Ailəsinə dağa getmək adıyla evdən çıxdı. 2 gün sonra müharibəyə getdiyindən xəbər tutdular...

11:14 26-12-2022 | icon 1847 | Şəhidlər və şahidlər
Ailəsinə dağa getmək adıyla evdən çıxdı. 2 gün sonra müharibəyə getdiyindən xəbər tutdular...

Aysel Quliyeva: “Onu hər zaman yanımda hiss edirəm”

 

Azərbaycan ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi Kənan Vaqif oğlu Quliyevin (11 sentyabr 1992-ci il Naxçıvan Muxtar Respublikasınn Culfa şəhəri – 22 oktyabr 2022-ci il Qubadlı rayonu) həyat yoldaşı Aysel Quliyeva ilə müsahibə.

 

44 gün kimi qısa bir müddət ərzində əzmlə başlayıb Möhtəşəm Zəfərimizlə bitməsinə baxmayaraq 30 il kimi uzun bir müddətdə həsrətində qaldığımız Qarabağımızı bizə qaytaran, qürurumuzu, fəxrimizi bərpa edən, ulularımızın ruhlarının şad olmasına vəsilə olan Vətən müharibəsindən 2 il keçsə belə o günlər, o acılı-şirinli xatirələr hələ də öz təzəliyini, təravətini qoruyub saxlayır və əmin ola bilərik ki, xalqımızın bu qəhrəmanlıq səlnaməsi aradan neçə-neçə yüzilliklər keçsə də, öz təravətini həmişə saxlayacaqdır.

 

Bu 2 il 5 il kimi, 10 il kimi, 100 il kimi uzun müddət deyil, amma bu müddət ərzində illərlə bərabər hər şey dəyişib. Yuxularımızda belə görməyə həsrət qaldığımız Qarabağımız yuxuda deyil, igid Ali Baş Komandanımızın rəhbərliyi, uzaqgörən siyasəti, qəhrəman Azərbaycan övladlarının vətənsevərliyi sayəsində gerçəkdə özümüzə qayıdıb, Şuşamız dirçəlib, bütün dünya, eləcə də quyumuzu qazmağa çalışan erməni havadarları olan Qərb dövlətləri də bizim reallığımızla barışmağa məcbur olublar. Halbuki 2 il bundan əvvəl əcnəbi dövlətlərdə vətəndaşlarımız erməni mənfurları tərəfindən təhqir edilir, xaricdəki soydaşlarımızın evlərinə, ölkəmizin nümayəndəliklərinə hücumlar olunurdu. İndi isə bütün dünya bizə olan təəccüblərindən və tunc heykələ bənzər heyrət doğuracaq məğrur görkəmimizdən diksinərək, bizim beynəlxalq qanunlara əsaslanaraq qoyduğumuz tələblərə tabe olmağa məcbur olmuşdur. Halbuki 2 il bundan əvvəl, daha dəqiq desək, 2020-ci il sentyabrın 27-nə qədər, eləcə də son yaxın tariximizdə keçən bu 30 il ərzində hər şey başqa cür idi, belə deyildi. Buna səbəb olan bir amil varsa, o da 44 günlük şanlı Vətən müharibəsi, müharibədə Şəhidlərimizin və Qazilərimizin qanı, canı, Azərbaycan oğullarının qəhrəmanlığı bahasına qazanılan parlaq qələbəmizdir. Təbii ki, o vaxtdan elə də uzun müddət keçməyib deyə bu qəhrəmanlıq səlnaməsinin hər anı sanki indi gözümüzün önündə baş verir kimi yadımızdadır. Ancaq yox, buna səbəb qısa müddət ya da uzun müddət deyil. Bu müharibədən və qazandığımız şanlı Zəfərimizdən neçə-neçə yüz illər keçirsə, keçsin, biz o 44 günü və o 44 gündə düşmən tapdağından azad etdiyimiz ana vətən torpaqlarını, qəlbimizdə daim yaşatdığımız 2908 qəhrəmanımızı, eləcə də canlarından bir parçanı Vətən yolunda qurban etmiş Qazilərimizi, rəşadətli ordumuzun qüdrətli oğullarını bir an olsun, unuda bilmərik. Onlar öz qəhrəmanlıqları ilə 200 illik bir tarixdə bizim köksümüzə əyilmiş başımızı uca ediblərsə, bizim də boynumuzun bir borcu var, o da bu qanlı, qanlı olduğu qədər də şanlı döyüşləri yaddaşımızın tən ortasına Qobustan qayalarındakı yazılartək qazımaq, tariximizə həkk etməkdir.

