Dini təhsilimiz daxili təlabatımızı ödəyə bilirmi?

17:01 23-02-2023 | icon 325 | Təhsil
Dini təhsilimiz daxili təlabatımızı ödəyə bilirmi?

"Savadlı, dərin dini və dünyəvi biliklərə malik ilahiyyatçıların yetişdirilməsinə ehtiyac var"

 

Bu gün dünyanı bürüyən kataklizmlər Dinin milli-mənəvi, ruhi dəyərlər üzərində qorunması, onun inanclı insanlara sağlam, elmi əsaslar üzərində təqdim edilməsi və qəbul olunması zərurətini ortaya çıxarır. Cəmiyyətin, dövlətin milli dini etiqadını, ruhunu düzgün formalaşdırması və qoruması ilk növbədə dini tədris ocaqlarının öz rolunu düzgün ifadə edə bilməsi ilə birbaşa əlaqələndirilir. Ona görə də sağlam milli-mənəvi, ruhi dəyərlərə söykənərək əxlaqi dəyərlərin qorunmasına hesablanan dini təhsil sisteminə xüsusilə ehtiyac duyulur. Din ruhi dəyərlər fonunda  aydınlığa doğru yolu müəyyən edən bir xətt kimi qəbul olunmaqla yanaşı, həm də dövlətin təhlükəsizlik qalxanı kimi onun tədrisi də mühüm əhəmiyət kəsb edir. Mövcud problem, bu gün xarici ölkələrdə din və xaricdə təhsil alan şəxslərin diplomlarının tanınması ilə bağlı bəzi məsələləri də gündəmə gətirib.

 

Maraqlıdır, bu gün hansı ölkələrdə dini təhsil alan şəxslərin diplomları tanınmalıdır? Yaxud, beynəlxalq təcrübədə nələr nəzərə alınmalıdır? Bu gün dinlə bağlı xarici ölkələrdə keçirilən təhsilə nə dərəcədə ehtiyac var? Və Azərbaycanda mütəxəssislərin hazırlanması yönündə dini təhsil daxili təlabatımızı necə ödəyir?

 

Versus.az xəbər verir ki, İlahiyyat və təhsil ekspertləri ilə məsələyə aydınlıq gətirib.

 

 

"Nazirlik bu universitetdə təhsil alan 3573 nəfər tələbənin diplomunu tanımır"

 

İlahiyyatçı Tural İrfan ilk növbədə ölkə daxilində dini təhsil alan şəxslərin diplomlarının tanınması ilə bağlı əngəllərə diqqət çəkib. Ekspert bildirib ki, Təhsil Nazirliyi Bakı İslam Universitetində təhsil alan 3573 nəfər tələbənin diplomunu tanımır:

 

“Ona görə də Azərbaycanda Ali Din xadimi yetişditrmək mümkün deyil. 3573 nəfər tələbənin diplomu artıq heç nəyə yaramır. O məzunlar ancaq molla, məscidlərdə ölüyuyan olmağa məhkum ediliblər. Elmlər Akademiyasında  disertasiya işi götürüb elmi iş müdafiə edib Ali Dini rütbəyə yüksələ bilmirlər. Bu da ona görə baş verir ki, ancaq İranda və digər xarici ölkələrdə məzhəbçi dini təhsil alanlar dini ocaqlarda yerləşdirilsin. Və lazım gələndə bu cür dindarlar, öz dövlətindən çox İranın ayətullahlarına təlqin edirlər. Onlara ianələr göndərirlər. Bunun qarşısı alınmalıdır”.

 

Dünyada daha çox hansı xarici ölkənin dini diplomlarının tanınmasına gəlincə, ilahiyyatçı Misirin dünyada məhşur olan Əl Əzhər Universitetinin, Türkiyədə Dövlət İlahiyyat Universitetlərinin adını çəkib. O, bildirib ki, Misir universiteti məzhəb təəssübkeşliyindən uzaq, obyektiv dini təhsil verilir. Həmin universitetlərin məzunlarının diplomları tanınmalı, qəbul olunmalıdır.

