Hədəf Xankəndi və Xocalı

10:57 17-02-2022 | icon 349 | Qarabağ
Hədəf Xankəndi və Xocalı

Bu ərazilərimizdə suverenliyimiz nə zaman bərpa olunacaq?

 

Azərbaycanın hazırda erməni separatçılarının yerləşdiyi, sülhməramlıların nəzarətində olan ərazilərində suverenliyini bərpa eləməsi ölkə və xalq olaraq qarşımızda dayanan  bir nömrəli məsələdir. Xocalı və Xankəndndə bayrağımızı ucaltmaq hədəfimizdir.

 

Biz o hədəflərə nə zaman çatacağıq, o tarixi şəhərlərə nə zaman qayıdacağıq? Azərbaycanın bayrağı Xocalıda, Xankəndində nə vaxt dalğalanacaq? Bununla bağlı Azərbaycan dövlətinin gördüyü işlər ümidverici sayıla bilərmi? Ermənistanla danışıqlar, Rusiya ilə müzakirələr, Türkiyə ilə məsləhətləşmə aparılırmı?

 

Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı bildirdi ki, dövlət rəhbərliyinin bu istiqamətdə  hansı işləri gördüyünü dəqiqliklə bilmək mümkün deyil. Amma müşahidələrimiz göstərir ki , Xankəndi əsas hədəf kimi gündəmdədir: 

 

“Çox yaxın vaxtlarda Azərbaycanın hakimiyyəti Xankəndi, Xocalı, Əskəran, Ağdərə və digər yaxın ərazilərdə bərpa olunmasa, tam qələbədən danışa bilməyəcəyik. Hələlik ermənilərin rus silahının arxasında gizlənərək o yerlərdə at oynatdıqlarını görürük. Hərbi cani Araiklə bağlı xeyli əvvəl cinayət işi açılıb, axtarışa verilib, Baş Prokurorluğumuz onun tezliklə həbs olunacağını deyir.

 

Akif Nağı — Vikipediya

 

Akif Nağı: “Rusiya ya bu məsələni özü həll etməli, Azərbaycan bayrağının Xankəndində dalğalanmasına şərait yaratmalıdır, ya da...”

 

Amma hələ də nəticə yoxdur, Araik orada sərbəst şəkildə gəzir, ”qərarlar" verir , “islahatlar”, “qanunlar” haqqında danışır , xarici səfərlər edir və sair. Bütün bunların qarşısı alınmalı, erməni oyunlarına son qoyulmalıdır. Bunun üçün Rusiya həmin ərazilərdən çıxmalıdır, 5 il gözləməyə ehtiyac yoxdur. Bütün proseslərin mərkəzində “Xankəndi məsələsi” dayanmalıdır. Rusiya ya bu məsələni özü həll etməli, Azərbaycan bayrağının Xankəndində dalğalanmasına şərait yaratmalıdır, ya da kənara çəkilməlidir ki, Azərbaycan öz işini görsün".

 

Əli Orucov: “Sıravi müxalifətçilər partiya rəhbərliyinə, liderlərinə  təzyiqləri artırmalıdır”

Əli Orucov: “Proseslərin gətirəcəyi dəyişiklik regiona, ələlxüsus da Azərbaycana imkan və fürsət verəcək ki...”

 

Siyasi analitik Əli Orucov isə bildirdi ki, 44 günlük Vətən müharibəsində biz həqiqətən də bütöv bir xalq, millət olaraq yumruq kimi birləşərək torpaqlarımızı erməni işğalından azad edə bildik. Lakin ermənilərin xaç ataları imkan vermədi ki, biz separatçıları müqəddəs Vətənimizdən bütünlüklə və həmişəlik qovaq: 

 

“Halbuki buna çox yaxın idik. Hazırda 2-3 faiz Azərbaycan ərazisi Rusiya sülhməramlı kontingentinin nəzarəti altındadır. Mən heç vaxt ərazilərimizin geri qaytarılması barədə naümid olmamışam. Həmişə inanmışam ki, gec-tez biz gücümüzü və qüdrətimizi göstərəcəyik. Nəinki Azərbaycanın beynəlxalq aləm tərəfindən tanınan sərhədləri  ilə bağlı problemin həll olunacağına, hətta zaman-zaman itirilmiş torpaqlarımızın da tarixi və əzəli sahiblərinə qaytarılacağına inanmışam, ümid etmişəm.

