“2020-ci ildə Xankəndini almaq planı ümumiyyətlə yox idi”

15:02 31-10-2023 | icon 451 | Cəmiyyət
“2020-ci ildə Xankəndini almaq planı ümumiyyətlə yox idi”

Fuad Rzayev: “SSRİ-nin Qafqaz üzrə ən böyük silah-sursat bazasını yardıq”

 

2023-cü ilin oktyab ayı, Xankəndi şəhərində yenidən Azərbaycanın üçrəngli bayrağı dalğalanır. 30 il erməni işğalı altında qalan Azərbaycan torpaqlarının azadlığı, suverenliyinə qovuşması çox ağır mərhələlərdən keçərək bu günlərə gəlib çatdı. Azərbaycan dövlətinin müstəqilliyi, suverenliyinin bərpası uğrunda 88, 90, 92-93-cü illərdən başlanan Vətən savaşının ağır, keçməkeşli yolu olsa da, 2020-ci il 44 günlük zəfər savaşı tarixə qızıl hərflərlə yazıldı.

 

Bu gün I Qarabağ qəhrəmanı - qazisi, veteranı, sinəsində medal yox, güllə qəlpəsi gəzdirən Qurtuluş Batalyonunun komandiri Fuad Rzayevin döyüş yoluna nəzər salacağıq.

Fuad Rzayev I Qarabağ savaşına II Qarabağ müharibəsinin zəfər tarixindən baxaraq, o zamankı məğlubiyyətin, bugünkü qələbəmizin səbəblərinə toxunacaq.

 

- Fuad bəy, II Qarabağ savaşının zəfər tarixindən I Qarabağ savaşına baxsaq, o vaxt bizi uduzduran səbəblər nə idi, düşməni əzmək üçün nəyimiz çatışmırdı? Bizi zəiflədən nə idi?

 

- 1992-ci il fevral ayının 18-nə qədər Qarabağda ciddi bir döyüş olmamışdı. Daşaltıda nəzəri baxımdan həyata keçirilməsi mümkün olan güclü bir plan hazırlamışdılar, amma praktik həyata keçirilməsi mümkün deyildi, məğlubiyyət oldu. O zaman vertalyot vuruldu, rəhbərlikdə şəhidlər verdik, ciddi məsələ idi. Amma döyüş olmamışdı...

 

- Çox vaxt silah qıtlığının olduğu deyilirdi...

 

- ...1992-ci il fevral ayının 18-də Qurtuluş Batalyonu Ağdamın Uzundərə deyilən ərazisində yerləşən SSRİ-nin Qafqaz üzrə ən böyük silah-sursat bazasını yardı. Ondan sonra kimsə Azərbaycanda sursat, güllə, mərmi çatışmazlığından danışa bilməzdi. Danışırsa, deməli o döyüşçü deyil, o heç nə bilmir. O, yalandan əlinə avtomat alıb ortalıqda şəkil çəkdirən adamdır. Çünki o vaxt ermənidə bir güllə var idisə, bizdə min güllə var idi...

 

“Çoxu batalyon şəkində həmin liderlərin təsiri altında idi”

 

- Bəs niyə geri çəkildik, torpaqları itirə-itirə məğlub olduq?..

 

- O sualın cavabı bir neçə vərəqdir. Amma mən birini deyəcəm. Ən başlıca səbəb xalqın parçalanması idi.
Azərbaycan Xalq Cəbhəsi hakimiyyətə gələndə onun çoxlu liderləri var idi. Məsələn, bu gün hakimiyyətdə İlham Əliyev var, ordu var. Heç Zakir Həsənov haqqında danışan yoxdur. Daxili işlər nazirini çoxu tanımır. Amma o vaxt daxili işlər naziri bir lider idi, müdafiə naziri bir lider idi, başqa-başqa partiyalar, Etibar Məmmədv, Müsavatın başqanı və onun müavinləri hamısı lider idilər. Xalq Cəbhəsinin özündəki qüvvələr hakimiyyət uğrunda bir-biri ilə mübarizə aparırdılar. Bu liderlərin özünün batalyonları var idi. Azərbaycanı-Qarabağı qorumaq onlar üçün ikinci dərəcəli məsələ idi. Liderlər o dəstələri heç də sarsaq, qorxaq adamlardan yaratmırdılar. Mümkün qədər ürəkli, idmançı oğulları seçirdilər. Onlar həmin o batolyonlarını döyüşlərə göndərmir, özləri üçün saxlayırdılar. Qoruyurdular ki, siyasi hakimiyyət uğrunda onlardan istifadə etsinlər. Və Azərbaycan igidlərinin çoxu batalyon şəkində həmin liderlərin təsiri altında idilər. Ona görə də Azərbaycan batalyonlarında ilk olaraq qəhərmanların, igidlərin çatışmazlığı yaranmışdı. Əslində hər 100 nəfərlik batalyonda azı 2-3 nəfər qəhrəman, əlavə olaraq 3-4 igid, bir 50 nəfər mərd adam olmalıdır ki, döyüşsünlər. Amma liderlər həmin o igidləri zəbt edib özləri üçün saxlamışdılar. Ona görə də batalyonlarda igidlərin çatışmazlığı var idi.

 

- Liderlər igidləri “zəbt edib” özlərini qorumaq üçün saxlamışdısa, nəticəsi nə oldu?

 

- Azərbaycan batalyonlarında qəhrəman çatımazlığı yaranmışdı. Hətta o sadə adamların arasında yüzlərlə mərd adam olsa da, irəlidə qəhrəmanlar olmayanda vuruşmurlar. Qabağda qəhrəmanlar, igidlər olmadığına görə mərdlər də özlərini itirirdilər, nə edəcəklərini bilmirdilər.

 

- Amma siz döyüşdüz. Sizi hansı qəhrəmanlar irəli aparırdı.

 

- Çünki bizi - Qurtuluş Batalyonunu ala bilmədilər. Bizim batalyon Bakıda 1991-ci ilin oktyabr-noyabr aylarında yaranıb. Və o batalyon dəstə şəklində rus hərbi hissələrini yarırdı. Qurtuluş Batalyonundan başqa heç kim heç vaxt rus hərbi hissələrini yara bilməyib. Hətta Bakıda rusların “Morpilotunun” bazasını biz yarmışıq. Əhmədlidə 3 hərbi hissə yarmışıq. Bizə görə ruslar “vur” əmrini də vermişdilər. Hərbi hissələrə basqın edənlər vurulmalı idi. Sadəcə olaraq biz gözəl işləyirdik.

...Bir silah anbarının divarı küçəyə idi. Ruslar böyük fanarlarla ətrafı izləyirlər, amma ağıllarına gəlmir ki, 1 metr qalınlığı olan divarı kimlərsə zubllarla qaşıya-qaşıya yarıb silahları götürə bilər. Biz o anbarları 4 saata yarıb, oradan digər anbarlara keçib silahları götürmüşük. Həmin vaxt ruslar ətrafa işıq sala-sala qalıblar. Yəni biz müharibəyə gedəndə maşınlarımız, "URAL"larımız, "KAMAZ"larımız var idi. Tankdan, BTR-dən başqa ruslardan hər şey götürmüşdük.

 

- Qarabağ döyüşlərinə hardan başladınız?

 

- Qarabağa 1991-ci ilin dekabr ayında getmişik. Onu xatırlatmaq istəyirəm ki, müharibənin 80 faizi Tərtər, Ağdərə istiqamətində olub. Biz Tərtərə gələndə orda heç bir qüvvə yox idi, ümumiyyətlə hərbçi yox idi. Nə erməni tərəfdən, nə də biz tərəfdən bir güllə də atılmırdı. Yalnız silahlı polis var idi. Onlar da Marquşavanla (Marağa) üzbəüz yerdə dururdular. Orda xırda döyüş də yox idi. Tərtərin bir nəfər də şəhidi, yaralısı yox idi. Sonradan bizimçün dedilər ki, “biz gəlib ermənilərlə düşmənçilik yaratdıq”...

İkinci batalyonu Bərdədən Ələmşah Məmmədov yaratmışdı.

 

 

 

“I Qarabağ müharibəsində Xocalının qisasnı alan Qurtuluş Batalyonu”

 

- Sizin batalyonda nə qədər adam var idi.

