"Ömrüm cahanın nəqşini yaşatma şamıdır..."

17:43 23-05-2022 | icon 3631 | Ədəbiyyat
"Ömrüm cahanın nəqşini yaşatma şamıdır..."

O, həm də bu fəlsəfəyə görə bunca sevilir

 

BAYRAM MƏMMƏDOV
/Ehtiyatda olan polkovnik-leytenant, Əməkdar müəllim/

 

Bulaqlar, çeşmələr duruluğuna görə sevilir. Çıraq işığına görə, dan yeri sökülüncə ağacların budağından sürüşən meh həzinliyinə görə, çiçəklərin ləçəklərinə sığınan şəbnəm-meh cazibədarlığına görə. Yaz yağışından sonra göy üzünə sarılan qövsi-qüzeh gözəlliyinə görə, ... Bunlar təbiətin bəşərə verdiyi könül xoşluğudu. Ürəyinin gözləriylə baxanlar görür ki, bəşərdə də belə qüdrət var. Kimidə biri, kimidə ikisi, ... , kimidə hamısı.  Kamil insanın xasiyyətində (buna xarakter də deyilir) bunları yaşadan vətənsevərlik də olur, xeyirxahlıq da, dərin zəka da, güclü məntiq də, dünyaduyumu da. Bunlar yaşam fəlsəfəsini müəyyənləşdirən amillərdəndir. İnsanı kamilləşdirən bu fəlsəfənin mahiyyətidi, bir də xalqa, millətə, Vətənə dərin sevgidi...

 

Bu düşüncələr Elbrus İsayevi tanıdığım anlardan sonra yaşadığım anlara ad olan düşüncələrdi. Tanışlıq deyilənlərlə - eşidilənlərlə başlanır, ünsiyyətlə təsdiqlənir, təəssüratlarla davam etdirilir, sonra yaddaşa hopur. Mən də yaddaşıma güvənib xalq üçün, dövlət üçün, dövlətçilik üçün yaşanılan dəyərli bir ömrün ömürlərə düşən işığını, bu işığa sevgimi nişan verirəm...

 

Elbrus İsayev 1979-cu il oktyabrın 7-də Naxçıvan şəhərində anadan olub. Anadan olma ifadəsinə dünyanı salamlama da deyə bilərik. Uca ruhlar bu gəlişə "xoş gəldin" deyir. Məqamı çatanda illər keçdikcə əməlisalehlər yüksək əxlaqıyla, milli-xəlqi dəyərlərə bələdliyiylə (və onlara sevgiylə!), dünyagörüşüylə, bu salama "əlüykümsalam" deyir. Elbrusla ululuğun bircə kəlməlik mükalimələşməsini bir Tanrımız bilib, bir də Elbrusun özü. Bilib və göy üzünə pıçıldayıb: "Əleyküm-salam". Bu, xalqa, Vətənə, dövlətə, dövlətçiliyə, azərbaycançılığa, türk dünyasına sədaqət andıydı. Bu and bir ömrün illərə hesabatıydı sanki...

 

Elbrus bu andın işığında Naxçıvan şəhər 11 saylı orta məktəbi bitirdi, Naxçıvan Dövlət Universitetinin Tarix-filologiya fakültəsinə daxil oldu. Seçdiyi ixtisası mükəmməl öyrənmək üçün oxudu, xalqımızın qədimdən də qədim tarixini, ədəbiyyatını, mədəniyyətini, incəsənətini sevə-sevə öyrəndi, öyrənə-öyrənə sevdi. Onun fikir dünyasını, fikir dünyasının rişələndiyi azərbaycançılığı, azərbaycançılığı da yaşadan türkçülük dünyasını "Kitabi-Dədə Qorqud" nurlandırdığı kimi, Oljas Süleymanovun "Az i ya" kitabının da işığı nurlandırmışdı...

