"Xarici dil bilən məzunlar qəbul imtahanına buraxılsınlar"

11:11 02-03-2023 | icon 369 | Cəmiyyət
"Xarici dil bilən məzunlar qəbul imtahanına buraxılsınlar"

Ağasəf İmran: “Xarici dildə bağça, məktəb, lisey, institut açılmasına dövlət tərəfindən qadağa qoyulmalıdır”

 

Hər bir dövlətin müstəqillik atributlarından biri də dildir. Dil – dövləti və xalqı beynəlxalq aləmdə təmsil edir. Müstəqilliyimizin elan edildiyi ilk illərdə Azərbaycan dili çox böyük coşqu ilə dövlət səviyyəsində tətbiq olundu və yeni əlifbaya keçilməsi ilə daha da təkmilləşdi. Orta və ali məktəblərimizin demək olar ki, hamısında bu coşqu hiss olunurdu. Lakin, bu coşqu tədricən sönməyə başladı və məktəblərimizdə rus və ingilis dillərində tədrisin genişlənməsi prosesi gücləndi. Çox təəssüflər olsun ki, bəzi “başbilənlər” nəinki məktəblərdə, hətta bağçalarda ingilis dilində təmayülə üstünlük verməyə başladılar. Bu gün də əcnəbi dillərdə tədris birmənalı qarşılanmır.

 

Versus.az xəbər verir ki, ADNSU-nun müəllimi, iqtisadçı alim Ağasəf İmran müsahibəsində Azərbaycanda xarici dillər üzrə tədrisə və ona münasibətin müasir reallıqda necə olması zərurətinə diqqət çəkib.

  

- Ağasəf müəlllim, bu gün bağça-orta məktəb-ali məktəb səviyyələrində xarici dillərdə tədris ocaqları yaradılıb və bu tendensiya getdikcə güclənməkdədir. Səbəblərini necə izah etmək olar?

 

- Çox şükürlər olsun ki, Azərbaycan Respublikası müstəqil dövlətdir və bu dövlətin rəsmi dili Azərbaycan dilidir. Və bir daha şükürlər olsun ki, ərəb, fars, rus dillərinin hakim olduğu dövrlər tarixin “arxivində” qalıb. Hələ Sovet dövründə Azərbaycan SSR-də dövlət dili Azərbaycan dili hesab edilsə də, SSRİ məkanında vahid dövlət dili kimi rus dili işlədilirdi və bu səbəbdən də, onun tətbiqi “kağız üzərində” qalmışdı və hətta, qeyri-rəsmi şəkildə sıxışdırılırdı.

Məlumdur ki, BMT-nin işlətdiyi əcnəbi beynəlxalq dillərdən biri də ingilis dilidir. Bu dildə dünyanın əksər ölkələrində qarşılıqlı münasibətlər qurmaq mümkündür və xüsusən də kompyuter texnologiyasının əsas özəyi bu dilin üzərində qurulmuşdur. Bu baxımdan dünya xalqları ilə ünsiyyət qurmaq, kompyuter-internet əlaqələri qurmaq üçün ingilis dilini bilmək, bu dildə yazıb-oxumağı bacarmaq müsbət keyfiyyət kimi dəyərləndirilə bilər və bu təqdirəlayiqdir. Lakin, ingilis dilinin öyrədilməsi və tətbiqi, əsla müstəqil dövlət dilinin sıxışdırılması və ya məhdudlaşdırılması hesabına olmamalıdır. Hələ də, böyük mübahisələr və tərəddüdlər obyekti olan “qloballaşma dövründə” bunun nə ilə nəticələnəcəyi kiçik xalqların və onların dillərinin tədricən itə bilməsi barədə müxtəlif təzadlı fikirlər səslənməkdədir.

 

- Belə bir mühitdə “bağça-məktəb-universitet” ardıcıllığı ilə əcnəbi dildə təhsil qurmaq hansı “təhlükəni” doğurur?

 

- Hesab edirəm ki, hər bir müstəqil dövlətin təhsil sistemi, o dövlətin xalqına xidmət etmək istiqamətində qurulmalıdır və yalnız dövlət dilində aparılmalıdır. Bu, dövlətçilik, vətənpərvərlik və xalqın ruhuna yaxınlıq kimi dəyərləndirilməli və tətbiq olunmalıdır.

