"Media qışqıra-qışqıra yox, vətənpərvərlik hissi ilə işini görməlidir" - MÜSAHİBƏ

14:02 08-02-2021 | icon 483 | KİV
"Media qışqıra-qışqıra yox, vətənpərvərlik hissi ilə işini görməlidir" - MÜSAHİBƏ

Etibar Babayev: "Televiziyanın uğuru məni sevindirir, uğursuzluğu qəlbimi ağrıdır"

 

Mətbuatın cəmiyyət qarşısındakı əsas missiyasını yerinə yetirmək üçün hansı bazaya malik olduğu daim müzakirə obyektidir. Medianın nöqsanlarını aradan qaldırmaq üçün apardığı axtarışlar bütövlükdə dövlətin inkişafına yönəlir.

 

Versus.Az xəbər verir ki, "Azad Azərbaycan" Teleradio Şirkəti Bədii Şurasın sədri, Əməkdar jurnalist Etibar Babayev müsahibəsində bu və ya digər məsələlərlə bağlı maraqlı nüanslara diqqət çəkib:

 

- Etibar müəllim, Azərbaycanda müasir medianın mövcud durumunu necə dəyərləndirirsiniz, vəziyyət necədir?

 

- Bu gün dövlət Azərbaycanda medianın inkişafı üçün hər cür şərait yaradıb. Bir vaxtlar tək dövlətin kütləvi informasiya vasitələri fəaliyyət göstərirdi. İndi isə çox sayda özəl televiziyalar, internet televiziyaları, radio və qəzet, jurnallar açılıb. Yəni hüquqi baxımdan medianın qarşısında görünən heç bir maneə yoxdur. Təəssüf ki, sayca çoxalan bu medianın keyfiyyət səviyyəsi aşağıdır, Azərbaycanın mövcud inkişafına, dünyadakı mövqeyinə uyğun deyildir. Bunun bir çox səbəbləri var. Birindən soruşurlar: “Müharibəni niyə uduzdunuz?”. Cavab verir ki, barıt yox idi. Barıt yoxdursa, digər səbəbləri sadalamağa nə ehtiyac qalır?.. Görünən odur ki, göbələk kimi artan medianın məqsədi bəlli deyil və nə istədiyini bilmir. Bu, media mühitində anarxik bir vəziyyət yaradıb.

 

"Sanki, mətbuat bazardır"

 

- Niyə azad mediamız öz missiyasını düzgün qura bilmir, səbəbləri nədir?

 

-20-30 il əvvəl insanlar üçün bir qəzet, jurnal yaratmaq istəyi sadəcə xəyal ola bilərdi. Bu gün isə çox asan şəkildə qeydiyyatdan keçib, onu aça bilir. İndi insanlarla əlaqə qurmaq, müsahibə götürmək daha asandır. Bir adamdan müsahibə alırsansa, hədəfin bəlli olmalıdır. Əfsuslar olsun, çoxları bunu düzgün dərk edə bilmir. Məsələ burasındadır ki, bir çoxları mediaya verilən sərbəstliyi, azadlığı başqa cür başa düşür. Elə bilirlər ki, mətbuat bazardır və ora hücum edib istədiyini ala bilər.

Milli Mətbuatımızın banisi Həsən bəy Zərdabi “Əkinçi”ni yaradanda özü cəmiyyətin ehtiyacları içərisində idi və bunu duyub, onu ödəməyə qadir olan şəxsiyyət idi. O, xalqı öz ətrafında birləşdirə bilmişdi. Sən də elə bir qəzet, mətbu orqanı yaratmalısan ki, oxuculara düzgün xəbər çatdırıb, onu maarifləndirə biləsən. Məsələn, “reket jurnalistləri” deyirlər. Onların bir məqsədi var, vətəndaşlıq, məsuliyyət hissi olan jurnalistlərin başqa bir məqsədi. Məsuliyyətli jurnalist xalqa söz demək istəyir. Və sözünü deyir, amma onu oxuyan, eşidən yoxdursa, o qəzeti niyə çıxardır?

 

- Bəziləri deyirlər ki, yaxın gələcəkdə çap mediası öz dövrünü bitirəcək və biz elektron vasitələrə keçəcəyik...

