"Adı olub, üzvləri olmayan partiyalar narazı qalıbsa..."

15:00 08-09-2023 | icon 197 | Siyasət
"Adı olub, üzvləri olmayan partiyalar narazı qalıbsa..."

Sabir Rüstəmxanlı: "Ədliyyə Nazirliyi siyahıları bizi əsəbiləşdirən dəqiqliklə yoxladı"

 

“Siyasi partiyalar haqqında” Qanuna əsasən, siyasi partiyaların yenidən qeydiyyatı davam edir. Mövcud yenilənmə prosesində bir çox partiyaların elə ilk vaxtlardan siyasət meydanından  çəkildiyi, bir qisminin özünün fəaliyyətini başqa xətt üzrə davam etdirdiyi müşahidə olundu. Proses əksər partiyaları qane etmir, hətta reyestrdən keçə bilənlərin xüsusi olaraq “seçildiyi” iddia olunur.

 

Qeyd edək ki, müxalif siyasi partiyalar arasında ilk reyestr “ələk”indən keçən partiya – Vətəndaş Həmrəyliyi Partiyasıdır. Bu istiqamətdə müsahibə verən Vətəndaş Həmrəyliyi Partiyasının  sədri, Milli Məclisin deputatı Sabir Rüstəmxanlı bir çox suallara aydınlıq gətirib.

 

–   Sabir müəllim, Vətəndaş Həmrəyliyi Partiyası dövlət reyestrindən keçən ilk müxalif siyasi təşkilat oldu. Bu prosesi uğurla keçən partiya sədri olaraq necə hesab edirsiniz: reyestrin tətbiqi partiyalara, eləcə də ümumi siyasi partiya sisteminə nəyi qazandırdı, hansı maneələri yaratdı, bu proses lazım idimi?

 

– “Siyasi partiyalar haqqında” qanun dəyişiləndə siyasi dairələrdə müəyyən narahatlıqlar var idi. Hətta bunu siyasi partiyalara təzyiq kimi dəyərləndirənlər də oldu. Eləcə də siyasi partiyaların qeydə alınmayacağı və sair buna bənzər söz-söhbətlər yayıldı. Proses göstərdi ki, elə bir niyyət yoxdur. Sadəcə olaraq, Azərbaycanda siyasi partiya anlayışına, siyasi partiya mühitinə bir aydınlıq gətirmək lazımdır.

Məlumdur ki, “Siyasi partiyalar haqqında” qanun bir neçə dəfə çox geniş müzakirə olundu. İstər Milli Məclisdə, istərsə də Milli Məclisdən kənarda keçirilən müzakirələrdə bütün siyasi partiyalar, QHT-lər, mətbuat nümayəndələri iştirak etdilər. Hər kəs öz sözünü dedi, təkliflər verildi. Bu təkliflərin əksəriyyəti nəzərə alındı və “Siyasi partiyalar haqqında” qanun Milli Məclisdə müzakirə olundu, qəbul edildi. İndi partiyaların vəziyyətinə yenidən baxılır. Bir çox media orqanlarında yazılır ki, VHP qeydiyyatdan keçdi. Əvvəla qeyd etməliyəm ki, bu qeydiyyat deyil, çünki partiyanın qeydiyyatı var idi. Sadəcə olaraq reyestri aparıldı – partiya üzvlərinin sayı, yeri dəqiqləşdirildi. Beləliklə, hər bir partiya öz imkanları daxilində üzvlərini müəyyənləşdirdi, qanunun tələblərinə uyğun olaraq onların siyahısı Ədliyyə Nazirliyinə təqdim olundu. Ədliyyə Nazirliyi bu siyahıları hətta bizi əsəbləşdirən dəqiqliklə yoxladı. Biz deyirdik ki, nəyə lazımdır tək-tək hər bir nəfərə zəng edib onların telefonu ilə maraqlanırlar. Ailədir, 3-4 adam bir telefon nömrəsini göstərə bilər. Yəni, siyahıda olan adların hamısı bu qədər diqqətlə yoxlanıldı. Təbii ki, bu zaman qeyri-dəqiqliklər də oldu. Bəzən zəng vurulan adam nə vaxt partiyaya keçdiyini, hətta partiyanın adını belə unudub. Tutaq ki, deyiləndə ki, “Sabir Rüstəmxanlının partiyası”, “Hə, o partiyanın üzvüyəm” – deyib. Bu cür hallar da baş verdi. Biz bir siyasi partiya olaraq reyestrdən çox razı qaldıq. Vətəndaş Həmrəyliyi Partiyası 1992-ci ildə yaranıb. Düzdür, bütün rayon təşkilatlarını nəzarətdə saxlayırıq. Konfranslar keçirilir, üzvlüyə kimlərin gəlib-getdiyi, yaxud kim həyatdadır, kim dünyasını dəyişib, kim Azərbaycandan gedib və sair dəyişikliklərlə bağlı məlumatlarımız olur. Buna baxmayaraq hesab edirik ki, Ədliyyə Nazirliyinin yoxlaması bu məsələləri daha da dəqiqləşdirdi. Hesab edirəm, bunun ancaq işimizə xeyri olacaq. Adı olub, üzvləri olmayan partiyalar narazı qalıbsa, bu, siyasi havanı dəyişməyəcək. Yəni siyasi partiya ciddi bir anlayışdır və onun üzvləri olmalıdır. İndi reyestrdən keçdikdən sonra, artıq siyasi partiyalara məktublar gəlib ki, sizin üzvlərinizin reyestri təsdiq olunub. İndi Ədliyyə Nazirliyinə nizamnamə və proqramlar veriləcək ki, bu da lazımdır. Ümumən, Prezident Aparatında Siyasi partiyalarla iş şöbəsinin yaradılması və burada siyasi partiyalarla aparılan görüşlər, onların tövsiyələri, əlaqələr, partiyaların yaxınlaşması respulikanın həyatı üçün zəruri prosesdir və bunu yüksək qiymətləndirirəm.