 

Nağıllarımızı nağıl kimi dinləmişdi. Yeniyetməliyində onları xalq hikməti kimi oxumuşdu. O da hər nağılı xalq hikmətinin mənəvi səyyarəsi bilmişdi. Nələr öyrənmişdi nağıllarımızdan? Sonralar həmsöhbətlərinə deyirdi ki, nağıllarımızdan qəhrəmanlıqları öyrənmişdim, qəhrəmanları tanımışdım, nağıllarımızda xeyirxahlıqlar görmüşdüm, xeyirə sevgi, torpağa sevgi, şərə üsyan, böyüklərə ehtiram, ... görmüşdüm. Görmüşdüm ki, nağıllarımızda neçə-neçə elmi əsərin aşılaya bilmədiyi mənəvi dəyərlər var. Nağıllarımızı özünə ustad bilənlərdənəm...

 

NDU-nun magistratura səviyyəsini fərqlənmə diplomu ilə bitirmişdi. Magistratura səviyyəsində təhsil alarkən, Azərbaycanda siyasi repressiyaları öyrənirdi. Bu, dövlətçiliyə sevgininmi təzahürüydü, dövlətçilik mücahidlərinə vətəndaş sevgisiydimi, tarixi öyrənmə marağıydımı, həvəsiydimi, istəyiydimi, niyyətiydimi. Öyrənə-öyrənə, öyrəndiklərini ümumiləşdirə-ümumiləşdirə tariximizin tarixi utandırası bir mərhələsinin gizlinclərinin açılmasında etiraf edilən (və ediləcək!) xidmət göstərdi. Alim xidməti formatında vətəndaşlıq xidməti!..

 

Elbrus İsayev 1998-ci ildən 2001-ci ilə kimi Universitetin Gənclər Təşkilatının sədri, 2002-ci ildən 2008-ci ilə kimi Tələbə Həmkarlar Təşkilatının sədri olub. Bu vəzifələr Elbrus müəllimin özünün də, tələbələrin də dünyaduyumunun formalaşmasında, gənclərin Vətənə bağlılığına elmi, elmi-metodoloji zəmin hazırlanmasında əhəmiyyətli olmuşdu...

 

Azərbaycançılığın əsgəri olanlar həm də türkçülüyün əsgəri olur...

 

Elbrus müəllim Əmir Teymuru da sevib,  İldırım Bəyazidi də, Sultan Səlimi də sevib, Şah İsmayıl Xətaini də. Sevdiyi üçün o döyüşləri törədən səbəbləri də, döyüşləri də qınayıb, türk dünyasının göylərinə yadların arzuladığı qara buludlar gətirdiyinə görə qınayıb. Bu qınaqlar türk dünyasının yaxasına çökən qınaqlar kimi türk dünyasına sayğısı olanların hamısının qınaqları olub. Türk dünyasının mənəvi əsgərlərindən biri kimi o da təəssüflənib. Təəssüf nəyi (və nələri) dəyişə bilərdi ki...

 

Elbrus müəllim Mustafa Kamal Paşa Atatürkü də sevib, sevir, Heydər Əliyevi də. "Azərbaycanın sevinci bizim sevincimiz, kədəri isə kədərimizdir" kəlamı da, "Bir millət, iki dövlət" kəlamı da düşüncələrindədi. Elbrus müəllim Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi də sevir, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanı da. "Azərbaycan torpaqları illərdi həsrət qaldığı Tərtər çayının sularına qovuşmuşdur. Şuşanın dağlarının başındakı duman artıq dərdli deyil. Girov qalmış Xarıbülbül artıq azaddır və daha gözəl açacaqdır. Köndələnçay artıq daha coşqun axacaq. Araz nəğməsini daha güclü oxuyacaq. Qarabağ şikəstəsini oxuyan nəfəslər daha yüksək, daha güclü olacaqdır", "Dünya miqyasında Türkiyə və Azərbaycan qədər bir-birinə yaxın olan ikinci ölkə tapmaq mümkün deyil..." kəlmələri türk dünyasına sədaqət nümunəsi kimi hopub yaddaşına...

 

 

Cəmiyyətdə fəal mövqeyə malik olmaq asan deyil. Bunun üçün yüksək savad, güclü (və dönməz!) məntiq, inandırma bacarığı, hadisələrə fəal müdaxilə və faktlar arasında uyğunluqları müəyyənləşdirmə duyumu, ünsiyyətyaratma səmimiyyəti lazımdır. Xarakteri müəyyənləşdirən bu amillər Elbrus İsayevdə var.

