Rusiya AŞ-dan ÇIXARILDI

09:27 17-03-2022 | icon 672 | Gündəm
Rusiya AŞ-dan ÇIXARILDI

BMT-dən də kənarlaşdırıla bilərmi?

 

 

Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç-Buriç Rusiyanın Avropa Şurasından çıxmasına dair bildirişi təqdim edib. Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb. Nazirlikdən bildirilib ki, fevralın 25-də Rusiyanın Avropa Şurası orqanlarında təmsilçiliyinin dayandırılmasına qərar verilib. Bu səbəbdən Rusiya quruma üzvlüyünün dayandırılması üçün martın 15-də baş katibə müraciət edib.

 

Üzv dövlət Avropa Şurasından hansı hallarda çıxarılır? Prosedur necədir? Rusiya BMT-dən də çıxa, yaxud çıxarıla bilərmi? Rusiyanın Qərb institutları ilə əlaqələrinin də kəsilməsi, təmsilçiliyinin ləğvi onu durduracaqmı? Müharibənin taleyini dəyişəcəkmi?

 

Politoloq Anar Əliyev bildirib ki, Avropa institutlarında RF-nin təmsilçiliyinin dayandırılması ilə bağlı Rusiya Ukraynaya hərbi müdaxilə etməyə başladıqdan sonra müəyyən çağırışlar başlanmışdı. Xüsusilə Rusiyanın Avropa Şurasından çıxarılması və ya fəaliyyətinin dondurulması ilə bağlı məsələlər müzakirə olunurdu: 

 

“Avropa Şurası baş katibi Mariya Buriçin Rusiyanın Avropa Şurasından ümumiyyətlə çıxarılması ilə bağlı bildiriş təqdim etməsi isə Rusiyaya qarşı bu gün dünyanın əksər dövlətlərinin qoşulduğu sanksiyalar paketin əlavə bir element daxil edəcək. İqtisadi istiqamətli sanksiyalara artıq siyasi çalarlı sanksiyalar daxil olmaqdadır. Mən hesab edirəm ki, Rusiyanın Avropa İnstitutlarında iştirakının dayandırılması məsələsi bu ölkə üçün çox ciddi bir siqnaldır, xəbərdarlıqdır. Rusiya dövləti soyuq başla prosesləri düzgün təhlil edib nəticə çıxarmalıdır. Təəssüf ki, Rusiyanın davranışlarını, xüsusilə də Ukraynaya hərbi müdaxiləsini təhlil etdikdə görmək olur ki, burada RF-nin maraqları ilə yanaşı, həm də Rusiyanı idarə edən şəxslərin kaprizləri də çox böyük rol oynayır. Mən əvvəldən demişəm ki, Rusiyanın Ukraynaya müdaxiləsi yalnız və yalnız ABŞ və onun müttəfiqlərinə sərf edən situasiya formalaşdıracaq. Artıq bu situasiya formalaşıb. Bu müharibə Ukraynaya böyük fəlakətlər gətirdiyi kimi, Rusiyanın da maraqlarına qətiyyən uyğun deyil. Rusiya hakimiyyətindəkilər isə ABŞ-ın və müttəfiqlərinin təhrikinə uyaraq Ukraynaya hərbi müdaxilə etdi və nəticədə öz maraqlarına ciddi zərbələr vurmuş oldu. Bu zərbələr davam edir. Rusiya dünya tarixində analoqu olmayan sanksiyalar paketi ilə üzləşib. Bu sanksiyalar Rusiya iqtisadiyyatına çox böyük zərbələr vurmaqdadır. Paralel olaraq da siyasi sanksiyalar tətbiq edilir. Bu sanksiyaların daha ciddi nəticələri yaxın aylarda görünəcək. Çox təəssüf ki, bu prosesin başlanması həm də Rusiyanın səhv addımının nəticəsi olaraq ortaya çıxıb”.

