Mediadan Prezidentin Sərəncamına ilkin REAKSİYALAR
“Şəxsi münasibətlər, kiməsə yaxınlıq yox, həqiqətən mətbuatda rolu, əməyi olan insanlar qiymətləndirilməlidir”
Prezident İlham Əliyevin Azərbaycan Milli Mətbuatının 145 illik yubileyinin keçirilməsi haqqında imzaladığı Sərəncam media camiyəsində böyük rəğbət hissi ilə qarşılanmaqla, növbəti canlanmaya səbəb olub. Qeyd edək ki, Sərəncamda Prezident Administrasiyasına tapşırılıb ki, jurnalist təşkilatlarının və redaksiyaların təklifləri əsasında Azərbaycan milli mətbuatının inkişafında xüsusi xidmətləri olan jurnalistlərin mükafatlandırılması haqqında təklifləri bir ay müddətində Prezidentə təqdim edilsin.
Maraqlıdır, bu sərəncama uyğun olaraq həqiqətən də əməyi olan evsiz jurnalistlərin müəyyən edilib haqqının qorunmasında Mətbuat Şurasının və eləcə də jurnalist birliklərinin üzərinə hansı məsuliyyət düşür. Ev və ya fəxri adlarla bağlı jurnalistlərin təqdimatı hansı şəkildə koordinasiya oluncaq?
Prezidentin məlum Sərəncamına mətbuatdan verilən reaksiyalar nə oldu?
Bu barədə Versus.az-a açıqlana verən media kapitanları məsələyə birmənalı olaraq pozitiv rəy qatıblar.
“Bu məqam təqdimatların obyektiv olmasına xeyli təminat yaradır”
“Bakı Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev hesab edir ki, bütün jurnalistlər və onların təəssübkeşləri, ilk növbədə dövlətin media ilə bağlı xoşməramlı iradəsi ətrafında dumanlı və şübhəli görüntülər yaratmaq cəhdlərindən uzaq olmalıdır:
“Azərbaycanda dövlətin hər sahəyə əlavə dəstək mexanizmləri var və işləyir. Heç bir sahənin proqressiv mexanizmləri və layihələri ətrafında lüzumsuz ajiotaj görmədiyimiz halda, maraqlıdır ki, mətbuat sahəsində bu xoşagəlməz təzahürlər olur. Əmin olmaq istərdim ki, budəfəki proqressiv layihəyə jurnalist korpusunun yanaşması ümumən tam pozitiv olacaq”.
A.Quliyev təqdimatlar məsələsində media qurumlarına və jurnalist təşkilatlarına təşəbbüskarlıq imkanı verilməsini müsbət hal kimi dəyərləndirib. Onun fikrincə, bu məqam təqdimatların obyektiv olmasına xeyli təminat yaradır:
“Sonda mütləq obyektiv nəticələr görəcəyik. Ancaq Prezidentin sərəncamında müəyyən edilmiş mexanizm birmənalı təsdiq edir ki, obyektiv nəticələr üçün əsas məsuliyyət məhz media orqanlarının və jurnalist təşkilatlarının üzərində olacaq. Heç kim yaxasını kənara çəkib başqalarını günahlandırmağa əsaslar axtarmasın. Prezidentə mümkün qədər obyektiv təqdimatlar getməlidir. Təqdimatlarda sui-istifadə hallarını minimuma endirmək üçün jurnalist kollektivləri daha fəal olmalıdır. Həm də hər bir jurnalist "mən hamıdan haqlıyam” prinsipi ilə yox, "məndən daha haqlılar ola bilər" prinsipinə üstünlük verməyi bacarmalıdır. Bunları bacara bilsək yaxşı olacaq”.
