Koronavirus pandemiyası, yoxsa dünya sisteminin transformasiyası? - MÜSAHİBƏ

19:48 27-03-2020 | icon 1087 | Geopolitika
Koronavirus pandemiyası, yoxsa dünya sisteminin transformasiyası? - MÜSAHİBƏ

Rauf Məmmədov: “Koronavirus pandemiyası mövcud sistemin sürətlə çökməsini və yeni sistemin sürətlə formalaşmasını təmin edən vasitə oldu”

 

Koronovirus pandemiyası dünyanın beynəlxalq ictimai-siyasi xəritəsini az qala iflic edib. Dünya ağalığı uğrunda mübarizə aparan güclər sözün həqiqi mənasında KORONAvirusun qarşısında aciz qalıb. Virus Qlobal inkişafın əsasını təşkil edən inteqrasiya, svilizasiyalararası dialoqu inkar edir və dünyanın siyasi, iqtisadi, mədəni ressurslarının öz sərhədlərini, qapılarını bağlayaraq ünsiyyətdən, dialoq mühitindən təcridolma zərurətini yaradır. Nə baş verir; Koronovirus dünyada gedən proseslərdə hansı “istehsalın məhsuludur?

 

AMEA-nın Fəlsəfə İnstitutunun, dosenti, fəlsəfə üzrə doktor Rauf Məmmədov bu və ya digər məsələlərlə bağlı Baxar.az-a müsahibə verib. Versus.Az həmin müsahibəni təqdim edir.

 

- Rauf müəllim, bir çox ekspertlər bu virusun terrordan da təhlükəli olduğunu və bokterioloji silah kimi dünyanı təhdid etdiyini iddia edirlər. “Ayının min oyunu bir armudun üstündədir” deyimi tarixi xronoloji proseslərinin gedişində bəlli bir aforizm kimi ortaya çıxdığı halda, virtuallığı sevən bu virusun hansı məqsədlərə xidmət göstərdiyini tutarlı faktlarla ortaya qoyacaq ciddi araşdırmaların aparılmasının vaxtı çatacaq. Bu istiqamətdə nələri söyləmək olar?

 

- Sizin sualınız çox geniş cavab tələb edir. Koronovirus pandemiyası fenomeni kapitalist sistemin çökməsi ilə bağlıdır. Sosialist sistemi SSRİ-nin süqutu ilə çökdü. Məlum oldu ki, o, öz içindən cürümüş bir sistem idi. Lakin, sosialist sistemin süqutu kapitalist sistemin və liberalizmin yalanlarını ortaya qoydu. 2008-ci il beynəlxalq iqtisadi böhranı göstərdi ki, kapitalist sistemi artıq öz varlığını davam etdirmək iqtidarında deyildir.

2008-ci ildən başlayan beynəlxalq iqtisadi böhranın bu günə qədər davam etməsi və yaxın gələcəyin qeyri-müəyyənliyi, bir tərəfdən dünya ölkələrində sosial-siyasi vəziyyətin perspektivini təhlükə altına alır, digər tərəfdən mövcud dünya sisteminin hansı istiqamətə yönələcəyi barədə düşünməyə vadar edirdi.

 

Son dövrün iqtisadi böhranlarnın əsas mərkəzi ABŞ və Avropa ölkələridir. Çünki dünya iqtisadiyyatının ağırlığı Qərb ölkələrinin üzərinə düşür. ABŞ-da 80-ci illərdən başlayaraq, ipoteka kreditləri verən banklar likvidlik böhranı ilə üzləşdilər. Reyqanomika adlanan iqtisadi siyasət ABŞ-ın iqtisadiyyatını iflas həddinə çatdırdı. Çünki tələbatı qorumaq üçün, banklar tərəfindən əhaliyə verilən istehlak kreditləri o qədər böyüdü ki, artıq həddən artıq borclanan əhali kreditləri geri qaytarmaq iqtidarında olmadı və banklar da kredit verilməsini dayandırdılar. Bunun nəticəsində bir çox banklar, maliyyə strukturları müflis olaraq bağlandı, birjalarda səhmlər 50% dəyər itirdi, əhalinin tələbatı aşağı düşdü, işsizlik problemləri dərinləşdi. FED maliyyə sistemini qoruyan bankların çökməməsi və tələbatın qorunması üçün, dolları çap edərək aşağı faizlə yenidən dövriyyəyə buraxdı. Lakin, reallıqlar göstərdi ki, mövcud sistem artıq əvvəllər olduğu kimi fəaliyyət göstərə bilmir. Çünki problemin kökü kapitalizm sisteminin təməl prinsipləri ilə bağlıdır (davamlı inkişafın qeyri-mümkünlüyü, gəlir bölgüsündə ədalətsizlik, işsizliyin dözülməz həddə çatması). Deməli, FED, BVF, DB kimi transmilli iqtisadi qurumlar yeni maliyyə sistemi və iqtisadi paradiqmaların formalaşmasının vaxtının çatdığını anladılar.

