Həyata keçiriləcək layihələrdə Küveytin də iştirakı gözlənilir
Mohamed Abdullah Almauidi: “Bütün dünyada sülhə, barışa, sabitliyə, inkişafa öz töhfəmizi verməyə çalışırıq”
Küveytin milli günü ərəfəsində bu ölkənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mohamed Abdullah Almauidi ilə görüşüb, müsahibə aldıq.
- Cənab səfir, ilk sualım bu olacaq ki, niyə ölkələrimiz arasında iqtisadi-ticarət əlaqələri zəifdir, hər iki ölkə neft ölkəsidir, bu baxımdan alıb-satmağa heç nəyimiz yoxdur? Mən 2021-ci ilin statistikasına baxdım, illik ticarətin həcmi cəmi 370 min dollar göstərilib.Onun da 290 min dolları Azərbaycandan ixrac, 80 min dolları isə Küveytdən idxal. Lütfən bu məsələyə şərh verərdiniz.
- Azərbaycan və Küveyt arasında münasibətlər çox yüksək səviyyədədir. Azərbaycan Küveyt üçün mühüm bir ölkədir. Lakin ötən illərdə iki ölkə arasında xüsusilə iqtisadi sahədə yüksək göstəricilər əldə olunmayıb. Statistikaya nəzər salsaq, bu son üç ili əhatə edir. Pandemiya səbəbindən bir sıra lahiyələrimiz, iqtisadi ticari sahədə həyata keçirəcəyimiz işlər təxirə salındı. Sizə də məlumdur ki, Azərbaycan və Küveyt arasında Hökumətlərarası Birgə Komissiya fəaliyyət göstərir və bu Komissiyaya siyasi, iqtisadi əlaqələr, eləcə də, investisiya, energetika, elm, təhsil, mədəniyyət,turizm və s. sahələri təmsil edən qurumlar daxildir. İndiyə qədər Komissiyanın iki iclası keçirilib. Bu il ərzində isə Hökumətlərarası Birgə Komissiyanın üçüncü iclasının keçirilməsi gözlənilir. Daha doğrusu, iclasın 2021-ci ildə çağırılması nəzərdə tutulsa da, pandemiya səbəbindən təxirə salındı. Küveyt dövləti olaraq, biz Azərbaycanla ikitərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsində, xüsusilə iqtisadi sahədə əlaqələrimizin ən yüksək səviyyəyə çatdırılmasında maraqlıyıq və ümid edirəm ki, qarşımıza qoyduğumuz məqsədə nail olacağıq.
- İqtisadi ticarət sahəsində aşağı göstəriciləri yüksəltmək üçün indiki post-pandemiya dövründə, yenicə start götürən 2023-cü ildə hansı böyük iqtisadi layihələrin icrası gözlənilir?
- Təbii ki, pandemiya ilə bağlı olaraq, yuxarıda da qeyd etdiyim kimi, Küveyt və Azərbaycan arasındakı iqtisadi ticari əlaqələr bir neçə ildir, iki ölkənin potensialına cavab vermir. Bir müddət öncə İqtisadiyyat naziri Mikayıl Cabbarovla görüşümüz oldu. Həmin görüşdə Küveyt tərəfindən bir sıra layihələrin həyata keçirilməsində maraqlı olduğumuzu diqqətə çatdırdıq. Eyni zamanda, sözügedən layihələrlə bağlı məlumat almaq istədik . Məqsədimz məlumatları Küveytdəki müvafiq qurumlara, özəl sektora yönləndirmək və əlaqə qurulmasından ibarətdir. Təbii ki, layihələr onlarda fikir formalaşdıracaq, hansılar daha cəlbedicidir, iki ölkə üçün əhmiyyət kəsb edir və s. Hökumətlərarası Birgə Komissiyanın üçüncü iclası keçirildikdən sonra bu görüşlər daha da intensiv olacaq. Bilirsiniz ki, Komissiya iki ölkənin Xarici İşlər nazirliklərinin rəhbərliyində fəaliyyət göstərir və növbəti iclasın Küveytdə keçirilməsi planlaşdırılır. Pandemiya dövründə komissiyaya daxil olan ayrı-ayrı qurumlar onlayn görüşlər keçirib, müzakirələr aparıblar, bunu həm də hazırlıq görüşləri saymaq olar. Ümid edirəm ki, üçüncü iclasdan sonra iki ölkə arasında iqtisadi ticari əlaqələr yüksələn xəttlə davam edəcək. Pandemiya dövründə mövcud olan bütün problemlərin aradan qalxması gözlənilir.
