdədir. Sosial partlayışın qarşısını almaq üçün hakimiyyət istənilən addımları atır. İkincisi, hakimiyyət daxilində çəkişmələr var. Bunun qarşısını almaq  üçün istənilən hərəkətlər edilir. Partlayışın qarşısını almaq üçün çıxışlar edir.

 

- Neçə illər təcrübəsi olan, dünyanı dəyişmək, ölkənin siyasi sistemini dəyişmək istəyən və hakimiyyətə  gəlmək istəyən müxaliflər niyə bu cür ziddiyyətlərə gedir. Bu müxaliflərin problemi nədir əslində. Bu həm də müxalifətçilik uğrunda dava ola bilərmi?

 

- Əsas müxalifət liderləri bu çəkişmələrə qoşulmurlar. Normal siyasətdən anlayışı olan partiya sədrləri bilirlər külək hardan gəlir.

Müxalifətdə bir-birini qəbul etməyənlər ideoloji və taktiki seçimləri qəbul etməyə bilər. Şəxsi olaraq kimsə kimisə qəbul etmirsə, deməli o, siyasətçi deyil.

 

““Qarabağı ya azad et, ya da get” düzgün yanaşma deyil”

 

- Belə fikirlər var ki, müxalifətdə olan bəzi siyasilər məhz Qarabağ üzərindən hakimiyyətə gəlmək ideyası üzərində işləyirlər. Qarabağın mövzu olaraq iqtidar-müxalifət çəkişməsində önə çəkilməsi nə dərəcədə düzgündür və bu bizə nə verə bilər?

 

- Qarabağ hamımızın problemidir. Bu gün hakimiyyət Qarabağ məsələsini həll etsə, istənilən müxalifət partiyası onun yanında olacaq. Burda inanmıram ki, kimsə buna qarşı çıxsın.

Qarabağın mövzu olaraq iqtidar-müxalifət çəkişməsində önə çkilməsi cəmiyyətə heç nə verə bilməz. ““Qarabağı ya azad et, ya da get” düzgün yanaşma deyil. İstənilən hakimiyyət Qarabağ torpaqlarını işğaldan azad etmək istəyər. Yəqin ki, bugünkü hakimiyyət də istəyir, ondan qabaqkı Cəbhə-Müsavat hakimiyyəti də istəyirdi. Sadəcə olaraq, yanaşma düz deyil. Hakimiyyətə gələn müxalifət, beynəlxalq güclərin təzyiqlərini görüblər. Bu gün o güclər daha da güclənib, əksinə, biz zəifləmişik. Qarabağ məsələsi bizi birləşdirməlidir. Sadəcə iqtidarın istəyi olmalıdır ki, bu məsələdə cəmiyyətlə bir yerdə olsunlar. Heç olmasa bu məsələdə bir yerdə olaq. Hakimiyyət addım atmalı cəmiyyəti birləşdirməlidir. Qarabağla bağlı forumlar, tədbirlər keçiririk. Sadəcə, əsas rol hakimiyyətindir. Hakimiyyət Qarabağ mitinqlərini özü təşkil etməli və özü də iştirak etməlidir. Hər gün Qarabağla bağlı tədbirlər olmalıdır. Ondan sonra cəmiyyət birləşəcək və xaricdə görəcək ki, Azərbaycanda öz torpaqlarını işğaldan azad etməyə hazırdır.

 

- Fuad bəy, qeyd etdiniz ki, iqtidar istəməz ki, torpaqlar işğaldan azad edilməsin. Bu onun güclənməsi, etimadın çoxalması, sevginin çoxalması deməkdir. Ola bilərmi ki, bu məsələdə iqtidara, hökumətə hansısa təsirlər olsun. Regionada möhkəmlənmək istəyən qüvvələr münaqişənin qalması üçün daxildə müəyyən bir ziddiyyətlər yaratmasında maraqlı olsunlar.