 

Elmə maraq ifadəsi ilə elm fədaisi ifadəsi olmaq arasında bir insan ömrü qədər fərq var; fədailər elmin istiqamətini müəyyənləşdirir, elmə marağı olanlar elmin istiqamətinin yolçusu olur. Elbrus müəllim elm fədaisi idi. O, 2006-cı ildə dünyəvi iqtisadi müqavilələrin ən gərəklisini sevdiyi (və Yaradanın yer üzündə nəqşi bildiyi!)  Naxçıvanın iqtisadi inkişafına təsiri mövzusunda yazdığı "Böyük İpək Yolu və Naxçıvan" mövzusunda dissertasiya müdafiə edərək tarix üzrə fəlsəfə doktoru adı aldı. Bu elmi ümumiləşdirmə ilə dünya iqtisadçıları Naxçıvanı dünyanın iqtisadi siyasətinin obyekti kimi qəbul edəcəkdilər. Budur Vətənə xidmət! Budur mənəvi borcödəmə!

 

Tarix üzrə fəlsəfə doktoru Elbrus İsayev "Böyük İpək Yolu və Naxçıvan" (2012), "V - XV əsrlər beynəlxalq ticarət və Azərbaycan" (2012) kitablarının, 2 metodik vəsaitin, 50-dən çox tarixi-siyasi sənədli filmin müəllifidir. ABŞ-da, Cənubi Koreyada, Almaniyada, Gürcüstanda, Malayziyada, Türkiyədə, İranda beynəlxalq simpozium və konfranslarda iştirak edib.

 

Elbrus müəllim Naxçıvan Dövlət Universitetinin Azərbaycan tarixi kafedrasında müəllim ((2000-2008), Beynəlxalq münasibətlər və xarici dillər fakültəsinin "Beynəlxalq münasibətlər" kafedrasında baş müəllim (2008-2012),  Beynəlxalq münasibətlər və xarici dillər fakültəsinin "Beynəlxalq münasibətlər" kafedrasının dosenti (2012), İdarəetmə fakültəsinin dekanı (2014-2018), Naxçıvan Müəllimlər İnstitutunun rektoru (2018-2019) işləyib. 2019-cu ildən Naxçıvan Dövlət Universitetinin rektorudur...

 

Elbrus İsayev tədqiqat işlərində tarixi proseslərin analogiyalarını, obrazlı şəkildə desək, mənzərəsini yaratmaqla, beynəlxalq ticari-diplomatik əlaqələrin daha çox ictimai-siyasi, sosial-iqtisadi və mədəni inkişafı məqamlarını təhlilə cəlb edir və bu, elmi araşdırma baxımından bəyənilən, təqdir edilən elm sahələrindəndir. Elbrus müəllim nəşr etdirdiyi kitablarında tarixşünaslıqda aktual mövzulardan olan, müasir dövrdə mədəniyyətlərarası münasibətlərin inkişafında mühüm rol oynayan tarixi əlaqələri də böyük elmi məsuliyyətlə tədqiq etmişdir.  Beynəlxalq sosial-iqtisadi xüsusiyyətlərin tarixi dəyişkənliyini və inkişafı şərtlərini dəqiqləşdirmiş, müasir mədəni-tarixi əlaqələrdə qazanılan uğurların hansı zəminə əsaslandığını müəyyənləşdirməyə müvəffəq olmuşdur. Elmi yanaşmalarında tədqiqat obyektinə sistemli yanaşma, hadisələri sosial zaman kontekstində nəzərdən keçirmə, dövlətlərarası diplomatik əlaqələri daha geniş rakursda araşdırma kimi elmi üslub bəyəniləndir.

 

Elbrus müəllim ziyalıdır. Ziya ifadəsinin mahiyyətini istər elmi fəaliyyətində, istər rəhbərlik etdiyi elm məbədində əsl azərbaycançılıq məfkurəsi kimi yaşadır. O, həm  elmi-pedaqoji, həm də  ictimai fəaliyyəti ilə böyük ehtiramlarla əhatələnənlərin sırasındadır.