Onu da nəzərinizə çatdırım ki, Azərbaycanda səfir kimi fəaliyyətə başlayarkən ölkə rəsmiləri ilə görüşlər keçirmək üçün bir proqram hazırladım. Etimadnaməmi cənab prezident İlham Əliyevə təqdim etdikdən sonra Xarici İşlər Nazirliyində və digər qurumlarda da oldum. Keçirdiyimiz görüşlərdə, danışıq və müzakirələrdə iki ölkə arasında bütün sahələrdə əlaqələrin ən yüksək səviyyəyə çatdırılması iki tərəfin də istəyidir. Bundan sonra da müxtəlif sahələrdə əməkdaşlıq üçün mütamadi görüşlərimiz və sıx təmaslarımızı davam etdirəcəyik. Ən böyük istəyimiz qarşıya qoyduğumuz hədəflərə çatmaqdır. Məlumdur ki, siyasi münasibətlərimiz yüksək səviyyədədir. İki ölkə arasında bir koordinasiya mövcuddur. Bu beynəlxalq təşkilatlar çərçivəsində də özünü açıq şəkildə göstərir. Dövlətlərimz arasında beynəlxalq təşkilatlarda bir-birimizin namizədlərini dəstəkləmək üçün razılıq əldə olunub . Bu da uğurla həyata keçirilir.
Hər iki dövlətin İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, OPEC+ çərçivəsində də uğurlu əməkdaşlığı var. Səfir kimi Azərbaycanda fəaliyyət göstərdiyim müddətdə ikitərəfli əlaqələrin daha da inkişaf etdirilməsi üçün səylərimi əsirgəməyəcəm.
- Cənab səfir, Küveyt Azərbaycana müstəqilliyin ilk günündən bütün sahələrdə davamlı dəstək verib. Biz Küveyt dövlətinin uzun müddət azərbaycanlı qaçqın və məcburi köçkünləri himayə etdiyini bilirik və heç vaxt unutmayacağıq. Yeri gəlmişkən, hazırda Küveyt Azərbaycanda hansısa humanitar layihələr həyata keçirirmi?
- Bilirsiniz ki,Küveyt açıq siyasi xətt yürüdən,dünyada sülhə, barışa, sabitliyə, inkişafa öz töhfəsini verməyə çalışan,eyni zamanda, müxtəlif məsələlərdə vasitəçilik edən ölkədir. Özəlliklə Küveyt dünyada xeyriyyəçilik işləri, humanitar yardımları ilə məşhur olan dövlətlərdən biridir. BMT tərəfindən də ölkəmizin humanitar sahədə göstərdiyi səylər öz töhfəsini alıb. Küveytin mərhum Əmiri Sabah 4-cü Əl-Əhməd Əl-Cabir Əs-Sabah 2014-cü ildə BMT tərəfindən “Humanist Lider” adına layiq görülüb. Bu da Küveyt siyasətinin bütün dünyaya açıq nümunəsidir. Beynəlxalq birlik tərəfindən də səylərimizin dəstəklənməsindən məmnunuq. Qeyd etmək istəyirəm ki, bir neçə gün öncə Türkiyə və Suriyada baş verən təbii fəlakətdən biz də çox üzüldük. Küveyt ilk saatlardan həm dövlət səviyyəsində, həm özəl sektor, həm də xalq tərəfindən hər iki ölkəyə, zəlzələdən zərər çəkən insanlara yardımlar göndərdi. Bir neçə saat içərisində yardım təyyarələrimiz Türkiyə və Suriyaya endi. Bundan sonra da yardımlarımız davam edəcək. Küveyt dövləti olaraq, hər zaman köməyə, yardıma ehtiyacı olan ökələrin, insanların yanındayıq və bunu özümüzə borc bilirik.
