DÖYÜŞ XATİRƏLƏRİNDƏ YAŞANAN HƏQİQƏTLƏR

16:43 14-10-2019 | icon 163 | Şəhidlər və şahidlər
DÖYÜŞ XATİRƏLƏRİNDƏ YAŞANAN HƏQİQƏTLƏR

QƏŞƏM RZAYEV: "BİZƏ DEDİLƏR Kİ, ƏRAZİ KƏŞFİYYAT OLUNUB"

 

II HİSSƏ

 

...Avqustun ikinci ongünlüyü olardı. Birinci və üçüncü rotanın şəxsi heyəti Ağdərəyə göndərildi. Pircahanda bizim yerimizə 811 nömrəli hərbi hissənin döyüşçüləri gətirilmişdi. Biz Ağdərəyə ermənilərin Vaquas dedikləri Qozlu kəndinə gəldik. Orada bizi yolun üstünə yığıb hücum edəcəyimiz kənd barədə məlumat verdilər. Bizə dedilər ki, siz Arutunaqamer kəndinə hücum edib oranı götürməlisiniz. Əlavə olaraq o da bildirildi ki, bütün ərazidə kəşfiyyat işi aparılıb, kənddə ermənilərin bir tankı və 100-ə qədər döyüşçüsü var.


Bizim komandirimiz SÜLEYMAN ƏHMƏDOV və nizami hissə üzrə komandirimiz MEHDİ RÜSTƏMOV həmin əməliyyat qrupunun qarşısında dayanmışdılar. Hücum əmri verilməzdən öncə biz bildirdik ki, özümüz ərazidə kəşfiyyat işi aparaq, sonra səhərisi gün kəndi götürək. Razı olmadılar. Çünki bizim birinci rotanın komandiri RƏHMAN İSGƏNDƏROV da orada yox idi.....


Komandirimiz Rəhman İsgəndərov hər zaman bizi əməliyyata aparmazdan öncə o ərazini özümüz kəşfiyyat edib sonra hücum edirdik. Lakin burada bizə bildirdilər ki, ərazi kəşfiyyat olunub, narahat olmayın. İstiqaməti bizə göstərdilər ki, bəs buradan həmin kəndə gedəcəksiniz. Biz göstərilən istiqamətdə kəndi görmürdük. Həmin yer meşəlik bir ərazi idi. Çox çətin relyefi var idi. Bizə əmr verildi. Hücum əməliyyatına başladıq.


Qozlu kəndindən Arutunaqamer kəndi istiqamətində yol alıb hərəkət etdik. Hər tərəf ağaclıq idi. Biz aşağı enəndə qəfildən qarşımızda evlər göründü. Başa düşdük ki, kəndə çatmışıq.


Döyüşə birinci və üçüncü rota gedirdi. İkinci rota hələ gəlib çıxmamışdı. Biz hücum zamanı bir təpənin üstünə gəlib çıxdıq. 9 nəfərdən ibarət qrupumuz sağ cinahdan təpə ilə kəndə enməyə başladıq Bizim sol tərəfimizlə iki tankımız və bir şilkamız kəndə enməyə başladı. Bizdən əvvəl 5, yoxsa 7 nəfərdən ibarət qrup bizim sağ cinahımızla meşənin içiylə fırlanaraq kəndin üst hissəsindəki qəbiristanlıq tərəfdən ermənilərə yaxınlaşmalı, həmin istiqamətdə erməni postlarına atəş açmalı və bu zaman əsas qüvvələrimiz kəndə girməli idi. Lakin həmin qrup kəndə yaxınlaşanda ermənilər onları müəyyən etmiş və güclü minamyot atəşinə tutublar. Həmin qrupdan ölən və yaralananlar olmuşdu, ölən və yaralananları götürərək döyüş mövqeyindən çəkilmişlər...

 

"KƏŞFİYYAT MƏLUMATLARI TAM YANLIŞ ÇIXMIŞDI"

 

Kəndə düşmək istəyirdik ki, bizim tanklardan biri minaya düşüb partladı. Bundan sonra bizi həm tanklardan, həm də atıcı silahlardan möhkəm atəşə tutmağa başladılar. Ermənilər bütün istiqamətlərdən bizi atəşə tutmağa başlamışdılar. Ətraf görünməz olduğu üçün biz onların koordinatlarını da dəqiq müəyyənləşdirə bilmirdik. Kəndin içində ermənilərin bir tankı qəbiristanlığın yanından digər ikisi isə kəndin orta hissəsindən bizim mövqelərimizi atəşə tutmuşdurlar. Yəni, bizə deyildiyi kimi kənddə ermənilərin 1 deyil, 3 tankları var idi...


