"Həmin teleaparıcılar jurnalistikanı bitirməyib"
“Uzun illər Bakıda yaşasam da, heç vaxt şəhər adamı ola bilmədim”
Bakı Dövlət Universitetinin Milli mətbuat tarixi kafedrasının müdiri, professor Cahangir Məmmədli Modern.az saytına geniş müsahibə verib.
Onunla söhbəti təqdim edirik:
“Biz işğal dövründə yaşamadıq ki...”
- Cahangir müəllim, siz əslən Qarabağdansınız. Topraqlarımızın işğalını, İkinci Qarabağ müharibəsindən sonra azadlıq olunma dövrünü gördünüz. Bu olanlar həyatınızda hansı izləri buraxdı?
- Mən kənd adamıyam, uzun illər Bakıda yaşasam da, heç vaxt şəhər adamı ola bilmədim. Şəhər adamları inciməsinlər, Azərbaycanın milli-mənəvi dəyərləri kənddədir. Həm də inciməsinlər ona görə ki, kənd şəhərdən əvvəl meydana gəlib. Biz hamımız əslində kənddə doğulmuşuq. Mənim ən çox qorxduğum odur ki, artıq kəndlər şəhərə çevrilməyə başlayır. Mənim kəndim Novruzlu həm də mənim idealımdır. Mənim vətənim oradan başlayır. Orada orta məktəbi bitirmişəm. O məktəbi bilirsiniz kimlər bitirib? Azərbaycan elmini dünyada tanıdan şəxslər, Xudu Məmmədov, professor, AMEA-nın müxbir üzvü Rafiq Əliyev, usta yazıçılardan, dramaturqlardan olan Əli Əmirli… Bax, Novruzlu kəndinin belə ziyalıları var. Mən o məktəbi heç vaxt unuda bilmərəm. Novruzlu işğalda qalan dövrdə mənə o qədər pis təsir edirdi ki, etiraf edirəm, ümidsizliyə qapılmışdım. Ancaq mənim Prezidentim necə ayağa qalxdı, Azərbaycanı ayağa qaldırdı, mənim kəndim azad edildi. Kəndimiz minalanıb, ancaq Mirşahingil məni bir dəfə kəndə apardılar. O kənd minaları ilə də mənə doğmadır. Artıq Novruzlu yavaş-yavaş dirçəlir, əvvəlkindən də dəfələrlə gözəl olacaq. Mən bunu təsəvvür edirəm. Biz işğal dövründə yaşamadıq ki...
- Siz universiteti bitirdiyiniz il müəllim kimi fəaliyyətə başlamısınız. Gənc yaşlarınızda sizə universitetdə göstərilən dəstəyi necə xatırlayırsınız?
- Universitetə qəbul olunduğum zaman Jurnalistika Filologiya fakültəsində şöbə idi. Atam 1942-ci ildə müharibədə həlak olub. O zaman fakültənin dekanı Əlövsət Abdullayev mənə ata münasibəti bəsləyirdi, elə hiss edirdim ki, atam yanımdadır. Birinci kursun ilk dərsini bizə Nəsir İmanquliyev keçdi. O, özünün yaratdığı “Bakı” və “Baku” qəzetlərinin redaktoru idi. Gördü ki, mənim müəyyən dərəcədə yazı qabiliyyətim var, dedi “həftədə bir dəfə yazı yaz”. Mənim bir yazıma 40 manat qonorar verirdi. O vaxt aldığım əlaçı təqaüdü 45 manat idi. Daha sonra mənə həftədə 3-4 dəfə 40 manat qonorar yazdı ki, həm həvəslənim, həm də dolanışığa imkanım olsun.
Azərbaycan jurnalistikasının müəllimi Şirməmməd Hüseynov mənim Bakıda qalmağıma səbəb oldu. Dövlət imtahanı verəndə protokol yazdırdı ki, bu tələbəni fakültədə saxlayaq. Jurnalistikanın peşəkarlığını, dəqiqliyini Şirməmməd Hüseynov məktəbindən öyrənmişəm.
“Jurnalistikamız Nəsir İmanquliyevlə Şirməmməd Hüseynova borcludur”
- Sizə göstərilən dəstəyi siz öz tələbələrinizə göstərdinizmi?
