Bakı-Ağdam-Xankəndi marşurutunun ardınca...

21:40 06-09-2023 | icon 190 | Siyasət
Bakı-Ağdam-Xankəndi marşurutunun ardınca...

Fəzail İbrahimli: “...Növbəti addım Bakı-Zəngəzur-Naxçıvan yoludur”


İşğalçı, monoetnik, azərbaycanlılara qarşı soyqırım, qətliamlar, deportasiyalar həyata keçirdən Ermənistanın törətdiyi cinayətlərin qarşılığında Azərbaycan daxilində özünə-erməniyə beynəlxalq təşkilatlardan haqq-ədalət istəməsi absurd, gülünc olmaqla yanaşı, yumşaq təcavüzün, təxribatın ən iyrənc formasıdır, regiondakı yeni reallıqlara qarşı çıxan cinayətkarın ata biləcəyi addımlardır. Belə bir şəraitdə ləyaqətsiz düşmənlə üz-üzə dayanan Azərbaycan, həm də regionda marağı olan digər dövlətlərə qarşı qəti mövqeyini bildirməli, haqqını hüququnu qorumalıdır. Azərbaycanın Qarabağ ərazisində cərəyan edən proseslərin erməni iddiaları və digər qonşu dövlətlərdən gələn ərazi təhdidləri mövcud reallığı hansı hansı istiqamətə dəyişə bilər?

 

Milli Məclis sədrinin müavini Fəzail İbrahimli hafta.az-a müsahibəsində bir necə nüansa diqqət çəkib.

 

- Bu gün Azərbaycan ərazilərində qalan erməni separatçıları, Ermənistan hökumətinin Qarabağda yaratdığı gərginlik beynəlxalq müstəvidə diqqəti nə dərəcədə cəlb edə bilib və Ağdam-Xankəndi marşurutunun ardınca hədəfimiz haradır?


- Bu gün əli hər yerdən üzülən separatçılar beynəlxalq miqyasda rezonans doğurmaq məqsədilə müxtəlif vasitələrdən istifadə edir. Erməni diasporunun lobbiçilik etdiyi məlum Avropa institutlarının köməyi ilə Azərbaycana qarşı sanksiyaların tətbiqinə çalışdı. Onların uğursuz aksiyası göstərdi ki, separatçılar məğlubiyyətə məhkumdular. Son nəticə hər şey prinsipi ilə çıxış edən erməni tərəfi "bədbəxt və əzabkeş artsaxlılar" şüarını gündəmdə saxlamağa, qadın fəalları, feministləri mübarizəyə qatmaqla insan haqları ilə bağlı Avropa institutlarının diqqətini bölgədə cərəyan edən hadisələrə yönəltməyə səy göstərirlər. Amma bu dəfə durum başqadır! Artıq bölgədə ərazi bütövlüyümüzü təmin edən qalib ordu, beynəlxalq arenada iqtisadi gücü ilə milli maraqlarını həyata keçirən qüdrətli Azərbaycan dövləti və onun güclü lideri var. Azərbaycan və Ermənistanın mənzərəsini bir anlıq müqayisə edək, yerlə-göy qədər fərq var. Düşmən ölkə quyunun dibindədir. Ermənilər Qarabağ döyüşlərində rəzil günə düşmüşdülər, Ermənistanda indi baş verənlər isə bu ölkənin taleyinin qaranlıq olduğunu göstərir. Son BMT fiaskosunda ermənilər bunu anlamış olmalıydılar. Amma yenidən fransız ikiüzlüyünə və rus hərbinə güvənib erməni xislətini ortaya qoyurlar. Bakıdan Xankəndinə göndərilən yardım karvanının qarşısı rus sülhməramlıları tərəfindən alınır, əvəzində Fransanın yeni “humanitar təxribat”ına rəvac verilir. Baş verənlar bir daha Ağdam-Xankəndi yolunun istifadəsinə məqsədyönlü şəkildə Ermənistan və onun Azərbaycanın Qarabağ bölgəsində yaratdığı və dəstəklədiyi qondarma rejim tərəfindən süni əngəllər yaradıldığını sübut edir. Azərbaycan tərəfi Qarabağda yaşayan erməni vətəndaşlarımızın təhlükəsizliyini, sağlamlığını və təminatını da öz üzərinə götürməyə hazırdır. Yəni, Ağdam-Xankəndi yolu ilə humanitar missiyanı reallaşdırmaq tam mümkündür. Bu proses məhz dövlətimizin dəstəyi ilə baş tutmalıdır. Çünki kənar dəstək, Ermənistanın dəstəyi ilə humanitar yardımlar siyasi məqsəd daşıyır. Bizim mövqeyimiz budur ki, Qarabağ ermənilərinin cəmiyyətimizə reinteqrasiya prosesi sürətləndirilsin, bölgəni hərbisizləşdirilməklə dayanıqlı sülh təmin olunsun. Əks təqdirdə, biz görürük ki, Ermənistan vəziyyətdən sui-istifadə edir, Azərbaycanın humanist jestinə qarşı atəş açır, mövqelərimiz atəşə tutulur. Ona görə də, Laçın sərhəd-buraxılış məntəqəsindən mülki insanların keçdiyini nəzərə alaraq Azərbaycan bu sərhəd postunda təhlükəsizliyi birtərəfli qaydada təmin etmək məsuliyyətini öz üzərinə götürüb. Bir məqamı da xatırladaq ki, münaqişədən əvvəl Bakı-Ağdam-Xankəndi-Şuşa avtomobil yolu və Bakı-Ağdam-Xankəndi dəmir yolu xətti Qarabağın inkişafında önəmli rol oynayırdı. Münaqişə dövründə dəmir yolu xətti sıradan çıxsa da, avtomobil yolu ilə gediş-gəliş tamamilə mümkündür. Ona görə də, ermənilərin hər hansı bəhanəsinə yer yoxdur. Bu gün Azərbaycanın iqtisadi potensialı, gücü Qarabağdakı erməni sakinlərimizin sosial məsələlərinin həllinə imkan verir. Bu bölgə Azərbaycanın ərazisi olduğu üçün artıq bütün kommunikasiyalar məhz dövlətimizin vasitəsilə həyata keçirilməlidir. Bu baxımdan, Ağdam-Xənkəndi yolu böyük önəm kəsb edir.