 

– Reyestrdən keçmək üçün üzvlərin siyahısının yenilənməsi, araşdırılması zamanı partiyanın bütöv “orqanizminə” yenidən baxmaq imkanı qazandınız. Nələri müşahidə etdiniz və partiya sistemində hansı yenilənmələrə ehtiyac var?

 

– Bu proses hər kəsi silkələdi. Öz üzvlərini dəqiqləşdirdi, sənədlərdə səliqə-sahman yarandı. Bütün rayon təşkilatları bu prosesə qoşuldu, öz üzvlərini dəqiqləşdirdilər. Partiyalarda çox ciddi işlərin aparılmasına təsir etdi. Bunun özü də müsbət haldır. Digər tərəfdən, güman edirəm ki, geosiyasi gərginliyin, dünyanın az qala üstümüzə gəldiyi bir vaxtda siyasi partiyalar qarşılıqlı əlaqələr yaratmalı, siyasi partiyalar arasında didişmələrə son qoyulmalıdır. Qarşılıqlı əlaqələr şəklində, ölkənin problemlərini bir yerdə müzakirə etməklə siyasi həyatımızda davamlı bir dinamika yaratmalıyıq. 

 

– Qeydiyyatı ləğv olunan bəzi müxalifət partiyaları bu prosesdə də kimlərinsə xüsusi olaraq seçildiyini deyirlər. “İqtidar istədiyi partiyanın sənədlərini üzvləri olmasa da qəbul edir” kimi fikirlər səsləndirilir. Bu cür yanaşmalara fikriniz nə olacaq?

 

– Belə fikirlər yanlışdır, yalandır. Bizim partiya Milli Məclisdə 3 deputatı ilə təmsil olunan YAP-dan sonra ikinci partiyadır. Biz belə bir münasibət, yaxud güzəşt görmədik. Mən gördüm ki, çox dəqiq yoxlamalar gedir. Güman edirəm ki, YAP-da da belə olub. Qeydiyyatdan keçməyən partiyalar üçün də ümid yeri qalır. Dünya dağılmayıb ki, sən siyasi partiya haqqında qanuna uyğun olaraq üzvlərini topla, 4500 üzvlərdən ibarət siyahını Ədliyyə Nazirliyinə təqdim et, nazirlik yoxlayıb qeydiyyatdan keçirəcək. Proses davam edir. Kimlərsə fəaliyyətinə xitam verdisə, bu artıq onların şəxsi işidir.

 

– Bu prosesdə “yeni və ya uzun müddət fəaliyyət” prinsipi partiyaların reyestrdən keçməsində hansısa təsirə malik ola bilər?

 

– “Siyasi partiya haqqında” qanunda “yeni yaranan, köhnədən qalan partiya” prinsipi yoxdur. Burada qanunun tələbləri var və istənilən partiya ona uyğun şəkildə fəaliyyətini qura bilirsə, üzvərini toplayıb reyestrdən keçir. Bu uydurmalar ola bilər, amma dediyim kimi qanunda belə bir məsələ yoxdur.

 

– Siyasi partiyaların ələnməsi, yenilənməsi Azərbaycan siyasi partiya instituna nə vəd edir, bu yöndə perspektivi necə görürsüz?

 

– Azərbaycan müstəqil dövlət olaraq demokratik inkişaf yolunu tutub. İndi biz o inkişafın hansı səviyyəsindəyik deyə bilmərəm. Hər halda bu yolu tutmuşuq və bu yolla irəliləyirik. Gedən proseslər də göstərir ki, əgər Azərbaycan 1918-ci ildə qurulan Cümhuriyyət ideyalarına, prinsiplərinə sadiq olaraq inkişaf etmək yolu ilə gedirsə, o yolun tələblərindən də biri də siyasi partiyaların olmasıdır.

Eləcə də o yolda hakimiyyət dəyişikliklərinin yalnız seçki yolu ilə aparılması, cəmiyyətin söz azadlığı, söz demək imkanı, cəmiyyətin bütün təbəqələrinin siyasi həyata yaxından müdaxiləsi siyasi partiyaların həyatında gedən proseslərin tərkibidir. Siyasi partiya seçkilərə qatılmırsa, sözünü deyə bilmirsə, mətbuatı yoxdursa, artıq o, siyasi partiya ola bilməz. /hafta.az/

 

T.Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ənvər Sadıqov - 58

Deputatın “Başkənd” iddiası ciddi qınağa səbəb oldu

İltihab xəstəliklərində nələri nəzərə almaq lazımdır?

"Almaniyaya səfər məhsuldar keçdi"

Azərbaycanda 1 May Bayramı keçirilə bilər?

Rektor yubiley medalı ilə təltif edildi

82 minə yaxın uşaq avtomatik olaraq 1-ci sinfə yerləşdirilib

Qarabağ Universitetinin yataqxanası ödənişli olacaq?

“For Azerbaijan”ın qrant müsabiqəsinin NƏTİCƏLƏRİ

Məhkəmədən Anar Məmmədli barədə QƏRAR

Manyak ƏLƏ KEÇDİ

MHB-nin Göyçay rayon təşkilatı təsis olundu

Sakinlərin NƏZƏRİNƏ

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna START

Tibbi arayışlar elektron formaya KEÇDİ