- Cənab səfir, növbəti sualım baş verən təbii fəlakətlə bağlı olacaqdı,amma siz artıq bunu cavablandırdınız. Bilirsiniz, 44 günlük müharibə nəticəsində Ermənistanın əsarətindən azad olunan Azərbaycan torpaqlarında bəzi dost ölkələrin də iştirakı ilə tikinti-quruculuq işləri icra edilir. Məncə, bu layihələrdən pay almaq Küveytin də haqqıdır. Bilmək istərdik, Küveyt hökuməti və ya müstəqil iş adamları sifəti ilə azad edilmiş bölgələrimizdə iştirak edirmi?
- Bəli, Azərbaycan tərəfindən belə bir təklif var. Keçirdiyimiz görüşlər zamanı da bu barədə rəsmi təkliflər almışıq. Təbii ki, bizim də cavabımız müsbətdir, Küveyt tərəfinin də layihələrdə iştirakı gözlənilir. Yuxarıda da qeyd etdiyim kimi, Hökumətlərarası Birgə Komissiyanın iclasları zamanı bu məsələ müəyyənləşəcək. Küveyt tikinti-quruculuq işlərində hansı layihələrdə, hansı sahələr üzrə iştirak edəcək, bununla bağlı konkret məlumat hələ ki, yoxdur. Bu məsələ hər iki tərəfin iştirakı ilə keçiriləcək iclaslarda, müzakirələr, birbaşa təmasların nəticəsində müəyyən olunacaq. Əlbəttə Küveytdən olan iş adamları, investorlar üçün əsas olan, investisiya mühiti, qida təhlükəsizliyi və s.dir. İnvestisiya mühitinin formalaşdırılması, Azərbaycanda hansı qanunlar qüvvədədir və bu qanunlarda xarici investisiyanın qorunması ilə bağlı şərtlər nədən ibarətdir, yəni xarici investisiyaların qorunması səviyyəsi, təbii ki, bütün bunları bilmək lazımdır. Bizim tərəfdə sadaladıqlarımla bağlı məlumat az olduğuna görə, hər şey görüşlərdən sonra bilinəcək.
- İqtisadi bağlarımız zəif olsa da, sizin də qeyd etdiyiniz kimi, siyasi müstəvidə çox sıx əlaqələrimiz var. Biz bu münasibətlərin nəticəsini bu günlərdə Azərbaycanın Tehrandakı səfirliyinə məlum terror hücumu zamanı Küveytdən aldığımız dəstəkdə gördük. Bölgənin digər ərəb ölkələri kimi Küveyt həm fərdi, həm də Körfəz İttifaqı daxilində hücumu qınadı və cinayətin araşdırılmasını tələb etdi. Ümumiyyətlə, səfirliyə hücumla bağlı subyektiv şərhinizi eşitmək istərdik.
- Ölkəmizin bununla bağlı mövqeyi bəllidir, hadisədən dərhal sonra Xarici İşlər Nazirliyi rəsmi bəyanat yaydı. Baş verən hadisə terror idi və Küveyt terrorun bütün növlərini şiddətlə qınayır. Küveyt Dövləti İran İslam Respublikasının paytaxtı Tehranda Azərbaycanın səfirliyinə edilən və bir nəfərin ölümü, iki nəfərin yaralanması ilə nəticələnən silahlı hücumu qətiyyətlə pislədi,bu hadisədə Azərbaycan ilə həmrəyliyini və onun yanında olduğunu bildirdi. Biz həm nazirlik, həm də səfirlik olaraq yaydığımız bəyanatda Azərbaycana və həlak olanın ailəsinə dərin hüznlə başsağlığı verib, xəsarət alanların tezliklə sağalmasını dilədik. Səfirliyə edilən hücum, səfirlik əməkdaşlarının öldürülməsi və yaralanması, insanların həyatının təhlükəyə atılması bilərəkdən törədilib. Təbii ki,dövlətimin mövqeyi, mənim də mövqeyimdir.
- Cənab səfir, bu yerdə bir şəxsi narahatlığımı diqqətinizə çatdırım. Küveytdə son bir ildə dövlət niyə qurulmur? Daha doğrusu, qurulur, az sonra dağılır. Bunun səbəbi nədir? Bildiyim qədər sonuncu hökumət parlamentlə hansısa sosial məsələdə fikir ayrılığı üzündən istefaya getdi...
