Rəyçidən Sevindik Nəsiboğlunun kitabına son söz əvəzi...

18:06 08-02-2024 | icon 526 | Cəmiyyət
Rəyçidən Sevindik Nəsiboğlunun kitabına son söz əvəzi...

Bu kitab 15 yaşlı gənc şair-publisist üçün Ulu Öndər ilinə ən yaxşı töhfələrdən biridir

 

İqtisad elmləri üzrə fəlsəfə doktoru, yazıçı-publisist Şəddat Cəfərov 10-cu sinif şagirdi, şair-publisist, AJB üzvü Sevindik Nəsiboğlunun müəllifi olduğu Ulu Öndərin İşığında kitabına rəy yazıb.

 

Versus.Az Şəddat Cəfərovun yazdığı rəyi olduğu kimi təqdim edir:

 



Sevindik Nəsiboğlunu hələ gənc də adlandırmaq olmaz. Bu yaxınlarda 15 yaşını ədəbi ictimaiyyət qeyd etdi. Mən onunla yaradıcılığının ilk çağlarından tanışam. Çünki ardıcıl olaraq çap olunan kitablarının naşiriyəm. Çevik düşüncə sahibi kimi mühitdə, ümumiyyətlə, zamanımızda baş verən hadisələrə vaxtında və həssas münasibəti ilə fərqlənir.

 

Ümumiyyətlə, istedadlı uşaqların qəribə xüsusiyyətləri olur. Hər şeyi bilməyə, onları düşündürən sualların hamısına sürətlə cavab tapmağa meyillidirlər. Sevindik də bu baxımdan istisna deyil. Gözünü açıb yazıya, sözə doğru gəlməyə başlayandan indiyə qədər yüksələn xətlə irəliləyir. Az vaxt içərisində 6-7 kitabını çap etdirib. Yaradıcılığa şeirlə başlayıb. Müşahidə etdiklərini, onu düşündürən mövzuları poetik ifadə imkanlarından bəhrələnməklə maraqlı şeirlərə çevirə bilir. Bu mümkün olmayanda publisistikaya keçir. Sevindik təbiətən şair olduğuna görə onun publisistikası da şairanədir. Təkcə onu deyim ki, onun “Ulu Naxçıvanım” adlı publisistik düşüncələr kitabı az vaxt içərisində çox sürətlə yayıldı. Demək olar ki, Azərbaycanın bütün qaynar ədəbi bölgələrində müzakirə olundu. Həmin kitab haqqında çoxlu yazılar yazıldı. Ən başlıcası, Naxçıvan elmi-ədəbi mühitində də bu kitabın təqdir olunması artıq Sevindiyin böyük uğurunun təsdiqi idi. Akademik İsmayıl Hacıyev, şair-alim Xanəli Kərimli və digər Naxçıvanda yaşayıb-yaradan elm və sənət adamları onun həmin kitabı haqqında heyranlıqla bəhs etdilər.

 

