– Azərbaycanın öz əraziləri daxilində – Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsinin qurulması regionumuzda hansı mövcud reallıqdan xəbər verir?

 

- Nəzarət-buraxılış məntəqəsini öz suveren torpağımızda yaratmışıq. Bu, bizim haqqımızdır, cənab Prezidentin realist, çoxşaxəli siyasətinin nəticəsidir. Ermənistan üçtərəfli sazişə əsasən görürdüyü öhdəliyi yerinə yetirmir və revanşist çıxışlarından əl çəkmir, müharibə ritorikası ilə danışır. Azərbaycan özünün dövlət sərhədi təhlükəsizliyini, insanların rahat yaşayışını təmin etmək üçün bu addımı atdı. Bu, bəzilərinin iddia etdiyi kimi, nə  beynəlxaq qanunlara, nə də məntiqə ziddir. Düşünürəm, artıq Azərbaycan öz siyasi iradəsini göstərdi, Prezident verdiyi bütün vədləri həyata keçirdi.

Artıq bu məsələ çözüldü. Qarabağda yaşayan ermənilər bununla razılaşırlar ki, başqa yolları yoxdur.   Biz o yolda gediş-gəliş üçün heç bir maneə törətmirik. İstəyimiz ərazilərimizi, insanlarımızı, iqtisadiyyatımızı baş verə biləcək təhlükələrdən qorumaqdır və bununla da hamı razılaşır.

Sərhəd-buraxılış  məntəqəsi qurulanda istər Ermənistanda Paşinyan və onun xətti ilə bəzi xarici qurumlar söz oyunları qursalar da, heç nə dəyişməyəcək.

Ermənistan indi özü pat vəziyyətdədir. Olayların gedişi onu göstərir ki, erməni hökuməti hara addım atacağını bilmir, Rusiya ilə Qərbin arasında qalıb. Dünya cəmiyyətləri də başa düşdülər ki, Azərbaycan öz vədlərini tam yerinə yetirir. Ona görə də istər ABŞ-da, istərsə də Fransada qəbul olunan “bəyanatlara” kimsə qulaq asıb  əməl etməyəcək.

 

- Beynəlxalq müstəvidə ölkəmizə qarşı yönələn müəyyən təzyiqlərin, cərəyan edən diplomatik və  iqtisadi proseslərin fonunda hansı nailiyyətlərimiz var? 

 

- Cənab Prezident siyasətini zərgər dəqiqliyi ilə aparır. Bütün məsələlərdə Azərbaycanın milli mənafeyini müdafiə etmək üçün çalışır. Ən böyük problem olan yola artıq nəzarət edilir. İndi tədricən Qarabağda yaşamış  ermənilərlə bağlı məsələlər öz həllini tapacaq. Biz hər dəfə bəyan etmişik ki, erməni vətəndaşımız qalıb yaşamaq istəyirsə, Konstitusiyamız ilə hüquqları qorunacaq. Əgər kimsə burada yaşamaq istəmirsə yol açıqdır. Yəqin ki, ermənilər arasında məntiqli düşünənlər var. Onlar Azərbaycan qanunlarına uyğun addımlar atacaqlarsa, daha çox qazanacaqlarını anlamamış deyillər. Qarşılarında iqtisadi qüdrəti artan Azərbaycan var, arxada isə geriləyən Ermənistan. Onlar sülhə, barışa gəlməklə bundan yararlana bilərlər.

Bu gün ABŞ-da 600 mindən yuxarı erməni yaşayır. Nəzərə alsaq ki, gələn il seçkilər başlayır, artıq  indidən namizədlər elektoratı özlərinə cəlb etməyə çalışırlar. Bu elektoratın içərisində ermənilər də var. Onların əllərində televiziyalar, radiolar, qəzetlər, saytlar cəmlənib. Özümüzü aldatmayaq ki, dünyanın o biri üzündə kimsə bizi düşünəcək. Öz problemlərimizi özümüz həl etmişik və belə də davam etməliyik. Sadəcə, ABŞ özü də burada öz iqtisadi maraqlarını həyata keçirmək istəyir.

Bu gün cənab Prezidentin apardığı uğurlu siyasətdən biri də budur ki, indi praktiki olaraq Avropaya qaz ixrac edirik. Bu, bir çox ölkələrə şaxələnir ki, Avropada Azərbaycanın stabil inkişafına maraq yaradır. Cənab Prezidentin beynəlxalq iqtisadi siyasəti elə mərhələyə gəlib çatıb ki, Avropanın bizə olan marağı getdikcə artır və bundan öz maraqlarımız naminə istifadə edəcəyik.