 

2012-ci ildə dünyanın bir çox görkəmli iqtisadçıları, siyasətçiləri, ictimai xadimləri, dövlət rəhbərləri, sahibkarları və digər məşhur şəxslərinin bir araya gəldiyi Davos forumunun baş mövzusu “Böyük transformasiya: yeni modellərin formalaşması” olmuşdur. Forumda kapitalizmin iflasa uğraması, alternativ iqtisadi modellərin axtarılması, iqtisadi inkişaf mərkəzlərinin qərbdən cənuba və şərqə yönəlməsi, liberal iqtisadiyyatın dövlət iqtisadiyyatı ilə əvəzlənməsi təhlükəsi, anqlo-sakson maliyyə kapitalizminin aktuallığını itirməsi, dünyada əhalinin sayının və yoxsulluğun artması və digər bu kimi fikirlərin dilə gətirilməsi dünyada sistem probleminin nə qədər ciddi olduğunu göstərdi.

 

BVF-nun sədri K. Laqard forumda dünyanın mövcud durumdan xilas olunması məsələsini gündəmə gətirərək bildirdi ki, dünyanın heç bir ölkəsinin böhrandan zəmanəti yoxdur. BVF-nın məruzəçisi Blanşar bildirdi ki, “II Dünya müharibəsindən sonra yüksək borc göstəricilərinin ixtisarı üçün iki onillikdən artıq vaxt keçdi. İndi də o qədər, bəlkə də daha çox vaxt keçə bilər.” (http://www.bbc.com/russian/business)

 

Forumun prezidenti Klaus Şvab dedi ki, “Tam əminliklə demək olar ki, indiki kapitalist sistemi müasir dünya modelinə heç cür uyğun gəlmir. Biz vaxtında sistemin təhrif olunmasına mane olan qaydaları tətbiq etmədik.” (https://www.novayagazeta.ru/articles/2012/01/31/47973-glavnyy-itog-davosa-kapitalizm-vyshel-iz-mody).

 

Kapitalizmin “fenomenal sistem” olduğunu bildirən sahibkar Bill Qeyts isə dedi ki, “Biz, bir dövrün sona çatdığı, yenisinin isə hələ başlamadığı çətin bir dövrdə yaşayırıq. Amma, mövcud sistem bəşəriyyəti irəliyə aparıbdır.” (http://expert.ru/2012).

 “Alcatel Lucent” şirkətinin rəhbəri Ben Vervayen dedi: “Kapitalizm, təşəbbüsün inkişaf etdiyi, insanların özlərində yaxşı xüsusiyyətləri ortaya qoymaq imkanı yaratdığı bir model olmuşdur. Lakin, artıq bu model, cəmiyyətin problemlərini həll etmək iqtidarında deyildir. Buna görə də, biz sistem barədə yenidən düşünməliyik.”

 

(http://ru.euronews.com/2010/01/28/davos-changes-tune-for-hard-times).

 

“Wipro Ltd” hind şirkətinin prezidenti Azim Premci dedi ki, “Biz bu problemi dərk etməsək və onu həll etməyə çalışmasaq, o, dünya miqyasında xaotik üsyanın başlamasına şərait yarada bilər.” (https://www.inopressa.ru/article/25Jan2012/inotheme/davos_25.html).

2008-ci il böhranı göstərdi ki, dünyanın sosial-iqtisadi sistemi artıq çökmək üzrədir. Təsadüfi deyildir ki, Davos forumunda sistemin transformasiyası və alternativ modellərin axtarışı məsələsi gündəmə gəlmişdir. Maraqlıdır ki, dünyada maliyyə-kredit inhisarını əlində saxlayan və onu idarə edən qurumların (BVF, DB) rəhbərləri özləri sistemin dəyişdirilməsi məsələsini gündəmə gətirirlər. Deməli, onların özlərinin yeni iqtisadi və maliyyə-kredit sistemi modeli artıq mövcud idi. 2008-ci il böhranının nəticələri bu gün nəinki aradan qaldırılıb, hətta, daha da dərinləşibdir. Böhranların günü-gündən dərinləşməsi, sistemin tədricən süqutunu yaxınlaşdırır. Lakin, bu proses özlərinin qeyd etdikləri kimi, öz təbii axarı ilə 20-30 il davam edə bilər. Bunu gözləmək iqtisadi baxımdan ağır itkilərə səbəb ola bilər və həmçinin, gözlənilməz siyasi hadisələrə, üsyanlara səbəb ola bilər (bunu da qeyd edirdilər). Bunun üçün, hadisələri qabaqlamaq və yeni sistemi sürətlə dünyaya gətirmək zərurəti yarandı. Bu isə, tarixi prosesə müdaxilə ilə baş verə bilərdi. Bu müdaxilə, özünü koronovirus pandemiyası şəklində göstərdi. Mən düşünürəm ki, koronovirus pandemiyası mövcud sistemin sürətlə çökməsini və yeni sistemin sürətlə formalaşmasını təmin edən vasitə oldu. Deməli, bu virusun ortadan qalxması prosesi uzun vaxt alacaqdır. Microsoftun keçmiş rəhbəri Bill Qeyts bildirib ki, qarşıdakı 18 ay ərzində hər şey yolunda gedərsə (?), virusa qarşı effektiv, rəsmi təsdiqlənmiş peyvənd tapılacaq. 

