“Onlara məğlubiyyət lazım idi ki, Mütəllibovu yıxıb Bakı neftini götürsünlər” - LAYİHƏ 2

18:48 04-05-2018 | icon 343 | Layihə
“Onlara məğlubiyyət lazım idi ki, Mütəllibovu yıxıb Bakı neftini götürsünlər” - LAYİHƏ 2

 

Zərdüşt Əlizadə: “Nərimanov nəhəngdir, Elçibəy isə xalqına hədsiz ziyanlar vurub”

 

(əvvəli bu linkdə)

 

- Zərdüşt bəy, Azərbaycanda “demokratik düşərgə” rəhmətlik Əbülfəz Elçibəyin yubuleyinin keçirilməsinə hazırlaşır, siz də bu işdə varmısınız?

 

- Mən öz kitabımda onun kimliyi, əməlləri barədə kifayət qədər ətraflı məlumatlar vermişəm. Belə şey məni ilgiləndirməz.

 

- Təkrarçılıq olmasın, Rəsulzadənin heykəli qoyulmadığı məmləkətdə Elçibəyin heykəlinin olmamasından gileylənmək bəlkə də yersizdir. Ancaq istənilən halda fərd olaraq siz Elçibəyin heykəlinin qoyulmasını istərdinizmi?

 

- Qoyublar da Xiyabanda..

 

- Mən qəbirüstü abidəni nəzərdə tutmuram. Ona qalsa Azərbaycan başdan-başa bütlər diyarıdır.

 

- Mən tayfanın daxili işlərinə qarışmıram..

 

- Elçibəyin Nərimanov qədər xidməti olmayıb bu millətin qarşısında?

 

- Nərimanov nəhəngdir, xalqını sevən adam olub. Elçibəy xalqına hədsiz ziyanlar vurdu...

 

“Milli hökumətin əlində heç bir səlahiyyət olmayıb”

 

- Zərdüşt bəy, öz dediklərinizə özünüz inanırsınızmı? Ona qalsa Nərimanov da Hərbi İnqilab Komitəsinin 4 üzvündən biri idi. Və bu həmin Hərbi İnqilab Komitəsi idi ki, “Azərbaycanda vətəndaş müharibəsi” gözlənilir deyə, Qızıl Ordunu Bakıya dəvət etdi. Şaumyan da Leninə yazdığı məktubda buna “milli qırğın” statusu verməkdən həzz aldığını dolayı yolla təsdiqləmişdi. Sonucda da “dəvət olunanlar” Bakıda mart soyqırımını törətdilər.. Bu bəyəm xalqın xeyrinə idi ki?

 

- Mart soyqırımı törədilən şəraiti təsəvvür edin. Azərbaycan adlı bir dövlət yox idi. Azərbaycanın hüquq-mühafizə orqanları yox idi. Azərbaycanlıların bu soyqırımın qarşısını almaq üçün gücləri yox idi... İngilis gəlmişdi general Tomson... Biz demokratik ölkəyik deyirdilər... Demokratik ölkənin parlamenti olar, sənin parlamentin yox idi... Mən sizi tanımıram, Bakı neftini tutmuşuq... Onda yazıq millət fədailərimiz yığışdılar getdilər Dövlət Dumasına, Məslisi Məbusana seçilmiş adamları, sonra icmalara müraciət etdilər... Bir siyahı tərtib edib Tomsona verdilər ki, bax, bu da bizim parlament. O da hə, bax bu başqa məsələ, indi siz bu ərazini idarə eliyə bilərsiniz? Dedilər, baş üstə, eliyərik. Nuru Paşaya kömək eleyiblər. Yəni bu bədbaxt, nakam 23 ay mövcud olmuş Milli hökumətin heç vaxt əlində səlahiyyəti olmayıb..

 

- Zərdüşt bəy, tarixi mövzu olduğu üçün mən bunu dartışmaq istəməzdim. Və bu tarixi siz məndən də yaxşı bilirsiniz. Ancaq nədənsə indi verilən sualın qarşılığında tarixi faktları bir yana qoyub, daha çox emosiyalarınızdan doğan məqamdan danışırsınız. Topçubaşovun sədr, Həsənbəy Ağayevin müavin olduğu 120 nəfərlik parlamentdə 21 erməni təmsil olunurdu. Baxmayaraq ki, bu ermənilər həmin mart soyqırımını törətmişdilər. Amma ADR-dəki demokratiya yenə də insan faktoruna önəm verirdi...

 

- Mən sənə parlamentin tarixini danışmıram, ümumi situasiyaya ötəri baxış etdim.. Bax, ondan sonra da ruslar gəldi. Ruslar gələndə də.... Zəhmətkeşlərin bərabərliyi, qardaşlığı ideyası böyük ideyadır, ülvi ideyadır. İyirminci əsrdə bütün dünyada buna inanırdılar.....

 

Zərdüşt Əlizadənin Nostradamusvari katrinləri

 

- “Lider” kimə deyilir?

 

- Lider o adamdır ki, öz istəyinə nail olmağı bacarır və insanları hədəfə nail olmaq naminə idarə etməyi bacarır. Bəzən hətta pərdə arxasından idarə edir.

 

- Nə vaxtsa “Elçibəyin liderliyi Azərbaycan demokratik hərəkatına bəlalar gətirəcək” deyə Nosrtadamusvari katrinlərlə çıxış etmişdiniz. Katrinləriniz özünü doğruldubmu və hansı sahədə?

 

- Elçibəy demokrat zad deyildi. Onun “demokratlığı” nədən ibarət olub: Qarabağsız, iqtisadiyyatsız, hüquqsuz, yalançı, rüşvətxor, iradəsi olmayan bir kütlə yetişdirmək.

 

- Elçibəyi günahlandırmısınız ki, “adam zamanında sülhün yolunu tapmadı”. Tutaq ki, bu, belədir. 1992-ci ildəki situasiyada olmazdı Elçibəy, olardı Zərdüşt Əlizadə. Maraqlıdır, həmin situasiyada Zərdüşt Əlizadə hansı şərtlərlə ermənilərlə sülh bağlayacaqdı və ermənilər həmin sülhə gedəcəkdilərmi?

 

- Bu deyilənlərlə bağlı mənim yazdığım kitabda da var. 1992-ci il avqustun 8-də mən baş redaktor kimi “Dayanmaq” adlı bir məqalə yazdım..

 

- Nə yazmışdınız?

 

- Yazmışdım ki, Azərbaycan silahlı qüvvələri artıq gəlib Vəngə çatıblar. Vəng Xankəndində 12 km. şimalda yerləşən məntəqədir. Və bu ərəfədə Yerevanda Levon Ter-Petrosyanın “istefa” tələbilə mitinqlər gedir. Məqamdır, biz ermənilərə şərəfli sülh təklif edək...

 

- Sizin o “şərəfli sülh”ünüzdə nələr nəzərdə tutulurdu?