 

- Vaxtilə radio yarananda ona “danışan qəzet” deyirdilər və elə hesab edirdilər ki, bundan sonra qəzet dövrü bitəcək. Qəzet də qaldı, radio da inkişaf elədi. Günlərin birində televiziya yarandı. Dedilər, daha radio bitdi, amma yenə də radiolar inkişaf elədi. Televiziyaları inkişaf eləmiş Amerika kimi dövlətlərdə də radiolarn sayı çoxdur. Kommersiya xarakterli radioları da var, milyonlarla dinləyicisi olan radioları da. Sayları isə  azalıb.

Siz elə bir sual qoydunuz ki, bu sual ətrafında böyük elmi konfrans keçirilsə belə, konkret nəticə əldə olunmaz. Yəni dövlət sənə hər şəraiti yaradıbsa, bundan düzgün istifadə etməlisən. Sözünü deyə bilənlərin qarşısı açılmalıdır.

 

"Bəzən güzgülər sifarişli olmaq istəyir"

 

- Bu gün mediamız cəmiyyətin problemlərinə nə dərəcədə güzgü tuta bilir? Əgər cəmiyyət özü mediaya güzgü tutursa, bu nə ilə bağlıdır?

 

- Güzgülər də fərqli olur. Güzgü var ki, adam ona baxanda əyri görünür. Güzgü də var ki, güzgülük olmayan adamın da üzünü ağardır. İndi baxaq görək, biz hansı güzgü olmaq istəyirik. Birinci bunu müəyyən etməliyik. Bəzən güzgülər sifarişli olmaq istəyir, cəmiyyəti bir az boyalı rəngli göstərir, amma buna rəng qatıldığı bilinir. Gərək elə güzgü olasan ki, orada hər kəs özünü tanısın. O cəmiyyəti göstərəsən ki, orada insanlar sözlərini pıçhapıçla danışmasınlar. Oxusunlar və suallarına cavab tapsınlar. Bu da yalnız obyektivliyi gözləməklə olacaq. Obyekiv olmaq üçün isə gərək obyektiv qiymət verməyi bacarasan.

Medianın içində çirkab da var, süzgəcdən keçənlər də. Mən bu gün mətbuatda öz sözünü deyib, 10-15 adamı arxasınca aparan jurnalistləri görmək istərdim. Vaxtilə jurnalistikanın da bir mayakları var idi. O insanlar cəmiyyətdə söz sahibi idilər. İndi sayları çox azdır. Amma mətbuatda olan 5 minin içindən 5 nəfər ortaya çıxırsa, o da böyük nəticədir.

 

"Qəzet məzmununda dəyişiklik etməlidir"

 

- Sosial media ənənəvi medianı üstələyir və dövrün tələblərinə əsasən çap mediasının informasiya ötürücülüyündə geridə qaldığı önə çəkilir. Bu vəziyyət medianın hansı yeni bir formaya keçməsini təklif edir?

 

-Bu reallıqla barışmaq lazımdır. Əvvəllər qəzet gecə çap olunurdu ki, səhərə məlumat çıxsın. Səhər də insanlar işə getməzdən əvvəl qəzetləri köşklərdən alırdılar. O dövr getdi.  Bu isə o demək deyil ki, çap mediası bizim həyatımızdan getdi. İndi mən səhər dururam, açıram interneti baxıram, görüm dünyada nə var. Baxıram ki, 50  sayt hamısı xəbərləri bir-birindən köçürüb. Bəzən də məlumatlar yalan olur. Yazırlar ki, filankəs ölüb, sonra da deyirlər ki, təsdiq olunmadı.  İndi sosial media elə bir şərait yaradıb ki, informasiyanı dəvət eləmədən də hamımızın həyatına girir. Bu olub bizim operativ məlumat alma mənbəyimiz.

 

 

Tutaq ki, “Ağac kəsilir”, “Yyol dağılır,...”- pis dediyin bu kimi hadisələr sənin üçün bir bəhanədir. Sən bu bəhanənin ictimai köklərini açıb, cəmiyyətə onun mesajını çatdırıb, ünvanlı hədəfini də göstərirsənsə, bu oxunacaq. Yox, elə-belə deyib keçəcəksənsə, bu xəbərçiliyin vaxtı keçib.  “Ağac kəsilən” kimi onun xəbərini sosial şəbəkələrdə dərhal verirlər. Mən oxucu həftədə iki dəfə çıxan qəzeti bu xəbərə görə almaram. Qəzet bu mənada öz məzmununda dəyişiklik etməlidir. Günlük xəbərçilikdən çox, bir qədər araşdırmaya, açıqlamalara yer verilməlidir.