 

Təkcə bumu? Yox! Şəhidlərimizi, Qazilərimizi, müharibə iştirakçılarımızı heç bir zaman unutmamaq və onlara olan borcumuzu yerinə yetirməyə canla, başla, ürəklə, vicdanla həyatımızın sonuna qədər çalışmaq. Biz bilirik ki, üstündə gəzdiyimiz bu müqəddəs vətən torpağı haqq, ədalət və vətən sevgisi üçün zaman-zaman neçə-neçə saysız-hesabsız igidlərimizin, ərənlərimizin, cəngavərlərimizin, qəhrəmanlarımızın və sərkərdələrimizin qanı ilə sulanmışdır. Bunu öyrənmədən, bilmədən, yada salmadan, yaddaşımıza həkk etməklə gələcək nəsillərə bu əvəzsiz mirası aşılamadan bu müqəddəs torpaq üzərində rahat gəzmək bizə haram olmalıdır.

 

Vətən torpağının üstündə gəzməyimiz üçün vətən torpağının köksünə onun uğrunda sevə-sevə əbədi köçən 2908 Qəhrəmanımızdan biri də qədim Naxçıvanımızın igid oğlu – ŞƏHİD KƏNAN QULİYEVdir.

 

 

Şəhid Kənan Vaqif oğlu Quliyev 11 sentyabr 1992-ci ildə Naxçıvan Muxtar Respublikasının Culfa şəhərində anadan olmuşdur. O, 1998-ci ildə Culfa şəhəri, Məhərrəm Əsgəroğlu adına 2 nömrəli tam orta məktəbin 1-ci sinfinə daxil olmuş, 2009-cu ildə həmin məktəbi bitirmişdir. Sonra o, 2010-cu ilin oktyabr ayında Azərbaycan Silahlı Qüvvələrində həqiqi hərbi xidmətə çağırılmaqla hərbi xidmətə başlamış və 2012-ci ilin aprel ayında hərbi xidmətini başa vurmaqla ordudan tərxis edilmişdir. O, Silahlı Qüvvələrdə xidmət etmək arzusunu gerçəkləşdirmiş, 4 oktyabr 2019-cu ildə Xüsusi Təyinatlı Qüvvələrin kursunu uğurla başa vuraraq orada müddətdən artıq hərbi xidmətə başlamışdır.

 

 

2020-ci ilin 27 sentyabr - 10 noyabr tarixlərində, cəmi 44 gün davam edən şanlı Vətən müharibəmizə Naxçıvandan qatılan qəhrəmanımız Kənan Quliyev Füzuli, Xocavənd və Qubadlı uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla vuruşaraq döyüşlərdə fərqlənmişdir. O, xüsusi təyinatlı əsgər kimi düşmənin qorxulu yuxusuna çevrilmişdir. Tək istəyi döyüşlərdə doğmalaşaraq qardaşlaşdığı Şəhid olmuş döyüş yoldaşlarının qisasını alıb Qarabağı azad etmək olan Kənan Quliyevin özü də 22 oktyabr 2020-ci ildə qəhrəmancasına Şəhidlik Zirvəsinə yüksəlmişdir. O, doğulduğu Culfa şəhərində dəfn olunmuşdur.

 

 

Şəhid Kənan Quliyev ölümündən sonra Azərbaycan Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamlarına əsasən “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur. Qəhrəmanımızdan bizə canımız qədər əziz olan ailəsi, qəhrəmanlığı və azad etdiyi Qarabağı miras qalmışdır. Onun özü və qoyub getdiyi mirasları bizə göz bəbəyimiz qədər əziz olduğundan bizim hər birimiz bu əmanətləri elə göz bəbəyimiz kimi də qorumalıyıq, qoruyacağıq və qorumağa borcluyuq.

 

Şəhidimizin həyat və döyüş yolundan sonra sizə qəhrəmanımızın xanımı, onun qısa ömründə həyatının yoldaşı olmuş Aysel xanım Quliyeva ilə olan müsahibəni təqdim etmək istəyirəm.

 

- Salam. Xahiş edirəm, əvvəlcə, özünüzü təqdim edəsiniz.

 

- Salam. Mən, Quliyeva Aysel Həsən qızı, qəhrəmanlığı, cəsurluğu ilə tarix yazan Xüsusi Təyinatlı Qüvvələrin MAHHXE qulluqçusu şəhid Quliyev Kənan Vaqif oğlunun həyat yoldaşıyam.

 

- Şəhidimiz Kənan Quliyevlə ilk tanışlığınız və onunla ailə həyatı qurmaq qərarına gəlməyiniz barədə nə deyə bilərsiniz?

 

- Kənanla ilk dəfə 2015-ci ilin aprel ayının 24-də tanış olmuşuq. Kənan sürücü kimi fəaliyyət göstərirdi. Həmin illərdə mən tələbə idim. Kənan sanki Allahın mənə verdiyi bir nemət idi. Kənan o qədər böyük ürəyə sahib biri idi ki, cənnəti bu dünyada qazanan insanlar sırasında onun adını çəkə bilərəm. Kənanın heç bir xoşagəlməz xasiyyəti, xarakteri yox idi. Sanki mənim nazımı çəkmək üçün Allah onu mənim bəxtimə yazmışdı. Həmişə Kənan mənə deyirdi ki, mən sənin nazını çəkməkdən, qulluqda durmaqdan heç vaxt bezmərəm, təki Uca Allahım ölüm, ayrılıq bəxş etməsin. Və dediyi kimi də oldu, onu məndən ölüm ayırdı. Bizim sadəcə cismimiz ayrılıb, mən onu hər zaman yanımda hiss edirəm.

 

- Şəhidimizin ailədə, tanışları və dostları arasında xarakteri, xasiyyəti, davranışları, səmimiyyəti, münasibəti barəsində nə deyə bilərsiniz?

 

- Kənan səmimi, mehriban, xoşxasiyyət, bir nəfərin qəlbinə dəyməyən, dost canlı, ailəcanlı, vətənsevər, sülhsevər, qayğıkeş biri idi. Bunu bütün səmimiyyətimlə deyə bilərəm ki, mənə bu ömür yenidən verilsəydi və ailə həyatımın cəmi 1 il 6 ay müddətdə olacağını bilsəydim, mən yenə Kənanı sevər, yenə də onu böyük məmnuniyyətlə seçərdim. Kənan dostlar, qohumlar, tanış-biliş arasında mehribanlığı, səmimi münasibəti, mədəni davranışı ilə seçilən biri idi. Yerində zarafat etməyi sevən, deyib-gülən, şən biri idi. O həm də qorxmaz, mərd, vətənsevər, hər an düşməndən qisas almaq arzusu ilə yaşayan biri idi. Onun qorxmaz, mərd biri olduğu döyüşə könüllü getməyindən də bəlli idi. Onu da qeyd edim ki, bu dünyada mükəmməl insan olmaq hər şəxsə nəsib, qismət olmur. Məhz sadaladığım xüsusiyyətlərinə görə də Kənan şəhidlik məqamına, zirvəsinə ucaldı. Mənim fikrimcə, Kənan kimi oğul bir daha bu dünyaya gəlməz. Kənan Vətən qoxuyurdu, namus, qeyrət qoxuyurdu, igidlik, qəhrəmanlıq, cəsurluq, kişilik, haqq-ədalət və şəhidlik qoxuyurdu. Şükür ki, Kənan kimi qeyrətli Vətən oğlunun xanımıyam. Mən bununla fəxr edir, qürur duyuram.

 

- Şəhidimiz hərbi xidməti dövründə təlimlərdə tez-tez olurdumu, təlim zamanı sizinlə əlaqə saxlayırdımı, bununla əlaqədar nələri deyə bilərsiniz?

 

- Bəli, Kənan hərbi təlimlərdə tez-tez olurdu. Aylarla çəkən təlimlərdə iştirak edirdi. Kənan Vətənini ailəsindən, həyat yoldaşından üstün tutdu və Vətən müharibəsində döyüşə gedərkən də son sözü bu oldu ki, qardaşlarım müqəddəs döyüşdədir, dardadır, mən onların yanında olmalıyam... Heç vaxt işindən, getdiyi, keçdiyi təlimlərdən evdə söhbət açmazdı. Bəzən hərbi xidmət zamanı keçdiyi təlimlərdə qazandığı uğurlardan, nailiyyətlərdən ümumi söhbət açardı, hərbi sirr haqqında kəlmə belə kəsməzdi. Kənan cəldliyi və çevik hərəkətləri ilə başqalarından seçilirdi. Buna görə də idmana marağı çox idi. Həmişə qaçışlarda fəxri fərmanlar alaraq birincilik qazanırdı. Kənan sanki şəhidlik üçün doğulmuş, şəhidlik üçün yetişmişdi. Çünki çox əməlisaleh, təmiz qəlbə, təmiz ürəyə sahib biri idi.

