2022 il hansı siyasi-hərbi olaylarla yadda qaldı?-SORĞU
Yola salmağa hazırlaşdığımız 2022-ci il Azərbaycanın ictimai-siyasi həyatında mühüm hadisələr, yerləşdiyimiz bölgədə cərəyan edən olaylar və s. ilə yadda qaldı. Bu siyasi proseslərə yekun olaraq hərbi və siyasi ekspertlərlə birlikdə nəzər saldıq.
Mətin Məmmədli, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti:
Sülh danışıqları
- 2022-ci ili Azərbaycanın xarici siyasəti kontekstində uğurlu hesab etmək olar. Bu il Ermənistan-Azərbaycan arasında sülh prosesində bir sıra addımlar atılıb. Yəni Azərbaycan xarici siyasətinin 2022-ci ildə əsas istiqamətlərindən biri məhz iki ölkə arasında sülh prosesi olmuşdur. Məsələn, bu ilin mart ayında Azərbaycan Xarici İşlər Nazirliyi imzalanması gözlənilən sülh müqaviləsi ilə bağlı 5 baza prinsipini təklif edib. Təqdirəlayiq haldır ki, Ermənistan-Azərbaycan arasında aparılan danışıqlar prosesində də əsasən tərəflər bu prinsipləri gündəlik olaraq qəbul ediblər. İki ölkə arasında Rusiyanın, eyni zamanda, Avropa İttifaqının, həmçinin bu ilin sentyabrında prosesə qoşulan ABŞ-ın vasitəçiliyi ilə danışıqlar aparıldı. Sülh danışıqlarında müəyyən müsbət dinamika müşahidə olunsa da, hər hansı bir yekun nəticə əldə olunmayıb.
İkitərəfli əlaqələr
Həmçinin, bu ilin vacib xarici siyasətlərindən biri bu ilin fevral ayında Azərbaycanla Rusiya arasında “Müttəfiqlik fəaliyyəti haqqında” bəyannamənin imzalanmasıdır. Bu da ölkəmizin xarici siyasətində vacib hadisələrdən biri sayılmalıdır. Bu müqavilənin imzalanması ilə iki ölkə arasında münasibətlərin yeni mərhələyə daxil olduğunu qeyd edə bilərik. Eyni zamanda, Azərbaycanla Avropa İttifaqı arasında bu ilin yayında “Enerji memorandumu” imzalanıb. Bu memorandum da Azərbaycana Avropaya qaz ixracının artırılmasını nəzərdə tutur və təbii ki, bu amil də ölkəmizin Avropa üçün əhəmiyyətinin nə qədər artdığını təsdiq edir. Hazırda davam edən Rusiya-Ukrayna müharibəsi səbəbindən Avropa İttifaqı ciddi enerji problemləri ilə üzləşir. Məhz Aİ-nin enerji problemlərinin həllində Azərbaycan mühüm tərəfdaş dövlət kimi çıxış edir ki, bu da Aİ liderləri, dövlətləri tərəfindən yüksək dəyərləndirilir. Yəni enerji amili Azərbaycanın xarici siyasətində bu ildə öz mövqeyini qoruyub-saxlayır.
Eyni zamanda, Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında əlaqələr xeyli inkişaf edilib. Ölkə başçısı bu il ərzində bir neçə dəfə Mərkəsi Asiya ölkələrinə – Özbəkistana, Qazaxıstana, Qırğızıstana rəsmi səfərdə olub, eyni zamanda, regionun liderləri Azərbaycanda səfərdə olublar. Vacib sahələri əhatə edən bir çox məsələlərlə bağlı anlaşmalar, sazişlər imzalanıb ki, bu da Azərbaycan xarici siyasətində baş verən hadisələrdən biridir. Eyni zamanda Azərbaycan və qardaş Türkiyənin liderləri qarşılıqlı səfərlər ediblər, sammitlərdə görüşlər keçiriblər. Azərbaycan-Türkiyə arasında strateji müttəfiqlik bu ildə daha da dərinləşdirilib. Siyasi, iqtisadi, diplomatik, eyni zamanda, hərbi sahədə də iki ölkə arasında əlaqələr xeyli dərinləşdirilib.
İranın təxribatları
Təbii ki, hazırda olduqca mürəkkəb proseslər baş verir. Bu dünyada, həm də yerləşdiyimiz coğrafiyada Azərbaycanın xarici siyasətinə təsirsiz ötüşməyə bilməz və təəssüf ki, son zamanlar bir sıra ölkələrlə Azərbaycanın münasibətlərində müəyyən problemlər yaranıb.