Onu da açıq demək lazımdır ki, bütün istedadlarda olduğu kimi Sevindik Nəsiboğlunun da yolu mən deyərdim ki, hamar deyil. Hətta onun yazdıqlarından xəbəri olmayanlar şəkkaklıqla “15 yaşlı uşağın yazdığı nə olacaq” deyə onun uğurlarına laqeyidliklərindən çəkinmirlər. Amma necə deyərlər, fakt göz qabağındadır.
Düşüncələrimin əsas məzmununa keçməzdən əvvəl Sevindik Nəsiboğlu kimi istedadlı yeniyetmələrin özünü təsdiq uğrunda mübarizəsini əks etdirən bir-iki məqama diqqəti cəlb etmək istərdim. Kiçik yaşlarından yaradıcılığa başlayan təkcə Sevindik Nəsiboğludurmu? Axı belə yeniyetmələr Azərbaycan və dünya mənəvi mühitində az deyil. Bəzən biz öz inamsızlığımızla onların yaradıcılığına mənfi təsir göstərir, az qala onların mənəvi mühitinə biganəliyimizlə zərbə vurmuş oluruq. Dostum Əli Rza Xələfli “Sevindik Nəsiboğlunun 15 yaşına uğur düşüncələri” yazmışdı və həmin yazını da çox uğurlu bir başlıqla təqdim etmişdi: “Yaşın çiçək çağı”. Həmin yazının emosional ruhu, yaradıcı yeniyetməyə həssas münasibət sarıdan doğmalığı məni özünə çəkdi. Düşünürəm ki, burada həmin yazının əvvəlindəki bir parça mənim fikirlərimin daha aydın qavranılmasına kömək edə bilər. Ə.Xələfli yazır: “Dünyanın mədəniyyət tarixində, musiqisində, rəssamlığında, ədəbiyyatında... lap elə kinosunda kiçik yaşlı istedadların olduğunu bilirik. V.Motsart ilk konsertini verəndə 6 yaşı olub. Mirzə Ələkbər Sabir şeirinin ilk misralarını yazanda bəlkə heç 10 yaşı da yox idi. “Ögey ana” filminin əsas obazlarından birini yaradan Ceyhun Mirzəyevin kiçik yaşlı İsmayılı da öz istedadı ilə hər kəsi heyran etmişdi. Zəlimxan Yaqub da danışırdı ki, hələ məktəbdə oxumadığım vaxtı evimizin yaxınlığındakı arpa zəmisinə at girmişdi. Qoruqçu da hay-küylə atı zəmidən çıxaranda heç bilmədim necə oldu ki, səsləndim: “Evimizin yanı arpa, Atlar gəlir qırpa-qırpa”. Bütün bunlar nüvəsində istedadı maqma kimi qaynayan uşaq dünyasının kimliyi haqqında, gələcəkdə kim olacağı haqqında ilk odlu qığılcımlardır”. Göründüyü kimi uşaq yaşının nəyə qadir olduğunu göstərən faktları müəllif çox dəqiqliklə yazıya gətirir. Həm dünya mədəniyyətindən, bir az da dəqiqləşdirsək, musiqi sənətindən örnək kimi Motsartı yada salır. Sonra qeydlərdə göstərildiyi kimi “Ögey ana” filminin baş obrazını – İsmayılı canlandıran aktyoru xatırladır. Demək istedad əslində sərhəd tanımır. Hansı sahədə özünü göstərə bilirsə, elə məhz həmin tərəfdən üzə çıxır. Yaxud, həmin parçada Zəlimxan Yaqub da xatırlanır. Z.Yaqub ilk misralarını dilə gətirəndə bəlkə heç 5 yaşı da yox imiş. Bəs onda nə üçün biz S.Nəsiboğlunun yaradıcılığına təəccüblə baxmalı, inamsızlıq göstərməliyik? Müəllif sözünə davam edir: “Sevindik Nəsiboğlu da – bizim yaxşı tanıdığımız və parlaq istedadı ilə bu gün artıq hər kəsi heyran qoyan müəllif ilk şeirini yazanda heç 10 yaşı da olmayıb. Çünki onun ilk şeirlər kitabı elə 2018-ci ildə, yəni 10 yaşında nəşr olunub. “Dünyamsan, Azərbaycan” adlanan həmin kitabın səhifələrində yer alan şeirlərin ruhu istər-istəməz Sevindiyin boy artımı boyu yaratdıqlarının ilkin mənbəyidir. Sevindik hələ 8 yaşına çatmamış artıq kompüterdə sərbəst gəzişmələrlə düşündüklərini sosial şəbəkə istifadəçilərinə çatdıra bilirdi. Yəqin ki, elə onun ilk yazıları da sosial şəbəkədəki həmkarlarının mühitində, bu mühitin təsiri ilə yaranıb”. Bəli, Sevindik Nəsiboğlunun “Dünyamsan, Azərbaycan” kitabı nəşr olunanda onun heç 10 yaşı da tamam olmamışdı. Amma o hələ kiçik yaşlarından kompüterdə yazıb, fikir deməyi, paylaşmağı bacarırdı. Məlumdur ki, indi sosial şəbəkə dünya mənəvi mühitində əsas aparıcı vasitələrdəndir. Sosial şəbəkə vasitəsi ilə hər bir uşaq dilləri öyrənir. Öz həmyaşıdları ilə qitədən qitəyə danışa bilirlər. Bu da onların sürətli inkişafına, dünya mənəvi mühitinə inteqrasiyasına ciddi təsir göstərir.

 

Sevindik Nəsiboğlunun ilk kitabında yer alan şeirlərinin ruhunda Azərbaycan dərdi, kədəri kifayət qədər aydınlığı ilə özünə yer ala bilmişdi. Onu da deyim ki, Sevindik Nəsiboğlu Qarabağ mühiti ilə bağlıdır. Nəsilləri Xocavəndlə bağlıdır. Şübhəsiz, Qarabağın işğal altına düşmüş əraziləri haqqında həm valideynlərindən çox eşidib, həm də Qarabağ uğrunda mübarizənin psixoloji savaşlarının təsiri altında böyüyüb. Bu da ona imkan verib ki, mənəvi mühitində Qarabağa xüsusi yer ayıra bilsin. Onun Qarabağ düşüncələri ilk şeirləri çap olunmuş kitabında xüsusi təsir gücü ilə fərqlənir. Ə.Xələflinin qeydlərində Sevindik Nəsiboğlunun Qarabağ düşüncələrinə də yer ayrılıb: “Mən deyə bilmərəm ki, o vaxt Sevindikdən “Dünyamsan, Azərbaycan” ifadəsinin nə demək olduğunu soruşsan, o bu ifadəni necə izah edərdi. Amma hər halda həmin kitabda yer alan şeirlərdə belə misralar var -


Xocalıdır, Qarabağdır,
Ən yaralı yerimiz,
Səfərbərik ana vətən,
Hər zaman hər birimiz.