Son illərdə ingilis və rus dillərində tədris aparan universitetlər, fakültələr, qruplar və s. genişlənməkdədir. Həm də bu tendensiyanın sürətləndirilməsi və hansısa qüvvələr tərəfindən dəstəklənməsi narahatlıq doğurur. Çünki Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinə görəAzərbaycanda dövlət dili Azərbaycan dilidir. Bu qanuna əsasən tədris və kargüzarlıq işləri mütləq dövlət dilində aparılmalıdır. Nə ingilis dili, nə də rus dili Azərbaycanın dövlət dili kimi elan olunmayıb və bu dillərdə tədrisin təşkili Konstituiyanın pozulması kimi qiymətləndirilməlidir.  Axı  dövlət dili dövlətin və xalqın mövcudluğunun ən vacib atributlarından biri, bəlkə də  birincisidir. Əgər xalq və dil varsa, üçüncü vacib şərt ərazidir. Çox şükürlər olsun ki, bunların hər üçü varımızdır və Azərbaycan bir dövlət olaraq BMT tərəfindən təsbit olunmuşdur. Müharibə, satqınlıq, biganəlik, hiyləgərlik və qərəzkarlıq səbəblərindən ərazimizin bir qismini itirmişik. Bəs hansı səbəblərdən dilimizi də itirməklə məşğul oluruq. 70 illik Sovet dönəmində Bakıdakı  məktəblərin 75-85 %- rus məktəblərinə çevrilmişdi. İndiki təhsil tendensiyası həmin yola aparan amil deyildirmi? İndiki proses 30-40 ildən sonra Azərbaycanda təhsil sisteminin həmin günə düşəcəyinə qoyulan  bünövrə  deyilmi? Axı, biz indi müstəmləkə deyilik!

 

- Bizi buna məcbur edən nədir. Əgər mövcud müasir reallıq  mütləq əlavə dilləri bilməyi vacib sayırsa, o zaman hansı alternativlər olmalıdır?

 

- Mənim subyektiv fikrimcə, iqtidar mənsublarının  biganəliyi və özlərini həddindən  çox “ağıllı” və “müasir” hesab edən tədris rəhbərlərinin “uzaqgörənlik” etmələri başlıca səbəbdir. Onları da başa düşmək olar, axı müasir dövrdə bu dilləri bilmədən inkişaf etmək çox çətindir. Bu dillər, müasir və mütərəqqi inkişafın “açarları” hesab edilə bilərlər. Lakin bu dillərin öyrədilməsi və istifadə edilməsi üçün digər variantlar vardır və daha təsirli hesab oluna bilərlər.

Misal üçün, Azərbaycan dilində tədris aparılan bütün ali məktəblərdə belə bir şərt qoymaq olar ki, tədris müddətində hər bir tələbə mütləq bir əcnəbi dilə sahib olması barədə sertifikat  təqdim etməzsə, o, məzun kimi ali təhsil diplomu ala bilməz. Yəni, ali təhsili başa vurarkən, sən mütləq bir əcnəbi dili də bilməlisən. Belə bir tələb, orta məktəb şagirdləri qarşısında qoyularsa daha effektli olar. Belə yanaşma, ingilis və rus dillərini yox, digər əcnəbi dillərin çin, yapon, ərəb, ispan və s. mənimsənilməsinə və ümumxalq səviyyəsində intellektual potensialın yüksəlməsinə xidmət etmiş olar. Bu səbəbdən də hesab edirəm ki, müstəqilliyimizin rəmzi olaraq, bütün ali məktəblərimizdə tədris, Konstitusiyamızın təsbit etdiyi dövlət dilində - Azərbaycan dilində  təşkil olunmalı və indiki reallıqda baş verən tendensiyaya son qoyulmalıdır.

Hər bir fərdin doğma ana dilini bilməsi və öyrənməsi vacibdir. Bu, həyat və yaşam normasıdır. Əslində isə, hər bir ana övladına doğma dilini hələ beşikdə ikən öyrədir və dil açan körpə bu dildə danışır. Lakin, həyatın digər bir reallığı da vardır ki, kamil insan öz intellektual imkanlarını genişləndirmək üçün bir və ya bir neçə əcnəbi dili də öyrənməli olur.