Yaxud, sabah bir yerdə yanğın baş verirsə,  yanğınsöndürənlərdən öncə küçədən keçən biri telefonla çəkib sosial şəbəkədə paylaşır.

Bir xəbəri çəkmək üçün televiziya ora gedincə, çəkincə kimsə telefona çəkib paylaşır. Deməli, mətbuat artıq bu xəbərin alt qatına getməlidir. Bunun araşdırmasını, rəy sorğusunu verməlidir ki, sosial şəbəkə bunu edə bilmir.

 

"Bütün internet televiziyalarında bir forma var – debat"

 

- İnternet televiziyaları barədə nə söylərdiniz? İnternet televiziyalarının çoxalması ənənəvi televiziyalardan hansı addımlar atmağı tələb edir?

 

- İndi hərə özünə bəsit formada, internet televiziya açır. Belə televiziyalar rəqabət apara bilməz. Bütün internet televiziyalarında bir forma var - debat. Başqa variant da yoxdur. Bu gün üçün ya bir adam danışır, ya da bir adam bir neçə nəfərlə danışır. Axı nəyə görə bu qədər təkrarçı internet televiziyaları olmalıdır?

 

- Söz azadlığı var...

 

- Gərək buna nəzarət edən də olsun. Bu hal bezdirir insanı. Hamısı deyir ki, zəhmət olmasa, abunə yazılın, paylaşın, çünki pulumuz burdan çıxır. Əgər pul çıxmasa, özləri də gedəcək. Hər kəs televizoru, interneti açanda istəyir ki,  fərqli bir şey görsün. Fərqli olanda baxır.

Təbii ki, sosial media televiziyaları da üstələyir. Televiziyaların fəaliyyət dairəsi, texniki imkanları dəfələrlə çoxdur. Hə, dəfələrlə çox imkanda məhdud uğur qazanırlarsa, o artıq işlərinin öhdəsindən gələ bilməmələri ilə bağlıdır. İnternet televiziyalarının gələcəkdə sayları azalacaq. Səviyyəlilər isə bəlkə də bir gün normal televiziya formatına keçəcək, yəni ancaq bir nəfər qonaqla yox, daha böyük formatda. Bu isə zaman istəyir. Bu bir pəncərədir, sən sözünü deyirsən. Sözün bir tamaşaçı kimi mənim ağlıma batırsa, baxacağam. Çalış ki, onu yanlış fikirlərinlə zəhərləmə.

Ona görə də televiziyaların özündə də bir seçim olmalıdır. Bizim itirdiyimiz ömrümüzün saatları qiymətlidir, yoxsa, dedi-qodunu eşitmək dadlıdır bizə. Televziyalar uğur qazanmaq istəyirsə, auditoriyasını genişləndirib, camaatı maraqlandıran sualların cavabını doğru tapmalıdr.

 

- Elə bir televiziya, sayt, qəzet varmı ki, gündəlik xəbəri ordan alırsız?

 

- Televiziyaların birinə yox, bir neçəsinə baxıram, müqayisə edirəm. Bu da bir peşə xəstəliyidir. AzTV-nin elə verilişləri var ki, bəyənirəm. İctimai Televiziyanın yaxşı verilişləri var. Şərait yaratmaq lazımdır ki, onlar çoxalsın. Elə edilməlidir ki, rənglər qarışmasın.

 

"Sosial media qaçış üçün startda dayanan insanlara bənzəyir"

 

- Sosial medianın nizamsızlığını, qeyri-dəqiqliyini əsas gətirən qurumlar bu durumu narahatlıqla qarşılayır. Əslində sosial media ictimai fikrin formalaşmasında ənənəvi mediaya hansı dəstəyi verə bilər?

 

- On il əvvəl heç təsəvvürə gəlməzdi ki, belə şeylər ola bilər.  İndi həmin o sosial media ilə adamları mitinqlərə də çağırırlar, dünyanın mənzərəsini dəyişməyə çalışırlar. Bu gün bizim ağlımıza gəlməyən bir nəsl yetişir ki, onlar kitab səhifələmirlər, kitabları internetdən oxuyurlar. Teleqraf dilinə keçiblər.  Bədiliyi teleqraf dilində qorumaq da başqa bir istedaddır. İndi bütün televiziyaların hamsının internetə çxışı var, bunlar da sosiallaşır. Xəbər formatını daha başqa janrda dəyişəcəklər. Sosial media öz işini görəcək. İndi sosial media qaçış üçün startda dayanan insanlara bənzəyir. İşarə verən kimi hamı qaçır. Sonda finişə çıxan qalib bir nəfər olur. İndi bu da bir startdır.

