"Əsas hədəf qələbəni qorumaqdır"
Vüqar İsgəndərov: "Uğurlu bünövrələr bizi indiki qələbələrimizə qədər gətirdi"
Regionun geosiyasi mənzərəsi dəyişir. Azərbaycanın yaratdığı yeni reallıqları həzm etməyən Ermənistan və havadarları, sanki anlaqsız davranır, bu dəfə cinayətkarları müdafiə etmək üçün beynəlxaq məhkəmələrə qədər gedib çıxıblar. Görünən odur ki, Ermənistan haqq-ədaləti tanımaq istəmir, məğlub olsa da, beynəlxalq mexanizmlərdən istifadə edərək, təxribatları ilə siyasi mənzərənin dəyişəcəyinə ümid edir.
Versus.Az xəbər verir ki, bu istiqamətdə müsahibə verən Milli Məclisin deputatı Vüqar İsgəndərov bir çox məqamlara aydınlıq gətirib.
- Bu gün dövlətimizin geosiyasi, geostrateji mənzərəsində diqqətçəkən ən mühüm məqamlar nə ilə bağlıdır, regionda vəziyyət necədir?
- Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra qarşısına qoyduğu hədəflərə doğru qətiyyətlə addımladı. Hədəflərimiz sırasında ən əsas məsələ Qarabağ münaqişəsinin ədalətlə xeyrimizə həll edilməsi, məsələyə birdəfəlik son qoyulması idi. Məhz ümummilli lider Heydər Əliyevin bu istiqamətdə qoyduğu düzgün, uğurlu bünövrələr bizi indiki qələbələrimizə qədər gətirdi.
Ali Baş Komandan, ölkə Prezidenti cənab İlham Əliyev hədəflərə doğru hər gün inamla irəliləməyimiz üçün çox vacib addımlar atdı. Əvvəla, iqtisadiyyatın dirçəldilməsi, şaxələndirilməsi, gənclərin vətənpərvərlik ruhunda tərbiyə edilməsi, ordu quruculuğu, dünyada söz sahibi olmağımız üçün atdığı vacib addımlarla bərabər, Qoşulmama Hərəkatına sədrlik etməyimiz, BMT TŞ-də qeyri-daimi üzv seçilməyimiz, beynəlxalq vacib aktorlarla ikitərəfli sazişlərin bağlanması, dostların artırılması və sair məsələlərin hər biri bizi hədəflərimizə doğru apardı. Yekun nəticə olaraq Azərbaycan geosiyasi, geostrateji anlamda bu gün dünyada çox vacib ölkələrdən birinə çevrilib. Bu şərtlər altında ölkəmiz durmadan inkişaf yoluna qədəm qoydu və bugünkü qələbələrimizi şərtləndirdi.
– Erməni silahları Qarabağda susdurulandan sonra, diplomatik mübarizəmiz hansı cəbhədə davam edəcək?
- 2020-ci il 44 günlük Vətən müharibəsindəki şanlı qələbəmiz və 2023-cü ildə keçirdiyimiz 1 günlük antiterror tədbirləri, artıq Qarabağ probleminə tamamilə son qoydu və biz dövlət suverenliyimizi bütün ərazilərimizdə bərpa etdik. Təbii ki, bundan sonra bütün məsələlərin öz həllini tapdığını, erməni toplumunun, separatçı qurumların dinc duracağını düşünmürük. Ermənistan məğlub durumda olsa da, onların beynəlxalq mexanizmlərdən istifadə edərək Azərbaycana qarşı törətdikləri səyləri görürük. Ermənistan Azərbaycanı Beynəlxalq Məhkəməyə verib, Azərbaycanın imicinə zərər gətirəcək yalançı iddialar irəli sürür. Bununla yanaşı, Avropa Parlamentində Azərbaycana qarşı qəbul edilən qərəzli bəyanatlar, deyilən fikirlər də dediklərimizə nümunədir. Hazırkı situasiyada biz yenidən Şərqi Zəngəzurda, Qarabağda bərpa-quruculuq işləri aparırıq. Cənab Prezident bütün bu məsələlərə ciddi nəzarət edir. Biz xarici siyasətimizdə indi qazandığımız qələbələri davam etdirməli, müvafiq dövlət qurumları, QHT-lər, hətta fərdi olaraq hər birimiz, yenə də bir döyüşçü kimi diplomatik masalarda, getdiyimiz ölkələrdə, tədbirlərdə Azərbaycanın mənafeyi üçün vicdanla çalışmalıyıq. Unutmamalıyıq ki, son 200 ildən bu yana həsrətində qaldığımız qələbəni dadmışıq, qürurlu xalq olmuşuq. Yerdə qalan, problem saydığımız məsələlərin həlli üçün addım-addım irəli getməliyik.
