"Qarabağ iqtisadiyyatımızın lokomotivi olacaq"
Vüqar Bayramov: "Yaşayış məntəqələrimizdə sürətli bərpa-quruculuq işləri gedir"
Qarabağın ümumi mənzərəsi yenilənir. Yeni reallıqlar yazan Azərbaycan Dövləti öz tarixini zəfər, qələbə təqvimləri ilə zənginləşdirir. Belə tarixlərdən biri də 17 oktyabrda qeyd etdiyimiz Füzuli Şəhər Günü ilə bağlıdır.
“Füzuli Şəhər Günü hansı əhəmiyyətə malikdir, işğaldan azad olunmuş ərazilərimiz sırasında hansı strateji yükü ilə diqqət çəkir?” - mövzuzu ətrafında müsahibə verən Füzulinin deputatı, iqtisadçı Vüqar Bayramov maraqlı nüanslara diqqət çəkib.
– 17 oktyabrda Füzuli Şəhər Gününü qeyd edərkən, ilk növbədə, hansı məqamların üzərində dayanmaq olar? Füzuli Şəhər Günü hansı tarixi hadisənin təntənəsi kimi qeyd olunur?
– 17 oktyabr Füzuli şəhərinin işğaldan azad olunduğu gündür. Cənab Prezidentin Sərəncamı ilə həmin gün Füzuli Şəhər Günü kimi qeyd olunur. Bu, təbii ki, təkcə füzulililər üçün deyil, bütövlükdə Azərbaycan üçün tarixi gündür. Füzuli şəhərinin işğaldan azad olunması 44 günlük müharibədə strateji əhəmiyyət daşıyırdı. Füzulinin işğaldan azad olunmasının Azərbaycanın əldə etdiyi zəfərə xüsusi təsirləri var idi. Cənab Prezidentin qeyd etdiyi kimi, Füzuli kifayət qədər strateji mövqedə olmaqla yanaşı, həm də ətrafında olan yüksəkliklər 27 il ərzində işğalçıların nəzarətində idi, postlar qurulmuşdu. Ona görə də şəhərin azad olunması ciddi tapşırıq, ciddi uğur idi. Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi ilə böyük uğura imza atdı və bu gün 17 oktyabrı bayram günü kimi qeyd edirik.
– Prezidentin Füzuli Şəhər Günündəki çıxışını necə dəyərləndirərdiniz? Bu, növbəti dəfə füzulililərə hansı ümidləri verdi, düşmənə hansı mesajları çatdırdı?
– Cənab Prezidentin Füzuli sakinləri ilə görüşündə bir sıra çox mühüm məqamlar qeyd olundu. Əvvəla, füzulililər hər zaman cənab Prezidentə inanıblar və onlar Füzulinin işğalına son qoyulacağına əmin idilər. Bu, məhz Ali Baş Komandanımızın rəhbərlik etdiyi şanlı ordu tərəfindən reallaşdı. Ona görə də hər bir füzulili cənab Prezidentimizə şəhərimizi, Füzuli rayonumuzu azad etdiyinə görə minnətdardır və bu, məhz bu görüşdə bir daha qeyd olundu.
Azərbaycan Prezidentinin çıxışında həm Füzulinin, həm də işğaldan azad olunmuş ərazilərimizin bərpa və yenidən qurulması, eyni zamanda inkişafı ilə bağlı çox ciddi mesajlar verildi. Azərbaycan öz daxili maliyyə mənbələri hesabına Qarabağı, Şərqi Zəngəzuru bərpa edir, yenidən qurur, iqtisadiyyatın formalaşması və reinteqrasiyası istiqamətində işlərini davam etdirir. Bu da xüsusən məşğulluğun təmin edilməsi, özəl sekorun inkişafı baxımından çox vacibdir. Eyni zamanda, məhz müstəqilliyimizin bərpasından sonra bu, Cənab Prezidentin rəhbərliyi ilə reallaşdı. 44 günlük savaşda əldə etdiyimiz zəfərlə ərazi bütövlüyümüz bərpa olundu, Xankəndidə Azərbaycan bayrağını dalğalandırmaqla Cənab Prezidnet suverenliyimizin tam bərpasını həyata keçirtdi.
Bu gün Azərbaycan ərazi bütövlüyünün, suverenliyinin tam bərpa edildiyi bir mərhələdədir. Ona görə də bu gün Füzuli Şəhər Gününü qeyd etdiyimiz gün də fərqlidir. Azərbaycanın ərazi bütövlüyünün, suverenliyinin tam bərpa olunduğu bir gündə Füzuli Şəhər Gününü qeyd etmək başqa bir duyğudur. Təbii ki, Qarabağ qurulacaq, inkişaf etdiriləcək, məskunlaşma intensivləşəcək. Cənab Prezident Füzulidə bu məsələləri bir daha diqqətə çatdırdı. Onun çıxışında bizə düşmən olan ölkələrə, qərəzli mövqe tutan beynəlxalq təşklatlara da mesajlar verildi. Mesaj ondan ibarətdir ki, Azərbaycan müstəqil siyasətini davam etdirəcək, heç kim Azərbaycanla diqtə dili ilə danışa bilməz, Azərbaycan güclüdür.