 

- Mətbuatımızın inkişafı və boşluqların aradan qaldırılması üçün hansı məsələlər qanunda yer almalıdır. Medianın İnkişaf Agentliyinin yaranması nə vəd edir?

 

- Elə bilirəm ki, medianın nizamlanması üçün kifayət qədər qanunlar qəbul olunub. İndi o qanunlara dəyişikliklər edilir. Bu qurum da yeni yaranıb. Özündən əvvəlkiləri təkrarlamasa, yaxşı olacaq.

Bizdə hökumət, dövlət elə bir şərait yaradıb ki, istənilən adam gedib media sahəsində fəaliyyət göstərə bilir. Bu Agentliyin yaranması belə bir çoxluğun içərisində nizamlayıcı ola bilər və mediaya köməkçi ola bilər. Tutaq ki, qəzet açılır, pul verən də şərt qoyur, reklam verən də. Necə etmək olar ki, heç kəsdən asılı olmayaraq millətinə, dövlətinə, xalqına xidmət eliyəsən. Bundan da çıxış yolu var. Bu da başqa bir elmdir.

 

"Televiziyalar bir-birini təkrarlayır"

 

- Etibar müəllim, qismən medianın ayrı-ayrı seqmentlərinə toxundunuz. Bəs klassik televiziyalarımızın vəziyyəti necədir, hazırda özünü daha çox necə ifadə edir?

 

- Azərbaycanda televiziya ilk dəfə 1956-cı il, fevral ayının 14-də açılıb. Bu günlərdə Azərbaycan Dövlət Televiziyası 65 illiyini qeyd edəcək. Mənim fəliyyətimin 50 ili televiziya ilə bağlıdır. Mən  Əməkdar artist olan Gülşən Əkbərova ilə birlikdə “Tələbə klubu” adlı bir veriliş  hazırlayırdıq. Hər dəfə bir universitetdə studiyadan kənar verilişlə çıxırdıq. O vaxt ikimiz də tələbə idik. Bu, o dövr üçün böyük nailiyyət idi. Bu, Azərbaycan televiziya tarixində ilk tok-şou idi. Ona görə də televiziyanın uğuru məni sevindirir, uğursuzluğu qəlbimi ağrıdır. O zaman bir televiziya var idi, onun da fəaliyyəti çox məhdud idi. Bizim müstəqillik dövründə isə özəl televiziyalar çoxalıb. Say çoxalıb, səviyyə yoxdur. İnternet əsri dünyanın coğrafiyasını kiçildib. Dağda əyləşən insan çox asanlıqla kabel televiziyası ilə yüzlərlə televiziyanı izləyə bilir. Yəni milli televiziya üçün rəqabət çox böyükdür. Sən kimisə məcbur edə bilmərsən ki, otur mənə bax. İndi hamı deyir ki, biz bir nömrəli televiziyayıq, ən baxımlı bizik. Həmin kanallar insanların nə düşündüyünü, nə istədiklərini bilməlidir. İndi televiziyalarda, qeyd etdiyim kimi əsas format müsahibədir. Biri sual verir, o biri cavab verir. Yaxud tok-şouları götürək. Siz bu tok-şonun formasını Amerikadan götürmüsüz, amma nə millidir, nə beynəlmiləldir, çox vaxt lağ-lağıdır. Televiziyalar bir-birini təkrarlaya-təkrarlaya gedirlər. Ona görə də o verilişələr doğmalaşmır. Yaxud nəyisə təbliğ eləyəndə, onu o qədər göstərirlər ki, artıq ikraha səbəb olur. Baxırsan xəbər bloklarına, demək olar ki, bütün kanallar eyni xəbərləri verir, fərqlilik yoxdur. Yaxud, filmlərin nümayişini götürək. Bir film bir həftədə 4 kanalda gedirsə, bu artıq anlaşılmır. Televiziyaların belə olmaması üçün sayını çoxaltmaq yox, səviyyəsini artıran məhsulu olmalıdır. Televiziyanın yaxşı kadrı olmalıdır. Düzdür, televiziya sahəsində işini bilən insanlar var, istedadlı cavanlar da gəlir, aparıcılar yetişir. O, efirə kal çıxmamalıdır, tam yetişməlidir. Buna görə də məktəb keçməlidirlər.