– “Ulu Öndər Heydər Əliyev ili”nin oktyabr günləri də daxil olmaqla, Azərbaycan dövləti, ictimaiyyəti, gəncliyi hansı tarixi hadisələrə şahidlik edir?
– Azərbaycanın qurucusu ulu öndər Heydər Əliyevin 100 illiyi ölkəmizdə və dünyada çox böyük tədbirlərlə yadda qalır. Suverenliyimizin bərpa edilməsi, digər uğurlarımızın Ümummilli Liderimizin yubileyinə təsadüf etməsi tarixi qələbədir və burada simvolik məna da var. Bütün ölkə ərazisində müstəqilliyimizin, suverenliyimizin bərpa edilməsi Ulu Öndərin ən böyük arzusu idi və həmişə bunu fikirlərində də qeyd edirdi. Təbii ki, burada qeyd etməliyik ki, müstəqillik dövrünün gəncləri illərlə qalmış bu problemi həll etdilər. Ali Baş Komandanın ətrafına toplaşan bu gənclik qanı, canı ilə suverenliyimizin bərpa edilməsində çox böyük töhfələr veriblər. Yenə də gəncliyin qarşısında çox böyük vəzifələr durur. Onlar Ulu Öndərin bütün arzularını yerinə yetirməlidirlər. Bu, gələcəyə gedən yolda ölkəmizin qarşılaşacağı bütün maneələri dəf etməkdir. Bu, ölkə imicinin müsbət formalaşması üçün durmadan çalışmaqdır, vətənpərvər olmaqdır. Azərbaycan gənci yaxşı təhsil almalıdır. Dünyada yeni çağırışlara adekvat olmaq üçün yaxşı bilik və savadla silahlanmalıyıq. Vətəni qorumaq üçün hər birimiz ordu sıralarında yaxşı xidmət keçməliyik. Bütün dünya bilməlidir ki, qələbə qazanmış, qalib Azərbaycanın çox güclü ordusu var. Bu imic bütün dünya tərəfindən qəbul edilməlidir və bunun üçün ölkə başçısı çox vacib işlər görür. Ordu quruculuğu sahəsində, müasir silahların alınması, ondan istifadə qaydaları, ən müasir hərbi metodların orduda tətbiq olunması günümüzün reallığıdır və burada bütün məsuliyyət Azərbaycan gəncinin üzərindədir, Azərbaycan gənci ona göstərilən bu etimadı layiqincə doğrultdu, Vətən sevgisinin nə olduğunu dünyaya göstərdi. Düşünürəm ki, gənclərimiz bu ruhda da Vətənimizin inkişafı naminə əllərindən gələni əsirgəməyəcəklər.
– Prezident İlham Əliyevin üçrəngli bayrağımızı Ağdərə, Xocalı, Xankəndidə ucaltması, oradan verdiyi mesajlar düşmənə və havadarlarına hansı dərsi vermiş oldu və regiondakı vəziyyətə bu kontekstdən baxanda hansı mənzərə görünür?
- Cənab Prezident, hətta 2020-ci ilə qədər düşmənə və onun havadarlarına vacib mesajlar verirdi. Və qeyd-şərtsiz Ermənistandan BMT qərarlarının icrasını tələb edirdi. Onlar bunu eşitmədilər və 44 günlük müharibədə layiqli cavablarını aldılar. Bu gün bizimlə hədə ilə danışanlar Azərbaycan məhkəmələrində qanun qarşısında cavab verəcəklər. Bu qüruru bizə yaşadan ölkə başçısına eşq olsun, xalqımızın birliyinə eşq olsun.