Bu sırada İranı xüsusi qeyd etmək istərdim. Son aylarda İranla Azərbaycan arasında olduqca mürəkkəb münasibətlər yaranıb bu da İranın sərgilədiyi mövqe ilə bağlıdır. İran heç bir halda II Qarabağ müharibəsindən sonra Cənubi Qafqazda formalaşan yeni geosiyasi reallıqları qəbul etmək istəmir. Nəticədə bu da münasibətlərin pisləşməsinə səbəb olur.
Bütövlükdə Azərbaycanın xarici siyasətində 2022-ci ili uğurlu hesab etmək olar. Hesab edirəm ki, yaxın, orta və uzaq perspektivdə görüləcək bir çox işlərin də əsdası məhz 2022 ci ildə qoyulmuşdur.
Elxan Şıxəliyev, hərbi ekspert:
“Fərrux” və “Qisas” əməliyyatları
- 2022-ci ilin ən yaddaqalan hadisələri sırasında “Fərrux” əməliyyatını xüsusilə qeyd etməliyəm. “Fərrux” əməliyyatı erməni silahlı qüvvələrinin Azərbaycan Silahlı Qüvvələrini təhrik etmələri üzündən baş verdi. “Fərrux” əməliyyatının Qarabağın Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazidə baş verməsi xüsusilə önəmli idi. Bu, bir qırılma nöqtəsi idi. Ermənilər düşünürdülər ki, ərazidə sülhməramlılar varsa, Azərbaycan hansısa antiterror əməliyyatı keçirə bilməz. Sonrakı mərhələdə keçirilən “Qisas” əməliyyatı da Ermənistan silahlı qüvvələrinin təhriki ilə baş verdi. Nəticə etibarilə, çox önəmli strateji Qırxqız, Sarıbaba yüksəklikləri, xüsusən də hərbi təminat yolları Silahlı Qüvvələrimizin nəzarətinə keçdi. Silahlı Qüvvələrimiz həmin ərazilərimizdə çox böyük müşahidə qabiliyyətinə malik oldu. Yenə də erməni silahlı qüvvələrinin təxribatı ilə Azərbaycan Silahlı Qüvvələri 12-14 sentyabrda əməliyyat keçirərək, Zəngəzur torpaqlarında gələcəkdə buferzonaların yaradılacağı əraziləri nəzarətimizə keçirdi. Həmin əməliyyatdan sonra Azərbaycan strateji yüksəkliklərə nəzarət etməklə Ermənistanın dərinliklərində hərbi əməliyyatları öncədən görmək və müşahidə etmək, təhlükələrin qarşısını almaq imkanına sahib oldu.
Silahlı Qüvvələrdə Türkiyə modeli
Silahlı Qüvvələrimizin yeni ştat strukturunun yaradılması, quru qoşunları komandanlığının komondos briqadalarının, hərbi təhsil sistemimizin Türkiyə hərbi təhsil sisteminə keçidi yaddaqalan hadisələrdəndir. Bunun zirvəsi Türkiyə Silahlı Qüvvələrinin generalı, Azərbaycan Silahlı Qüvvələrinin general-polkovniki Bəxtiyar Ersayın müdafiə nazirinin müşaviri təyin edilməsidir. Azərbaycan Türkiyə ilə birlikdə, Pakistan Gürcüstanla bərabər ikitərəfli, üçtərəfli 20-yə yaxın taktiki təlimlərdə iştirak etdi. O təlimlərdə həm döyüş hazırlıqlarını, həm də təcürbələrini müttəfiqləri ilə bölüşdülər.
2023-cü ildə də Silahlı Qüvvələrimizin qarşısında çox böyük strateji tapşırıqlar duracaq. 2023-cü il cənubdan gələn təhlükənin, Ermənistandan gələn revanişt addımların qarşısını almağımız üçün də mühüm il olacaq.
