Milli Məclisin son iclasında media ilə bağlı qanunvericiliyə bir sıra dəyişikliklər edildi. Bu proses fonunda Avropa İttifaqı ölkələrinin səfirlərinin gizli görüşünə dair informasiyalar yayıldı. Bu “gizli müzakirələr”də əsas hədəfin məhz media ilə bağlı qanunvericilik, həmçinin Laçın yolunda təşkil olunan aksiya olduğu da üzə çıxdı.
Versus.az xəbər verir ki, bu və ya digər məsələlərlə bağlı danışan Milli Məclisin deputatı Sahib Alıyev maraqlı məqamlara diqqət çəkib.
- Milli Məclisin 17 fevral plenar iclasında "Media haqqında" Qanunun müzakirəsi zamanı Media Reyestri ilə bağlı ortaya çıxan müəyyən narahatlılq doğuran məqamlara toxundunuz. Necə hesab edirsiniz, bu qanunun qəbulundan sonra bir çox jurnalistin qanunla bağlı xarici ölkə səfirləri ilə məsləhətləşmələrə dəvət olunması nəyə hesablanır?
– “Media haqqında” Qanunun qəbulundan bir ildən artıq vaxt keçdikdən sonra, Qərbdəkilər onun demokratikliyini şübhəyə alan cəhdlərə başlayıblar. Avropa Birliyinin Bakıdakı missiyasının rəhbəri, ABŞ, Fransa, Almaniya və Kanadanın səfirləri təsir altında olan, yaxud təsir agentləri gözündə görülən bəzi jurnalistlərlə "məsləhətləşmə"lər keçirmək qərarına gəliblər. Belə görünür ki, onların planı Azərbaycan əleyhinə yeni təbliğat kampaniyasına start verməkdir.
Heç kimə, o sıradan da həmin tədbirə dəvət olunan jurnalistlərin çoxuna sirr deyil ki, bu "məsləhətləşmə" heç də Azərbaycanda media azadlığına qarşı hər hansı bir təhdidlə bağlı deyildir. Belə bir təhdid də yoxdur və “Media haqqında” Qanun daha çox tənzimləyici, nizamlayıcı, təkmilləşdirci xakarter daşıyır. Oradakı məhdudlaşdırıcı məqamalara əksər ölkələrin qanunvericiliyində rast gəlmək olar.
Bu məsləhətləşmə və onun ardınca başladılacaq kampaniyada məqsəd dövlətimizin öz torpaqları üzərində suverenliyinin tam təmininə əngəl yaratmaqdır. Qərbdəki bəlli çevrələrin Laçın yolundakı aksiya ilə bağlı əsassız tələblərini yerinə yetirmədiyinə görə Azərbaycana təzyiq etməkdir. Avropa Birliyi missiyasının Bakıda təşkil etdiyi bu “məsləhətləşmə” də bizim razılığımız olmadan həmin qurumun adından sərhədlərimizdə, guya monitorinq həyata keçirmək üçün jandarm göndərilməsi siyasətinin davamı və tərkib hissəsidir.
Azərbaycanda media, söz azadlığından guya rahatsız olanlar niyə dönüb özlərinə baxmırlar? Baxın, Avropa Media Azadlığı Mərkəzi (ECPMF), Beynəlxalq Mətbuat İnstitutu, Avropa Jurnalistlər Federasiyası və Böyük Britaniyanın ARTİCLE 15 təşkilatının birgə təşkil etdikləri Konsorsiumun apardığı araşadırmalar nəticəsində təkcə ötən il Avropa Birliyinə üzv dövlətlər və üzvlüyə namizəd olanlarda media ilə bağlı təzyiqxarakterli 813 insident qeydə alınıb ki, onun da 489-u birincilərin payına düşür.
Medianın ən çox basqılarla üzləşdiyi Avropa dövlətləri arasında birinci və ikinci yerləri Almaniya ilə Fransa bölüşürlər. Həmin Fransa ki, səfiri sözügedən “məsləhətləşmə”lərdə özəlliklə canfəşanlıq göstərib. Səbəb də aydındır: bunun arxasında rəsmi Parisin Azərbaycanın İkinci Qarabağ savaşında əldə etdiyi qələbənin nəticəsi ilə razılaşmamaq siyasəti durur.