 

- Biz Azərbaycanın tərkibində Dağlıq Qarabağın statusunu muxtar vilayət kimi bərpa etməli, Laçın koridorunu beynəlxalq nəzarətə verməliyik ki, Ermənistanla rabitələri olsun... Bu iki şərt daxilində sülh bağlanmalıdır...

 

“Mütəllibovun fərmanına tüpürən yox idi”

 

- Sonra nə yazmışdınız o məqalədə?

 

- Sonra yazmışdım ki, əks halda noyabr ayında Cənubi Qafqaz hərbi dairəsində təlim keçən ermənilər gəlib 7-ci ordunun silahını alıb və mütəşəkkil erməni ordusu əks hücuma keçəcək...

 

- 7-ci ordunun silahları onda elə ermənidə idi də. 4-cü ordunun silahlarının da Azərbaycana verilməsi gedirdi.

 

- Yox, elə şey yox idi. 4-cünü bizə vermişdi. Deyəsən sənin tarixdən xəbərin yoxdu e...

 

- Amma Mütəllibovun verdiyi fərmanın tarixindən xəbərim var, Zərdüşt bəy...

 

- Mütəllibovun fərmanına tüpürən yox idi. Mən sovet ordusunun zabiti olmuşam....

 

Daşkənd müşavirəsi və rusların ermənilərə keçdiyi təlim

 

- O fərmanda nə yazılmışdı?

 

- O fərmanda deyilirdi ki, yerli icraiyyə komitələri həmin fərmanın icrasına məsuldurlar. İspalkom gəlir ki, ay sovet ordusu, sən silahı mənə verməlisən, bununla bağlı mənim prezidentimin fərmanı var. O da cavab verəcəkdi ki, ayə, get hoppan e, sən kimsən. Sovet ordusu onda mıx kimi dururdu. Sovet ordusu hüquqi cəhətdən nə vaxt dağıldı?..

 

- Siz bunu SSRİ-nin dağılması formatında götürürsünüzsə, 69 illiyini qeyd etməsinə 4 gün qalmış 1991-ci il 26 dekabrda SSRİ-nin bayrağı Kremlin üzərindən götürüldü. Dekabrın 25-də də Qorbaçov istefa vermişdi. Dekabrın 8-də də Rusiya, Ukrayna və Belarusiya SSRİ-nin dağılmasıyla bağlı ilkin addımları atmışdılar..

 

- Bəli, düppədüz. SSRİ Qorbaçovun çıxışından sonra dekabrın sonunda dağıldı...Nə isə. 1992-ci il may ayının 15–də Daşkənddə MDB ölkələrinin müdafiə nazirlərinin müşavirəsi keçirilir. Və orada qərar çıxarılır ki, Azərbaycan ərazisində yerləşən 4-cü ordunun silahları dərhal bu ölkəyə verilsin. Ermənistan ərazisində yerləşən 7-ci ordunun silahları düz 6 aydan sonra verilir. Mən bir zabit kimi bilirəm ki, “6 ay” “uçebka” dediyimiz təlimin müddətidir. Anlayıram ki, erməni gənclərinə Cənubi Qafqaz hərbi dairəsinin təlim düşərgələrində təlim keçirilir və bundan sonra 7-ci ordunun silahını alırlar.

 

“Fred Asif cani, Qatır Məmməd cani...”

 

- Ondan əvvəlkilər bəs nə idi?

 

- Ondan əvvəlkilər başıpozuq, savadsız, yarıpartizan, yarımacəraçı gənclərə verilən 4-cü ordunun silahlarıydı.....

 

- Siz nə danışırsınız!? Siyasətçilər Bakıda min oyundan çıxanda, etibarlı dalanlarda gizlənəndə bu adamlar canlarını sipər edib Vətən torpağı uğrunda döyüşürdülər. Bəlkə də siyasətçi fakturası belə səpkidən çıxış etməyə imkan verir, ancaq belə yanaşma artıq siyasət yox, siyasi illüziyadır...

 

- Vətən uğrunda döyüşən oğlanları şübhəsiz ki, bir amal, bir ideya birləşdirib - o da uğrunda can qoyduğu torpağın azadlığı. Ancaq məsələ burasındadır ki, həmin batalyonların idarəedilməsində iştirakçı olanların tam əksəriyyəti naşı olduğu kimi, hərbi və siyasi cəhətdən savadsız idilər. Köntöy insanlar da bunları yönəldirdilər. Könüllü batalyonlar nizami ordu deyildilər. Vahid mərkəz yox idi. Fred Asif cani, Qatır Məmməd cani....

 

“Xankəndinə dirənmək Rusiyanın oyunu idi”

 

- Zərdüşt bəy, sizin haqqında olmazın sözlər dediyiniz qüvvələr gedib Xankəndiyə dirənmişdilər...

 

(ironik şəkildə gülür)

- ...Xankəndiyə dirənmişdi yox e, qardaşım, bu, Rusiyanın bir oyunu idi....

 

- Cəhənnəm olsun bu oyunlar!.. Zərdüşt bəy, siz hərdənbir Şəhidlər Xiyabanına baş çəkin. Baxın görün siz siyasətçilərin “başıpozuq dəstə” kimi dəyərləndirdiyiniz nə qədər ər oğlanlarımız öz canını bizim bu günümüz üçün fəda edib, əhli-əyalı, oğlu, qızı yetim qalıb, anaları qan ağlayır. Canlarını fəda ediblər ki, sizlər də bu gün rahatca öz ofisinizdə oturub onlar haqqında belə sözlər işlədəsiniz!?

 

- Əsla. Allah hamısına rəhmət eləsin! O qədər orada günahsız, məzlum, həlak olmuş insanlar var. Zatən mənim sıravi əsgərlə işim yox. Orada uyuyanlar artıq hansısa bir ailənin, hansısa bir ananın, hansısa bir atanın deyil, bütövlükdə millətimizin övladlarıdır. Və o yetim qalan uşaqlar baxımından dövlət də öz vətəndaşına sahib çıxmaq örnəyini ortaya qoymalıdır. Sahib çıxa bilirmi?.. Biz də buna çalışırıq ki, dövlət öz vətəndaşına sahibçıxma örnəyini ortaya qoysun. Millətimiz iş, güc, çörək dalınca dünyanın dörd bir yanına səpələnib...

Əsgər, əmri yerinə yetirir, mən o zamankı idarəçilikdə baş alıb gedən səriştəsizlikdən, naşılıqdan, iradəsizlikdən, başıpozuqluqdan danışıram..

 

“Ali Sovetdəki müşavirəyə cır-cındır toplaşmışdı”

 

- Aydındır..

 

- Deməli, 1992-ci il fevralın 4-də Xalq Cəbhəsi Ali Sovetin binasında müşavirə keçirir. İstədim durub gedəm Ali Sovetə. Gördüm İsa durub sədr vəzifəsində, yığılıb ora Allah...., Allah....cır-cındır, hərbi işdən başı çıxmayanlar...

 

- Müzakirələrdən danışın, nələr baş verdi orada?..

