Versus.az xəbər verir ki, politoloqlar Vaşinqton görüşünü şərh ediblər.

 

Politoloq Yeganə Hacıyeva

 

"44 günlük Vətən müharibəsində Azərbaycanın qələbəsindən sonra iki ölkə arasında üçtərəfli razılaşmanın şərtləri altında sülh sazişinin imzalanması üçün bir neçə cəhd oldu. İlk olaraq bu proses Rusiyanın moderatorluğu ilə başladı. Daha sonra Avropa Birliyi məsələyə cəlb olundu. Rusiyanın, Avropa Birliyinin moderatorluğu ilə bu proseslər bir nəticə vermədi. Onlar bu məsələlərdə yalnız öz maraqlarını güdürdülər. Rusiya münasibətlərin normallaşmasında maraqlı deyildi, AB isə danışıqlarda iştirakla öz maraqlarını təşviq edirdi. İlk günlərdən ABŞ-ın mövqeyi bundan ibarət idi ki, tərəflər arasında üz-üzə görüş və müzakirə olmalıdır. Beynəlxalq münasibətlərdə tətbiq edilən effektiv praktika budur ki, tərəflərin üz-üzə olan görüşləri daha faydalı olur. Prosesin inkişafında iştirak edən qüvvələr həm də kənar maraqların təşviqçiləridirlər.  Azərbaycan və Ermənistan XİN rəhbərləri ilk olaraq ABŞ Dövlət Departamentinin katibi Antoni Blinken ilə görüşüblər.  Daha sonra isə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin birbaşa görüşü keçirilib. Bu həftə ərzində sülh sazişinin imzalanması yolunda fasiləsiz addımlar atılacaq. Sülh sazişinin qaralama versiyası mövcuddur və bunun üzərindən tərəflər danışıqlar aparacaq. Müzakirələr ərazi bütövlüyünün tanınması, beynəlxalq hüququn təmin olunması və regional təhlükəsizliyin digər məsələlərini əhatə edir. Əslində, bütün sadalananların hər biri Azərbaycanın maraqlarına uyğundur. Bu mövzuların hər biri ölkəmizin israr etdiyi, Ermənistanın isə kənar təşviqlə sabotaj etdiyi mövzulardır. ABŞ-ın moderatorluğu ilə keçirilən görüşdə Ermənistan göstərməyə çalışır ki, sülh sazişinin imzalanmasında guya maraqlıdır. Ermənistan Baş naziri və XİN rəhbəri üzdə guya bu prosesin getməsi, məsələnin həllinə təşəbbüs etdikləri ilə bağlı açıqlamalar verirdilər. Biz onların bu açıqlamalarından bir neçə gün sonra, əks olaraq başqa bir bəyanatla çıxış etdiklərini, sərhəddə təxribatlarını görmüşük. Fikrimcə, görüşlərdə müəyyən addımlar atılmalıdır. Proseslərin hazırkı mərhələsindən və bu mərhələdə həll edilməli olan məsələlərdən Ermənistan xəbərdardır. Blinken Ermənistana aydın mesajlar verib ki, həllivacib məsələləri indi onlar ya ABŞ-ın moderasiyası ilə aparılan prosesdə həll etməlidirlər,  əks halda bu məsələlər hərbi yolla həll olunacaq. Bu məsələlər geniş hərbi addımlar atılmasa da, kiçik antiterror əməliyyatları ilə həll ediləcək. Ermənistan Qarabağdan öz qoşunlarını çıxarmasa, Azərbaycan antiterror əməliyyatları keçirəcək. Yəni proseslərin bir tərəfində danışıqlar, digər tərəfində hərbi əməliyyatlar dayanır. ABŞ-da Ermənistana danışıqlarla bu məsələnin həll olunmasının daha məqsədəuyğun olduğunu başa salmağa çalışır.  Məsələn, Ermənistana Qarabağdan 200 erməni əsgərinin meyidinin gəlməsi əvəzinə, onların öz ölkələrinə sağ qayıtması Paşinyana daha faydalıdır. İndi Ermənistan baş naziri və cəmiyyəti bu məsələni nə qədər anlayır, bu, ayrı mövzudur. Mənim sülh müqaviləsinin ilkin addımı kimi müəyyən bir sazişin imzalanmasına dair bir düşüncəm var. Vaşinqtonda ABŞ dövlət katibinin iştirakı ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin bu görüşü 1 həftə davam edəcək. Bu isə gərgin işdir və hər hansısa bir sənədin qəbul olunacağı mütləqdir. Gələcəkdə Ermənistanın qəbul olunan sənədin əksinə addım atacağının şahidi olacağıq. Vaşinqtonda Azərbaycan və Ermənistan XİN rəhbərləri arasında sülh müqaviləsinin başlanğıcı olaraq çərçivə sənədi imzalanacaq".



Politoloq Əli Mustafa

 

"Blinkenin müavini Bakıya Amerikanın təklifləri ilə gəlib. Hətta mətbuatda bu təkliflərin Ermənistan tərəfindən ağır hesab olunduğu da bildirilmişdi. Bütün hallarda ABŞ  Ermənistanla Azərbaycan arasında anlaşmanın olmasında maraqlıdır. İstəyir ki, sülh sazişi imzalansın və Güney Qafqazdakı konflikt Rusiya ilə birlikdə getsin. ABŞ bu məsələlərdə Rusiyadan daha sağlam düşünür və burada münaqişənin aradan qalxmasını istəyir. Sadəcə, ABŞ-ın təşəbbüsü ilə Ermənistanla Azərbaycan arasında hansısa danışıqlar gedəndə, yaxud Avropa İttifaqının təşəbbüsü ilə belə barış təşəbbüsləri irəli sürüləndə Rusiya bu prosesə qarışır. Regionda çox müəmmalı təxribatlar, qarşıdurmalar baş verir. Anlaşılan odur ki, Rusiya barışın olmasını istəmir.  Barış olanda Rusiya burada qeybə çəkilir. Rusiya münaqişə üzərindən bölgələrə girir. Ona görə də hesab edirəm, ABŞ Ermənistanla Azərbaycan arasında bir anlaşmanın olmasında maraqlıdır. Hər halda Vaşinqtonun dialoqla bağlı bir faydası olacaq”.

 

Politoloq Məhəmməd Əsədullazadə

 

"Vaşinqtonda Azərbaycan-Ermənistan arasında görüş yeni danışıqlar raundunun başlanmasıdır. Vaşinqtonun vasitəçiliyi praqmatik və reallıqlara söykənir ki, bu da Azərbaycanın maraqlarına cavab verir. Artıq Antoni Blinkenin Azərbaycan və Ermənistan liderləri ilə telefon danışıqları aparıldı. Hesab edirəm, sülh müqaviləsi istiqamətində yol xəritəsinin detalları və liderlərin görüşləri razılaşdırıla bilər. Bu xüsusda, həmçinin Azərbaycanın təklifləri həm Vaşinqton, həm Ermənistan tərəfindən qəbul olunub. Yeni görüş proseslərdə yeni bir dönüş yaradacaq. Ermənistan artıq geridönməz yola keçib. Sülh müqaviləsinin bağlanması mütləqdir. Ermənistann manipulyasiya etmək imkanı yoxdur. Düşünürəm, ABŞ Ermənistandan sülh müqaviləsinin bağlanmasını tələb edib".