Fuad Əliyev: “Müxalifət daxilində özümüzə rəqib axtarmırıq”

16:36 07-03-2018 | icon 605 | Siyasət
Fuad Əliyev: “Müxalifət daxilində özümüzə rəqib axtarmırıq”

"Bu, Azərbaycanda tarixə düşməkdir"

ALDP sədri, prezidentliyə namizəd Fuad Əliyevin Versus.az-a müsahibəsi.

- Fuad bəy, məlumdur ki, imzatoplama kampaniyanız yekunlaşıb. Bu prosesdə çətin və asan görünən tərəflər nə ilə bağlı idi?

- Xəbər verdiyimiz kimi artıq 45 min imza uğurla toplanıb. İmzatoplama normal keçib. İlk günlərdə regionlardan xoşagəlməz məlumatlar alsaq da, sonra belə neqativ hallar olmayıb. Proses öz məcrasında keçib. İmzatoplama kampaniyasını dayandırmaqla bağlı başqa bir qərar vermək məcburuyyətində qalmadıq. Məlum olduğu kimi, biz partiyada müəyyən yenilənmə işləri apardıq və imzatoplama kampaniyasına əsasən cavanları cəlb etdik. Təbii ki,  seçicinin inamsızlığı üzündən müəyyən çətinliklərlə üzləşdik. Buna baxmayaraq imzatoplama işini uğurla başa vurduq.

- Seçicilərinizin bu seçkiyə, imzatoplama prosesinə münasbəti, reaksiyası necə idi?

- Bu gün vətəndaşlar arasında seçkiyə, namizədlərə qarşı inamsızlıq müşahidə olunur. Əgər 2008-2013-cü il seçkisində insanları inandırmaq bir qədər asan idisə, bu gün proses çətinləşib. Vətəndaşlar seçkiyə, namizədlərə inanmır, əksəriyyət imza verməkdən imtina edirdi.  Ümumiyyətlə, müxalifətin özünə bir inamsızlıq var. Vətəndaşlar eşidəndə ki, imzalar müxalifətdən olan namizəd üçün toplanır, prosesə əhəmiyyətsiz reaksiya verirdilər. Bu da normal reaksiyadır. Çünki bu gün müxalifət parçalanmış vəziyyətdədir. Çeçkiyə qatılmayan tərəf artıq təhqirlərə keçib. Biz - seçkidə iştirak edənlər, çalışırıq ki, o cür təhqirlərə cavab verməyək. Təbii ki, adi seçici də bu vəziyyətlə tanışdır. Ona görə də həmin o inamsızlıq, müxalifətdə birliyin olmaması bu ərəfələr daha qabarıq şəkildə üzə çıxdı.

- Şəxsən Fuad Əliyevə qarşı münasibət necə oldu?

- Sözsüz ki, məni tanıyanlar böyük məmnuniyyətlə imzalarını veriblər. Amma vətəndaşlar əsasən bu prosesə bir qədər qorxu hissi ilə yanaşıblar. Bütün bu problemlər bizim imzatoplama kampaniyasının bir qədər uzanmasına gətirib çıxarıb.

Biz artıq vərəqlər toplanır. Yəqin ki, sənədləri seçki məcəlləsinə müvafiq qaydada sahmana salandan sonra həftə sonu MSK-ya təhvil verəcəyik.

“O, bu fəaliyyəti ilə müxalifəti parçalamaqla məşğuldur”

- Fuad bəy, imzatoplama  kampaniyasını dayandırmaq istəyinizlə bağlı açıqlamanız, həmin ərəfələr müəyyən rezonansla qarşılandı. Kampaniyanın dayandırılması partiya və eləcə də ictimaiyyət üçün nə demək olardı?

- Biz partiya olaraq davamlı şəkildə bütün seçki proseslərində aktiv iştirak etmişik. Partiyamız aktiv fəaliyyətdədir və sıraları günü-gündən genişlənir. Yəqin ki, rayonlarda, bölgələrdə, paytaxtda fəaliyyətdə olan digər partiyalar da bunu müşahidə edir və fəaliyyətimizi izləyirlər. Bütün hallarda bizim partiya olaraq heç kəsə qarşı qısqançlıq hissimiz yoxdur. Çünki bu yol hər birimizindir. Biz iqtidarla mübarizə aparır və müxalifət daxilində özümüzə rəqib axtarmırıq. Həmişə hesab etmişik ki, biz hamımız bir cəbhədəyik. Bu gün kimlərsə bir-birinə qarşı qısqanc yanaşıb, özünü hamıdan güclü görüb, öndər hesab edirsə, bu onların ən böyük problemidir. O, özünün bu fəaliyyəti ilə müxalifəti parçalamaqla məşğuldur. Hər halda biz istərdik ki, bütün namizədlər axıra qədər  getsinlər. Amma başqa bir məsələ də var ki, MSK adi bir səbəblə istənilən namizədi siyahıdan çıxara bilər. Çünki bundan qabaq iştirak etdiyimiz seçkilərdə belə hallarla qarşılaşmışıq. Sonra məhkəmələrə baş vurub haqlı olduğumuzu sübut etdik, amma o vaxta qədər də seçki qurtarır. Sonuncu parlament seçkisində də məndə məlumatla bağlı guya bir yalan tapmışdılar. Seçki məcəlləsinə görə həmin məlumatı 24 saat ərzində dəyişmək imkanım var idi. Amma bu məsələ ilə bağlı imkan yaradılmadı. Biz nə qədər çalışsaq da, heç nə edə bilmədik. Düzdür, Avropa Məhkəməsinə getdik və bizim xeyrimizə qərar verildi. Amma artıq seçkilər bitmişdi.