Məncə, əcnəbi dilin övladlara öyrədilməsi hər bir ailənin şərəf işi olmalıdır. Öz övladının gələcəyini təmin etmək, onun karyera yüksəlişinə nail olmaq üçün hər bir valideyn istənilən yolla öz övladına bir və ya bir neçə əcnəbi dil öyrətməlidir. Bunu hansı yolla qurmaq xaricə göndərmək, repetitora tapşırmaq, məktəbin öhtəsinə buraxmaq, şəxsən öyrətmək və s.valideynlərin imkanları çərçivəsində həll olunmalıdır. Ən vacib şərt isə belə olmalıdır ki, əcnəbi dilin öyrədilməsi prosesi orta məktəbi bitirənə kimi başa çatdırılmalıdır. Hər hansı bir əcnəbi dili mənimsəmiş şagird, məzun tələbəlik üçün iddialı olmalı və bu hüququ qazanmalıdır! Bu tələb, yəni əcnəbi dili bilmədən tələbə hüququ qazanmaq imkanı vətəndaşın şəxsi hüququnun pozulması kimi yox, onun hüququnun genişləndirilməsi kimi konstitusiya ilə təsbit olunmalıdır.

Bütün tərbiyə və tədris yalnız doğma dildə - milli dövlət dilində təşkil edilməlidir. Xarici dildə bağça, məktəb, lisey, institut açılmasına dövlət tərəfindən qadağa qoyulmalıdır. Bu, dövlətçiliyə qəsd kimi qiymətləndirilməlidir.

Bir daha qeyd edirəm, mən heç də əcnəbi dillərin öyrənilməsi və öyrədilməsi əleyhinə deyiləm və bu yanaşmanı məqbul hesab etmirəm. Mənim fikrimcə, əcnəbi dilin öyrədilməsi orta məktəblərdə başlanmalı və elə təşkil edilməlidir ki, hər bir məzun orta məktəbi bitirərkən kamal attestatı ilə yanaşı, həm də əcnəbi dillərdən birində rus, ingilis, ərəb, fars və b. tam oxuyub-yazmaq bacarığının olması barədə “sertifikata” sahib olmalıdır. Yalnız bir xarici dili bilən məzunlar universitetlərə qəbul imtahanına buraxıla bilsinlər.

 

- Demək, ana dili ilə yanaşı əcnəbi dillərin öyrənilməsi də əlifbadan başlamalıdır?

 

- Bəli. Tədrisin təşkilində konservativ yanaşmalara son qoyulmalıdır. Birinci sinif şagirdlərinə “əlifba” öyrədilməsi ənənəsi dəyişməlidir. Hesab edirəm ki, milli “əlifbanın” öyrədilməsi ailənin və bağçanın öhdəsinə düşməlidir. İndi savadsız ailə yoxdur deyə bunu etmək çox asandır.

Belə olan halda birinci sinif şagirdlərinə rəqəmlərin və əcnəbi bir əlifbanın öyrədilməsi daha faydalı olar. Yaxud da, birinci siniflərdə şagirdlərə təkcə bugünkü latın əlifbasını yox, həm də keçmişdə istifadə olunmuş ərəb və kiril əlifbalarını öyrətmək daha doğru olar. Bu halda, yeni nəslin yetirmələri köhnə nəslin əsl varisləri ola bilərlər. Bundan sonra isə bəzi kitabların ərəb, bəzilərinin latın qrafikası ilə nəsri və tədris edilməsi  düzgün istiqamət ola bilər. Bu yanaşmada ibtidai təhsil dövrü -3 ilə endirilmək şərtilə yalnız əlifbaların və rəqəmlərin öyrədilməsinə həsr edilə bilər.

İbtidai təhsil dövrünün əlifbalara həsr edilməsi, qapalı dərk edilməməlidir. Bu illər ərzində tədris edilən digər fənlər bu əlifbaların köməyi ilə tədris olunmalıdır ki, həmin əlifbalar və həmin fənlər şagirdlərin yaddaşlarında möhkəmlənə bilsinlər.

Soruşula bilər ki, bütün bunlar kimə və nə üçün lazımdır? Cavab isə belə ola bilər: bütün bunlar keçmişimizə nəzər salmaq və gələcəyimizə işıq salmaq üçün, tarixi yaddaşımızı itirməmək üçün lazımdır.

 

- Dilin dinamik dəyişkənliyini və zaman keçdikcə ətraf təsirlərin gücündən yeniləşməsi amili də aksiomdur. Bəs bu “yeniləşmə” sürəti necə olmalıdır və əslində dilimizə hansı təsirlər var?

