“30 ildən artıqdır ki, Azərbaycan Mərkəzi Asiya ölkələri ilə ikitərəfli, çoxtərəfli formatlarda sıx əməkdaşlıq edir. Bu dövlətlər bütün beynəlxalq təşkilatlarda bir -birinin ərazi bütövlüyünü, suverenliyini dəstəkləyirlər”.

 

Versus.az xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Kamilə Əliyeva BMT-nin Mərkəzi Asiya ölkələri üçün xüsusi iqtisadi proqram çərçivəsində Bakıda keçirilən Zirvə görüşünün əhəmiyyəti ilə bağlı açıqlamasında bildirib.


K.Əliyeva qeyd edib ki, 1998-ci ildə BMT tərəfindən yaradılmış SPECA Mərkəzi Asiya ölkələrində iqtisadiyyatın davamlı inkişafını və qarşılıqlı əlaqələrin inkişafını təşviq edən iqtisadi platformadır. Azərbaycan daxil olduğu bu platformada olan digər ölkələrlə əməkdaşlığı daha da inkişaf etdirmək üçün çoxşaxəli fəaliyyət proqramları həyata keçirdir. O, eyni zamanda hesab edir ki, Macarıstan və Gürcüstan hökumət başçılarının zirvə görüşündə iştirakı bu platformanın daha da genişləndirməsindən xəbər verir.

K.Əliyeva bildirib ki, Prezdent İlham Əliyevin xarici siyasət kursunun əsas prioritetini Mərkəzi Asiya dövlətləri ilə siyasi, iqtisadi əlaqələrin genişləndirilməsi təşkil edir. Ölkə başçısının bu il ərzində Mərkəzi Asiya dövlətlərinə 10 dəfə səfər etməsini, eləcə də bu ölkələrin dövlət başçılarının mütəmadi olaraq Azərbaycana rəsmi səfərlərini xatırladan deputat, bunun təsadüfi olmadığını qeyd edib.

“Azərbaycanla Mərkəzi Asiya dövlətləri arasında daha bir istiqamət qarşılıqlı ticarət və sərmayə qoyulması ilə bağlıdır. 2023-cü ildə Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə ticarət əlaqəsi 3 dəfədən çox, 7 ay ərzində isə daha 50 faiz artıb. Azərbaycan həmçinin Mərkəzi Asiya ölkələrinin Avropa ilə iqtisadi əlaqələrinin inkişafında da mühüm rol oynayır. Azərbaycansız bu region ölkələrinin Avropaya çıxışı mümkünsüzdür. Ölkəmiz Şərq-Qərb-Cənub dəhlizinin üzərində yerləşir. Bu marşrut xətti iqtisadi cəhətdən çox səmərəli yoldur. Burada eyni zamanda Orta dəhlizin xüsusi rolu da vurğulanmalıdır. Orta dəhliz xətti Qazaxısatan sərhəddindən başlayaraq Xəzər dənizindən keçərək Azərbaycan, Gürcüstan, Türkiyə ərazilərindən, Avropaya qədər geniş bir ərazini əhatə edir”.

K.Əliyeva bildirib ki, Azərbaycan öz ərazisində bu istiqamətdə böyük nəqliyyat və logistika infrastrukturu yaratmışdır. Onun sözlərinə görə, Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı Dəniz Ticarət Limanının inşası çox əhəmiyyətli bir layihə kimi geniş imkanlara malikdir.

“Bakı-Tbilisi-Qars dəmir yolunda yükdaşımaların həcmi 1 milyon tondan 5 milyon tona, Bakı Dəniz Limanından isə 15 milyon tondan 25 milyon tona qədər artırılacaq. Eyni zamanda Mərkəzi Asiyadan olan şirkətlər Azərbaycanda yaradılmış Ələt Azad İqtisadi zonasına böyük maraq göstərirlər. Azərbaycanın regionda yaratdığı reallıq, region dövləltəri ilə yanaşı Mərkəzi Asiya ölkələrinin inkişafına da böyük töhfələr verməkdədir”.

Tahirə Qafarlı