 

Həmin şeirin sonrasında Sevindik özünü və həmyaşıdlarını Dədə Qorqud qəhrəmanı Basata bənzədir. Maraqlıdır ki, o, düşməni də bənzətmək üçün obraz tapır, elə Dədə Qorquda istinadən. Bəli, erməni faşistlərini, vandalları körpə duyğusu və saf yanaşması ilə doğru olaraq təpəgözə bənzətmişdi”. Nə qədər aydın, nə qədər dəqiq, yerində işlənən ifadələrdir. Hələ şeirin ifadə tərzi, forma mükəmməlliyi haqqında demirəm. Təkcə bu dörd misranın özü də göstərir ki, Sevindik ruhən şairdir. O, anadan elə fitri istedadla doğulub. Sadəcə ona qayğı göstərən mühitin imkanları ilə özünü təsdiq edə bilir. Həm də fəal yaradıcılığı ilə təsdiq edə bilir. Sevindik Nəsiboğlunun şeirlərində tez-tez Dədə Qorqudun adı çəkilir. Azərbaycanın tarixi qəhrəmanlarına istinad olunur. Hiss olunur ki, o artıq Azərbaycan nağıllarını, Azərbaycan dastanlarını, Azərbaycan xalqının tarixi düşüncəsini əks etdirən bədii-poetik nümunələri öyrənib, mənimsəyə bilib.

 

Elə buradaca onu da qeyd etməliyəm ki, Sevindik Nəsiboğlu Azərbaycanın tarixi qəhrəmanlarının, görkəmli şəxsiyyətlərinin, ictimai ədəbi mühitimizdə yeri olan hər kəsin məqamına görə, vaxtına görə gündəliyini yazır. Əgər Sevindik Nəsiboğlunun sosial şəbəkələrdəki səhifələrini izləsək görərik ki, o, qeyri-adi bir ardıcıllıqla hər bir ədəbi-tarixi şəxsiyyətin anım gününü, doğum gününü yada salan yazılarla çıxış edir. Bununla da kifayətlənmir. Respublikanın ayrı-ayrı yerlərində, Bakıda olan tarixi məkanları vaxtına görə ziyarət edir. Görkəmli şəxsiyyətlərin məzarı üstünə gül qoyur. Onlar haqqında düşüncələrini öz çıxışları ilə, yazıları ilə əbədiləşdirir. Sosial şəbəkədə Sevindik Nəsiboğlunun çox maraqlı çıxışları var. Kim onun mənəvi mühiti ilə tanış olmaq istəyirsə, bir neçə çıxışını dinləmək Sevindik haqqında daha aydın təsəvvürə sahib olmağa kömək edərdi.

 

