“Qar kölgəsi” ətrafında

12:18 17-09-2018 | icon 124 | Ədəbiyyat
“Qar kölgəsi” ətrafında

Sentyabr ayının 15-də Bakı şəhərində şair Şükür Mürsəloğlunun yeni işıq üzü görmüş “Qar kölgəsi” adlı şeirlər kitabının təqdimat mərasimini keçirilib. Təqdimat mərasiminə şairin yaxın dostları, ədəbiyyat və media nümayəndələri qatılıblar.



Versus.Az-ın məlumatına görə, tədbiri giriş sözü ilə Laçın rayonundan olan tanınmış ziyalı Qəzənfər Hüseynov açaraq qonaqları salamlamış, tədbir iştirakçılarına kitab haqqında məlumat verib.

 

Qəzənfər Hüseynov şairin yaradıcılığı haqqında danışaraq, kitabının təqdimatı münasibətilə onu təbrik edib və yaradıcılıq uğurları arzulayıb.



Kitaba həm redaktorluq edən, həm də "Düşmədi havası bizə dünyanın" adlı ön söz yazan tanınmış şair İlham Qəhrəmanlı bildirib ki, Şükür Mürsəloğlu uzun illər boyu poeziyanın sehrli aləmiylə baş-başa, nəfəs-nəfəsə olsa da dağlardakı gözü açılmamış bulaq kimi qalıb, şeirlərini ortalığa çıxarmayıb:

 

"Amma xalqımızın belə bir zərb-məsəli də var - "Cidanı çuvalda çox gizlətmək olmaz" necə ki, Şükür də gizlədə bilmədi. Bunu da qeyd etmək lazımdır ki, Şükür Mürsəloğlu həmişə ölkədəki ədəbi mühiti davamlı olaraq izləmiş, özünü o mühitin içində hiss etmişdir. Şeirlərinin birində dediyi kimi -


Keçdi aclığım, keçdi,
Bir az şeir oxuyub toxtadım.



O həmişə şeirə aclıq hiss etmiş və şeir oxuyub aclığını öldürmüşdür (toxtamışdır). Laçın şəhərində çox az adam tapılar ki, Şükürün şeir yazdığını, onun şair olduğunun bilməsin. Belə hesab edirəm ki, bu kitabın işıq üzü görməsi-yuxarıdakı fikrimə qayıtsam, bulağın gözünün açılması, onu tanıyanlara bir ərmağan olacaq. Bəri başdan fürsətdən istifadə edib, həm müəllifi, həm də bu kitabın oxucularını təbrik edirəm."



Azərbaycan Yazıçılar Birliyinin üzvü, tanınmış şair Ayaz Arabaçı da şairin ədəbi fəaliyyətindən danışıb. Şükür Mürsəloğlunun ədəbiyyata, poeziyaya ruhən bağlı olduğunu deyən Ayaz Arabaçı onun ilk kitabını səmimi qəlbdən alqışlayıb:

 

"Şairin nə qədər şeiri olsa da, onun kitabının nəşr olunması başqa sevincli duyğudur. Mən də bu duyğudan daddığım üçün, sizin hansı hislər keçirdiyinizi yaxşı bilirəm. Çox şadam ki, bu gün "Qar Kölgəsi" kitabının təqdimat mərasimində mən də iştirak edirəm, qələminə qüvvət. Axarıncı olsun. Bir daha sizi alqışlayıram."



Tədbirdə çıxış edən Arif Gürşadoğlu, Gülşən Sadıqova, Arzu Nehrəmli, Elşad Barat, Həsən Naibov, Arif Zeynalov, Gülnisə Cabbarova, Cəmilə İbrahimova, Nizami Rza, Zəki Bayram və başqaları şairin yaradıcılıq nümunələrindən söhbət açıblar. Bildirilib ki, Şükür Mürsəloğlunun qələmindən çıxan şeirlərdə milli təəssübkeşlik, Qarabağ müharibəsinin ağrıları, vətənpərvərlik mövzusu ana xətt kimi keçir. Tanrı ona duyğu və düşüncələrini poetik dillə ifadə etmək, Vətən həsrətini və qəlbinin bütün ağrı-acılarını şeirə çevirmək istedadı verib.

Tədbir Şükür Mürsəloğlunun çıxışı ilə yekunlaşıb:

 

“Əvvəla çox şad oldum ki, bu gün söz sənətinin görkəmli nümayəndələri, həm yerlilərim, dərin poetik düşüncələrə malik olan şəxsiyyətlər "Qar Kölgəsi" kitabımın təqdimat mərasimində iştirak etdilər. Bu çox sevindirici haldır. Poeziyaya bağlılıq məndə uşaqlıq çağlarımdan meydana gəlib. Lakin dərc olunmağı sevmədiyim üçün 55 illik ömür həyatımda ilk kitabım bu yaxınlarda nəşr olundu. Bunun da səbəbkarları dostlar, sizlər oldunuz. Sizin yüksək şeir duyumunuz, təkidləriniz məni kitab çap etdirməyə vadar etdi. Onu da qeyd etmək istəyirəm ki, vətənimizin müxtəlif rayonlarında, xaricdə yaşayan həmyerlilərimiz, dostlarımız, tədbirdə iştirak edə bilmədilər. Amma onların qəlbləri bu gün bizimlədir. Onlara və sizlərə dərin minnətdarlığımı bildirir, bu işdə əməyi keçən hər bir kəsə təşəkkür edirəm! Çox sağolun!”



Mən də Şükür Mürsəloğlunu şeirlər kitabının işıq üzü görməsi münasibəti ilə səmimi qəlbdən təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı, şəxsi həyatında və bədii yaradıcılığında yeni-yeni uğurlar arzulayıram!
Laçın xəyalın gerçək olsun!...

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“İsgəndər Həmidov onları oğlunun toyuna çağırmır...”

“O, hər zaman bizim qəlbimizdə yaşayacaq”

Məhluqə Rəhimova yenidən ƏQC-nin sədri seçildi

Bu müəllimi 400 nəfərin arasından seçdilər - VİDEO

“Bu “zirvə” real olmayan bir zarafat kimidir”

“Müxalifətin zirvə görüşü zəruridir”

Qızlarınıza GÜCLÜ QADIN olmağı öyrədin - HƏYAT HEKAYƏSİ

Bağışlanmaz səhvlərə imza atanlar

Ümummilli lider Xanqaraqoyunlu məktəbində də anılıb

Xırdalan məktəbində “100 ilin rəngi”

Sayğacın pulu ödənilib, amma sayğacdan xəbər yoxdur - VİDEO

“Bu partiyalar arasında bir-birini qəbul etməyən siyasətçilər çoxdur”

Masallının Sığıncaq kəndində yanan evdən xəbər var

Laçınlı döyüşçülər Heydər Əliyevin məzarını ziyarət ediblər

XXI əsrin yeni “QAYNANA”sı nələr edəcək?