- Necə hesab edirsiz, Prezident seçkisində xeyli sayda namizədlə iştirakımız istər Azərbaycan cəmiyyətinə, istərsə də beynəlxalq ictimaiyyətə hansı mesajları vermiş oldu?

- Ondan başlayaq ki, mən bütün namizədlərin ikinci mərhələyə keçəcəyinə inanmıram. Qalanlar isə ona çalışacağıq ki, həm seçiciyə, həm beynəlxalq ictimaiyyətə yeni proqramlar, yeni layihələr təqdim edək. Hər halda bu prosesdən yararlanaraq problemlərimizin ictimaiyyət qarşısında önə çıxarılmasına çalışacağıq.

“Seçkidə iştirak etməmək taktikası səhvdir”

- ALDP seçkidə iştirakla bağlı ilk qərar verən partiya olaraq diqqəti çəkdi. Bilirik ki, seçkidə iştirak, yaxud qeyri-iştirakla bağlı müəyyən mübahisəli məqamlar ortaya atılır. Sizin bu qətiliyiniz və qərarlılığınız nə ilə bağlı idi?

- Seçki elə bir prosesdir ki, orada heç bir addım birmənalı qarşılanmır. Müxtəlif mübahisəli fikirlər ola bilər. Ola bilər ki, seçkidə iştirakla bağlı kimlərəsə tapşırıqlar verilib. Amma bizim seçkidə iştirak qərarımız partiya və seçicilərimizin iradəsinə bağlıdır. Bizə kənardan belə bir tapşırıq verilsəydi, yəqin ki, biz də vaxtında parlamentdə oturardıq. Biz iki parlament seçkisində iştirak edib udmuşuq, amma bizi tanımayıblar. Ona görə də məcbur olub Avropa Məhkəməsinə qədər müraciət etmişik.  İqtidara yaxın partiyalar seçkilərdə iştirak edirlər və məlumdur ki, onlara hansısa vasitələrlə köməklik olunur. Hər halda əgər siyasi partiya yaranıbsa, onun nizamnaməsndə yazılır ki, bütün seçkili orqanlarda iştirak etməli və hakimiyyətə gəlməlidir. Hakimiyyətə gəlməyin də birinci yolu seçkilərdən keçir. Seçkidə iştirak etməyən partiya hakimiyyətə necə gələ bilər?  Bugünkü seçkiləri saxta hesab edirlərsə, sual olunur: 2013-cü ildə keçirilən seçkilərlə bu ilki seçkilər arasında nə dəyişib. O vaxt da seçkidə müəyyən saxtakarlığın olduğu deyilirdi, bu gün də elə fikirlər var. Ona görə də hesab edirəm ki, seçkidə iştirak etməmək taktikası səhvdir. Çünki əgər deyiriksə ki, seçki saxtalıqla keçəcək, onda biz hamımız onu sübut etməliyik. Əgər seçkidə iştirak etməyəcəksənsə saxtakarlığın olduğunu necə sübut edəcəksən. Bizim partiyamızın yarandığı gündən bütün seçkilərdə iştirakla bağlı qərarı var.

Bütün hallarda hesab edirəm ki, normal seçkilər keçirilsə, məncə müxalifətlə iqtidarın namizədi 2-ci tura çıxa bilər.

“Kimin namizədliyi keçərsə, onun xeyrinə addımlar atılmalıdır”

- Bəllidir ki, seçkiyə qatılan kifayət qədər namizədimiz var. Müəyyən ələnmələrin olacağı da istisna deyil. Ən az ehtimal olunan məsələ olsa da, son anda namizədlərdən təəccübləndirici addımlar gözlənilə bilərmi? Yəni kimlər sizə və başqasına görə namizədlikdən geri çəkilə bilər?

- Hər şey ola bilər. Müxalifətin seçkidə iştirak edən 4 namizədi var. Hesab edirəm ki, artıq danışıqlara başlamalıyıq. Kimin namizədliyi keçərsə, onun xeyrinə addımlar atılmalıdır. Burda heç bir qısqanclıq olmamalıdır. Bu mənim müxalifətdə olan namizədlərə  mesajımdır. Hər halda görüşüb, gələcək addımlarımızı müəyyənləşdirməliyik.

- Prezidentliyə namizəd olmaq siyasətçi üçün necə bir hissdir?

- Kim istəməz ki, Prezidentliyə namizəd kimi qalib gəlsin.  Belə bir həyəcan hissini ilk dəfə 2008-də yaşadım. Biz 2008-ci ildə seçkidə iştirak etdik və bu  prosesi çox yüksək dəyərləndirdik. Hər halda, 7 nəfərdən biri olmaq yəqin ki, böyük bir hissdir. Bu, Azərbaycanda tarixə düşməkdir.

T.Qafarlı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı

Daha bir bank BAĞLANIR