 

- Kimdən soruşsanız ki, batalyonda nə qədər adam var, biri deyəcək 5 min, biri deyəcək yüz min, biri də elə rəqəm deyəcək ki, Azərbaycan əhalisinin yarısı olacaq. Əgər batalyon döyüşən batolyondursa, onun sayı stabil olmur. Döyüşən batalyonalarda say etibarilə enmə, qalxma olur. Yaralanıb gedirlər, şəhid olub aparılırlar və qaçanlar da olur. İnsandır, vətənini sevir, amma ürəyi dözmür. Bir döyüşdən və yaxud döyüş başlamadan ağlı başına gəlir, qaçır gedir. Hər döyüşdən sonra bütün batalyonlarda say azalır.

O vaxt heç kim özünə "zvod", "rota" adı qoymamışdı. 15 nəfər olan da, 30 nəfəri, 100 nəfəri olan da özünə batalyon deyirdi. Heç kəs özünə az demir...

Biz Bakıdan Tərtərə çıxanda 77 nəfər idik. Bizim batalyonun sayı elə olub 550, elə olub ki, 100 nəfərdən də aşağı olub. Məsələn, 1993-cü ildə elə vaxt olub ki, batalyonun sayı 71-nəfərə qədər düşüb.
1992-ci il aprel ayının 6-da Qurtuluş Batalyonu Yevlax ərazisində yerləşən 29 kompleks S 200 raketlərini rusların əlindən aldı. Xatırlayırsızsa, türklər 5 il bundan qabaq ruslardan S 400 raketlər aldılar. Amerika türklrə çox böyük təzyiqlər elədi. Bu günə qədər embarqoları götürmür. Çünki S 400 çox güclü raketdir. O zaman da dünynın ən güclü raketləri S 200-lər idi. Analoqu olmayan bir şeydir ki, rus hərbi hissəsinə girəsən və 29 raketi rusların əlindən bir gecəyə alıb çıxardasan. Əlbəttə ki, səhər onun rezonansı oldu. Moskva Azərbaycan hakimiyyətinə təzyiqlər edirdi. Çox şeylər oldu...

Xocalının 40-ı ərəfəsi idi. Bütün əsgərlər kimi bizim də arzumuz Xocalının intiqamını almaq idi. Bunun üçün əlimizə füsət keçmişdi - raketləri götürmüşdük. 29 raket... Aprel ayının 10-u, səhər saat 05:00-da ilk raketlərlə erməniləri vurduq, 3 raket istifadə etdik. 14 ton ağırlığı, 9 metr uzunluğu olan raketlərdən söz gedir. O zaman hər birinin qiyməti 3,5 milyon dollar idi. Ondan sonra hücum edirik Marağaya. O hücumdan qabaq Azərbaycanın heç bir yerində uğurdan söz gedə bilməzdi. Nəhayət, Azərbaycan ilk şanlı qələbəsini Marquşavanda - Marağada qazandı.

 

- O raketlərə görə...

 

- O raketlərin çox köməyi oldu. Amma döyüşdə torpağa əsgər ayağı dəyməlidir. Biz orda öldürməkdən çox çoxlu əsir götürdük. Orada 70-ə yaxın erməni öldürülüb. Amma ümumi say 200-dən yuxarıdır. Xocalı qədər olmadı. Çünki Xocalı mühasirədə idi. Amma Marquşavanın - Marağanın arxası Ağdərə ərazisi idi. Ona görə də ermənilər mühasirəyə alına bilmirdi. Sadəcə hücum oldu, 200-dən yuxarı erməni məhv edildi. Bu, o zaman üçün çox böyük rəqəm idi. Necə ki, biz hər il Xocalını qeyd edirdik, onlar da hər il Marquşavanı qeyd edirdidlər. “Marağinskaya Traqediya”deyirdilər.

 

- Bu döyüşdə kimlər iştirak edirdi?

