“Hamımız Ukraynanın yanında olmalıyıq, çünki…”

09:50 25-02-2022 | icon 426 | Geopolitika
“Hamımız Ukraynanın yanında olmalıyıq, çünki…”

Abutalıb Səmədov: "Rusiya durdurulmasa dünya üçün daha böyük təhlükə yaradacaq”

 

Rusiyanın Ukraynaya qarşı başladığı hərbi müdaxilə təkcə MDB regionunu deyil, bütün dünyanı dəhşətli fəlakətin son həddinə gətirdi. Artıq hamı etiraf edir ki, bu ikinci dünya müharibəsindən sonra bəşəriyyətin üzləşdiyi ən böyük müharibə təhlükəsidir. Çox təəssüf ki, qərb dövlətləri liderlərinin, o cümlədən, Türkiyə prezidentinin hadisələrin təhlükəli inkişafının qarşısını almaq, Rusiya və Ukrayna dövlət başçılarını sülhü  qorumaq naminə danışıqlara cəlb etmək cəhdləri uğursuzluqla nəticələndi.

 

Versus.az xəbər verir ki, bu barədə Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədov Ukrayna-Rusiya müharibəsində Rusiyanın barışmaz mövqeyini açıqlayarkən bildirib.

 

Partiya sədri hesab edir ki, bu uğursuzluğun əsas səbəbi bir tərəfdən Rusiyanın barışmaz mövqe tutması və bütün dünya ilə “ultimatum dili” ilə danışması, digər tərəfdən Ukrayna tərəfinin qərb dövlətlərinin məsləhətini dinləməməsi və “Minsk razılaşmaları”nı icra etməkdən qəti şəkildə imtina etməsi oldu.

 

A.Səmədov bildirib ki, Fransa prezidenti Emanuel Makronun “vasitəçilik missiyasının” uğursuzluqla nəticələnməsindən sonra hərbi əməliyyatların başlanacağı heç kimdə şübhə doğurmurdu. Ancaq sonradan atılan addımlar, baş verən hadisələr bütün gözləntilərdən dəfələrlə təhlükəli oldu:

 

“Rusiya əvvəlcə iki separatçı qurumu, Donetsk və Luqansk “respublikalarını” tanıdı, onların rəhbərləri ilə əməkdaşlıq müqavilələri imzaladı və hərbi qüvvələrini bu separatçı ərazilərə yeritdi.  Bununla kifayətlənməyən Rusiya prezidenti bir neçə istiqamətdən Ukraynaya geniş miqyaslı hücum etmək, onun hərbi strukturlarını sıradan çıxarmaq, silahsızlaşdırmaq, hadisələrin bu həddə çatmasında günahkar olan şəxsləri cəzalandırmaq və Ukraynada hakimiyyət dəyişikliyinə nail olmaq üçün rus ordusuna hərəkətə keçmək əmrini verdi. Dünya birliyi, ilk növbədə, qərb ölkələri Rusiyanı durdurmaq üçün real addımlar ata biləcəkmi? Yoxsa, yenə də yarımçıq tədbirlərə üstünlük verəcək və Gürcüstanın arxasından Ukrayna da qurban veriləcək Ümid edirəm ki, bu baş verməyəcək və həm ABŞ, həm də Avropa birliyi ən kəskin, ən təsirli silahlarını işə salacaq və Rusiyanı təhlükəsizləşdirmək üçün əlindən gələni edəcək. Rusiya Ukraynada durdurulmasa növbəti addımlar bütün dünya üçün daha böyük təhlükə yaradacaq”.

 

Partiya sədri bildirib ki, son günlər baş verən hadisələr Azərbaycan hakimiyyətinin nə qədər müdrik siyasət apardığının bir daha təsdiqi oldu:

 

“Azərbaycan prezidenti ilin əvvəlində çoxlarının getməyə cəsarət etmədiyi Kiyevə səfər edərək həm Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyini bir daha bəyan etdi, həm də, Rusiya ilə “Müttəfiqlik bəyannaməsi” imzalayaraq qarşımıda duran problemlərin həlli istiqamətində mühüm addım atdı. Bu addımları atmaqla dövlət başçımız bir tərəfdən Ukrayna-Rusiya qarşıdurmasına  münasibətdə dəyişməz mövqeyimizi bir daha ortaya qoydu, digər tərəfdən, Azərbaycanı mövcud olan və qarşıya çıxa biləcək təhlükələrdən qoruya bildi. Bu vəziyyətdə “demokratiya sammiti”nin iştirakçısı olan Ermənistan necə davranacaq? Ukraynanın ərazi bütövlüyünü müdafiə edib, Rusiyanın işğalçılıq hərəkətlərini pisləyə biləcəkmi? Təbii ki, edə bilməyəcək və Rusiyanın yanında olmaqla özünü bütün dünyada bir daha ifşa edəcək.

Rusiyanın çoxdan gözlənilən hücumuna hazırlıqsız yaxalanan və ilk saatlarda ciddi itkilər verən Ukrayna öz müstəqilliyini və ərazi bütövlüyünü qoruya biləcəkmi? Bu təhlükəli qarşıdurmadan qalib kimi çıxmasa da, dünyanın ikinci hərbi gücünə layiq müqavimət göstərə biləcəkmi? Ümid edirik ki, belə olacaq və bu baxımdan hamımız Ukraynanın yanında olmalıyıq. Çünki belə olmasa Rusiya həm regionumuz, həm də dünya üçün ciddi təhlükə olmaqda davam edəcək”.

 

Tahirə Qafarlı
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Mədəkiçiltmə erasının sonu gəlir

“Azərbaycanla Bolqarıstan arasında əlaqələr uğurla inkişaf edir”

“Yeni formalaşan parlament daha aktiv olacaq”

Heydər Əliyevin 101-ci ildönümündə Nizami rayonunda KONSERT

"Gürcüstanda vəziyyət daha qəlizdir"

Ölkə sərhədlərini aşan STARTAPLARIMIZ

Parlament seçkiləri avqust-sentyabr aylarında keçirilə bilər

“Avroviziya 2003"-ün qalibi Bakıya gəlir

Aygün Azərbaycan Kubokunun finalında çıxış edəcək

Röya Ayxandan “Dünya” - LAYİHƏ

Ulu öndər Heydər Əliyev - 101

Bakıdakı qətlin DETALLARI

Bələdiyyə sənədi olan torpaqlara çıxarış necə ala bilərik?

Beynəlxalq təşkilatdan ÇAĞIRIŞ

Aylıq minimum əməkhaqqı saatlıqla əvəz edilə bilər