Tural İrfandan siyasi ŞEİR

20:03 07-09-2020 | icon 822 | Ədəbiyyat
Tural İrfandan siyasi ŞEİR

ÇÜNKİ SƏN MƏMURSAN

 
 
Gördünmü yol ayrıcında qucağı körpəli gəlinin gözü nəmli dilənməyini,
Gördünmü acından qarnı qabırğasına yapışmış boz köpəyin ümidsiz sülənməyini?
Gördün! Gəlinə bir manat verdin, maşının şüşəsini endirib, kişiləndin.
Bunu böyük bir iş bildin.
Ancaq o gəlinin nədən diləndiyinin fərqinə varmadın, düşünmədin...
İtə də bir siqnal verib axsaq qaçışına qəh-qəhə çəkdin.
Ona ilişdin... O itin niyə süləndiyini anlamadın, qanmadın.
 
 
Sonra gördünmü Ramizin saymazyana nəvə toyunu,
Ombudsmanın qanuni oyununu...
Hacı Abelin sağlığını,
Kimin kimdən asılılığını, kimin kimə bağlılığını...
Toxların iştahasını gördünmü,
Gördünmü, Siyavuşun istefasını, karantində məmurların xətasını,
Xətanın atasını, qayınatasını...
 
 
Gördün, bəli, gördün.
Neylədin?
Üzdə gileyləndin, söydün,
Yalnız ürəyində.
Guya intiqam aldın,
Öz-özünə gülümsədin, öyündün, güzgüyə baxıb irişdin, şeşələndin.
 
 
Sən nə biləsən haqq nədir,
Sən hardan biləsən xalq nədir?
Çünki sən məmursan!
Ürəyin olsa da, qəlbin yoxdur, sənin Vətən adlı dərdin yoxdur...
 
 
Tamahla alıb xəsisliklə buraxdığın murdar nəfəsin var,
Sənin ancaq və ancaq nəfsin var.
Səndə ülvi hisslər ola bilməz,
Səndə qəhər, kədər, həsrət, yazığı gəlmək, gözü dolmaq ola bilməz,
Sən heç uşaqlarının da başını sığallamırsan,
Səndə mərhəmət, insaf, vicdan ola bilməz
Çünki sən məmursan...
 
 
O toyun ağsaqqalı vermişdi sənə bu mənsəbi,
İndi onun öz toyu olacaq.
Toydan sonra vayı olacaq,
Səni də çağıracaqlar o toya.
Əvvəlcə izahat verəcəksən Baş prokurorluqda,
Törətdiklərini görəcəksən ağ bir qovluqda.
Amma bu toy o toydan olmayacaq.
 
 
Bu toyun qonaqları qəmgin, sıxıntılı,
Bu toyun qonaqları narahat.
Başı üstündə masabəyi əvəzinə müstəntiq,
Qabağında çaxır əvəzinə izahat...
 
 
Sonra sənin toyun olacaq,
O toyda ombudsman oynamaz, Hacı Abel sağlıq deməz...
O toyda qanlar qaynamaz, üzlər gülməz.
O toyda sənə söz verilməz masabəyi tərəfindən.
Ancaq suallar verilər, sərt, yorucu müstəntiq sualları...
Bezərsən, ağzını büzərsən.
Fəqət Abelin ispan çaxırı dada gəlməz.
Uzaq başı bir stəkan adi Ceyranbatan suyu ilə yaşlarsan qurumuş boğazını...
 
 
O toyda gəlin oynamaz, bəy olmaz,
O toyda şadlıq, şənlik, musiqi, hay-küy olmaz.
O toyda bəy oynamaz, gəlin olmaz.
O toya çağırılmamış gələn olmaz, gülümsəyən - gülən olmaz...
 
 
Qapıçıdan siqaret dilənərsən istintaq fasiləsində,
O dilənən gəlin gələr gözünün önünə.
Dəmir çarpayı göstərərlər yatmağa,
O sülənən it gələr gözünün önünə,
Birə, bit gələr gözünün önünə...
 
 
Uzanar sorğular, suallar,
Çoxalar şahidlər, üzəduranlar.
Səni bir şey daha çox sarsıdar:
...Bir vaxt üzünə durduqların üzünə durar,
Bir vaxt şərlədiklərin sənə həqiqəti deyər,
Divardakı kölgən ac qoyun kimi gözünü döyər...
 
