“Ümummüxalifət aksiyasının keçirilmə problemi buna sübutdur” - MÜSAHİBƏ

10:27 13-02-2019 | icon 483 | Siyasət
“Ümummüxalifət aksiyasının keçirilmə problemi buna sübutdur” - MÜSAHİBƏ

İlqar Altay: “Müstəqillik yoxdur və hansısa kənar təsirin, bağlılığın mövqeyi ilə hərəkət edirlər”

 

 

Siyasi ekspert İlqar Altayın Versus.Az-a müsahibəsi

 

- İlqar bəy, məlumdur ki, əsas inkişaf tempi kadr potensialının düzgün tənzimlənməsindən keçir. Maraqlıdır, bu gün siyasi əzikliyin aradan qaldırılması üçün siyasi partiyalar, xüsusən də müxalifət bu prinsipdən yararlana bilirmi?

 

- Dünya praktikasında iki cür siyasi müxalifət olur. Biriləri nə yolla olursa olsun, yalnız hakimiyyətə gəlməyi düşünürlər. Bunlar yalnız iqtidarı yıxmaq ehtirası ilə hərəkət edən və sonranın nə olacağını düşünməyən inqilabçılardır. Hakimiyyətə gələn kimi ya ağıllı olub hökuməti, idarəçiliyi layiqli, qeyri-siyasi, mütəxəssislərə təhvil verirlər, ya da yalnız mübarizə şüarı ilə yaşamış səriştəsiz, ixtisassız insanların idarəçiliyində qalmaqla qısa müddətdə hakimiyyətlərini itirirlər.

Digər qrup müxalifət isə uzağı düşünür, hakimiyyətə gələndən sonra nə edəcəyini, hansı potensial və ideya daşıyıcıları ilə ölkəni necə idarə edəcəyini proqramlaşdırır, gələcək hökumətin layihəsini qurur. Vaxtında kadrlarını düzgün seçir, dəyərləndirir, idarəçilik savadı və treninqləri keçirir. Digər tərəfdən, tərkibində pozucu antidövlət-antixalqçı, separatçı, dini ekstremist qüvvələrin olub-olmadığını müəyyən edir. Yaxud, hakimiyyətə gələndə bunlardan yaxa qurtara biləcəkmi, sualına aydınlıq gətirir. Yoxsa, bütün illərini çayxanada oturub domino, nərd vurub kütləşən, öz intellekt, bilgi potensialını artırmayan və yalnız icra hakimliyi vəzifəsi güdüb gözləyən müxalifət partiyasının sədri nəyi idarə edəcək? Bürokratlardan nə ilə fərqlənəcək?

 

“Bu, Elçibəy hakimiyyətində baş verdi

 

- Hazırki müxalifətdə kadır seçimi ilə bağlı vəziyyət necədir?

 

- Müxalifətin hakimiyyəti idarə etmə uyğunluğu, kadr imkanları, intellekt, hətta davranış potensialını, təsəvvür etmək belə çətindir. Düzdür, öz üzərində işləyən müəyyən savadlı funksionerlər var. Amma minlərlə müxalifət üzvü var ki, nə bilgi ixtisası var, nə də idarəçilik kimi spesifik təlimə, bilgiyə malik deyillər, Onlar hakimiyyətə gəlsələr nə olacaqlar? Belələri sonra deyəcək ki, “filan mübarizəni apardım, aksiyada, mitinqdə iştirak etdim, tutuldum, can qoydum, indi tələblərimi yerinə yetir”. Əgər tələbləri ödənilib vəzifə verilməsə, hirs və qisas zəmnində yeni hakimiyyətin özünə qarşı çıxıb onu çökdürərlər. Necə ki, bu, Elçibəy hakimiyyətində baş verdi.

 

- İlqar bəy, məlumdur ki, fevralın 16-da Qarabağ Komitəsinin növbəti mitinqi nəzərdə tutulmuşdu, amma yenə icazə verilmədi. O da məlumdur ki, hətta mitinqlə bağlı daxildə müxtəlif fikirlər var. Necə hesab edirsiz, bu fikirayrılığı həmin qüvvələr üzərində hansısa təsirlərdən xəbər verə bilər?