- Burada qeyri-adi heç nə yoxdur. Küveyt hökumətində gedən proseslər, yəni hökumətin qurulması və ya istefaya getməsi konstitusiyaya tam uyğundur və heç bir qayda pozuntusu yoxdur. Ümumiyyətlə, hürriyyət və azadlıq olan cəmiyyətlərin hamısında bu proseslər belə tənzimlənir. Bu xalqın və dövlətin söz azadlığına verdiyi önəmin göstəricisidir. Əgər hökumətdə narazılıq varsa, onun istefası tələb olunursa, bu tələb yerinə yetirilir. Qeyd edim ki, hökumət istefa versə də, hələlik fəaliyyətini davam etdirir. Ümumiyyətlə, Küveytdə bir prosedur var: yeni hökumət qurulunca və ya onun istefası dövlət başçısı Əmir tərəfindən qəbul edilinə qədər köhnə kabinet fəaliyyətini davam etdirir. Hətta o da mümkündür ki, hökumətin istefası Əmir tərəfindən qəbul edilməsin və o fəaliyyətini davam etdirsin.
- Sosial məsələ demişkən, post-pandemiya dövründə Küveytdə sosial-iqtisadi vəziyyət necədir, ölkəniz pandemiyadan əvvəlki vəziyyəti bərpa edə bilib?
- Hazırda ölkəmizdə sosial-iqtisadi durum stabildir. Küveyt dünyada ilk ölkələrdən biri oldu ki, lazımi bütün tədbirləri gördü,pandemiyadan sonra iqtisadiyyatının ən az minimumla zərərdən çıxmasına nail oldu. Küveyt ÜST-nın verdiyi bütün tövsiyələrə əməl etdi. Vətəndaşlar, daha doğrusu, ölkədə yaşayan bütün insanlar, müvəqqəti yaşayan əcnəbilər pulsuz vaksinlərlə təmin edildilər. Doğrudur, bütün ölkələr kimi, pandemiya Küveyt iqtisadiyyatına da təsirsiz ötüşmədi. Amma qeyd etdiyim kimi, biz bundan ən az zərərlə çıxmağı bacardıq. Bu da ölkədə həyata keçirilən siyasətin nəticəsində mümkün oldu. Deyə bilərəm ki, hazırda ölkədə vəziyyət yaxşıdır.
- Mən bu fikrimi sizə açıq deyirəm: Küveyt barədə Azərbaycanın sıravi xalqı bu gün daha az məlumata malikdir. Qonşular İraq, Qətər, BƏƏ və Səudiyyə Krallığı ilə müqayisədə Küveytlə Azərbaycan arasında gediş-gəliş olduqca azdır və hətta çoxları Küveyti qapalı ölkə kimi xarakterizə edir. Nə təklif edirsiniz, necə edək ki, gediş-gəliş artsın? Məncə, media qrupları qarşılıqlı səfərlər etməlidirlər – küveytli jurnalistlər Bakıya, azərbaycanlı media qrupu isə Küveytə gedib reportajlar hazırlamalı, ölkələrimizin turistik potensialı insanlarımıza tanıdılmalıdır. Bu müstəvidə fikirlərinizi eşitmək istərdik...
- Bu sizin tərəfdən verilən çox yaxşı təklifdir və dəyərləndirilə bilər. Şəxsən mən bir səfir olaraq, bu layihənin həyata keçirilməsinə dəstək verməyə tam hazıram. Məlumdur ki, media və vətəndaş cəmiyyətləri arasında təmaslar qurulmasa, xalqların bir-birini tanıması çox çətin olar. Çünki qarşılıqlı şəkildə mətbuat orqanlarında repotajların yayılmasıvə telekanallarda tanıtım xarakterli süjetlərin verilməsi xalqlarımız arasında əlaqələrin inkişafına, gediş-gəlişin artmasına töhfə verərdi.
- Cənab səfir, Küveytdə qadın hüquqları, qadınların həyatı necədir? Mən bunu bilirəm. Amma Küveyt deyəndə, bəziləri elə bilir ki, qadınlar qapalı geyinir və s.