 

- Biz 500 il əvvəlki, 100 il əvvəlki və müasir Azərbaycan dilini müqayisə etsək xeyli “yeniliyin” şahidi olarıq və bunların hər birində Azərbaycan torpaqlarının işğal altına düşməsi amilini görə bilərik. Dövrdən və işğaldan asılı olaraq ərəbcə, farsca, rusca olan sözlərin dilimizə daxil olub “məskunlaşması” hadisəsi baş verib. Çox şükürlər olsun ki, indi müstəqil Azərbaycan dövlətimiz var və onun qəbul etdiyi Konstitusiyaya görə, dövlət dilimiz –Azərbaycan dilidir!  Bəs nə vaxtdan biz İngilis müstəmləkəsi olmuşuq? Nə səbəbə, lazım oldu-olmadı, hər bir fürsətdə obyektlərimizin adları -mehmanxanalar, ticarət mərkəzləri, şadlıq sarayları, restoranlar, tibb mərkəzləri, hətta kiçik dükan və mağazalar və s. və bu kimi ingiliscə adlandırılır? Bu obyektlərin sahibləri və onların qeydiyyatını aparan rəsmi qurumların rəhbərləri məgər ingilislərdir? Əgər bir  naşı sahibkar öz ərzaq dükanının adını “Qold” qoyubsa, restoranın adı “Peşera”dırsa, Şadlıq sarayının adı “Flaminqo”dursa şəhər sakinləri öz aralarında danışarkən bu adları tərcüməmi etməlidirlər? Kütləvi informasiya vasitələrinin əməkdaşları bu adları necə təqdim etməlidirlər? Təbii dir ki, təsdiq edilmiş adla və beləliklə də bütün belə sözlər  dilimizdə “vətəndaşlıq” hüququ qazanmış olacaqlar. Paytaxtımız Bakının mərkəzi küçələrində, çox qəribədir ki, hətta ucqar dağ rayonlarımızda reklamların əksəriyyəti əcnəbi dildədir. Nə üçün Konstitusiyamıza, Reklam haqqında Qanunumuza, dolayı yolla dilimizə və özümüzə hörmətsizlik edilir? Bunun səbəbkarı və günahkarı kimdir?

Keçən əsrin 60-70-ci illərində, Azərbaycan SSRİ- nin müttəfiq respublikası olarkən, azərbaycan dilinin təkmilləşməsi, kamilləşməsi və mən deyərdim ki, saflaşması baş verirdi. O dövrdə, azərbaycan dilində yazılan bütün bədii, texniki, sosial-iqtisadi ədəbiyyat nümunələrini, bəlkə də “etalon” kimi qəbul etmək olar. Sovet senzurası təkcə siyasi proseslərə yox,  həm də dilin - həm rus, həm də milli dillərin qəbul olunmuş normativlərinin pozulmasına imkan vermirdi. Nəşr olunan bütün materiallarda bədii və linqivistik tələblər mütləq qorunmalı idi.

İndi nə baş verir? Məgər, müstəqil ölkəmizin rəsmi dövlət dili elan edilmiş Azərbaycan dili sahibsiz və kimsəsizdir? Kim  hansı xarici ölkədə təhsil alıbsa, həmin ölkənin rəsmi dövlət dilini dilimizə pərçimləyir. Rusiyada oxuyan rus dilinin, İingiltərədə oxuyan ingilis dilinin, Türkiyədə oxuyan türk dilinin sözlərini öz sahələri üzrə yazdıqları məqalələrdə və kitablarda həmin dillərin norma və qaydalarına uyğun şəkildə gen-bol öz bildikləri kimi işlədirlər. Dilimizə əcnəbi sözlərin gəlməsi təbii bir prosesdir və qəbulediləndir. Lakin, bu sözlərin yazılışı və deyilişi azərbaycan dilinin norma və qaydalarına uyğunlaşdırılmalıdır. Bu baxımdan, istisna hal kimi dil senzorunun bərpası olduqca vacibdir. Əgər vaxtında və ciddi tədbirlər görülməzsə  dilimizin korlanmasının və tədricən aradan çıxmasının qarşısını almaq imkanımızı itirə bilərik.   Bakı şəhərində və eləcə də, digər şəhərlərdə və rayon mərkəzlərində Azərbaycan dilində olmayan və ya təhrif edilmiş şəkildə yazılmış xeyli sayda obyekt adları və reklamlar vardır. Bu,  dövlətçiliyimizə və dilimizə hörmətsizlik kimi qiymətləndirilməlidir. “Azərbaycan dili haqqında...” və “Reklamlar haqqında...” Azərbaycan Respublikasının qanunlarını pozan, öz obyektlərini əcnəbi dildə adlandıran sahibkarlar cərimələnməli və azərbaycan dilində qarşılıqlı ifadəsi mümkün olan bütün belə adlar dəyişdirilməlidir. Öz obyektlərini əcnəbi dildə qeydiyyatdan keçirmiş sahibkarların fəaliyyətləri (mal və xidmətləri) barədə mətbuatda, radio və televiziyada reklamlar qadağan edilməlidir. Çünki, öz obyektini “Flaminqo” (Qızıl qaz) və ya “Peşera” (Mağara) adlandıran sahibkarlar dilimizə zərbə vurduqlarını başa düşmürlərsə, onları mütləq başa salmaq lazımdır. Ərzaq mağazasına “Qold” adı verən sahibkar nə satdığını bilmirsə, o mütləq cəzalandırılmalıdır. Belə obyektlərə cərimə sanksiyaları onqat və ya yüzqat olmalıdır.