 

- Bununla bağlı təxminən iyul ayında bizə məlumat daxil olmuşdu ki, Rusiya yenidən burda yeni bir hərəkat yaratmaq istəyir. Bu hərəkat həm qərbə, həm də hakimiyyətə alternativ olmalıdr. Necə ki, vaxtilə Rüstəm İbrahimbəyovun kartından istifadə etmişdilər. Bizə məlumat daxil olanda AXH olaraq müəyyən addımlar atımışıq. O mənada ki, həm çıxışlarımızda bəyanatlar vermişik ki, kimsə Rusiyaya açıq dəstək verəcəksə, biz onun qarşısını alacağıq. İndi kim desant göndərilir. Çalışırlar ki, Azərbaycanda çalışan siyasətçiləri qabağa versinlər, qurum yaratsınlar. Yaranma tarixi olmalıydı avqustun sonu, sentyabrın əvvəli. Görünür, hələ ki, gözləmə mövqeyində qalıblar. Çünki yəqin ki, hakimiyyətdə olan hansısa tərəf bu prosesə təsir edib.

 

- O qüvvələrin adını çəkmək olarmı?

 

- Sentyabr ayında o qüvvələr öz təşkilatın yaranmasını açıq şəkildə bəyan edəcəklər. Yaransa siz özünüz görəcəksiniz. Yarana bilsə. Rusiya çalışır ki, buradakı güclü bir mövqeni saxlasın.

 

- Fuad bəy, mən də sizin kimi münasibət göstərməklə soruşmaq istərdim: Rusiyanın burda yaradacağı təşkilatda həm iqtidardan, həm müxalifətdən, həm Milli Məclisdə olan ənənəvi müxaliflər hakimiyyətdə olan nüfuzlu şəxslərin iştirakı gözlənilirmi?

 

- Bəli, demək olar ki, siz bütün spektrı sadaladınız. Bu hakimiyyətin bir qoludur. İstəyir ki, öz hakimiyyətini qorusun. Onlar da Rusiyadan istifadə etmək istəyirlər. Rusiyanın sözsüz ki, maraqları var, daim olub. Amma qarşı tərəfdə, hakimiyyət daxilində də artıq normal düşüncəli insanlar var. Hansı ki, Avropa Qərbyönümlü islahatlar həyata keçirmək istəyirlər.  Normal cəmiyyət yaratmaq istəyirlər. Bunların qarşısını almaq üçün bu addımları atmaq istəyirlər. Sözsüz ki, biz də bu addımların qarşısını almalıyıq. Necə ki, İsgəndər Həmidov demişdi ki, Rusiya bizə qarşı addım atarsa, hamımız silah götürüb ona qarşı vuruşacağıq.

 

- İsgəndər Həmidov da ortalıqda yoxdur.

 

- Sentyabrın 6-da əməliyyat olunub, əməliyyat uğurlu keçib. Bərpa prosesi başlayıb. Yəqin ki, sentyabrın 15-ə qayıdar.

 

- Allah cansağlığı versin bütün xəstələrə, eləcə də İsgəndər bəyə. Gərgin proseslərin getdiyini dedik. Öz təhlillərinizi ortaya qoydunuz. Bu prosesdə özünüzü əriyib getməkdən necə qoruyacaqsınız?

 

- Əksinə, Azərbaycan Xalq Hərəkatı bu gün müxalifətin lakamatividir. Xalq Hərəkatı ərimək əvəzinə daha da bərkiyəcək, qurultaydan sonra yeni üzvlər, yeni rəhbərlik olacaq.

 

- Radikalsınız, yoxsa konstruktiv?