- Belə unudulmaz məllimlərin qarşısında ən azı onları təkrarlamağı bacarmasan, onda gərək buradan çıxıb gedəsən. Çünki əks halda, onların ruhuna xəyanət etmiş olarsan. Bu fakültənin bünövrəsi elə qurulub ki, o müəllimlərin qoyduğu bünövrəni pozmaq olmaz. Fakültədə kənardan dərs deyənlər arasında bəzən hiss olunub ki, tələbədən umacağı var. Onu buradan elə qovmuşuq ki, heç özü də necə çıxıb getdiyini bilməyib. Çünki bu fakültədə onu etmək mümkün deyil. Bünövrəni Nəsir İmanquliyevlə Şirməmməd Hüseynov qurub. Mən belə bir mühitdə böyümüşəm, o mühitə heç vaxt etinasız ola bilmərəm. Tələbələrimə köməyi özümün borcu hesab etmişəm. Eyni zamanda bunu müəllimlərim qarşısında hesabatım bilmişəm.
- Köçkünlük dövründə istedadı olub maddi imkanı olmayan tələbələrinizə necə, dəstək vermisiniz?
- Məncə bunu dilə gətirmək düzgün olmaz. Sağ əlin verdiyini sol əl bilməməlidir. Ancaq mənə elə gəlir ki, bu məsələdə tələbələr ərk edirlər. Yanıma gəlib problemlərini danışırlar. O problemdən mən anlayıram ki, kömək etmək lazımdır. Mənim tələbələrim mənim doğma balalarımdırlar. Münasibətlərimiz o qədər doğmadır ki, onlar məndən sirlərini, ehtiyaclarını gizlədə bilmirlər. Onların problemlərinin həll olunması üçün nə kömək lazımdırsa, edirəm.
“Dekan vəzifəsindən xahiş edərək çıxdım”
- 82 yaşınız olmasına baxmayaraq, çox gənc görünürsünüz. Gənc qalmağınızın səbəbi nələrdir?
- Mən dindar adam deyiləm. Ancaq Allaha inanıram. Nə istəyirəmsə, Tanrıdan diləyirəm. Yaşı da o verir… Mən çox hərəkətdə olan adamam. 2017-ci ildə məni fakültəyə dekan qoymuşdular, 5-6 ay işlədim, amma gördüm ki, bu işdə oturmaq lazımdır. O zamankı rektor Abel müəllimdən xahiş etdim ki, məni axtaranda mobil telefonuma zəng etsin, çünki otaqda otura bilmirəm. Mənim saatlarla bir otaqda oturmağım mümkün deyil. Bəlkə də mən yeganə adamam ki, dekanlıqdan yalvararaq imtina etmişəm. Çünki yaradıcı insanam. Bir axşam yazı yazmayanda yuxuya gedə bilmirəm. Bu iş isə məni düşünməyə qoymurdu. Abel müəllim hiss etdi ki, mən dekan olmaq istəmirəm. Çox təəccüblə dedi ki, bəs sənin yerinə kim olsun? Mən də bir şəxsin adını dedim, hansı ki o, indiki dekanımız, mənim çox sevdiyim Vüqar müəllimdir. Təmiz, cavan, elmli, bilikli, elə rəhbərlik də bu təklifi bəyəndi.
- Qeyd etdiniz ki, bir axşam yazı yazmayanda yuxuya gedə bilmirsiniz. Siz həyat yoldaşınızı erkən itirmisiniz. Maraqlıdır, ona sevginizi yazılarınızda ifadə etmisinizmi?
- Bizim sevgi dünyamız Şuşadan başlayıb. Həm Şuşa qəzetində təcrübədə idim, həm də pioner düşərgəsində işləyirdim. Bir gün Ağdamdan gələn avtobusdan bir dəstə qız düşdü. Sevgi oradan başladı. Mənim fikrimcə, 25-26 yaşına qədər insan duyğularla evlənir, ondan sonra ağılla ailə qurur. Mən duyğularla evlənən adamlardanam. Bizim 5 qızımız var. O qızlar analarının qoyduğu yolu dəqiqliklə yerinə yetirirlər. Onlara baxıb Allaha şükür edirəm ki, nə yaxşı bizim qızlarımız var.
Mənim ən duyğulu esselərim yoldaşımla bağlıdır. Təxminən 5 esse müxtəlif jurnallarda çap olunub. Onların ən başında dayananı “Payız gülləri, yaxud bütün sevgilərin bitdiyi yerdə” essesidir. Bu yazıda mən xanımıma məhəbbəti ifadə etmişəm.
“Övladlarımdan çox razıyam”
- 5 qızınız olduğunu vurğuladınız. Övladlarınız sizin onlardan istəklərinizi, gözləntilərinizi doğruldublarmı?