 

T.İrfan təəssüflə qeyd edib ki, Azərbaycanda mövcud olan dini universitetlərdə bir çox mənada beynəlxalq təcrübə nəzərə alınmır:

 

“Beynəlxalq təcrübə ona əsaslanır ki, din təhsili verilən universitetdə məzhəb təəssübkeşliyi olmamalıdır. Dünyada min ildən artıq tarixi olan dini universitetlər, akademiyalar var. Onlardan birini -Misirin Əl Əzhər universitetini qeyd etdim. Azərbaycanda yeganə olaraq Bakı İslam Universiteti həmin universitetin prinsipləri, proqramı əsasında fəaliyyət göstərirdi. Bakı İslam Universiteti 30 il idi ki, fəaliyyət göstərirdi. Təəssüf ki, xarici qüvələrin təsiri, yaxud “5-ci kolon”un təsiri altında bağladılar və diplomlarını tanımadılar. O universitet milli islam modelimizə uyğun, sünni –şiyə fərqi qoymadan təhsil verirdi. Məsələn, İranda birmənalı olaraq şiyəlik tədris olunur. Səudiyyə Ərəbisatanında birmənalı şəkildə Sələf Vəhabidir, başqa dövlətlərdə də sünni əqidəsidir. Amma bu doğru deyil. O baxımdan xarici təcrübədə qədim dini unversitetlərindən nümunə götürülə bilər”.

 

İlahiyyatçı qeyd edib ki, əgər bir ölkədə ali dini rütbəyə çatmaq üçün heç bir şərait yoxdursa, insanlar bunun üçün xaricə getməyə məcburdur. Amma hər ölkədə də dini tədris birmənalı deyil. Fərqli islam modelləri var. Çox vaxt o modellər əsasında verilən təhsil sonradan ölkəmizə qarşı işləyir:

 

“Biz bunu İranla bağlı gördük. Nə qədər Azərbaycanda nali dini rütbəli alimlər olmayacaqsa, inanclı insanlarımız İranın ayətullahlarına, İraq müştəhidlərinə və xaricdə olan din alimlərinə təqlid edəcəklər”.

 

İlahiyyatçı problemin aradan qaldırılması üçün mütləq milli ali rütbəli dini akademiyanın yaranmasını vacib sayıb. T.İrfan hesab edir ki, milli islam modelimiz formalaşmalıdır. Bunun üçün ali din xadimləri yetişməlidir:

 

“Tarix boyu Azərbaycan islam modelini yayıb. Amma sovet sistemi qurulandan sonra bu model dağıdıldı. Bu gün də inanclı insanlarımızın tələbatını ödəyən din xadimlərimiz var. Ancaq müəyyən dini təhsilli insanların daha böyük alimlərə ehtiyacə var və onların ehtiyacları qarşılayacaq alimlər yoxdur. Ona görə də xaricə üz tuturlar. Amma o alimlər Azərbaycanda yetişməlidir. Azərbaycanda ali dini tutullu alimlərin yetişməsinə şərait yaradılmalıdr. Dövlət bunda maraqlı olmalıdır”.

 

 

"Bu sahədə müəyyən problem var”

 

Təhsil eksperti Kamran Əsədov ilk növbədə bildirib ki, Azərbaycan dünyəvi ölkədir, din dövlətdən ayrıdır. Bununla yanaşı onun fikrincə, ölkə mürəkkəb coğrafiyada yerləşdiyi üçün və müəyyən risklər nəzərə alınaraq dövlət eyni zamanda din məsələsinə də nəzarət  edir.

 

K.Əsədov statistik göstəricilərə diqqət çəkərək bildirib ki, təxminən 3 min nəfərə yaxın azərbaycanlı xaricdə təhsil alıb. Eyni zamanda bu günə kimi Bakı İslam Universitetində təxminən 3850, Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsində 819 nəfər dini təhsil alıb.

