BU, BİZİK!!!

12:31 27-01-2018 | icon 778 | Köşə
BU, BİZİK!!!

İGİD TEYMURLU

Bizim BAŞIMIZ var. Ancaq başımıza qoymağa papağımız yoxdur. Olmayan papaq altında cürbəcür statuslu, ordenli, medallı qəhrəmanların yatmasından danışmaq da pəhrizliykən alça turşusu sifariş verməni xatırladır. Bizim papaqlarımız rus-fars-erməni triosunun gülləsi ilə Dərbənddə, Borçalıda, Təbrizdə, Qarabağda yerə gömüldü, aşsüzənə döndü.

Cılızlarımız ələnib göyə sovruldu, yeməlimiz yeyildi, qalanlarımızın başı da aşıq-aşıq oyununa qatışdı. Cahandar ağa ləyaqətindən uzaq olan qara-quralarımızsa qisas naminə düşmən gözünü nəinki ova bilməyib, əksinə qismətimizin yavaş-yavaş homoseksuallaşan Avropadan zənbillə düşəcəyini təlqin etməklə şortikli conlara ediləcək beyəti çıxış yolu kimi göstərirlər. Övladlarımıza işğal olunan torpaqlarımızı miras qoyub, güzəşt və imtiyaz əldə etmək üçün yarınırıq, yalvarırıq, yaxarırıq. Başımızı qaşıya da bilmirik, çünki bizim dırnağımızı əmələ gələn kimi mayadan kəsməyə “hamilə” olan qüvvələr var. Başımızın üstündə qıy vuran Nigaran Ruhların qarşısında, Şəhid Baxışlarının diktəsi önündə biz belə görünürük…

Bütün bu biabırçılıqları görən GÖZLƏRİMİZin “başı” qatışdığından ayağımıza dəyən daşları, yan-yörəmizə hörülən dünyanın hörümçək torunu da görmürük. Yola həsrət, qaza həsrət, suya həsrət , telefon xəttinə həsrət kanalizasiya iyini içinə çəkməmək üçün daim bir əliylə burnunu sıxan məmləkət əhli olaraq əsas problemi bir yana qoyub, “gözün aydın, ay qonşu, o veyillənən küçə itləri day oğlan doğub” deməyimizdə həm də bugünümüzün acı həqiqətləri gizlənməkdədir. Ölkə başçısının haqqını qoruyacağına and içdiyi vətəndaşı İNTİHARLARa sövq edən məmur özbaşınalığı, dəhşət doğuracaq ağır sosial durum nə icra strukturlarının, nə idarə rəislərinin, nə yerli bələdiyyələrin heç veclərinə də deyil. “Xalqın xidmətçisi” ikən özünü xalqın ağası kimi aparanların verdikləri vədlər qaranlıqda halva yeyənlərin davranışlarından başqa bir şey deyil. Sirlərini də bir Allah bilir. Quru-quru olsa da, özümüzü guya ki, gözümüzün üstündə bəsləyirik. Qurularımızın oduna yaşımız da yanır. Yerə-göyə sığışmayan bizlərə mədə niyyəti güc gələndə lap elə bir hücrə də bəs eləyir – qaranlıq bir hücrə. Və bu qaranlıq hücrələrdə səlahiyyət sahibləri öz “salimlikləri” ilə kifayətlənir, özəl yaşayış tərzlərini toplumun halı kimi yuxarı çinlilər qarşısında təqdim edirlər…

Qara Bağımızı ƏLİMİZdə saxlaya bilmədik. Çünki daim milli deyil. Şəxsi işimiz aşan başqalarını ovucumuzun içində bəslədiyimizdən əllərimiz də yapalaqlaşıb. Ciblərimizin ölçüsü ehtiyaclarımızı ödəyəcək dərəcədə böyük olsa da, ancaq ələ gələcək bir şeyimiz qalmayıb. Dövlət başçımız tərəfindən “xalqın xidmətçiləri” kimi dəyər verilən məmur tayfasının yarıtmaz fəaliyyəti dolayı yolla sosial narazılıq formalaşdırmağa yönəlibmi – bax bunu bir özləri, bir də beyət etdikləri bilir!? Millət kreditor qismində bir loxma çörəyə möhtac edilib. Ətrafımızda Küçə İtləri hürüşür. Bu İtlərə atmağa daşımız olmadığından Qartımışlarımız “deyəsən gələn elçilərdir” deyə özlərinə sığal-tumar verirlər…

Eşidən, dinləyən QULAQLARIMIZ karlaşıb. Çox şeyləri bıçaq sümüyə dirənəndə başa düşürük. Minillərin o tayından südümüzlə, genimizlə adlayıb gələn ənənələri “Avropaya inteqrasiya” naminə sümüyümüzdən çıxarırlar. Qulaq seyvanlarımızın “xəyanəti”dir ki, vaxtında ötürülən dalğaları zamanında düzgün başa düşmürük. Və elə ol səbəbdəndir ki, qulaqda sırğa gəzdirmək bir çox kişilərimizdə qadınyana keyfiyyətləri formalaşdırıb.