 

- Rauf müəllim, koronovirus pandemiyasının yayılmasında hansı ölkələr və ya qüvvələr maraqlı ola bilər?

 

- Dünya siyasəti və iqtisadiyyatını dərindən təhlil etdikcə məlum olur ki, əksər böyük dövlətlərin siyasəti üzdə olan marionetkalar tərəfindən deyil, onları səhnəarxasından idarə edən real güclər tərəfindən idarə olunur. Bəziləri, bu kimi mülahizələri konspiralogiya kimi qiymətləndirirlər. Lakin, dərin elmi təhlillər üzərində qurulan konspiroloji yanaşmalar səhnəarxasının qismən açılmasına şərait yaradır. Biz bunu inkar etsək, kiçik yaşlı uşaqlar kimi, səhnədə gördüyümüz marionetkaları real qəbul etməliyik.

 

Sürix (İsveçrə) Federal Texnoloji İnstitutunun elmi əməkdaşları Cems Qlatfelderin rəhbərliyi altında dünyada tanınmış 37 milyon şirkətin bir-biri ilə əlaqələrini müəyyənləşdirmək üçün, superkompüterlərin imkanlarından istifadə edərək çətin bir araşdırma işi aparıblar. Araşdırma nəticəsində məlum olub ki, 37 milyon şirkət 47 min şirkətin, onlar da 1318 şirkətin, onlar da 147 şirkətin filialları və qolları kimi fəaliyyət göstərirlər. 147 şirkət üzərində aparılan araşdırmalar təsdiq etmişdir ki, onlar da ilk 10 maliyyə şirkətlərinə bağlıdırlar (Barclays, Capital Group Companies, FMR Corporation, AXA, State Street Corporation, JP Morgan Chase, Legal & General Group, Vanguard Group, UBS AG, Merrill Lynch & Co Inc). Bu şirkətlərin ümumi aktivlərinin həcmi dünya ÜDM-nun 60%-ni təşkil edir. Ilk onluqda olan maliyyə şirkətlərinin də bir neçə superşirkətə daxil olması istisna olunmur.

 

Transmilli şirkətlərin dünya aktivlərində payı daha çoxdur. Transmilli şirkətlərin dünya sənaye istehsalında payının 50% olması, dünya ticarətində payının 70% təşkil etməsi (onun 40%-nin transmilli şirkətlərin daxilində baş verməsi), texnoloji innovasiya və nou-hau həcminin 80 %-ni nəzarətdə saxlaması, ixracat əməliyyatlarının ABŞ-da 50%-ni, Böyük Britaniyada 80%-ni, Sinqapurda 90%-ni və dünyanın digər yerlərində yerinə yetirməsi, qiymətlərin bazar tərəfindən deyil, onlar tərəfindən təyin olunması, bu şirkətlərin büdcələrinin əksər dövlətlərin büdcələrindən qat-qat çox olması və digər bu kimi amillər bir daha göstərir ki, dünyada real iqtisadiyyat və siyasət məhz onların əlindədir. Bunu nəzərə almadan, nə iqtisadiyyat, nə də siyasət sahəsində real fikir söyləmək mümkün deyildir. Bu baxımdan, koronovirus pandemiyası transmilli şirkətlərin iradəsi fövqündə baş verə bilməzdi.

 

Koronovirus pandemiyası genişləndikcə və problem dərinləşdikcə, biz aşağıdakı prosesləri müşahidə edirik:

 

  1. Neftin qiyməti aşağı düşür. Bu, Körfəz ölkələri, Rusiya, Venesuela və digər bu kimi neft ölkələrinə iqtisadi ziyan vurur. Dünyada neft dollarla alınıb satıldığı üçün, dolların dövriyyəsi də zəifləyir. ABŞ dərin dövləti öz neftini dünya bazarında alternativsiz etmək üçün, neftin qiymətini aşağı salır və neft ölkələrinin iqtisadi durumunu zəiflədir (xüsusilə, Rusiyanın) və bununla Avropanın enerji təhlükəsizliyini öz əlinə almaq, Çini enerji baxımından özündən asılı vəziyyətə gətirməyə çalışır. OPEK+ çərçivəsində neft istehsalının azaldılması sahəsində Səudiyyə Ərəbistanı ilə Rusiya bir araya gələ bilməsə, neftin qiyməti 20 dollardan da aşağıya düşə bilər. Belə bir durumda, neft ölkələri tamamilə zəifləyərək ABŞ-dan asılı vəziyyətə düşər və qeyri-neft ölkələri də ondan asılı vəziyyətdə qalar. Belə bir durumda, ABŞ daha da güclənərək öz istəyinə nail ola bilər.