 
Ağlamaq istəyərsən, ağlaya bilməzsən,
Allah sənə ağlamağı da çox görər.
Əriməz qəlbinin daşı,
Çıxmaz gözünün yaşı,
Çünki sən məmursan. Çünki sən məmursan...
 
 
Ayaqqabılı girdiyin kasıb daxmaları gözünün önünə gələr,
Yardımını yediyin əlillər kabusa dönər...
Sənə mənsəb verəni gətirərlər,
Rüşəttə hallanar adın.
Suyu ilıq çayla əvəz edərlər,
Qaçar duzun, qaçar dadın...
 

Fəqət Abelin çaxırı gəlməz.
Bu toyu vayla əvəz edərlər,
Bu vayın axırı gəlməz...
Görmədiyin günə düşərsən,
Sözün mənfi mənasında.
Gah üşüyərsən, gah istidən bişərsən,
Etdiyin cinayətin, səhvin qarşısında.
 
 
İş vaxtı bitər, zəhmi bağır yaran müstəntiq sağollaşmamış gedər,
Gecə yarı birtəhər gözünə yuxu gedər.
Yuxu görərsən qorxulu:
O dilənən gəlin gələr yuxuna,
O sülənən it gələr yuxuna.
Sökülən evinin daşı üstündə oturub o gəlin,
Başın üstündə hürər o ac it.
O toyun bircə sümüyünə möhtac it...
 
 
Hövlnak ayılarsan,
Duruxarsan.
Təkadamlıq kameranın içindəki ayaqyolundan gələn
öz yediklərinin qoxusu imiş səni boğan,
Yediklərini qusmaq qorxusu imiş səni boğan...
 
 
... Sən o zaman o itə nahaq ilişdin,
İndi özün o itin gününə düşdün.
İtin də Allahı var,
İtin nə günahı var?
 
 
Uzanar toylu günlər, bu vaylı günlər,
Dəmir çarpayıda üzüqoylu günlər.
Sızlamaz vicdanın, peşman olmazsan,
Səni bura gətirən İblisə düşman olmazsan,
Çünki sən məmursan...
 
 
Yatarsan, çıxarsan, qapı ağzında o dilənən gəlini yenə görərsən,
Artıq uşağı qucağında deyil, yanındadır, əlindən tutub.
İt də çıxar bir küncdən, ayağı hələ sağalmayıb.
Bu dəfə itin üstünə sən hürərsən,
Yenə insafa gəlməzsən, yenə mürvət bilməzsən...
 
 
Zülm edərsən, o zülmə göz yumarsan,
Məhbəsdən çıxdığın gün
Sən o gəlinin əhvalını yox, verdiyin o manatı düşünərsən,
Çolaq itdən də rüşvət umarsan,
Çünki sən məmursan!
 
 
O gəlinin halını anlamasan,
Ac itin əhvalını anlamasan,
Yüz il də həbsdə yatsan,
Yüz toyun olsa da,
Yüz vayın olsa da,
Düzəlməyəcəksən, düz olmayacaqsan,
Çünki sən məmursan!

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

Tanınmış bəstəkara həsr olunmuş KATALOQ

TDT yaxın gələcəkdə dünyada güclü bir təşkilata çevriləcək

Azərbaycanla Ermənistan arasında 28 sərhəd dirəyi QURAŞDIRILIB

“Qeyri-Centlmen İşlər Nazirliyi” "CineMastercard"da

Rusiyaya məxsus helikopter aerodromda məhv edildi

Samir yeniliklərlə qayıtdı

Bəzi tikinti materialları BAHALAŞACAQ

Türk dünyasının deputatları Xankəndidə

Ənvər Sadıqov - 58

Azərbaycanda dəhşətli hadisə

Deputatın “Başkənd” iddiası ciddi qınağa səbəb oldu

Haaqada Azərbaycanın Ermənistana qarşı qaldırdığı iddianın dinləmələri BAŞA ÇATIB

Fuad Muradov 7 kişini şantaj etdi və...

Ölkəmizə olan böyük etimadın və dəstəyin nümunəsi