Diqqət edin, son 30 ildə 40 jurnalistinin qətlə yetirilməsinin üstü açılmayan Avropa Birliyində təkcə ötən il 60 senzura faktı qeydə alınıb. Maraqlıdır, deyilmi?! Faransada zəlzələ nəticəsində qardaş Türkiyənin üzləşdiyi faciə məsxərəyə qoyulanda söz azdlığı yada düşür, öz maraqlarına uyğun gəlməyən yazı və materiallara qarşı isə senzura tətbiq edilir. Bunu necə başa düşək? Qərbdəki 4 ölkənin səfirindən məsləhət alan jurnalistlərimizə səslənirəm: onlar da Şuşada belə bir tədbir keçirsinlər, görsünlər, Fransa ilə ABŞ-ın səfirləri ora gələcəklərmi? Əlbəttə, gəlməyəcəklər.
Adamı ağrıdan odur ki, bizim o jurnalistərin bir çoxu heç də savadsız deyil, aralarında mediada saç-saqqal ağardanlar da var. Onlar da bu “məsləhətləşmə”nin keçirilməsində əsl məqsədin nə olduğunu gözəl bilirlər. Ancaq təəssüf ki, qrant almağa görə və digər səbəblərdən özlərindən Azərbaycana qarşı alət kimi faydalanılmasına şərait yaradırlar.
Yaradırlar yaratsınlar, öz işləridir. Əmin olsunlar ki, onların məsləhət aldıqlarının yanında hörmətləri heç də Qərbdə, yerləşdikləri ölkələrin xüsusi xidmət orqanlarından tapşırıq alaraq dövlətimizə qarşı tərbiyəsiz, mənəviyyatdan uzaq, söyüşdolu böhtanlar səsləndirən degeneratlardan çox deyil və olmayacaq. Ona görə ki, söhbət Azərbaycanın onlar kimi yox, onlar istəyən kimi, yəni zəif, asılı bir dövlət olmasına çalışanlardan gedir. Elələrinə Azərbaycan jurnalistinin savadlı və hazırlıqlı olması da əl vermir. Azərbaycan siyasətçisinin də, jurnalist və bloqçusunun da Qərbdə bəslədikləri degeneratlar var. Bax, bizi o cür səviyyəsiz, manqurt görmək istəyirlər. Mənim bu qiymətləndirməm subyektiv təsir bağışlaya bilər, amma tam şəkildə onların indidəydək yeritdikləri siyasətə əsaslanır.
– Laçın–Xankəndi yolunda davam edən aksiyanı, sağlam medianın bu istiqamətdəki fəaliyyətini, informasiya ötürücülüyünü, təbliğat işini necə dəyərləndirirsiniz?
– Bizim gənclərimizin bəzi mərhumiyyətlə üzləşərək, sərt hava şəraitində, soyuqda, şaxtada gedib o yolda dayanması, əslində, əsgərlərimizə xas olan qeyrət nümunəsidir. Bu, Azərbaycanın torpaq bütünlüyünün təəssübünü çəkənlərin aksiyasıdır. Aksiya keçirənlər ermənilərin və bəzilərinin təqdim etməyə çalışdığı kimi, nə kimisə blokadada saxlamaq niyyəti güdür, nə də onlar bu aksiyaya zorla aparılmayıb. Hər kəs ora öz ürəyinin hökmü ilə gedir. Fikir verirsinizsə, Qərbdəki söyüş üzrə "ixtisaslaşdırılmış" yaramazlara bu aksiyanı gözdən salmaq tapşırığı verilib və eyni zamanda, hətta özlərini ciddi siyasətçi, ciddi jurnalist kimi təqdim edən bəziləri də bununla bağlı heç də Azərbaycan Dövləti və xalqının maraqlarına xidmət edən açıqlamalar vermir, yanaşmalar irəli sürmür. Bu, bir reallıqdır və aksiyanın səbəbləri barədə yanlış fikirlər səsləndirilər.
