Milli Məclis “Siyasi Partiyalar haqqında” Qanunu müzakirəyə çıxarıb. Artıq Qanun layihəsi dərc olunur – olunmaz siyasi partiyalardan qanunla bağlı birmənalı olmayan çıxışlar müşahidə olunur.  Yeni Qanun layihəsi hansı müddəları ilə diqqət çəkir və nə dərəcədə effektivdir?

 

 

Versus.az xəbər verir ki, Azərbayacanda fəaliyyət gösətərən bəzi siyasi partiya rəhbərləri  qanunun müzakirəsi ilə bağlı qəbul etmədikləri məqamlarla yanaşı, ümumi olaraq qanunun zəruriliyini qeyd etdilər.

AMİP sədri Arzuxan Əlizadə açıqlamasında bildirib ki, 1992-ci ildə qəbul olunan qanuna 30 il müddətində 60-dan çox əlavə və dəyişikliklər edilib. Onun sözlərinə görə, buna baxmayaraq müasir dövrə uyğunlaşdırmaq üçün siyasi partiyalar haqqında qanunun yenilənməsinə ehtiyac var.

 

Partiya sədri dərc olunan qanun layihəsində qəbul etdikləri məqamların olduğunu qeyd etməklə, qəbul  etmədikləri müddəlara da diqqət çəkib. Onun fikrincə, bəzi məqamlar qanunu sərtləşdirib.

 

“Biz qanun layihəsində siyasi partiyaların qeydiyyata alınması ilə bağlı bir sıra məhdudiyyətlərin artmasını görürük. Təbii ki, bütün bunlar ictimai-siyasi müzakirələrdən keçəcək. Eləcə də istər partiyadaxili, istərsə də digər partiyalarla birgə müzakirələrin keçirilməsini nəzərdə tuturuq. İlkin olaraq qanunda olan çatışmazlıqlar və əlavə təkliflərimizi təqdim edəcəyik”.

 

A.Əlizadə partiyaların fəaliyyəti ilə bağlı təftişlərin nəzərdə tutulmasını yanlış hesab edib.

 

“Hesab edirik ki, qanun bu qədər məhdudlaşdırıcı xarakterli olmamalıdır. Əksinə, elə xarakterli olmalıdır ki, həm partiyanın fəaliyyəti üçün geniş imkanlar yaratsın, siyasi partiyalaşma instituna töhfə versin. Eyni zamanda biz illər ərzində 3-5 nəfərdən ibarət, faktiki olaraq siyasi fəaliyyəti olmayan partiyaları da müşahidə etmişik.  Bu cür partiyaların da qeydiyyatda qalması düz deyil. Bu da nəzərə alınmalıdır. Lakin Konstitusiya ilə verilmiş hüquqlar var və bunlardan biri də partiyalarda və digər birliklərdə birləşmək hüququdur. Bu hüquq heç bir halda məhdudlaşdırıla bilməz”.

Real Partiyasının sədri İlqar Məmmədov bildirib ki, qeydiyyata alınmaq üçün “10 min üzv” məsələsi yanlışdır. Bildirib ki, partiyanın 1000 nəfərdən ibarət qeydiyyatdan keçən üzvü varsa və seçkilərdə 50-100 min səs qazanırsa, bununla bağlı MSK-dan məlumat alsınlar. Buna görə ildə iki dəfə partiyalardan hesabat istəmək bürokratiyadır.

“Niyə siz bu partiyaların gücünü, fəaliyətini üzvlərinə bağlayırsız. Niyə qazandığı səslərə bağlamırsız? Partiyaların nüfuzu onların qeydiyyatdan keçmiş üzvləri ilə hesablanmır”. 

Partiya sədri hesab edir ki, əgər bir partiya 1 milyon yarım, milyon səs qazanırsa qeydiyyatdan keçmiş üzvlərin sayı 5 nəfər də ola bilər, 10 nəfər də.

“Sən ona görə siyasətlə məşğul olursan ki, ictimai xeyrə töhfə verəsən. Qanunun ruhu elə olmalıdır ki, seçkilərdə iştirak et, seçkiləri qazan. Qanun təşəbbüskarlarından biriyik. Yeni əlavələrə ehtiyac var. Biz yeniliyin tərəfdarıyıq”.

 

AKP sədri Rauf Qurbanov bildirib ki, Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra,  1992-ci ildə Milli Məclisdə  tələsik  “Siyasi partiyalar haqqında” qanun qəbul olundu və qısa bir müddət ərzində adı olub özü olmayan  xeyli partiya dövlət qeydiyyatından keçdi və “fəaliyyətə” başladı.  Bu da Azərbaycanda siyasi mədəniyyətin formalaşmasına və  siyasi partiyaların elektoratlarının yaranmasına ciddi zərbə vurdu.

“Siyasi partiyaların birinin digərindən fərqi onların ideoloji  baxışlarına görə olur. Məsələn, sağ, sol, liberal, mərkəzçi, millətçi və s. Əgər bir neçə partiya eyni  ideologiyaya və platformaya malikdirlərsə, onların  müxtəlif adlar altında fəaliyyət  göstəmələrinə nə ehtiyac var? Belə halların olması qüsurludur, cəmiyyəti parçalayır və milli birliyi zəiflədir. Ümüd edirəm ki, qəbul olunacaq yeni qanun lahiyəsində qeyd etdiyim məsələlər öz əksini tapacaqdır. Cəmiyyətdə siyasi partiyaların rolunun artması Respublikamızın daha da demokratikləşməsinə, siyasi mədəniyyətin və siyasi elektoratın formalaşmasına gətirib çıxaracaqdır. Bundan da yararlanan Azərbaycan vətəndaşları olacaqlar”.

ALDP sədri Fuad Əliyev bildirib ki, partiya olaraq qanun layihəsi ilə bğlı Milli Məclisin sədri Sahibə Qafarovaya məktub ünvanlayıblar.

“Məktubunda yeni qanun layihəsində hansı müddəların olmasının faydalı olduğunu bildirmişik. Təkliflərimizdə seçkidə iştirak etməyən partiyaların qeydiyyat işinə baxılması, qeydiyyatla bağlı 10 min imzanın toplanması və başqa məsələlər öz əksini tapıb. Həmçinin partiyaların maliyyələşməsinə də müəyyən dərəcədə yardım olmalıdır. Düşünürəm ki, siyasi partiyaların qeydiyyat məsələsi bir qədər çətinləşdirilməlidir. Amma elə maddələr var ki, razılaşmaq olmur. Misal üçün, iki seçkidə iştirak etməyən partiyaların qeydiyyatının ləğvi məsələsi, təmsilçilərinin sayının 200 nəfər olması. Bununla bağlı 28 sentyabrda  Milli Məclisdə keçiriləcək müzakirələrdə öz iradlarımızı bildirəcəyik”.

ANAP sədri Abutalıb Səmədov bildirib ki, “Siyasi Partiyalar Haqqında” yeni qanun layihəsi Azərbaycanda fəaliyyət göstərən siyasi partiyaların inkişafını təmin etməyə yönəlib. Onun sözlərinə görə, Azərbayacanadakı partiyalardan danışarkən normal fəaliyyət göstərən 2-3 partiyanın olduğu söylənib, yerdə qalanların böyük əksəriyyətinə isə “bir sədri, bir möhrü olan partiyalar” deyilib.

“Cəmiyyətdə böyük əksəriyyət düşünür ki, Azərbaycanda siyasi partiyalar yalnız adı olan, heç bir  potensialı olmayan partiyalardır. Təbii ki, bu hakimiyyəti, siyasi partiyaları da narahat etməlidir. Yeni layihə bu istiqamətdə atılan mühüm addım sayıla bilər. Azərbaycanda siyasi  partiyalar təmərgüzləşməlidir. İndiyə qədər mövcud olan qanunvericilik imkan verirdi ki, asanlıqla siyasi partiyalar yaradılsın və qeydiyyatdan keçdikdən sonra, yaxud qeydiyyatdan  keçmədən də fəaliyyət göstərsin və kimlərsə də özlərini partiya liderləri kimi təqdim eləsinlər. Bu da cəmiyyəti narahat edirdi. Siyasi partiyalar güclü olmalıdır. Potensiallı olmalıdır və onlar hakimiyyətə hazır olduqlarını cəmiyyətə sübut etməlidirlər. Cəmiyyət siyasi partiyalara inanmalı, rişğəndlə yanaşmamalıdır. Çox təəsüf ki, bu sayğını haqq edən siyasi liderlər də Azərbaycanda azdır”. 

A.Səmədov hesab edir ki, yeni qanun layihəsi fəaliyyətdə olan partiyalar üçün problemlər yarada bilər. Onun fikrincə, bu problemlərin öhdəsindən gələn partiyalar Azərbaycanda yaşamaq və fəaliyyət göstərmək imkanı əldə edəcəklər.

“Şübhə doğurmur ki, Qanun layihəsi ciddi müzakirələrdən sonra dəyişikliklərə uğrayacaq, qanunda daha düzgün müddəalar öz əksini tapacaq. Mütəxəssislər, siyasi partiya nümayəndələri əllərindən gələni etməlidir ki, bu, mükəmməl qanuna çevrilsin. Hələlik isə ən iddialı siyasi partiyalarda ortaya bir neçə nəfər çıxarda bilmirlər. Bu da hamını narahat etməlidir. Partiyalar güclənməli, böyüməli, bir neçə  ciddi partiya formalaşmalıdır. Bu qanunda buna xidmət edir”.

 

Tahirə Qafarlı