Bir az keçmişdi ki, ermənilər bizim daha bir tankımızı vurdular. Mövqelərimiz güclü atəşə tutulurdu. Nəhayət bir müddət keçəndən sonra biz də onların mövqelərindən ikisini müəyyənləşdirə bildik. Qızğın atışma başladı. Elə bu vaxt ermənilərin 5 nəfərdən ibarət bir qrupunun sağ cinahdan meşənin içiylə bizim arxa tərəfimizə keçmək istədiklərini gördük. Dərhal onları güllə atəşinə tutduq. ermənilərdən üçü öldü, biri yaralandı, birisə aradan çıxa bildi...


Ermənilər bizim həmin qrupu həm qranatamyotdan, həm də digər atıcı silahlardan bərk güllə atəşinə tutmağa başladılar. Biz isə sağ cinahdan onlara atəş aça- aça geri çəkilmək məcburiyyətində qaldıq. Çünki kəşfiyyat məlumatları tam yanlış çıxmışdı. Həm texnika, həm də ermənilərin sayı ilə bağlı verilən məlumatlar tamamilə düzgün deyildi. Postların yeri dəqiq müəyyənləşdirilməmiş, koordinatlar dəqiq verilməmişdi. Mövqe baxımından da bizim yerimiz tam əlverişsiz bir yer idi. Ancaq ermənilər təpələrdən bizi görüb sərrast atəşlər açırdılar. Texnikalarımız da vurulandan sonra hücum əməliyyatı zəiflədi. Döyüş zonasından təqribən 100 metr geri çəkilərək müdafiə mövqeyi tutduq. Günorta başlanan əməliyyat təqribən 4 saat davam etdi.

 

"NƏYİN BAŞ VERDİYİNİ ANLAYA BİLMİRDİM"

 

Hava qaralmağa başlamışdı. Biz yolun üstündə tonqal qalayıb oturmuşduq.70 nəfər olardıq. Elə bu vaxt bizim sağ cinahımızda bir partlayış səsi gəldi. Həmin istiqamətə gedib nə olduğunu müəyyənlşdirmək istəyəndə digər tərəfdən də eyni səs eşidildi. Cəld uşaqların yanına gəlib bildirdim ki, dağılışın, ermənilər bizi nişangaha götürürlər. Bizim oturduğumuz yerin sağ tərəfi hündür dağlıq ərazi idi. Fikirləşdim ki, yəqin ermənilər həmin ərazidən bizi müşahidə edirlər. Biz oranı təcili tərk edib yolun alt hissəsinə tökülüşdük. Mən yolun alt hissəsində ağaca söykənərək müşahidə aparırdım. Gözümə bir şey dəymirdi. Oturduğum yerdə dəhşətli bir hala düşdüm. Nə baş verdiyini anlamadım. Onda gördüm ki, başım yerə bərkdən dəydi. Bir təhər ayağa qalxmaq istədim, addım ata bilmədim. Hər tərəf başıma fırlanırdı. Hələ də nəyin baş verdiyini anlaya bilmirdim. Addım atıb yeriyə bilmirdim. Bir də gördüm ki, gözümün qarşısında kimsə dayanıb nəsə danışır. Ağız hərəkətlərindən bunu görürdüm, ancaq nə deməsini anlamırdım...
Bir az keçəndən sonra ətrafı anlamağa başladım. Qulaqlarımda uğultu var idi. Yerə uzandım, məni yuxu tutdu. Ayılanda özümə gəlmişdim. Anladım ki, güclü partlayış olub. Ocaq yerindən əsər-əlamət qalmamışdı. Minamyot mərmisinin düşməsi nəticəsində ağacdan asılan buşlatım deşik-deşik olmuşdu. Amma hələ də beynimdə uğultu var idi. Anladım ki, kontuziya almışam.