 

Ekspert qeyd edib ki, hazırda dünya əhalisinin çoxu səmavi dinləri daha məqbul hesab edərək onlara iman gətirir:

 

“Bəziləri daxili aləmi ilə inancındakı Allah arasında rabitəni daha intellektual və effektiv etmək üçün təkcə ibadətlə kifayətlənmir. Din barədə daha çox oxumaq, daha çox bilgi almaq şövqü də hisslərinə və beyninə hakim kəsilir. Bununla belə, ilahiyyat təhsili bəzən dinin ali məram və məqsədindəki sülhpərvərlik, tolerantlıq modellərini ortaya qoya bilmir. Bunun acı nümunələri dünyanın bir çox ölkəsində, o cümlədən Azərbaycanda da müşahidə edilib. Bu baxımdandır ki, Azərbaycanın aidiyyatı qurumları ölkədə xaricdə dini təhsili əvəz edəcək qurumların yaradılmasına və ya onun təkmilləşdirilməsinə start verib. Dünyanın əksər ölkəsində dini təhsil mövcuddur, Azərbaycanda da ilahiyyat təhsili verən Bakı İslam Universiteti və İlahiyyat İnstitutu kimi ali təhsil ocaqları var. Amma bu ali təhsil müəssisələrinə qəbul imtahanlarında az bal toplayan şəxlsər qəbul olduğu üçün bu sahədə müəyyən problem var”.

 

Ekspert bildirib ki, son 25 ildə yüzlərlə şəxsin Səudiyyə Ərəbistanında, minlərlə gəncin İranda, bundan əlavə çoxlu sayda  vətəndaşımızın Suriya, Misir, Liviya, Pakistan, Malayziya, Rusiya (Dağıstan) və Türkiyədə dini təhsil alması diqqətdən yayına bilməz. Onun sözlərinə görə, xaricdə təhsil alanların ölkədə təhsil alanların sayından xeyli çox olması dini təhsil sahəsində mövcud və potensial problemlərin miqyasından xəbər verir:

 

“Vətəndaşlarımızın qeyd edilən müsəlman ölkələrində dini təhsil almalarını Azərbaycanda oturuşmuş din təhsilinin olmaması ilə əlaqələndirmək də olar. Üstəgəl, vaxtı ilə Azərbaycanda xarizmatik din xadimlərinin olmaması, dini bilgi verən institutların qıtlığı da buna təsir edir. Xaricdən gələn təhlükələrin qarşısını almaq üçün İlahiyyat institutunda dini təhsil almış vətəndaşlarımıza təkcə dini biliklər verilmir, Azərbaycanın tarixi, mədəniyyəti, tarixi coğrafiyası, Azərbaycan xalqının etnogenezi barədə dövlətin maraqlara uyğun məlumatlar da aşılanır. Hesab edirəm ki, ölkədə fəaliyət göstərən dini ali və orda ixtisas təhsili müəssisələrində məqsəd məzunların əxlaqı, mənəviyyatı təbliğ edən din xadimi kimi yetişməsini təmin etməkdir və buna müəyyən qədər nail olunub”.

 

Bununla yanaşı ekspert qeyd edib ki, bu müddət ərzində daha çox kişi ali və orta ixtisas təhsilli kadrlar yetişdirilib. Qadınlar arasında da  savadlı, zəngin dünyagörüşlü, dərin dini və dünyəvi biliklərə malik ilahiyyatçıların yetişdirilməsinə ehtiyac var:

 

“Bu gün İlahiyyat İnstitutunda dini biliklərlə yanaşı dünyəvi elmlər də tədris olunur ki, bu da olduqca müsbət tendensiyadır”.

 

K.Əsədov vurğulayıb ki, xarici dövlətlərdə ali təhsil alanların diplomlarının tanınması qaydaları dəyişdi. Ekspertin qənaətinə görə, bu inqilabi dəyişiklikdir. Bu kifayət qədər müsbət dəyişiklikdir və insanların təhsil hüququnun təmin olunmasıdır. Məlum dəyişikliyə görə, tədris dili üzrə bilik səviyyəsinin qiymətləndirilməsi məqsədilə təşkil olunan müsahibə mərhələsi ləğv olunub:

 