 

  1. Neftin qiymətinin aşağı düşməsi, qeyri-neft ölkələrində (Çin, Türkiyə və s) iqtisadi gəlirlərin artmasına şərait yaradır. Lakin, onlar, enerji baxımından neft ölkələrindən asılı qalırlar. Məsələn, Çinin enerji təhlükəsizliyini təmin edən İran, Çindən sonra koronavirusdan əziyyət çəkən ikinci ölkə oldu. Çin ilə “İpək Yolu” əməkdaşlığına gedən İtaliya Avropada koronavirusun əsas hədəfinə çevrildi. Son dövrdə Avropa NATO-su yaratmaq iddiasında olan və ABŞ-dan uzaqlaşmağa çalışan Avropa ölkələri koronavirusun əsas hədəfinə çevrildilər. Görünür, ABŞ “İpək Yolu” əməkdaşlığına gedən ölkələri həm neft qiymətinin aşağı düşməsi, həm də koronavirus vasitəsilə parçalamağa çalışdı.

 

  1. Maraqlıdır ki, indi ABŞ-ın özü koronavirusun əsas hədəfinə çevrilir. Artıq, Çin bu bəladan özünü müdafiə etmək imkanlarını əldə etdi. Görünür, ABŞ dərin dövlətinin hədəfində olan qlobal güclər, indi həmin virusu ABŞ-ın özünə qarşı istifadə edirlər. ABŞ-da koronovirus pandemiyasının genişlənməsi, ştatların bir-birindən ayrılmasına və ölkə daxilində sosial-siyasi qarşıdurmaların artmasına səbəb ola bilər. ABŞ öz içində gərgin durumla üzləşsə, onun dünya üzərində neft və dollar hegemonluğu zəifləyə bilər. Bu isə, mövcud kapitalist sistemin tədricən çökməsinə şərait yaradar.

 

  1. Göründüyü kimi, Avropa ölkələri və ABŞ koronovirus pandemiyasının episentrinə çevrilirlər. Çünki Qərb dünyası kapitalizmin və liberal dəyərlərin mərkəzidir. Əgər sistem çökürsə, onun ağırlığı mərkəzə düşməlidir. Qərb dünyasının liberal dəyərləri ilə koronovirus bir araya gələ bilmir. Halbuki, Çinin sosial-siyasi sistemi virusa qalib gəldi. Qərb isə qalib gələ bilmir. Deməli, bu virus Qərbi udmalıdır. Düşünürəm ki, əsas hədəf budur. Sosializm SSRİ-nin süqutu ilə necə məhv oldusa, kapitalizm də Qərbin süqutu ilə məhv ola bilər. Qərbə yönələn miqrasiya proseslərinin də əsas hədəfi buna yönəlmişdir. Bir tərəfdən, Qərbdə multikultural mühit zənginləşərək multikulturalizm siyasətini labüd edir, digər tərəfdən sosial-mədəni qarşıdurma dərinləşərək irqçi antimultikulturalizm siyasətini meydana çıxarır. Hər iki halda Avropa cəmiyyətində mövcud olan liberal dəyərlər ortadan qalxır. Çünki multikulturalizm siyasəti liberlaizmin individualizm kredosunu kollektivizm ilə, milli dövlət paradiqmasını etnik-dini separatçılıq ilə əvəz edir. Deməli, işsizlik probleminin dərinləşməsi, miqrasiyalar və müharibələrin artması nəticəsində meydana çıxan mövcud problemlər, kapitalistlərin Avropa üçün gətirmək istədikləri yeni dəyərlərin mövcudluğundan, həmçinin parçalanmış yeni Avropa planından xəbər verir. Koronovirus pandemiyası da burada mühüm rol oynayacaqdır.

 

  1. Koronovirus pandemiyası genişləndikcə, milli dövlətlərin gücü zəifləyir. Çünki problem qlobal olduğu üçün, ona tranmilli qurumlar nəzarət edir. Hal-hazırda Ümumdünya Səhiyyə Təşkilatı dünya ölkələrinin idarəsi ilə məşğuldur. Virus ölkələrin iqtisadi durumunu zəiflədir. Buna görə də, onlar, transmilli iqtisadi qurumlardan (Dünya Bankı, Beynəlxalq Valyuta Fondu) dəstək almağa və onların iqtisadi nəzarət mexanizminin təsiri altına düşməyə məcbur qalırlar. Siyasi baxımdan da, durum yaxın vaxtlarda dəyişə bilər. Əgər insanların bir yerə toplanması yasaqdırsa, o zaman, seçkilərin keçirilməsi məsələsi də virtual ola bilər. Artıq bu seçkilər, İKT texnologiyalarını öz əlində saxlayan qlobal güclərin nəzarətinə keçəcəkdir. Bunun üçün, milli hökumətlərə təzyiq vasitəsi kimi istifadə olunan mitinqlərə, nümayişlərə ehtiyac yoxdur. Çünki sosial şəbəkələr onların alternativi kimi istifadə olunur. E-hökumət layihəsinin daha da genişləndirilməsi sayəsində milli dövlətlərin varlığı tədricən ortadan qalxa bilər.