 

ERMƏNİLƏRLƏ DAŞLA QUMBARA OYUNU

 

Dağın başından ermənilərin bizi müşahidə etdiklərini və bunun üçün də dağılışmağımızı döyüş yoldaşlarıma bildirdim. Həmin günü sakitlik oldu. Hava qaralandan sonra biz yolun üst hissəsində olan yarğanda postumuzu qurduq. Arutunaqamer istiqamətində olan təpənin üst hissəsiylə bizim postun arasındakı məsafə 30-40 metr olardı. Döyüşçülərimizdən bir qrup ağaclıqda, biz isə düz yolun üstündəki yarğanda postu qurduq. Ətrafımız ermənilərlə əhatə olunmuşdu, təhlükə çox böyük idi. Təqribən bir saat yatmışdım ki, güllə səslərinə ayıldım. Yatdığım yer 50-60 sm dərinlikdə bir yer idi. Gözümü açanda güllələrin uçduğunu gördüm. Durmaq təhlükəli olduğu üçün yerimdə fırlanıb qarşı tərəfi müşahidə etdim. Gördüm ki, Arutunaqamer tərəfdən bizi çox güclü atəşə tutublar. Mən də pulemyotla o istiqamətə atəş açmağa başladım. Yanımdakı döyüşçüyə dedim ki, sən yerdən daş götür ermənilər tərəfə at. Növbəti dəfə biz qumbara atanda onlar yanılacaqlar. Elə də oldu. Qumbaranı atandan sonra atəş səsi bir anlığa kəsildi. Araya sakitlik çökdü...

 

"MEŞƏNİ ERMƏNİ QADINLARININ SƏSİ BÜRÜMÜŞDÜ"

 

Səhəri günü biz relyefi düzgün müəyyənləşdirib postlar qurmaq üçün yerlər seçdik. Ermənilərlə məsafə çox yaxın və torpağın qazılması da çətin olduğu üçün bir az geri çəkildik. Bu minvalla ermənilərlə 3 gün atışdıq. Üçüncü rotadan olan Natiq AQS-dən çox sərrast atəş açırdı. O, hər atəş açanda ermənilər susurdular.
3 günlük ara-sıra atışmadan sonra ermənilərin bir tankı kəndin üstündəki təpəyə çıxıb bizim postları vurmağa başladı. Biz həmin tankın koordinatlarını artilleriyaya verdik. Artilleriya bir neçə atəş açandan sonra erməni tankı aşağı düşüb kəndə girdi. Həmin günün axşamı kənddə olan erməni ailələrinin köçürülməsi başladı. Onlar Vəng istiqamətində hərəkət edirdilər. Meşəni uşaq və qadın qışqırtısı bürümüşdü...

 

"XOSROVUN BATALYONUNDAN BİR QRUP MÜHASİRƏYƏ DÜŞMÜŞDÜ"

 

Ağdərəyə gəlişimizin beşinci günü idi. Qozlu kəndinin üst hissəsindəki təpədə bizim postumuz var idi. Orada Yunusun batalyonu dururdu. Həmin postdan xəbər verdilər ki, ermənilər hücum ediblər, kömək lazımdır. Mehdi Rüstəmovun əmriylə bizim köməkçi qüvvələrdən iki rotadan təqribən 30-35 nəfər köməyə yollandı.
Ora Yevlaxdan da bir batalyon gətirilmişdi. Komandirləri də Xosrov idi. Xosrovun batalyonu Arutunaqamer istiqamətində hücuma keçdi. Onlar kəndə həm sol cinahdan, həm də üst hissədən hücum etmişdilər. Biz isə Yunusun batalyonuna köməyə gedirdik. Mənim əlimdə radiostansiya var idi. Rabitə ilə eşitdim ki, Xosrovun batalyonundan bir qrup mühasirəyə düşüb, təcili kömək istəyirlər. Mən dağa gedən qrupdan geri qalıb onlarla radioəlaqəyə girdim. Onlar mənə bildirdilər ki, Arutunaqamer kəndinin üst hissəsində qəbiristanlıq tərəfdədilər. Bələdçilərinin də olmadıqlarını bildirdilər. Mən onlara dedim ki, yanan güllələrlə işarə verəcəm, o istiqamətdə hərəkət edin. Sizə kömək edim, çıxın. Mən yanan güllələri atan zaman olduğum ərazi güclü qrad atəşinə tutuldu. Mərminin qəlpəsi yaxınlığındakı ağaca girdi. Gördüm ki, həmin yerdən rabitə əlaqəsinə girmək və nişan vermək çətindir. Yerimi dəyişdim. Təpənin üstündən aşağı enib yenidən Xosrovun batalyonundan olan təqribən 60 nəfər uşağın mühasirədən çıxması üçün onlara yanan güllələrlə koordinatları göstərdim. Sonra təpənin üstünə qalxıb Mehdi Rüstəmova bütün bunlarla bağlı məlumat verdim. Mehdi Rüstəmovun göstərişiylə qüvvə ayrıldı. Mən qabağa düşərək meşənin içindəki cığırla içəriyə doğru irəlilədik. Postdan təqribən 150 metr aralanmışdıq. Biz həmin yerə çatanda onlar artıq təhlükəli zonadan çıxmışdılar. Onlarla rabitə əlaqəsi saxladım. Şübhələnmişdilər. Artıq qaranlıq idi. Görüşün təhlükəli olmasını nəzərə alaraq geri qayıtdım və postlarımızdan yanan güllə ilə onlara işarə verdim ki, həmin istiqamətdə bizim döyüş mövqeyimizə doğru hərəkət edib geri çəkilsinlər. Onlar səhərisi günü mühasirədən çıxıb geri çəkildilər..

