Yadullanın hasar müsibəti

10:30 04-09-2019 | icon 57 | Köşə
Yadullanın hasar müsibəti

"Taksavatlıq" edən alimlərimiz də bilir ki...

 

AQŞİN YENİSEY yazır...

 

Sərhədlərin hasarlarla ayrılması tarix üçün yeni bir ideya deyil. Təxminən 2700 il əvvəl tikintisi başlayan və iki min il sürən, dünyanın ən uzun hasarı olan Çin səddi vaxtilə Çin və Hun imperiyalarını bir-birindən ayırırdı. Bu gün isə dünyada quru sərhədlərini hasarlar ayıran 67 ölkə var yer üzündə. Populyar kültür Berlin divarını dağıdanda bu say 16 idi. Berlin divarı dağıldı, əvəzində daha 50 divar tikildi.

 

Görünən o ki dünya qloballaşdıqca, texnoloji "həyasızlıq" xalqların daha məhrəm yerlərini pusa bildikcə dövlətlərin bir-birilərinə etibarı itir. XXI əsrdə hasarlama işləri tək bizim Yadullanın müsibəti deyil. Bu gün İngiltərə Fransa ilə, Macarıstan Serbiya ilə, Ukrayna Rusiya ilə, Türkiyə İran və Yunanıstanla, Səudiyyə Ərəbistanı İraqla, Cənubi Koreya "qabağından yeməyən" qardaşı Şimali Koreya ilə və s. adını çəkməyə ərindiyimiz başqa ölkələr sərhədlərini hasarlarla ayırır. Hazırda isə ABŞ Meksika ilə olan sərhədinə hasar hörür.

 

Meksika dedim, yadıma Nobel mükafatı almış Meksika yazıçısı Oktavio Pas və onun meksikalılar haqqında yazdığı "Tənhalıq labirinti" kitabı düşdü. Son illər Azərbaycanda evlərlə yanaşı, restoranların, istirahət mərkəzlərinin, hətta dəniz qumluqlarının, otlaqların və s. hasarlanmasının medianın gündəminə gəlməsi istər-istəməz oxucuları belə bir sualla qıcıqlandırır: görəsən, dünyada hasar anlayışına münasibət necədir? Pas bu kitabında özünü öz ölkəsində öz hasarlarının arasında "tənhalıq labirinti"nə salmış və bu labirintdən azadlığa çıxmaq üçün ABŞ-a qaçan meksikalılardan – "Paçuko"lardan danışır. 

 

Tarixdən ömrü boyu "5" alsa da, sonra iki diplomla "taksavatlıq" edən nakam alimlərimiz bilir ki, XV əsrdə qoyunçuluqdan və yun alverindən babat "pul qıran" ingilis zadəganları kəndliləri, kasıb-kusub qonşularını ev-eşiklərindən qovur və onların torpaqlarını çəpərləyib öz qoyun sürüləri üçün otlağa çevirirdilər. Həmin dövrdə yaşayıb-yaradan və dövrün kralı, Tudorlar sülaləsinin səkkizincisi Henrinin dostu və kansleri, məşhur "Utopiya" əsərinin müəllifi yazıçı-filosof Tomas Mor bu mənzərəni bir cümlə ilə tarixə belə həkk edib: "İngiltərədə qoyunlar insanları yeyir". 

 

Torpaqlarının çəpərlənib qoyun otlaqlarına çevrilməsi cəhənnəm, öz vətənində avara-sərgərdan qalan işsiz-gücsüz ingilis xalqına həm də bu aqibətinə görə cəzalar kəsilmişdi. Kral VIII Henri yalnız qoca və xəstələrə dilənçilik etməyə icazə verirdi, işləməyə heyi olan səfilləri isə qamçılayaraq boyunlarına qoyurdular ki, özlərinə olmayan yerdən iş tapacaqlarına söz versinlər.

 

Əgər o səfil ikinci dəfə avara-avara gəzdiyi yerdə yaxalanırdısa, sorğu-sualsız küçənin ortasındaca qulağı kəsilirdi, üçüncü dəfə işsiz yaxalanan ingilis edam olunurdu.  Bu gün "Rifah dövləti" ideologiyası ilə dünyaya meydan oxuyan Avropada bir vaxtlar sosial müavinət vermək əvəzinə, tutub adamın qulağını kəsirdilər. Bu yazdıqlarım Avropa tarixindəki hasarlama anlayışından bir nümunə idi.

 

Sərhədlər nə zaman hasarlara, hasarlar nə zaman sərhədlərə çevrilir? Yenə tarixə qayıdaq, bu dəfə Şərqə üz tutaq. Çinlilər nə zaman Çin səddini tikmək fikrinə düşdülər? Başlanğıcda, yəni eramızdan əvvəl VII əsrdə tikilməyə başlayanda bu divarlar Çin səddi kimi düşünülməmişdi. O dövrdə Çin bizim XVIII-XIX əsrlərdəki xanlıqlar kimi mülklərə bölünmüşdü və hər bir Çin xanı öz torpaqlarını digər xanın torpaqlarından ayırmaq üçün hasarlatdırırdı.

 

Sərhədlərin hasarlara alınması qədim Çində vətəni deyil, malı, mülkü qorumaq üçün nəzərdə tutulmuşdu. Daha sonra bu bir-birindən ehtiyat edən, fürsət tapdıqca bir-birini silib-süpürən Çin xanlıqları hunların, monqolların yaxıb-yağmalayan hücumlarına məruz qaldılar.