Biz 12 milyard kubmetr qazı Cənub Qaz Dəhlizi ilə Avropaya ötürə bilirik.  Bir neçə ay öncə cənab Prezidentin qərarı ilə Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen ilə saziş imzalandı. Bu sazişə əsasən Azərbaycan 2027-ci ildə Avropaya qazın ixracını ikiqat artıracaq. Bundan başqa, Türkmənistanla sazişimiz var.  Türkmənistanda kifayət qədər qaz yataqları var. Trans-Xəzər borusu TAP, TANAP dəhlizinə qoşulmaqla bu sistemlə Türkmənistan qazını ixrac edə bilərik. Bu, bizə böyük imkanlar qazandıra bilər – təxminən, ilə 50 milyard kubmetr qazı Avropaya çatdıra biləcəyik. Avropanın ümuni tələbatı 500 milyard kubmetrdir. Biz bunun 5 faizini də təmin etsək, iqtisadi addım olaraq bu ölkələrin siyasətindən öz marağımız naminə istifadə edə bilərik.

Bu gün Avropada bizə qarşı çıxış edən dövlət tək Fransadır. Qalan ölkələr sakit durub bizi dəstəkləyir. Bu da Prezidentin  siyasi peşəkar gedişi ilə bağlıdır.  Elə iş aparılır ki, onlar Azərbaycanın qanuni ədalətli tələblərini dəstəkləyirlər. Ən azından susurlar. Bizə lazımdır ki, Qarabağ məsələsini tam yekunlaşdıraq və bu məsələyə artıq nöqtə qoyulsun.

İkinci marağımız valyuta mənbəyidir. Üçüncüsü, öz iqtisadiyyatımızı Avropa və dünya iqtisadiyyatı ilə çox yaxınlaşdırırıq. Bunun da nəticəsində Avropa ölkələri də, Azərbaycan da uduşdadır. Görünən budur ki, bu enerji xəritəsi Avropada tamamən dəyişdirilir.

Biz iqtisadi məsələləri siyasi alətlərlə tənzimləmirik. Sülhməramlı və hər iki tərəfin uduşlu formasında öz beynəlxalq siyasətimizi  həyata keçiririk. Bu, çox vacib məsələdir. Dünyanın 4 tərəfində müharibə gedir, iğtişaşlar, sosial, iqtisadi problemlər var. Bu fonda Azərbaycan bəlkə də  iki qitənin içində yeganə sakitlik, sabitlik olan yarımadadır. Bu da o deməkdir ki, bizdə milli maraqlar yüksəkdə tutulur.

 

- Qarabağda, Şərqi Zəngəzurda və  digər işğaldan azad olunan rayonlarımızda Azərbaycanın dövlət sərhəd nəzarətinin təminatı istiqamətində cızılan “yol xəritəsi”ni  necə əhatə etməkdəyik?

 

-Dünyanı idarə edənlər hər zaman daha çox öz maraqlarını güdürlər. Torpaqlarını işğaldan azad edən Azərbaycana qarşı xarici ölkələrdən gələn əks-bəyanatlarda, qətnamələrdə ermənilərin izi var. Biz ərazilərimizdə yaradılan bu problemi həll etdik. İndi Qarabağ və Şərqi Zəngəzurun bərpasına kifayət qədər vəsait qoyulur. O ərazilərdə hara baxırsan tikinti, bərpa işləri gedir. İşğaldan sonra əsas problem olan erməni minalarından azad olunuruq. Cənab Prezident də demişdi ki, bunun üçün bizə 25 milyard dollar vəsait,  30 il vaxt lazımdır. Minaları təmizləmək üçün bu qədər vaxtı gözləməyəcəyik, işlər sürətlə aparılır. Torpaqları təmizləməli, insanlarımızın öz yurdlarına qayıdışını təmin etməliyik. Hazırda Qarabağda, Şərqi Zəngəzurda böyük işlər gedir: evlər tikilir, iş yerləri yaradılır, infrastruktur qurulur...