 

- Vətən müharibəsi zamanı Kənanla sonuncu dəfə nə zaman və hansı formada əlaqə saxlamısınız, həmin vaxt şəhidimiz hansı mövzuda söhbət etdi?

 

- Kənan Vətən müharibəsinə gedən zaman evdən dağa gedirəm deyə çıxdı. Mən və ailəsi iki gün sonra xəbər tutduq ki, Kənan artıq Qarabağdadır. Kənan Füzuli, Xocavənd, Qubadlı uğrunda gedən döyüşlərdə qəhrəmancasına iştirak edib. Biz Kənanla sonuncu dəfə danışanda o, mənə dedi ki, müharibədir, hər şey ola bilər, mətin dayan, nə olursa, olsun, qəti ağlama, qardaşlarım vətən savaşındadır, sözsüz ki, belə müqəddəs anlarda mən onların yanında olmalıyam. İnşəAllah, qalib əsgər kimi qayıdacağam... Amma Kənan sözünü tutmadı. O, dediyi kimi qayıtmadı. Çünki vətəni qarşısında verdiyi sözü həmişə bizə verdiyi sözdən üstün tutmuşdu. İndi də belə etmişdi. Mən isə indi də elə bilirəm ki, Kənan mənə dediyi kimi dağa gedib, o, qayıdacaq, biz yenə bütöv, tam ailə olacağıq. Əslində isə o, minilliklərin qarının, çovğununun, boranının təsir edə bilməyəcəyi, sarsıda bilməyəcəyi möhtəşəm, qürurlu, sarsılmaz, hər daşı, qayası alınmaz səngər olan möhtəşəm bir dağa çevrilib.

 

- Şəhidimizin şəhadətindən əvvəl gələcəklə bağlı nə planları var idi?

 

- Kənan ailəcanlı biri idi. Onun gələcəklə bağlı çox gözəl planları var idi. Düzünü desəm, biz o planları birlikdə həyata keçirəcəkdik. Birlikdə qurduğumuz xəyallarımız, arzularımız çox idi. Azərbaycanımız bütöv olsun deyə bizim ailəmiz, birlikdə qurduğumuz planlarımız, arzularımız yarım qaldı. Kənanın ən böyük arzusu maşın almaq idi. Həmişə deyirdi ki, inşəAllah, bir gün mavi rəngdə maşınım olacaq. Şəhadətindən sonra Kənan yuxuma gəldi və o, eyni ilə arzuladığı rəngdə və markada olan maşını sürürdü. O, mənə dedi ki, cənnətdə istədiyim maşını aldım. Bax sürürəm, həmin maşınla bura gəldim. Kənan çox az, qısa bir müddət atalıq hissini daddı, yaşadı. Cəmi 1 həftə ömür sürən oğlumuz atasından bir il öncə dünyasını dəyişdi. Və həmişə biz arzu edirdik ki, sağlam, vətəni, xalqı, milləti, cəmiyyəti üçün xeyirli övladlarımız olsun. Kənan uşaqları çox sevərdi, onlara xüsusi diqqət, qayğı göstərərdi. Bu xarakterinə görə mən əmin idim ki, Kənan hamıya nümunə olacaq bir ata olacaqdı. Onunla birlikdə planını qurduğumuz digər arzularımızla birlikdə bu arzumuz da ürəyimizdə qaldı.

 

- Kənan Quliyevin şəhid olması xəbərini nə zaman, harada və kimdən eşitdiniz?

