Livanlı ermənilər Şuşaya və digər işğal olunmuş ərazilərə yerləşdirilir
Ermənistan işğal altındakı Azərbaycan ərazilərində süni məskunlaşmanı davam etdirir. Suriya ermənilərinin köçünü davam etdirə bilməyən İrəvan indi də Livanın paytaxtında baş vermiş dəhşətli hadisədən faydalanmağa, Livan ermənilərini Qarabağa köçürməyə çalışır. İki gün öncə Ermənistana gətirilən Livan ermənilərinin sayı açıqlanıb. Baş Nazirin müavini Tiqran Avinyan özünün rəsmi facebook səhifəsində bildirib ki, ilk iki təyyarə reysi ilə Beyrutdan İrəvana 56 erməni gətirilib. T. Avinyanın sözlərinə görə, sonuncu reyslə isə Beyrutdan Ermənistana gətirilən Livan ermənilərinin sayı 45 nəfərdir.
Ermənistan Xarici İşlər Nazirliyi də Livanda yaşayan onlarla erməninin Ermənistana gətiriləcəyini təsdiqləyib. Bundan əvvəl Baş Nazirin yanında diaspor məsələləri üzrə komissar Zare Sinanyan bildirib ki, 40-a yaxın Livan ermənisi ölkəyə qayıtmaq niyyətindədir.
Digər məlumata görə, Livana yardım aparan təyyarələrlə 100-ə yaxın livanlı erməni Ermənistana gətirilib. Respekt.az xəbər verir ki, bu barədə news.am saytı Ermənistan hökumətinə istinadən məlumat yayıb.
Ermənistana gətirilən livanlı ermənilər Şuşaya və digər işğal olunmuş ərazilərə yerləşdirilir.
Beləliklə, Ermənistan “yardım” adı altında əslində özünün məkrli siyasətini reallaşdırır. Lakin bu prosesin qarşısının alınması olduqca zəruridir. Rəsmi Bakı məsələ ilə bağlı etirazını bildirməkdə davam edir. Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva deyib ki, təcavüzkar Ermənistanın hərbi işğal altında saxladığı Dağlıq Qarabağ və ətraf ərazilərimizdəki qeyri-qanuni fəaliyyəti, o cümlədən qanunsuz məskunlaşdırma siyasəti tərəfimizdən beynəlxalq təşkilatlar çərçivəsində qaldırılır. Ciddi narazılığımız ATƏT-in Minsk Qrupunun həmsədrləri qarşısında da qaldırılıb: “Ermənistan dərk etməlidir ki, bu qanunsuz fəaliyyət və süni məskunlaşdırma cəhdləri onun gözlədiyi nəticələri verməyəcək. İşğal olunmuş Dağlıq Qarabağ və ətraf ərazilərin Azərbaycanlı əhalisi öz evlərinə və mülklərinə geri qayıdacaq və işğalçı Ermənistan bütün qanunsuz əməllərinə görə cavab verəcək. Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistanın məqsədyönlü məskunlaşdırma siyasətinə son qoyulması tələbimiz bundan sonra da beynəlxalq birlik qarşısında qəti şəkildə qaldırılacaq”.
Dağlıq Qarabağın Azərbaycanlı İcmasının rəhbəri, deputat Tural Gəncəliyev isə məlumat verdi ki, sentyabrın 7-də AŞPA-nın iclasında Livan ermənilərinin işğal edilmiş Azərbaycan ərazilərinə köçürülməsi məsələsini qaldırıb. İclasda erməni nümayəndə heyətindən də millət vəkili olmasına və moderator tərəfindən ermənilərə cavab haqqı verilməsinə rəğmən Ermənistan nümayəndəsi faktlar qarşısında susmağa məcbur oldu. Azərbaycan diplomatik müstəvidə bu məsələ ilə bağlı addımlar atır.
Bəs, Azərbaycan Livan ermənilərinin işğal olunmuş ərazilərimizə köçürülməsi prosesinə mane ola biləcəkmi və bunun üçün başqa hansı addımlar atıla bilər?