 

– Dünyanı bürüyən qlobal gərginlik fonunda Ukrayna-Rusiya müharibəsi və onun yaratdığı böhran gündəmi zəbt edir. Ukrayna-Rusiya müharibəsi regionu hara sürükləyir? Azərbaycanın baş verə biləcək nəticələrdən gözləntiləri nə ola bilər?

 

- Mənim Ukrayna–Rusiya müharibəsinin başlanması ilə bağlı qeyri-standart təhlillərim var. Müharibənin başlanğıcı və  kökünə fərqli prizmadan yanaşıram. Qeyd edim ki, ziddiyyət bu qədər kəskin olmasa da, Ukrayna–Rusiya arasında gərginlik hələ 1994-cü ildən artmışdı. O vaxt Rusiyaya qarşı belə nifrət yox idi.

Ukrayna hakimiyyəti heç zaman bir nöqtəyə vurmayıb. Hakimiyyət oliqarxların əlində olub. Müəyyən adamlar onların köməyi ilə hakimiyyətə gəlib və təbii ki, burada Rusiyanın da təsiri çox olub. Postsovet məkanında Pribaltika ölkələrini çıxmaqla, Rusiyanın ölkələrə təsiri kifayət qədərdir.

O birlik  Ukrayna cəmiyyətində olmadı və hakimiyyət qərarları verərkən tam məsuliyyət daşımırdı. Eyni zamanda, burada Qərbin atdığı addımlar, müəyyən təsirlər, vədlər, təkliflər bu bölkənin mövqeyini zəiflətdi. Nümunə kimi Moldovada, Gürcüstanda baş verən hadisələri qeyd etmək olar.

Bu məkanda ən uğurlu siyasəti Azərbaycan apardı. O zaman bilmirdik ki, dostumuz bir özümüzük və bir də Türkiyədir. Qərb, ruslar bizə vədlər verdi, amma cənab Prezidentin praqmatik, realist siyasəti və çoxvektorlu addımları oldu.

Ukrayna Qərbə inanmışdı. Qərb bu ölkəyə vəd vermişdi ki, Rusiyadan uzaqlaşın, sizə köməklik edəcəyik, istənilən dəstəyi verəcəyik.

Səmimi olaraq deyim ki, Ukraynanı çox sevirəm.  O ölkə mənim ikinci vətənimdir. Mən 1980-ci illərdə Ulu Öndərin xaricdə təhsil proqramına əsasən, həmin ölkədə ali təhsil almışam. Namizədlik, doktorluq dissertasiyalarımı ovaxtkı Kiyev Dövlət Universitetində almışam. Hazırda həmin ali müəssisə Kiyev Milli Universiteti adlanır və həmin universitetin professoruyam. Bu mənada Ukraynaya yaxından bələdəm. Qeyd etmək istərdim ki, Ukraynanın beynəlxalq siyasəti o qədər də səriştəli getmədi. Başqa ölkələrin düşünülməmiş addımları Ukrayna üçün təcrübə olmadı. Bunun nəticəsində zaman-zaman Ukrayna-Rusiya münasibətləri daha da kəskinləşdikcə bugünkü müharibəyə zəmin yarandı.

Ukraynanın bütün parlament, prezident, bələdiyyə seçkilərində yaxından iştirak etmişəm. Hesab edirəm, Rusiyanın Ukrayna ilə siyasi tərəfdən yaxınlaşma nöqtəsi 2010-cu il seçkilərində oldu. Rusiyanın Ukraynaya təsiri çox idi. Amma 4 ildən sonra bu problemlər daha da dərinləşdi. Ukrayna xalqı azadlıqsevən xalqdır, hələ sovet dövründən Rusiyadan uzaq olmağa çalışıblar. Amma  düşünülməmiş formada  münasibətləri korlamaq, məsələləri kəskinləşdirmək 2014-2015-ci illərdə Krım faciəsi, başqa problemlər yaratdı.

