“Qaş düzəldəndə göz çıxaran” avtobus zolağı

15:59 06-11-2023 | icon 392 | Sosial
“Qaş düzəldəndə göz çıxaran” avtobus zolağı

Bakı-Sumqayıt yolunun dərdinə çarə niyə tapılmır?

 

Səhər və axşam saatlarında Bakı-Sumqayıt yolu ölkə ərazisində ən çox sıxlıq müşahidə edilən yollardan biridir. İllərdir bu yoldan istifadə edən sürücülər ağır tıxaclardan, demək olar ki, beziblər.

 

İctimai nəqliyyatdan istifadə edən sərnişinlər isə evdən nə qədər erkən saatda çıxsalar da, hər gün işə gecikdiklərini deyirlər. Çarə kimi bu günlərdə Bakı-Sumqayıt yolunda ictimai nəqliyyat vasitələrindən istifadə edən sərnişinlərin rahatlığını təmin etmək məqsədilə xüsusi avtobus zolağı istifadəyə verilib.

 

Saat 7:00-dan 22:00-a qədər digər nəqliyyat vasitələrinin həmin zolağa girişi qadağandır. Avtobus zolağı yolun yalnız Xırdalan dairəsindən Beynəlxalq Avtovağzal Kompleksi istiqamətində olan hissəsini əhatə edir.

 

Təəssüf ki, səhər pik saatlarda sözügedən zolaqda ictimai nəqliyyatdan daha çox, minik avtomobilləri gözə dəyir. Belə olan halda dəyişən nə oldu?

 

İstifadəyə verilən avtobus zolağı gözlənilən effekti vermir?

 

Nəqliyyat eksperti Yasin Mustafayev açıqlamasında bildirib ki, tıxacların, ekoloji çirkli mühitin, həddən artıq və yerli-yersiz verilən siqnalların qarşısının alınması üçün hərəkət iştirakçıları birmənalı olaraq fərdi nəqliyyat vasitələrindən ictimai nəqliyyata keçməlidirlər:

 

 

“Düşünün ki, hər kəs öz şəxsi avtomobili ilə pik saatlarda Sumqayıtdan Bakıya və ya əks istiqamətə gedib-gəlir. Eləcə də, şəhər daxilində şəxsi işlərini həll etmək üçün müvafiq istiqamətlərdə hərəkət edir. Fərdi nəqliyyat vasitələrindən bu tempdə istifadə edilməsi davam edərsə, gələcəkdə bu vəziyyət çıxılmaz hal alacaq. Böyük şəhərlərdə, meqapolislərdə ictimai nəqliyyatın populyar olması proqram üzrədir. Burada ictimai nəqliyyatdan istifadə o qədər rahatdır ki, sərnişinlər ictimai nəqliyyata üz tuturlar. Tıxac olmur, üstəlik ekoloji vəziyyət də yaxşılaşır. Biz buna necə keçə bilərik? Bunun bir yolu var - ictimai nəqliyyat təkmilləşməlidir.

 

İctimai nəqliyyatın çeşidli növlərindən istifadə edilməlidir, eləcə də, mövcud növlər daha da təkmilləşdirilməlidir. Bir sərnişin avtobusa minib getdiyi yerə gecikirsə, saatlarla tıxacda qalırsa, niyə minsin? Məsələn, Bakı-Sumqayıt istiqamətində gedib-gələn sərnişinlər avtobusdansa birmanatlıq taksilərə üstünlük verirlər. Çünki baxırlar ki, taksi avtobusdan daha tez gedir, üstünlüyü verirlər taksilərə”.

 

Ekspert onu da əlavə edib ki, Bakı-Sumqayıt istiqamətində avtobus zolaqları lazım idi:

 

“Bəli, mən də şahid olmuşam ki, avtobus zolağına minik avtomobilləri, mikroavtobuslar da çıxır. Həmin zolaqda Bakı-Sumqayıt istiqamətində fəaliyyət göstərən avtobuslar getməli olsa da, regionlara gedən avtobuslar da o hissəyə daxil olur. Əslində isə bu, yolverilməzdir. Həmin zolaqda məhz ora üçün nəzərdə tutulan nəqliyyat vasitəsi hərəkət etməlidir”.