 

- Ermənistanın “humanitar yük” şousunu ortaya atması nə ilə nəticələnə bilər?

 

- Azərbaycanın bu məsələdə mövqeyi qətidir: Ağdam-Xankəndi yolu açıldıqdan sonra Azərbaycanın gömrük və sərhəd rejimi qaydalarına riayət etməklə Laçın-Xankəndi yolundan istifadə edilə bilər. Ermənistan da, ona havadar olanlar da əmin olsun ki, Azərbaycan mövqeyindən geri çəkilən deyil, əksinə son təxribatlar Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə quru əlaqəsini yaratması istiqamətində arqumentlərini gücləndirir, belə ki, əsl blokadada qalan elə Naxçıvandır. Amma nədənsə Naxçıvanın blokadasından danışmaq məsələsinə gələndə Ermənistana havadar olanların qulaqları kar, gözləri kor, dilləri lal olur. Azərbaycan isə qabağa baxır, Bakı üçün regional nəqliyyat və kommunikasiya blokadasının yarılması Zəngəzur dəhlizi paketinin içərisində xüsusi əhəmiyyət daşıyır. Azərbaycan üçün artıq “Laçın dəhlizi deyilən anlayış yoxdur, əvəzində Zəngəzur yolu olacaq” diktəsi var!

Bu, Azərbaycanın Zəngəzur dəhlizi ilə əldə etdiyi razılaşmaları yaxın zamanlarda icra edəcəyinə cavab olaraq ortaya atılıb. Bu, Azərbaycanın qarşısını ala bilməyəcək və gün keçdikcə, Zəngəzur yolu aktuallıq çəkisini artırdıqca rəsmi Bakı lazım olan bütün addımları atacaq. Bakı-Ağdam-Xankəndi marşurutunun ardınca növbəti addım Bakı-Zəngəzur-Naxçıvan yoludur.


- Erməni bəhanələri, yersiz iddiaları beynəlxalq müstəvidə necə qarşılanmaqdadır, İran Azərbaycana münasibətdə nədən “narahatdır”?

 