A.Quliyev bildirib ki, Mətbuat Şurası da təqdimatçı subyektlərdən biridir:
“Bu təşkilat həmişə jurnalistlər arasında nüfuzunun məhz obyektiv təqdimat və qərarlardan asılı olduğunun fərqinə varıb. Özüm də Mətbuat Şurasının İdarə Heyətində təmsil olunduğum üçün bu fikirlərin məsuliyyətini anlayıram. Mətbuat Şurasının təqdimatlarının mötəbər qəbul olunacağına şübhə etmirəm. Mətbuat Şurasının iş təcrübəsindən deyə bilərəm ki, təqdimat siyahıları əsasən iki mənbədən formalaşır - özü müraciət etmiş jurnalistlər və idarə heyəti üzvlərinin şəxsən tanıyıb zəmanət verdikləri istedadlı və qocaman jurnalistlər. Bu iki mənbə fikrimcə, ən obyektiv təqdimat siyahısı üçün əsas ola bilər. Ancaq jurnalistlərə mənzil hədiyyəsinin bu dəfə hansı mexanizmlə aparılacağını söyləmək hələ çətindir”.
“Bu təqdimatda ədalət prinsipi qorunmalıdır”
“Yeni Zaman” qəzetinin baş redaktoru Şakir Ağayev Sərəncamı Azərbaycan Prezidentinin mətbuata olan qayğısı kimi qiymətləndirib:
“Ötən illər də mətbuatın yubiley tədbirləri yüksək səviyyədə keçirilib. Çox təəssüflər olsun ki, builki yubileyimiz pandemiya şəraitinə düşüb. Bütün bunlara baxmayaraq Prezident mətbuata qayğısından irəli gələrək bu sərəncamı imzalayıb”.
Ş.Ağayev bildirib ki, istər jurnalist təşkilatları, istərsə də Mətbuat Şurası olsun, bu təqdimatda ədalət prinsipini qorumalıdır:
“Sənəddə açıq şəkildə göstərilib ki, təqdimatı verilən jurnalistin 15 ildən az stajı olmamalıdır. Bu da seçim edilərkən həqiqətən Azərbaycan mətbuatında uzun illər əmək sərf etmiş insanların düzgün qiymətləndirilməsinə imkan verəcək və media işçilərinin fəaliyyətində yeni stimul yaradacaq”.
Şəffaflığın qorunmasına gəlincə, baş redaktor hesab edir ki, artıq bu, jurnalist təşkilatlarının və redaksiyaların üzərinə düşən məsuliyyətdir:
“Təbii ki, Prezidentin sərəncamına uyğun olaraq şəffaflıq qorunmalıdır. Həqiqətən uzun müddət Azərbaycan mətbuatında çalışan, onun dəyərlərini qiymətləndirən, etik jurnalist qaydalarına riayət edən, Azərbaycanın milli maraqlarını qoruyan haqqı olan insanlar qiymətləndirilməlidir. Burda şəxsi münasibətlər, kiməsə yaxınlıq yox, həqiqətən mətbuatda rolu, fəaliyyəti, əməyi olan insanlar qiymətləndirilməlidir. Ümid edir və arzulayıram ki, bu, belə də olacaq. Prezidentə təqdim olunanlar əsl xidməti, dəyəri olan jurnalistlər olacaq. Və məhz onlar Prezident tərəfindən qiymətləndirilsin”.
Ş.Ağayev jurnalistlərə evin verilməsi məsələsi ilə bağlı hələ ki, dəqiq kriteriyaların müəyyən olunmadığını bildirib:
“Təbii ki, kim layiqdirsə ona ev verilməlidir, kim layiqdirsə o fəxri adlarla seçilməlidir. Amma bəzən səhvən elə hesab edirlər ki, kim əlinə qələm alıbsa, ev almalıdır, yaxud da ancaq evi olmayanlar ev almalıdır, bu belə deyil. Sərəncamda yazılıb ki, mənzil şəraiti pis olanların mənzil şəraiti yaxşılaşdırılsın və mənzili olmayanlara ev verilsin. Dediyim kimi, burda kriteriyalar müəyyən olunandan sonra artıq kimlərin ev ala biləcəyini müəyyən etmək olar. Ümid edirəm ki, bu seçim şəffaf keçirilər və evi olmayanlar, arzusunda olanlar həm fəxri adla, həm də mənzillə mükafatlandırılarlar”.
T.Qafarlı
Versus.az
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"