 

- Nə söyüşlə, nə də loyal münasibətlə siyasət olmaz. Biz normal cəmiyyət yaratmaq, Konstitusiya dəyişikliyi istəyirik. Biz demokratik dəyişiklik istəyirirk. Bugünkü hakimiyyət bunu həyata keçirsə, bunu yalnız alqışlaya bilərik. Normal seçkilər keçirilsin, şəffaf olsun, seçki komissiyaları dəyişilsin, vətəndaşlara normal maaş verilsin, müəllim dilənçi kimi olmasınlar. “Qul bazarları” olmasın, mən orada işləyən insanlardan üzr istəyirəm.

 

- Siz seçkilərə getmək istəmirsiz. Düşünürsüz ki, seçkilər saxta olacaq və bu seçkiyə qatılmaq iqtidara işləməkdir. Bunun əksini digər müxalifət deyir. Hesab edirlər ki, seçkilərə getməmək iqtidara işləməkdir.

 

- Bundan qabaq Liberal Demokrat Partiyası olaraq biz  seçkilərdə iştirak edib qalib çıxmışıq. İstər parlament, istər bələdiyyə seçkilərində. 1999-cu ildə keçirilən ilk bələdiyyə seçkilərində bizim 600 üzvümüz olub. Ondan sonra keçirilən bələdiyyə seçkilərində sayımız azalıb. Çünki artıq müxalif olan siyasi təşkilatları seçkilərə buraxmırdılar. Biz başqa taktika seçdilər. Üzvlərimiz müstəqil şəkildə iştirak etdilər. İştirak edənlər bələdiyyə üzvü kimi keçdilər. Parlament seçkilərində iştirak edib qalib gəlmişik. Biz qalib gəldiyimiz seçkilərədə qalib gəldiyimizi sübut etmək üçün Avropa Məhkəməsinə müraciət etmişik. Mövqeyimiz ona görə dəyişib ki, seçkilərdə iştirak edib qalib gəldiyimiz halda istəmirik ki, kimsə yazsın ki, biz uduzmuşuq. Ona görə də seçki mühitinin dəyişməsini istəyirik. Amma indi mövcud olan seçki situasiyasına görə biz iştirak etməyəcəyik. Ona görə də hesab etmirəm ki, seçkiyə gedənlər, yaxud getməyənlər hakimiyyətin əlinə oynayırlar.  Gedənlər də getməyənlər də öz mövqelərini seçiblər və hörmətlə yanaşıram. Biz bələdiyyə seçkilərində partiya olaraq iştirak etmirik, amma üzvlərimiz qatıla bilər.

 

Tahirə Qafarlı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Qiraətçi Məleykə Alıoğlunu Universitetdən niyə uzaqlaşdırdılar?! - ŞİKAYƏT /VİDEO/

Müstəqilliyimizi rusa-erməniyə satan xainləri Fəxri Xiyabanda əzizləyirik

"Ayrı-seçkilik yaxşı deyil və gərək nəticəsinə də qatlanasan"

Bakının işğaldan azad edilməsinin 101-ci ildönümü ilə bağlı tədbir keçirilib - FOTOLAR

"Bu ayrıseçkilik göstərir ki, hakimiyyət səmimi deyil"

"4-5 müxalifət sədrinin iştirakı iqtidar-müxalifət dialoqundan xəbər vermir" - /VİDEO/

6 rayon Təhsil Şöbəsinin rəhbəri vəzifəsindən kənarlaşdırılıb

“Revmatik qızdırma ürəyi zəbt etmədən onu müalicə etmək lazımdır”

"Dialoqun mövzusu, dialoqa çağıran şəxsin səlahiyyəti olmalıdır"

AŞPA prezidenti və məruzəçinin səfərindən gözləntilər

“Avropa Birliyi yaxın gələcəkdə dağılacaq”

Lənkəranda bir neçə təhsil müəssisəsinin açılış mərasimi olub

“Siyavuş Novruzov heç vaxt havadan söz söyləməz” - MÜSAHİBƏ

Türk Dünyası KİV-ləri Qənirə Paşayevadan yazdı

"İqtidarla əlaqəsi olan partiyanın böyük qərargahı olar"