Dövlət idarələrində, kütləvi informasiya vasitələrində, nəşriyyatlarda və digər ictimai yerlərdə dilimizə olan biganə münasibətlərə son qoyulmalıdır. Xüsusən kompyuter texnologiyasında tətbiq olunan – işlədilən azərbaycan dili dözülməz dərəcədə biabırçı bir vəziyyətdədir. Supermarketlərdə,  digər ticarət obyektlərində  işlədilən və əhalimizə təqdim olunan  “sənədləri” (misal üçün, supermarketlərdə alıcılara təqdim olunan çekləri)  Azərbaycan dilində yazılmış hesab etmək olarmı?

Hesab edirəm ki, təkcə Akademiyanın Dilçilik İnstitutu yox, bütün rəsmi dövlət orqanlarımız  və hər bir vətəndaşımız  dilimizin keşiyində durmalıdır. Bunun üçün hər kəs öz ailəsində, oz iş yerində  və ictimai yerlərdə, hər müdir öz idarəsində, hər nazir öz nazirliyində, hər Komitə sədri öz komitəsində dilimizin qüsursuz işlədilməsinə cavabdehlik daşımalı və bu işi özünün vətəndaşlıq və milli borcu bilməlidir.

Mən iqtidar sahibi olsaydım, bütün bu özbaşınalıqları ən geci bir ay ərzində ləğv etdirərdim. Axı bu amillər təkcə dilimizə yox, həm də dövlətimizə və dövlətçiliyimizə zərbə vurur. Əgər belə davam edərsə, 50-60 ildən sonrakı gənc nəslin nümayəndələri, öz dilimizi “yararsız” hesab edib əcnəbi  bir dilə üstünlük verəcəklər.

Biz, dar düşüncəli məmurların,  eləcə də sadəlövh adamlarımızın əcnəbi dillərə üstünlük vermək tendensiyasının qarşısını vaxtında və qətiyyətlə almalıyıq.

Bunun üçün “Dil Polisi” yaradılması zərurəti var Nə üçün asayiş, mülkiyyət, nəqliyyat və hətta su polisi olduğu halda “dil polisi” olmasın? Məgər, dilimiz sərvətimiz qədər əhəmiyyətli deyil? Necə ola bilər ki, hər şeyi qoruyaq, amma varlığımızın və dövlətçiliyimizin atributlarından biri olan dilimizi qorumayaq?!

Təcili olaraq, yeni yaradılan obyektlərin qeydiyyatı orqanlarında dilimizin saflığını qoruyan müfəttişlik və ya komissiya təşkil olunmalı və bütün obyektlərin adları milliləşdirilməlidır.(Həftə içi)

 

Tahirə Qafarlı
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

Tanınmış bəstəkara həsr olunmuş KATALOQ

TDT yaxın gələcəkdə dünyada güclü bir təşkilata çevriləcək

Azərbaycanla Ermənistan arasında 28 sərhəd dirəyi QURAŞDIRILIB

“Qeyri-Centlmen İşlər Nazirliyi” "CineMastercard"da

Rusiyaya məxsus helikopter aerodromda məhv edildi

Samir yeniliklərlə qayıtdı

Bəzi tikinti materialları BAHALAŞACAQ

Türk dünyasının deputatları Xankəndidə

Ənvər Sadıqov - 58

Azərbaycanda dəhşətli hadisə

Deputatın “Başkənd” iddiası ciddi qınağa səbəb oldu

Haaqada Azərbaycanın Ermənistana qarşı qaldırdığı iddianın dinləmələri BAŞA ÇATIB

Fuad Muradov 7 kişini şantaj etdi və...

Azərbaycan Ordusunda komanda-qərargah təlimləri