Ukrayna böyük dövlətlərin regionda yaratdığı fırtınanın içərisinə düşdü və müharibənin başlanmasına təkan verdi. İndi vəziyyət ona gətirib çıxarıb ki, ekspertlər hərə bir söz deyir, təklif verir. Fakt budur ki, Ukraynanın 20 faiz ərazisi işğal olunub, hətta Rusiyaya birləşdirilib. Bundan sonra nə Ukrayna, nə də Rusiya geri çəkilə bilməz. Ona görə də vəziyyəti siyasi, iqtisadi yöndən təhlil edəndə başa düşürük ki, bu müharibə tək iki ölkə – Qərb-Rusiya arasında deyil, dünyanın bütün ölkələrini parçaladı.  Təsəvvür edin,  Ukrayna ilə Rusiya dünyanın taxıl, qida tələbatının 30 faizini ödəyirdi.  İndi o istiqamətdə böyük problemlər var. Kənd təsərrüfatına lazım olan mineral  gübrələr və digər  komponentlərin 15 faizə qədəri bu ölkələrdən gəlirdi. Logistika, nəqliyyat sahəsində problemlər yarandı, ən əsası, Ukraynaya  insan tələfatı ilə bağlı böyük zərbə dəydi. Qeyri-rəsmi olaraq deyə bilərəm ki, Ukraynanın 50 faizə yaxın iqtisadiyyatı müharibə nəticəsində inkişaf edə bilmir. Ukrayna büdcəsinin 40 faizini Qərb maliyyələşdirir. Bu da bir faciədir və əslində, bütün dünyanın problemidir.

 

- Dünya Rusiya-Ukrayna müharibəsi, pandemiyanın, iqtisadi böhranın doğurduğu məngənədən necə çıxmağı düşünür. Dövlətimizin, ictimaiyyətin Ukraynaya münasibəti barədə nələri söyləmək olar?

 

- 2008-ci ildən dünyada ABŞ-dan başlayaraq maliyyə böhranı yarandı. Bu ölkələr böhrandan çıxıb özlərini bərpa etməmiş, 2019-da pandemiya problemi başladı və dünya iqtisadiyyatı süni  koma vəziyyətinə gətirildi. Dünya iqtisadiyyatı 8-10 faiz gerilədi. Dünya iqtisadiyyatı ildə, orta hesabla, 2, 3 faiz inkişafda olurdu və birdən-birə 10 faiz geriləməsi özünün təsirini göstərdi. Postpandemiya vaxtı planlar qurulmuşdu ki, dünya iqtisadiyyatını sürətlə artırsınlar. Pandemiya vaxtı pulu emissiya edib süni formada insanlara versinlər. Məsələn, ABŞ-da 3 trilyon  dollar pulu emissiya edib, insanlara bəxşiş etdilər ki, təki camaatın başı qarışsın. Avropada 1 trilyona yaxın pul bu formada  insanlara paylanmışdı. Bunun da fəsadları özünü göstərməli idi. Məlumdur ki, dünyanın bazar iqtisadiyyatını idarə edən qanunlar var. Təbiidir ki, bu, maliyyə imkanları ilə idarə olunur. Bazar iqtisadiyyatı nə qədər xaotik olsa da, yenə də müəyyən iqtisadi qanunlara tabe olur. Bu qədər pulun emissiyası, paylanması kömək məqsədilə edilsə də, fəsadları artıq görünürdü. Bax, bu böhrandan sonra müharibələr dünya iqtisadiyyatında vəziyyəti daha da kritikləşdirdi.

Dünya infilyasiyanı cilovlamağa çalışır. Yəni dünya iqtisadiyyatında 1,5, 2, 5, 3 faiz infilyasiya normal sayılırdı.  Azərbaycanda da 2.5, 3 faiz infilyasiya var idi ki, bu da bizim üçün etalon sayılırdı. Ötən il dünyada  infilyasiyanın dərəcəsi 10-12 faizə çatmışdı. Beləliklə, dünyada müflisləşmə getdi. Orta sinif parçalandı. Bu da bir faciədir. Bununla yanaşı hərbi xərclərə diqqət artırıldı. NATO belə bir qərar verdi ki, ümumdaxili məhsulun, ən azı, 3 faizi hərbi xərclərə sərf olunmalıdır. İndi yenə təzədən pulun emissiyasına güc verilir. Bunlar göstərir ki, infilyasiyanı cilovlayıb vəziyyəti pandemiyadan əvvəlki səviyyəyə salmaq çətin olacaq.