Torpağın azadlığı uğrunda qol çırmayıb döyüşə atılan Oğlanlar qalıb bir yanda, “AVMVB” adlı qurum atəşkəs dövründə “veteran”, Qaçqınkom “qaçqın və məcburi köçkün”, Qarabağ Əlilləri “əlil” “istehsalı” ilə məşğuldur. ŞƏHİD BAXIŞLARININ DİKTƏSİ altında bu adamlar görən özlərini necə hiss edirlər?…

Kəsik QOLLARIMIZ Dərbəndin, Borçalının, Təbrizin, Göycənin, Zəngəzurun, Qarabağın səmasında qıy vurur. Bizlərsə hələ də bu “qıyıltı”nın mahiyyətinə ya varmır, ya da qorxaq təbəssümlə hətta bir-birimizi ittiham obyektinə çeviririk. Qıy vuran Qolları Ciling, əlimizdəki səlahiyyətisə Köklü Ağac zənn edirik. Böyük Füzulinin əsrlər öncə söylədiyi “…göstərən saətdə dövrani-fələk bir inqilab; həm özü fani olar, həm ləşkəri, həm kişvəri” xitabındakı gerçəkliyi eşitməz oluruq. Elə ona görə də Ağacı bizdən alıb çilingimizi də göydə fırladırlar. Özümüzü tox göstərib avropalıların qarnını doyuzdurmağa çalışırıq. YEMİRİK Kİ, DOYUZDURDUQLARIMIZ YÜKÜMÜZÜ ÇƏKƏCƏKLƏR. Ancaq unuduruq ki, Bizi Bizdən uzaqlaşdırmağa çalışanlar adamın malını yeyib, hələ bir qırılmışlarının dalınca danışanlardandılar….

VƏ BELƏCƏ, əlli milyonluq bir millət olaraq səpələnmişik Yer kürəsinə. Soyuqqanlı Canlarımızı doğmalarımızın isti hənirtiləri qızındıra bilmir. Qızındırmaq bəhanəsilə bizi qaynar Kürəyə yaxınlaşdıranlarsa cızdağımızı çıxarıblar. Yaxındakılarımız öz çərənçi hərəkətləriylə anbaan bizdən uzaqlaşmaqdaykən uzaqdakılarımızın müxtəlif səpkili oyunlara təhriki yaman yaxın görsənir bizə. Uzaqla Yaxın arasında vurnuxan Bizlər deyəsən Bizi Özümüzdən uzaqlaşdıran zamanın hayında deyilik. İki illik Cümhuriyyətimizin 100 illiyinə hazırlaşmaqdaykən gözümüzün qənşərində 28 illik qondarma rejimin meydan sulamasının tarixə hansı adla həkk olunacağının fərqinə də varmırıq!

Ölənəcən Çəkəcəyimiz Yükün altında inləyirik. Bu Dərdi nəzmə çəkənlərimiz, yambızları yumşaq kreslodan pırtdayıb çıxan “boynu yoğun şiş qağalar”ımız çoxdur. O qağalar ki, özündən yüksək səlahiyyətlilər qarşısında Zülümovsayaq qatlanmaqla, məsul oduqları işə yarıtmaz münasibət göstərməklə dolayısı yolla ölkəiçi sosial narazılıqlar formalaşdırırlar. Əsas odur ki, homoseksuallığı yaşam tərzinə çevirən Qərb mədəniyyətinin ölkəmizə transferinin qanunverici orqanımızda ratifikasiyasını haqq olaraq əngəlləyirik. İndi nə olsun ki, bəzi təzə əmələ gələnlərin sayəsində belə halın ölkəmizdə oturuşması üçün yavaş-yavaş münbit şərait yaranmaqdadır!

Qulaqlarımızı dəng eləyən “dədə-baba yurdlarımızı rus-fars-erməni triosunun çəngindən qurtaracaq gələcək nəsil”in nümayəndələrinə bir şeyi aşılamaq lazımdır:
QARDAŞ, ƏTƏYİNİZƏ QOZ TÖKÜLƏCƏK DEYƏ QƏRBİN ÇOMAĞI VƏ ŞƏRQİN FANATİK, MÖVHUMATÇI DÜŞÜNCƏSİYLƏ BAŞINIZIN YARILMASINA RAZI OLMAYIN. BAŞIAÇIQSINIZSA, ÖZ PAPAQÇI DÜKANLARIMIZA TƏŞRİF BUYURUN. Darıxmayın, nəyinsə hesabına “başbilən” olanlarımız Bilən Baş kimi fəaliyyət göstərəndə millət Özünə qayıdacaq. Pəhrizimizi gözləyək ki, azarımız uzanmasın. Hələlik isə gerçəyi qəbul edin:
Bu, Bizik – Şəhid Baxışlarının Diktəsi altında görünən Bizlər!..

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür