"BÖYÜDÜYÜM YURDA KƏŞFİYYATÇI KİMİ GƏLMƏYİM MƏNƏ PİS TƏSİR ETMİŞDİ”

09:36 25-10-2019 | icon 181 | Şəhidlər və şahidlər
"BÖYÜDÜYÜM YURDA KƏŞFİYYATÇI KİMİ GƏLMƏYİM MƏNƏ PİS TƏSİR ETMİŞDİ”

GÜNDÜZ SƏFƏRƏLİYEV: “BİZ PİÇƏNİS KƏNDİNƏ GƏLDİK”

 

Səfərəliyev Gündüz 713 nömrəli hərbi hissənin 3-cü bölüyünün keçmiş döyüşçülərindəndir. Onun döyüş xatirələrini sizlərə təqdim edirik.

 

1992-ci ilin iyul ayının ortalarında Bakı şəhərində Bünyad Sərdarov küçəsində yerləşən qərargahdan müxtəlif yaşlarda 50-60 nəfərlə birlikdə Mehdi Rüstəmovun rəhbərliyi altında Murov dağından keçərək Kəlbəcər rayonunun Qamışlı kəndinə yola düşdük. Bizi orda əsgər cərgəsinə düzərək, hələ o vaxtlar polkovnik rütbəsində olan Zaur Rızayev qarşıladı. Bizim yoldaşların əksəriyyəti Laçın rayonundan olduğu üçün, bizə silah sursat verərək Laçın rayon istiqamətində olan mayor Süleyman Əhmədovun sərəncamına yola saldı. Biz gecə ikən yola düşdük və səhər açılanda Laçın rayonunun Piçənis kəndinə çatdıq. Mayor Süleyman Əhmədovun əmri ilə bizlə gələn döyüşcülərdən bir neçəsi 2- ci rotanın tərkibinə yerləşdirildi. 2-ci rotanı Vağazin kəndinə göndərdilər və biz Piçənis kəndində qaldıq. Orada olan postları təhvil götürdük...

 

2 gün sonra gecə təxminən saat 3-4 radələrində Vağazin kəndində atışma olduğu barəsində bizə məlumat gəldi. Biz gecəykən Vağazin kəndinə getdik. Həmin vaxt Laçın polisi də orada idi, Sarıbabadan aşıb gələn ermənilərlə atışdıqlarını bildirdilər. Laçın polisindən 4 nəfər 2-ci və 3-cü rotadan olan bir neçə nəfərlə birlikdə təxmini 10-12 nəfər Sarıbaba istiqamətində erməniləri təqib etməyi qərara aldılar. Bizim qrupa rəhbərliyi Laçın polisindən olan kapitan Mili Qəhrəman İsrafil edirdi. Biz Sarıbaba istiqamətində hərəkətə keçdik. İpək kəndinə qədər hər yeri müşahidə edərək ayaq izlərinin olmadığını müəyyən etdikdən sonra geri qayıtdıq...

 

”ÜÇÜNCÜ ROTA GƏLƏNDƏN SONRA LAÇIN POLİSİ QOŞASU KƏNDİNƏ GETDİ”

 

Sarıbaba istiqamətindən mühasirəyə düşməməyimiz üçün Laçın polisi Pircahan kəndinə getdi. 2 gündən sonra 2-ci rota Pircahan kəndində yerləşdi, 3-cü rota tam tərkibdə olmadığı üçün hələ də Picənis kəndində qaldı. Pircahanda yerləşməkdə məqsədimiz Laçına hücuma hazırlaşmaq idi.


2- ci rota Pircahana getdikdən sonra Mehdi əlavə qüvvə gətirdi və onların içərisində mənim dayım oğlu olan Ələsgər də öz maşını ilə gəlmişdi.


Mən Əhmədovun icazəsiylə dayım oğlunun maşınıyla Pircahana getdik. Biz Pircahanda 1-ci və 2-ci rotanın uşaqlarıyla görüşüb polislərin yanına getdik, orda bizə bildirdilər ki Laçın polisi Bülüldüz kəndinə kəşfiyyata gedib və orda ermənilərlə qarşılaşıb bir neçə erməni öldürüb, artıq geri qayıdırlar. Gecə maşının işıqlarını yandırmaq təhlükəli olduğu üçün gecəyə qalmayıb Piçənis kəndinə qayıtdıq. Səhəri gün axşama qədər ratsiyanın batereykası tükəndiyi üçün heç bir əlaqəmiz olmadı. Səhəri gün Kəlbəcərdən batereyka gəldi və biz 1-ci rotayla əlaqə yaratdıq. Məlumat aldıq ki 2-ci rota Hoçaz kəndinə girmişlər və orda xeyli erməni öldürmüşlər. Səhər tezdən olara dəstək üçün biz Pircahan kəndinə getdik.

 

Bizə məlumat verdilər ki, 2-ci rota geri çəkilir və 2 nəfər yaralı var biz geri qayıdandan sonra yenidən məlumat aldıq ki bizim orda 7 qardaşımız şəhid olub və 2-ci rota yenidən Pircahanda yerləşib. Səhərisi gün bizim rota Picənisdən mayor Əhmədovla birlikdə Pircahana getdik, 1-ci və 2-ci rota öz postlarını qurmuşdu. Laçın istiqamətində kəndin sol tərəfində uzun güney deyilən yerdə, çaya yaxın yüksəklikdə biz öz postumuzu qurduq. Biz Pircahana gəldikdən sonra Laçın polisi Qoşasu kəndinə getdi.

 

“ERMƏNİLƏRİN YAXINLAŞMASINI GÖZLƏYİRDİK”

 

Biz Pircahan kəndinə gələrkən Piçənis kəndindən olan yoldaşlarımızla bir qədər mübahisə etdim. Onlardan təkcə Mamed bizimlə gəldi və bizimlə axıra qədər gedəcəyini də dedi. Biz Pircahanda olanda hər gün gecə və gündüz üzbəüz olan Bülüldüz kəndi ətrafında ermənləri müşahidə edirdik. Avqust ayının 4-ü gecə mən postda olmuşdum. Səhər istirahət etməyə macal tapmamış xəbər verildi ki, Bülüldüz istiqamətindən ermənilər hücuma keçib. Biz postların hamısında mövqelərimizi gücləndirəndən sonra müəyyən etdik ki, həqiqətən ermənilər magistral yolla bir maşın və bir UAZ-la  Pircahan çayına tərəf sərbəst  hərəkət etmədədilər. Qabaqda iki nəfər gəlirdi. Biz onların yaxınlaşmasını gözləyirdik. Pircahan çayına ən yaxın mövedə üçüncü rotanın postları idi. Biz öz mövqeyimizdən çıxaraq çaya yaxın orta yol deyilən yerin əkin sahəsinin ayağına qədər irəlilədik və ermənilərin çaydan keçib yuxarı bizə tərəf hərəkət edəcəkləri movqeləri nəzarətə götürdük. 

 

“BMP-NİN ATDIĞI MƏRMİ YOL İLƏ GƏLƏN DÖYÜŞÇÜLƏRİN ARASINA DÜŞDÜ”

 

Mən üzü çaya tərəf sağ tərəfdə lap aşağıda qoz bağlarına gələn yolu nəzarətə götürmək üçün özümə mövqe tutmuşdum. Mənim dayandığım yerdən qoz bağlarına gələn yolu və çayın o tayındakı yollarla ermənilərin gəlməsini çox aydın müşahidə etmək mümkün idi. Həmin vaxt birinci rotadan olan döyüşçülər yaxın təpənin ayağındakı maşın yolu ilə çaya tərəf hərəkət edirdilər. Onlara yol ilə gəlməməyi xəbərdarlıq etsək də, aralı olduğu üçün dərənin o tayına səsimiz çatmırdı. Onlar cəm şəkildə yolla hərəkət etməyə davam edirdilər.

 

Bu zaman Bülüldüz bağının üstündə dayanan BMP dalbadal atəş açmağa başladı. Mənim başımın üstündən keçən mərmilər gözümün qarşısında yol ilə gələn döyüşçü qardaşlarımın ortasına düsdü. Mərmini öz gözlərimlə gördükdə dəhşətə gəldim və BMP-nin dayandığı  istiqamətə maqazində olan güllələrin hamısını boşaltdım. Məsafə elə də uzaq olmadığı üçün zirehli texnikaya və onun ətrafına dəyən güllələr aydın görünürdü. Sonra yerimi dəyişərək Bülüldüz bağının qurtaracağı dərənin o tayındakı döngədə dayanmış UAZ maşınını və bu maşının yanında  dayanmış ermənini hədəfə götürərək dayanmadan atəş açmağa başladım. Güllələrin maşına və maşının yanındakı adamın ətrafına düşdüyü aydınca görünürdü. O adam UAZ maşınının içinə soxuldu. Maşının qapısı da açıq qalmışdı, çox keçmədi ki, maşın sürətlə dərəyə girdi. Bundan sonra mən öz mövqeyimdən çıxıb əks tərəfi gülləbaran etməklə “Həcərin yeri”nin yuxarısındakı əvvəlki postumuza çəkilməyi məsləhət gördüm.

 

Belə hesab edirdim ki, bizim mövqeyimiz yüksəkdə olduğu üçün ermənilərin irəliləyəcəkləri halda onları yuxarıdan aşağı qırmaq bizim üçün asan olar. Bu vaxt birinci rota öz döyüş mövqeyində idi. Və biz də öz mövqeyimizə çəkildik. Mayor Əhmədov da bizimlə idi. O qərargahla əlaqə yaratdı. Araya sakitlik çökmüşdü. Kəlbəcərdən təzə çörək gətirmişdilər, ondan bizə də gətirdilər, elə həmin yerdə postda oturub nahar elədik. Uşaqlar mənə dedilər ki gecə yatmamısan, hələ ki, sakitlikdir, get bir qədər istirahət elə. Mən yaxınlıqdakı palıd ağacının dibində uzanıb yuxuya getdim....

 

“VÜQAR HƏSƏNQULİYEVLƏ BİRGƏ ÇAYA KƏŞFİYYATA GETDİK”

 

Bir azdan məni oyatdılar, ermənilərin geri çəkildiklərini dedilər və biz qərargaha gəldik.  Mayor Əhmədovdan məlumat almaq üçün qərargaha gəldim. Əhmədov mənə bildirdi ki birinci rota kəşfiyyatdan gəlib, ermənilər də çaydadı. Mən ona bildirdim ki əgər ermənilər çaydadılarsa iki qranatamyot və məndən başqa üç nəfər silahlı şəxslə çayın aşağı istiqamətilə gedib “Seyidlər bağı” tərəfdən çayı keçməliyik. Bununla da düşmənin arxasına keçib onların texnikasını məhv etməyi öz boynuma götürürəm.

 

Əhmədov bununla razılaşmadı. Bu dəfə çaya kəşfiyyata  getməyimi təklif etdim və mənimlə gedəcək ikinci şəxsi özümün təyin edəcəyimi  xahiş etdim. Əhmədov bununla razılaşdı və mən təcili olaraq hazırlıq görərək özümlə gedəcək, sözümdən çıxmayacaq şəxsi Vuqar Həsənquluyevi  götürməyi qərara aldım. Vüqarla birgə çay isdiqamətində yola düşdüm.  Çayın yaxınlığında “Orta bağ”a enən yolun üstündə “Sarı yeniş” deyilən ərazini bir qədər izlədikdən sonra  çaya yaxın axırıncı təpənin üstünü müşahidə etdik. Vuqara oraya nəzarət etmək, kimisə görəcəyi təqdirdə atəşlə mənə xəbərdarlıq etməsini bildirib irəliləməyə başladım. Əvvəlcə sol tərəfdəki təpənin qabağına keçərək hər iki tövləyə nəzarət etdim. Sonra irəliləməyə başladım, təzə tövlənin üst tərəfində “Tikanlı zəmi”nin qırağında izlərə rast gəldim. Bu izlər öncəki gün burada biz tərəfə atəş açan ermənilərin izi idi.  Sonra çaya tərəf endim, tövləyə çatmamış üst tərəfdə yerləşən ferma işçisi Mirəsdənin evinə girdim...

 

“MÜHASİRƏYƏ DÜŞƏRƏMSƏ NƏ EDƏCƏYİMİ PLANLAŞDIRMIŞDIM”

 

...Mən çaya enərkən ətrafda qaratikan kollarının arxasında gizlənsəm də, bu, elə də etibarlı deyildi. Tövlənin sağ tərəfində ocağın tüstüsü görsənirdi. Buna görə güman etdim ki, ermənilər texnikanı tövlədə saxlayıb,  özlərisə ocağın yanındadılar. Evə girməyi qərara aldım. Əvvəlcədən mühasirəyə düşərəmsə nə edəcəyimi planlaşdırmışdım. Bir necə dəqiqə müşahidə etdikdən sonra oradan çıxaraq cəld hərəkət edib tövlənin baş tərəfinə gəldim. Qapının arasından tövlənin içini nəzərdən keçirdim. Orada heç kim yox idi. Sonra qabaq tərəfə çıxdım, orada da heç nə görmədim.  Yaxınlaşanda böyük  qoz kötüyün tüstüləndiyini gördüm. Və əmin oldum ki burda heç kim yoxdur. Sonra tövlənin qabağındaki daşın üsdə oturub siqaret çəkdim. Bərk kədərli və hirsli olduğum üçün böyüdüyüm bu doğma yerlərə kəşfiyyatçı kimi gəlməyim mənə çox təsir edirdi. Bərk susadığım üçün bağa girdim və xeyli alma yığdım, körpüyə tərəf gedib, oraları müşahidə etdim. Tanklar çaydan bəri keçməmişdi, hər yeri nəzarətdən keçirərək geri qayıtdım. Vüqarla birgə öz mövqeyimizə təxminən yüz metr qalmış başımızın üstündən “Humayqaçan dərə”dən atılan qrad mərmisinin iki partlayışının səsi gəldi. Mərmi “Orta bağ”ın o tayındakı qəbiristanlığın yanındakı əkin yerinin qırağına düşdü. İkinci mərmi Bülüldüz kəndinin sol tərəfinə, sonra kəndə, növbəti mərmi isə “Bülüldüz yarması”ndan keçən yolun içinə düşdü. Daha sonrakı mərmilərsə Laçın isdiqamətinə atıldı.Təxminən yarım saat sonra Laçın tərəfdən qrad mərmiləri yağış kimi yağmağa başladı. Atəşin haradan atıldığı dəqiq görsənirdi. Laçın rayon meşə idarəsinin alt tərəfindəki döngədən atılırdı. Ancaq atəşlərin heç biri dəqiq olmadığı üçün kəndin ətrafına və məktəbdən yuxarı düşürdü.Təxminən 15-20 atəş açıldı.

 

“TOPLARLA BÜLÖVLÜK İSTİQAMƏTİNDƏ GERİ ÇƏKİLDİLƏR”

 

Bir qədər sakitləşəndən sonra kəndin yuxarısında 3 gün əvvəl briqadadan gəlib yerləşdirdikləri toplarla Bülövlük kəndi istiqamətə geri çəkilməyə başladılar. Bizim döyüşçülər arasında panika yarandı. Lacına xeyli miqdarda texnika ve qosunla ermənilərin hücuma keçəcəkləri danışılırdı. Bizim döyüsçülər geri çəkilməyə basladılar. Bizim 3-cü rota Alıqulu istiqamətində hərəkət edərkən “Sarı yoxuş”un başında mən maşından düşüb “getmirəm” dedim. Uşaqlarla bir qədər mübahisə etdim. Bu vaxt Mehman mənə yaxınlaşaraq acıqlandı və məni maşına otuzdurdu. Biz Bülövlük kəndinə gəldik. Mən topları orada gördükdə əsəbiləşib onlara yaxınlasdım. Onların nə üçün atəş açmadıqlarını və nə üçün geri cəkildiklərini soruşduqda onlar bildirdilər ki, “3 gündür komandirimiz mərmi gətirməyə gedib, hələ də gəlib cıxmayıb”. Bu zaman Rafiq mənə yaxınlaşıb sakitləşdirərək Kamran bəyin həyətində yığışan döyüsçülərin yanına gətirdi...


İGİD TEYMURLU
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Hafiz Hacıyev Cəmil Həsənlini, Əli Kərimlini, Arif Hacılını və İsa Qəmbəri "ağ yudu, qara sərdi"

"Keçirilən aksiyalar da xalq naminə deyil, mühacir biznesinin inkişafına yönəlib"

İraq türklərinin mənəvi lideri Riyaz Sarıkahyanın ailəsinə ağır itki üz verib

“Bu xəstəlik vaxtı vanna qəbul etmək olmaz”

“Xəstəlik asta-asta, bir neçə ay və hətta bir neçə il ərzində inkişaf edir”

Qadının ən gizli orqanının sirri açıldı

“Bu məsələlər dövlət səviyyəsində araşdırılmalıdır” - MÜSAHİBƏ

"Əli Kərimliyə zahirdə düşmən olan bəzi iqtidar mənsubları və..."

Yatanda ayaqların arasına yastıq qoyun

MƏN ÇEYNƏNƏN BİR ÖLKƏNİN "HAQQ" BAĞIRAN SƏSİYƏM...

"2020-ci il seçkiləri oğurlanır"

Dünənimizi qaralamadan bu günümüzü xilas edə bilsək…

Xalqın Azadlıq uğrunda mübarizəsini, inamını sındıra bilmədi - VİDEO

Onu ömürlük həbs cəzası gözləyə bilər

Paşinyan yenə sərsəmlədi və...