 

- Kənana həmişə deyirdim ki, birdən müharibəyə gedərsən, mənə deməzsən, xəbərim olmaz. Mən sənsiz nə edərəm? Həmişə dərhal söz arasına söz qatırdı və bu mövzuda olan suallarım cavabsız qalırdı. Kənan 2020-ci ilin oktyabr ayının 22-də şəhadətə ucalıb və biz bu barədə iki gün sonra xəbər tutduq. Həmin vaxt evdə qaynanam, qaynatam və mən var idim. Onun barəsində xəbəri üçümüz bir yerdə, bir vaxtda aldıq və bizə Kənanın yaralı olduğunu dedilər. Mən isə buna inanmaq istəyirdim, amma dəqiqələr keçdikcə gördüm ki, Kənanım artıq bir də məni çağırmayacaq. Mən onun məni mehribanlıqla, səmimiyyətlə çağıran məlhəm səsini əbədiyyən itirdim. Onun cənnət qoxuyan nəfəsinin ətrini əbədiyyən itirdim.

 

- Müqəddəs, haqq, azadlıq müharibəsində Müzəffər ordumuz mənfur düşmən üzərində qələbə çaldı. Vətən müharibəsində Qələbənin qazanılmasından, Kənanın şəhid olduğu yerlərin azad olmasından sonra siz hansı hissləri keçirdiniz?

 

- Bəli, Allahıma şükürlər olsun ki, Ali Baş Komandanımızın rəhbərliyi altında Müzəffər, rəşadətli, qəhrəman ordumuz mənfur düşmən üzərində qələbə çaldı, düşmənlərimizi məhv etdi, onlara layiq olduqları yeri göstərdi. Kənanım da daxil olmaqla bütün şəhidlərimizin qanı yerdə qalmadı. Hər bir azərbaycanlı kimi mən də bu zəfərə sevindim. Bir gözümdən yaş, bir gözümdən qan axsa da Kənan kimi vətən oğullarının, qəhrəman qazilərimizin hesabına əldə etdiyimiz bu qələbə sevincini elliklə, hamılıqla birlikdə mən də yaşadım. Və həmin qələbə günü mən Kənanımı yuxuda gördüm. O, mənə dedi ki, Şuşanı azad etdik, biz qalibik və indi hamı məni görməyə gələcək. Bu yuxunu gördüyümdən heç beş dəqiqə keçmədi ki, biz şəhidlər uyuyan məzarlığa getdik. Bütün Azərbaycan xalqı kimi Culfa əhalisi də şəhidlərimiz uyuyan məzarlıqda idi. Orada böyük bir izdiham var idi. İnsan axını dənizin təlatümə gəlməsinə bənzəyirdi. Hamı şəhidlərimizin, o cümlədən Kənanımın xatirəsini anmağa, onlara ruhunuz şad olsun, qisasınız alındı, vətən torpağı düşmən tapdağından azad edildi, mənfur düşmən məğlub oldu, cənnətinizdə rahat uyuyun deməyə gəlmişdi. Onda o qədər qürurlandım ki... Elə bildim, yarımçıq qalan arzularımızı Kənanımla birliklə həyata keçiririk. Hamımız bilirik ki, Uca Allah dərgahında və qəlblərimizdə Şəhidlər ölmür, onlar yalnız məkanını və dünyasını cismən dəyişir, onlar ruhən hər şeyi görürlər. Mən özüm Kənanımın şəhadətindən sonra buna dəfələrlə şahid olmuşam. Təsəlli yerimiz onların şəhadəti, ordumuzun qalibiyyətidir.

 

- Yenidən Şəhidimizi görmək imkanınız olsaydı, ona nə deyərdiniz, yaxud da ona hansı sualı verərdiniz?

 

- Yenidən Kənanımı görmək imkanım olsaydı, mən ona deyərdim ki, mənim dünyam səninlə aydınlanıb, sən gedəndən gündüzlərim də gecə olub. Ona deyərdim ki, sənsiz verdiyim ağır imtahanlardan, sınaqlardan alnıaçıq keçmək nəsibim olsun ki, sənin cənnətinə yaraşım. Bir də deyərdim ki, biləsən ki, səni canımdan çox sevirdim, sevirəm və əbədiyyən belə olacaq. Kənanımı yenidən görməyi düşünəndə belə dünyam aydınlanır, qaranlıq dünyama nur saçılır və duam odur ki, biz bu fani dünyada bütöv ailə ola bilmədik. Heç olmazsa, uca Allahım bizi haqq dünyasında tam bir ailə etsin. Kənanım, Yusifim və mən tam ailə olaq, orada birləşək. İnşəAllah, indi yalnız bu arzu, bu istək, bu planlarımla yaşayıram. Ya qismət. Amin.