 

(ayağa durub, əyani olaraq müşavirə iştirakçılarının hərəkətlərini ən incə detallarına qədər yamsılayır)

- Biri durub deyir ki, “mən burada poema yazıb ermənilərin anasını ...dayan, dayan, qoy mən bir 15 dənə poema yazım, gör oların başına nə oyun açacam”.

(hirsindənmi, hikkəsindənmi, nifrətindənmi əliylə başını qucaqlayır)

...Ə kişi, oprada kəndlər əldən gedir, kəndlər yandırılır, poema vaxtıdır? sənin poemana.....

 

- Kim idi o poema yazan, Zərdüşt bəy...

 

......(fikrə gedib, demir)

 

- Sonra kim və nə danışdı?

 

- Sonra bir Qarabağ ağsaqqalına söz verildi. Gör ağsaqqal nə deyir: “Məən burada I Pyotr vaxtından o alllçağğ ermənilərin Qarabağa köçürülməsilə bağlı elmi iş aparmışam, yüz səhifədi. Mən indi onun qısa xülasəsini sizə oxuyacam”... Mən də oturub qulaq asıram. Gic-gic danışırlar...

 

- Fevralda?!

 

- Bəli, bəli, fevralda. Biri durdu Mütəllibovu o ki var yağladı, söydü. Gördüm Xalq Cəbhəsinin bütün tör-töküntüləri yığışıb bura. Axırda durub İsaya dedim ki, mənə söz ver. Hə yaxşı, söz verdi...

 

- Və siz də öz poemanızdan danışdınız..

 

- Yox mən poemadan danışmadım. Çıxdım dedim ki, vahid komandanlıq yoxdur, say baxımından ermənilərdən 10 dəfə artığıq, maddi imkanımız onlardan böyük, pərakəndə vuruşan dəstələr vahid mərkəzdən idarə olunmalıdır, bir qərargah lazımdır bizə... İsa dedi ki, sənin vaxtın qurtardı, mən də düşdüm aşağı. Çıxdım gördüm general Timoşenko və yanında saqqallı bir kişi tərcüməçi. Gördüm deyir ki, “burda məndən əvvəl bir kişi çıxış elədi eee, o düz deyir eee”..

 

“AXC dövləti sarsıdırdı, xarici siyasəti axmaq idi”

 

- Bütün bunlar Ali Sovetin binasında baş verirdi?

 

- Bəli, AXC artıq elə bir gücə çevrilmişdi ki, müşavirəsini birbaşa Ali Sovetin binasında keçirirdi.

 

- Onlara nə lazım idi?

 

- Onlara məğlubiyyət lazım idi ki, Mütəllibovu yıxıb Bakı neftini götürsünlər...

 

- O “5-6 kənd boşaldaq ki” söhbəti də orada olmuşdu?

 

- Yox, onu mən bilmirəm. AXC ordu yaradılmasına mane olurdu, AXC dövləti sarsıdırdı. Vəzifəyə gələndən sonra, Əbülfəz prezident olandan sonra xarici siyasət çox axmaq siyasət idi. Rusiyaya şıllaq şıllaq dalınca. Hikmət Hacızadə onda Rusiyada səfir idi. Yazırdı: “Moskvaya gəlin, yoxsa rus bankları Bakıya gələr” ...

 

- O “Dayanmaq” haqqında yazdığınız məqalədə daha nələr vurğulanmışdı, Zərdüşt bəy?

 

- Orada əks halda olacaqlardan da yazmışdım. Vurğulamışdım ki, əks halda biz Qarabağdan ətrafı da itirəcəyik. Bunu mən 1992-ci il 8 avqustda yazmışdım.

 

- Bu da deyəsən gələn vəhylərdən biri olub haa?..

 

- Sonra noyabrda ermənilər əks hücuma keçdilər. Məni söyürdülər. Qəzetlər yazırdı ki, “müzəffər ordumuz müqəddəs torpaqlarımızı azad etdiyi bir vaxtda sosial demokratlar arxa cəbhədə təslimçilik əhval-ruhiyyəsi yaratmağa çalışırlar”...

 

- Hansı qəzetlər?

 

- “Aydınlıq”, “Müxalifət”, cır-cındır qəzetlər. Sonra ermənilər artıq Qarabağın sərhədlərinə gəlib çatdılar.

 

- Vəhylər yenə gəlirdimi?

 

- Kəlbəcərin işğalına bir ay qalmış “Kəlbəcərin harayı” məqaləmdə yazırdım ki, Kəlbəcər gedir..

 

- Deyəsən sizin vəhy mələyiniz əməlli-başlı tər tökürmüş. Haradan idi sizdə belə dəqiq informasiyalar?

 

- Sosial Demokrat Partiyasının Kəlbəcər rayonunda təşkilatı var idi. O təşkilatın sədri var idi – Çıraq Hüseynov. O təşkilatın sədr müavini var idi – Əvəz Həsənov. Həmin adamlar rayonda bir qəzet buraxırdılar – “Təkamül” qəzeti. Onlar mənə partiya qəzetinin redaktoru kimi “Kəlbəcərin harayı” adlı məqalə göndərmişdilər. Mən o məqaləni çap elədim. Və orada vurğulanır ki, Kəlbəcərin müdafiəsi yarıtmazdır, ordu müdafiə eləmir, əhali qaçmağa hazırdır, bərbaddır, Kəlbəcər gedəcək. Mən də bunu prezidentə yazdım...

 

Rusiya diplomatının İsa Qəmbərə verdiyi məxfi məlumat

 

- Daha hansı məlumatlar var idi sizdə bununla bağlı?

 

- Rusiyanın Xarici İşlər Nazirliyində işləyən azərbaycanlı bir diplomat o zaman İsanın yanına gəlib deyir ki, məndə məxfi məlumat var. Kəlbəcərin işğalını Moskva hazırlayır, bundan sonra da siz devriləcəksiniz..

 

- İsa Qəmbər nə deyir?

 

- İsa deyir ki, hə, çox sağ ol, gedə bilərsən. Deyəsən bunlar bizi şantaj eləmək istəyirlər. Ondan bir az keçməmiş apreldə Kəlbəcər işğal olunur...

 

- Deyəsən siz özünüz də bundan qabaq Kəlbəcərə gedibsiniz.

 

- Bəli, ondan xeyli qabaq mən Kəlbəcərə getmişdim...

 

- Nə vaxt və kimlərlə?

 

- Mən, Həsən Seyidov, Kəlbəcər rayon təşkilatından olan bir sürücü var idi Saday. Mənə dedilər ki, sən də gəl camaatla görüş. Səndən bir az əvvəl İsgəndər Həmidovla İsa bəy də gəlmişdi. Gəlib ümumi vəziyyətdən danışdım. Oradan bir nəfər mənə sual etdi ki, bəy, Kəlbəcərin gələcəyini necə görürsünüz?...

 

- Bu barədə vəhy mələyi nəsə söyləmişdi?

 

- Vəhy mələyi Kəlbəcərin gerçək halının özüydü. Mən də o gerçəkləri dilə gətirib dedim ki, Kəlbəcərin vəziyyətini çox pis görürəm, ağır görürəm. Kəlbəcər yarımühasirədədir, Kəlbəcərin müdafiəsi çox yarıtmaz əllərdədir, Kəlbəcər gedə bilər..

 

- Bu hansı tarix idi?

 

- 1992-ci il 18 iyun. Məqalənin adı da “Kəlbəcərə qar yağır”.

 

- Belə deyəndə camaatın reaksiyası necə oldu?

 

- Durub mənə hücum edirdilər. Nə bilim e, başladılar ki, “bizim İsgəndər bəy kimi ər oğlumuz, nə bilim Əbülfəz bəy kimi nər oğlumuz, filankəs bəy kimi nə bilim nə oğlumuz var. Dedim qardaş, bura nər yeri deyil e, mifoloji qəhrəmanlardan danışmayın. Burada hərbi bacarıq, güc və qüvvələr nisbəti, coğrafi vəziyyət hərbi istedad, ordunun vəziyyəti və səviyyəsi.... Başladılar ki, yox ...biz..siz... Gördüm ki, məni döyəcəklər...

 

- Bu aqressiya əsas nədən yarandı?

 

- Heç nədən. Nə var, nə var, mən bunların qəhrəmanları haqqında söyləmişəm ki, bu adamlar naşıdırlar. Elə bunlar hücum çəkib məni döymək istəyirdilər ki, hərbi geyimdə olan sağlam cüssəli bir oğlan əliylə milləti sakitləşdirdi. Və dedi ki, bu gün batalyon səngərlərdədi, Zərdüşt bəyin dediklərinə də qulaq asmaq lazımdır, o da insandır, xalqımızın oğludur, Zərdüşt bəy, mən sizi dəvət edirəm, gedək əsgərlərlə görüşəsiniz...

 

- Getdiniz əsgərlərlə görüşə?

 

- Dedim ki, bizi maşın gözləyir, çıxıb getməliyik..

 

- Nə əcəb? Gedib dediyiniz “yarıtmaz vəziyyətdə olan müdafiə” ilə yaxından tanış olardınız da.

 

- Bizim yerli təşkilatımız var idi, onlar da həmin yerin adamları və həmin müdafiəni görən adamlar idilər. Bir dənə boz kostyumlu bazburutlu bir kişi qışqırdı mənim üstümə.... 1 ildən də az bir vaxt keçmişdi ki, həmin qışqıran kişini Azərnəşrin qabağında Kəlbəcər qaçqınları içərisində gördüm. Kişilikdən olmazdı gəlib deyəm ki, mən deyən oldu, olmadı?...

 

“Türkiyə Azərbaycan adlı piyadanı verib uddu”

 

- Kəlbəcər əhalisinin çıxarılmasında Türkiyəyə olunan müraciət və buna münasibətdə qardaş ölkənin mövqeyi necə olmuşdu, Zərdüşt bəy? Bununla bağlı nələri söyləyə bilərsiniz?

 

- Türkiyədən heç nə gözləməyin. Türkiyə bir dövlətdir və öz maraqlarını müdafiə edir..

 

- Guya o birisi dövlətlər bizim maraqlarımızdan çıxış edir...

 

- O dövlətlərin də öz maraqları var. Bu barədə də mənim məqalələrim var. Yəqin oxumamısınız. Adı da belədir: “Türkiyə dövlətdir, Azərbaycan da dövlətdir”. İlk dəfə olaraq mən Azərbaycan mətbuatında nəyi çap eləmişdim...

 

- Nə idi o “ilk”?

 

- 26 aprel 1920-ci il Mustafa Kamal Atatürkün Leninə məktubu: “Hörmətli Vladimir Ulyanov Lenin, sizin də, bizim də düşmənimiz Antantadır... İndi bizim böyük ehtiyacımız var – qızıla, silaha, sursata, hərbi müşavirlərə və çağrı maşınlarına. Əgər siz bunları bizə versəniz, biz öhdəlik götürürük ki, Müsavat Azərbaycanının Sovet Rusiyasına qatılmasına təminat veririk”. 26 aprel. Bunu mən çap eləmişəm...

 

- Zərdüşt bəy, informasiyanı birtərəfli verməyin də. Olub, ancaq Azərbaycanın Atatürkün hansı şərtləri daxilində və hansı formatda o birliyə qatılması məsələsində nədənsə siz bəzi şeyləri görməzliyə vurursunuz deyəsən...

 

- Bunu deyib də. Və siz də bunu Türkiyənin xilası naminə böyük bir sərkərdənin atdığı addım kimi qiymətləndirin. Əgər bunu etməsəydi, bəlkə də heç bir dənə olsun, müstəqil türk dövləti qalmayacaqdı. Bu da şahmatdı da. Azərbaycan adlı piyadanı verib uddu. Siyasətdə belə şeylər çox olur. Ona görə heç vaxt bir məqamı yaddan çıxarmayın: Türkiyə dövlətdir, Azərbaycan da dövlətdir. Və onların dövlət maraqları üst-üstə düşməyə də bilər....

 

“Turqut Ər də təsdiqlədi ki, Türkiyə üçün Azərbaycandan öncə neft faktorudur”

 

- Zərdüşt bəy, məqamdı deyə soruşuram, bu gün sosial şəbəkələrdə Türkiyə və Azərbaycanın timsalında konfederativ dövlət quruluşu mövzusu da əsas müzakirə predmetlərindən birinə çevrilib. Mənimçün maraqlıdır, Zərdüşt bəy bu barədə nə düşünür?

 

- Bir şeyi unutmayın ki, supergüclər indi hər şeyi diktə edir..

 

- Elə o baxımdan biz də istəyirik ki, Quzeyli, Güneyli Bütöv Azərbaycan olsun.. Elə o baxımdan biz də istəyirik ki, lazım gələrsə qardaş Türkiyə ilə konfederasiya halında supergücə çevrilək ki, diktə edənlər bizim kimliyinizi qəbul edib sussunlar...

 

- Siz mənə öz utopik düşüncələrinizi bəyan edirsiniz. Hər zamanın öz hökmü var... Siz Turqut Ərin kitabını oxumusunuz?

 

- Məlumatım olsun deyə “Azadlıq” qəzetində gedən silsilə yazılarını oxumuşam...

 

- Yox kitabı çıxıb..

 

- Eşitdiyimə görə elə həmin yazılar kitab formatına salınıb..

 

- Orada bəlkə 10 dəfə deyib ki, Azərbaycan bizə neftdən az verdi..

 

- Deməli, Turqut Ər üçün də Azərbaycandan öncə neft faktoru var, eləmi?

 

- Bəli, Turqut Ər də təsdiqləyir ki, Türkiyə üşün Azərbaycandan öncə neft faktoru daha böyük önəm kəsb edib.