Cənab Prezident Xankəndidə bayrağın ucaldılması zamanı etdiyi çıxışında da çox vacib mesajlar verdi. Ermənistan və onların havadarlarına izah etdi ki, onlar bir də belə sərsəm fikirlərə düşməsinlər, əks halda qarşılarında güclü Azərbaycanı görəcəklər. Havadarlarına mesaj göndərildi ki, Azərbaycan-Ermənistan münasibətlərinə maneə yaratmasınlar, məsələmizi özümüz də həll edə bilərik. Dəfələrlə bəyan etdi ki, havadarların burada “canfəşanlıq” göstərməsi yalnız sülh münasibətlərini korlayır və bu müqavilənin bağlanmasına maneə yaradır. Təbii ki, onlar da bu dərsi aldılar. Azərbaycanın gücü, qüdrəti, onun dostları və beynəlxalq hüququn Azərbaycanın tərəfində olması, Azərbaycanın həm ilahi ədaləti, həm beynəlxalq hüquq prinsiplərini özü icra etməsinin qarşısında heç kəs duruş gətirə bilməz. Azərbaycan bir daha bunu bütün dünyaya göstərmiş oldu. Ona görə də Ermənistanın hərbi-siyasi rəhbərliyi, havadarları, qara qüvvələr anlamalıdırlar ki, işğal tarixdə qaldı. Biz bu köhnə vərəqələri örtərək yeni səhifələr açırıq. Bu məqamda da Ermənistanı yenə də sülhə çağırırıq. Artıq bölgəyə dayanıqlı sülh və tərəqqi, inkişaf gəlməlidr. Bunun üçün Ermənistan və onun havadarları bu reallıqla barışmalıdırlar.
– Regionda maraqları olan güclərin oyunları bitdimi? Oktyabrın sonlarında liderlərin Brüsseldə keçiriləcək görüşündə hansı manevrlərə hazır olmalıyıq?
- Regionda beynəlxalq aktorların, Ermənistan və havadarlarının oyunları bitməyib. Başda Fransa olmaqla, digər qüvvələr hələ də hikkəli görünür, hələ də məğlubiyyətlərinin eyforiyasındadırlar. Reallıq Azərbaycanın müstəqilliyini, suverenliyini bərpa etməsidir. Reallıq budur ki, xalq və onun Prezidentinin vahid, dəmir birliyi var. Bu mübarizliyi, ruhu heç kim sındıra bilməz. Beynəlxalq birliklərin hər hansı təxribat törətməsinin, qərəzli bəyanatlar verməsinin şahidi ola bilərik. Azərbaycanın orqanları bu sahədə ciddi çalışır, diplomatik masada çox vacib addımlar atılır. Düşünün ki, bu, bir şahmat oyunudur, hamı udmaq üçün oynayır. Kimin gedişləri doğru olacaqsa, kim daha düzgün, rasional, daha taktiki gedişlər edəcəksə, qalibiyyət onun tərəfində olacaq. Azərbaycan qalibdir və bu qalibiyyəti saxlamaq, onu qorumaq, inkişaf etdirmək əsas hədəflərimizdən biridir.
Düşünürəm, Brüssel görüşündə də Azərbaycan özünün qətiyyətini ortaya qoyacaq. Konkret sülh müqaviləsi imzalanmasa da, buna hazırlıqlarla bağlı razılıqlar əldə edilə bilər.
Əslində, Ermənistan sülh prosesini çoxdan uzatmağa çalışır. Bu “yarım dövlət”, əsasən, “Bəlkə nə isə dəyişər” deyə məsələni gələcəyə, bilinməyən müddətə buraxmaq istəyir. Bu da təbii ki, keçərli deyil. Ermənistan anlamalıdır ki, sülh müqaviləsini imzalamaqla ziyanı özünə vurur. Ona görə ki, Azərbaycan inkişaf yolundandır, öz ərazisini, sərhədlərini, komanda birləşmələrini, hərbi gücünü artırır, Qarabağ və Şərqi Zəngəsur bölgəsində titanik qlobal işlərə rəvac verir. Yeni kənd, şəhərlər qurur. Eləcə də bölgədə geosiyasi anlamda da böyük uğurlar qazanmaqdadır. Çindən Turan elinə qədər Azərbaycan böyük anlamda iqtisadi, siyasi reallıqları həyata keçirir. Ermənistan bölgədə bu inkişafa qoşulacaqsa, müəyyən dividendlər götürəcək, bu mövqedə qalacaqsa, itirən özü olacaq.
T.Qafarlı
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"