 

- 1992-ci il aprel ayının 9-u bizim raketlər tamamnilə atılmağa hazır vəziyyətdə olanda mən Tərtərin polis rəisi Ələsgər Əliyevə zəng edirəm, deyilir ki, onun kabinetində iclas çağrılıb. Mən də raketlərin yanından ayrılıb rəisin otağına gəlirəm. Hamı ora yığılıb. Gəncə Batalyonunun Komandiri Mehman Ələkbərov, Bərdə Batalyon komandiri Ələmşah Məmmədov, Tərtər Batalyonun Komandiri Baris Zöhrabov, polis rəisi və mən. Batalyonlardan dəstək istənilir. İlk dəstəyini verən Bərdə Batalyonunun komandiri Ələmşah Məmmədov olur. Sonra Mehman Əlkbərov... Zöhrabov döyüşdən imtina edir. Səhər saat 5-də planlı şəkildə hucum olur. Və döyüş uğurla nəticələnir...

 

- Qurtuluş Batalyonunun komandiri olaraq siz, yaxud əsgərləriniz göstərdikləri qəhrəmanlıqlara görə medallarla, adlarla təltif olunubsuzmu?

 

- Hələ Mütəllibovun dövründə AXCP de-yure hakimiyyətə təsir edə bilirdi. Sonra de-fakto hakimiyyətə gəldi. Amma monolit bir təşkilat deyildi. Dediyim kimi liderlər bir-birini qəbul etmirdi. O liderlər Əbülfəz Elçibəyi hakimiyyətə gətirdilər ki, sonra onu asanlıqla devirib özləri hakimiyyətə gəlsinlər. Elə həmin zamanlarda AXCP Gəncə, Bərdə batalyonlarını sıradan çıxartdı. Ələmşahı silah oğrusu adı ilə üstünə şər atıb həbs etdilər. Bir il ona istintaq təcridxanasında əziyyət verdilər. Guya Ələmşah Qurtuluş Batalyonundan olan 7 əsgəri arxadan vurub silahlarını oğurlayıb satmışdı. Amma bunun yalan olduğu çox sonralar üzə çıxdı. Heydər Əliyev gələndən sonra onu bəraətlə azadlığa buraxdılar. Qısa şəkildə onu qeyd edim ki, Ələmşah silah oğurlaya bilməzdi. O, tarix müəllimi idi, savadlı, ziyalı bir adam idi. Bərdə Batalyonunu yaradanda bizdən kömək istədi, mən onu bir neçə dəfə silahla təmin etmişəm. Onun silaha ehtiyacı yox idi...

O zaman bilirdim ki, AXCP-nin qara siyahısında Qurtuluş Batalyonu da var. Ağdərədə döyüşlərdən birində sinəmdən güllə yarası aldım. Həmin güllə hələ də bədənimdədir. O vaxt batalyonu qorumaq üçün özüm İsgəndər Həmidovun adamını Batalyona komandir təyin etdim. Ondan sonra bütün batalyonlar məhv edilib, üzvləri həbs olunsa da, bizim batalyona dəymədilər. Batalyonun göstərdiyi şücaətlərə görə isə mükafatı heç vaxt döyüşlərdə olmayan, sonradan təyin etdiyim komandir Şahin Tağıyev aldı. Ona Milli Qəhrəman adı verdilər. Batalyonda başqa keç kim heç bir medal, adla təltif edilməyib...

Hələ 92-ci illərin müharibəsi, hadisələri araşdırılmayıb. Şübhəsiz ki, araşdırılmalıdır. Kimlərin həqiqətən döyüşdüyü, hansı yolu keçdiyi yəqin ki, ortaya çıxacaq...

 

“Nəcməddin Sadıxov Azərbaycan ordusunun döyüşən istiqamətində başçı olmasaydı...”

 

- I Qarabağ savaşını qazana bilərdikmi?