- Tam mənası ilə bəli. Mənim qızlarımın ixtisasları müxtəlifdir. Böyük qızım həkimdir. “Semaşko xəstəxanası”nda işləyirdi, sonra işini dəyişdi. Orada çalışan qadınlardan biri mənə dedi ki, “qızına elm öyrətmisən, peşəkar həkimdir, bircə pul almağı öyrətməmisən”. Həyatda təmiz olmaq lazımdır. Heç kimdən nəsə ummaq olmaz. Peşən səni təmin etməlidir. Bu mənada övladlarım heç vaxt kimdənsə nəsə ummayıblar. Ailədən çox şey asılıdır. Mən heç vaxt “belə olun, elə olun” söyləməmişəm. Mən necə olmuşamasa, övladlarım da elə olublar. Bu mənada onlardan yerlə göy qədər razıyam.
- 50 ildən çoxdur ki, BDU-nun Jurnalistika fakültəsində müəllim işləyirsiniz. Bu onilliklərə nəzər yetirsək, jurnalistikadakı fərqləri necə izah edərsiniz? İllər ərzində jurnalistikadakı müqayisəni necə aparmaq olar?
- 90-ci illərin əvvəllərindən Azərbaycan müstəqillik qazanana qədər biz Rusiya İmperiyasının tərkibində olmuşuq. Çox ciddi senzura şəraitində fəaliyyət göstərmişik. Rus senzurası o qədər ciddi və o ağır bir şeydir ki, onun olduğu yerdə azad mətbuatın fəaliyyəti mümkün deyil. Soljenitsin adlı bir rus yazıçısı vardı. O sovet ideologiyasını tənqid edən bədii əsərlər yazırdı. Sonra onu SSRİ vətəndaşlığından çıxardılar. Xaricə gedən kimi ona “Nobel” mükafatı verdilər. O çıxışı zamanı deyirdi ki, “dünyada rus olmaqdan böyük faciə yoxdur”. Ancaq Rusiya müstəqilləşəndən, SSRİ dağılandan sonra məlum oldu ki, əslində o, “rus senzurası o qədər dəhşətli bir faktdır ki, bu senzura olan yerdə, rus olmaqdan böyük faciə yoxdur” deyib. Məlum oldu ki, rus olmağın faciəsi senzura ilə bağlıymış. O senzura bizdə də var idi. Amma biz ondan xilas olduq. Azərbaycan müstəqillik əldə etdi. O zaman biz Qərb jurnalistikasına söykənməli olduq. Maraqlanırdıq ki, Qərb dövlətlərində Almaniya, Fransa, İngiltərənin jurnalistikası necədir? Onlarda jurnalistikanın hansı prinsipləri var ki, biz onları mənimsəməliyik? Dəqiqlik, qərəzsizlik, vicdanlılıq - biz bunları götürüb, öyrənməyə başladıq. Bir az keçdikdən sonra məlum oldu ki, bunlar dediklərinə özləri əməl etmirlər. Çox narahat vəziyyət yarandı. Bu, uzun illər - 1990-cı ildən 2020-ci ilə qədər davam etdi. Rusiya-Ukrayna müharibəsi ortaya çıxanda bunların iç üzü aydın göründü. Yəni Qərb jurnalistikasının iç üzü, sovet jurnalistikasından da dəhşətlidir. Ona görə biz klassik Azərbaycan mətbuatına söykəndik. Bu gün klassik mətbuata söykənib, öz işimizi görürük.
“Report”, “Qafqazinfo”, Modern.az, APA, Azərbaycan Televiziyası, İctimai TV, ARB24, REAL…
- Bəs 30 il əvvəlin tələbələri ilə indiki tələbələrin tərbiyəsində, həyata yanaşma tərzində oxşarlıq varmı? Sizcə, nələr dəyişib?