 

  1. Təhsil sahəsində də distant təhsilin aktuallaşması, təhsilin milliləşməsinin qarşısını alacaq və onu qlobal fenomenə çevirəcəkdir. Əvvəllər təhsil sənaye inkişafına indekslənmişdir. İşsizlik probleminin yaranmasının digər səbəblərindən biri, innovativ texnologiyanın inkişafı və onun sənayeyə tətbiqidir. Bu, bir tərəfdən, insan əməyinə olan tələbatın azalmasına, digər tərəfdən, insanların texnoloji inkişaf ilə ayaqlaşa bilməmələridir. Texnoloji inkişafın sürəti ilə təhsilin uzlaşması problemləri mövcuddur. Cəmiyyətdə bir çox ixtisas və peşələrin sürətlə öz aktuallığını itirməsi, təhsilin varlığını da sual altında qoyur. Yəni, texnoloji tərəqqiyə qoyulan sərmayə ilə təhsilə qoyulan sərmayə arasında tərs-mütənasiblik vardır. Çünki yeni informasiya əsrində insanın fiziki, mexaniki və sadə intellektual əməyinə deyil, onun mürəkkəb və texniki intellektual əməyinə ehtiyac yaranır. Bunun üçün isə, böyük bir insan kütləsinə deyil, seçilmiş intellektual azlığa ehtiyac vardır. Adi təhsil almaq imkanlarından məhrum olan milyonlarla, milyardlarla insanların taleyi necə olacaqdır? Bir zamanlar sənayenin inkişafı üçün, kəndlilərin şəhərlərə gəlməsini təmin edən, “qadın azadlığı” ideyası altında ucuz qadın əməyindən yararlanan kapitalistlər, bu gün artıq onlara ehtiyacının olmadığı bir təqdirdə hansı tədbirlərə əl ata bilərlər? Son dövrdə “qızıl milyard”, transhumanizm, transgender, süni intellekt kimi anlayışların ortaya çıxması onu göstərir ki, artıq, insan bir əmək qüvvəsi kimi maraqlı deyildir. Deməli, onun varlığı, qlobal güclər üçün yükdür. Ondan qurtulmağın yolu dünya əhalisinin sayının azaldılmasıdır. Bu yanlız, virus yolu ilə deyil, həmçinin, ailə qurumunun dağılması, GMO ilə nəsilvermə əmsalının azalması, transgender təlim-tərbiyəsi yoluyla insan nəsliin kəsilməsi və digər yollardır.

 

  1. Pul əskinazlarının virus daşıyıcısı olması, onların ortadan qaldırılmasına, mütləq kart ödəniş sisteminə keçilməsinə və ardınca qlobal elektron valyutanın meydana çxması mümkündür. Bu bu mexanizmlərin hamısı qlobal blokçeyn sistemində mərkəzləşdiriləcək və yeni dünya sistemi oradan idarə olunacaqdır. Belə bir durumda milli dövlətlər ortadan qalxacaq və dünyanın fərqli inzibati bölgüsü aparılacaqdır. Deməli, mövcud durum, qlobalistlərin mənafeyi istiqamətində inkişaf edir. Onların mənafeləri ilə iqtisadi sistemin inkişafı toqquşduğu üçün, iqtisadi sistemin davamlı inkişafı onların mənafeləri tərs mütənasibdir. Maliyyə-kredit oliqarxiyasının gəlirləri davamlı olaraq artan xətt üzrə yüksəlməyəndə və iqtisadi sistem ona mane olanda ilk növbədə böyük böhranlar və ardınca böyük mühariblər meydana çıxır. Bunu, N.Kondratyevin qrafiki də təsdiq edir.

 

  1. Koronovirus pandemiyası yeni doğulan körpələrin və digər yaş qrupunda olan insanların qlobal səviyyədə bioçip sisteminə keçidinə səbəb ola bilər. ÜST durumun gərginliyi ilə əlaqədar belə bir qərar verə bilər. Bioçiplər bizə vaksin adı altında da yeridilə bilər. Bu, dünyanın total nəzarət mexaniminin təmin olunması məqsədilə edilə bilər. Son dövrlərdə çəkilən Hollivud filmlərində bu kimi mənzərələrə rast gəlmək mümkündür.