Bir qayda olaraq Sevindik Nəsiboğlu ulu öndərin həyatı ilə bağlı bütün məqamları öyrənib. Ayrı-ayrı yazılarında ulu öndərin xalq üçün necə böyük yanğı ilə çalışmasını əks etdirməyə çalışıb. Elə indi nəşrə hazırlanan “Ulu öndərin işığında” adlı kitabı da məhz bu baxımdan çox dəyərlidir. Sevindik Nəsiboğlu öz kitabını elə ulu öndər Heydər Əliyevin duyğusal sözləri ilə başlayır: “Doğma canım – varlığım qədər sevdiyim Azərbaycanım mənim qibləgahımdır. Bütün şüurlu ömrümü onun inkişafına, tərəqqisinə həsr etmişəm. Bundan sonrakı ömrümü də onun işıqlı sabahları uğrunda qurban verməyə hazıram. ...Əgər hansısa bir namərd gülləsi, hansısa bir terrorçu gülləsi məni həyatdan götürərsə, mənim özüm də, mənim övladlarım da müstəqil Azərbaycanın yaşaması yolunda qurban olmağa hazırıq”. Bəs nə üçün Sevindik Nəsiboğlu öz kitabını Ulu Öndər Heydər Əliyevin sözləri ilə başlayır. Bu suala cavabı elə həmin sözləri diqqətlə oxuyan hər kəs hiss edə bilər. Çünki ulu öndər həmin düşüncələrində doğma vətəni Azərbaycanı canı, varlığı qədər sevdiyini bildirir. O bütün şüurlu həyatını vətənimizin inkişafına həsr etdiyini deyir. Ən başlıcası, Sovet İttifaqının çöküşündən sonra az qala məhv olmaq həddinə gəlib çatmış Azərbaycanı xilas etmək naminə yenidən hakimiyyətə gəldiyi, özü də xalqın sonsuz istəyi ilə gəldiyi ərəfədə demişdi. Ulu Öndər xalqının uçurumun başından xilas etmək üçün gəldiyi dövrdə onu nə gözləyə biləcəyini də yaxşı bilirdi. Onsuz da sonralar məlum oldu ki, onun həyatına dəfələrlə sui qəsdlər, terror cəhdləri də oldu. Ancaq bütün bunların heç birisi ulu öndəri qorxuda bilmədi, özünün şərəfli yolundan döndərə bilmədi. Vətəninə qurban olmağa hazır olan qəhrəman kimi ulu öndər xalqımızın taleyində əbədi yerini tutdu. Sevindik Nəsiboğlu isə məhz ulu öndərin öz sözləri ilə onun necə bir qəhrəman, necə bir cəsasət sahib olduğunu oxucusuna elə kitabının əvvəlindəcə çatdırır. Ən başlıcası, ulu öndərin öz sözləri ilə çatdırır. İstər-istəməz biz də ulu öndərin bu düşüncələri ətrafında düşünməli oluruq. Həqiqətən, öz xalqını sevmədən, onun uğrunda Ulu Öndər qətiyyəti ilə mübarizə aparmaq mümkün deyil. Sevindik Nəsiboğlu da Ulu Öndərin mübarizə yolunu Azərbaycan xalqının çox əsrlik taleyində mühüm bir mərhələ hesab edir. Və doğru hesab edir.
Öz xalqının tarixi taleyində xüsusi rolu olan şəxsiyyətlər az olmasa da, heç çox da deyil. Həqiqətən Ulu Öndər Azərbaycan xalqını böyük bəlalardan xilas etdi. Ən başlıcası, Azərbaycan xalqı dövlətçiliyini itirmək təhlükəsi qarşısında idi. Demək olar ki, Qarabağ əldən getmişdi. Şimaldan, cənubdamn təhdidlər vardı. Dünyanın böyük gücləri arasında Azərbaycanı parçalamaq, onun sərvətlərini mənimsəmək niyyətləri artıq görünməkdə idi. Uzaqgörənliklə, ardıcıl və qətiyyətli mübarizə ilə Heydər Əliyev böyük atəşkəsə nail oldu. Bununla da o, ordu quruculuğuna rəvac verdi. Əfsanəvi neft strategiyasını reallaşdıra bildi. Bütün bunlar öz yerində.
Sevindik Nəsiboğlunun kitabını vərəqlədikcə bir məqam da diqqətimi cəlb edir. Kitabda ikinci səhifədə müzəffər Ali Baş Komandan İlham Əliyevin çox parlaq bir portreti və dəyərli sözləri verilir. Bu da təsadüfi deyil, axı İlham Əliyev Heydər Əliyev siyasi yolunun ən layiqli davamçısıdır. Bəli, oğul atanın varisidir. Azərbaycan xalqı bu varisliyi taleyin qisməti kimi qəbul etdi. Nadir bir qismət kimi, nadir bir tale bəxşişi kimi qəbul etdi.
Tarix göstərdi ki, Heydər Əliyevin “Mən ona özüm kimi inanıram” sözləri tam haqlıdır. Xalqımız da Ulu Öndərin vəsiyyətini uca tutdu. Birmənalı qeyd etmək lazımdır ki, müzəffər Ali Baş Komandan İlham Əliyev necə bir uğurlu siyasət yeritdi. Sözün həqiqi mənasında əvvəlcə Azərbaycan həqiqətləri ilə dünyanı fəth elədi, aparıcı dövlətlərin, siyasi şəxsiyyətlərin hər birini inandırdı ki, Azərbaycan həqiqətləri nəyə əsaslanır. Bütün bunlarda o, Ulu Öndərin siyasi varisi olduğu atasının mənəvi irsinə əsaslanırdı. Sözün həqiqi mənasında Heydər Əliyevin zəngin mənəvi irsi var. Onun nəşr olunmuş çoxcildliklərinin hər bir səhifəsində biz Azərbaycan həqiqətlərinin şərhini görə bilərik. Ulu Öndər yaranmış atəşkəs imkanlarından istifadə ilə ordu quruculuğunu yüksək mərhələyə çatdırdı. İqtisadiyyata təkan verdi. Dünya investorlarının diqqətini Azərbaycana yönəltdi. Sözün həqiqi mənasında Azərbaycan sürətli inkişaf yoluna çıxdı. İlham Əliyev isə bu yolu uğurla davam etdirdi. Artıq ona məlum idi ki, Azərbaycan iqtisadi cəhətdən sürətli inkişaf yoluna çıxıb. Ordu dünya hərb sisteminin uğurlarını öyrənib. Bir sözlə, savaş elmini Azərbaycan ordusu məhz İlham Əliyevin rəhbərliyi ilə mükəmməlliklə mənimsəyib kamillik həddinə çatdırıb. Bütün bunların hamısında Heydər Əliyev yolu ilə getməyin əsas olduğunu prezident özü də yaxşı bilirdi. Ona görə də elə Sevindik Nəsiboğlunun təqdimində biz müzəffər Ali Baş Komandan İlham Əliyevin atası Heydər Əliyev haqqındakı parlaq düşüncələrində Ulu Öndərin əbədiyaşarı obrazını da görürük: “Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoymuşdur. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin həyat amalının təntənəsidir”. Məlumdur ki, dünya diplomatiyasında, gərgin beynəlxalq siyasi arenada Azərbaycanın prezidentini qətiyyətli siyasətçi, güclü hərbi strateq, ən başlıcası, sarsılmaz siyasi iradə sahibi kimi tanıyırlar. Maraqlıdır ki, İlham Əliyev özünün bütün siyasi və əməli fəaliyyətinin uğurlarını məhz Heydər Əliyev zəkasının işığı ilə bağlayır. O çox yaxşı bilir ki, siyasi varisi olduğu atasından yadigar qalan mənəvi irs hər vaxt onun yolu üçün işıqdır. Tale elə gətirdi ki, İlham Əliyev də atası kimi çox böyük tarixi sınaqlardan keçməli oldu. Hər birimiz yaxşı bilirik ki, dünyanın güc sahibləri erməniləri haqsız olduğu halda müdafiə edir. Onların Azərbaycan xalqının tarixi torpaqlarını işğal etməsinə göz yumur. Ən başlıcası, bir milyondan çox Azərbaycan türkünü tarixi torpaqlarından qəddarcasına, vandallıqla çıxarıblar. Bu gün İlham Əliyev bu həqiqətləri 44 günlük müharibənin qələbəsi fonunda yenə dünyaya diktə edir. Biz hiss edirik ki, Zəngəzur yolunun açılması da real olacaq. Hələ qərbi Azərbaycandan vandallıqla qovulmuş olan Azərbaycanlılar da öz tarixi məskənlərinə məhz onun qətiyyətli mübarizəsi il qayıda biləcəkdir.

 

Məlumdur ki, Heydər Əliyev haqqında nəinki Azərbaycan publisistləri, yazıçıları, siyasi xadimləri yorulmadan yazır, onun tarixi-əməli fəaliyyətini ən müxtəlif tərəflərdən şərh edirlər. Eləcə də, beynəlxalq arenanın dünya şöhrətli elm adamları, sənətkarları, siyasi xadimləri yorulmadan onun mənəvi risini öyrənir, mübarizə istiqamətlərini tədqiq edir və onun haqqında gələcək naminə obyektiv, dəyərli fikirlər söyləyirlər. Bu fonda ardıcıl olaraq nəşr olunan kitabların mahiyyətinə varsaq, deməliyik ki, bu böyük söz axınıdır. Real tarixi şəxsiyyət haqqında ayrı-ayrı insanların səmimi düşüncələridir. Heydər Əliyevi gələcək nəsillər üçün olduğu kimi təqdim etmək baxımından bu düşüncələrin əvəzsiz rolu var. Demək, Sevindik Nəsiboğlunun da həyat yolunda Heydər Əliyev şəxsiyyətini tədqiq etmək qisməti varmış. Ən başlıcası, Sevindik Nəsiboğlu kitabda verilən “Ulu Öndər” adlı ilk yazısında uşaqlıq dünyasının düşüncələrini ifadə edib. Maraqlıdır ki, kitabda həmin düşüncələr sinifdə yazılmış inşa-esse janrında qələmə alınıb. İndi 10 dekabr 2015-ci il tarixi ilə göstərilmiş ikinci sinif şagirdinin həmin əlyazmasını nəzərdən keçirirəm. Sevindik Nəsiboğlunun həssas uşaqlıq dünyası ilə üz-üzə qalmaq nə qədər maraqlıdır: “Bəli, o, əbədiyyətə qovuşdu. Dahi Heydər Əliyev aramızda olmasa da, onun gözəl əməlləri, vətənpərvərliyi daima qəlbimizdə əbədi yaşayacaqdır. O vəfat edəndən sonra onun yolunu davam etdirən yeganə oğlu İlham Əliyev oldu. Biz bilirik ki, o, göylər qədər əbədi, zirvələr qədər ucadır. Xalqımız onu anır, onun əziz xatirəsi önündə baş əyir. Səni sevirik, ey Ulu Öndərimiz. Səni unudan bu vətənin oğlu deyil. Sən bizim ən çox sevdiyimiz tək Ulu Öndərimizsən. Sən olmasaydın, Azərbaycanımız indiki kimi çiçəklənməzdi. Sən olmasaydın, daha vətənimiz müstəqil bir ölkə olmazdı. Sən ömrünün səksən illiyinə qədər bizim üçün çox şey etdin. Məzarında rahat uyu, bizim Ulu Öndərimiz. Səni heç bir vaxt unutmayacağıq. Bizim üçün səndən başqa heç bir lider yoxdur, Heydər Əliyev, əziz babamız!”. Bu qeydlərdən sonra müəllif təəssüratlarını yazının sonuna əlavə edir: “Həmin gün mən dərsdən evə qayıdanda valideynlərimə dedim ki, elə bil, mələklər məni göyə qaldırıb. Bir həftə özümü göyə qalxmış kimi hiss etdim”. Bu sözləri kim, necə, süni şəkildə ifadə edə bilər? Bu sözlər dərin hissiyyatın bəhrəsidir. Sanki kiçik yaşlı bir nəvə sözü həqiqi mənasında öz babası haqqında düşüncələrini ifadə edib. Onun doğmalığını, hərarətini öz varlığında duyur.

 

Sevindik Nəsiboğlunun kitabda verilmiş maraqlı yazılarından biri “Qəhrəman xalqın qəhrəman oğlu” adlanır. Yazının adına diqqət etmək bəs edir ki, Sevindik Nəsiboğlunun düşüncə imkanlarını aydın təsəvvür edəsən. Birinci növbədə o, xalqımızın tarixi qəhrəmanlıq obrazını öndə görür. Demək, onun düşüncəsinə görə xalq özü qəhrəmandırsa, onun içərisindən bir qəhrəman oğul mütləq çıxmalıdır, vətənin qaranlıqlarını dağıtmalıdır və xalqını işıqlığa çıxarmalıdır. Maraqlıdır ki, Sevindik Nəsiboğlunun təsvirlərində xalq və Ulu Öndər obrazı bir-birindən o qədər də ayrı təsvir olunmur. O, bu obrazları vəhdətdə görür. Onları bir-birinə bağlayan telləri aydın qavrayır. Bu həssas yanaşma, xüsusilə, tarixlə bağlı bilgilər ona imkan verir ki, vətən tarixini də incələyə bilsin. Bu tarixin fonunda Heydər Əliyevin mükəmməl obrazını təqdim etsin. Xalqın qəhrəman oğlu kimi hansı iş onun əsas missiyasıdır? Bu ritorik bir sualdır. Amma Sevindik Nəsiboğlu bu suala çox səmimi cavab verir. Zənnimcə, onun əsərindən bir parçanı burada da oxucuya təqdim etmək yerinə düşər: “Xalqını sevməli, qorumalısan. Uşaqdan-böyüyə hər kəsin qəlbində taxt qurmaq üçün yox, uşaqdan-böyüyə hər kəsin parlaq gələcəyə sahib olması üçün yaşamalısan. Əgər bir gün xalqın sənə ehtiyacı olsa, heç düşünmədən onun uğrunda hər şeyindən keçməlisən. Ölümdən qorxmamalı, ölümün gözünə dik baxmalısan. Ulu Öndərimizin dediyi kimi, əgər bir gün bir namərd gülləsi, bir terrorçu gülləsi səni həyatdan alıb aparacaqsa, bütün ailən və sevdiklərinlə birgə ana vətənə qurban getməyə hazır olmalısan və lazım gəldiyi an qurban getməkdən də çəkinməməlisən! Sən “xalqım” deməli, xalqın da sənin adını söyləməlidir. Öndər adı insana elə-belə verilməz. Öndər adını verən birdir, o da xalqdır! Bir xalqın öndərinə bu ad ancaq öz xalqı tərəfindən verilə bilər. Bütün bu sözlər elə ən yaxşı Ulu Öndərimizdə öz təsdiqini tapır. Elə ona görə də Heydər Əliyev həm uludur, həm də öndərimizdir. Bu, xalq tərəfindən 1993-cü ilin 15 iyununda qoyulmuş dəyişdirilməz və yekdilliklə qəbul olunmuş qanundur. Bu dəyişdirməyə heç kəsin gücü çatmayıb, çata da bilməz”. Fenomenlərin, qeyri-adi düşüncə sahiblərinin qənaətləri cəzbedici olur. Sevindik Nəsiboğlunun bu düşüncələrində də oxucunu özünə çəkmək gücü var. Maraqlıdır ki, o, fikrini çox dəqiq məntiqlə şərh edir. Xalqın uğrunda iş görmək üçün gərək onu sevəsən. Təkcə sevməklə də iş bitmir. Müəllif həm də əlavə edir ki, gərək özündən daha çox xalqını qoruya biləsən. Yalnız bu zaman xalqın sənin kimliyini bilər. Xalqın hiss edər ki, uğrunda vuruşan var, savaşan var və o zaman xalq da bir yumruq kimi sənin ətrafında birləşər. Həqiqətən də bu tarixi bir yol idi. Heydər Əliyev bütün əməli fəaliyyətində aşkarlığına sadiq qaldı. Fikrindən keçənləri, niyyətlərini, arzularını, istəklərini xalqı ilə bölüşdü. Bir sözlə, getdiyi yolda xalqı ilə birlikdə oldu. Elə buna görə də heç nədən qorxmadı, hətta ölümlə təhdid olunanda belə geri çəkilmədi. Xalqın yolunda qurban getməyi də özünə şərəf bildi.

 

İnsanlar Heydər Əliyevə inanırdılar. Onun sarsılmaz güc mənbəyi olduğun hiss edirdilər. Ona görə də onun arxasınca getməkdən çəkinmədilər. Həyat göstərdi ki, özünü qoruma hissi ilə Heydər Əliyevin ətrafında birləşməkdə seəhv etməyib. Ən başlıcası, xalq son nəticədə gördü ki, Heydər Əliyev vətəni ən dəhşətli bəlalardan xilas etdi. Azərbaycanın bütövlüyünü təmin etdi. Gələcək mübarizələr üçün aydın yol qoydu, doğru-düzgün yol qoydu.

 

Biz bu günü müzəffər Ali Baş Komandan İlham Əliyevin apardığı siyasətin sayəsində bütün Qarabağa nəzarət edirik. Tarixi Qarabağ torpaqlarını vandallardan ordumuz azad edib. Bütün bunların hamısıın önündə Ali Baş Komadan gedib. O da çox doğru olaraq qeyd edir ki, yolumuz yeganə işıq mənbəyi Heydər Əliyev zəkasıdır. Bu zəkanın tükənməz işığı hələ uzun zamanlar boyu xalqımızın yoluna aydınlıq saçacaq.

 

Sevindik Nəsiboğlu Heydər Əliyev mənəvi irsini ən müxtəlif tərəflərdən tədqiq edib. Məlumdur ki, Heydər Əliyev Azərbaycan dilinin varlığını elə əvəzsiz milli sərvət hesab edirdi. Bu dilin saflığını qorumaq üçün hər cür vasitələrdən istifadə edirdi. Kitabda belə bir başlıq var: “Ulu Öndərimiz Heydər Əliyev və Azərbaycan dili”. Başlıq özü yazının nədən danışacağını, müəllifin hansı məsələlərə toxuna biləcəyini bəri başdan anladır. Müəllif düşüncələrində insan taleyini zamanla, məkanla, onun hansı millətə mənsub olması ilə bağlayır. Nəhayət, belə bir qənaətə gəlir ki, hər kəsin taleyi həm də onun dilindən asılıdır. Dil xalqın vətənlə birliyini təmin edən əsas vasitə kimi şərh olunur Sevindik Nəsiboğlunun yazısında. Müəllif poetik duyğularla qələmə aldığı həmin essedən bir parçanı yəqin ki, hər kəs məmnunluqla oxuyardı: “Hər bir insan üçün onun doğulduğu zaman, məkan, onun hansı millətə mənsub olması, onun böyüyüb boya-başa çatdığı, uşaqlığını keçirdiyi yerlər, şahid olduğu hadisələr və s. bu kimi anlayışlar nə qədər önəmlidirsə, onun dil açan kimi söylədiyi sözlərin hansı dilə mənsub olması, yəni onun ana dilinin hansı dil olması da o qədər, hətta ondan da çox önəmlidir. Çünki ana dili məkan, zaman, millət və s. anlayışlardan və məfhumlardan daha da üstün bir anlayışdır. Ona görə ki, insan doğulduğu andan vəfat etdiyi ana qədər söylədiyi bütün sözləri dildə söyləyir. Yürütdüyü bütün fikirləri bu dildə irəli sürür, etdiyi bütün çıxışları bu dildə eynidir. Nə qədər zamanın və zəmanə adamlarının diktəsi ilə məcburiyyətdən soydaşlarımız bu dili danışmağa çətinliklər çəksələr də, yenə də bu dili unutmamışlar və heç bir zaman unutmayacaqlar. Çünki insanlar ana dilində səslənən ana laylasıyla gecə şirin yuxuya dalmış, həmin dildə olan əzizləmələrlə böyümüşlər. Beləliklə, ana dili böyüyüb boya-başa çatanda və ondan da sonrakı dövrlərdə insan üçün ən əvəzsiz, tayı-bərabəri olmayan bir inciyə çevrilmişdir. İnsan öz ana dilini heç bir zaman unutmamalı, bu dilin incəliyini, zərifliyini, doğmalığını, şirinliyini qoruyub saxlamalı və hər zaman bu dildə danışıb bu dildə danışdığı üçün də qürur hissi duymalıdır. Eyni ilə hamımızın idealı, xilaskarımız, mühafizəkarımız, əvəzsiz və ölməz liderimiz, yeni, müasir Azərbaycanın qurucusu, memarı Ulu Öndərimiz Heydər Əlirzə oğlu Əliyev kimi!”. Müəllif maraqlı müqayisələr aparır. Dildən danışanda sanki şirin uşaqlıq ifadə tərzini duyğulu cümlələrə çevirə bilir. Ana dilində səslənən laylaları yada salır. Sevindik Nəsiboğlu göstərir ki, dil bütün doğmalığı ilə insanın yaddaşına uşaqlıq çağından hopur. Hər kəs özünün uşaq yaddaşından gələn duyğuları ilə dilinə sahib olur və özünü ifadə imkanlarını da dilində tapır.