– Füzuliyə və digər işğaldan azad olunmuş ərazilərimizə qayıdışımız, şəhərlərin bərpası, insanların köçürülməsi prosesi necə gedir və bu, Azərbaycanın gələcək iqtisadi həyatında hansı əhəmiyyətə malikdir, perspektivlər nədir?
– Füzuliyə qayıdış, Qarabağa böyük qayıdışın başlanğıcı idi. Artıq minə yaxın vətəndaşımız Füzuli şəhərində məskunlaşıb. İlin sonuna qədər bu rəqəm 2000-ə yüksələcək. 2026-cı ildə Füzuli rayonunda 22 min vətəndaşımızın məskunlaşacağı gözlənilir. Məskunlaşma çox intensiv şəkildə aparılır. Ağdamda, Zəngilanda, Laçında və digər işğaldan azad olunmuş bölgələrdə yaşayış məntəqələrimizdə sürətli bərpa-quruculuq işləri gedir. Laçında, Zəngilanda məskunlaşma davam edir. Növbəti məskunlaşmanın digər işğaldan azad olunmuş əraizlərimizdə də davam edəcəyini gözləyirik. İqtisadiyyat formalaşır. Həmin bölgələrə cəlb edilən özəl sektor, eləcə də investisiya həcmində artımlar var. Gözlənilir ki, 2024-cü ildə kifayət qədər böyük layihələrlə özəl sektor və investisiya qoyuluşları həyata keçiriləcək. Azərbaycan Qarabağ və Şərqi Zəngəzuru daxili maliyyə mənbələri hesabına qurur, genişləndirir, inkişaf etdirir. Bu kontekstdə Qarabağ və Şərqi Zəngəzur, artıq yeni mərhələdə Azərbaycanda iqtisadi inkişafın lokomotivinə çevriləcək.
– Füzulidə ağıllı kənd layihələri necə həyata keçirilir və iqtisadi gücümüz həmin layihələrin uğurla həyata keçirilməsinə nə dərəcədə münbit imkanlar yaradır?
– Füzulidə şəhərlə yanaşı, kəndlərin də bərpa, yenidən qurulması həyata keçirilir. Dövlətyarlı kəndində ikinci ağıllı kənd inşa edilməkdədir. Dövlətyarlı kəndinin həm aqrar sektorda, həm emaledici sənayedə imkanları genişdir. Ağıllı kənd prinsipinə uyğun olaraq həmin kəndlərimizin qurulması iş yerlərinin yaradılması, dəyər dərəcəsinə uyğun olaraq məhsulun istehsalına imkan verir. Bu, eyni zamanda, məskunlaşma prosesinin sürətlənməsi anlamına gəlir. Eyni zamanda cənab Prezidentin Füzuli şəhərinə son səfərində həm Füzuli şəhərində üçüncü yaşayış kompleksinin təməli qoyuldu, həm də iki kəndin təməlqoyma mərasimi oldu. Bu, ondan xəbər verir ki, Füzuliyə məskunlaşma yalnız şəhərdə deyil, həm də kəndlərdə həyata keçiriləcək. Biz qısa zamanda Füzuli kəndlərində məskunlaşmanı müşahidə edəcəyik.
– Azərbaycanın işğaldan azad olunmuş ərazilərində yerli imkanlardan istifadə edərək, sosial-iqtisadi balansı təmin etməsi nə qədər vəsait tələb edən məsələdir?
– Tarixi günlər yaşayırıq. Suverenliyimiz bərpa olunub, Xankəndidə Azərbaycanın üçtəngli bayrağı dalğalanır. Bu, həmin ərazilərimizin iqtisadiyyatının formalaşması və reinteqrasiyası prosesinin sürətlənməsinə imkan verəcək.
Qarabağ və Şərqi Zəngəzurun potensialı kifayət qədər böyükdür. İlkin qiymətləndirməyə görə, bu ərazilərimiz bütövlükdə Azərbaycan iqtisadiyyatının 10 faizini formalaşdıra biləcək. Bu, əlavə olaraq, 8 milyard manatlıq yeni dəyərin formalaşması anlamına gəlir. Gələn il işğaldan azad olunmuş ərazilərimizin bərpası və yendiən qurulması üçün ciddi vəsaitin ayrılması nəzərədə tutulur. Büdcədən bu istiqamətə 3 milyard 825 milyon manat vəsaitin ayrılması həyata keçiriləcək. Nəzərə alaq ki, 2023-cü ilin ilkin büdcəsində bu, 3 milyard idi.
Təbii, Azərbaycan Qarabağı, Şərqi Zəngəzuru öz daxili maliyyə hesabına qurur, bərpa edir. Hər hansı bir xarici yardım olmadan proses intensiv şəkildə aparılır. Növbəti dövrdə də işğaldan azad edilmiş Ermənistan tərəfindən tamamilə dağıdılmış yaşayış məntəqələrimizin bərpası üçün dövlət büdcəsindən vəsait ayrılacaq. Bu da həmin ərazilərimizin iqtisadiyyatının qısa zamanda formalaşması, reinteqrasiyasına imkan yaradacaq.
T.Qafarlı
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"