- Ruslar heç vaxt ermənilərlə birgə vuruşmayıb, amma bütün planlarını onlar hazırlayırdılar. Qərərgahlarda oturanlar ruslar idi, havadan qorunmanı ruslar təmin edirdi. Bizim təyyarələr, qırıcılar erməni yaşayan əraziyə keçib oranı bombalıya bilmirdi, ruslar vurub salırdı. Rusların gözəl planları olurdu, ermənilər də o planlarla qalib gəlirdilər. Ümumiyyətlə, əgər Nəcməddin Sadıxov adında adam Azərbaycan ordusunun döyüşən istiqamətində başçı olmasaydı, bu müharibənin, döyüşlərin taleyi müəmmalı qalardı. Ola bilərdi ki, biz qalib gələk. Ruslar ermənilərin arxasında olsa da, yenə də 90-cı illərdə bu boyda məğlubiyyət mümkün görünmür. Bu, Nəcməddin Sadıxovun Rusiyanın və ermənilərin qarşısında göstərdiyi xidmətin nəticəsi idi. Nəcməddin Sadıxov kim idi? O, 1992-ci ilin mart ayının axırlarında 703 nömrəli briqadaya kombrik təyin olunur. Goranboyda oturur, amma Tərtər də ona tabedir. Rəhim Qazıyev Nəcməddin Sadıxova polkovnik rütbəsinə qədər verir. Həmidov qardaşları ona Dərbənddə 3 mərtəbəli villa tikdirirlər. Sadıxov Tərtərin icra başçısı Sərdar Həmidovun yanında oturur. Və bütün murdar əməllərini Həmidovların qoruması altında həyata keçirdir. Əbülfəz Elçibəy isə böyük məğlubiyyətlərə, Azərbaycan kursantlarını tora salb qırdırmasına baxmayaraq Sadıxova general rütbəsi verir, komandir korpus təyin edilir. Azərbaycanın o vaxtkı liderləri Nəcməddin Sadıxova yaxşılıq etmək üçün növbəyə durmuşdu. Bu gün hamısı deyir ki, o satqın idi. Yaxşı, kor idiz, o vaxt, axmaq idiz?.. Ona yaxşılıq edənlər heç biri xain deyildilər, amma o qədər gerizəkalı idilər ki, Nəcməddin Sadıxovu qoruyurdular, həm də onun bütün xəyanətləri göz qabağnda olduğu bir vaxtda.

 

- 44 günlük zəfər savaşında torpaqlarımızın böyük bir hissəsi azad edildi, sonra diplomatik müstəvidə davam edən proses, nəhayət 15 oktyabr çoxdan gözlədiyimiz tarixi anla gerçəkləşdi...

 

- Şükür...

...90-cı illərdə ermənilər necə bizim hakimiyyətin səhvlərindən istifadə eliyib ruslarla yaxşı münasibət yaradıb bizə qalib gəldisə, eləcə də bu gün Ermənistan hakimiyyətinin səhvlərindən düzgün istifadə edib qalib gəldik.
Ermənistanın başına gələn rəhbərlər axmaq idi. Ter-Petrosyanın Muxtar Vilayətdən əlavə 5 rayonu da Azərbaycana qaytarmaq planı var idi. Amma o ərəfədə Köçəryan-Sarkisyan cütlüyü çevriliş elədilər və bu axmaq adamlar hakimiyyətə gəldilər. Bu bizim xeyrimizə oldu. Onlar yavaş-yavaş Ermənistanı zəiflətdilər. Populist çıxışlarla və korrupsiya, eyforiyada olan adamlardan nə gözləyəsən. Köçəryanın vaxtında Heydər Əliyev 5 rayonu alıb Qarabağa dünyanın ən böyük statusunu verməyə hazır idi. Heydər Əliyev televiziya vastəsi ilə dəfələrlə deyib: - 5 rayonu qaytarın, heç olmasa hələlik 2 rayonu qaytarın. Ermənistanın başında duran o sarsaq adamlar buna razılıq vermədilər. Köçəryan getdi, Sarkisyan gəldi. Sarkisyanla da bu danışıqlar uzun müdət aparıldı. Rusiyanın Prezidenti Putin erməni prezidentinə təzyiqlər elədi ki, 5 rayonu qaytarın Kəlbəcər də sizə hədiyyədir. Sarkisyan iki ayağını bir başmağa dirəyib dedi ki, “yox!”. Buna gedə də bilməzdi. Çünki bundan əvvəl Ter-Petrosyana imkan vermədilər. Sarkisyan buna getsəydi, onda erməni xalqı deyəcəkdi ki, əgər sən bu torpaqları verəcəydinsə, niyə Petrosyanı buna görə devirdin. Ona görə də Sarkisyanın torpağı qaytarmaq imkanı yox idi. Yaxşı ki, Sarkisyan bütün təzyiqlərə tab gətirdi. Hətta Lukaşenkonin səs yazıları var; Sarkisyana pul təklif edir ki, “qaytar”. Sarkisyan buna da getmədi. Nəhayət ki, Ermənistanla Rusiya arasında pisləşmə başladı. Azərbaycan bundan istifadə edib Rusiya ilə güclü münasibtlər qurdu. Bu boyda zəifləmələrdən sonra Rusiya yenə də bu ərazlərdə böyük təsirini saxlayır. Məhz Rusiyanın razılığı olmadan Qarabağı ala bilmirsən. Çünki nə Amerika bura qoşun çəkə bilmir, nə də Fransa gələ bilmir, bəyanatlarla kifayətlərnirlər. Amma Rusiya istədiyi vaxt bölgəyə qoşun yeridə bilir. Azərbaycan Rusiya ilə münasibətləri qurdu və bu münasibətlərə də qarant Türkiyə durdu. İlham Əliyevlə Putin danışıqlarının qarantı Ərdoğan oldu. Azərbaycan həm Rusiya, həm Türkiyə ilə çox gözəl işlədi. Türkiyədən qarant aldı ki, əgər Rusiya danışqlarda cığallıq eləsə, artıq buna cavabdeh Türkiyədir. Beləliklə 44 günlük müharibədə qalib gəldik.
Ruben Vardanyan gəlib Xankəndidə özünü dövlət naziri elan elədi. Bu gün çox siyasətçilər deyir ki, bunu Rusiya elədi. Amma Vardanyan Rusiya vətəndaşlığından imtina eləmişdi. Vardanyan özü hesab elədi ki, Rusiya Azərbaycanın tərəfindədir, Rusiyanı saymadı. Vətəndaşlıqdan imtina edib öz qaydalarını qoydu. Vardanyanın təsirinə Arutunyan və digərləri də düşdü. Hamısı Vardanyanın dediyi ilə hərəkət etdilər. Rusiyanı küsdürdülər. Artıq Azərbaycanın imkanları genişləndi. Azərbaycan hücum edəndə Rusiya qarışmadı. Axırıncı 1 günlük antiterror əməliyyatında Rusiya bir kənara çəkildi. Azərbaycan rəhbərliyi belə bir vaxtda döyüş əmrini verdi. Beləliklə biz Xankəndinin boşalmasına nail olduq. Yenə də Azərbaycan ordusu Xankəndiyə girmədi. Çünki Azərbaycan ordusuna o əmr verilməyib. Əgər girsəydi, nəticəsi bizim üçün yaxşı olmazdı.

 

“Yaxşı ki, "Xankəndiyə gir” əmri verilmədi”

 

- Xankəndidə bayrağımız ucaldı. I Qarabağ savaşının iştirakçısı, batalyon komandiri olan siz bu nəticəni gözləyirdiniz?

 

- Bu gün bu sualı siyasətçilərə verirlər. Biz siyasətçi deyilik. Biz veteranlar, qazilərik. Siyasətçilərdən bir çoxu yalan danışaraq deyir ki, mən bu nəticəni gözləyirdim. Bu nəticəni heç kim gözləmirdi!

 

- Mən gözləyirdim...

 