 

- Yüngül, əyləncəli verilişlərə, şoulara üstünlük verən televiziyalar bunu xalqın təlabatı kimi təqdim edir. Buna münasibətiniz...

 

- Sovet vaxtı bir televiziya var idi, qarşısındakı məqsəd də dövlətin siyasətini yaymaq, vətəndaşı maarifləndirmək, xəbərlər çatdırmaq və əyləndirmək idi. Dövlətin standartı nə ididsə, bu standartı dövlət televiziyası yerinə yetirirdi. İndi o dövrün televiziyasının üzərindən xətt çəkmək olmaz. Çox gözəl mütəxəssislər, o zaman üçün gözəl verilişlər var idi. Böyük səfərbəredici gücü var idi. İndi televiziyalar ayrı-ayrı qurumlara, ayrı-ayrı şəxslərə aiddir. Televiziyaların fəaliyyətinə nəzarət edən Milli Teleradio Şurası var və o qurum verilişlərə nəzarət etməlidir.

 

 

Məsələn, istərdim ki, televiziya çoxluğunda ayrıca bir kanal məktəbəqədər uşaqların yetişdirilməsinə həsr olunsun. Bu kanalın da olması üçün məhsul olmalıdır. Yaxud, bizim uşaqlar cizgi filminə baxmalıdır. Gəlin görək, Azərbaycanda cizgi filmi istehsal edən varmı? Tərcümə üçün elə filmlər seçilir ki, ailə ilə oturub baxmağa xəcalət çəkirsən. Tərcümə üçün uşaqlara qorxulu, nifrət, aqressiya yaradan filmlər seçirlər. Mən istəmirəm uşaqlar o filmlərlə böyüsün, amma uşaqlar ona bizsiz də baxırlar. Texnika bu imkanı onlara yaradıb. Yəni televiziyalar üçün məhsul, o məhsulu yetişdirən kadr, o kadrı seçən rəhbər lazımdır.

 

- Bugünkü aparıcının tamaşaçı, dinləyici ilə səmimiyyəti nədən başlamalıdır? Həddən artıq açıqlıq səmimiyyətin göstəricisi ola bilərmi?

 

- Səmimiyyət başqa bir anlayışdır. Mən deyərdim ki, bəzi aparıcılar o səmimiyyəti yaratmağı yaxşı bacarır, amma bunlar tək-təkdir. Hər kanalın aparıcı seçimi də onun öz işidir, lakin televiziyalara nəzarət edən qurum var və o da bu işlərə qarışmır.  Televiziya da bilməlidir ki, əgər bu xalqa xitab edirsə, xalqın ümumi anlayışlarına əsasən aparıcıları seçməlidir. Aparıcılar nitq mədəniyyəti, danışıq qabiliyyəti, ünsiyyət, geyim mədəniyyətini gözləməlidir. Bəziləri var, ancaq sual verməklə məşğuldur, heç qarşındakına verdiyi sualın cavabı onu maraqlandırmır. Tamaşaçı hiss eləməlidir ki, sual verən adam üçün də cavab maraqlıdır. Efirdə də gərək bu səmimiyət hiss olunsun. Xüsusən də tok-şularda buna ciddi riayət olunmalıdır.

 

"Tok-şou aparıcısı orkestri idarə edən dirijordur"

 

- Tok-şoular özünü nə dərəcədə düzgün ifadə edə bilir?

 

- Tok-şou televiziyalarda çox baxılan janrdır və bəlkə də indi buna daha çox tələbat var. İnsanların çoxlu sualları var ki, ekrandan ona cavab almaq istəyir. Tok-şounun hazırlığı bir qədər mürəkkəb məsələdir. Mürəkkəblik məkanla deyil, bu məsələnin qoyuluşu və onun həllinə gedən yolla bağlıdır. Tok-şou aparıcısı orkestri idarə edən dirijora bənzəyir. Bu zaman aparıcı insanları yönəltməməlidir ki, “sən bunu de, yaxud mən deyəni de”. Burada aparıcı ancaq istiqamətverici insan olmalıdır və nəticəni o yox, tamaşaçı çıxartmalıdır. Yəni hər kəsə fikrini ifadə eləmək üçün şərait yaratmalıdır. Bilərəkdən orada qıcıq yaratmaq, bu auditoriyanın diqqətini çəkməkdir. Qəsdən kimisə pərt eləmək də etik qaydaları pozmaqdır. Aparıcı hər kəsə hörmətlə yanaşmalıdr. Burada aparıcı hakim deyil, aparıcı heç kimə müttəhim kimi baxmamalıdır. Reallıqda bir neçə aparıcı var ki, danışmağa imkan yaradır, dinlmə mədəniyyəti var və mövzunu bildiyi üçün müzakirəyə çıxarır. Adam da var, gündəmdə olan məsələni müzakirəyə çıxarır, amma bunun kökündə nə dayanır, bilmir. İstəyir ki, olay yaratsın. Elə bir verilişlərə də daimi dəvət olunan adamlar var. Bütün kanallara çıxırlar, elə bil kiminsə sözçüsüdürlər. Buna görə də Milli Teleradio Şurası var və belə hallara nəzarət eləməlidir.