 

- Elə sizin Qərb və Amerika dünyanız da neft faktorunu özü üçün prioritet sanır, Zərdüşt bəy. Və onlar bizə sırımaq istədikləri demokratiya fonunda neft faktorunu bizim üçün xoşbəxtlik simvolu sayırlar, insan faktorunu yox. Madlen Olbraytın Bakı səfəri zamanı “Azərbaycanın ən böyük sərvəti neftdir” deməsində həm də Azərbaycan demokratiyasının, Azərbaycan demokratlarının, Azərbaycan düşüncəsinin, Azərbaycan İnsanının aşağılanması faktı dayanmırdı?

 

- Qərblə Amerika mənim deyil, özlərinindir. Bu da sizin fərdi yanaşmanızdır. Və hər kəsin məsələyə yanaşma tərzində gerşəkliyi necə görməsi də əsas rol oynayır. Məsələ burasındadır ki, həmin Olbrayt deyirdi ki, azərbaycanlıların ən böyük sərvəti neftdir. Demirdi ki, o neftdən bizə az verdi Azərbaycan. Ancaq Turqut Ər deyir ki, bizə az verdi..

 

- Aha, Turqut Ər demək öz narazılığını bildirir də?

 

- Bəli, narazı qalıb ki, belə çıxış edir də. Türklər daha çox faiz istəyirdilər...

 

“Azərbaycanda ictimai rəy deyilən bir şey yoxdur”

 

- Konfederasiyadan danışmaq deyəsən arxa plana keçdi axı?

 

- İlk növbədə hakim zümrə heç vaxt buna razı olmaz...

 

- Mən ictimai rəydən danışıram, siz elə fırlayırsınız hakimiyyətin üstünə. Hələ bir cəmiyyətdən danışaq, buna hazırıqmı?

 

- Nə ictimai rəy e? İctimai rəy qələt eleyir. Azərbaycanda ictimai rəy yoxdur. Çünki cəmiyyət yoxdur, onun əvəzində sürü var..

 

- Zərdüşt bəy, artıq bu, təhqir motivli çıxışdır...

 

- Ay Allah....

(yenə də əlləriylə başını tutur)

..Sənin pul istəyən, ənam istəyən, xələt istəyən, orden-medal həsrətiylə min cür hoqqadan çıxan ziyalıların var; övladlarını ən çox yeyinti yeri olan gömrüyə, fövqəladə hallara, vergiyə düzəltmək istəyən “seçilmişlər”in var; sənin dediyini eşitməyən, eşitdiyini dərk etməyən, dərk etmədiklərini həqiqət donunda sırıyan akademik mənsəbpərəstlərin, işbazların, diletantların var; sənin hakimiyyətin obşakından maaş alan müxalifətin var; sənin hamısı işlə güclə təmin olunan savadsız məmur uşaqların var;  sənin qul bazarlarında bir loxma çörəyə möhtac diplomlularını adam yerinə qoymayan harın təbəqən var; sənin varlılarının itinin yediyini kasıbın özü yeyə bilmir; sənin dini ehkamları öz sərsəm düşüncəsinə qurban verən bozbaş həsrətli yekəqarın, savadsız mollaların var; sənin ədəbiyyatından, incəsənətindən bixəbər mey və xana əhlin var; sənin sağlamlıq adı altında millətin üzərində təcrübə aparan səhiyyən var; sənin cəmiyyəti başdan başa savadsızlaşdıran təhsilin var; sənin dərdləriylə baş-başa buraxılan xəstələrinə, aclarına, yalavaclarına sahib çıxmayan monopolistin, olqarxın var...

 

- Vallahi bunların heç biri nə məndəndir, nə də bizdən deyil.. Siz məni ...əstəğfürullah..

 

- Aha, bax elə mən də “ictimai rəy qələt eləyir” deyəndə bizdən olmayanları nəzərdə tuturam da..

 

“Bütün mübarizəm Azərbaycanın ərazi bütövlüyü uğrundadır”

 

- Parçalanmış millət və parçalanmış dövlət olaraq bizim birləşməyimizi necə dəyərləndirirsiniz?

 

- Əgər sən meyar kimi götürürsən ki, bütün parçalanmış millətlər birləşməlidir, onda sən nə üçün Dağlıq Qarabağın Ermənistana birləşməsini istəmirsən?..

 

- O hansı parçalanmış Ermənistan torpağıdır, Zərdüşt bəy? Mən ona görə istəmirəm ki, Dağlıq Qarabağ erməni torpağı deyil, əzəli Azərbaycan torpağıdır. Ona görə ki, erməni Dağlıq Qarabağın aborigen sakini deyil, 150 il bundan qabaq ora köçürülənlərdəndir. Ona görə ki, bizim ərazilərimiz olsa belə faktiki olaraq Cənubi Qafqazda Ermənistan adlanan türkə qənim kəsilən beynəlxalq hüququn bir subyekti var, kimsə istəyirsə, gedib həmin Ermənistanda yaşasın, daha mən torpaqlarımı niyə verməliyəm onlara!?

 

- Gör sənin beynini necə doldurublar e... Və mən sənin yanlış məntiqindən çıxış edərək bu sözü deyirəm. Zatən bizim apardığımız mübarizə də, mücadilə də Azərbaycanın ərazi bütövlüyünün təmin olunması istiqamətindədir. Və bu yolda da axıra qədər varıq...

 

- Deyilənlər bəyəm bizim tariximiz deyildi ki?

 

- İstənilən Qərb tarixi məxəzlərində, Rusiyanın məxəzlərində siz deyən format yoxdur..

 

- Olmayacaq da. Sizin kimi elm adamlarımız öz tariximizə, öz milli kimliyimizə belə yanaşanda qərblilər də bizi yıxıb sürüyəcək də...

 

- Gedin internetdə yazın ki, ”Türkmənçay müqaviləsi”...Kimlə kimin arasında olub?

 

- Çar Rusiyası ilə İrandakı şah rejimi arasında...

 

- Deməli, Azərbaycan dövlətiylə Rusiya arasında olmayıb ki? Biz Qacar sülaləsinin hakim olduğu İran dövlətinin şimal əyalətiyik. İdarə olunurduq xanlar tərəfindən. Xanları da Qacar təyin edirdi. Təyin etdiyi xanların oğlanlarını da girov götürüdü ki, cızığından çıxan kimi anındaca bir qulaqburması verə bilsin. İranla Rusiya arasında dava gedib, Rusiya İranı məğlub edib onun şimal ərazilərini alıb. İndi mən sizə deyirəm, Azərbaycan dövləti bölündü, yoxsa İran hüquqi cəhətdən öz ərazilərini itirdi?

 

- Yanaşmanızda bir iranofillilik var, Zərdüşt bəy. Necə bilirsiniz, onda Osmanlı imperiyasının varisi olan Türkiyə Cümhuriyyəti də indi durub dava açsın ki, üç qitə mənimdir, durun vızqırdın mənim ərazimdən?

 

- Sənin danışdıqların tarix deyil e, nağıldır...

 

“İndi başqa qanunlar işləyir”

 

- Başqa bir məqam. Tutalım siz deyənlə razılaşdıq, baxmayaraq ki, bununla razılaşmaq qətiyyən mümkün deyil. Yaxşı bildiyim qədərində beynəlxalq hüquqa görə hüquqi subyektlərin özləri yoxsa, onlar arasında bağlanan müqavilələr də gücünü itirmiş sayılır. Çar Rusiyası yox, İranda şah reyimi yox, ancaq ortalıqda parçalanan Azərbaycan var...

 

- Mən sizə deyim də. İndi başqa qanunlar işləyir. Dövlətlərin ərazi bütövlüyü tanınır....

 

- Yaxşı, ötən əsrin əvvəlində Azərbaycan 114 min kvadrat kilometrlik ərazi ilə tanınsa da, Ermənistan 9 min kvadrat kilometrlik əraziylə ortalıqda qalmışdı və o ərazilər də bizim idi. İndisə 30 minə çatıb işğal etdiyi ərazilərlə birgə Ermənistanın torpaqları. Niyə beynəlxalq hüquq işləmir, nədən “dünya birliyi hələ də susur”?..

 

- İndiki dünyada məsələlərə ikili standartlarla yanaşma mövcuddur. Ancaq o zaman ADR bir dövlət kimi tanınmadı....

 

- Siz nə danışırsınız e, necə yəni, “tanınmadı””?

 

- Bəs o bədbaxt Topçubaşov nədən bütün qapıları döyürdü ki, ayə, bizi tanıyın də...cavab verirdilər ki, adə, yeri ged, adə...Tanımadılar....

 

- Nə isə.. bu tarixçilərin dartışacaqları bir mövzudur. Bir az səmimi və bir az da sadə dillə deyin görək, Güney Azərbaycanda bizim 35 milyondan artıq soydaşımız var. İstəmirsiniz ki, özümüzə qovuşaq?

 

- Bu ilin əvvəlində İranda nümayişlər başladı. Onda bəyanatlar verilirdi ki, urra, Azərbaycan birləşir, orada molla rejimi çökür. ....

 

- Onda Zərdüşt bəy nə dedi?

 

- Onda da dedim, indi də deyirəm. Təsəvvür edin ki, bir möcüzə baş verib İran dağıldı. Quzey və Güney Azərbaycan birləşdi. Demokratik ölkə olacaq da, düzdürmü?..

 

- Bəli.

 

- Oradakı 22 milyon azərbaycanlı üstəgəl burdakı 9 milyon azərbaycanlı demokratik seçki keçirir. Bu demokratik seçkidə prezident seçildi. Kimdən olacaq Bütöv Azərbaycanın prezidenti?

 

- Siz onun dərdini çəkməkdənsə düşüncələrdə his basmış məntiqi oyadın, inteqrasiya istiqamətində maarifləndirmə işini aparın ki, cəmiyyətdə at oynadan belə cılız yanaşmalar düşüncələrə hakim kəsilməsin. Siz birinci mərhələdən danışın.

 

- Mən dərd çəkmirəm, dərdin müalicəsilə məşğulam. Birinci mərhələdə dövlətin idarə strukturları formalaşır...

 

- Almaniya birləşəndə idarə strukturları formalaşdırılırdı?..

 

- Orada AFR böyük idi, ADR balaca..

 

- Rəhbər kim oldu?

 

- AFR.

 

- İndiki “İran ərazisinin və əhalisinin üçdə ikisi Azərbaycan türkünə mənsubdur”sa və bu rəqəmlər Quzeylə müqayisədə çox böyükdürsə, onda nədən belə qısqanclıqla yanaşırsınız bu məsələyə? Üstəlik özünüz də AFR misalını çəkə-çəkə...

 

- Sənin dediklərin zahirən gözəl səslənə bilər. Ancaq məsələyə real baxış başqa məqamlardan xəbər verir. 20 il AFR hər il ADR-in inkişafına 80 milyard dollar pul xərclədi, ADR-in şərq vilayətləri hələ də Qərbin səviyyəsinə gəlib çatmayıblar. 20 ildə trilyondan yuxarı pul xərclədi ki, Şərqi Almaniyanı Qərbi Almaniyanın səviyyəsinə qaldırsın...

Bütün müqəddəs kitablarda vurğulanır ki, özünə rəva bilmədiyini başqasına da rəva bilmə..

 

- Məsələyə dini aspektdən yanaşsaq, çox biabırçılıqlar üzə çıxar. Amma elə həmin dini kitablarda o da vurğulanır ki, haqqına sahib çıx. Bütöv Azərbaycan bizim haqqımızdır.

 

- İranın da öz haqqı var.

 

- Bəs mənim bölünmüş xalq statusum nə olsun? Və nədən İran özünü mənim yerimə qoymur?

 

- Onda o saat deyəcəklər ki, bəs ermənilərin bölünmüş xalq statusu nə oldu, ləzgilərin, talışların haqqı harada qaldı?

 

- Erməniləri kim bölüb ki? Ermənilərə hər yerdə qucaq açan türklər olub, sonradan da ermənilər türklərin özünə qahmar çıxıblar. Ləzgilər də, talışlar da bu dövlətin təşəkkülündə iştirak edib və əsrlərin sınağından türklərlə birgə çıxıblar. Dəmirqapı Dərbəndi işğal etməklə Rusiya imperiyası ləzgilərin, Türkmənistan müqaviləsiylə İranın şah rejimi talışların türklərlə eyni dövlətdə yaşamaq haqlarını əllərindən alıblar.

 

- Ə kişi, mən sənə deyirəm ki, bizim dövlətimiz olmayıb. İrandan Rusiya bizi alıb. Ona görə SSRİ dağılanda İranda bəzi başıpozuqlar fikirləşdilər ki, ay can, ay can, Rusiya dağıldı, biz o torpaqları alacağıq....

 

“Oqtay Əliyevdən başqa heç kim Səfəviləri Azərbaycan dövləti kimi qəbul etməyib”

 

- Zərdüşt bəy, biz sizin kimi elm adamlarından öyrənirik. Siz də hansısa təmayülə meyilləndiyinizdən dövlətçiliyimizin tarixini danırsınız! Lütfən, milləti belə yanlışlığa sürükləməyin...

 

- Mən heç kimi və heç yana sürükləmirəm. Nağılları bütün zamanlarda  sənin hakimiyyətdə oturanların bu millətin beyninə həkk edib. İqtisadiyyatınla, yaxşı yaşayışınla, firavan həyatla bağlı uydurduqları nağılları sənə əzbərlətdiriblər. Azərbaycan adında dövlət olub?...

 

- Məsələyə belə yanaşsaq, onda heç Avropa dövlətləri, Amerika da olmayıb ki?..

 

- “Za to” Persiya olub e, İran dövləti!..

 

- Olub hə, olub, sizin İqrar Əliyevinizin tarixində!!!

 

- İran dövləti olub. İran dövləti Rusiya ilə müharibə aparırdı. Müharibədə uduzub və şimal ərazilərini Rusiyaya güzəştə gedib, vəssalam. Mən bunu deyirəm və bu, tarixi faktdır. Mənə deyəndə ki, bəs Səfəvilər? Dedim gedin açın Qərb məxəzlərini, orada heç kim Səfəviləri Azərbaycan dövləti kimi təqdim etməyib. Bir dənə Oqtay Əfəndiyev yazıb ki, Azərbaycan Səfəvi dövləti, o da Azərbaycan tarixçisidir...

 

- Öz dediyinizi elə özünüz də təkzib etdiniz, Zərdüşt bəy! Bəs türkün tarixini kimlər yazmış? Ermənilər, ruslar, fransızlar, almanlar, ingilislər, ərəblər. Zərdüşt bəy, bunlar nə yazacaqdılar ki, türkün fütuhatından, türkün qələbəsindən, türkün dövlətindən? Türkün tarixi daim başqa millətlər tərəfindən yazıldığından çox şey saxtalaşdırılıb. Çox şey görməzliyə vurulub...

 

- Rusların tarixini də almanlar yazıb...

 

- Birincisi, rusların hansı tarixi olub ki? Ruslar özlərinə tarix uydurublar. İkincisi də, almanlar bu tarixi yazsalar belə, yenə də öz babalarının Rusiyada hakimiyyəti necə ələ almalarından yazıblar da..

 

- Sən qarışdırma bunları... Nə bilim, 300 il ay belə əsarətdə qalıblar.., heç tatar-monqol işğalı olmayıb... Ruslar indi başlarına vururlar... Biz səninkimilərin danışdıqları əsatirlərdən xilas olmalıyıq.   

 

Prinsipial “nökər”, “şifrə oğrusu”

 

- Zərdüşt bəy, etnik mənsubiyyət baxımından siz kimsiniz?

 

- Mənim atam əslən Güney Azərbaycanın Xamnə qəsəbəsindəndir. Xiyabani, inidiki dini lider Xameneyi də həmin kənddəndir. 11 yaşında anası rəhəmətə gedəndən sonra atasının aldığı ögey ana bunu incitməyə başlayır. Özündən də böyük Fatma adında bir bacısı olur. Atasına şikayət edəndə o, uşağa “döz” deyir. Atamı əsil adı Məmmədağadır. Atam atasına deyir ki, arvadın bir də anamı söysə mən evdən gedəcəyəm. Analığı bir dəfə də onun anasını söyəndə evdən çıxıb baş alıb gəlir Təbrizə. Bazarda bir tacirə deyir ki, ağa sizə nökər lazım deyil. Tacir bunun savadını görüb onu işə götürür və beləliklə 5 il həmin tacirin yanında qalır...

 

- Sonra nə olur?

 

- Sonra 16 yaşında Təbrizdə zabitlərin piyada məktəbinə gedir. Və siyasətə də qurşanır...

 

- Nökərçilikdən zabitliyə, zabitlikdən də siyasətə....

 

- Bəli, bu yolu keçən adam istər-istəməz dünya xalqlarının bərabərliyini və qardaşlığını təbliğ edən partiyaya qoşulmalı idi və qoşulur da. İran Kommunist Partiyasına qoşulur. 1928-ci ildə partiya buna tapşırıq verir ki, piyada məktəbinin şifrəsini bizim üçün oğurla, orada bizim firqə yoldaşımız var, görək Təbrizlə Tehran nə yazışır. O da eləməz tənbəllik, bütövlükdə şifrə kitabını oğurlayıb gətirib verər bunlara. Buna deyirlər ki, ay bədbəxt, biz sənə bircə şifrəni dedik, sən bütöv kitabı oğurlamısan. İndi səni tutub dama basacaqlar. Neyləyək, neyləyək, qərara gəlirlər ki, Məmmədağanı Sovet İttifaqına qaçırdaq..

 

- Və qaçırdırlar...

 

- Bəli gətirib Culfadan qaçırdırlar. Şurəvi tərəf bunu həbs edir. Orada deyir ki, mən kommunistəm, məni firqə göndərib.3 gün Məmmədağanı orada saxlayandan sonra deyirlər ki, hə, sən bizim adamsan və buraxırlar.

 

- Atanızın Quzey Azərbaycandakı fəaliyyəti haradan başlanır?

 

- 1928-ci ildə bunu Tiflisə Proletar Ziyalıların Azərbaycan Universitetində oxumağa göndərirlər. 4 il orada oxuyandan sonra 1932-ci ildə deyir ki, mən İrana gedib orada inqilab eləmək istəyirəm.

 

- 1932-ci ildə İranda inqilab havası var idi ki?

 

- Onda bütün kimmunistlər dünyada inqilab eləmək istəyirdilər.

Buna deyirlər ki, sən ora keçən kimi özünü şah elan edən Rza şah səni tutub öldürəcək. Ona görə də səni göndərişlə Ermənistanın Vedi rayonuna partiya komitəsinin sərəncamına yola salırıq. 1936-cı ilə qədər Vedidə rayon qəzetinin redaktoru olur. Əlinə Bakıda çıxan “Kommunist” qəzeti keçir. Görür ki, orada yazılıb: “Ədəbiyyat İnstitutu fars və azərbaycan dili bilənləri aspiranturaya qəbul edir”.

 

Bağırovdan alınan tapşırıq

 

- Gəlir Bakıya..

 

- Bəli, Bakıya gəlir. Ədəbiyyatşünas Əli Nazimlə söhbətindən sonra geri qayıdıb iş yerindən razılıq alıb Bakıya dönür. Bunu aspiranturaya götürürlər və başlayır orada işləməyə. Birinci mövzusu da olur “Nizami Gəncəvi-böyük Azərbaycan şairi”. 1941-ci ildə 18 dəfə ərizə yazır ki, könüllü olaraq müharibəyə getmək istəyirəm. Bunu səfərbər edirlər gedir Mozdoka. Üstündən bir az keçməmiş buna deyirlər ki, “Azvaenkom”dan xəbər gəlib, sən Bakıya qayıtmalısan. Gəlir “Azvaenkom”a, oradan da deyirlər ki, səni Mərkəzi Komitəyə çağırırlar. Bağırova məruzə edir ki, gəlmişəm...

 

- Deməli, atanızı Bağırovun özü çağırtdırıb...

 

- Bəli, Bağırov buna deyir ki, Qızıl Ordu İrana girib, bizə radio təbliğatında fars və azərbaycan dillərini mükəmməl bilən mütəxəssis lazımdır ki, o da sənsən. Sən burada qal, mənim oğlum müharibədədir. Qalır Bakıda radioda işləməyə. Sonra anamla evlənir. Anamın atası Bakı milyonçusu Əliheydər Zeynalov olub. Əmirasalanovlar, Zeynalovlar, Aşurovlar böyük nəsildəndir. Nənəm Məşədi Suğra Aşurovanın ögey qardaşı hakimiyyətin kommunistlərə verilməsinin tam əleyhinə olan 2-3 nəfərdən biri olub – mühəndis Aşurov. Bakı şollar su kəmərinin çəkilişində də iştirak edib.