 

Bu baxımdan, koronovirus pandemiyası qlobal müharibənin bir növü kimi də dəyərləndirilə bilər. Bu müharibənin son hədəfi kommunist cəmiyyətini qurmaqdır. Karl Marksın da ictimai formasiyalar nəzəriyyəsi, Adam Smit, Con Lokkun dinamik vətəndaş cəmiyyəti nəzəriyyələri kommunizmə aparırdı. K. Marksa görə, kommunist cəmiyyətində dövlət, ailə, pul, xüsusi mülkiyyət ortadan tamamilə qalxmalıdır. Artıq, biz bunları müşahidə edirik.

     

- Bəs kapitalizmi əvəz edəcək yeni qlobal sistem nə ola bilər? Axı, kapitalizm və sosializmə alternativ qlobal sistem mövcud deyil?

 

- Dünya bazarının tükənməsi və iqtisadi böhranların gündəmə gəlməsi məsələsi, kapitalizmə alternativ modellər barədə düşünməyə vadar edir. Lakin, dünyada kapitalizmə alternativ olaraq sosializm modelindən başqa bir model görünmür. Buna görə də, solçular və marksist yönümlü iqtisadçılar yeni sosializm modelləri barədə düşünürlər. Müasir sosialist yönümlü modelləri birləşdirən ümumi xüsusiyyətlər xüsusi mülkiyyətin ortadan qaldırılması və iqtisadiyyatda dövlətin rolunun artırılmasıdır. Bu modellərin dünyanın bəzi yerlərində qəbul edilməsi ehtimalı vardır. Bu modelin işə düşməsi dünyanı idarə edən maliyyə-kredit oliqarxiyasının dolayı yolla xalqın mülkiyyətini ictimai mülkiyyət fenomeni adı altında mənimsəməsinə və ucuz insan resurslarını dolayı yolla istismar etməsinə şərait yaradacaqdır. Çünki bu modellərdə birmənalı şəkildə kredit sistemi ortadan qaldırılmır.

 

ABŞ dolları vahid dünya bazarının vahid real valyutasına çevrildiyi üçün, onun genişlənməsi imkanları 70-ci illərdən başlayaraq məhdudlaşdı. Çünki istehlakçıların, şirkətlərin və dövlətlərin kreditlərlə borclanması və borcların qaytarılmasının mümkün olmaması, dolların genişlənməsinin qarşısını aldı. Artıq, onun genişlənməsini təmin edən digər bazar da mövcud deyildir. Çünki dünyanın kənarında yeni bir bazar yoxdur və mövcud bazarda isə, tələbat aşağı düşmüşdür. Tələbatın olmadığı yerdə istehsal səviyyəsi, istehsala dayaq olan bankların kreditvermə imkanları və innovativ texnologiyalara tələbat azalır, gəlirlər hədsiz dərəcədə aşağı düşür. Mövcud vəziyyətdən müvəqqəti çıxış yolu kimi, iqtisadiyyatda devalvasiya mərhələsi başladı və onun ardınca iqtisadi böhran dünyanı əhatə etdi.

 

Mövcud vəziyyətdən çıxış yolunun axtarılması, ABŞ-da iki qrupun meydana çıxmasına səbəb olmuşdur. Bankirlər bankların əsas aktivləri borclar olduğu üçün, mövcud bank əməliyyatlarını davam etdirmək istəyirlər. Əks təqdirdə, bankların hamısı bağlanmaq məcburiyyətində qalacaqdır. Digərləri isə, istehsalın və tələbatın dayanmaması üçün, borcların silinməsini və kreditlərin istehlakçılara, şirkətlərə müflis olma həddinə qədər verilməsinin davam etdirilməsini istəyirlər. Lakin, banklarda olan borcların istehlakçıların aktivləri olduğunu nəzərə alsaq, onların silinməsi mümkün deyildir. O zaman, banklar öz etibarını itirərək müflis olar və bağlanarlar.

 

Bu məsələ ətrafında kapitalist sistemi üç qrupa bölündü: maliyyəçilər, təcridçilər və ənənəçilər. Dünyanın hazırkı durumda vahid bir iqtisadi orqan kimi, vahid maliyyə strukturu kimi saxlamaq mümkün deyildir. Bunun üçün, müxtəlif variantlar vardır:

 

  1. Maliyyəçilər qrupu - maliyyə-kredit sisteminin istənilən yolla davam etməsini, təcridçilər isə, onun öz içinə çəkilməsini dəstəkləyirlər. Maliyyəçilər böhrandan çıxış yolu kimi, bütün dünyanın mərkəzi banklarının BVF-na bağlanmasını və onun tərəfindən idarə olunmasını istəyirlər. 2008-ci il böhranı ilə əlaqədar BVF-nun keçmiş sədri Dominik Strosskan tərəfindən bu ideya ortaya çıxarılanda, cinsi təcavüzdə ittiham olunaraq həbs edildi. Çünki FED, səlahiyyətlərinin əlindən alınaraq BVF-na bağlanmasını istəmirdi. Halbuki, 1913-cü ildə FED özü bu məqsədlə yaradılmışdı. Lakin, BVF, DB, ÜTT kimi qurumlar dünyanın iqtisadi-maliyyə sistemini öz idarələri altında mərkəzləşdirmək ideyasından əl çəkmirlər. Onlar dolların vahid valyuta kimi qorunmasını, digər valyutaların ona indeksləşməsini və dövlətlərə dollarla verilən kreditlərin faizləri hesabına sistemi saxlamağı nəzərdə tuturlar. Bunun üçün kripyovalyutaların dövriyyəyə girməsi labüddür.