 

- Sadaladığınız səbəblər mediada kadr islahatını nə dərəcədə gündəmə gətirir?

 

- Vaxtilə belə deyilirdi ki, kadr hər şeyi həll edir. O, bu gün də gündəmdədir. Şair Qabil də yaxşı deyib ki, “Müsibət oluruq biz, səhv düşəndə yerimiz”. Bu, kadr siyasətinin poetik ifadəsidir. Televiziyanın rəhbərindən tutmuş, qapıçısına qədər düzgün seçilməlidir. Qapıçı yerində elə ünsiyyət qurmalıdr ki, insan bir mədəniyyət məbədinə gəldiyini hiss eləsin. Efirin də mədəniyyəti orda yaranan daxili mənəvi sağlam yaradıcı mühitdən asılıdır. Azərbaycan televiziyasının ən uğurlu işlərindən biri olan “Arşın mal alan” filmini götürək. O film elə texnika ilə çəkilib ki, indi həvəskar kino xadimləri də ona müraciət eləməz. Oradakı sənət, rejissor işi, filmin yaradıcı heyəti elə seçilib ki, bu gün də o filmlərə baxılır. Sovet dövründə çəkilən filmlərin ideologiyası bugünkü ideologiya ilə düz gəlməsə də, hamı ona sevə-sevə baxır. Ona görə də bu gün televiziyalarda sağlam yaradıcı mühit, texniki mühit, əqidə birliyi olmalıdır. Dövlətin siyasətini təbliğ eləmk özü siyasət qədər mühümdür. Dövlətin siyasətini xalqa elə çatdırmaq lazımdır ki, O, həmin siyasətin davamını həyata keçirsin.

 

"Reklamçı gəlib səviyyəsiz verilişlərə sponsorluq edir"

 

- Bəzən ziyalı da deyir ki, biz yerli kanallara baxmırıq...

 

- Bəyəm bu qəhrəmanlıqdır? Biz bu televiziyaya baxmasaq, milli şüurumuz da dəyişəcək. Nə qədər pis olsa da, bu televiziya ən azı azərbaycanca danışır. Azərbaycan dilini bizdən başqa  dünyanın heç bir kanalı yaymayacaq. Deməli, biz bu dilin saflığını bütün televiziya kanalları üçün vacib bilməliyik. Dilin aliliyi, saflığı qorunmalıdır. Televiziyalarda milli şüurumuzu formalaşdıran verilişlər olmalıdır. Yəni, bəli, kadr məsələsi bir nömrəli məsələdir, ikincisi texniki avadanlıqlar olmalıdır. Bu da maddi duruma bağlıdır. İndi baxaq görək, bu televiziyalar haradan qaynaqlanır, hansı maddi bazası var? Biz bəzən dünya ilə müqayisələr aparırıq.

 

 

Dünya bazarında reklam qiymətləri başqadır. Azərbaycandakı reklamla ağıllı-başlı televiziya saxlamaq çox çətindir. Ona görə də televiziya açan adam ona qazanc kimi baxacaqsa, o elmin, mədəniyyətin təbliğində yoxdur. Bu gün qazanc başqa şeylərin təbliğində var, ona görə də reklamçı gəlib səviyyəsiz verilişlərə sponsorluq eliyir. Sifariş verir ki, filan aparıcı filan yerdə aparsın. Yanlış anlamayın, bizim nazirliklərimizə dövlət çox böyük vəsait ayırır. Məsələn, bir silahın pulu olsa, onunla gözəl vətənpərvərlik verilişləri hazırlamaq olar. Və o verilişə görə yüzlərlə qəhrəman yetişər.  Elə verilişlər olar ki, səviyyəsinə görə insanların bütün fikrini dəyişər. Gündəlik televiziyanın xərclərini çıxartmaq üçün bəzən lazım olmayan adamlar da efirə çıxır. Lazım olmayan reklam məhsulunu da efirə çıxarırlar.