– Deputat Siyavuş Novruzov Redimissiya qanunun müzakirəsi zamanı belə fikir işlətdi ki, Azərbaycan Dövlətinə, xalqına, hökumətinə qarşı xaricdə yalan çıxışlar edən, adını azərbaycanlı qoyan kəslər bir çox xarici ölkələrlə qurulan əməkdaşlıqlar əsasında Azərbaycana gətirilsin və qanun qarşısında cavab versinlər... Bunu nə dərəcədə mümkün hesab edirsiniz?
– Öncə onu deyim ki, Azərbaycana necə yanaşmasından asılı olmayaraq, ləyaqəti olan dövlət elə şəxslərdən alət kimi istifadə etməz. O dırnaqarası azərbaycanlıların həmin ölkələrdə olması, təkcə həmin ölkələrin Azərbaycana yanaşmasından yox, həm də mahiyyətlərindən xəbər verir. Düşünmürəm ki, o dövlətlər öz təxribat və söyüş alətlərini təhvil vermək istəsinlər. Ona görə də bu məsələ dəfələrlə qaldırılsa da, həllini tapmayıb.
– Qarabağ iqtisadi rayonunda rus sülhməramlı missiyasının daxil olduğu Xankəndi ərazisindən “rus vətəndaşlarının təxliyəsi” ilə bağlı mətbuatda və sosial şəbəkələrdə xəbərlər, videogörüntülər paylaşıldı. Ortada anlaşılmayan müxtəlif fikirlər, müxtəlif səbəblərin önə çəkilməsi ilə bağlı təhlillər var... Bu barədə nələri söyləmək olar?
- Bir qədər əvvəl Qarabağda uydurma “rus icması” adlı bir qurum yaradılırdı. Təxliyə, ilk növbədə, ondan xəbər verir ki, bu qurumla bağlı planlar alt-üst olur. Digər tərəfdən ola bilər ki, “rus vətəndaşları” dedikləri insanların oradan çıxarılması Ermənistana təzyiq məqsədi daşıyır. Qarabağın müvəqqəti Rusiya hərbi kontingentinin yerləşdiyi hissəsində bütün olaylar Rusiyanın izni, müdaxiləsi və diqtəsi ilə baş verir. Bu addımın arxasında Rusiyanın Ermənistan hakimiyyətindən narazılığını görürəm. Göstərməyə çalışırlar ki, Qarabağda hansısa bir əməliyyat baş verə bilər. İstəmirlər ki, guya öz vətəndaşları, soydaşları həmin təhlükənin hədəfinə çevrilsinlər.
Bu addımın məhz Azərbaycanın hansısa bir hərbi əməliyyat planından irəli gəldiyini düşünmürəm. Onu da deməliyik ki, ola bilər, belə bir əməliyyatın keçirilməsi üçün müxtəlif təxribatlar törədilsin.
– Bu “təxliyə” məsələsini Rusiyanın Ermənistana hesablanan manevri saysaq, “Qarabağa gətirilən, sonra qaçan “Vardanyan ssenarisi”nin davamı hesab etmək olarmı?
– Rusiya Dumasının spikeri Volidinin Paşinyanla komandasındakılara ölkələrini itirə biləcəkləri xəbərdarlığı çox düşündürücü idi.
Öncə onu deyək ki, cənab Prezidentin də dəfələrlə vurğuladığı kimi, bizim Ermənistana qarşı belə bir planımız yoxdur və olmayıb. Biz çox istərdik ki, İrəvan xanlığının torpaqlarında yeni hay diasporunun yaranmasına yol açan Türkmənçay anlaşmasının 195-ci ildönümündən cəmisi 3 gün keçmiş Rusiya siyasi isteblişmentinin önəmli təmsilçilərindən birinin bu sözlərinin arxasında Ermənistana kimin forpostu olduğunu unutmaması deyil də onu sülhə təşviq niyyəti durardı.
