Məktəbdə şalvar qalmaqalı - FOTO/AUDİO
Bu günlərdə sosial şəbəkələrdə daha bir məktəb direktorunun qalmaqallı səs yazısı yayıldı. Bu dəfə məşhurlaşan direktor Fatma Bayramova Sumqayıt şəhər 14 nömrəli məktəbinə rəhbərlik edir. Yenə də direktor öz işçiləri - Azərbaycan müəllimləri ilə alçaldıcı tonla danışır və hətta onları şagirdlərin yanında biabır edəcəyi ilə hədələyir.
Bu dəfə məktəb direktorunu “özündən çıxaran” müəllimlərin geyim formasıdır. Fikirlərini şəxsiyyətin təhqiri formasında ifadə edən direktor qadın müəllimlərin məktəbə şalvar geyinib gəlməsinə qarşı çıxır.
Direktorun yeni əmri isə qalmaqala səbəb olur. Çünki o, həddini aşaraq Təhsil Nazirliyinin bu barədə qəbul etdiyi qaydalara qarşı çıxır.
Təhsil Nazirliyinin hələ 2000-ci ildə verdiyi “Təhsil işçilərinin korporativ geyim tərzi” təlimatında müəllimlərin məktəb daxilində necə geyinməli olduqları açıq şəkildə göstərilir.
Orada göstərilir ki, müəllim qara klassik şalvar geyinə bilər.
Başadüşüləndir ki, müəllim qoyulan qaydalar çərçivəsində geyinib təhsil ocağına gəlməlidir. Amma müəllim bizim gələcəyimizi hazırlayır. Onun şagirdlər içərisində biabır edilməklə şantaj olunması qəbuledilməzdir.
Başa düşülməyən məsələ isə odur ki, məktəb direktorları geyim tərzi seçə bilməzlər. Hələ bəzi direktorlar hicabda olan, saat taxan, şalvar geyinən müəllimi təhqir edir və məktəbə girişinə qadağa qoyurlar. Bu səlahiyyəti onlara kim verib?
Rəsmi qaydada öz təsdiqini tapmış məktəb müəllimlərinin geyim formaları var. Düzdür, bu qaydalara əməl etməyən müəllimləri direktor təlimatlandırmalıdır. Amma belə yox...
Lent.az məsələnin təfərrüatını öyrənmək üçün Sumqayıt şəhər 14 nömrəli məktəblə əlaqə saxlayıb.
Maraqlısı odur ki, məktəbdəkilər direktorun dediyini dəstəkləyirlər. Bildirirlər ki, müəllim korporativ geyim tərzində verilən təlimata uyğun geyinmir. Buna görə də direktor müəllimin bir də elə geyinməməsi üçün tənbeh edir.
Qeyd edək ki, təlimatda həmçinin bildirilir ki, həftə sonları, yəni, dərsdən kənar məktəbə gələn müəllimlər istədikləri geyimdən istifadə edə bilərlər.
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"