Rəşad Bayramov, politoloq:
- 2022-ci ildə yaddaqalan hadisələr içərisində “Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu”, “Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”, Azərbaycan, Türkiyə və Türkmənistan Dövlət Başçılarının Birinci Zirvə Görüşünün keçirilməsi və həmin görüşdə xüsusilə də “Energetika sahəsində əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı qarşılıqlı anlaşmaya dair Memorandum”un imzalanmasını, “Özbəkistan-Azərbaycan-Türkiyə” dialoq formatının iclasında Daşkənd bəyannaməsinin imzalanmasını və ümumiyyətlə, istər Avropa İttifaqı ölkələri, istərsə də Türk Dövlətləri Təşkilatı üzvləri arasında münasibətlərin inkişafı istiqamətində keçirilmiş görüşlər və əldə edilmiş razılaşmaları qeyd edə bilərəm. 2022-ci il Azərbaycan-Ermənistan münasibətlərinin normalaşması istiqamətində fəaliyyətlə də yadda qaldı. Bu istiqamətdə Brüsseldə, Praqada, Soçi və Sankt-Peterburqda keçirilmiş görüşlər şübhəsiz ki, keçən 2022-ci ilə öz damğasını vurdu.
İsraildə səfirliyimiz açılacaq
2022-ci ili siyasi olayları içərisində İsraildə səfirliyimizin açılması ilə bağlı qərarın verilməsi, eləcə də İranın Azərbaycana qarşı sərgilədiyi mövqeyə qarşı bütün cəmiyyət olaraq səfərbər olmağımızı da göstərmək istərdim. “Siyasi Partiyalar Haqqında” yeni qanunun qəbulunu da şübhəsiz ki, yola saldığımız ilin ən mühüm siyasi hadisələrindən biri kimi qeyd edərdim.
Laçın yolunda aksiya
Şübhəsiz ki, bu ilin ən çox yaddaqalan siyasi hadisələri içərisində Laçın yolunda ictimai fəalların, vətəndaş cəmiyyəti institutlarının, könüllülərin keçirdiyi aksiya xüsusi yer tutur. İctimai fəallarımız, eko-aktivistlərimiz bu aksiya ilə həm rus sülhməramlılarına, həm ermənilərə və ümumiyyətlə, dünyaya çox vacib mesajlar verirlər.
Qulam Hüseynəlibəyli, Aydınlar Partiyasının sədri
- Mən də 2022-ci ildə Azərbaycanda ən yaddaqalan hərbi-siyasi olaylarına ilk növbədə Fərrux və “Qisas” əməliyyatlarını, sentyabr döyüşlərini aid edərdim. “Mart ayında keçirilən əməliyyat nəticəsində Xocalı rayonunun Fərrux kəndi, Fərrux dağı, bir sıra yüksəkliklər işğaldan azad edildi. Ağdam şəhəri və rayonun 9 kəndinə düşmənin vizual nəzarət imkanı ləğv edildi, Xankəndi-Ağdərə avtomobil yoluna vizual nəzarət əldə olundu. Avqust ayında keçirilən "Qisas" əməliyyatı nəticəsində Qırxqız yüksəkliyi, Buzdux dağı və ətrafındakı yüksəkliklər, Kiçik Qafqaz dağ silsiləsinin Qarabağ silsiləsi boyu Sarıbaba və bir sıra digər əhəmiyyətli yüksəkliklər işğaldan azad edildi. Sentyabr döyüşləri nəticəsində isə Ermənistan silahlı qüvvələrinin diversiya qruplarının Azərbaycan Ordusunun mövqeləri arxasındakı əraziləri və təminat yollarının minalmaq məqsədilə istifadə etdiyi bir sıra yüksəkliklər ordumuzun nəzarətinə keçdi.
Nəhayət, dekabr ayında Azərbaycan vətəndaş cəmiyyəti fəallarının Laçın yolunda başladıqları və bu gün də davam edən aksiya da 2022-ci ilin ən yadda qalan hadisələrindən biri hesab oluna bilər”.
Ölkədə yeni siyasi konfiqurasiyanın yaradılması və iqtidar müxalifət dialoqu ilə əlaqədar aparılan siyasət 2022-ci ildə də davam etdirildi. Bu sahədə ən yaddaqalan hadisə “Siyasi partiyalar haqqında yeni qanunun hazırlanması, Milli Məclisdə ictimai dinləmələrin keçirilməsi və qəbulu hesab oluna bilər. Bu qanun siyasi partiyalar tərəfindən birmənalı qiymətləndirilmsə də, ümid etmək istəyirəm ki, siyasi partiyaların fəaliyyətinin daha da canlanmasına və siyasi islahatların başa çatmasına kömək edəcək.(hafta.az)
Tahirə Qafarlı
Versus.az
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"