 

"Biz bu müasir dünyanın yadına düşürük?"

 

- Müasir mediamız qlobal dünyanın tələbləri ilə ayaqlaşa bilirmi?

 

- Gəlin görək, biz bu müasir dünyanın yadına düşürük? Bu 30 il ərzində Qarabağ problemimiz var idi, 44 gündə həll olundu. Prezidentimiz xaricdən gələn onlarca jurnalistə vəziyyəti çox aydın şəkildə göstərdi. Dünya bundan nəticə çıxardı? Yenə də ermənipərəst qüvvələr necə gəldi danışırlar. İndi ki, hər şey aydındır, işğaldan azad olunan ərazilərimizi görürlər, niyə səsimizi duyurmurlar?

 

- Dünyanın bizi necə göstərməsindən asılı olmayaraq öz haqqımızı dünyada qorumaq üçün beynəlxalq sferada media əlaqələrimiz necə qurulmalıdır?

 

- Bəli, beynəlxalq əlaqələrimiz genişlənməlidir. Burda şəxsi əlaqələr də çox geniş rol oynayır. Mən Türkiyədə olanda rəhmətlik Barış Manço ilə dostlaşdıq və bu dostluğumuz sona qədər davam elədi. Bu dostluğun nəticəsində, Barış Manço 1992-ci ildə birnci dəfə Bakıya gəldi. Biz birinci verilişi Şəhidlər Xiyabanından hazırladıq. Barış orda göz yaşlarını saxlaya bilmirdi. Bakıda 4 proqram çəkdik, həmin verilişlər may ayında 4 bazar TRT-də getdi. O vaxt Azərbaycan verilişlərini ölkə daxilində ancaq görürdülər, amma Türkiyədən dünyaya çıxa bilirdi. Yəni bu şəxsi tanışlıq əsasında Barış sonralar da Azərbaycana gəldi və birgə verilişlər hazırladıq. Onun son gəlişi də 1998-ci ildə Azərbaycana oldu. Yəni bizim jurnalistlərin şəxsi əlaqəsinin də Azərbaycan həqiqətlərinin tanıdılmasında böyük əhəmiyyəti ola bilər.

 

- Bizim jurnalistlərin dünyaya çıxışı niyə zəifdir?

 

- Dünyaya çıxmaq üçün dili bilmək lazımdır. Dildən də qabaq gərək sənin içində deməyə sözün olsun. Bu mühümdür. Mən Fransada olanda çox böyük adamlarla görüşmüşəm. Fransız dilini bilmirdim, yanımda tərcüməçi olub, danışmışam. Eləcə də Almaniyada, İngiltərədə...

 

- Etibar müəllim, bu gün Azərbaycanın problemlərinin dünyaya çatdırılması prosesində media və lobbiçilik fəaliyyətinin qurulması nə dərəcədə vacibdir?

 

- Bir neçə il qabaq mən kanalların birində rəhbər olanda Amerika ilə Telekörpü qurduq. Heç elə böyük vəsait də tələb olunmurdu. Texniki imkanlar elədi ki, bunu internet üzərindən də yaymaq olar. Yaxud o vaxtlar Türkiyə ilə telekörpülər qurmuşdum. Yəni bunların asan yolları var və elə də böyük xərc də tələb eləmir. İndiki halda ölkə rəhbərliyi buna daha açıqdır.

Mir misal çəkim: Barış Manço 150-dən çox ölkəyə getmişdi. Təkcə Yaponiyada onun 1 milyon diskini satdılar. Bu 1 milyon yaponun evində türk musiqisinin diski deməkdir. 1 milyon vətəndaşın evinə türk mədəniyyətinin sirayət etməsi deməkdir. Deyirlər tək əldən səs çıxmaz, amma bəzən tək əldən də səs çıxır. Biri var xaricdə ayrı-ayrı adamlarla əlaqə qurmaq, biri də var ki, ayrı-ayrı adamları orda təşkilatlandırmaq. Bəzən bizim insanlar gedir Almaniyada bir almanla söhbət edir, danışır. Bunu jurnalist edə bilər. Hələ bu diaspora, lobbiçilik deyil. Lobbiçilik özü ayrıca bir təşkilatlanma məktəbidir. Bu, ancaq “al pulu, tədbiri keçir” deyil. Bu gün Azərbaycan lobbiçiliyinin güclü olması Azərbaycanın güclü olması deməkdir.