Separatçıların yuvasına çevrilən Xankəndinin, bizə gözdağı verilən Xocalının və digər ərazilərin də nəzarətimizə keçməsi zaman məsələsidir. Bu, həm də Rusiyanın mövqeyinə də bağlıdır. Çünki rəsmi Moskva Cənubi Qafqazın bu iki respublikasını əlində saxlamaq və onun Avroatlantik məkana inteqrasiyasının qarşısının alınması üçün bu kartı könüllü verməyəcək. Əksinə, təhlükəsi də odur ki, Rusiya təcavüzkara dəstək verməklə və birbaşa, yaxud dolayısı ilə təxribatlar törətməklə zaman-zaman gərginlik yaradacaq. Hətta deyərdim ki, münaqişəni yenidən alovlandıra da bilər. Rusiyanın son illər aqressiv və davakar xarici siyasətindən bu gün daha çox keçmiş ittifaq respublikaları əziyyət çəkir. Gərginlik ocaqlarının sayı Kremlin fitnəsi ilə gün-gündən artır. Etiraf etmək və açıq demək lazımdır ki, Qarabağdakı bəzi yaşayış məntəqələrinin, o cümlədən Xankəndinin üzərində Azərbaycan bayrağının dalğalandırılması bir qədər mürəkkəb məsələdir, amma mümkün olmayan da deyil. Baxın, Azərbaycan Respublikası Baş Prokurorluğu terrorbaşı Araik Arutyunyanın həbs edilərək ədalət mühakiməsi qarşısına çıxarılması üçün haqlı olaraq barəsində axtarış verib, lakin o, Rusiyanın himayəsi altında əlini-qolunu sallayıb gəzir,  özünü “dövlət başısı” kimi aparır, İrəvana və Moskvaya səfərlər edir. Demək, Azərbaycanın 2-3 faiz də olsa ərazisində erməniləri zorla məskunlaşdırmaqla onları himayə etməklə buralardan rahatlıqla getməyəcəyi mesajını verir.  Hesab edirəm ki, biz yenidən dəmir yumruq kimi birləşə bilsək, yarımçıq qalmış işimizi tamamlaya bilərik. Bunun üçün daxili və xarici siyasətimizi bu prosesə yönəltməliyik. Bu gün regionda regiona bilavasitə təsir edə biləcək proseslər gedir. Ümid edək ki, bu proseslərin gətirəcəyi dəyişiklik regiona da, ələlxüsus da Azərbaycana imkan və fürsət verəcək ki, bayrağımızı Xankəndi, Xocalı, Əsgəran və digər yaşayış məntəqələri üzərində dalğalandıra bilək". /“Yeni Müsavat”/

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

İqtisadi tarazlıq nə zaman pozulur?

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Tarixi dostluq və mehriban qonşuluq

Parlament seçkiləri bu tarixdə keçiriləcək

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

Parlament seçkisi ilə bağlı daha bir ANONS

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

RAYS Azərbaycanda piratçılığa qarşı: Hamı ödəməli olacaq!

Xocalıda insan qalıqları AŞKAR EDİLİB

"Quru sərhədinin açılması ilə bağlı məqam hələ yetişməyib"

Elmira Süleymanova dəfn olundu

MDU-da ustad dərsləri

Qərbi Azərbaycan İcmasından ABŞ Dövlət Departamentinə CAVAB

Tanınmış bəstəkara həsr olunmuş KATALOQ