 

Ekspertin sözlərinə görə, Rusiya atdığı addımların nəticələrini bir daha təhlil etməlidir və Ukrayna ilə münasibətləri masa arxasında, xüsusilə qarşılıqlı güzəşt konsepsiyası ilə həll etməyə çalışmalıdır. Məsələnin həllinin masaya daşınması və real atəşkəsin əldə olunması Rusiyaya qarşı sanksiyaların bir hissəsinin aradan qaldırılmasına gətirib çıxara bilər:

 

“Çünki bunda həm də Avropa dövlətləri maraqlıdır. Amma indiki halda Rusiyanın Avropa Şurasından çıxarılması mümkündür. Hesab edirəm ki, bu, prosedur qaydalara da uyğundur. Ümumiyyətlə, Avropa dəyərləri və Avropada təhlükəsizlik məsələsinə üzv dövlətlərdən hər hansı təhdid yaranarsa, o halda həmin üzvün tam səs çoxluğu, bütün yekdil qərarı ilə Avropa Şurasına üzvlüyündən çıxarılması tətbiq edilə bilir. Prosedur bundan ibarətdir. İndiki halda da Rusiyanın aqressiv davranışı tək Ukrayna dövləti üçün deyil, Avropa, Avropa dəyərləri, Avropada təhlükəsizlik üçün də ciddi təhdidlər yaradır. Ona görə də Rusiyanın Avropa Şurasından çıxarılması ilə bağlı qərar qəbul edilə bilər”.

 

A.Əliyev hesab etmir ki, Rusiyanın BMT üzvlüyündən də çıxarılması tətbiq ediləcək: 

 

“Avropa Şurasından fərqli olaraq Rusiya BMT-ni təsis edən əsas dövlətlərdən biridir. Rusiyanın BMT üzvlüyündən çıxarılması üçün BMT Baş Assambleyasının iclası keçirilməli və orada yekdil qərar qəbul edilməlidir. Avropa Şurasından fərqli olaraq BMT-yə üzv olan dünya dövlətləri içərisində Rusiyanın müttəfiqləri mövcuddur. BMT Baş Assambleyasında qərarların qəbuluna təsir edəcək sayda Rusiya tərəfdarı olan dövlətlər mövcuddur. Ona görə də Rusiyanın BMT-dən çıxarılması çətin və mürəkkəbdir. Amma ümumiyyətlə, hesab edirəm ki, Rusiyanın Qərb institutları ilə əlaqələrinin kəsilməsi əslində alternativ adekvat seçim deyil. Çünki Rusiyanın davranışları onu göstərir ki, artıq burada liderin kaprizləri daha böyük rol oynayır, nəinki Rusiya dövlətinin və xalqının maraqları prizmasından çıxış etmə. Ona görə də Rusiyanın Qərb institutlarından uzaqlaşdırılması və əlaqələrin kəsilməsi Rusiyanı dayandırmaq əvəzinə daha da qızışdıra bilər. Nəticədə proseslər daha da gərginləşə bilər. Rusiyanı masaya cəlb etmək və mümkün qədər aqressivliyini azaltmaq istiqamətində addımların atılması vacibdir”.

 

Rusiyanın Avropa Şurasındakı üzvlüyü dünəndən etibarən rəsmi olaraq dayandırılıb.

 

Ölkənin üçrəngli bayrağı Avropa Şurasının bayraqlar xiyabanından çıxarılıb.

Qeyd edək ki, Rusiya 26 il təşkilatın üzvü olub. Ukrayna ilə müharibə başlayandan sonra Rusiya Avropa Şurasından və Avropa İnsan Haqları Konvensiyasından çıxdığını bəyan edib. Buna baxmayaraq, rəsmi Moskva AİHM-in qərarlarına Konstitusiyaya zidd olmadığı təqdirdə əməl edəcəyini vəd edib. /“Yeni Müsavat”/

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

İqtisadi tarazlıq nə zaman pozulur?

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Roza Zərgərlinin 12 min manatlıq TOYU

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR