– İrəvanda ermənilərin beynəlxalq ictimaiyyətin gözü qarşısında bayrağımıza od vurmaqla Azərbaycana qarşı davam etdiyi müharibə, eyni zamanda, bundan əvvəl əsir düşən Azərbaycan əsgərinə qarşı insanlığa sığmayan hərəkətləri, irəli sürülən saxta ittihamlar nədən xəbər verir?

 

– İrəvanda keçirilən beynəlxalq idman tədbiri özlüyündə regionda yaxşı münasibətləri nümayiş etdirmək üçün mühüm bir fürsət idi. Otuz ildən artıq hökm sürən düşmənçilik buzunun sındırılması, xüsusilə də Vətən Müharibəsindən sonra Qafqazın ümumi gündəliyinə çevrilən sülh prosesini irəliyə aparmaq üçün bundan bir imkan kimi yararlanmaq olardı. Azərbaycan idmançılarının da ora getməsi və bilavasitə xüsusi hazırlıqlarını nümayiş etdirmələri sübut edirdi ki, burada gerçək niyyət bütün digər rıçaqlar, mexanizmlər vasitəsilə həqiqətən də regionda yeni bir mərhələnin, eranın əsasını qoymaqdır. Əks halda, doğrudan da bizim idmançıların bunu etməməsi üçün ayrıca bir özəl ssenari seçilsəydi, düşünürəm ki, tədbiri sadəcə boykot etmək də real idi.

Təəssüflər olsun, İrəvanda bir dizaynerin əli ilə Paşinyan hökumətinin Ermənistanın region və dünyada müxtəlif tribunalardan yaydığı məlum obraz, yəni birlik, bərabərlik, demokratiya, təhlükəsizlik, Azərbaycanın hərbi təhdidlərinin qabardılması, Türkiyə qorxusu və sair amilləri ilğıma çevirdi, dağıldı. O, çəkilib yandırılan bayrağımız deyildi. O hər zaman ucadır və heç zaman da onun belə demək mümkünsə, fiziki materialı ilə mənası  bir ölçülməz, yanmaz. O üzdən yanan Ermənistanın obrazı idi. Düşünürəm ki, məhz buna görə də Paşinyan öz çevrəsinə kifayət qədər qəzəblidir. İddia etmirik ki, qərar onun bilavasitə binasından qaynaqlanırdı. Əks halda oranın İctimai Televiziyasının rəhbərini və digər şəxsləri cəzalandırmazdılar. Faktiki olaraq buna görə prosesi dərk edən erməni parlamentarilərinin də üzrü, ayrı-ayrı cəmiyyət fəallarının da məsələ ilə bağlı fikirlərini ictimailəşdirməsi sübut edir ki, müəyyən dönüş var, təbəddülatlar, dəyişiklər müəyyən sayda insanın beynində baş verir. Yəni söhbət ondan ibarətdir ki, o bayraq Şəhidlərimizin, Millətimizin, Ordumuzun, Dövlətimizin, Ali Baş Komandanın yüksəklərdə saxladığı və Zəfərimizi özündə simvolizə edən bir atributdur. Məgər onu hansısa yerdə yandırmaq, yaxud həqarət etməklə məsələ bitir?

 

– Ermənilər və havadarları bu vəziyyətdən öz xeyirlərinə istifadə edib, Azərbaycanı özərinə ortaq etməyə çalışırlar. Baş vermiş hadisə ilə bağlı yanaşmaları müşahidə etsək, diqqət çəkən əsas məqam nədir?

 

– Erməni teleqram kanallaında iki gün ərzində məsələ ilə bağlı müxtəlif reaksiyaları izləyirik. Onlar Bakıda, Sumqayıtda, digər ərazilərdə hansısa bir tədbirlərdən sonra bayraqla bağlı davranışları, yəni o qədər də xoş olmayan qanuna qeyri-adekvat münasibəti qabardıb deyirlər ki, “Təkcə biz deyilik” və yaxud  “Nahaq idmançılar qayıtdı, onların təhlükəsizliyi üçün problem yox idi”. Və ya dərhal Azərbaycanda hansısa erməni idmançısına qarşı olan bir təhqiramiz səhnəni burada qabardıb ondan bəraətedici vasitə kimi istifadə etməyə çalışırlar. Zənn edirəm ki, burada biz onu qəbul etməli, nəzərə almalıyıq ki, irəliyə baxırıqsa, regional şəraiti dəyərləndiririksə, burada beynəlxalq tədbirin üzərində mühüm öhdəliklər var. Bütün hallarda baş vermis hadisə iki ölkə arasındakı münasibətləri daha da gərginləşdirdi.  Azərbaycan cəmiyyətində də bütün təbəqələr - dövlət, hökumət, siyasilər, o cümlədən xüsusi olaraq vətəndaşlarımız haqlı olaraq öz kəskin etirazlarını bildirdilər. Dünyanın hər yerində bayraq hadisəsi həssas bir məsələdir. Tək ona görə yox ki, atributdur, həm də ona görə ki, bir ölkə sanki başqa bir dövlətin varlığına, onun siyasi kimliyinə əl uzadır. Bu şəraitdə, hansı ki, hal-hazırda sərhəddə xüsusi gərginlik var və onun sonuncu toquşmaları, itkilərlə müşahidə olunan 11 apreldə baş verib. Ermənistan dövlətinin bu tədbiri ən yüksək təhlükəsizlik şəraitində keçirməklə bağlı beynəlxalq idman assossiyaları qarşısında öhdəlikləri var idi. Nəzərə alın ki, dövlət, hökumət adamlarının həmin mərasimdə iştirakı şəraitində biz bu nifrət nitqini, hərəkətlərini yaşayırıq. Təəccüblü deyil ki, sonrakı mərhələdə bizim idmançılarımız uğur qazandıqca, daha hansı səhnələr yaşanacaqdı. Hərbi meydanda ordumuza gücü çatmayanlar bu gün qeyri-legitim meydanlarda – rinqdə, ağır atletika meydanlarında yox, hansısa səhnədə özlərinin xüsusi qorumalarının açdığı dəhlizdən istifadə edib belə addım atırlar.