- Azərbaycanın Zəfər savaşından sonra bölgədə Türkiyə-Azərbaycan İttifaqının söz sahibinə çevrilməsi, Türk Dövlətləri Təşkilatının yeni beynəlxalq güc mərkəzi kimi ortaya çıxması anti-türk qüvvələri hərəkətə gətirib. Təəssüflər olsun ki, bu sırada bəzi xristian qərb dövlətləri ilə yanaşı adını islam respublikası qoyan cənub qonşumuz İran da yer alıb. Minlərlə müsəlmanı qətlə yetirən, məscidləri murdarlayan erməni hökuməti ilə can bir qardaşlıq nümayiş etdirən Tehranın parlament üzvləri etdikləri əməllərdın xəcalət çəkmək əvəzinə bu günlərdə tamam əndazəni aşaraq sərsəm bəyanatlar səsləndirib. Belə ki, bir qrup iranlı deputat Azərbaycan prezidenti İlham Əliyevin Türk Dövlətlərinin 9-cu Sammitində Azərbaycanın hüdudlarından kənarda yaşayan azərbaycanlıların dil hüquqları haqqında fikirlərində əndişələnib. Onlar Azərbaycan prezidentinə Azərbaycan Respublikasının İranın bir hissəsi olduğunu, şimali Azərbaycan ərazisinin Gülüstan müqaviləsinə əsasən İrandan ayrıldığını xatırladıb. Fars dilində tarixi səhv edən bu mandat sahibləri siyasi normaları da pozub. Bu kəslərə xatırladıram ki, bu müqavilələr nəticəsində 50 milyonluq Azərbaycan türkü ikiyə bölünüb. Siz bu müqavilələrin adlarını xatırlatmaqla güneydə yaşayan 30 milyonluq xalqın hisslərinə toxunursuz. Həm Gülüstan, həm də Türkmənçay müqaviləsi imzalanandan sonra bir neçə dəfə ləğv olunub. 1921-ci ildə sovet Rusiyası çar Rusiyasının imzaladığı bütün müqavilələrin birtərəfli qaydada ləğv olunduğunu elan edib. Bundan başqa Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə bu müqavilə ləğv olundu və İran Azərbaycanın ərazisi ilə bir yerdə onun varlığını tanıdı. Yeri gəlmişkən, 1919-cu ildə Paris sülh konfransında İran torpaq iddiası ilə çıxış edib və Avropalılar bu iddianı dilinə gətirən İran nümayəndəsini otaqdan qovub. Təbii ki, o müqavilə çoxdandır tarixi hadisəyə çevrilib. Ona görə də bu gün o haqda danışmaq siyasi hoqqabazlıqdır və yalnız daxili auditoriya üçün təbliğati əhəmiyyəti ola bilər. Şimali Azərbaycan, yəni indiki Azərbaycan Respublikasının vətəndaşları da Türkmənçay və ya Gülüstan müqavilələrini tarixin zorakı olayı kimi xatırlayır və unutmur. Çünki bu müqavilə ilə parçalanan bizim vətənimizdir. Tarix bütün həqiqətləri öz yerinə qoyan ən böyük hakimdir. Şimali Azərbaycan öz müqəddəratını çoxdan müəyyən edib. Güney Azərbaycanda yaşayan soydaşlarımız da ”Haray, haray, mən türkəm" deyərək, iranlı olmadığını bildirir və milli kimliyini dünyaya bəyan edir. Amma İran deyilən bir zindanda olmağı heç farslar özü də istəmir və bu gün İranda baş verənlər də bunun təsdiqidir. Azərbaycan prezidentinin fikirləri isə tam yerində olan bir bəyanat idi. Bir necə il öncə cənab İlham Əliyev “mən təkcə Azərbaycan Respublikasında yaşayan xalqın yox, bütün dünyada yaşayan 50 milyon azərbaycanlının prezidentiyəm” demişdi. Hazırkı dövrə kimi harada yaşamasından asılı olmayaraq öz vətəndaşlarının hüquqlarını qorumaq, təhlükəsizliyini təmin etmək üçün qarşısında duran vəzifələri yerinə yetirən Azərbaycan dövləti bundan sonra dünyanın ayrı-ayrı ölkələrində yaşayan azərbaycanlıların hüquqlarının müdafiəsi, təhlükəsizliyinin təmin olunması, milli kimliyini qorunub saxlanması vəzifəsini icra etməyə hazır olduğunu bəyan edir. Yeri gəlmişkən, Güney Azərbaycanın bütün şəhərlərində Azərbaycan Prezidenti İlham Əliyevin fotosu olan və üzərinə "Güney Azərbaycan arxanızdadır, cənab prezident!" yazılmış plakatlar divarlara vurulub. Bu millətin ruhunun, ideyasının və liderinin bir olduğunun təsdiqləyir! /hfta.az/

 

Tahirə Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

TDT yaxın gələcəkdə dünyada güclü bir təşkilata çevriləcək

Azərbaycanla Ermənistan arasında 28 sərhəd dirəyi QURAŞDIRILIB

“Qeyri-Centlmen İşlər Nazirliyi” "CineMastercard"da

Rusiyaya məxsus helikopter aerodromda məhv edildi

Samir yeniliklərlə qayıtdı

Bəzi tikinti materialları BAHALAŞACAQ

Ənvər Sadıqov - 58

Azərbaycanda dəhşətli hadisə

Deputatın “Başkənd” iddiası ciddi qınağa səbəb oldu

Haaqada Azərbaycanın Ermənistana qarşı qaldırdığı iddianın dinləmələri BAŞA ÇATIB

Fuad Muradov 7 kişini şantaj etdi və...

Ölkəmizə olan böyük etimadın və dəstəyin nümunəsi

Azərbaycan Ordusunda komanda-qərargah təlimləri

Prezidentin Almaniya səfərində ən mühüm MESAJI