 

Bəs bu funksionallığı necə bərpa edək? Nəzarət niyə zəifdir?

 

Yasin Mustafayev deyir ki, problemi həll etmək üçün kamera və digər texniki vasitələrin sayını artırmaq lazımdır:

 

“Texniki vasitələr nə qədər çox olsa, nəzərdə tutulan sərnişin avtobuslarından başqa zolağa daxil olan digər nəqliyyat vasitələrinə yerindəcə cərimə protokolları gəlsə, bu, digərləri üçün siqnal olacaq. Bir sürücüyə avtobus zolağına çıxdığı anda elektron cərimə tətbiq edilərsə, o sürücü bir daha o zolağa çıxmayacaq. Bu praktikanı əyani olaraq 2015-ci ildə Avropa Oyunlarında gördük.

Həmin ərəfədə ayrılan zolağa ilk gün 300 nəfərə yaxın şəxs cərimələndi. Daha sonra hər kəs başa düşdü ki, o zolağa daxil olsa, cərimələnəcək. Bakı-Sumqayıt yolunda da eyni praktikanın tətbiq edilməsi məqsədəuyğundur. Düzdür, texniki vasitələrin sayının artırılması vəsait tələb edir, amma nəticədə bu addım özünü doğruldursa, məncə, tətbiq edilməlidir.

Bir kameranın qiyməti orta hesabla nə qədər olacaq? Düşünürəm ki, bir kamera dörd-beş nəqliyyat vasitəsinin qayda pozuntusunu qeydə alsa, ona çəkilən xərc çıxar. Necə deyərlər, texniki vasitəyə xərclənən pul qısa zamanda büdcəyə geri qayıdar. Bu mənada düşünürəm ki, həmin zolaqda texniki vasitələrin sayı daha da artırılmalıdır”.

 

Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) inspektoru, polis leytenantı Elvin Hacıyev bildirib ki, sözügedən ərazidə ümumi istifadədə olan zolaq avtobusların hərəkəti üçün nəzərdə tutulub:

 

 

“Avtobusların hərəkəti üçün nəzərdə tutulan zolaqda digər nəqliyyat vasitələrinin hərəkət etməsi qadağandır. Bu, inzibati məsuliyyət yaradır. Sürücülərdən xahiş olunur ki, avtobus zolağına daxil olaraq ictimai nəqliyyatın hərəkətinə maneə yaratmasınlar.

Əks halda həmin sürücülərin barəsində qanunamüvafiq tədbirlər görüləcək”. /oxu.az/

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Əgər bu bizim milli maraqlarımıza təsir edəcəksə…”

Brilliantdan yeni layihənin ANONSU

COP29 viza müraciət sistemi AKTİVLƏŞDİRİLİB

İki universitetə yataqxana TİKİLƏCƏK

Dördüncü "Yüksəliş" müsabiəsinin FİNALÇILARI

Rusiyada təyyarə QƏZASI

“Bu, üçtərəfli görüşün anlamını bir daha dünyaya bəyan etdi”

Xalq artisti “İnklüziv ayı” layihəsinin bağlanış mərasimində

İtmiş dünya

“İrəvan” futbol komandası bütün yarışlardan KƏNARLAŞDIRILIB

Sarı və narıncı XƏBƏRDARLIĞI

Elxan Şahinoğlu imzatoplama kampaniyasına BAŞLAYIB

İctimai nəqliyyatda tələbələr üçün GÜZƏŞT

Tovuz döyüşlərindən 4 il ÖTÜR

Ermənilərin mənimsədiyi “Qarabağ” Yutubdan SİLİNDİ