 

Yüzlərin, minlərin könül dünyasının səyyarəsi kimi Elbrus müəllim universitetin hər tələbəsini azərbaycançılığın əsgəri bilir və onların belə bir mənəvi zənginliyə vaqif olmaları üçün, bu mənəvi dəyərlərlə formalaşması üçün böyük tarixi şəxsiyyət Heydər Əliyevin siyasi irsinə dünyəvi dərslik deyir.  Tələbələr Vətəni, xalqı, dövləti, dövlətçiliyi bu səviyyədə sevən elm təşkilatçısının tövsiyələrini ən yadda qalan (və düşüncələrə yazılmalı!) mühazirə bilir.

 

Naxçıvan Dövlət Universiteti dünyanın etibar etdiyi ali təhsil ocaqlarından biridir. 55 yaşında olan universitetin 12 fakültəsində dünyanın 17 ölkəsindən və ölkəmizin müxtəlif rayonlarından gələn  8 min tələbə təhsil alır. 108 hektarlıq ərazisinə, binalarına və kampustipli olmasına görə Azərbaycanın digər ali təhsil ocaqlarından fərqlənir. Universitetdə yaradılan elmi mühit və təşkilatçılıq olduqca yüksək səviyyədədir. Bu elmi mühit, bu tədris mühiti təqdir olunmalıdır. Təhsil prosesi ən müasir üsullara əsaslandığından tələbələrin elmi bilikləri mənimsəmə mexanizmi dünyanın qabaqcıl universitetləri ilə müqayisə edilə bilər. Bu etimada, bu inama görədir ki, Naxçıvan Dövlət Universiteti dünyanın, bu sıradan Türkiyənin bir sıra universitetləri ilə etibarlı əlaqə saxlayır. Bu əlaqələr elektron kitabxanaların inteqrasiyasından, tələbə mübadiləsindən, elmi nailiyyətlərin qarşılıqlı paylaşılmasından, müxtəlif  ortaq sosial əlaqələrin tətbiqindən və s. ibarətdir. Elmin sərhədi yoxdur, yetər ki təşəbbüskarlıq olsun. Naxçıvan Dövlət Universiteti də bu istiqamətdə çox böyük strateji addımlar ata bilib. 

 

Elbrus İsayev də böyük tarixi şəxsiyyət Heydər Əliyevin ömür yolunu öyrənə-öyrənə azərbaycançılığın mahiyyətini öyrənib. Öyrəndiklərini rəhbərlik etdiyi universitetin tələbələrinin öyrənməsinin cəfakeşlərindəndir...

 

Elbrus İsayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ideoloji kursunu azərbaycançılığın ideoloji əsası bilənlərdəndir. Vətən müharibəsini xalqın müharibəsi adlandıran Elbrus müəllim deyir ki, Vətən müharibəsində Zəfər Azərbaycan Ordusunun qüdrəti, Ali Baş Komandanın sərkərdəlik məharəti və xalqın ruhu ilə qazanıldı...

 

Övladları həmişə qürurla deyəcək ki, ömrünü xalq üçün, dövlət üçün, dövlətçilik üçüb yaşayan bir alimin övladıyam!..

 

Naxçıvan Dövlət Universitetinin rektoru, tarix üzrə fəlsəfə doktoru, dosent Elbrus İsayev azərbaycançılığın cəfakeşlərindəndir və bu, onun yaşam fəlsəfəsidir. O, həm də bu fəlsəfəyə görə bunca sevilir.

 

Cahan "Ömrüm cahanın nəqşini yaşatma şamıdır..." kəlmələrini də and bilir...

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

İqtisadi tarazlıq nə zaman pozulur?

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Tarixi dostluq və mehriban qonşuluq

Parlament seçkiləri bu tarixdə keçiriləcək

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

Parlament seçkisi ilə bağlı daha bir ANONS

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

RAYS Azərbaycanda piratçılığa qarşı: Hamı ödəməli olacaq!

Xocalıda insan qalıqları AŞKAR EDİLİB

"Quru sərhədinin açılması ilə bağlı məqam hələ yetişməyib"

Elmira Süleymanova dəfn olundu

MDU-da ustad dərsləri

Qərbi Azərbaycan İcmasından ABŞ Dövlət Departamentinə CAVAB

Tanınmış bəstəkara həsr olunmuş KATALOQ