 

- Son olaraq şəhid ailələrinə, şəhid xanımlarına nə demək istərdiniz?

 

- Son olaraq mən bir şəhid xanımı, bir vətən qəhrəmanının, vətən fədaisinin xanımı olaraq onu deyə bilərəm ki, biz hamımız bir ailəyik. Necə ki həyat yoldaşlarımız, yarlarımız, oğullarımız, qardaşlarımız Allah tərəfindən sevilərək şəhadət üçün seçiliblərsə, eləcə də bizlər Allah tərəfindən seçilmiş güclü, cəsur qadınlar, xanımlar, atalarıq, analar, övladlarıq... Ona görə də hər zaman hər birimiz başı dik, alnıaçıq, şux yeriməliyik. Bilməliyik ki, bu uca məqam hər insana nəsib olmur. İnşəAllah, şəhidlərimiz ən ali məqama, İmam Hüseyn şəhadətinə ucalıblar, bu şəhidlik məqamına nail olublar. Bizlərə isə xanım Zeynəbin səbrindən, inşəAllah, Allahım nəsib edər. Allah hamımıza yar və yardımçı olsun ki, şəhidlərimizi hər yerdə, hər anda, hər məqamda tanıda bilək. Şəhidlər vurulanda yox, unudulanda ölürlər. Biz Şəhidlərimizin unudulmasına yol verməməliyik və yol verməyəcəyik. Təmənna edirəm ki, uca Allahım bunun üçün zəruri olan hər şeyi bizə versin. İnşəAllah. Amin!

 

 

Aysel xanım, müsahibəyə görə sizə dərin minnətdarlığımı bildirirəm. Qəhrəman həyat yoldaşınız olan şəhidimiz Kənan Quliyevə, sizə və sizin ailənizə nə qədər təşəkkür etsək, azdır. Sizlərə minnətdar olmaq ömür boyu bizim və gələcək nəsillərin borcudur. Təbii ki, təşəkkür etməklə, minnətdar olmaqla bu borcu ödəmək o qədər çətindir ki, bu borc bir dəryadırsa, təşəkkür etmək, minnətdar olmaq o dəryanın zərrəsi də deyil. Biz o 27 sentyabr günündən - hamımızın qəlbimizə, fikrimizə həkk olunan o anım günündən sonra sizə ömür boyu elə borclu olduq ki, bu borc ancaq bir can fəda etməklə ödənilə bilər. Siz öz analıq sevincinizi doyunca yaşaya bilmədiniz, lakin sizin haqqınız bu xalqın gözündə ana haqqı qədər böyük və ödənilməzdir. Hesab edirəm ki, necə ki dünya durduqca Azərbaycan yaşayacaqdır, Azərbaycan yaşadıqca sizlər də, sizin kimi qəhrəman həyat yoldaşları da yaşayacaqsınız. Sizləri unutsaq, Vətəni unudarıq. Çünki siz - Şəhidlər və Şəhid ailələri, Qazilər və Qazi ailələri özünüz özlüyünüzdə bir Vətənsiniz və uğrunda öz həyatınızdan keçdiyiniz bu Vətən qədər əziz və doğmasınız. Elə də olacaqsınız.

Allah bütün Şəhidlərimizə rəhmət eləsin, Qazilərimizə şəfa versin, müqəddəs vətənimizi və şanlı ordumuzu, millətimizi, qəhrəman xalqımızı qorusun! Amin! Həqiqətən də Şəhidlər ölməz, Vətən bölünməz!

 

 

 

 

 

SEVİNDİK NƏSİBOĞLU
/
9-cu sinif şagirdi, şair-publisist, AJB üzvü/

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

İqtisadi tarazlıq nə zaman pozulur?

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Tarixi dostluq və mehriban qonşuluq

Parlament seçkiləri bu tarixdə keçiriləcək

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

Parlament seçkisi ilə bağlı daha bir ANONS

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

RAYS Azərbaycanda piratçılığa qarşı: Hamı ödəməli olacaq!

Xocalıda insan qalıqları AŞKAR EDİLİB

"Quru sərhədinin açılması ilə bağlı məqam hələ yetişməyib"

Elmira Süleymanova dəfn olundu

MDU-da ustad dərsləri

Qərbi Azərbaycan İcmasından ABŞ Dövlət Departamentinə CAVAB

Tanınmış bəstəkara həsr olunmuş KATALOQ