 

- Nə yaxşı kommunistlər gələndən sonra ona dəyməyiblər.

 

- Dəyməyiblər. Oğlu Rostovda işləyirmiş. Bu da 1932-ci ildə oğlunun yanına gedib, elə orada da rəhmətə gedib. Amma bunların hər şeyi müsadirə edilib. Uşaqlar sovet təhsili alıblar, anam rəhmətə gedən günə kimi partiya biletini atmadı. Atası milyoner olub, əmlakları müsadirə olunmuşdu. Ondan sonra bir bacım olur, sonra mən olmuşam 1946-da, 1951-də Araz olub, sonra da o biri bacımız. İki oğlan, iki qız...

 

“Atam da, anam da zır türkdür”

 

- Özünüzün neçə övladınız var?

 

- İki oğlum var?

 

- Nə işlə məşğuldular?

 

- Biri Gürcüstanda dostlarıyla birgə kiçik bizneslə məşğuldu..

 

- Bəs o birisi?

 

- O birisi də fəhlə idi, indi işini itirb, hazırda iş axtarır... Bu da mənim öyrənmək istədiyiniz etnik mənsubiyyətim..

 

- Ata nənəniz istisna olmaqla hər kəsdən ətraflı danışdınız və zatən bu, sizin tərcümeyi-halınız oldu. İndi də milli kimliyinizi deyin..

 

- Atam da, anam da zır türkdür... Qoy bir maraqlı məqamı da sizə deyim..

 

- Nəymiş o məqam?

 

60  illik  ayrılıq və sevgisinə qovuşan bacı fəryadı

 

- Atam gələndən sonra heç vaxt İranda olmamışdı. Burada da ancaq öz elmi işini inkişaf etdirib. 1989-cu ildə Firdövsinin 1000 illiyi keçirilir, atam da Ziya Bünyadov, Vasim Məmmədəliyev, Bəkir Nəbiyev və digərlərinin təmsil olunduğu böyük bir qrupla İrana gedir. Təbrizə gedəndə İrandakı ayətullaha nümayəndə heyətini bir-bir təqdim edirlər. Növbə atama gələndə təqdim edirlər ki, bəs bu da “Şahnamə”ni türkcəyə tərcümə edən, əslən Xamnədən olan mütəxəssisdir. Ayətullah deyir ki, “Şahnamə”ni türkcəyə necə tərcümə etmək olar. Atam ona bir hissəni azərbaycanca oxuyur, ayətullah mat qalır. Bunu bütün İran mətbuatı yazır. Bunu oxuyan Xamnəli olan bir kişi gəlib atamı tapır. Atamla söhbətində olub keçənlər xatırlanır və atam deyir ki, mənə deyilənə görə bütün qohum-əqrəbam həlak olub. O da deyir ki, mən Xamnənin tarixini yazıram, Tehranda məsciddə bir Xamnəli arvad var, hər zaman aşurada “itən qardaşım vay” deyə ağlar, sızlar. Deyir get o arvadddan soruş ki, onun qardaşının adı nədir. Onun adı Mübarizdir. Gəlirlər arvada deyirlər, o deyir ki, mənim qardaşımın adı Məmmədağa olub, Mübariz olmayıb. Həmin kişi gəlib deyir ki, ağayi Əlizadə, sizin uşaqlıqda başqa adınız olub? Deyir, hə, mənim uşaqlıqda adım Məmmədağa olub. İndi bunu Vasim müəllim mənə danışır. Deyir mən Mübariz müəllimlə yuxarıda oturub söhbət eləyirəm, birdən aşağıdan zəng elədilər ki, ağayi Əlizadə, sizi aşağıda gözləyirlər. Düşdük aşağı, gördük böyük bir dəstə. Bir dənə qoca arvad baxıb dedi ki, “Məmmədağa, bu sənsən?”...60 ildən sonra atam bacısını tapıb. Fatma Məmmədağanı tapıb.Ondan sonra məlim olur ki, atamınn ikinci arvadından bir oğlu, iki qızı olur. 30-cu illərdə həm İranda, həm Türkiyədə, həm də Azərbaycanda familiyalarla bağlı yeniliklər olur. Onda atam atasının adını götürərək Əlizadə olur, İrandakı qohumlarımsa babamız dəmirçi olduğundan “Ahəngəli” soyadını götürürlər. Biz adla, onlar peşəsiylə soyad götürürük...

 

- Milli kimliyinizi necə bəyan edək, 1922-ci ildə atanızın sənədində milli kimliyi necə yazılıbmış?

 

- Mən azəri türküyəm, atamın yaşı az olduğu üçün də pasportu yox idi..

 

- Zərdüşt Əlizadənin Azərbaycanın siyasi tarixində gördüyü ən böyük sima, ən böyük lider kimdir?

 

- Mən Azərbaycanın müasir dövr siyasi tarixində heç bir sima görmürəm. Ama Azərbaycan tarixində bir sima olub ki, o da mənim düşüncəmə görə Peyğəmbərlik səviyyəsinə qədər yüksəlib, o da Nizami Gəncəvidir.

 

- Rəhmətlik atanızın ilk elmi işi Nizami Gəncəvi adıyla bağlı olduğundan deyəsən bundan başqasını da atanızın xatirinə tanımaq istəmirsiniz...Və Zərdüşt bəy, Peyğəmbərlər Nizami kimi sifarişlə “Xəmsə” də yazmayıblar, onlar İlahi Kəlamı xalqa çatdırıblar...

 

- Nizami də Azərbaycan ədəbiyyatının Peyğəmbəridir....

 

İgid Teymurlu
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Gəncə hadisələrinin gizlinləri - faktlar, təfərrüat, "oyunçu"lar - Elçin Alıoğlunun yazısı

"Baş verənlər dövlətçiliyimizə qarşı yönəlmiş provokasiyadır"

XİN bəyanat yayıb

"Bəzi şəxslər hakimiyyətin yıxılması üçün işləyirlər" - MÜSAHİBƏ

"Radikalizmə qarşı mübarizədə qətiyyətli olmalıyıq"

AXCP sədri bəyan etdi: Dövlətə qarşı bu tip üsyanı qəbul etmirəm

“ALDP Kuboku” uğrunda nərd yarışı - QALİBLƏR

"Süni əngəl və maneələrə yol verilməməlidir"

"Bu, əsl erməni həyasızlığı idi"

Trampla görüşməkdən imtina etdilər

Əsir və girov götürülən uşaqlarla bağlı film çəkilir

“BƏZİ TƏXRİBATÇI SAYTLAR AZƏRBAYCANA HÜCUM ÇƏKİR”

Azərbaycanda 41 saxta din xadimi aşkarlandı

“Sabitliyi pozmağa çalışanların hədəfində Azərbaycan xalqıdır”

"Polis əməkdaşlarını qətlə yetirmək nə dinə, nə də demokratiyaya xidmət edir"