Bəli, aydındır ki, cənab Volodinin adını çəkdiyi Avropa təsisatları, o sıradan da Ermənistana öz jandarmlarını göndərənlər heç də burada sülhün olmasında maraqlı deyillər. Amma sual olunur: bəs dələduz Ruben Vardanyanı təkrar Xankəndinə dartanlar necə, regionda qarşıdurmaların tez bir zamanda aradan qalxmasını istəyirlərmi? İstəyirlərsə, məhz həmin Vardanyanla Harutyunyan Moskvaya çağırıldıqdan sonra separatçı rejimin yeni “vəzifə” dövriyyəsi oyununa başlaması, hərbi xuntanın digər təmsilçilərindən çox da fərqlənməyən Balasanyana qarşı cinayət işinin açılması nə ilə bağlıdır? Həmin Balasanyanın cinayətkarlığı indi üzə çıxdı, yoxsa bu onun Vardanyana Azərbaycanla ünsiyyət qurmaqdan başqa çıxış yollarının olmadığını deməsinə görədir?
Biz Vardanyanı gizlincə Moskvaya aparıb-gətirənlərin Laçın yolu ilə Xankəndinə indən sonra qanunsuz yük, mina, terrorçu və təxribatçılar daşınmasının qarşısını alacaqlarına inana bilərikmi? İnana bilərikmi ki, Laçın yolunda aksiya başladılanadək Ermənistandan Qarabağa mina, silah-sursatla birgə muzdluların, iranlı təlimatçıların, digər ünsürlərin gətirilməsindən Rusiyanın oradakı müvəqqəti hərbi kontingenti xəbərsiz olub? Belə görünür ki, yox!
Bununla yanaşı əminəm ki, Moskvada regionda mövqelərini qoruyub-saxlamağın ən effektli yolunun Qarabağda hərbi mövcudluqlarından deyil, qərbi azərbaycanlıların öz yurd yerlərinə dönməsinə yardımdan keçdiyini gec-tez anlayacaqlar.
Bütün bunlar onu göstərir ki, Rusiyanın məqsədi heç də regionda sülhün yaranması deyil. Ona görə də Vardanyandan “Dartanyan” kimi faydalanmağa çalışırlar, amma bu da alınmayacaq. Qeyd etdiyim kimi, Rusiya regionda möhkəmlənmək istəyirsə, qərbi azərbaycanlıarın öz yurdlarına qayıtmasının təmin olunmasına çalışmalıdır. İcmalararası sülh missiyasını məhz orada uğurla davam etdirib, Ermənistanda möhkəmlənmək olar. Bu cür siyasət Rusiyanın nəinki Qarabağdan çıxmasını, eyni zamanda, Ermənistanda da mövqelərinin güclü şəkildə zəifləməsinə aparıb çıxardacaq.
– Ermənistan-Rusiya münasibətləri və Rusiyanın müəyyən mesajlarla Ermənisana olan təsir elementlərini qeyd etdiniz. Rusiya Ermənistanı Avropa Birliyinin Qərbin missiyasını şərti sərhədlərə gətirməkdən yayındıra biəcəkmi?
– Buna cəhdlər var, amma düşünmürəm. Hazırda Rusiyanın Ermənistanda mövqelərinin zəifləməsi onun həm də Qarabağda yeritdiyi siyasətdən qaynaqlanır.
– O zaman biz nə etməliyik?
- Biz nə lazımdırsa edirik. Proseslər Azərbaycanın öz torpaqları üzərində suverenliyinin tam təmin olunmasına doğru gedir. Biz hərbi potensialımızı yetərincə gücləndiririk, quruculuq işlərinə böyük vəsaitlər ayırırıq. Bu il “Heydər Əliyev ili”ndə artıq ilk kütləvi qayıdışa start veriləcək. Bütün bunlar - Azərbaycanın yeritdiyi müstəqil siyasət, qardaş Türkiyə ilə müttəfiqliyimiz istər-istəməz bütün əngəllərin, maneələrin qaldırılmasına xidmət edəcək.(həftə-içi)
Tahirə Qafarlı
Versus.az