- Çox maraqlı sualdır. Həqiqətən də mən bir neçə onilliyin müəllimiyəm. Universitet elə bir yerdir ki, Azərbaycan üçün cavan nəsil yetişdirmək onun çiyninə düşür. Mən 60-ci illərin tələbəsiyəm. O vaxt universitetə qəbul olunmağın özü o qədər böyük bir bayram idi ki, insanların həyatında bundan xoşbəxt gün yox idi. Amma indi çox adiləşib belə şeylər. 1970-ci illərin tələbələri ədəbiyyata meyilli idilər. Bədii ədəbiyyata meyilli jurnalist-tələbələr yetişirdi. Bu, onların dilini gücləndirən bir keyfiyyət idi. Bu gün hamı bilir ki, internet gənc nəsli dünyası xeyli dərəcədə dəyişdirib. Düzdür, ağıllı tələbələrimiz var ki, oradan da nəsə öyrənir. Amma onların hamısı telefonlardan yanlız elm öyrənirlər desək, yalan olar. Asılılıq olduğu üçün telefondan əl çəkmirlər. Bu gün ədəbiyyata meyil o qədər zəifləyib ki, bədii ədəbiyyat ikinci plana keçib. Əvvəllər mətbuat ikinci planda idi. İndi ədəbiyyat ikinci plana keçib, mətbuat isə birinci. Bu gün Azərbaycan mediasında mətbuat azadlığı olduğu üçün hər kəs azad sözünü deyə bilir. Gənclər də bu mühitdə böyüyürlər, ona görə də sözlərini rahatca deyə bilirlər. 1970, 1980, 1990-cı illərdən fərqli olaraq, 2000-2024-ci illərin tələbələri informasiyalılıq baxımından güclüdürlər.
- Necə düşünürsünüz, keçmiş jurnalistlər daha çox dövlətə bağlı idi, yoxsa indikilər?
- Məsələn, 30 il öncəki jurnalistlər sovet dövründə yaşayırdılar. O zaman müstəqilliyə inam bir qədər zəif idi. Düzdür, bizim klassik mətbuatımızda bu məsələ həmişə olub. Həsən bəy Zərdabi, Rəsulzadə ilə davam edib, Cəlil Məmmədquluzadə yaradıcılığının şah damarı olan milli azadlıq məsələləri həmişə dövriyyədə olub. Ancaq böyük ümidsizlik var idi ki, SSRİ-nin tərkibindən çıxmaq çox çətin idi. Tale elə gətirdi ki, biz müstəqil olduq. Ondan öncə müstəqil olaq, dövlətimiz olsun, prinsipi var idi. Prezidentin də söylədiyi kimi, Qələbəni xalqımız qazandı. O xalqın içərisində Şuşanın qayalarına dırmaşıb, dırnaqları ilə qala-şəhərə qalxan cavan nəsil var. O cavanların içərsində bizim tələbələrimiz də var. Onlardakı Vətən sevgisini heç kim ala bilməz. Mən auditoriyaya girəndə, hər dəfə bu söhbət düşəndə 18-19 yaşlı tələbələrin Vətən sevgisini onların dilindən, söhbətindən hiss edirəm. Dövlətə çox bağlı olan jurnalistlərimiz, tələbələrimiz var.
- Siz Azərbaycan jurnalistlərinin müəllimisiniz. Hazırda jurnalistikamızda aparıcı qüvvələr jurnalistika ixtisasını bitirənlərdir, yoxsa kənar ixtisaslardan gələnlər?
- Azərbaycanda söz və mətbuat azadlığı qanunlarla təsnif olunub. Media Agentliyinin tərtib edib dövriyyə buraxdığı “Media haqqında” qanunda əks olunub ki, hər kəs mətbuat yaratmaqda azaddır. Jurnalistikaya başqa-başqa sahələrdən gələnlər olur. O sahələrdən gələnlər jurnalistikanın nəyə xidmət etdiyini, peşəkarlığın nədən ibarət olduğunu bilmirlər. Amma onların arasında elə adamlar var ki, bu gün onlar ustaddırlar. “Report”, “Qafqazinfo”, Modern.az, APA - bu informasiya agentlikləri və saytlarda başqa ixtisaslardan, fakültələrdən gələn adamlar var ki, onlar jurnalistikanın tələblərini çox gözəl bilirlər, peşəkardırlar. Amma peşəkarlığı dərk etməyən, qanuna əməl etməyən adamlar da var. Bu gün Azərbaycan Televiziyası, İctimai TV, ARB24, REAL telekanalarından başqa bütün digər telekanallar pul qazanmaqla məşğuldur. Azərbaycanda milli-mənəvi dəyərləri korlayırlar. Bu gün tənqid olunan aparıcıların heç biri Jurnalistika fakütləsini bitirməyib. Biz jurnalistlərə etik normaları keçirik. O etik normaları bilməyən adamlar bu cür vəziyyətə düşürlər. Jurnalist etikası çox ciddi amildir. Burada bir var qanun, bir də var vicdan məsələsi... Jurnalist qanundan ehtiyat edir. Çünki qanun onu məsuliyyətə cəlb edə bilər. Amma etik normalar vicdan işidir.