 

"KÖMƏYƏ GEDƏN QRUPUMUZ ERMƏNİLƏRİ GERİ OTURTMUŞDULAR"

 

Xosrovun batalyonu hücum edəndə 3-4 ermənini tam zərərsizləşdirib postlarını da götürmüşdülər. Ancaq yuxarıdan arxa tərəfdən, Vəng istiqamətindən gələn qüvvələr onları mühasirəyə salmışdılar. O günü Arutunaqameri götürmək mümkün olmadı. Ermənilər bütün mümkün vasitələrdən istifadə etməklə hücumu pozmağa çalışırdılar. Bizim Qozludan yuxarı hissəyə köməyə gedən qüvvələrimiz ora çatanda artıq ermənilər səngəri ələ keçirmək üzrə imişlər. Bir erməni azərbaycanca danışlb səngərə yaxınlaşanda köməyə gedən bizim döyüşçülər onu zərərsizləşdiriblər. Köməyə gedən qrupumuz ermənilərlə qanlı döyüşə girib onları geri oturdublar. Ermənilər itki verməklə geri çəkiliblər. Xosrovun batalyonu mühasirədən çıxandan sonra mən də yuxarı posta qalxıb uşaqların yanında müdafiə mövqeyi tutdum.

 

ERMƏNİLƏRİN QOZLU ƏMƏLİYYATI VƏ ƏMƏLİYYATI DARMADAĞIN EDƏN 713-CÜ HƏRBİ HİSSƏNİN PEŞƏKARLIĞI

 

Növbəti gün Arutunaqamerə 2 istiqamətdən növbəti hücum oldu. Bizim batalyonun uşaqları ermənilərin bütün yayındırıcı hücumlarını dəf etməklə yanaşı həm də strateji yükcəkliklərə də ardıcıl hücum edirdik ki, ermənilər hədəf seçimində çaş-baş qalsınlar. Ermənilərin Qozlu kəndinin üst hissəsindən etdikləri hücum baş tutsaydı, onda bütün əməliyyat planı alt-üst olurdu. Belə olan halda nəinki Arutunaqamer olan hücum dayandırılır, əksinə bizim qüvvələr Qozlu kəndini də tərk etmək məcburiyyətində qalacaqdı. Bizim 713-cü hərbi hissədən olan döyüşçülərimizin şücaətləri sayəsində ermənilərin məkrli planı çox yüksək peşəkarlıqla məhv edildi...


Eyni zamanda Aterkin üstündən, həm də Aterkin sağ cinahından bizim qrad və toplarımızdan Arutunaqamer kəndi möhkəm mərmi atəşinə tutulmuşdu. Həmin günü Arutunaqamer kəndi azad edildi, ermənilər böyük itkiylə kəndi qoyub qaçdılar. Qonşuluqda olan Poqosomer kəndi də döyüşsüz təslim oldu...

 

VƏNGƏ DOĞRU HÜCUM ƏMRİ

 

1992-ci ilin sentyabr ayının 1-i, ya da 2-si olardı. Bizə əmr gəldi ki, Vəng kəndi götürülməlidir. Qozlu kəndinin yuxarı hissəsindəki təpənin qabaq tərəfində bizim hərbi hissə cərgəyə düzüldü. Həmin vaxtı bizim hərbi hissənin hər 3 rotası orada idi.