Bu gün üzdə nominal iqtisadi artım var. Bu da real iqtisadi artım deyil. Bunun fəsadları bütün ölkələrə, o cümlədən Azərbaycana  təsir etdi. Müharibə və pul, kredit, maliyyə məsələlərinin bu formada şıdırğı formada aparılması bütün sahələrə, o cümlədən sosial sferaya təsir etdi. Bu vəziyyət sosial sahəni əməlli-başlı problem çərçivəsinə salıb. Ona görə də ABŞ-ın özündə, Avropada- Çexiya, Almaniya, Fransada insanlar küçələrə çıxıb tələb edirlər ki, müharibə xərcləri dayandırılsın. Bu tələblər sırasında Ukraynaya köməyini  dayandırması da var. Çünki cəmiyyətdə sosial problem başlayıb. Qərbin ən aparıcı ölkələri sırasında olan ABŞ-da 50 il olmayan infilyasiya baş verdi. Biz quru rəqəmləri desək də, bunların arxasında böyük sosial faciələr durur. 

Azərbaycanda pandemiyadan çıxmaq üsulu daha praqmatik oldu. Bizim iqtisadiyyatımız 4 faiz civarında gerilədi, amma növbəti ildən başlayaraq Azərbaycan iqtisadiyyatı artım yaşadı. Təbii ki, fəsadlar var: müharibə, müharibə xərclərinin artımı bizə də təsirini göstərir.  Azərbaycanın 44 günlük müharibəsinin ən müsbəti tərəfi odur ki, 30 illik işğal problemini özümüz həll etdik. Bütün ölkələr  BMT-də, Avropada ərazi bütövlüyümüzə səs versə də, kömək üçün heç bir iş görmədilər, hətta işğalçı Ermənistana qarşı sanksiyalar da  tətbiq edilmədi.  

Açığı, Qərbin vədlərinə, təkliflərinə  o qədər də inanmıram. Milli maraqlarımız naminə bəzilərindən istifadə etməliyik. Bütün hallarda öz yolumuzla gedirik. Bu yolu da işıqlandıran cənab Prezidentin siyasətidir. Azərbaycan xalqı, dünya azərbaycanlıları  daim cənab Prezidentin siyasətini dəstəkləyir.

Təxminən, 10 gün əvvəl Ali Radanın rəsmi dəvətinə əsasən 4 nəfərlik nümayəndə heyəti ilə Ukraynada səfərdə olduq. Səfər çərçivəsində 17 mühüm görüş keçirdik.

Ukraynada küçədə gedərkən bizi görən insanlar Azərbaycan xalqına, Prezidentinə humanist addımlarına görə  minnətdar olduqlarını bildirirdilər. Bilirsiniz ki, Azərbaycan yüzlərlə Ukrayna uşağını qəbul etdi. Ukraynaya 35 milyon avroluq humanitar yardım göndərdik. SOCAR müharibə yaralılarını, xəstələri daşımaq üçün  300 min litrlik pulsuz yanacaq verdi. Yəni biz Ukraynanın ərazi bütövlüyünü, suverenliyini dəstəkləyirik. Onlar da bizi dəstəkləyir.

 

– Ölkədə bir neçə dəfə qida və digər sektorlarda qiymət artımları baş verdi. Qeyd etdiyiniz kimi, bu, dünyada baş verən müharibələr, iqtisadi infilyasiyanın fəsadları kimi dəyərləndirilir. Azərbaycan əhalisinin sosial iqtisadi durumunu tarazlamaq üçün bu yöndə hansı addımlar atılır, vəziyyət necədir?

 

– Qiymət artımı təbiidir. Dünya infilyasiyanın qarşısını alıb qiymətləri stabilləşdurmək üçün addımlar atarkən, bir tərəfdən də pandemiya dünya iqtisadiyyatını çətinləşdirdi. Qeyd etdiyim kimi, qiymət artımının qarşısını ala bilmədilər, bu, birmənalıdır.

Son 8-9 ayda BMT-nin Fau qurumu qida məhsullarında hər ay qiymətlərin aşağı düşməsini müşahidə edir. Bu, müsbət haldır. Bu, nə vaxta qədər ola bilər? “Taxıl dəhlizi”nin bağlanması söhbəti gedən kimi taxılın qiyməti ikiqat artdı. Bu gün taxılın qiyməti 300 avro olub. Görünən odur ki, dünya iqtisadi tənəzzülü aşmaq üçün cəhdlər edir və istər-istəməz bu, hər yerdə özünün təsirini göstərir. Azərbaycan beynəlxalq iqtisadi layihələrə ev sahibliyi edərək, ölkə daxilində sosial-iqtisadi vəziyyəti müəyyən mənada tənzimləyir, nizamlayır...  (Həftə içi)

 

Tahirə Qafarlı