“Yəni daha təhsil aldığınız dildən imtahan verməyəcəksiniz. Bu çox yaxşı haldır. Amma əvəzində bəzi ixtisaslar üzrə Dövlət İmtahan Mərkəzi tərəfindən həmin peşə ixtisasları üzrə təşkil olunan qiymətləndirmə imtahanlarında iştirak etməlidirlər. Digər bir tərəfdən, səhiyyə və tibb peşə sahələri üzrə ixtisasların qiymətləndirilməsi zamanı Səhiyyə Nazirliyinin rəyinin alınması da nəzərdə tutulub. Bu doğru addımdır. Təhsil nazirliyi bunu yoxlaya bilməzdi. Eləcə də təhsilalanın hər bir tədris ili ərzində müvafiq ixtisas üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin yalnız yarısı qədər təhsil aldığı ölkənin ərazisində olması tanınma haqqında müsbət rəy üçün kifayət hesab ediləcək. Yəni əvvəllər qiyabi təhsil alan mütləq şəkildə semestr ərzində 15 gün, əyani təhsil alan 90 gün olmalı idisə, indi bu rəqəm yarıya qədər azaldılıb ki, bu çox yaxşı dəyişiklikdir. Eləcə də xarici ali təhsil müəssisələrinin rus, ingilis və türk dillərində təqdim etdikləri təhsil sənədlərinin notarial qaydada tərcümə olunmuş təsdiqinə ehtiyac olmayacaq. Müvafiq ali təhsil səviyyəsi üçün müəyyən edilmiş minimal kredit sayını toplamayan və (ya) dissertasiya işi yazmayan (magistratura pilləsi üzrə) şəxslərin ali təhsil kvalifikasiyalarının şərti tanınması həyata keçiriləcək. Belə ki, həmin şəxslər yerli ali təhsil müəssisələrinin birində çatışmayan kreditləri toplamalı (praktik dərslərdə) və (ya) magistr dissertasiyası hazırlayaraq müdafiə etməli olacaqlar. Şərtlər yerinə yetirildikdə həmin şəxslərin ali təhsil kvalifikasiyalarının tam tanınması mümkün hesab ediləcək. Eyni zamanda, xarici dövlətdə natamam ali təhsil almış şəxslərin ali təhsil kvalifikasiyalarının qismən tanınması həyata keçiriləcək.  Başqa sözlə, həmin şəxslərin ali təhsil kvalifikasiyaları üzrə xaricdə toplanmış kreditlərinin tanınması həyata keçiriləcək və onlara qismən tanınma haqqında müvafiq sənəd təqdim olunacaq. Nəticə etibarilə, vətəndaşlar təhsillərinin qalan hissəsini Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin birində davam etdirmək üçün müraciət etmək hüququna malik olacaqlar”.

 

K.Əsədov bildirib ki, Elm və Təhsil Nazirliyinin tabeliyində Apellyasiya Komissiyası fəaliyyət göstərməyə başlayacaq ki, xarici diplomlarının tanınmaması haqqında verilmiş qərardan narazı olan şəxslər birbaşa komissiyaya müraciət etmək hüququ əldə edəcəklər:

 

“Dünya reytinqində ilk 500-də olan universitet məzunlarının diplomu Azərbaycan ərazisində avtomatik olaraq tanınır. (Həftə içi)

 

T.Qafarlı
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

Tanınmış bəstəkara həsr olunmuş KATALOQ

TDT yaxın gələcəkdə dünyada güclü bir təşkilata çevriləcək

Jurnalistlərə psixoloji təlim keçirilib

Azərbaycanla Ermənistan arasında 28 sərhəd dirəyi QURAŞDIRILIB

Deputatlar 3 məsələyə görə TOPLAŞDI

Erməni vəhşiliyinin NÖVBƏTİ İZİ

“Qeyri-Centlmen İşlər Nazirliyi” "CineMastercard"da

Rusiyaya məxsus helikopter aerodromda məhv edildi

Samir yeniliklərlə qayıtdı

Bu məktəblərə şagird qəbulunda YENİLİK

Bəzi tikinti materialları BAHALAŞACAQ

Sağlamlıq haqqında arayış elektron şəkildə VERİLƏCƏK

Türk dünyasının deputatları Xankəndidə