- Siz xalq olaraq gözləyirdiz. Xalq hətta illərdir bunu tələb edirdi. Heç bir ağlı başında olan siyasətçi bu nəticəni gözləyə bilməzdi. Məsələn, 20-ci ilin müharibəsindən sonra əksəriyyət deyirdi ki, guya Azərbaycan ordusu Xankəndiyə girirdi, Putin qoymadı. Amma məsələ budur ki, bu gün Prezident və onun ərafında olan adamlar çox ağıllı adamlardır. Onlar Azərbaycan əsgərinə imkan verməzdilər ki, Xankəndiyə girsin. Çünki Xankəndiyə hücumda 5-10 min əsgər iştirak edə bilərdi. Xankəndiyə bu qədər əsgər girsəydi nə ola bilərdi?... Xankəndi şəhərdir, düzənlik ərazi deyil ki, əsgərini nəzarətdə saxlayasan. Xocalıdan xəbəri olan Azərbaycan əsgərinə nə qədər döyüşdən əvvəl başa salsaydın ki, mülki əhaliyə toxunmaq olmaz, böyük dövlətlər bizi əzər, əsgər qulaq asmazdı. Yaxud 50 faizi assaydısa, 50 faizi deyərdi ki, burda məni kim görəcək, Xocalının qisasını alım. Azərbaycan əsgəri erməninin Xocalıda törətdiyini Xankəndidə törədə bilərdi və bu, Azərbaycanın belinin sınması demək olardı. Biz 30 il ermənini Xocalı soyqırımı ilə vururduq. Bütün əks təbliğatı Xocalının üzərində qurmuşduq. Və ona nail olduq. Dünyaya ermənini Xocalı soyqırımını törtəmiş vəhşi kimi tanıtdırdıq. Yaxşı ki, Azərbaycanın başında duran adamlar ağıllı adamlardır, o əmri verməyiblər. Ona görə də 2020-ci ildə Xankəndini almaq planı ümumiyyətlə yox idi.


- Çoxları Rusiya sülhməramlılarının Qarabağa yerləşdirilməsini pis qəbul edir. Rus sülhməramlıları gəlməliydimi və bundan sonrakı aqibəti necə olacaq?

 

- Bəli, çoxları bunu qəbul etmirdi. Hətta hakimiyyəti tənqid edirdilər. Anlamaq lazımdır ki, Rusiya sülhməramlıları olmasaydı, onda Avropanın ən qərarverici dövləti Fransa, Almaniya Qarabağa gələrdi və biz o zaman Xankəndini, Ağdərəni ala bilməzdik. Çünki ora Azərbaycan ərazisi olsa da, erməni silahlıları var idi. Müharibə yeni qurtaranda Fransa qoşunu ordan Qarabağa keçə bilərdi. Bu gün Qarabağda sülhməramlılara ehtiyac qalmayıb. Ruslar Avropaya, Qərbə meyillənən Ermənistanın müqavimətini sındırmağa çalışacaq. Bu baş verən kimi oturacaqlar Ermənistanda. Hələlik isə Fransa Ermənistanın başına dolanır. İkisi də yanacaq.

 

- Artıq Xankəndidə bayrağımız dalğalanır. I Qarabağ döyüşçüsü kimi nələri hiss edirsiz?

 

- Bundan böyük qürurverici heç nə ola bilməz. Çox siyasətçilər bunu xəyal belə etmirdi. Bütün gedişlər göstərirdi ki, Xankəndidə erməni əhalisi qalacaq, amma Azərbaycan yuridiksiyası altında. Hər bir halda ermənilər “Qarabağ bizimdir”, ”müstəqil dövlətdir” deyə bilməyəcəklər. Amma siyasətçilərin ağlına gəlməyən, həmişə xalqın tələb etdiyi, ağlında olan arzuları çin oldu. Xankəndiyə belə tez girməyimiz, bayrağımızı ucaltmağımız demək olar ki, möcüzə oldu. Prezidentin Xankəndidə separatçıların bayrağının yanından keçməsi çox böyük məqam idi.

 

P.S Sizi təbrik edirəm. Bayrağımızın Xankəndidə dalğalanmasında sizin kimi qəhrəman döyüşçülərimizn də böyük əməyi var.

 

Tahirə QAFARLI

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

MDU-da ustad dərsləri

Tanınmış bəstəkara həsr olunmuş KATALOQ

TDT yaxın gələcəkdə dünyada güclü bir təşkilata çevriləcək

Erməni lobbisi və onların havadarlarından TƏXRİBAT

Jurnalistlərə psixoloji təlim keçirilib

Azərbaycanla Ermənistan arasında 28 sərhəd dirəyi QURAŞDIRILIB

Erməni vəhşiliyinin NÖVBƏTİ İZİ

Deputatlar 3 məsələyə görə TOPLAŞDI

“WhatsApp”da yeni funksiya istifadəyə veriləcək

“Qeyri-Centlmen İşlər Nazirliyi” "CineMastercard"da

Rusiyaya məxsus helikopter aerodromda məhv edildi

Daha 140 nəfər Füzuliyə qayıdır

Samir yeniliklərlə qayıtdı