 

Əvvəlcə qarət məqsədi daşıyan bu hücumlar, sonralar, məsələn, Mete xanın zamanında Çinin Xan xanədanının imperatoru Qauzonu əsir alıb şərtlər daxilində buraxmağa qədər gəlib çıxdı. Çinlilər hunlarla döyüşməkdənsə, daha etibarlı şəkildə müdafiə olunmağı seçdilər. Bu da sərhədlərin hasara alınmasının ikinci tarixi səbəbi idi; müharibədən, döyüşdən yayınmağın ən sadə yolu – Çin səddi! 

 

Dünyada istər hansısa ölkə daxilində, istərsə də ölkə sərhədlərində aparılan hasarlama işlərinin ana səbəbini axtarsaq, gəlib bu iki qədim səbəbə dirənəcəyik. Məsələn, Pas deyir ki, Meksikada ən sadə təbəqənin insanları belə ona görə evlərini gizləyən hasarlara ehtiyac duyurlar ki, (Çin dərəbəyləri kimi) heç kim qonşusuna etibar etmir. Bizim kənddəki hasarlamaların da səbəbi aşağı-yuxarı budur.  

 

Dövlətin, məsələn, qədim Çinin, müasir ABŞ-ın özünü hasarlamasını haradasa başa düşmək olar, amma millətin özünü özününkülərdən hasarlaması, gizləməsi, qan qardaşlarının bir-birilərinə potensial oğru, qarətçi kimi baxması hissinin hətta ABŞ-a gedib orada "paçukoluq" edən meksikalıları da tərk etmədiyini yazan Oktavio Pas "paçuko"ların özlərini həm ABŞ vətəndaşlarından, həm də bir-birilərindən gözəgörünməz hasarlarla ayırdıqlarını bir ozan olaraq öz kitabında ərşə bülənd edir. Görəsən, Rusiyada yaşayan azərbaycanlılar arasında da belə gözəgörünməz məsafələr varmı? 

 

Hərdən mənə elə gəlir ki, bizim milli həmrəyliyimiz poetik mərhələdən praktik mərhələyə keçə bilməyib, ya da keçid mərhələsindədir. "Paçuko"larda olduğu kimi, bizdə də bir-birimizə qarşı qəribə bir inamsızlıq var! 

Hələ də öhdəsindən gələ bilməkdə çətinlik çəkdiyimiz bu milli inamsızlıq mühiti, çox güman, Səfəviləri xanlıqlara parçalayan rus-fars həmrəyliyinin qalığıdır. Xanlıqlar zamanında bizdə də eynən qədim Çində baş verənlər oldu; pozulmuş sərhədlər daxilində hasarlar meydana gəldi.

 

Sərhədlər hamıya məxsus olduğu üçün artıq özünü hasarlanmış xanlar - sözsüz ki, hamısına aid deyil - onun məsuliyyətini öz üzərinə götürmək istəmədi. Xanlıqların namusu artıq ölkənin sərhədi deyil, evlərinin hasarı hesab olunurdu. O vaxt çay boyunca dədə malı kimi bölünmüş Azərbaycanın sərhədlərini əlini-qolunu sallayaraq eninə-uzununa ayaqlayasa da, ayağına tikan batmayan, ancaq Bakı qalasına, hasara toxunduğu üçün elə o hasarın dibindəcə başı kəsilən Sisianovu bu yerdə yad etmək dediklərimizə əlüstü bir sübut ola bilər.

 

Bəs necə edə bilərik ki, bu tarixi inamsızlıq aramızdan qalxsın, insanlarımızın hasarlara deyil, sərhədlərə etibarı artsın? Bu suala cavab vermək üçün yenidən Oktavio Pasın kitabına baxıram. 

Təəssüf ki, Pas da vətəni Meksikanın vurnuxduğu "Tənhalıq labirinti"ndən çıxa bilmir. Görünür, bu iş tək adamın işi deyil. /oxu.az/

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Qiraətçi Məleykə Alıoğlunu Universitetdən niyə uzaqlaşdırdılar?! - ŞİKAYƏT /VİDEO/

Müstəqilliyimizi rusa-erməniyə satan xainləri Fəxri Xiyabanda əzizləyirik

"Ayrı-seçkilik yaxşı deyil və gərək nəticəsinə də qatlanasan"

Bakının işğaldan azad edilməsinin 101-ci ildönümü ilə bağlı tədbir keçirilib - FOTOLAR

Partiya sədri dahi sənətkara qarşı unutqanlıqdan danışdı

“Kimsə Rusiyaya açıq dəstək verəcəksə, onun qarşısını alacağıq” – MÜSAHİBƏ/VİDEO

"Bu ayrıseçkilik göstərir ki, hakimiyyət səmimi deyil"

Prezident sərəncam imzalayıb

Rəşad Atakişiyevin məzarı üzərindən məktub tapıldı /VİDEO/

Deputat İbtidai Sinif Müəllimlərinin 2-ci Təhsil Forumunda çağırış edib

“Revmatik qızdırma ürəyi zəbt etmədən onu müalicə etmək lazımdır”

6 rayon Təhsil Şöbəsinin rəhbəri vəzifəsindən kənarlaşdırılıb

"Dialoqun mövzusu, dialoqa çağıran şəxsin səlahiyyəti olmalıdır"

“Avropa Birliyi yaxın gələcəkdə dağılacaq”

AŞPA prezidenti və məruzəçinin səfərindən gözləntilər