 

Sevindik Nəsiboğlu Azərbaycan dilinin zərifliyini, incəliyini tərənnüm edir. Bu dildə danışmağın özünün də qürur mənbəyi olduğunu bildirir. Şübhəsiz, o bu duyğulanmalarında, düşüncələrində Heydər Əliyevin Azərbaycan dilinə sevgisindən bəhrələnir.

 

Biz Heydər Əliyevin ana dili uğrunda mübarizələrinin şahidi olmuşuq. Dilimizlə bağlı mübahisəli məqamları görkəmli alimlərin iştirakı ilə müzakirəyə verdi. Nəticədə hər kəsə məlum oldu ki, Ulu Öndər dilə elə vətəni kimi baxır, xalqın özü kimi baxır.

 

Məlumdur ki, Heydər Əliyev Azərbaycan dilini əla bilirdi, bu dili sevirdi. Ona görə də onun danışıq tərzi, incə yumoru, fikrini qətiyyətlə ifadə etməsi məhz dili dərindən bilməsi ilə bağlı idi.

 

Sevindik Nəsiboğlunun kitabında çox dəyərli yazılar var. Özü də maraqlı məqamlara toxunur: “Ulu Öndərimiz Heydər Əliyev və türk birliyi”, “Azərbaycan-Türkiyə əlaqələri Heydər Əliyev işığında”, “Qurtuluşdan böyük zəfərə gedən yol”, “Ulu Öndərin büstünü ziyarət və yaxud bir xalq istəyi”, “Naxçıvanlılar Ulu Öndərin yolundadır”, “Mən fəxr edirəm ki...”, “Beş ildən sonra”, “Ulu Öndər yadigarı” və s. Başlıqlar göstərir ki, Sevindik Nəsiboğlu Heydər Əliyev yolunu mənən mənimsəyib, onun irsini öyrənib, ruhuna uyğun ən dəyərli fikirlərini seçib yazısına gətirib. Sözün həqiqi mənasında Sevindik Nəsiboğlunun bu kitabı həm yeniyetmələr və gənclər üçün, həm də ümumiyyətlə Heydər Əliyev irsini öyrənmək istəyənlər üçün maraqlı mənbədir.

 

Düşünürəm ki, 15 yaşlı gənc şair-publisist üçün Ulu Öndər ilinə ən yaxşı töhfələrdən biri elə Sevindik Nəsiboğlunun özünün “Ulu Öndərin işığında” kitabıdır.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Azərbaycanın ideya və məqsədləri ilə bağlı mesajlar verən BƏYANNAMƏ

"ŞƏT-in Azərbaycana faydası olduğu qədər Azərbaycanın da ŞƏT-ə qiymətli töhfələri var"

"Azərbaycan növbəti dəfə olduqca təsirli bir addım atmış oldu”

Siyasətdə yeni ZÜMZÜMƏLƏR

“Qarabağ Bəyannaməsi artıq o qüvvələri çıxılmaz vəziyyətə salır”

"Deputatların növbəti görüşü də müsbət dəyərləndirilməlidir"

Ürək bulantısı
XƏSTƏLİKLƏRDİRMİ?

Telejurnalist MTM-nin mətbuat katibi oldu

Bu həftədən seçki sənədlərinin DSK-lara təqdim edilməsinə BAŞLANILIR

Azərbaycanda elektron pullar dövriyyəyə BURAXILACAQ

“WhatsApp” casus PROQRAMIDIR

“Deputatların görüşü vacib görüşlərdən biri kimi səciyələndirilməlidir”

Metroplitendən hər kəsi şok edəcək AÇIQLAMA

Sabah beş rayonda qaz OLMAYACAQ

Ölkə Trendində BİRİNCİ