Döyüş əmriylə bağlı məlumat veriləndən sonra bizim 1-ci rotanın komandiri RƏHMAN İSGƏNDƏROV qabağa çıxıb döyüşün istiqamətlərini müəyyənləşdirdi. Onun planına əsasən qabaqda yolboyu 5 nəfərdən ibarət "dazornı" qruppa getməli, ardınca da 1-ci rotanın uşaqları məsafə saxlamaqla irəliləməli idilər. Ardıcıllıqla 1-ci rotanın 1-ci vzvodu, sonra 2-ci vzvod, daha sonra 3-cü vzvod getməli idi. Sağ cinahda müəyyən məsafə saxlanılmaqla VAQİF QULİYEVin komandiri olduğu 2-ci rota hərəkət etməli idi. Sol cinah boyunca BUDAQ NƏSİBOVUN komandiri olduğu 3-cü rotanın bir hissəsi hərəkət etməli, qalan hissəsi isə rezervdə qalmalı idi. Bu minvalla meşənin içindən keçib Vəngə hərəkət etməli idik.


Yol qalın meşəlik, dağ və dərələrdən ibarət idi. Döyüş planı daha çevik xarakter alması üçün belə hazırlanmışdı. Biz döyüş əmrini aldıq...


Dazor qruppasından sonra vzvodlar hərəkət etdi. Toplandığımız yerdən təqribən 300 metr irəli getmişdik ki, qəfildən qarşıda dazor qruppası ermənilərlə üz-üzə gələrək döyüşə girdilər. Biz də cəld irəli getdik. Qızğın döyüş başladı. Belə döyüş vəziyyətində sağ cinahımızdan 2-cı rota və 1-ci rota döyüşə girdi. Dazor qrupları düz ermənilərin içinə daxil olmuşdu. 1-ci vzvod dazor qrupundan 5-10 , 2-ci vzvodsa 15-20 metr aralı olardı. Komandirimiz Rəhman Isgəndərovun çevik planı öz təsirini göstərmişdi. Ermənilər itki verə-verə geri çəkilmək məcburiyyətində qaldılar. Komandirimiz göstəriş verdi ki, sol cinahdan 2-ci vzvod irəli hərəkət etməlidir. Belə bir vaxtda bəzi döyüşçülər ayaq üstə döyüşdüyündən qarışıqlıq yaranırdı. Mənim sağ tərəfimdə Rəmzi idi. Mən Rəmziyə toxundum ki, sürünə-sürünə irəli gedək. Gördüm mənə tərəf dönmədi. Onu möhkəm silkələyəndə Rəmziyə güllə dəydiyini gördüm. Tez çiynindən tutub arxası üstə çevirdim . Rəmzinin başından güllə yarası alaraq şəhid olduğunu gördüm. Uşaqlara səsləndim ki, Rəmzini döyüş mövqeyindən çıxarmalıyıq. Biz 3 nəfər Rəmzini götürüb 100-150 metr geriyə gətirdik. Qalan 2 yoldaşıma dedim ki, Rəmzini arxaya yola salın. Həmin yerdə 2 tank dayanmışdı. Tankın yaxınlığında uzun boylu bir əsgər var idi. Ona yaxınlaşıb komandirlərini soruşdum. Dedi ki, yoxdur. Dedim ki, niyə döyüşə girmirsiniz? Cavab verdi ki, döyüş əmri yoxdur. Mən ona ermənilərin koordinatlarını verib atəş açmalarını dedim. O da dərhal tanka oturub həmin istiqamətə 3-4 mərmi atdı. Bu anda ermənilər tankı bərk atəşə tutdular. Başa düşdüm ki, tankın açdığı atəş təsirli olub. 5-6 dəqiqədən sonra ermənilər atəşi nisbətən dayandırdılar. Mən bunu görüb yolla irəli gedəndə gördüm ki, 2-ci rotanın komandiri Vaqif Quliyevi ağır yaralı vəziyyətdə gətirirlər. Aşağı düşdüm. Artıq həmin yerdə döyüş səngimişdi. Ermənilər geri çəkilirdilər.


Həmin vaxtı bizim tərəfdən 4-5 nəfər şəhid olmuş, 6-7 nəfər yaralannmışdı. Onlar döyüş mövqeyindən çıxarıldı. O döyüşdə VAQİF QULİYEV, RƏMZİ NOVRUZOV, ƏFİLAĞA HƏSƏNOV şəhid oldular. 1-ci rotanın 1-ci vzvodundan olan Mehman yaralandı. "Malış" Asif o döyüşdə itkin düşmüşdü. Biz yaralıları döyüş mövqeyindən çıxardıq. Bizə əmr gəldi ki, geri çəkilməliyik. Döyüş mövqeyindən təqribən 200 metr geri çəkilib orada müdafiə mövqeyi tutduq.