Bir daha söyləyirik ki, Azərbaycan bayrağını bu cür yandırma hadisəsini fərdi əməl üzərindən qiymətləndirmək çox yanlışdır. Görürsünüz, erməni parlamentariləri, siyasilər deyir ki, sizin bu vəhşiliyinizin qurbanıyıq, 10 illərdir bu acıları yaşayırıq. Deməli, bunu artıq hayqıranlar, dilə gətirənlər var.

Azərbaycan ötən 10 illər ərzində müxtəlif beynəlxalq turnirlərə ev sahibliyi edib. Bu mənada mərkəz olub. Biz həmişə idmanın siyasətdən kənar tutulmasının üzərində dövlət siyasəti qurmuşuq. Əgər bölgədə hal-hazırda aparılan proseslər fonunda istəyiriksə ki, nəinki idman, mədəni, iqtisadi və digər siyasi tədbirlərdə də bu ölkələr bir-birinə getsinlər, təmsilçilər o məkanları özlərinə təhlükə saymasınlar, onda məsuliyyət, artıq birə-beş artmış olur.

 

– Beynəlxalq təşkilatların Ermənistanın işğalçılıq siyasətinə qarşı son 30 ildə sərgilədiyi ədalətsiz, ikili yanaşma, indiki mərhələdə başqa bir formada, ərazi bütövlüyümüzə, bayrağımıza qarşı hörmətsiz, laqeyd yanaşmaları ilə müşahidə olunmaqdadır. Belə olan halda danışıqlarla haqqımızı kimdən istəyirik, “Sülh istəyirik, öz ərazilərimizə getmək istəyirik” deməklə o qüvvələri ədalətli olmağa inandıra biləcəyikmi? Nəhayət, hansı qərarı verməliyik?

 

– Düşünürəm, Azərbaycanın bu yöndə beynəlxalq təşkilatlara müraciəti özünün adekvat nəticələrini tapacaq. İdman irqçiliyi qəbul etmir. Onun ali dəyərləri sırasında birlik, bərabərlik, dostluq, əməkdaşlıq və sair kimi mühüm dünyəvi prinsiplər orada əksini tapıb. Demək olar ki, son 1 ayda Ermənistan tərəfindən həm hərbçimizə qarşı – onun qollarını bağlayaraq üzüüstə asfalta söykəyib işgəncə tətbiq etmək, o cümlədən mülki insanın da bizim hərbçimizin üzərindən adlayıb-keçməsi və ona qarşı həqarətin, sanki bir revanş addımı kimi informasiya vasitələrində tirajlamaları sübut etdi ki, bir neçə müddətdir, Fransa parlamentlərindən başladıqları ta BMT yanında Ədalət Məhkəməsinə çıxardıqları məsələlər fonunda onların yaratdıqları obraz sarsıldı və böyük zərbə aldı. Ona görə də biz bu tədbirlər fonunda özümüzün mövqeyimizi, sivil davranışlarımızı hər zaman əldə saxlamalıyıq. Azərbaycan cəmiyyətinin bu məsələlərə dayanıqlı mövqeyini etirazlarımızla yanaşı, daha soyuqqanlı, qurucu işlər üzərində aparmalıyıq. Elə etməliyik ki, cəmiyyət həmişə bu siyasəti qəbul etsin ki, qalib gəlmiş ölkənin davranışları, nümunələri, yaratdıqları strateji işlər fərqli olmalıdır. Əsla erməni cəmiyyəti kimi bu gün bayraqları yandırmaq, yaxud fərdi keçirdikləri terror hadisəsi cavab reaksiyası deyil. Bizim Ermənistanla savaşımız hərbi meydandadır. Onların bayraqları məhz hərbi meydanda təslim edilib. Xatırlayırsınızsa, üç il əvvəl hərbi hissələrdə onlar döyüş bayraqlarını qoyub qaçmışdılar, fərarilik etmişdilər. 11 mindən artıq fərarinin olduğu məlumat bu yaxınlarda Anna Akopyan tərəfindən də vurğulanmışdı.

İqtisadi, siyasi, beynəlxalq, diplomatik, informativ, mədəni sahələrdə savaşlar əsla bayraq yandırmaqla müşayiət olunmamalı, bu, hüquqi və mədəniyyət müstəvisini aşmamalıdır. /"Həftə içi"/

 

Tahirə Qafarlı
Versus.Az