Aydın Hüseynov: “Diplomatik səylərin nəticəsi olmasa, antiterror əməliyyatlarına başlamaqla ermənilərin Qarabağda qanunsuz yerləşdirilməsinin qarşısını almalıyıq”
Versus.az xəbər verir ki, deputat Aydın Hüseynov “Yeni Müsavat”a açıqlamasında bildirib ki, Livan hökumətinə biz öz etirazımızı bildirmişik və bildirməkdə davam edib xəbərdarlığımızı eləməliyik. Livan hökumətini öz vətəndaşlarının işğal olunmuş ərazilərə köçməsindən çəkindirməyə nail olmalıyıq. Bunu etmək mümkündür. Eyni zamanda, dayanmadan bütün beynəlxalq təşkilatlara bu məsələ barədə müraciətlər etməliyik ki, Ermənistana öz təsirlərini göstərsinlər. Əgər bütün bunlardan bir nəticə olmasa, biz öz işğal olunmuş ərazilərimizdə antiterror əməliyyatlarına başlamaqla oraya ermənilərin qanunsuz yerləşdirilməsinin qarşısını almalıyıq: “Bu yolla biz Ermənistanın xarici ölkələrin vətəndaşları olan erməniləri Qarabağda məskunlaşdırma siyasətini alt-üst edə bilərik. Şuşa qədim Azərbaycan torpağıdır və Azərbaycanın ərazisi olaraq dünya birliyi tərəfindən də tanınıb. Şuşada qanunsuz məskunlaşdırmanın qarşısını hərbi variantla almaq da Azərbaycanın hüququdur. Diplomatik səylər öz nəticəsini verməsə, biz ermənilərin Qarabağa köçürülməsinin qarşısını hərbi yolla ala bilərik. Livanda ermənilərin çox böyük terror təşkilatları var. Hər kəsə bəllidir ki, 1990-cı illərin əvvəllərində Qarabağda azərbaycanlılara divan tutulmasında, Azərbaycan ərazilərinin işğalında Ermənistan Livandan gətirilən terrorçulardan xüsusilə istifadə edirdi. İndi də ailə adı altında Livandan erməni terrorçuların Qarabağa yerləşdirilməsi ehtimalı böyükdür. Ona görə də Azərbaycan bu məsələni əsas göstərməklə də bölgədə terror qruplarının yerləşməsinə qarşı əməliyyatlar keçirə və məskunlaşmanın qarşısını ala bilər. Qarabağa sadə, dinc livanlı ermənilər gəlmir. Oraya gələnlər terrorçulardır”.
Aydın Mirzəzadə: “Dövlətimiz bu gün bütün metodlardan istifadə edir ki, köçürülmə olmasın”
Deputat Aydın Mirzəzadə bildirib ki, Ermənistan Dağlıq Qarabağın ilhaqında bütün çirkin vasitələrdən istifadə etməyə çalışır. Bunlardan biri də xaricdə yaşayan, xarici ölkə vətəndaşı olan ermənilərin işğal edilmiş əraziyə köçürülməsi proqramıdır: “Düzdür, indiyə qədər bu məsələdə elə də böyük uğur qazana bilmirlər, gələnlərin bir hissəsi sonradan geri qayıdır. Çünki işğal edilmiş Qarabağda vəziyyət Ermənistandakı vəziyyətdən də ağırdır. Bununla belə, əlbəttə ki, Azərbaycanın işğal olunmuş ərazilərinə xaricdən ermənilərin gətirilməsinin qarşısı alınmalıdır. Təəssüf ki, Livan paytaxtı Beyrutda böyük partlayışdan sonra bizim yardım etdiyimiz bir şərq ölkəsinin Azərbaycana qarşı hərəkəti başadüşülən deyil. Şübhəsiz ki, Xarici İşlər Nazirliyimiz bununla bağlı dövlətin mövqeyini ortaya qoyub. Şübhəsiz ki, Livan rəsmi hakimiyyəti ilə rəsmi kontaktlar vasitəsilə Livan vətəndaşlarının Azərbaycanın işğal olunmuş ərazilərinə yerləşdirilməsinə imkan verilməməsinin vacibliyi onların diqqətinə çatdırılıb. Hesab edirəm ki, ilk növbədə biz Dağlıq Qarabağla bağlı təbliğat işini daim gündəmdə saxlamalıyıq. Yəni beynəlxalq təşkilatlara bununla bağlı məlumatların verilməsi, ayrı-ayrı ölkələrdə informasya addımlarının atılması, eyni zamanda Azərbaycanın o torpaqların işğalı ilə razılaşmayaraq oranı mütləq azad etmək məsələsini daim ortaya qoyması diqqətlərə çatdırılmalıdır. Mən deyərdim ki, bu köçürmə siyasətində Ermənistanın əsas məqsədlərindən biri də daim Azərbaycanı gərgin vəziyyətdə saxlamaq, cəmiyyətimizdə bir gərginlik sindromu yaşatmaqdan ibarətdir. Keçmiş prezidentləri Serj Sərkiyan açıq bildirdi ki, Azərbaycan heç vaxt Dağlıq Qarabağın müstəqilliyi ilə razılaşmayacaq. Üstündən 30 il keçməsinə baxmayaraq Ermənistan bu problemi nə hüquqi müstəvidə, nə də diplomatik müstəvidə öz xeyirinə həll edə bilməyib. Azərbaycanın bundan sonra da hücum xarakterli xarici siyasəti olmalıdır, bundan sonra da ordumuz güclənməlidir. Xarici İşlər Nazirliyinin rəhbərliyinin möhkəmləndirilməsi, o istiqamətdə daha güclü siyasətin yeridilməsi onu göstərir ki, bütün apardığımız işin kökündə Dağlıq Qarabağın işğaldan azad edilməsidir. Livan ermənilərinin köçürülməsi ilə bağlı isə hiss olunur ki, dövlətimiz bu gün bütün metodlardan istifadə edir ki, köçürülmə olmasın. Bu, kompleks məsələdir. Bu kompleks məsələnin həllinə də Azərbaycanın kompleks yanaşması, hesab edirəm ki, zəruri addımdır ki, edilir”.
Versus.az
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"