- Küveyt dövlətində qadınların hüquqları qorunur. Qadınlarımız cəmiyyətin bütün sahələrində təmsil olunurlar, uğur qazanırlar. Hökumətdə qadın nazirlərimiz, Küveyt Millət Məclisində yer alan xeyli sayda xanımlar var. İstər dövlət, istər özəl sektorda, müxtəlif vəzifələrdə çalışırlar və bu onların öz seçimidir.
- Fikrimcə, Küveyt və Azərbaycan xalqları arasında bənzər xüsusiyyətlər çoxdur. Məşhur bir səyyah Küveytdən hazırladığı verilişdə “hara gedirsən, mütləq səni süfrə başına dəvət edirlər, növbənöv yeməklər gətirirlər, çox qonaqpərvər və mehribandırlar...” deyəndə, mənə elə gəldi ki, bir-birimizə çox bənzəyirik. Diplomat olaraq bir çox ölkələrdə fəaliyyət göstərmisiniz. Artıq səfir kimi bir müddətdir Azərbaycandasınız. Həm sizi yaxından tanımaq istəyirik, həm də ölkəmiz haqqında fikirlərinizi bilmək maraqlıdır.
- Sualınıza cavab olaraq deyim ki,diplomatiya pillələrinə sıfırdan başlamışam. Uzun illərdir ki, bu sahədə çalışıram. Dövlətimin müxtəlif ölkələrdəki səfirliklərində və Küveyt Xarici İşlər naziri müavininin Körfəz Əməkdaşlıq Təşkilatı ölkələri üzrə köməkçisi olmuşam.Sonra isə Azərbaycana səfir təyin edildim. Bu həm də mənim ölkənizə ilk gəlişim idi. Nə dövlət, nə də şəxsi səfərdə olmamışdım. Azərbaycanın necə gözəl ölkə olduğunu öz gözlərimlə gördüm. Bəli, sizin də qeyd etdiyiniz kimi xalqlarımız bir-birinə çox bənzəyir. Həm də Küveyt və Azərbaycan ortaq mədəni və dini köklərə bağlı ölkələrdir. İki ölkə arasında turizm əlaqələri çox inkişaf edib. Azərbaycana gələn küveytli turistlərin sayı digər Körfəz ölkələri ilə müqayisədə qat-qat çoxdur. Düzdür son üç ildə, pandemiya dövründə bu sayda azalma qeydə alınsa da, 2022-ci ildə Küveytdən Azərbaycana 22 min nəfər turist gəlib. Ümid edirəm ki, qarşıdakı illərdə bu say daha da artacaq. Çünki Azərbaycanla Küveyt əlaqələrinin inkişafı üçün bütün infrastruktur mövcuddur. Xüsusilə ölkənizdəki təhlükəsizliyi, sabitliyi, stabilliyi, yerli xalqın turistlərə qarşı xoş, mehriban münasibətini, qonaqpərvərliyini qeyd etmək istəyirəm. Bütün bunlar turizmin inkişafına təkan verən amillərdir. Azərbaycan yay, qış, ov turizmi, digər turizm növlərinin də inkişafı üçün çox yaxşı şərait var. Qeyd etdiyim kimi, həm yayda, həm də qışda turistlər bura rahat səfər edə bilərlər. 2017-ci ildən başlayaraq, ölkələrimiz arasında birbaşa hava yolları da fəaliyyət göstərir. Hazırda “Küveyt Hava Yolları” və Küveytin “Əl-Cəzirə” özəl hava yolları uçuşlar edir. Bu sırada AZAL-da var, müvəqqəti fəaliyyətini dayandırmışdı, yəqin ki, yaxında uçuşlarını davam etdirəcək. Bütün bu amilləri və Azərbaycana turist axınını nəzərə alaraq, deyə bilərik ki, turizm sahəsidə ən perspektivli sahələrdən biridir. Yəqin ki, önümüzdəki illər pandemiya və buna bənzər hər hansı bir əskiklik baş verməzsə, Küveytdən gələn turistlərin sayı daha da artacaq.
- Cənab səfir, vaxt ayırdığınıza, maraqlı söhbətə görə çox təşəkkür edirik. Dost Küveyt xalqının qarşıdan gələn Milli gününü təbrik edir və sizə daimi rifah, tərəqqi arzu edirik.
Ağanisə Əliqaraqızı
versus.az
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"