 

  1. Təcridçilər - FED, maliyyə hegemonluğunu ABŞ çərçivəsində qoruyub saxlamaq və ABŞ iqtisadiyyatını nəzarət altında saxlamaq məqsədini daşıyır. Artıq dünya üzərində iqtisadi-maliyyə hegemonluğundan əl çəkmək zərurətdir. Bu fikir, əsasən Rokfellerlər qrupu tərəfindən dəstəklənir. ABŞ prezidenti D.Tramp da bu qrupun təmsilçilərindən hesab olunur.

 

  1. Ənənəçilər - vahid maliyyə strukturunun qoruyub saxlanılmasını deyil, dünyanın fərqli valyutalarla idarə olunan müxtəlif iqtisadi zonalara bölünməsini, bu zonalarda milli valyutaların dövr etməsi fikrini dəstəkləyirlər. Lakin, onlara görə, kiçik zonaların və dövlətlərin sayı nə qədər çox olsa, bir o qədər onları idarə etmək asan olar. Çünki böyük birliklər (Məsələn, Çin, Hindistan, Avropa, ABŞ, Avrasiya, CAR, Latın Amerikası) heç bir vasitəçi olmadan öz aralarında uzlaşa bilərlər. Onların valyutaları və iqtisadi sistemləri arasında əlaqənin təmin olunması məsələsi gündəmə gələcəkdir. Bu əlaqənin yaradılması və idarə olunması məsələsini onlar nəzarətə götürmək istəyirlər. Lakin, sistemin kiçik elementlərdən təşkil olunması üçün, onun separatçılıq vasitəsilə bölünməsi və sonra mürəkkəb strukturlarda birləşdirilməsi lazımdır. Bu planı dəstəkləyənlər iqtisadi-maliyyə idarəetmə mərkəzini Avrasiya məkanına köçürməyi planlaşdırırlar. Onlar iqtisadi sistemlər arasında koordinasiyasının qızıl üzərində formalaşmasını istəyirlər. Yəni, bölgələrin valyutaları arasında keçidlərdə, iqtisadi əlaqə və hesablaşmalarda əsas meyar qızıl olmalıdır. Yəni, bir iqtisadi bölgə ilə digəri arasında ticarət əlaqələrində, satılan və alınan malların qiymətləri qızılın qiyməti ilə ölçüləcək və qızıl ilə alınıb satılacaqdır.

 

Çin və Böyük Britaniya (London City) tərəfindən ortaya qoyulan və maliyyələşdirilən “İpək Yolu” layihəsi yalnız bir ticarət deyil, həmçinin böyük bir enerji layihəsi kimi ABŞ-ın dünya enerjisi üzərində hegemonluğuna son qoyur və onun üzərində dayanan dolların zəifləməsinə şərait yaradır. Bu layihə, bu yol üzərində olan ölkələrin iqtisadi və siyasi əhəmiyyətini artırır. Bu yol üzərində əsasən müsəlman ölkələrinin olduğunu nəzərə alsaq, yaxın gələcəkdə onların iqtisadi-siyasi birlikləri əsasında regional-sivilizasyon valyutalarının meydana çıxması ehtimalını irəli sürmək olar. Xüsusilə, bunun ilk növbədə Avrasiya məkanında baş tutması mümkündür. Çünki Orta Asiya, Azərbaycan, Türkiyə və Yaxın Şərq ölkələri istər-istəməz bu layihədə bir araya gəlməli, Çin və Avropa ilə yaxın əməkdaşlıq etməlidirlər. Lakin bu layihənin reallaşması ilə öz qüdrətinin itirən güclər, təbii ki, bu xəttin üzərində böyük müharibə dalğası yaratmaq fikrindən əl çəkməyəcəkdir.

  

- Müsəlman aləmində qlobal kapitalizm və sosializmə alternativ bir model ortaya çıxa bilərmi?