Mirşahin Ağayev, Rəşad Məcid, Yusif Rzayev, Akif Aşırlı...
- Necə hesab edirsiniz, bu gün Azərbaycan jurnalistikası BDU-nun Jurnalistika fakültəsini bitirənlərin çiyinlərində deyilmi? Bu sırada kimlərinsı adını çəkə bilərsiniz?
- Onlar çoxdular. Bir-birindən fərqləndirmək istəmirəm. Hər nəsildə Azərbaycana yararlı kadrlar yetişdirmişik. 1980-ci illərin sonunda tələbəmiz olmuş Mirşahin Ağayev bu gün Azərbaycanda ən görkəmli, peşəkar jurnalistlərdən biridir. O jurnalistikanı hətta sənətə çevirib. Onun rəhbəri olduğu televiziya bu gün Azərbaycançılıq ideologiyasını birbaşa ortaya qoyur. Hər nəsildə tələblər içində Azərbaycana yararlı kadrlar yetişdirmişik. Mənim şəxsi fikrimcə, Rəşad Məcidin rəhbərliyi ilə çap olunan “525-ci qəzet” ümumrespublika qəzeti statusundadır. Bu qəzet öz tematikasına görə o qədər zəngindir ki, ona bu adı vermək olar. Qəzetdə redaktor müavini kimi işləyən Yusif Rzayev Azərbaycan jurnalistikasında çox tanınmış, qəzetçiliyi sonuna qədər bilən jurnalistlərdəndir. Bu şəxslər həmçinin ədəbiyyatı da çox yaxşı bililər. “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı bizim fakültədə magistraturanı bitirib. O bizim fakültəmizdə müəllim kimi də fəaliyyət göstərib.
- Tələbələrinizdən daha çox xanımlar sizinlə dostluq-yaxınlıq edir, bu nə ilə bağlıdır?
- Yəqin ona görə ki, evimdə də qızlar çoxdu. Oğlan nəvələrim ilə qız nəvələrim arasında da bu fərq hiss olunur. Qız nəvələrim ilə daha çox münasibətdəyəm. Bəlkə də belə çıxar ki, mən onları daha çox istəyirəm. Ancaq yox, kiçik qızımla bir yerdə oluruq. O da jurnalistdir, iki qızı, bir oğlu var. Oğlunun 3 yaşı təzə tamam olub. O 3 yaşlı uşaq mənim kumirimdir. İki-üç saat ondan ayrı qalanda özümü yaxşı hiss etmirəm. Məncə, evdə də qız tərbiyə etmişəm, ona görə tələbələrim arasında qızlar mənə yaxındırlar.
- Keçmiş tələbələrinizdən kimlərlə əlaqəniz var?
- Tələbələrlə həmişə əlaqədəyik. Bir problemim olanda onlara zəng vururam, mənə kömək edirlər. Bizim fakültədə tələbələrlə münasibətlərimiz daha çox dəhlizdə olur. Çünki elə şeylər var, onu auditoriyada demək olmur. Bu mənada mən də hər zaman müəllimlərimizə məsləhət verirəm ki, tələbələrlə dostluq etsinlər. Elə bizim fakültə də tələbələrin dostudur. Bizim fakültəni bitirənlər harada varsa, onların yanına ərklə gedirik. Elələri var vəzifədədirlər, problemlərimiz onlanda danışırıq, həmin an həll edirlər. Tələbə dostluğu çox güclüdür.
- Cahangir müəllim, suallarımızı cavablandırdığınız üçün Sizə təşəkkür edirik. Sonda söyləmək istədiyiniz başqa nəsə varmı?
- Mən də sizə təşəkkür edirəm. Modern.az saytı bilsin ki, mənim informasiya aldığım, xəbər mənbələrimin başında dayanan bir media qurumudur. Çünki Modern.az heç vaxt saxta informasiya vermir, heç kimə böhtan atmır. Bu informasiya qurumu dəqiq, qərəzsiz, vicdanlı, balanslı, obyektiv fəaliyyət göstərir. Onun rəhbəri Elşad Eyvazlının Vətən sevgisi hamıya təsir edir, o cümlədən də Modern.az-ın özünə.
Xəbər lenti
COP29-un tədbir məkanı BMT-nin qurumuna VERİLDİ
Mavi Zonaya yalnız UNFCCC tərəfindən...