 

"MALIŞ"IN İZİ VƏ YENİDƏN LAÇINA DOĞRU

 

Komandirimiz Rəhman İsgəndərov komandanlığa çağırırdı. Biz isə müdafiə mövqeyi seçib orada qaldıq.
Səhərisi tezdən komandirimiz Rəhman İsgəndərov gəlib dedi ki, ""Malış"ı axtarmaq üçün KƏŞFİYYAT qrupu yaradılmalıdır". Komandirimiz Rəhman İsgəndərov 7 nəfərdən ibarət KƏŞFİYYAT qrupunu müəyyən etdi. Biz kəşfiyyat qrupu dünənki döyüş yerinə yaxınlaşanda səs eşitdik. Pusqu qurub müşahidəyə başladıq. Bu vaxt ermənilərin KƏŞFİYYAT qrupundan bir nəfərin orada gözlədiyini gördük. Biz onu izləməyə başladıq. Ehtiyat edirdik ki, birdən Asif yaralı halda onların əlində olar. Onda biz də bu ermənini əsir götürüb onunla dəyişək. Bizimlə o erməni arasında 50-60 metr məsafə olardı. Qəflətən ağacların arasında həmin erməni yoxa çıxdı. Bir müddət gözlədik, daha heç kimi görmədik. Çox ehtiyatla ora yaxınlaşdıq. Biz sol cinah istiqamətində dərə aşağı gedəndə ayaqqabı izi gördük. Torpağın üstündəki ayaqqabı izində birinin dabanı yox idi. Uşaqlardan soruşanda məlum oldu ki, bu, Malışın ayaq izləridir. Arutunaqamerə 50-60 metr qalmış biz izi itirdik. Malışın hara getməsini müəyyən edə bilmədik. Ancaq əmin idik ki, Asif döyüşdən sağ çıxıb. Biz Arutunaqamer kəndinə çatanda 2 qrupa ayrıldıq. Komandirimiz Rəhman İsgəndərov o qruplardan birində öndə gedirdi. Və onlar artıq kəndə girmişdilər. Biz 3 nəfər qalmışdıq. Kəndə girmədik. Bu vaxt ermənilər kəndi minamyot atəşinə tutdular. Biz kəndin üst hissəsiylə geriyə, Qozluya doğru qayıtdıq. Artıq orada bizə xəbər verdilər ki, Asif gəlib çıxıb. Bir az keçmişdi ki, komandirimizin rəhbərlik etdiyi qrupun da tezliklə gələcəklərini bildirdilər....
Bu hadisədən sonra biz 2-3 gün Qozluda müdafiə mövqeyində dayandıq. Sonra bizə əmr gəldi ki, Laçına qayıtmalıyıq. Maşınlara doluşub Laçın istiqamətində geri qayıtdıq...

 

İGİD TEYMURLU
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Hafiz Hacıyev Cəmil Həsənlini, Əli Kərimlini, Arif Hacılını və İsa Qəmbəri "ağ yudu, qara sərdi"

İraq türklərinin mənəvi lideri Riyaz Sarıkahyanın ailəsinə ağır itki üz verib

"Keçirilən aksiyalar da xalq naminə deyil, mühacir biznesinin inkişafına yönəlib"

“Bu xəstəlik vaxtı vanna qəbul etmək olmaz”

Qadının ən gizli orqanının sirri açıldı

“Xəstəlik asta-asta, bir neçə ay və hətta bir neçə il ərzində inkişaf edir”

“Bu məsələlər dövlət səviyyəsində araşdırılmalıdır” - MÜSAHİBƏ

MƏN ÇEYNƏNƏN BİR ÖLKƏNİN "HAQQ" BAĞIRAN SƏSİYƏM...

Yatanda ayaqların arasına yastıq qoyun

"2020-ci il seçkiləri oğurlanır"

Onu ömürlük həbs cəzası gözləyə bilər

"Əli Kərimliyə zahirdə düşmən olan bəzi iqtidar mənsubları və..."

Suraxanı rayonuna yeni icra başçısı təyin edilib

Dünənimizi qaralamadan bu günümüzü xilas edə bilsək…

Paşinyan yenə sərsəmlədi və...