 

- Alternativ iqtisadi modellər nəzəri şəkildə mövcud olmuşdur. Məsələn, İslamda iqtisadi modelin varlığı barədə ortaya qoyulan tədqiqat əsərləri XX əsrin ortalarından başlayaraq meydana çıxmışdır. Bu dövrədək müsəlmanlar şəriət qanunlarının fövqündə ayrıca bir iqtisadi təlim yaratmaq barədə düşünməmişlər. İbn Xəldunun tədqiqatlarında iqtisadi nəzəriyyələrin təməli qoyulsa da, ayrıca bir elm sahəsi kimi inkişaf etməmişdir. Lakin, XVII-XVIII əsrlərdən başlayaraq, Qərbdə iqtisadi nəzəriyyələrin meydana çıxması və onların tətbiqi, müsəlmanları da düşündürmüşdür. Onlar şəriətin ayrılmaz hissəsi olan sosial ədalət prinsiplərini ayrılıqda tədqiq edərək, İslamda iqtisadi baxışların nəzəri əsaslarını formalaşdırmışlar. Artıq bir neçə müsəlman ölkəsində islam iqtisadi prinsipləri praktiki olaraq reallaşmışdır. Bu gün, İslam banklarının yalnız müsəlman ölkələrində deyil, həmçinin Avropa ölkələrində geniş yayılması bunun bariz nümunəsidir.

 

İslamda iqtisadiyyat prinsipləri barədə bir çox tədqiqat işləri aparılsa da, sistemli bir tədqiqat işi XX əsrin sonuna kimi meydana çıxmamışdır. Lakin, son dövrdə Türkiyə tədqiqatçısı professor Haydar Baş Milli İqtisadi Modeli (MİM) adı altında ümumbəşəri bir iqtisadi model ortaya qoymuşdur. Onun modeli, müasir dünyada kapitalizm və sosializm iqtisadi sistemlərinə alternativ kimi meydana çıxmışdır.

 

Bu modeldə kapitalizm və sosializm iqtisadi sistemlərinin konvergensiyasını görmək olar. Lakin, bu model həm hər ikisindən fərqlidir. Bu modeldə həm xüsusi mülkiyyət, həm də dövlət institutu qarşılıqlı əməkdaşlıq nəticəsində bir-birini tamamlayır və paralel şəkildə inkişaf edirlər. Dövlət iqtisadi sistemi işə salmaq üçün, müstəqil emissiya siyasəti aparır. Dövlət, istehsalı və innovativ texnologiyaları işə salmaq üçün, istehlakçıların gəlirlərini yüksəldir və tələb-təklif balansını emissiya siyasəti ilə tənzimləyir. Eyni zamanda, istehsalçılara dəstək olmaq üçün, dövlət onlarla birlikdə ortaq layihələrdə iştirak edir və onların məhsullarının bazara çıxarılması və satılmasını təmin edir. Dövlət, həm senyorajdan, həm də istehsalçılarla birgə layihələrdən böyük gəlirlər əldə edərək, sosial yardımları artırır və sosial dövlətə çevrilir. İnsanların gəlirləri artır və bu istehsalın inkişafına təkan verir, istehsalçının risklərini dövlət öz üzərinə götürür. Belə bir şəraitdə, sahibkarlıq fəaliyyəti və iqtisadi inkişaf yüksək bir dinamika ilə irəli getmək məcburiyyətindədir. Bu, cəmiyyətdə insanların dövlətə, bir-birinə etimadını, mənəvi dəyərləri artırır. Çünki bu sistemdə insanları istismar edən kredit sistemi, cəmiyyəti istismar edən bürokratik sistem yoxdur. Bu model, cəmiyyət və dövlətin qarşılıqlı inkişafını təmin edən bir ailə modelidir. O, vətəndaş cəmiyyəti və hüquqi dövlət arasında balansı qoruyub saxlayan bir mexanizmə malikdir. Bu baxımdan, bu model, kapitalizmin və sosializmin süquta uğradığı bir ərəfədə ortaya çıxan alternativsiz bir modeldir. Düşünürəm ki, müsəlman ölkələri bu modeli özlərində tətbiq etməklə ortaq sizilizasyon iqtisadi-siyasi birliklər yarada bilər və transmilli güclərin yeni qlobal dünya sisteminə qarşı müqavimət gücü qazanarlar. Bu sistemin bütün dünyaya, milli dövlətlərə sürətlə yayılması ehtimalı güclüdür. Çünki bu modeldə sosial ədalət ideyaları çox güclüdür. Sadəcə, onu, bir neçə ölkə birlikdə tətbiq etməlidirlər.

 

T.Qafarlı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ənvər Sadıqov - 58

Deputatın “Başkənd” iddiası ciddi qınağa səbəb oldu

İltihab xəstəliklərində nələri nəzərə almaq lazımdır?

"Almaniyaya səfər məhsuldar keçdi"

Azərbaycanda 1 May Bayramı keçirilə bilər?

Rektor yubiley medalı ilə təltif edildi

82 minə yaxın uşaq avtomatik olaraq 1-ci sinfə yerləşdirilib

Qarabağ Universitetinin yataqxanası ödənişli olacaq?

“For Azerbaijan”ın qrant müsabiqəsinin NƏTİCƏLƏRİ

Məhkəmədən Anar Məmmədli barədə QƏRAR

Manyak ƏLƏ KEÇDİ

MHB-nin Göyçay rayon təşkilatı təsis olundu

Sakinlərin NƏZƏRİNƏ

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna START

Tibbi arayışlar elektron formaya KEÇDİ