 

- Təəssüflər olsun ki, Azərbaycan müxalifətində Qarabağ dərdi kimi, ümummilli məsələ ilə bağlı ümumi fikir yoxdur. Sanki müstəqillik yoxdur və hansısa kənar təsirin, bağlılığın mövqeyi ilə hərəkət edirlər. Qarabağla bağlı ümummüxalifət aksiyasının keçirilmə problemi buna sübutdur. Bu da ölkə mųxalifətinin qalan digər siyasi, demokratiya uğrunda mübarizə, taktika, gedişlər məsələlərində də yekdil mövqe olmadığını göstərir.

 

“Avropa erməni diasporu bu məsələni hədəfə götürüb”

 

- Gürcüstanda Azərbaycana qaışı terror törətmiş bir erməniyə abidə qoyulmasına etiraz edən və heykəl ləğv edilməsə azərbaycanlıları Gürcüstanda muxtariyyat yaratmağa təşviq edəcəyini deyən milyonçu, həmyerlimiz Söyün Sadıqovun bu günlərdə həbs olunduğu deyilir. Sizcə bu prosesdə hansı əllər işləyir?

 

- Gųrcüstandakı həmin erməni heykəli məsələsi, oradakı erməni etnikləri və azərbaycanlılar arasındakı mübahisədən daha irəli gedib. Bu, artıq Ermənistan-Azərbaycan cəmiyyətləri və hətta beynəlxalq güclərin qarışdığı prosesə çevrilib. Getdikcə də vəziyyət qatılaşır və müəmmalaşır. Söyün Sadıqovun işi də həmçinin. Artıq məlumat var ki, Avropa erməni diasporu bu məsələni hədəfə götürüb.

 

- Doğrudanmı ölkəmiz yeni bir hərəkatın başlanğıcında dayanıb və doğrudanmı “aktivlik stimulu” ölkəyə xaricə gedən siyasi fəallar tərəfindən ötürülür?

 

- Bu təbiidir. Əvvəla Qərb və Avropa nümunəvi quruluş sistemlərinə sahibdir ki, bizim dövlət də öz yaşam və inkişaf proqramında bu məkana inteqrasiyanı nəzərdə tutub. Xaricdəki insanlarımız da bunu bilavasitə görür və bilir. Digər tərəfdən, xaricdə insanlar daha sərbəstdirlər və sərbəst də düşünürlər. İndi xaricdəki bəd mahiyyətli insan həmin sərbəst mühitdə daha da bədləşir və o aqressiv təsirini öz ölkəsinə ötürür. Amma xalqını, ölkəsini qərəzsiz, siyasi fikirsiz düşünən konstruktiv mahiyyətli insanlar, savadlı tələbələr, bacarıqlı mütəxəssislərimiz innovativ ideyalarla ölkəsinə xeyir verməyə çalışırlar. Avropa ölkələrində vəzifədə, deputat etimadında olanlar da çoxdur. Onlar buna uyğun olaraq öz vətəninə, cəmiyyətinə müsbət təsirlərini edirlər. Azərbaycanın inkişafı üçün belə kadrları cəlb etmək lazımdır.  Görürsünüzmü Gürcüstan, Ermənistan necə edir, hətta xaricdə doğulmuş millət nümayəndələrini, kadrlarını öz ölklərinə gətirirlər.

 

T.Qafarlı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

İqtisadi tarazlıq nə zaman pozulur?

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Tarixi dostluq və mehriban qonşuluq

Parlament seçkiləri bu tarixdə keçiriləcək

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

Parlament seçkisi ilə bağlı daha bir ANONS

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

RAYS Azərbaycanda piratçılığa qarşı: Hamı ödəməli olacaq!

Xocalıda insan qalıqları AŞKAR EDİLİB

"Quru sərhədinin açılması ilə bağlı məqam hələ yetişməyib"

Elmira Süleymanova dəfn olundu

MDU-da ustad dərsləri

Qərbi Azərbaycan İcmasından ABŞ Dövlət Departamentinə CAVAB

Tanınmış bəstəkara həsr olunmuş KATALOQ