Ermənistan Moskvada keçirilməsi nəzərdə tutulan xarici işlər nazilərinin görüşündən imtina edib. Məğlub dövlətin hazırki mərhələdə danışıqlardan imtina etməsi birmənalı qarşılanmır. Bir qədər əvvəl sərsəm təkliflərlə Brüssel görüşünü dağıdan ermənilərin sülh danışıqlarını pozan davranışı nəyə yönəlikdir?

 

Versus.az xəbər verir ki, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti, politoloq Mətin Məmmədli açıqlamasında bildirib ki, ermənilərin Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Moskvada keçirilməsi nəzərdə tutulan görüşündən imtinası yeni məsələ deyil.

 

Onun sözlərinə görə, bundan əvvəl də Brüssel görüşü Ermənistanın sərgilədiyi yanlış mövqeyi, yersiz şərtləri səbəbindən alınmamışdı:

 

“Bu ilin əvvəlində Praqa görüşündə qəbul olunan bəyanatı, sülh müqaviləsinin baza prinsiplərinin razılaşdırılması əsasında hər iki ölkənin ərazi bütövlüyünə əsaslanıb sülh müqaviləsi bağlanmalıydı. Amma açıq görünür ki, Ermənistan hakimiyyəti hələ də Azərbaycanla sülhə hazır deyil. Ermənistan həm Praqa görüşündə qəbul olunan bəyanat və Rusiya və Avropa İttifaqının vasitəçiliyi ilə keçirilən görüşlərdə əldə olunmuş razılaşmaları pozaraq, razılaşmalardan imtina edərək hələ də sülh prosesini yubatmaqla məşğuldur”.

 

M.Məmmədli hesab edir ki, bu təsadüfi hal deyil:

 

“Ermənistan hakimiyyəti, dövləti aydın dərk edir ki, sülh prosesi ilə bağlı aydın diplomatik gündəlik müəyyənləşib. Yaxşı dərk edir ki, bu diplomatik gündəlik çərçivəsində danışıqlar aparılmalı və razılaşmalar əldə olunmalıdır.  Bu da ondan ibarətdir ki, Azərbaycanla Ermənistan arasında ilin sonuna qədər sülh anlaşması, ən azı çərçivə sənədi imzalanmalıdır".

 

M.Məmmədli hesab edir ki, Emənistanın bu mövqeyi vəziyyəti gərginləşdirir və praqnozalaşdırılmayan addımların atılmasına səbəb ola bilər. Ancaq  bunun da məsuliyyətini Ermənistan hökuməti, dövləti daşıyır. Politoloq onu da qeyd edib ki, bu vəziyyətdən daha çox Ermənistan zərər görə bilər:

 

“Ermənistan bir daha düşünüb-daşınıb  rasional qərarlar qəbul etməlidir. Ermənistan sülh proresinin irəliləməsi üçün addımlar atsa, özü üçün də yaxşı olar”.

 

T.Qafarlı
Versus.az