İndi xaricə gənclər gedir, təzə nəsil yetişir. Orada təkcə mənşəyi Azərbaycanla bağlı deyil əqidəsi də azərbaycançılıq ideologiyası ilə dolu insanların sayı artdıqca, o təşkilatlar da güclənəcək. Yoxsa mən görmüşəm ki, 5-3 nəfər guya yığışıb “Azərbaycan evi”nə, hamısı da bir-biri ilə didişir. Adını çəkmək istəmirəm, vətən xəttinin adı ilə biri gəlmişdi, mən də bu adamdan müsahibə almağa getdim. Dedim, Almaniyada filankəs də var idi, dedi əşşi o, belə... Sonra həmin adamı tapdım. Ondan bunu soruşanda, o da bunu pislədi. Belə...

 

"Dövlət marağı üçün xorda oxumağı bacarmalıyıq"

 

- Deyəsən, elə bizim ən böyük problem bir-birmizin ayağından basmaq, bir-birimiz “baltalamaq”dır...

 

- Məsələn, biz komanda oyunlarında uduzuruq,  amma fərdi yarışlarda birincilik qazana bilirik. Bizdə ifaçılıqda yenə hər janrda solo oxuyanlar yaxşı uğur qazanır, xora gələndə alınmır. Təəssüf ki, bu var. Biz dövlət marağı üçün xorda oxumağı bacarmalıyıq.

 

- Etibar müəllim, söhbətimizi ümumiləşdirsək, medianın indiki durumunun hansı portretini cızardınız?

 

- Hazırda aktual sual budur: 30 idən sonra böyük bir qələbəmiz var –  bu, 44 günün qələbəsi adlanır bu. Bu, bir xalqın tarixində böyük bir qələbədir ki, adına da Vətən Müharibəsi dedik. Birinci Vətən müharibəmizdir. Müharibə diplomatik cəbhədə davam edir. Həsən Seyidbəylinin bir əsəri var idi - “Cəbhədən cəbhəyə”. İndi biz “Cəbhədən cəbhəyə” formatındayıq. Silahlar susub. Orada düşmən qarşıdaydı, indi isə hər tərəfə yayılıblar. Biz onları diplomatik yolla susdurmalıyıq, amma silahımız da hazır olmaldır. Güclü olmalıyıq. Müharibədə alınmış torpaqları – hansı ki, yerlə-yeksan olub, Prezident dedi ki, biz bunu mərhələli şəkildə həll etməliyik. Ağıllı şəhərlər salmalıyıq. Ağıllı şəhər salmaq üçün ağıllı vətəndaş olmalıdır. Ağıllı vətəndaş da vəziyyəti olduğu kimi qəbul etməlidir. Media da anlayışlı olmalıdır. Medianın savadı artmalıdır. Qışqıra-qışqıra yox, vətənpərvərlik hissi ilə işini görməlidir. Elementar mədəniyyət, mənəviyyat baxımdan hərə öz işində öz senzoru olmalıdr. Hazırda arxa cəbhədə olanlar da var. Bunları gündəlik həyata daşımaq olmaz, insanlar maarifləndirilməlidir. /"Həftə İçi"/

 

Tahirə Qafarlı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

MDU-da ustad dərsləri

Tanınmış bəstəkara həsr olunmuş KATALOQ

TDT yaxın gələcəkdə dünyada güclü bir təşkilata çevriləcək

Erməni lobbisi və onların havadarlarından TƏXRİBAT

Jurnalistlərə psixoloji təlim keçirilib

Azərbaycanla Ermənistan arasında 28 sərhəd dirəyi QURAŞDIRILIB

Erməni vəhşiliyinin NÖVBƏTİ İZİ

Deputatlar 3 məsələyə görə TOPLAŞDI

“WhatsApp”da yeni funksiya istifadəyə veriləcək

“Qeyri-Centlmen İşlər Nazirliyi” "CineMastercard"da

Rusiyaya məxsus helikopter aerodromda məhv edildi

Samir yeniliklərlə qayıtdı

Daha 140 nəfər Füzuliyə qayıdır