100 ildən artıqdır süni köçürülmə yolu ilə gəlib Qafqazda yerləşən və  bu gün qonşu sayılan ermənilərin Azərbaycana qarşı törətdiyi cinayətlər o qədər böyükdür ki, saymaqla bitmir.

 

Versus.az xəbər verir ki, bu fikirləri tarixçi alim, Qafqazşünaslıq İnstitunun, Ermənişünaslıq kafedasının müdiri Qasım Hacıyev bildirib.,

 

Onun sözlərinə görə, Qafqazda azərbaycanlılara, türklərə qarşı terror, soyqırımlar, deportasiya aktları törədən ermənilər haqqında dəfələrlə deyilib, yazılıb və bundan sonra da deyilməlidir.

 

“Çünki dünyanın sonu deyil, qonşu da olmalıdır, dost da olmalıdır, münasibətlər də gözlənilməlidir, insanlar sülh şəraitində yaşamalıdırlar. Çünki daimi müharibə ola bilməz. Müharibələr sülhün pozulduğu anlarda, ədalətin öz yerini tutmadığı halda baş verir və uzun çəkir. Ermənilərlə bizim xalq – Azərbaycan arasında baş verən münaqişələr, müharibələr də çox acınacaqlı sonluqlarla  başa çatıb.

Minlərlə günahsız insan öldürülüb, 100-lərlə şəhər və kəndlər dağıdılıb, abidələr məhv edilib. Müharibələrin insanlara heç bir faydası yoxdur. Ən yaxşı yol, sülh, ədalət prinsipi, beynəlxalq hüquqa hörmət qoyularaq yaşamaq yoludur”-deyə tarixçi alim faktlara istinad edib.

 Q.Hacıyev I Qarabağ müharibəsində 1000-lə ölən, yaralanan, əsir və girov götürülənlərin olduğunu önə çəkməklə, çox az adamların girovluqdan, əsirlikdən qayıtdığını qeyd edib.

“Çünki Ermənistan heç bir hüquq prinsipinə, heç bir beynəlxalq  normalara hörmət qoymadı. Hörmət qoysaydı, bu günə qədər sülh müqaviləsi imzalanardı.  Ermənistan heç bir konstruktiv mövqe tutmadı, sülhə gəlmədi, həmişə sülh danışıqlarını pozdu. Eyni zamanda əsir düşmüş və girov götürülmüş insanlarımızın da geri qaytarılmasına əməl etmədi. Yüzlərlə, minlərlə insan bundan ziyan çəkdi. Əsirlikdən qayıdanlar danışırlar ki, ermənilər nə əsirlərin saxlanılmasında, nə qaytarılmasnda heç vaxt ləyaqətli, ədalətli mövqe tutmayıb, hər bir addımda öz vəhşiliyini, vandallığını göstərib”.

Q.Hacıyev bu mənada beynəlxalq təşkilatlardan istəyimizin, gözləntilərimizin çox olduğunu deyib.

“Çox güman ki, hələ də Ermənistanda Azərbaycanın əsir götürülmüş insanları var. Ermənilər həmişə bu tələblərin yerinə yetiriməsindən imtina etdikləri üçün beynəlxalq təşkilatlardan bu hadisələrin beynəlxalq müstəvidə düzgün tanınması, düzgün qərar çıxarılmasını tələb edirik. Ədalət prinsipini gözləsinlər, Azərbaycan əsirlərinə, girovlara qoyulan hörmət də beynəlxalq səviyyədə tanınsın”.

Q.Hacıyev bildirib ki, bu gün istər Qərb, istər Avropa dövlətləri Ermənistanın Azərbaycana qarşı apardığı müharibəyə qeyri-ciddi yanaşır, laqeydlik göstərirlər. Onun sözlərinə görə, faktlar sübut edir ki, həm Qərb ölkələri, ABŞ, Avropa  bu məsələlərin ədalətli çözülməsində ikili mövqe tutur.

“Müharibələr ona görə uzanır, ona görə bu qədər itkilər olur ki, bəzi dövlətlər öz mənafeyini güdür, bəzi dövlətlər isə laqeyd münasibət göstərərək bu münaqişənin dərinləşməsinə səbəb olur.Böyük dövlətlər, beynəlxalq təşkilatlar məsələyə ciddi yanaşmalı, Azərbaycanın haqq işini müdafiə etməlidir. Girov və qaçqınlara aid məsələlərdə diqqətli olmalıdırlar. Azərbaycanla Ermənistan arasında ikili münasibət sərgiləməməlidirlər”.

 

T.Qafarlı

Versus.az