Azərbaycanda məktəblərə könüllü ianə necə yığılacaq?

14:45 08-02-2022 | icon 321 | Təhsil
Azərbaycanda məktəblərə könüllü ianə necə yığılacaq?

"İmkanlı şəxslərin ianələrdə maraqlı olmamasının əsas səbəblərindən biri də budur ki..."

 

Təhsil naziri Emin Əmrullayev ötən ilin sonlarında (21 dekabr 2021) keçirdiyi brifinqdə orta məktəblərdə valideynlərdən pul yığılması məsələsinə münasibət bildirərkən bunun məcburi olmasını pisləmişdi.



Bununla yanaşı, nazir hansısa valideynin məktəbə könüllü ianə etməyinə də pis baxmadığını söyləmişdi.



“Könüllülük çox vacib məsələdir. Bu da o demək deyil ki, kimsə buna məcbur edilə bilər, sadəcə istəyə bağlıdır…
…Əgər valideyn bütün vergilərini ödəyəndən sonra əlində artıq qalan bir manatını məktəbə vermək istəyirsə, şəffaf sistem fikirləşməliyik. Valideynlərin verdiyi ödənişlər könüllü olmalıdır".



O zaman nazirin bu fikirləri cəmiyyətdə birmənalı qarşılanmamış və sosial şəbəkələrdə çoxsaylı tənqidlər səsləndirilmişdi.



Emin Əmrullayev isə söz vermişdi ki, Təhsil Nazirliyi ictimai müzakirələrdə səsləndirilən fikirləri analiz edib, ictimaiyyətin rəyini öyrənəndən sonra - 2022-ci ilin ilk aylarında məsələ ilə bağlı daha konkret mexanizmlər təqdim edəcək.



Nazirlik hələlik məktəblərə könüllü ianələrin mexanizmlərini təqdim etməyə tələsmir.



Bəs maraqlıdır, xarici ölkələrdə belə bir təcrübə varmı, könüllü ianələr necə həyata keçirlir?



Uzun müddətdir ABŞ-da yaşayan azərbaycanlı alim, Quzey Dakota Dövlət Universitetinin riyaziyyat professoru Azər Əhmədov bildirib ki, bu ölkədə valideynlər ibtidai (1-5), orta (6-8) və yuxarı (9-12) siniflərdə oxuyan övladlarına görə təkcə məktəbə deyil, idman dərnəklərinə, fərqli klublara da könüllü olaraq pul köçürürlər:



“Belə valideynlər çox olur. Məktəb heç vaxt demir ki, hansısa pulkoçürmə kampaniyası var və s. Kim istəyirsə könüllü ianə edir…Yəni heç zaman məcburiyyət olmayıb. Bir vacib məqam var, onu vurğulamaq istəyirəm: ABŞ-da öz pulunu, var-dövlətini uşaqlarına, qohum-əqrabasına deyil, dövlətə, məktəbə bağışlayan (hansısa təqaüd təsis edən, yaxud hansısa torpaq sahəsini bağışlayan) adamlar çoxdur, lap çox! Amerikanın ən gözəl ənənəsi də budur!”.

Uzun illərdi Türkiyədə yaşayan azərbaycanlı jurnalist İlhamə Qasımlı da dost ölkədə məktəbələrə könüllü ianələr edildiyini bildirib:

“Türkiyədə belə təcrübə çoxdan var. Türkiyə Təhsil Vəqfi fəaliyyət göstərir, bu qurumun öz kollecləri də var. İmkanlı şəxslərdən tutmuş imkanı az olub, amma dəstəkdə iştirak etmək istəyənlərə qədər çox adam bura pul vəsaiti ilə ianə edir. Şəxsi torpaq sahəsini də təhsil və ya səhiyyə qurumu üçün dövlətə ianə edənlərin sayı yüz minlər, bəlkə də milyonlarladır. Məsələn, oğlumu kiçik yaşlarında qoyduğumuz uşaq bağçası məhşur aktyor Kənan İmirzalıoğlunun ailəsinin hədiyyəsi olan torpaq sahəsi üzərində inşa edilmişdi. Onların ailəsi hətta bir xəstəxanaya da torpaq yeri ianə etmişdi.



Amma bu cür ianələrdə önəmli olan qarşı tərəfin də - yəni dövlətin – ianəyə nəcib yanaşmasıdır. Bu yanaşmada əsas olan ianə edən şəxs və ya şəxslərin adlarının hansısa şəkildə əbədiləşdirilməsidir. Adətən ianə edən şəxsin adı həmin müəssisəyə verilir. İanə edən şəxslərin sayı çox olanda isə binanın əsas yerində mütləq o şəxslərin adları qeyd olunur. Belə bir sistemdə yardım etmək istəyənlər də çox olur.



Azərbaycanda imkanlı şəxslərin ianələrdə maraqlı olmamasının əsas səbəblərindən biri də budur - pulu alırlar, amma sonra pul verən adamın adı "it dəftərində" də olmur. Türkiyədə özünün və ya yaxınlarının xatirəsini əbədiləşdirmək istəyən adamlar təhsil və səhiyyə sisteminə ianələrlə istəklərini reallaşdırırlar”. /modern.az/

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Qərb iç üzünü GÖSTƏRDİ

“İctimai proseslər media müstəvisində” - FORUM

Ağsaqqallıq Allahın təyinatıdır - Firudin Abazəliyev- 72

Gömrük idarəsində ƏMƏLİYYAT

Bu da Roza Zərgərlinin “Son”u

"Analar Günü" TƏSİS EDİLİR

“Qarabağ naminə qalib ol!” - MARAFON

Əllərin əsməsi təkcə nevroloji deyil, başqa səbəbləri də var

Nərminin montajsız klipi

Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulmaq istəyənlərin NƏZƏRİNƏ

DSX-nin sərhəd zastavası xidməti istifadəyə VERİLDİ

Xəyallar gerçəkləşir

Kəlbəcərdə ağır QƏZA

"Bu, müharibə ehtimallarını da azaldır"

Şəkər istehlakı xərçəngə yol açır?